О приватизации государственной собственности


«Azərbaycan» qəzetində dərc edilmişdir (28 yanvar 1993-cü il, № 17)

Дата релиза: 18.05.1993

Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında

Azərbaycan Respublikasında dövlət mülkiyyətinin
özəlləşdirilməsi haqqında

Azərbaycan Respublikasının Qanunu

Bu Qanun Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsinin prinsiplərini və təşkilati-hüquqi əsaslarını müəyyən edir.

Maddə 1. Əsas anlayış

Dövlət mülkiyyətinin özəlləşdirilməsi həmin mülkiyyətin bu Qanunda müəyyən edilən qaydada xüsusi mülkiyyətə verilməsini nəzərdə tutur.

Maddə 2. Dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında qanunvericilik

1. Dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında qanunvericilik «Azərbaycan Respublikasında mülkiyyət haqqında» Azərbaycan Respublikasının Qanunundan, bu Qanundan, bu Qanun əsasında verilmiş Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından ibarətdir.

2. Torpaq və mənzil fondunun özəlləşdirilməsi Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə tənzimlənir.

Maddə 3. Dövlət mülkiyyətinin özəlləşdirilməsinin həyata keçirilməsi

Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsini Azərbaycan Respublikası Prezidentinə tabe olan dövlət əmlakını idarə edən orqan həyata keçirir.

Maddə 4. Özəlləşdirmənin obyektləri

Özəlləşdirilməsi qadağan olunan müəssisə və obyektlər istisna olmaqla Azərbaycan Respublikasında dövlət mülkiyyətində olan bütün müəssisələr və əmlak özəlləşdirmənin obyekti hesab edilir.

Maddə 5. Özəlləşdirmənin subyektləri

Özəlləşdirmənin subyektləri (alıcıları) aşağıdakılar ola bilər:

    • özəlləşdirilən obyektin əmək kollektivi;
    • Azərbaycan Respublikasının vətəndaşları;
    • dövlət müəssisəsi, birliyi və təşkilatı olmayan hüquqi şəxslər;
    • nizamnamə kapitalında dövlət payı 25 faizdən çox olmayan hüquqi şəxslər;
    • xarici hüquqi və fiziki şəxslər.

Maddə 6. Dövlət mülkiyyətinin özəlləşdirilməsinin ümumi prinsipləri

Dövlət mülkiyyətinin özəlləşdirilməsinin ümumi prinsipləri aşağıdakılardır:

    • dövlət mülkiyyətinin özəlləşdirilməsi prosesinin mərhələlərini, növbəliyini, özəlləşdirmənin qruplar üzrə təsnifatını, yollarını, formalarını və variantlarını müəyyən etməklə dövlət tərəfindən tənzimlənməsi;
    • özəlləşdirmədə dövlətin, əmək kollektivlərinin və əhalinin bütün sosial təbəqələrinin iqtisadi mənafeyinin nəzərə alınması;
    • Azərbaycan Respublikası vətəndaşlarının özəlləşdirmədə iştirakını təmin etmək məqsədilə özəlləşdirmə payının müəyyənləşdirilməsi;
    • özəlləşdirilməsi məcburi sayılan müəssisələr (obyektlər) istisna olmaqla, özəlləşdirmənin forma və variantlarının seçilməsində əmək kollektivinin rəyinin nəzərə alınması;
    • özəlləşdirmə prosesində antiinhisar siyasətinin tələblərinin nəzərə alınması;
    • respublika xalq təsərrüfatına sərmayə cəlb etmək və işgüzar dairələrinin təcrübəsindən istifadə məqsədilə xarici hüquqi və fiziki şəxslərin özəlləşdirmədə iştirakına şərait yaradılması;
    • özəlləşdirməyə dair tədbirlərin aşkarlıq şəraitində həyata keçirilməsi və onun nəticələri üzərində dövlət nəzarətinin, habelə ictimai nəzarətin olması.

Maddə 7. Özəlləşdirmənin qaydası

1. Respublikada dövlət mülkiyyətinin özəlləşdirilməsi milli valyuta — Azərbaycan manatı əsasında aparılır.

2. Dövlət mülkiyyətinin özəlləşdirilməsi dövlət əmlakını idarə edən orqanın müəyyən etdiyi qaydada zəruri sənədlərin (formaların) hazırlanmasından sonra həyata keçirilir.

