Об утверждении Положения о Государственном нефтяном фонде Азербайджанской Республики
Дата релиза: 07.05.2018
Azərbaycan Respublikasının Dövlət Neft Fondu haqqında Əsasnamənin təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikasında neft və qazın kəşfiyyatı və işlənilməsi sahəsində bağlanmış sazişlərin həyata keçirilməsindən əldə edilən gəlirlərin yığılmasını və səmərəli idarə olunmasını təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Dövlət Neft Fondu haqqında Əsasnamə təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti 2001-ci il yanvarın 5-dək Dövlət Neft Fonduna daxil olmuş vəsaitin Azərbaycan Respublikasının Milli Bankında xüsusi hesaba köçürülməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Milli Bankı Fondun vəsaitinin yüksək reytinqli, beynəlxalq aləmdə nüfuz qazanmış banklarda saxlanılmasına dair təkliflərini 15 gün müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
5. Bu Fərman dərc olunduğu gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 29 dekabr 2000-ci il
№ 434
«Azərbaycan» qəzetində dərc edilmişdir (30 dekabr 2000-ci il, № 300) («LegalActs» LLC).
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 dekabr 2000-ci il, № 12, maddə 846) («LegalActs» LLC).
7 fevral 2003-cü il tarixli, 849 nömrəli; 1 mart 2005-ci il tarixli, 202 nömrəli; 10 iyul 2008-ci il tarixli, 797 nömrəli; 22 iyul 2011-ci il tarixli, 474 nömrəli; 26 iyul 2011-ci il tarixli, 478 nömrəli; 28 oktyabr 2011-ci il tarixli; 11 iyun 2013-cü il tarixli, 916 nömrəli; 22 dekabr 2014-cü il tarixli, 427 nömrəli; 16 iyun 2017-ci il tarixli; 7 may 2018-ci il tarixli Fərmanlara əsasən əlavə və dəyişikliklərlə («LegalActs» LLC).
Azərbaycan Respublikası Prezidentinin
29 dekabr 2000-ci il tarixli
Fərmanı ilə
təsdiq edilmişdir
Azərbaycan Respublikasının Dövlət Neft Fondu haqqında
ƏSASNAMƏ
1.
Ümumi müddəalar1.1. Azərbaycan Respublikasının Dövlət Neft Fondu (bundan sonra — Fond) neft və qazın kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə (və ya müvafiq Səlahiyyətli Dövlət Orqanı ilə) sərmayəçilər arasında bağlanmış Sazişlərin həyata keçirilməsindən, habelə Azərbaycan Respublikasında, o cümlədən Xəzər dənizinin Azərbaycan sektorunda neft-qaz ehtiyatlarının kəşfiyyatı və işlənməsinə dair digər bağlanmış Sazişlərin həyata keçirilməsində Azərbaycan Respublikasının əldə etdiyi vəsaitin səmərəli idarə olunması məqsədilə «Azərbaycan Respublikasının Dövlət Neft Fondu yaradılması haqqında» Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 1999-cu il 240 nömrəli Fərmanına uyğun olaraq yaradılmışdır.
1.2. Fond Azərbaycan Respublikası Prezidenti qarşısında hesabat verir və məsuliyyət daşıyır.
1.3. Fond büdcədəkənar dövlət təsisatıdır, hüquqi şəxsdir, bank təşkilatlarında hesablaşma və digər hesablara, üzərində Azərbaycan Respublikası Dövlət Gerbinin əksi və öz adı olan möhürə, müvafiq ştamp və banklara malikdir.
1.4. Fondun vəsaitinin formalaşması və xərclənməsi üzərində ümumi nəzarət Müşahidə Şurası tərəfindən həyata keçirilir.
1.5. Fond öz fəaliyyətini həyata keçirmək üçün Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanları, fiziki və hüquqi şəxslərlə, habelə beynəlxalq təşkilatlarla əməkdaşlıq edir.
1.6. Azərbaycan Respublikası Prezidentinin Fərmanları və bu Əsasnamə ilə Fonda verilmiş hüquqlar və vəzifələr istisna olunmaqla:
a) Fond Azərbaycan Respublikasının Hökuməti, digər dövlət hakimiyyəti orqanları, o cümlədən nazirliklər, dövlət komitələri, dövlət təsisatları, müəssisələri və təşkilatları, maliyyə institutlarına münasibətdə və onların qarşısında, habelə Azərbaycan Respublikasının və digər ölkə və yurisdiksiyaların hər hansı sosial fondları, ictimai və digər qeyri-hökumət təşkilatlarına münasibətdə və onların qarşısında heç bir hüquqa, vəzifəyə malik deyildir və heç bir öhdəlik daşımır;
b) Fond Azərbaycan Respublikası Hökuməti, digər dövlət hakimiyyəti orqanları, dövlət müəssisələri, təsisatları və təşkilatlarının öhdəlik və ya təminatları ilə bağlı heç bir məsuliyyət daşımır.
