О государственном языке Азербайджанской Республики


«Azərbaycan» qəzetində dərc edilmişdir (28 yanvar 1993-cü il, № 17). «Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı»nda dərc edilmişdir (1992-ci il, № 24, maddə 1036)

Дата релиза: 18.05.1993

Azərbaycan Respublikasında dövlət dili haqqında

Azərbaycan Respublikasında dövlət dili haqqında

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikası türk dilinin dövlət dili kimi işlədilməsini öz suverenliyi üçün əsas şərtlərdən biri sayaraq onun tətbiqi, qorunması və inkişafı qayğısına qalır, öz sərhədlərindən kənarda yaşayan azərbaycanlıların ana dilində təhsil almalarına və milli-mədəni tələbatlarını ödəmələrinə himayəçilik edir.

Bu Qanun Azərbaycan Respublikası ərazisində türk dilinin hüquqi statusunu müəyyən edir.

Bu Qanun fərdlərarası qeyri-rəsmi münasibətlərdə hansı dillərdən istifadə edilməsini tənzimləmir.

I. Ümumi müddəalar

Maddə 1.

Azərbaycan Respublikasının dövlət dili türk dilidir.

Azərbaycan Respublikasının bütün dövlət orqanlarında iş türk dilində aparılır. Türk dili respublikanın dövlət dili kimi siyasi, iqtisadi, ictimai, elmi və mədəni həyatın bütün sahələrində işlədilir və respublika ərazisində millətlərarası ünsiyyət vasitəsi vəzifəsini yerinə yetirir.

Başqa millətlərin nümayəndələrinin türk dilini öyrənməsi təqdir edilir və bu işdə onlara yardım göstərilir.

Maddə 2.

Azərbaycan Respublikasında dilin hüquqi statusunu və tətbiqi sahələrini, habelə onun ərazisində yaşayan xalqların dillərinin işlədilməsi prinsiplərini Azərbaycan Respublikasının qanunvericilik hakimiyyəti orqanı müəyyənləşdirir.

II. Vətəndaşların dil seçmək hüququ

Maddə Z.

Azərbaycan Respublikası vətəndaşlarının təhsil üçün dil seçmək azadlığı tə’min edilir.

Azərbaycan Respublikası ərazisində elliklə yaşayan xalqlara və etnik qruplara respublika dövlət orqanları vasitəsi ilə ana dilində məktəbəqədər müəssisələr, orta ümumtəhsil məktəbləri və ya müxtəlif tipli tədris müəssisələrində ana dilində ayrıca siniflər və qruplar təşkil etmək hüququ verilir.

Tə’limin başqa dildə keçildiyi tədris müəssisələrində məcburi fənn kimi Azərbaycan Respublikasının dövlət dili olan türk dilinin öyrənilməsi tə’min edilir.

Maddə 4.

Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına göndərdikləri təklif, ərizə və şikayətlərə cavablar Azərbaycan Respublikasının dövlət dilində verilir.

Maddə 5.

Mühakimə icraatı və notariat əməliyyatları türk dilində aparılır. İşdə iştirak edən, mühakimə icraatının aparıldığı dili bilməyən şəxslərə işin materialları ilə tərcüməçi vasitəsi ilə tanış olmaq, məhkəmədə tərcüməçi vasitəsilə iştirak etmək və ana dilində çıxış etmək hüququ verilir.

Maddə 6.

Şəxsiyyəti və ya onun haqqında mə’lumatı təsdiq edən rəsmi sənədlər (pasport, əmək kitabçası, hərbi bilet, tədris müəssisələrini bitirmək haqqında attestat və diplom, doğum, nikah, ölüm haqqında şəhadətnamə və s.) türk dilində yazılır.

Maddə 7.

Xidmət sahəsinin (ticarət, tibbi yardım, nəqliyyat, məişət xidməti, şəhərlərarası rabitə və s.) işçiləri iş vaxtı Azərbaycan Respublikasının dövlət dilini işlədirlər.

Dili bilməmək bəhanəsi ilə xidmət etməkdən boyun qaçırılması yolverilməzdir.

III. Dövlət orqanlarının, müəssisələrinin və təşkilatlarının işində istifadə edilən dil

Maddə 8.

Azərbaycan Respublikası Ali Sovetinin sessiyaları türk dilində aparılır. Digər millətə mənsub olub Azərbaycan Respublikasının dövlət dilini bilməyən Azərbaycan Respublikası xalq deputatlarına başqa dildə çıxış etmək hüququ verilir.

Azərbaycan Respublikası Ali Sovetinin, onun komissiyalarının müzakirəsinə verilən qanunların və digər hüquqi aktların layihələri Azərbaycan Respublikasının dövlət dilində təqdim edilir.