Xarici hüquqi və fiziki şəxslərin özəlləşdirmədə iştirakı bu Qanunun 8-ci maddəsində göstərilən qaydalarla tənzimlənir.

4. Özəlləşdirilən müəssisələrin balansında olan mənzil və sosial-mədəni obyektlər, yardımçı təsərrüfatlar, onların ümumi əmlakının tərkibində, yaxud ayrıca özəlləşdirilir. Onların özəlləşdirilməsi mümkün olmadıqda, həmin obyektlər dövlət əmlakını idarə edən orqanın sərəncamına verilir.

5. Dövlət mülkiyyətinin özəlləşdirilməsi auksion (hərrac), müsabiqə, səhmləşdirmə formaları, müxtəlif investisiya fondları, qiymətli kağızlar və fond birjaları vasitələri ilə həyata keçirilir.

6. Auksion (hərrac) və müsabiqə forması vasitəsi ilə özəlləşdirilən müəssisə kollektivinin mülkiyyət hüququ olmayan hər bir üzvünə işdən azad olunduqda, yeni sahibkar hesabına kompensasiya ödənilir.

Kompensasiyanın miqdarı və verilmə qaydası auksion və müsabiqələrin təşkili və keçirilməsi haqqında əsasnamələrdə müəyyən edilir.

7. Dövlət müəssisələri səhmdarlar cəmiyyətinə çevrilərkən əmək kollektivləri üzvlərinə səhmlərin bir hissəsini nominal qiymətə və ya haqqını qismən ödəməklə almaq kimi müxtəlif imtiyazlar verilir.

Maddə 8. Xarici hüquqi və fiziki şəxslərin özəlləşdirmədə iştirakı

1. Xarici hüquqi və fiziki şəxslərin özəlləşdirmədə iştirakına Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq, özəlləşdirmənin Dövlət Proqramında müəyyən edilən qaydada yol verilir.

2. Xarici hüquqi və fiziki şəxslərin dövlət mülkiyyətinin özəlləşdirilməsində yerli kapitalla birgə iştirakına üstünlük verilir.

3. Yerli iştirakçının nizamnamə fondundakı payı xüsusi (fərdi) kapitalla ödənən investisiyalı müəssisələr, Azərbaycan Respublikası ərazisində əldə etdiyi mənfəəti təkrar investisiya (reinvestisiya) qaydasında özəlləşdirməyə yönəldə bilər.

Auksion (hərrac) və müsabiqələr başlanana qədər mənfəətin mənbələri haqqında arayış dövlət əmlakını idarə edən orqana təqdim edilir.

Maddə 9. Özəlləşdirmənin dövlət tərəfindən tənzimlənməsi

1. Dövlət əmlakını idarə edən orqan özəlləşdirməni bu Qanunla və Azərbaycan Respublikasının bu Qanun əsasında qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş səlahiyyətləri daxilində tənzimləyir.

2. Dövlət əmlakını idarə edən orqan:

    • Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramını işləyib hazırlayır;
    • respublikanın bütün ərazisində özəlləşdirmənin həyata keçirilməsinə metodik rəhbərlik və nəzarət edir;
    • özünün müvafiq bölgələrdə özəlləşdirmə proqramını həyata keçirən ərazi qurumlarını yaradır, onların fəaliyyətinə rəhbərlik edir;
    • bu Qanun qüvvəyə minənədək respublikada dövlət əmlakının özəlləşdirilməsi faktlarını təhlil edir, özəlləşdirmə haqqındakı qanunvericiliyə zidd olan qərar və əqdlərin etibarsız sayılması barədə məhkəmə və arbitraj məhkəməsi qarşısında iddia qaldırır;
    • bu Qanunda və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında nəzərdə tutulan başqa funksiyaları həyata keçirir.

3. Özəlləşdirmənin yolları, formaları, variantları, həyata keçirilmə qaydası, xalq təsərrüfatının sahələri, ayrı-ayrı müəssisə və obyektlər üzrə xüsusiyyətləri, onların qiymətləndirilməsi, özəlləşdirmədən alınan vəsaitlərin bölünməsi və istifadə olunmasının müəyyən edilməsinə aid normativ, metodik, habelə digər lazımı sənədlər dövlət əmlakını idarə edən orqan tərəfindən işlənib hazırlanır və Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilir.

