Об утверждении Правил возврата излишне уплаченных налогов, взносов на обязательное государственное социальное страхование, страхование от безработицы и обязательное медицинское страхование, процентов и финансовых санкций


Дата релиза: 11.10.2017

Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydalarının təsdiq edilməsi barədə

Azərbaycan Respublikasının Nazirlər Kabineti

Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydalarının təsdiq edilməsi barədə

Qərar № 48

Bakı şəhəri, 23 fevral 2001-ci il

«Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli, 393 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. «Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları» təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri

A. RASİ-ZADƏ

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (28 fevral 2001-ci il, № 2, maddə 126) («LegalActs» LLC).

4 aprel 2003-cü il tarixli, 42 nömrəli; 12 iyun 2003-cü il tarixli, 81 nömrəli; 24 fevral 2005-ci il tarixli, 34 nömrəli; 7 fevral 2006-cı il tarixli, 35 nömrəli; 27 mart 2006-cı il tarixli, 89 nömrəli; 8 oktyabr 2010-cu il tarixli, 172 nömrəli; 11 oktyabr 2017-ci il tarixli, 423 nömrəli Qərarlara əsasən dəyişikliklərlə («LegalActs» LLC).


Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2001-ci il 23 fevral tarixli, 48 nömrəli qərarı ilə
təsdiq edilmişdir

Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar vergi ödəyicisindən düzgün tutulmamış və ya onun tərəfindən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin (bundan sonra — büdcəyə artıq ödəmələr) qaytarılması qaydalarını müəyyən edir.

1.2. Bu Qaydalarda «vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlar» dedikdə, verginin tam və vaxtında büdcəyə ödənilməsinə nəzarəti həyata keçirən orqanlar nəzərdə tutulur.

2. Vergi ödəyicisinin büdcəyə artıq ödəmələrin qaytarılması üzrə hüquqları

Vergi ödəyicisi düzgün tutulmamış və ya artıq ödənilmiş verginin, faizlərin və maliyyə sanksiyasının məbləğinin qaytarılmasını və ya vergi ödəyicisinin müraciətinə əsasən digər vergilərin, faizlərin maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilməsini, yaxud vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsini vergi hesabatı dövrü qurtardıqdan sonra 5 il ərzində tələb etmək hüququna malikdir.

Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən şəxslər tərəfindən ödənilmiş vergi onların həmin ayda fəaliyyət göstərib-göstərməməsindən asılı olmayaraq, geri qaytarılmır və növbəti ayın vergiləri ilə əvəzləşdirilmir.

3. Büdcəyə artıq ödəmələrin qaytarılması üçün tələb olunan sənədlər

3.1. Vergi ödəyicisi büdcəyə artıq ödəmələrin qaytarılması üçün vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə ilə müraciət etməlidir. Ərizədə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN-ni), bank rekvizitləri, artıq ödəmələrin məbləği, onların yaranma tarixləri və səbəbləri göstərilməlidir.

3.2.Artıq ödəmələrin qaytarılması üçün ərizə vergi ödəyicisinin qeydiyyatda olduğu vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara təqdim olunmalıdır.

3.3. Azərbaycan Respublikasının tərəfdar çıxdığı ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrdə vergilərin aşağı dərəcəsi və ya vergilərdən tam azad olunma nəzərdə tutulduğu halda, xarici dövlətin rezidenti Vergi Məcəlləsinin 125-ci maddəsinə əsasən ödəmə mənbəyində tutulmuş vergi məbləğinin geri qaytarılması barədə ərizəni rezidentliyini rəsmi təsdiq edən sənədlər əlavə edilməklə, vergi agentinin qeydiyyatda olduğu vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara təqdim etməlidir.

3.4. Bu Qaydaların 3.1-ci və 3.3-cü bəndlərində göstərilən ərizə formaları Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi tərəfindən təsdiq edilir.

