Об утверждении Порядка присвоения и применения идентификационного номера налогоплательщика
Дата релиза: 04.04.2003
Azərbaycan Respublikasının Nazirlər Kabineti
Vergi ödəyicilərinə eyniləşdirmə nömrəsinin verilməsi və tətbiq edilməsi Qaydasının təsdiq edilməsi barədə
Qərar № 222
Bakı şəhəri, 21 dekabr 2000-ci il
«Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında Azərbaycan Respublikasının Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanının icrasını tə`min etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. «Vergi ödəyicilərinə eyniləşdirmə nömrəsinin
verilməsi və tətbiq edilməsi Qaydası» təsdiq edilsin (əlavə
olunur).
2. Mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi şəxslərin, onların filiallarının və nümayəndəliklərinin, habelə vergi ödəyicisi olan fiziki şəxslərin (fərdi sahibkarların) uçotu onlara Azərbaycan Respublikasının dövlət vergi orqanları tərəfindən vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilməklə aparılır.
3. Nəzərə alınsın ki, vergi orqanlarında 2001-ci il 1 yanvar tarixədək uçota alınmış vergi ödəyicilərinin eyniləşdirmə nömrələrini onlara əvvəllər verilmiş identifikasiya nömrələri (VÖİN) təşkil edir və təqdim olunan bildirişlər vergi uçotuna alınmasını təsdiq edən şəhadətnamələrə bərabər tutulur.
4. Azərbaycan Respublikası Vergilər Nazirliyinə tapşırılsın ki, 2001-ci il 1 yanvar tarixdən vergi ödəyicilərinin uçotunu Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və «Vergi ödəyicilərinə eyniləşdirmə nömrəsinin verilməsi və tətbiq edilməsi qaydası»na uyğun olaraq aparsın.
5. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə və Dövlət Statistika Komitəsinə tapşırılsın ki, öz işlərində Vergilər Nazirliyi tərəfindən müəyyən olunmuş qaydada hüquqi və fiziki şəxslərə verilən vergi ödəyicisinin eyniləşdirmə nömrələrindən istifadə etsinlər.
6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Vergi ödəyicilərinin uçotunun təkmilləşdirilməsi barədə» 1996-cı il 19 dekabr tarixli 182 nömrəli qərarı öz qüvvəsini itirmiş hesab edilsin.
Azərbaycan Respublikasının Baş naziri
A. RASİ-ZADƏ.
28 fevral 2002-ci il tarixli, 34 nömrəli; 4 aprel 2003-cü il tarixli, 42 nömrəli Qərarlara əsasən dəyişikliklərlə («LegalActs»).
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2000-ci il 21
dekabr tarixli
222 nömrəli qərarı ilə
təsdiq edilmişdir
Vergi ödəyicilərinə eyniləşdirmə nömrəsinin verilməsi və tətbiq
edilməsi
Qaydası
Bu Qayda Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq vergi ödəyicilərinin vergi orqanlarında vahid prinsiplər əsasında uçota alınması, onlara eyniləşdirmə nömrələrinin verilməsi qaydasını və vergi ödəyicilərinin eyniləşdirmə nömrələrinin (bundan sonra — VÖEN) tətbiq dairəsini müəyyən edir.
1. Ümumi müddəalar
1.1. Hüquqi şəxslər və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslər (fərdi sahibkar) onların vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınırlar.
1.2. Vergi ödəyiciləri vergi orqanında uçota durmağa, vergi orqanı isə vergi ödəyicilərinin uçotunu aparmağa borcludurlar.
1.3. Vergi ödəyicisi olan hüquqi şəxs, onun filialları və nümayəndəlikləri və ya digər təsərrüfat subyektləri (obyektləri) olduğu yer üzrə, fərdi sahibkar və Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq bəyannamə verməli olan rezident fiziki şəxs isə yaşadığı yer üzrə vergi orqanında uçota alınmalı və onlara bütün vergilər üzrə, o cümlədən Azərbaycan Respublikasının gömrük sərhədindən malların keçirilməsi ilə bağlı ödənişlər üzrə Azərbaycan Respublikasının bütün ərazisində vahid olan VÖEN verilməlidir.