1.7. Fond öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanları və sərəncamlarını, habelə bu Əsasnaməni rəhbər tutur.
1.8. Fond Bakı şəhərində yerləşir.
2.
Fondun əsas vəzifələriFondun əsas vəzifəsi Azərbaycan Respublikası vətəndaşlarının bugünkü və gələcək nəsililərinin mənafeyi naminə neft və qaz ehtiyatlarının kəşfiyyatı və işlənməsi sahəsində bağlanmış sazişlərin həyata keçirilməsindən və Fondun öz fəaliyyətindən əldə olunan valyuta və digər vəsaitin yığılmasını və səmərəli idarə olunmasını təmin etməkdir.
3. Fondun formalaşması mənbələri
3.1. Fondun vəsaiti aşağıdakı mənbələr hesabına formalaşır:
3.1.1. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və ya səlahiyyətli dövlət orqanı ilə sərmayəçilər arasında bağlanmış Azərbaycan Respublikasında, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində neftin və qazın kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair sazişlərin, habelə neft-qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi və nəqlinə dair digər sazişlərin həyata keçirilməsindən əldə edilən aşağıdakı gəlirlər:
3.1.1.1. Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər (karbohidrogenlərin nəql edilməsi üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərcləri çıxılmaq şərti ilə, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçisi, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla);
3.1.1.2. neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə və ya səlahiyyətli dövlət orqanına sərmayəçilər tərəfindən ödənilən bonuslar (mükafatlar);
3.1.1.3. karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilər tərəfindən müqavilə sahəsindən istifadə üçün Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə və ya səlahiyyətli dövlət orqanına ödənilən akrhesabı ödənişlər;
3.1.1.4. neft-qaz layihələrinin həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının payına düşən dividendlər və mənfəətin bölüşdürülməsindən əldə edilən gəlirlər (Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçisi, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla);
3.1.1.5. neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum ixrac boru kəmərləri vasitəsi ilə ötürülməsindən əldə edilən gəlirlər (Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçisi, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla);
3.1.1.6. neft-qaz sazişləri çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə və ya səlahiyyətli dövlət orqanına sərmayəçilər tərəfindən verilən aktivlərdən əldə edilən gəlirlər;
3.1.2. Neft Fondu tərəfindən Fondun vəsaitinin (aktivlərinin) (o cümlədən, maliyyə aktivlərinin və neft-qaz sazişləri çərçivəsində sərmayəçilərin verdiyi aktivlərinin) yerləşdirilməsindən, idarə olunmasından, satışından və ya digər təqdim edilməsindən və yaxud satışdankənar əldə edilən gəlirlər, aktivlərinin balans valyutasında (Azərbaycan manatı) yenidən qiymətləndirilməsindən alınan gəlirlər və sair;
3.1.3. qrantlar və digər təmənnasız yardımlar;
3.1.4. qanunvericiliyə uyğun olaraq digər gəlirlər və daxilolmalar.
3.2. Fondun idarə olunan vəsaiti investisiya reytinqli banklarda və aktivlərdə yerləşdirilir.
3.3. Fondun vəsaitinin uçotu və istifadə edilməsi haqqında hesabatın tərtib edilməsi və aparılması qaydaları Fondun Müşahidə Şurası tərəfindən müəyyən edilir.
4.
Fondun vəsaitinin istifadə olunması4.1. Fondun vəsaitinin istifadə edilməsi (xərclənməsi) Fondun maliyyə ili ərzində xərclərinin gəlirləri üstələməməsi prinsipinə əsaslanır.
4.1. Fondun vəsaitinin istifadəsi Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə hər il üçün təsdiq edilmiş əsas istiqamətlərə (proqrama) uyğun olaraq həyata keçirilir;
4.2. Fondun vəsaiti ölkənin sosial-iqtisadi tərəqqisi naminə ən mühüm ümummilli problemlərin həllinə və strateji əhəmiyyətli infrastruktur obyektlərinin inşa və rekonstruksiya edilməsinə istifadə oluna bilər.
4.3. Hər il Fondun vəsaitinin istifadə edilməsinin təsdiq olunmuş istiqamətləri haqqında məlumat və eləcə də onun faktiki istifadəsi barədə illik hesabat mətbuatda dərc edilir.
4.4. Fondun vəsaiti dövlət hakimiyyəti orqanlarına, dövlət və qeyri-dövlət müəssisələrinə (təşkilatlarına) kredit (borc) verilməsinə, eləcə də Azərbaycan Respublikasının yurisdiksiyasında olan hər hansı bir subyektin borcunun (öhdəliyinin, təminatının) və yaxud digər yüklənməsinin girovu qismində istifadə oluna bilməz.
4.5. Fondun gəlirləri vergi, rüsum və digər ödənişlərdən qanunvericiliyə müvafiq olaraq azaddır.
4.6. Fondun vəsaitindən təyinatı üzrə istifadə edilməməsinə görə vəzifəli şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar.
5.
