О документах, подписанных 8 августа 2001 года в городе Баку между Азербайджанской Республикой и Республикой Беларусь


«Azərbaycan» qəzetində dərc edilmişdir (10 yanvar 2002-ci il, № 07). «Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 yanvar 2002-ci il, № 1, maddə 55)

Дата релиза: 07.01.2002

2001-ci il avqustun 8-də Bakı şəhərində Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında imzalanmış sənədlər haqqında

2001-ci il avqustun 8-də Bakı şəhərində Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında imzalanmış sənədlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

1. 2001-ci il avqustun 8-də Bakı şəhərində Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında imzalanmış aşağıdakı sənədlər təsdiq edilsin:

1) «Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında standartlaşdırma, metrologiya və sertifikatlaşdırma sahəsində əməkdaşlıq haqqında Saziş»;

2) «Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Belarus Respublikası Maliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş»;

3) «Bakı şəhər İcra Hakimiyyəti (Azərbaycan Respublikası) və Minsk Şəhər İcra Komitəsi (Belarus Respublikası) arasında ticarət-iqtisadi, elmi-texniki və mədəni sahələrdə əməkdaşlıq haqqında Saziş».

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndinin 1-ci yarımbəndində göstərilmiş Sazişin həyata keçirilməsini təmin etmək üçün lazımi tədbirlər görsün.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndinin 2-ci yarımbəndində göstərilmiş Sazişin həyata keçirilməsini təmin etsin.

4. Bakı Şəhər İcra Hakimiyyətinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndinin 3-cü yarımbəndində göstərilən Sazişin həyata keçirilməsini təmin etsin.

5. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndinin 1-ci yarımbəndində göstərilən Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili qaydalarının yerinə yetirilməsi barədə Belarus Respublikasının Hökumətini xəbərdar etsin.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV.

Bakı şəhəri, 7 yanvar 2002-ci il.

№ 858.

«Azərbaycan» qəzetində dərc edilmişdir (10 yanvar 2002-ci il, № 07) («LegalActs» LLC).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 yanvar 2002-ci il, № 1, maddə 55) («LegalActs» LLC).


Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında standartlaşdırma, metrologiya və sertifikatlaşdırma sahəsində əməkdaşlıq haqqında

Saziş

Bundan sonra Tərəflər adlanan Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti,

iqtisadi və ticarət əlaqələrində texniki maneələri aradan qaldırmaq məqsədilə,

beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş prinsip və normaları nəzərə almaqla məhsul, heyət və keyfiyyət sisteminin standartlaşdırma, metrologiya, akkreditasiya və sertifikatlaşdırılması sahəsində əməkdaşlığı inkişaf etdirmək arzusu ilə,

Tərəflərin iqtisadi maraqlarını rəhbər tutmaqla,

hər iki dövlətin qanunvericiliyi çərçivəsində,

aşağıdakılar haqqında razılaşırlar:

Maddə 1

Tərəflər, qüvvədə olan dövlət (milli) standartlaşdırma, ölçmələrin eyniliyinin təmini, akkreditasiya və sertifikatlaşdırma sistemlərini qarşılıqlı tanıyırlar.

Tərəflər:

    • bu Sazişin 6-cı maddəsində göstərilən orqanların müəyyən etdiyi qaydalara uyğun standartlaşdırma, metrologiya və sertifikatlaşdırma üzrə digər Tərəfin normativ sənədlərini, əgər onların tələbləri tətbiq edən Tərəfin qanunvericiliyinə zidd olmadıqda tətbiq edirlər;
    • ölçmə vasitələrinin dövlət sınaqlarının nəticələrini, növünün təsdiqini, yoxlanışını, kalibrlənməsini, metroloji attestasiyasını, yoxlana-sınaq laboratoriyaları və mərkəzlərinin akkreditasiyasını aparan təşkilatları, eləcə də onların akkreditə etdikləri ölçmə vasitələrinin yoxlanmasını, sınağını və kalibrlənməsini həyata keçirən laboratoriyaları və mərkəzləri Tərəflərin razılaşdırdıqları qaydada qarşılıqlı tanıyırlar;
    • bu Sazişin 6-cı maddəsində göstərilən orqanlarla müəyyən olunan, digər Tərəfin sertifikatlaşdırma üzrə akkreditə olunmuş orqanlarını, sınaq laboratoriyalarını (mərkəzlərini), razılaşdırılmış qaydada qarşılıqlı göndərilən məhsullara onların verdikləri sertifikatları və uyğunluq nişanlarını tanıyırlar.