1.4. Vergi ödəyicisi kimi uçota alınmayan vergi agenti olan təşkilatlar hüquqi şəxslər üçün müəyyən edilmiş qaydada olduqları yer üzrə vergi orqanlarında uçota alınırlar.
1.5. Daimi nümayəndəliklərin vergi orqanlarında uçota alınması Azərbaycan Respublikasının hüquqi şəxsləri üçün müəyyən edilmiş qaydada həyata keçirilir.
1.6. Vergi ödəyicisi haqqında mə`lumatlar qanunla müəyyən olunmuş hallar istisna olmaqla, onun uçota alınması anından vergi sirri hesab olunur.
1.7. Vergi ödəyicisinin vergi uçotuna alınması yerinin müəyyən edilməsi ilə bağlı çətinliklər yarandıqda, onun uçota alınması yerini təqdim olunmuş mə`lumatlar əsasında Azərbaycan Respublikasının Vergilər Nazirliyi müəyyən edir.
1.8. Vergi ödəyiciləri olan hüquqi şəxslər onların yuxarı təşkilatlarına VÖEN verildikdən sonra uçota alınırlar.
1.9. Vergi uçotuna alınma, yenidən uçota alınma, uçotdan çıxarılma ödənişsiz həyata keçirilir.
1.10. Vergi ödəyicilərinin uçota alınması onların ərizələrinə əsasən həyata keçirilir. Bu ərizələrin forması Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən təsdiq edilir.
2. Vergi ödəyiciləri tərəfindən ərizənin verilməsi
2.1. Hüquqi şəxs, onun filial və nümayəndəlikləri tərəfindən ərizənin verilməsi
2.1.1. Vergi uçotuna durmaq üçün hüquqi şəxs dövlət qeydiyyatına alındığı gündən, Azərbaycan Respublikasında filial və nümayəndəlik və ya digər təsərrüfat subyekti (obyekti) vasitəsilə sahibkarlıq fəaliyyəti həyata keçirildikdə isə — filialın və ya nümayəndəliyin yaradılmasından 30 gün müddətində olduğu yer üzrə vergi orqanına ərizə təqdim etməlidir.
Hüquqi şəxslərin dövlət qeydiyyatından keçmə tarixi ədliyyə orqanlarının onlara dövlət qeydiyyatına alınma haqqında sənədlərin verilməsi tarixini əks etdirən arayışlarına əsasən müəyyən edilir.
2.1.2. Hüquqi şəxs uçota alınma barədə verdiyi ərizə ilə birlikdə dövlət qeydiyyatına alınması haqqında şəhadətnamənin və tə`sis sənədlərinin, rəhbərin tə`yin olunmasını və hüquqi şəxsin ünvanını təsdiq edən sənədlərin bir nüsxədə surətlərini, habelə rəhbərin şəxsiyyətini təsdiq edən sənədin mə`lumatlarını vergi orqanına təqdim etməlidir.
2.1.3. Ərizə vergi ödəyicisi olan hüquqi şəxsin, onun filial və nümayəndəliyinin rəhbəri və ya onların səlahiyyətli nümayəndəsi tərəfindən doldurulur. Ərizədə göstərilənlərin düzgünlüyünə hüquqi şəxsin, onun filial və ya nümayəndəliyinin rəhbəri cavabdehdir.
2.1.4. Filialları və digər təsərrüfatçılıq subyektləri olan hüquqi şəxs verdiyi ərizə ilə birlikdə həmin filial və təsərrüfatçılıq subyektlərinin siyahılarını Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş formada təqdim etməlidir. Həmin mə`lumatlarda dəyişikliklər baş verdikdə, hüquqi şəxs 30 gün müddətində bu barədə əlavə mə`lumatlar təqdim etməlidir.
2.1.5. Hüquqi şəxsin uçotda olduğu vergi orqanının ərazisindən kənarda fəaliyyət göstərən filialı, nümayəndəliyi və ya digər təsərrüfat subyekti (obyekti) olduqda, hüquqi şəxs vergi ödəyicisi kimi həm özünün olduğu yer üzrə, həm də onun filialının, nümayəndəliyinin və ya digər digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınır. Bu halda hüquqi şəxs özünün filial və (və ya) nümayəndəliklərinin olduğu (yerləşdiyi) ərazi üzrə vergi orqanına Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş formaya uyğun mə`lumat göndərməlidir. Həmin mə`lumat vergi orqanlarına bu Qaydaların 2.1.4-cü bəndində göstərilən müddətdə və qaydada çatdırılır.