4. Xarici diplomatik və analoji nümayəndəliklərin rəsmi istifadəsi, həmçinin bu nümayəndəliklərin diplomatik, inzibati və texniki işçilərinin, o cümlədən onlarla yaşayan ailə üzvlərinin şəxsi istifadəsi üçün nəzərdə tutulan mallara və xidmətlərə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması qaydası

4.1. Xarici diplomatik və analoji nümayəndəliklərin rəsmi istifadəsi, onların diplomatik, inzibati və texniki işçilərinin, o cümlədən onlarla yaşayan ailə üzvlərinin şəxsi istifadəsi üçün nəzərdə tutulan mallar və xidmətlər əlavə dəyər vergisinə sıfır (0) dərəcə ilə cəlb olunur.

Xarici diplomatik və analoji nümayəndəliklərin rəsmi istifadəsi, onların diplomatik, inzibati və texniki işçilərinin, o cümlədən onlarla yaşayan ailə üzvlərinin şəxsi istifadəsi üçün nəzərdə tutulan mallar və xidmətlər sıfır (0) dərəcə ilə əlavə dəyər vergisinə o ölkələrə münasibətdə tətbiq edilir ki, həmin ölkələrdəki Azərbaycan Respublikasının diplomatik və ya analoji nümayəndəliyinə mallara və xidmətlərə görə əlavə dəyər vergisi (analoji vergi) sıfır (0) dərəcə ilə tətbiq edilir.

Xarici diplomatik və analoji nümayəndəliklərə mallara və xidmətlərə görə əlavə dəyər vergisinin sıfır (0) dərəcə ilə tətbiq edilməsinin rəsmiləşdirilməsi qaydaları Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən təsdiq edilir.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən növbəti ilin birinci rübündən gec olmayaraq Azərbaycan Respublikasında diplomatik və analoji nümayəndəlikləri olan ölkələrdə Azərbaycan Respublikasının diplomatik və analoji nümayəndəliyinə əlavə dəyər vergisinin (analoji verginin) tətbiq edilməsinə dair məlumatlar Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə təqdim edilir.

4.2. Xarici diplomatik və analoji nümayəndəliklər onların rəsmi istifadəsi, həmçinin diplomatik, inzibati və texniki işçilərinin, o cümlədən onlarla yaşayan ailə üzvlərinin şəxsi istifadəsi üçün nəzərdə tutulan mallara, işlərə və xidmətlərə görə ödənilmiş əlavə dəyər vergisinin geri qaytarılması üçün vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə ilə müraciət etməlidir.

Ərizəyə aşağıdakı sənədlər əlavə edilsin:

    • Vergilər Nazirliyi tərəfindən müəyyən edilən formada nümayəndəliyin işçilərinin və onların ailə üzvlərinin siyahısı (onların akkreditə vəsiqələri üzrə məlumatlar əlavə edilməklə);
    • alınmış mallara (xidmətlərə) görə vergilərin ödənilməsini təsdiq edən vergi hesab-fakturaları.

Malların və ya xidmətlərin adının və ayrıca sətirdə əlavə dəyər vergisinin göstərildiyi nəzarət-kassa aparatının çeki olduqda, vergi hesab-fakturası tələb edilmir. Kassa çekinin arxasında malların (xidmətlərin) alıcısının adı, akkreditə vəsiqəsinin nömrəsi və malları (xidmətləri) təqdim edən vergi ödəyicisinin möhürü olmalıdır.

4.3. Bu Qaydaların 4-cü bəndinin müddəaları xarici diplomatik və analoji nümayəndəliklərin Azərbaycan Respublikasının vətəndaşı olan işçilərinə şamil edilmir.

5. Büdcəyə artıq ödəmələrin qaytarılması üzrə vergilərin büdcəyə daxil olmasını təmin edən orqanların hərəkətləri

5.1. Vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlar vergi ödəyicisinin müraciəti əsasında aşağıdakıları yerinə yetirirlər:

5.1.1. vergi ödəyicisinin büdcəyə artıq ödəmələrini digər vergilərin, faizlərin maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsinə yönəldirlər;

5.1.2. vergi ödəyicisinin razılığı ilə onun müraciətinə əsasən büdcəyə artıq ödəmələri sonrakı öhdəliklər üzrə ödəmələrə yönəldirlər;

5.1.3. büdcəyə artıq ödəmələrin qalan hissəsinin vergi ödəyicisinə qaytarılması üçün bu Qaydaların müddəalarına uyğun tədbirlər görürlər;

5.1.4. Bu Qaydaların 5.4-cü bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla büdcəyə artıq ödəmələrin qalan məbləğlərini vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarırlar.