Tərəflərin tanıdığı beynəlxalq və milli sertifikatlaşdırma sistemlərindən alınmış ekspert-auditorların sertifikatlarını tanıyırlar.

Maddə 2

Tərəflər aşağıdakıları nəzərdə tutan sazişlər, protokollar və proqramlar arasında əməkdaşlığı həyata keçirəcəklər:

    • standartlaşdırma, metrologiya və sertifikatlaşdırma üzrə normativ və metodiki sənədlərin işlənib hazırlanmasında qarşılıqlı əlaqəni;
    • kadrların hazırlanması və ixtisaslarının artırılmasını;
    • fiziki ölçü vahidlərinin və nümunəvi ölçü vasitələrinin milli etalonlarının yaradılması, təkmilləşdirilməsi və tutuşdurulmasını;
    • maddə və materialların tərkibi və xassələrinin standart nümunələrinin, eləcə də maddə və materiallarının fiziki sabitliyi və xassələri haqqında standart sorğu məlumatlarının yaradılması və tətbiqini;
    • dövlət (milli) standartlaşdırma, ölçmə vəhdətinin təminatı, akkreditasiya və sertifikatlaşdırma sistemlərinin daha da inkişaf etdirilməsi, təkmilləşdirilməsi və harmonizasiyasını;
    • standartlaşdırma, metrologiya və sertifikatlaşdırma sahəsində informasiya fəaliyyətinin inkişafını.

Maddə 3

Tərəflər standartlaşdırma, metrologiya, akkreditasiya və sertifikatlaşdırma üzrə Tərəflərdən birinin üzv olduğu beynəlxalq təşkilatlara daxil olmaqda və bu təşkilatların işində iştirak etməkdə qarşılıqlı köməklik göstərəcəklər.

Maddə 4

Bu Saziş çərçivəsində aparılan işlər barəsində alınan sənəd və informasiyaları və əldə edilən elmi-texniki nəticələri təqdim edən Tərəf onların məxfi səciyyə daşıdığını qeyd edərsə, Tərəflər onların məxfiliyini təmin edəcəklər.

Maddə 5

Əməkdaşlıq nəticəsində Tərəflərdən birinin aldığı elmi-texniki informasiyanın məxfiliyi haqqında heç bir göstəriş yoxdursa, sərbəst istifadə oluna bilər.

Bu informasiyanı təqdim edən Tərəfin icazəsi olduqda onu üçüncü Tərəfə vermək olar.

Maddə 6

Bu Sazişdə nəzərdə tutulan işlərin əlaqələndirilməsi və həyata keçirilməsi həvalə olunur:

    • Azərbaycan Respublikasında — Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Azərbaycan Dövlət Standartlaşdırma və Metrologiya Mərkəzinə.
    • Belarus Respublikasında — Belarus Respublikasının standartlaşdırma, metrologiya və sertifikatlaşdırma üzrə Dövlət Komitəsinə;

Maddə 7

Bu Sazişin müddəaları, lazım gəldikdə onun 6-cı maddəsində göstərilən orqanlar arasında Tərəflərin dövlətlərinin qanunvericiliyində müəyyən olunmuş qaydada əlavə müqavilə və protokollarla dəqiqləşdirilir.

Maddə 8

Bu Saziş Tərəflərin digər dövlətlərlə əvvəllər bağladıqları müqavilələrdən irəli gələn hüquq və öhdəliklərə toxunmur.

Maddə 9

Bu Sazişin həyata keçirilməsi və izahı ilə əlaqədar bütün mübahisələr müxtəlif səviyyələrdə danışıqlar və məsləhətləşmələr yolu ilə həll ediləcəkdir.

Maddə 10

Bu Saziş, Tərəflərdən onun qüvvəyə minməsi üçün onların dövlətlərinin qanunvericiliyinə uyğun zəruri olan dövlətdaxili qaydaların yerinə yetirilməsini təsdiq edən sonuncu yazılı bildirişin tarixindən qüvvəyə minir və beş il müddətində qüvvədədir. Bu müddət qurtardıqdan sonra, əgər Tərəflər digər qərar qəbul etməsələr Saziş avtomatik olaraq hər dəfə beş il müddətinə uzadılır.