Maddə 10. Özəlləşdirmənin Dövlət Proqramı

1. Özəlləşdirmənin Dövlət Proqramında aşağıdakılar müəyyənləşdirilir:

    • özəlləşdiriləcək müəssisələrin, obyektlərin (əmlakı) siyahısı, texniki-iqtisadi göstəriciləri və ilkin qiymətləndirilməsi;
    • özəlləşdirmənin mərhələləri, müddətləri;
    • özəlləşdiriləcək müəssisə və obyektlərin təsnifatı, özəlləşdirmənin yolları və formaları, səhmləşdirmənin konkret variantları;
    • özəlləşdirmə payının məbləği, verilməsi şərtləri və ondan istifadə olunması qaydaları;
    • özəlləşdirmədən əldə olunan vəsaitin istifadəsi.

2. Özəlləşdirmənin Dövlət Proqramı hər il noyabrın 1-dən gec olmayaraq Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikasının Ali Sovetinin təsdiqinə verilir.

Azərbaycan Respublikasının Ali Soveti özəlləşdirmənin Dövlət Proqramını dekabrın 20-dən gec olmayaraq təsdiq edir.

Dövlət Proqramında dəyişikliklər Azərbaycan Respublikası Ali Sovetinin razılığı ilə edilə bilər.

Maddə 11. Dövlət mülkiyyətinin özəlləşdirilməsində məhdudiyyətlər

Özəlləşdirilməsi qadağan olunan müəssisələrin, obyektlərin (əmlakı) siyahısı Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikası Ali Soveti tərəfindən təsdiq edilir.

Maddə 12. Özəlləşdirilən müəssisələrin və obyektlərin təsnifatı

Dövlət mülkiyyətinin özəlləşdirilməsi prosesində müəssisə və obyektlərin aşağıdakı qruplar üzrə təsnifatı nəzərdə tutulur:

    • qanunvericilik hakimiyyəti orqanının və ya ali icra hakimiyyəti orqanının qərarı ilə özəlləşdirilən müəssisə və obyektlər;
    • özəlləşdirilməsi dövlət əmlakını idarə edən orqanın qərarı ilə aparılan müəssisə və obyektlər;
    • yerli hakimiyyət orqanları ilə razılaşdırılmaqla özəlləşdirilən müəssisə və obyektlər.

Maddə 13. Özəlləşdirmənin yolları

1. Özəlləşdirilən əmlakın haqqının tam ödənilməklə satışı.

2. Özəlləşdirilən əmlakın haqqının qismən (güzəştlə) ödənilməklə satışı.

Maddə 14. Özəlləşdirmənin formaları

1. Əvvəllər icarəyə verilmiş əmlakın dövlət əmlakını idarə edən orqanın razılığı ilə icarəçiyə satılması.

2. Əmlakın müəssisə kollektivinə satılması.

3. Auksion (hərrac) və müsabiqələrin təşkili.

4. Məhdud məsuliyyətli cəmiyyətlərin (qapalı səhmdar cəmiyyətlərinin) yaradılması.

5. Açıq səhmdarlar cəmiyyəti yaradılması.

Maddə 15. Dövlət müəssisələrinin səhmdarlar cəmiyyətinə çevrilməsinin (təsis olunmasının) variantları

1. Nəzarət səhm paketinin dövlətin əlində olması şərti ilə səhmləşdirmə.

2. Nəzarət səhm paketinin dövlətin əlində olmaması şərti ilə səhmləşdirmə.

Maddə 16. Özəlləşdirilən dövlət əmlakının qiymətləndirilməsi

1. Dövlət əmlakının qiymətləndirilməsi dövlət əmlakını idarə edən orqan tərəfindən hazırlanmış təlimat və metodik göstərişlərə uyğun, müəssisə tərəfindən və ya müqavilə ilə xüsusi ixtisaslaşdırılmış təşkilatlar tərəfindən aparılır, nəticəsi isə dövlət əmlakını idarə edən orqanda ekspertizadan keçirilir və təsdiq edilir.