2.1.6. Hüquqi şəxsin uçotda olduğu vergi orqanının yerləşdiyi ərazinin hüdudlarından kənarda yerləşən təsərrüfatçılıq subyektlərinin olduğu ərazi üzrə vergi orqanı Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş forma üzrə mə`lumatların qeydiyyatını aparmalı və bu barədə hüquqi şəxsin uçotda olduğu vergi orqanına 5 (beş) iş günü ərzində mə`lumat verməlidir.
Vergilər Nazirliyi tərəfindən müəyyən edilən iri vergi ödəyiciləri və xüsusi vergi rejimli müəssisələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada mərkəzləşdirilmiş uçota alına bilər.
Azərbaycan Respublikasının tərəfdar çıxdığı ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrə əsasən xarici dövlətin rezidentinin Azərbaycan Respublikasında fəaliyyət göstərən və daimi nümayəndəlik yaratmayan bölmələri, habelə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.5.3-cü maddəsinə müvafiq olaraq idarəetmə yerinə görə rezident sayılan hüquqi şəxs vergi orqanında Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydalara uyğun olaraq uçota alınır.
2.2. Vergi ödəyicisi olan fiziki şəxsin (fərdi sahibkarın) tərəfindən ərizənin verilməsi
2.2.1. Vergi ödəyicisi olan fərdi sahibkarın və Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq bəyannamə verməli olan rezident fiziki şəxsin uçota alınmaq üçün yaşadığı yer üzrə vergi orqanına ərizə təqdim etməlidir.
2.2.2. Vergi ödəyicisi olan fərdi sahibkarın və Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq bəyannamə verməli olan rezident fiziki şəxslərin təsərrüfatçılıq subyektlərinin qeydə alınması hüquqi şəxslər üçün nəzərdə tutulmuş qaydada həyata keçirilir.
2.2.3. Ərizə vergi ödəyicisi olan fərdi sahibkarın və Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq bəyannamə verməli olan rezident fiziki şəxsin və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən doldurulur və imzalanır.
Ərizədə göstərilənlərin düzgünlüyünə fərdi sahibkarlar və Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq bəyannamə verməli olan rezident fiziki şəxslər cavabdehdir.
2.2.4. Vergi ödəyicisi olan fərdi sahibkarlar və Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq bəyannamə verməli olan rezident fiziki şəxslər uçota durmaq üçün ərizə ilə birlikdə onun şəxsiyyətini təsdiq edən sənədin surətini və yaşadığı yer haqqında mə`lumat təqdim edir.
Vergi ödəyicisi olan fərdi sahibkarlar və Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq bəyannamə verməli olan rezident fiziki şəxslər uçota alındıqda, onun şəxsi mə`lumatlarına soyadı, adı, atasının adı, doğulduğu tarix və yer, cinsi, yaşadığı ünvan, şəxsiyyətini təsdiq edən sənəd və vətəndaşlığı haqqında mə`lumatlar daxil edilir.
3. Vergi ödəyicilərinin uçota alınması və VÖEN verilməsi
3.1. Vergi orqanına təqdim olunan sənədlər xüsusi jurnalda tarixlər üzrə ardıcıl nömrələrlə qeydə alınır və qeydiyyat nömrəsi vergi ödəyicilərindən daxil olan ərizələrin müvafiq bəndində yazılır.
3.2. Ərizənin və ona əlavə edilən sənədlərin tam şəkildə qəbuluna onları qəbul etmiş vergi orqanının məs`ul işçisi qanunvericiliyə uyğun məs`uliyyət daşıyır.
3.3. Vergi orqanı vergi ödəyicisinin uçota alınmasını vergi uçotuna alınması haqqında ərizənin və digər zəruri sənədlərin vergi orqanına daxil olduğu gündən sonrakı 10 gün müddətində həyata keçirməli və həmin müddətdə də vergi ödəyicisinə şəhadətnamə verməlidir.