İstənilən Tərəflərdən biri Sazişin ləğvi haqqında öz niyyətini digər Tərəfə yazılı surətdə bildirə bilər.

Digər Tərəf belə bildirişi aldığı gündən 6 ay keçdikdən sonra Saziş öz qüvvəsini itirmiş olur.

8 avqust 2001-ci il tarixində Bakı şəhərində Azərbaycan və rus dillərində iki nüsxədə imzalanmış və bütün mətnlər eyni qüvvəyə malikdir.

Azərbaycan Respublikası
Hökuməti adından

Belarusiya Respublikası
Hökuməti adından


Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Belarus Respublikası Maliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında

Saziş

Bundan sonra Tərəflər adlandırılacaq Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Belarus Respublikası Maliyyə Nazirliyi öz aralarında qarşılıqlı münasibətlərin inkişafına böyük əhəmiyyət verərək aşağıdakılar barədə razılığa gəlirlər:

Maddə 1

Tərəflər, öz səlahiyyətlərinə aid olan aşağıdakı məsələlər üzrə mütəmadi olaraq məsləhətləşmələr həyata keçirəcəklər:

    • Büdcə və vergi siyasətini tənzimləyən milli qanunvericilik;
    • Tərəflərin dövlətlərinin ərazisində azad ticarət zonaları, azad iqtisadi zonalar və analoji iqtisadi qurumlar mövcuddursa, onların təşkili və fəaliyyətini tənzimləyən milli qanunvericilik;
    • Tərəflərin dövlətlərinin rezidentlərinin və qeyri-rezidentlərinin milli qanunvericiliyə və imzalanmış beynəlxalq müqavilələrə əsasən vergiyə cəlb edilməsi;
    • Beynəlxalq təşkilatlar (Ümumdünya Ticarət Təşkilatı, Birləşmiş Millətlər Təşkilatı və s.) və beynəlxalq maliyyə institutları ilə (Beynəlxalq Valyuta Fondu, Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və s.) əməkdaşlıqda təcrübə mübadiləsi;
    • Tərəflərin qarşılıqlı maraqlarına aid olan digər sahələr.

Tərəflərin dövlətləri üçün xüsusi əhəmiyyət kəsb edən və yuxarıdakı siyahıya aid informasiyalar onların şəxsi mülahizələrinə görə və ayrı-ayrı hallarda razılaşdırılmış şərtlərə uyğun olaraq bir-birinə təqdim edilə bilər.

Tərəflərin bu Saziş çərçivəsində qəbul etdikləri hər hansı məlumat tam məxfi sayılır və yalnız bu məlumatı təqdim edən tərəfin yazılı razılığından sonra açıqlana və ya üçüncü tərəfə təqdim edilə bilər.

Maddə 2

Tərəflər, qarşılıqlı razılıq əsasında hazırki Sazişin 1-ci maddəsində qeyd edilən məsələlər barədə daha geniş təcrübə və fikir mübadiləsinə kömək edəcək seminar və konfranslar keçirəcəklər. Hər iki tərəf üçün münasib olduğu halda, üçüncü dövlətin nümayəndələri bu cür tədbirlərdə iştirak üçün dəvət oluna bilərlər. Tərəflər bu cür seminar və konfransların keçirilməsi üçün maliyyə məsələlərini əvvəlcədən razılaşdıracaqlar.

Maddə 3

Tərəflər, əvvəlcədən razılaşdırıldığı kimi, münasib olduğu hallarda yuxarıda adı çəkilən məsələlərin müzakirəsi üçün görüş və müşavirələr keçirəcəklər. Bu cür görüşlər növbə ilə hər iki Tərəfin dövlətlərinin ərazisində keçiriləcəkdir.

Maddə 4

Hazırki Saziş Tərəflərin iştirakçısı olduqları istənilən beynəlxalq Müqavilələrdən irəli gələn hüquq və öhdəliklərinə təsir göstərə bilməz.

Maddə 5

Hazırki Sazişə, zərurət olduğu təqdirdə Tərəflərin razılığı ilə, Sazişin tərkib hissəsi hesab olunacaq müvafiq protokollarla rəsmiləşdirilməklə əlavələr və dəyişikliklər edilə bilər.