5.1.5. Avtonəqliyyat vasitəsinin sərhəd buraxılış məntəqəsində ləngimədən hərəkətini təmin etmək məqsədilə artıq alınmış yol vergilərinin müvafiq gömrük orqanı tərəfindən nağd formada qaytarılması üçün zəruri tədbirlər görürlər.

5.2. Büdcəyə artıq ödəmələrin qaytarılması üçün müəyyən edilmiş 45 və ya bu Qaydaların 5.4-cü bəndində nəzərdə tutulmuş 20 günlük müddət vergi ödəyicisinin bu barədə ərizə verdiyi gündən vəsaitin müvafiq dövlət xəzinədarlığının hesabından çıxdığı günədək olan dövrü əhatə edir.

5.3. Vergi ödəyicisi tərəfindən büdcəyə artıq ödəmələr digər vergilərin, faizlərin maliyyə sanksiyalarının və inzibati cərimələrin ödənilməsinə yönəldildikdə, vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlar vergi ödəyicisinin tələbi ilə ona şəxsi vərəqədən çıxarış və üzləşmə aktı verir, habelə rübdə bir dəfə rüb başa çatdıqdan sonra 20 gün ərzində ona vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana bildiriş göndərir.

5.4. Hesabat dövründə vergi tutulan dövriyyəsinin azı 50 faizi əlavə dəyər vergisinə sıfır (0) dərəcəsi ilə cəlb olunan vergi ödəyicisinə hesabat dövründə əvəzləşdirilən vergi məbləğinin hesablanmış vergi məbləğindən artıq olan hissəsi vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verildiyi vaxtdan 20 gün ərzində ona qaytarılır.

Digər vergi ödəyicilərinin əvəzləşdirilən vergi məbləğinin hesabat dövrü ərzində hesablanmış vergi məbləğindən artıq olan hissəsi növbəti 3 aya keçirilir və bu ayların ödəmələrinə aid edilməklə, vergi orqanı tərəfindən Vergi Məcəlləsində nəzərdə tutulan qaydada artıq ödəmələrin dürüstlüyü araşdırılır. Həmin 3 ay müddət bitdikdən sonra dürüstləşmənin başa çatdırılmasından asılı olmayaraq, vergi tutulan əməliyyatlardan yaranan artıq ödəmənin hər hansı qalığı vergi ödəyicisinin ərizəsinə əsasən 20 gün ərzində büdcədən qaytarılır.

5.5. Vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlar Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş formada vergi ödəyicisinin büdcəyə artıq ödəmələrinin qaytarılması barədə və xarici diplomatik və analoji nümayəndəliklər üzrə 4 nüsxədə rəy tərtib edirlər.

Rəydə ayrı-ayrı vergi növləri üzrə artıq ödənilmiş məbləğlər, habelə digər vergilər, faizlər maliyyə sanksiyaları və inzibati cərimələr üzrə borcların olmadığı əks etdirilməli və rəy müvafiq qaydada təsdiq olunmalıdır.

5.6. Zəruri hallarda vergilərin büdcəyə daxil olmasını təmin edən orqanların səlahiyyətli əməkdaşı xarici diplomatik və analoji nümayəndəliyin məsul şəxsinə və yaxud onların işçisinə (və ya onun səlahiyyətli nümayəndəsinə), habelə malı (xidməti, işi) təqdim edən vergi ödəyəcisinə vergilərin ödənilməsi ilə əlaqədar sorğu verə bilər.