Maddə 9.

Azərbaycan Respublikası Milli Məclisinin və onun komissiyalarının, Azərbaycan Respublikası Prezidentinin qəbul etdikləri qanunlar və digər hüquqi aktlar türk dilində dərc edilir.

Maddə 10.

Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının dövlət hakimiyyət və idarəetmə orqanları aktlarının rəsmi nəşrləri Azərbaycan Respublikasının dövlət dilində buraxılır.

Maddə 11.

Azərbaycan Respublikasının prezidentliyinə, Ali Sovetinə və yerli Sovetlərə seçkilərə aid sənədlər Azərbaycan Respublikasının dövlət dilində hazırlanır və mərkəzi seçki komissiyasına həmin dildə təqdim edilir.

Maddə 12.

Azərbaycan Respublikasının dövlət mülkiyyətində olan müəssisələrdə, idarələrdə və təşkilatlarda kargüzarlıq türk dilində aparılır.

Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası nazirlikləri, idarələri, müəssisələri, təşkilatları blanklarının möhürlərinin, ştamplarının və ad lövhələrinin mətnləri türk dilində yazılır.

Maddə 13.

Energetika və nəqliyyat sistemlərinin (magistral dəmir yolu, hava, dəniz, boru kəməri nəqliyyatının və s.) təhlükəsiz və fasiləsiz işini tə’min etmək məqsədilə dispetçer danışıqlarında, sənədlərin, sorğu xarakterli e’lanların tərtibində, gömrük xidmətində türk dilindən və qəbul olunmuş beynəlxalq dildən istifadə edilir.

Maddə 14.

Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, daxili və sərhəd qoşunlarında Azərbaycan Respublikasının dövlət dili işlədilir.

IV. İnformasiya dili və xüsusi adlar

Maddə 15.

Azərbaycan Respublikası ərazisində kütləvi informasiya vasitələrində dövlət dilindən başqa, digər dillərdən də istifadə edilə bilər.

Yazılı e’lan, mə’lumat, reklam və digər viziual informasiya respublikanın dövlət dilində və zərurət olsa, eyni zamanda uyğun beynəlxalq dildə tərtib edilə bilər.

Azərbaycan Respublikasında istehsal olunan malların etiketləri, sənaye və ərzaq məhsullarının adları, onlara aid tə’limat türk dilində və zərurət olsa, uyğun xarici dildə yazılır.

Maddə 16.

Azərbaycan Respublikası ərazisindəki yaşayış məntəqələrinin, inzibati bölgü və başqa coğrafi obyektlərin adları dövlət dilində yazılır, onların xəritələrdə yazılışı dövlət tərəfindən təsdiq edilmiş xüsusi sorğu və mə’lumat kitabları vasitəsi ilə müəyyənləşdirilir.

Maddə 17.

Dövlət hakimiyyəti orqanlarının, nazirliklərin, dövlət komitələrinin və idarələrin, müəssisələrin, təşkilatların və onların bölmələrinin adları türk dilində yazılır.

Maddə 18.

Azərbaycan Respublikasının Azərbaycan milliyyətindən olan vətəndaşının xüsusi adı öz adından, atasının adından, familiyasından (soyadından) ibarətdir. Ata adı «oğlu» və «qızı» sözləri ilə işlənir. Azərbaycan Respublikasının hər bir vətəndaşının öz milli mənsubiyyətinə uyğun familiya götürmək hüququ var.

Respublika ərazisində yaşayan başqa millətlərin nümayəndələrinin ad və familiyasının yazılışı bu Qanunla tənzimlənmir.

V. Dövlət dili haqqında qanunun pozulmasına görə məs’uliyyət

Maddə 19.

Azərbaycan Respublikasının bütün dövlət orqanlarının, müəssisələrinin, idarələrinin, təşkilatlarının vəzifəli şəxsləri dövlət dili haqqında Qanunun pozulmasında təqsirkar olduqda Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məs’uliyyətə cəlb edilirlər.

Azərbaycan Respublikasının Prezidenti

Əbülfəz ELÇİBƏY.

Bakı şəhəri, 22 dekabr 1992-ci il.

№ 413.

«Azərbaycan» qəzetində dərc edilmişdir (28 yanvar 1993-cü il, № 17).

«Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı»nda dərc edilmişdir (1992-ci il, № 24, maddə 1036)

18 may 1993-cü il tarixli, 601 nömrəli Qanuna əsasən dəyişikliklər və əlavələrlə («LegalActs»).

30 sentyabr 2002-ci il tarixli, 365-IIQ nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür («LegalActs»).

© LegalActs