Maddə 6

Hazırki Saziş imzalandığı andan qüvvəyə minir və beş il müddətində qüvvədə qalacaqdır. Bu müddət başa çatdıqdan sonra Saziş avtomatik olaraq növbəti beşillik müddətə uzadılır. İstənilən Tərəf digər Tərəfə Sazişi ləğv etmə istəyi barədə yazılı xəbərdarlıq göndərməklə hazırki Sazişin fəaliyyətini dayandıra bilər, Saziş öz fəaliyyətini hər hansı Tərəfin qeyd edilən xəbərdarlığı almasından altı ay sonra dayandırır.

Bu Saziş Bakı şəhərində 8 avqust 2001-ci ildə, hər biri Azərbaycan və rus dillərində olmaqla iki nüsxədə imzalanmışdır və hər iki mətn eyni qüvvəyə malikdir.

Azərbaycan Respublikası
Maliyyə Nazirliyi adından

Belarusiya Respublikası
Maliyyə Nazirliyi adından


Bakı Şəhər İcra Hakimiyyəti (Azərbaycan Respublikası) və Minsk Şəhər İcra Komitəsi (Belarus Respublikası) arasında ticarət-iqtisadi, elmi-texniki və mədəni sahələrdə əməkdaşlıq haqqında

Saziş

Sonradan Tərəflər adlandırılan Bakı Şəhər İcra Hakimiyyəti və Minsk Şəhər İcra Komitəsi,

Azərbaycan Respublikası və Belarus Respublikası arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında Sazişin müddəalarını rəhbər tutaraq,

uzunmüddətli və qarşılıqlı fayda əsasında ticarət-iqtisadi, elmi-texniki və mədəni münasibətləri inkişaf etdirmək məqsədilə, birbaşa əlaqələrin yaradılması və möhkəmləndirilməsinə mühüm əhəmiyyət verərək,

aşağıdakılar barədə razılığa gəlmişlər:

Maddə 1

Tərəflər öz səlahiyyətləri çərçivəsində, milli qanunvericiliklərə əməl etməklə, beynəlxalq ticarət və iqtisadi kooperasiya prinsipləri əsasında qarşılıqlı faydalı və bərabərhüquqlu iqtisadi, ticarət, texniki, mədəni və gənclərlə iş üzrə əməkdaşlığın inkişaf etdirilib genişləndirilməsinə yönəldilmiş zəruri tədbirləri həyata keçirəcəklər.

Maddə 2

Tərəflər mülkiyyət formasından asılı olmayaraq, birgə istehsal, sahibkarlıq və başqa təsərrüfat fəaliyyəti üçün əlverişli şərait yaradacaq, bu zaman rəqabətəqabil mallar və xidmətlər istehsalında onların imkanlarından maksimum istifadə edilməsi məqsədlərini rəhbər tutacaqlar.

Maddə 3

Tərəflər birgə müəssisə və istehsalatlar yaradılmasına, obyektlərə və proqramlara müştərək investisiya qoyuluşunun təşkili işlərinə kömək göstərəcəklər.

Maddə 4

Göndərilən mallar və göstərilən xidmətlər üçün qiymətlər, habelə malgöndərmə, xidmətgöstərmə və hesablaşma şərtləri təsərrüfat subyektləri arasında bağlanmış müqavilələrdə müəyyən ediləcəkdir. Tərəflər arasında ticarətdə tədiyə və hesablaşmalar qüvvədə olan milli qanunvericiliklərə uyğun olaraq həyata keçiriləcəkdir.

Maddə 5

Tərəflər ticarət-iqtisadi əməkdaşlığı mülkiyyət formalarından asılı olmayaraq müəssisələr, təşkilatlar, idarələr və digər təsərrüfat subyektləri arasında, onların səlahiyyətləri çərçivəsində bağlanmış müqavilə və sazişlər əsasında həyata keçirəcəklər.

Müqavilələrdə nəzərdə tutulmuş bütün şərtlərin yerinə yetirilməsi üçün onları bağlamış subyektlər məsuliyyət daşıyırlar.