Bu Qaydanın 2.1.5-ci yarımbəndində nəzərdə tutulan hallarda hüqüqi şəxs həm özünün olduğu yer üzrə, həm də onun filialının; nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alındıqda, onun filialına, nümayəndəliyinə və ya digər təsərrüfat subyektinə (obyektinə) VÖEN verilə bilər.
3.4. VÖEN avtomatlaşdırılmış şəkildə xüsusi proqram tə`minatı vasitəsilə müəyyən olunur. VÖEN doqquz rəqəmdən ibarət olmaqla vergi ödəyicisini uçota alan vergi orqanının kodunu və vergi ödəyicisinin sıra nömrəsini əks etdirir.
Vergi ödəyicisinə VÖEN-ni əks etdirən uçota alınma haqqında şəhadətnamə verilir.
3.5. Şəhadətnamə vergi ödəyicisinin uçotda olmasını təsdiq edən əsas sənəd olmaqla, vergi ödəyicisinə bir dəfə verilir və onda saxlanılır. Şəhadətnamə itirildikdə və ya yararsız hala düşdükdə vergi ödəyicisinin müraciəti əsasında şəhadətnamənin yeni nüsxəsi verilir. Bu zaman verilən nüsxənin üzərində şəhadətnamənin yeni nüsxə olması barədə müvafiq qeyd aparılır. Şəhadətnamənin forması Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən təsdiq edilir.
3.6. Şəhadətnamələrin qeydiyyatı Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş formaya uyğun aparılmalıdır.
3.7. Vergi ödəyicisi uçota alındıqdan sonra onun dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin əslində VÖEN barədə qeyd aparılır və şəhadətnamə vergi ödəyicisinə qaytarılır.
3.8. Vergi ödəyicisi tərəfindən uçota alınması haqqında şəhadətnamə alındıqdan sonra, bank idarəsində hesab açmaq üçün ərizə verilir. Vergi orqanı bu ərizə əsasında vergi ödəyicisinə şəhadətnamə-dublikat verir. Vergi ödəyicisinə verilən şəhadətnamə-dublikatların sayı məhdudlaşdırılmır və onların hər biri nömrələnir. Şəhadətnamə-dublikatın alınması üçün vergi ödəyicisi tərəfindən verilən ərizənin və şəhadətnamə-dublikatın forması Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən təsdiq edilir.
Şəhadətnamə-dublikat alındığı tarixdən 10 gün müddətində hesab açılmaq üçün istifadə olunmadıqda qüvvədən düşmüş hesab edilir.
Şəhadətnamə-dublikat iki hissədən ibarətdir. Onun bir hissəsi vergi ödəyicisinin hesab açdığı bankda qalır, bildiriş adlanan digər hissəsi isə bank idarəsinin müvafiq qeydləri aparıldıqdan sonra onu vermiş vergi orqanına qaytarılır.
3.9. Şəhadətnamə-dublikatla yalnız onda göstərilmiş bankda hesab açmaq olar.
3.10. Şəhadətnamə-dublikatın bildiriş hissəsi vergi ödəyicisi tərəfindən 10 gün müddətində qaytarılmadıqda, vergi orqanı bunun səbəblərini vergi ödəyicisi və müvafiq bank idarəsi ilə dəqiqləşdirməlidir. Şəhadətnamə-dublikat 10 gün ərzində istifadə olunmadıqda, vergi ödəyicisinə verilmiş şəhadətnamə-dublikat geri alınır və hesabın açılmaması barədə bankdan alınmış rəsmi mə`lumata əsasən onun e`tibarsız olması haqqında vergi ödəyicisinin uçot mə`lumatlarında müvafiq qeydlər edilir.
Şəhadətnamə-dublikatların qeydiyyatı jurnalının forması Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən təsdiq edilir.
4. Eyniləşdirmə nömrələrinin işlənilməsi və tətbiqi dairəsi
4.1. VÖEN vergi ödəyiciləri tərəfindən mühasibat, statistika hesabatlarında, vergi haqq-hesablarında, bəyannamələrdə, təsərrüfat müqavilələrində, hesab-fakturalarda, qaimələrdə, nəzarət-kassa aparatlarının çeklərində, məktublarda, habelə gömrük, bank və bütün digər ödəniş sənədlərində hökmən göstərilməlidir.
