Об утверждении Положения «О Мореходной книжке»


Дата релиза: 12.05.1995

«Dənizçi kitabçası haqqında» Əsasnamənin təsdiq edilməsi barədə

«Dənizçi kitabçası haqqında» Əsasnamənin təsdiq edilməsi barədə

Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

«Dənizçi kitabçası haqqında» Əsasnamə (əlavə olunur) təsdiq edilsin və həmin Əsasnamə dərc edildiyi gündən qüvvəyə minsin.

Azərbaycan Respublikası Ali Sovetinin sədri

R. QULİYEV

Bakı şəhəri, 12 may 1995-ci il

№ 1037

«Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı»nda dərc edilmişdir (31 iyul 1995-ci il, № 14, maddə 239) («LegalActs» LLC).


Azərbaycan Respublikası
Milli Məclisinin
1995-ci il 12 may tarixli,
1037 saylı Qərarı ilə
təsdiq edilmişdir

Dənizçi kitabçası haqqında

Əsasnamə

1. Dənizçi kitabçası gəmidə (hərbi gəmi istisna olmaqla) dənizçinin şəxsiyyətini təsdiq edən sənəd olmaqla, Dənizçilərin milli şəxsiyyət vəsiqələri haqqında Beynəlxalq konvensiyaya uyğun olaraq, sahibinə işlədiyi gəmi ilə birlikdə və ya xaricdə işlədiyi gəmiyə çatmaq üçün fərdi qaydada Azərbaycan Respublikasından ketmək və Azərbaycan Respublikasına gəlmək hüququ verir.

2. Dənizçi kitabçası Azərbaycan Respublikasında qeydiyyatda olan və dənizçilik məqsədilə istifadə edilən gəmilərdə hər dənizçi vəzifəsində işləyən Azərbaycan Respublikasının vətəndaşlarına verilir.

Dənizçi kitabçası, müstəsna hallarda, Dənizçilərin milli şəxsiyyət vəsiqələri haqqında Beynəlxalq konvensiyaya uyğun olaraq Azərbaycan Respublikasında qeydiyyatda olan və ya onun ərazisində istifadə üçün kirayəyə (icarəyə) götürülmüş gəmidə dənizçi vəzifəsində işləyən xarici ölkənin vətəndaşlarına da verilə bilər.

3. Dənizçi kitabçası Bakı beynəlxalq dəniz ticarəti limanının kapitanı tərəfindən 5 il müddətinə verilir. Bu müddət başa çatdıqda, dənizçi kitabçasının etibarlılıq müddəti həmin şəxs tərəfindən 5 il müddətinə uzadıla bilər.

4. Dənizçi kitabçasında Azərbaycan Respublikasının adı, dövlət gerbi, kitabçanın seriyası və nömrəsi, sahibinin soyadı, adı, atasının adı, vətəndaşlığı, doğulduğu yer, cinsi, boyu, gözlərinin rəngi, səciyyəvi əlamətləri və yaxın qohumlarından biri haqqında məlumat, gəmi və gəmi sahibinin adı göstərilməklə, onun gəmidə tutduğu vəzifə, diplomu və ya şəhadətnaməsi, ixtisasartırma kursları keçməsi barədə məlumatlar, kitabçanı verən orqanın adı, verilmə tarixi, etibarlılıq müddəti, uzadılmış etibarlılıq müddəti, uzadılma tarixi, kitabça sahibinin şəxsi imzası göstərilir və rəngli fotoşəkli yapışdırılır.

Dənizçi kitabçasında, bu sənədin Dənizçilərin milli şəxsiyyət vəsiqələri haqqında Beynəlxalq konvensiyanın məqsədləri üçün dənizçinin şəxsiyyətini təsdiq edən sənəd olduğu göstərilir.

5. Dənizçi kitabçasının nümunəsi Azərbaycan Respublikasının Ali Soveti tərəfindən təsdiq edilir.

6. Dənizçi kitabçasının verilməsi üçün minimum əmək haqqının beş misli məbləğində dövlət rüsumu alınır.

7. Dənizçi kitabçasının verilməsi üçün tərkibində donanma və ya üzən nəqliyyat vahidi olan müəssisələrin, idarələrin və təşkilatların, o cümlədən dəniz təhsili müəssisələrinin rəhbərlərinin bu barədə xüsusi forma üzrə vəsatəti (əlavə olunur) dövlət rüsumunun ödənilməsi barədə qəbzlə birlikdə Bakı beynəlxalq dəniz ticarəti limanının kapitanına təqdim olunmalıdır.