2. Özəlləşdiriləcək dövlət müəssisəsi və obyektinin yerləşdiyi torpaq sahəsinin onunla birlikdə satılması və ya uzun müddətli icarəyə verilməsi məsələsi həmin torpaq sahəsinin yerləşdiyi ərazidən, onun qiymətindən, sahənin altında kommunikasiya şəbəkəsinin yerləşməsindən, elektrik, rabitə kabellərinin keçməsindən, müəssisənin, obyektin fəaliyyət növündən və təyinatından, özəlləşdirmə subyektinin kimliyindən və digər amillərdən asılı olaraq, qüvvədə olan qanunvericilik nəzərə alınmaqla dövlət əmlakını idarə edən orqan tərəfindən müəyyən edilmiş qaydada müvafiq orqanların razılaşdırılmış birgə qərarları ilə fərdi həll olunur.

Maddə 17. Dövlət müəssisəsinin əmək kollektivi tərəfindən alınması üçün vəsaitin mənbələri

Əmək kollektivləri dövlət müəssisəsinin aşağıdakı mənbələrdən olan vəsait hesabına satın ala bilərlər:

    • özəlləşdirmə payları;
    • şəxsi vəsaitlər;
    • bank kreditləri.

Maddə 18. Özəlləşdirmə payı

1. Özəlləşdirmə payı Azərbaycan Respublikasının hər bir vətəndaşına özəlləşdirilən dövlət mülkiyyətindən əvəzsiz verilən hissədir.

2. Özəlləşdirmə payları respublikanın vətəndaşlarına özəlləşdirmədə iştirak etməyə ilkin bərabər imkan yaratmaq üçün verilir.

3. Özəlləşdirmə payının məbləği özəlləşdirilməsi nəzərdə tutulan dövlət müəssisəsi və obyektlərinin dəyərinə əsasən müəyyənləşdirilir.

4. Özəlləşdirmə payı respublikanın hər bir vətəndaşının adına müvafiq bankda açılmış xüsusi hesabda saxlanılır.

5. Özəlləşdirmə payından respublikanın hər bir vətəndaşı yalnız özəlləşdirmə təyinatlı məqsədlər üçün istifadə edə bilər.

6. Özəlləşdirmə payı məqsədli təyinatlara yönəldiyindən, şəxslərə verilmir, tədavül dairəsində tədiyə vasitəsi rolunu oynamır, yalnız hesabdan-hesaba keçirilir.

7. Özəlləşdirmə payı vərəsəlik hüququ əsasında keçdikdə də ancaq təyinatlı məqsədlə istifadə olunur.

8. Özəlləşdirmə paylarının verilməsi və istifadəsi qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş Əsasnamə ilə tənzimlənir.

Maddə 19. İnvestisiya fondları

1. Respublika əhalisinə məxsus özəlləşdirmə paylarının bu və ya digər səbəblər üzündən həmin məqsədlərə yönəldilməmiş hissəsinin səmərəli yerləşdirilməsi üçün dövlət tərəfindən ixtisaslaşdırılmış investisiya fondu yaradılır. Bu məqsədlə respublikada xüsusi (şəxsi) investisiya fondları da yaradıla bilər.

2. İxtisaslaşdırılmış, xüsusi (şəxsi) investisiya fondları haqqında Əsasnamə və onların fəaliyyətini nizamlayan digər normativ sənədlər Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq olunur.

3. İnvestisiya fondları Milli Bankın verdiyi lisenziyalar əsasında və onun nəzarəti altında fəaliyyət göstərir, ona hesabat verir.

İnvestisiya fondları vahid Dövlət reyestrinə daxil edilir.

Maddə 20. Dövlət mülkiyyətinin özəlləşdirilməsindən əldə olunan vəsaitin istifadə edilməsi

Dövlət mülkiyyətinin özəlləşdirilməsindən əldə edilən vəsait ümummilli sərvətdir və Azərbaycan Respublikasının iqtisadi-sosial inkişafına yönəldilir.

Maddə 21. Dövlət mülkiyyətinin özəlləşdirilməsi ilə əlaqədar müraciətlər

1. Dövlət mülkiyyətinin özəlləşdirilməsi ilə əlaqədar müraciətlər özəlləşdirmənin Dövlət proqramı mətbuatda elan olunduqdan sonra təqdim edilir.

2. Özəlləşdirmə ilə əlaqədar verilən müraciətlərə əlavə olunmalı zəruri sənəd və məlumatların siyahısı Dövlət proqramı ilə müəyyən edilir.