Fondun idarə edilməsi5.1. Fondun fəaliyyətinə operativ rəhbərliyi icraçı direktor həyata keçirir.
5.2. İcraçı direktor Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin edilir və vəzifədən azad edilir. İcraçı direktorun Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən bir müavini vardır. İcraçı direktorun müavini İcraçı direktorun həvalə etdiyi vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyır.
5.3. Fondun icraçı direktoru:
- Fondun cari işini təşkil edir və ona rəhbərlik edir;
- Fondun vəsaitinin istifadə edilməsinin əsas istiqamətlərinə (proqramına) dair təkliflər hazırlayır və onu Müşahidə Şurasının rəyi ilə birlikdə təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim edir;
- Fondun fəaliyyəti barədə illik hesabatı hazırlayır və onu Müşahidə Şurasının rəyi ilə birlikdə Azərbaycan Respublikasının Prezidentinə təqdim edir;
- Fondun idarə edilməsi ilə bağlı (o cümlədən aparatın saxlanılması üçün) xərclər smetasının layihəsini hazırlayır və təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim edir;
- Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına əsasən zəruri materialların hazırlanmasını təmin edir;
- Fondun aparatının işçilərini qanunvericiliklə müəyyən edilmiş qaydada vəzifəyə təyin edir və vəzifədən azad edir, onlara münasibətdə həvəsləndirmə və tənbeh tədbirləri tətbiq edir;
- Azərbaycan Respublikası Prezidentinin təyin etdiyi auditor tərəfindən auditin keçirilməsi üçün zəruri şəraitin yaradılmasını təmin edir;
- Fondun illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hesabat dövrü başa çatdıqdan sonra növbəti il aprel ayının 30-dan gec olmayaraq Azərbaycan Respublikasının Prezidentinə təqdim edir, habelə internet səhifəsində və dövri mətbu nəşrdə dərc etdirir;
- Fondun fəaliyyəti ilə bağlı analitik arayışlar hazırlayır, onları Azərbaycan Respublikası Prezidentinə və Müşahidə Şurasına təqdim edir;
- Fondun aparatının işçilərinin
(Fondun İcraçı direktoru istisna olmaqla)vəzifələrin təsnifat və dərəcələri üzrə vəzifə maaşlarının məbləğlərini təsdiq etmək üçün Müşahidə Şurasına təqdim edir; - Azərbaycan Respublikasının qanunvericiliyinə və bu Əsasnaməyə müvafiq olaraq digər səlahiyyətləri həyata keçirir.
5.4. Fondun fəaliyyətinə ümumi nəzarəti təmin etmək məqsədi ilə müvafiq olaraq dövlət orqanlarının və ictimai təşkilatların nümayəndələrindən, habelə digər şəxslərdən ibarət Müşahidə Şurası formalaşdırılır.
5.5. Müşahidə Şurasının üzvləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq olunur.
5.6. Müşahidə Şurası icraçı direktorun təqdimatına əsasən Fondun vəsaitinin istifadə edilməsinin əsas istiqamətlərini (proqramını), onun
fəaliyyəti barədə illik hesabatını, habelə Fondun illik xərclər smetasının layihəsini nəzərdən keçirir və onlara rəy verir, Fondun idarə edilməsi ilə bağlı illik xərclər smetasında nəzərdə tutulmuş əməyin ödənişi fondu daxilində Fondun aparatının işçilərinin
(Fondun İcraçı direktoru istisna olmaqla) vəzifələrin təsnifat və dərəcələri üzrə vəzifə maaşlarının məbləğlərini təsdiq edir.
5.7. Müşahidə Şurası öz iclaslarını zərurət olduqca, lakin rübdə bir dəfədən az olmayaraq keçirir. Müşahidə Şurasının növbədənkənar iclasları icraçı direktorun və ya Müşahidə Şurasının üzvlərinin yarısının təşəbbüsü ilə keçirilə bilər.
5.8. Müşahidə Şurası üzvlərinin fəaliyyəti ictimai (əvəzi ödənilmədən) əsaslarla həyata keçirilir.
6. Uçot və hesabat
6.1. Fond «Mühasibat uçotu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mühasibat uçotu aparır və illik maliyyə hesabatlarını tərtib edir. Fondun illik maliyyə hesabatları Azərbaycan Respublikası Prezidentinin təyin etdiyi müstəqil auditor tərəfindən yoxlanılmalı və təsdiq olunmalıdır.
6.2. Fond Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatlarını və «Rəsmi statistika haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq statistik hesabatları tərtib və təqdim edir.
7. Fond haqqında Əsasnaməyə dəyişikliklər edilməsi
Fond haqqında Əsasnaməyə hər hansı dəyişiklik və əlavələr Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq olunur.
8. Fondun yenidən təşkili və ləğv edilməsi
Fondun yenidən təşkili və ləğv edilməsi Azərbaycan Respublikasının Prezidentinin qərarı ilə həyata keçirilir.
© LegalActs LLC