Maddə 6

Tərəflər təhsil, elm və texnika sahəsində əməkdaşlığın yaradılmasına və inkişaf etdirilməsinə, elmi tədqiqat təşkilatları, sənaye və tədris müəssisələri ilə tətbiqi xarakterli birgə işlərə kömək edəcəklər.

Maddə 7

Tərəflər mədəniyyət, turizm və idman müəssisələri, habelə müvafiq ictimai təşkilatlar arasında uzunmüddətli əlaqələr yaradılmasına kömək göstərəcəklər.

Tərəflər peşəkar, özfəaliyyət və uşaq kollektivlərinin festivallarda, baxış-müsabiqələrdə iştirakı, bədii muzey sərgiləri, habelə mədəniyyət, incəsənət və gənclərlə iş sahəsində digər fəaliyyət növləri üzrə mübadilə üçün lazımi şərait yaradacaqlar.

Maddə 8

Tərəflər iqtisadi əməkdaşlığın qarşılıqlı maraq doğuran birgə proqram və layihələrinin işlənib hazırlanmasına və həyata keçirilməsinə kömək göstərəcəklər. Həm də bu zaman ekoloji təhlükəsizliyin təmin edilməsi və ətraf mühitin çirkləndirilməsinə qarşı mübarizə məqsədilə yönəldilmiş layihələrə üstünlük veriləcəkdir.

Maddə 9

Tərəflər öz ərazilərində digər Tərəfin dövlət və kommersiya strukturlarının, birgə müəssisələrinin və vətəndaşlarının hüquqi müdafiəsini təmin edəcəklər.

Maddə 10

Tərəflər tele- və radio proqramları verilişlərinin dövri, mətbuat mübadiləsinə, Bakı və Minsk şəhərlərinin potensial imkanlarının reklamına kömək göstərəcəklər.

Maddə 11

Tərəflər icra hakimiyyəti orqanları arasında əlaqələrin inkişaf etdirilməsinə, onların işinin təşkili üzrə təcrübə və informasiya mübadiləsinə kömək edəcəklər.

Maddə 12

Bu Sazişin müddəaları Tərəflərin birgə hazırlayıb təsdiq etdikləri əməkdaşlıq tədbirləri planları əsasında həyata keçiriləcəkdir.

Maddə 13

Tərəflər hərtərəfli əməkdaşlığın genişləndirilməsi və bu Sazişin müddəalarının həyata keçirilməsi məqsədilə, Azərbaycan Respublikasının və Belarus Respublikasının qanunvericilikləri ilə müəyyən edilmiş qaydada Bakı və Minsk şəhərlərində müvafiq nümayəndəliklərin açılması məsələlərini həll edəcəklər.

Maddə 14

Bu Sazişin izahı və tətbiqinə dair mübahisəli məsələlər Tərəflərin razılığı ilə müəyyənləşdirilən qaydada danışıqlar və məsləhətləşmələr yolu ilə həll ediləcəkdir.

Maddə 15

Bu Sazişdə dəyişiklik və əlavələr Tərəflərin qarşılıqlı razılığı ilə edilə bilər.

Dəyişiklik və əlavələr müəyyən edilmiş qaydada bu Sazişin ayrılmaz tərkib hissəsi olan müvafiq protokollarla rəsmiləşdirilir.

Maddə 16

Bu Saziş 5 il müddətinə bağlanır və imzalandığı tarixdən qüvvəyə minir.

Tərəflərdən birinin bu Sazişin qüvvədən salınması haqqında digər Tərəfə yazılı xəbərdarlığı alınan gündən sonra 3 ay müddətində Saziş qüvvədən düşmüş hesab edilir.

Bu Sazişin qüvvədən düşməsi təqdirdə o, öhdəlikləri həmin Sazişin qüvvədə olduğu dövrdə meydana çıxmış və onun fəaliyyəti dayandırılanadək icra edilməmiş bütün müqavilələrə, proqramlara və layihələrə tətbiq olunmaqda davam edəcəkdir.

8 avqust 2001-ci ildə Bakı şəhərində, Azərbaycan və rus dillərində, mətni eyni qüvvəyə malik olan iki nüsxədə tərtib edilmişdir.

Bakı Şəhər
İcra Hakimiyyəti tərəfindən

Minsk Şəhər
İcra Komitəsi tərəfindən


© LegalActs LLC