3. Özəlləşdirmə barəsində müraciət edilərkən əmlakın auksionda rəsmi elan olunmuş ilkin satış qiymətinin məbləğinə müvafiq dövlət rüsumu ödənilir.

Maddə 22. Auksionların təşkili

1. Dövlət mülkiyyətnin özəlləşdirilməsi auksionlarını dövlət əmlakını idarə edən orqan təşkil edir.

2. Auksionda obyektlərin satılması qaydası dövlət əmlakını idarə edən orqanın təsdiq etdiyi müvafiq əsasnamə ilə tənzimlənir.

Maddə 23. Müsabiqələrin təşkili

1. Dövlət mülkiyyətinin müsabiqə forması ilə özəlləşdirilməsi müsabiqə iştirakçısından həmin mülkiyyətlə, obyektlə əlaqədar müəyyən şərtlərin yerinə yetirilməsini tələb edir.

2. Müsabiqənin keçirilməsi dövlət əmlakını idarə edən orqan tərəfindən təsdiq olunmuş əsasnamə ilə tənzimlənir.

Maddə 24. Səhmdarlar cəmiyyətinin yaradılması

1. Dövlət müəssisələri özəlləşdirmə məqsədilə açıq və ya qapalı səhmdarlar cəmiyyətinə çevrilir.

2. Dövlət müəssisələrinin səhmdarlar cəmiyyətlərinə çevrilməsi müvafiq qanunvericiliklə tənzimlənir.

Maddə 25. Əqdlərin rəsmiləşdirilməsi qaydası

1. Özəlləşdirilən obyektin alıcısına dövlət əmlakını idarə edən orqan tərəfindən onun mülkiyyət hüququnu təsdiq edən sənəd verilir.

2. Müəssisə əmək kollektivi tərəfindən möhlətlə alındıqda, mülkiyyət hüququ ona ilkin ödəmə haqqını verməklə sonrakı ödəmələr üçün əmlakın haqqı ödənilmiş hissəni girov qoymaqla təminat verdikdən sonra keçir.

3. Müəssisənin dəyərinin tam ödənilməsinə qədər əmək kollektivinin müəssisə əmlakını əvəzsiz digər tərəfə vermək və ya satmaq hüququ məhdudlaşdırılır.

Maddə 26. Özəlləşdirmədə əhalinin sosial müdafiəsi

1. Yenidən təşkil olunan və ləğv edilən müəssisələrin azad olunmuş işçiləri üçün müvafiq qanunvericilikdə müəyyən edilmiş hüquq və güzəştlər dövlət müəssisələrinin özəlləşdirilməsi nəticəsində azad olunmuş işçilərə də aiddir.

2. Müəssisələr özəlləşdirmə məqsədilə səhmləşdirilərkən kompensasiyalar ödənişi və digər güzəştlər verildikdə müəssisədə 7 ildən az olmayaraq işləmiş təqaüdçilər və qüvvədə olan qanunvericiliyin tələblərinə görə həmin müəssisədə əvvəlki iş yerinə qayıtmaq hüququna malik şəxslər əmək kollektivinin üzvləri kimi nəzərə alınırlar.

Maddə 27. Özəlləşdirmənin nəticələri haqqında məlumat

1. Azərbaycan Respublikasında özəlləşdirmə prosesləri geniş aşkarlıq şəraitində və ictimai nəzarət altında həyata keçirilir.

2. Özəlləşdirmənin Dövlət Proqramı kütləvi informasiya vasitələrində dərc olunur, auksionların və müsabiqələrin keçirilməsi, dövlət müəssisələrinin səhmdarlar cəmiyyətinə çevrilməsi barədə əhaliyə ən azı bir ay qabaq lazımı məlumatlar verilir.

Azərbaycan Respublikasının Prezidenti

Əbülfəz ELÇİBƏY.

Bakı şəhəri, 7 yanvar 1993-cü il.

№ 445.

«Azərbaycan» qəzetində dərc edilmişdir (28 yanvar 1993-cü il, № 17) («LegalActs» LLC).

«Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı»nda dərc edilmişdir (1993-cü il, № 1, maddə 11) («LegalActs» LLC).

18 may 1993-cü il tarixli, 601 nömrəli Qanuna əsasən dəyişikliklər və əlavələrlə («LegalActs» LLC).

16 may 2000-ci il tarixli, 878-IQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür («LegalActs» LLC).

© LegalActs LLC