Göstərilən sənədlərdə xüsusi yer nəzərdə tutulmadıqda, VÖEN bir qayda olaraq vergi ödəyicisinin adı ilə yanaşı yazılmalıdır.
4.2. Vergi orqanı vergi ödəyicisinə göndərilən bütün bildirişlərdə onun eyniləşdirmə nömrəsini göstərir.
4.3. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq vergi ödəyicisi hesab edilən vergi ödəyicilərinin hər hansı tədiyə, bank və gömrük sənədində VÖEN göstərilmədikdə, ödənişi aparan müvafiq bank idarələri, vergi və gömrük orqanları tərəfindən bu sənədlərin icra üçün qəbul edilməsinə yol verilmir.
4.4. Vergi ödəyicilərinə bank hesabları (hesablaşma, valyuta, ssuda, cari və sair) yalnız onlara eyniləşdirmə nömrələri verildikdən sonra açılır.
4.5. Vergi orqanları tərəfindən vergi ödəyicilərinin uçota alınması və ləğv edilməsi barədə rüb başa çatdıqdan sonrakı 7 gün müddətində müvafiq statistika orqanlarına mə`lumat verilir.
5. Vergi ödəyiciləri haqqında uçot mə`lumatlarının dəyişdirilməsi
5.1. Vergi ödəyicilərinin uçot mə`lumatlarında dəyişikliklər onların Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş forma üzrə təqdim etdikləri ərizələri əsasında aparılır.
5.2. Vergi ödəyicisinin olduğu yer və ya yaşadığı yer dəyişdikdə, vergi orqanına bu cür dəyişiklik baş verdiyi gündən 15 gün müddətində ərizə verməlidir. Vergi ödəyicisinin vergi uçotunda olduğu vergi orqanına olduğu yer və yaşadığı yer dəyişdiyi barədə ərizə ilə müraciət etdiyi gündən sonra 15 gün müddətində həmin vergi orqanı vergi ödəyicisinin yenidən uçota alınmasını (yə`ni əvvəlki vergi orqanından uçotdan çıxarılması və yeni vergi orqanında uçota alınması) həyata keçirilməlidir.
5.3. Vergi ödəyicisinin uçota alınması haqqında ərizəsində göstərilən mə`lumatlarında hər hansı bir dəyişiklik bu Qaydanın 5.2-ci bəndində nəzərdə tutulmuş müddətlərdə aparılır.
5.4. Vergi ödəyicisi olan hüquqi şəxsin VÖEN-nin tamamilə ləğv olunması aşağıdakı hallarda həyata keçirilir:
a) qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi şəxsin ləğv edilməsi barədə qərar qəbul olunduqda;
b) hüquqi şəxsin təşkilati-hüquqi forması dəyişdikdə;
c) hüquqi şəxsin mülkiyyət mənsubiyyəti dəyişdikdə.
5.5. Vergi ödəyicisi olan fiziki şəxsin VÖEN-nin ləğvi onun vəfatı və qanunvericiliklə yol verilə bilən digər hallarda mümkündür. Vergi ödəyicisi olan fiziki şəxslər tərəfindən fəaliyyətlərinin dayandırılması onların uçotdan çıxarılmasına əsas vermir.
5.6. Vergi ödəyicisinin VÖEN-i ləğv edilərkən, onun uçota alınmasını təsdiq edən şəhadətnamə vergi orqanına təhvil verilir. Vergi orqanı şəhadətnamə-dublikatın e`tibarsız hesab olunması barədə bank idarələrinə mə`lumat verməlidir.
5.7. Vergi orqanı uçotdan çıxarılmış vergi ödəyicilərinin qeydiyyat jurnalını Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş forma üzrə aparır.
6. Məs`uliyyət
Vergi ödəyiciləri uçota durmamağa və VÖEN almamağa görə Azərbaycan Respublikasının Vergi Məcəlləsi və digər normativ hüquqi aktları ilə müəyyən edilmiş qaydada məs`uliyyət daşıyırlar.
© LegalActs