8. Bakı beynəlxalq dəniz ticarəti limanının məsul əməkdaşı dənizçi kitabçasının verilməsi barədə vəsatətin düzgün doldurulmasını yoxlamalıdır. Bu məqsədlə o, müraciət etmiş vəzifəli şəxsdən dənizçinin şəxsiyyət vəsiqəsini, onun qan qrupu, gözlərinin rəngi, boyu haqqında tibbi arayışı, hərbi vəzifəsi haqqında hərbi bileti və ya təhkim şəhadətnaməsini, lazım olarsa, Azərbaycan Respublikası vətəndaşlığına qəbul olunmuş şəxsin qanunvericilikdə nəzərdə tutulmuş sənədlərini tələb etməli və nəzərdən keçirməlidir.

9. Dənizçi kitabçasının hər hansı dənizçiyə verilməsi üçün o, bir neqativdən eyni ölçüdə çıxarılmış, sifətin papaqsız, gündəlik həyatda ona xas olan xarici görkəm və əlamətlərlə (eynək, saqqal, bığ və s.) yalnız öndən görünüşü təsvir edilmiş fotoşəkilləri Bakı beynəlxalq dəniz ticarəti limanına təqdim etməlidir.

Fotoşəklin kağızının keyfiyyəti, ölçüsü və ona dair digər texniki tələblər barədə məlumat Bakı beynəlxalq dəniz ticarəti limanının binasında görünən yerdən asılmalıdır.

10. Bakı beynəlxalq dəniz ticarəti limanının məsul əməkdaşı dənizçi kitabçasının verilməsi barədə vəsatət üzrə məlumatları yoxlayandan sonra, vəsatətdə həmin məlumatların düzgünlüyünü öz imzası ilə və gerbli möhürlə təsdiq edərək, onları Azərbaycan Respublikasının «getmə-gəlmə» idarələrarası kompüter sisteminin vahid məlumat bankına daxil edir. Oradan sorğuya alınmış cavab əsasında, həmin məsul əməkdaş dənizçiyə dənizçi kitabçasının verilməsinin mümkünlüyü barədə qərar qəbul edir və buna görə, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır.

11. Dənizçinin dövlət sirri və ya hərbi sirr olan məlumatlar üzrə öhdəliyi qüvvədədirsə, yaxud onun haqqında cinayət işi qaldırılıbsa və ya o, məhkum edilibsə, yaxud dənizçi müəyyənləşdirilmiş qaydada müddətli həqiqi hərbi xidmətə çağırılmışsa, dənizçi kitabçasını verən müvafiq dövlət orqanının səlahiyyətli şəxsinin qərarı ilə dənizçiyə dənizçi kitabçasının verilməsindən imtina edilməklə, onun ölkədən getmək və ölkəyə gəlmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər.

12. Bakı beynəlxalq dəniz ticarəti limanının məsul əməkdaşı dənizçi kitabçasını 15 gün ərzində doldurur və sahibinə verilməsindən ötrü müraciət etmiş vəzifəli şəxsə təqdim edir.

13. Dənizçi kitabçasındakı yazılar Azərbaycan Respublikasının dövlət dilində və ingilis dilində göstərilir və Bakı beynəlxalq dəniz ticarəti limanının kapitanı tərəfindən imza və möhürlə təsdiq edilir.

14. Dənizçi kitabçasının sahibi onu qayğı ilə qorumalıdır. Dənizçi kitabçasını itirdikdə, onu harada, nə vaxt və hansı şəraitdə itirdiyini göstərməklə bu barədə öz gəmisinin kapitanına və kitabçanı aldığı orqana bildirməli, belə hadisə xaricdə baş verərsə, Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinə və ya konsulluğuna dərhal məlumat verməlidir.

15. Dənizçi kitabçası sahibinin soyadı, adı, atasının adı dəyişdirildikdə və ya yazılarında dəqiqsizlik müəyyən edildikdə, yaxud kitabça yararsız hala düşdükdə dəyişdirilməlidir.

16. Dənizçi kitabçasının itirilməsini bildirən dənizçi həmin kitabçanı taparsa, tapılmış kitabçanı dərhal Bakı beynəlxalq dəniz ticarəti limanına təhvil verməlidir.

17. Dənizçi kitabçası oğurlandıqda, vətəndaş bu barədə hadisənin baş verdiyi yerin polis orqanına müraciət etməlidir. Belə müraciətin daxil olması barədə dənizçiyə arayış verilir və bu arayış yeni dənizçi kitabçasının verilməsi üçün əsas götürülür.

18. Bu Əsasnamənin tələblərinə zidd olaraq dənizçi kitabçasının verilməsindən imtina edilməsi, onun verilməsi üçün dənizçidən nəzərdə tutulmayan sənədlər tələb edilməsi və ya dənizçi kitabçasının verilməsində (dəyişdirilməsində) süründürməçiliyə yol verilməsi, habelə dənizçi kitabçasının itirilməsi, qəsdən korlanması, oğurlanması, qanunsuz hazırlanması, saxtalaşdırılması, satılması və ya ondan qanunsuz istifadə olunması üstündə təqsirli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.


© LegalActs LLC