5.7. Tərtib olunmuş rəyin 2 nüsxəsi və ərizənin surəti vergi ödəyicisinin ərizəsi daxil olduğu tarixdən 25 və ya bu Qaydaların 5.4-cü bəndində nəzərdə tutulmuş hallarda 12 gün müddətində artıq ödəmənin qaytarılmalı olduğu müvafiq yerli maliyyə orqanına, 1 nüsxəsi büdcəyə artıq ödəmələri olan vergi ödəyicisinə göndərilir, 1 nüsxəsi isə vergilərin büdcəyə daxil olmasını təmin edən orqanda qalmalıdır.

5.8. Tərtib olunmuş rəy nəticəsində büdcəyə artıq ödəmələrin faktiki qaytarılmış məbləğləri maliyyə orqanlarının rəsmi məlumatlarına əsasən vergi ödəyicisinin şəxsi hesab vərəqəsində əks etdirilir və büdcəyə daxilolmalar barədə hesabatlarda nəzərə alınır.

5.9. Vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlar vergi ödəyicisinin büdcəyə artıq ödəmələrini digər vergilərin, faizlərin maliyyə sanksiyalarının və inzibati cərimələrin ödənilməsinə aid etdikdə, bu barədə maliyyə orqanına müvafiq məlumatları rüb qurtardıqdan sonra növbəti ayın 10-dək təqdim etməlidirlər.

5.10. Müəyyən məbləğlərin vergi ödəyicisinə səhvən qaytarıldığı bütün hallarda vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlar vergilərin alınması üçün müəyyən edilmiş qaydada həmin məbləğlərin qaytarılmasını tələb etməlidirlər.

6. Büdcəyə artıq ödəmələrin qaytarılması üzrə maliyyə orqanlarının hərəkətləri

6.1.Maliyyə orqanları vergi ödəyicisinin büdcəyə daxil olmasını təmin edən orqanlar tərəfindən verilmiş rəyləri qəbul edirlər.

6.2. Mərkəzləşdirilmiş gəlirlərin qaytarılması tələb olunan zaman yerli maliyyə orqanlarına təqdim olunmuş rəylərin bir nüsxəsi və ərizənin surəti bütün əlavələrlə birlikdə 5 və ya bu Qaydaların 5.4-cü bəndində nəzərdə tutulmuş hallarda 4 gün müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilməlidir.

6.3.Maliyyə orqanları vergi ödəyicisinin vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlarda qeydiyyatından və vergilərin büdcə qanunvericiliyinə əsasən yerli və mərkəzləşdirilmiş gəlirlərə aid edilməyindən asılı olaraq vəsaitin qaytarılmasını təmin etməlidirlər.

6.4. Maliyyə orqanları tərəfindən vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara artıq ödəmənin qaytarıldığı barədə 5 gün müddətində məlumat verilir.

6.5. Dövlət büdcəsinin mədaxili büdcəyə artıq ödəmələrin faktiki qaytarılmış məbləği qədər azaldılır.

7. Büdcəyə artıq ödəmələrin qaytarılması üzrə vergilərin büdcəyə daxil olmasını təmin edən orqanların və maliyyə orqanlarının məsuliyyəti

7.1. Vergi ödəyicisi tərəfindən büdcəyə artıq ödəmələrin qaytarılması barədə vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verildiyi tarixdən məbləğlər geri qaytarılanadək gecikdirilən hər gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğin 0,1 faizi məbləğində faiz ödənilir. Bu faizlərin ödənilməsi büdcə gəlirlərinin azaldılmasına aid edilir.

Vergi ödəyicisinin artıq ödənilmiş məbləğlərinin qaytarılmasına dair vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verdiyi müddətdən 45 və ya bu Qaydaların 5.4-cü bəndində nəzərdə tutulmuş 20 gün ərzində məbləğ qaytarılarsa, vergi ödəyicisinə faiz ödənilmir.

7.2. Büdcəyə artıq ödəmələrin qaytarılmasının gecikdirilməsi vergi ödəyicisinin mövcud qaydalara riayət etməməsi səbəbindən baş verdiyi halda, gecikdirilmiş müddət üçün faiz ödənilmir.


© LegalActs