«Piyada zolağında hərəkətin svetoforla nizamlanması və avtomobil yollarında yerüstü və ya yeraltı keçidlərin tikilməsi vacib olan hallar»ın təsdiq edilməsi barədə


Дата релиза: 07.03.2019

«Piyada zolağında hərəkətin svetoforla nizamlanması və avtomobil yollarında yerüstü və ya yeraltı keçidlərin tikilməsi vacib olan hallar»ın təsdiq edilməsi barədə

Azərbaycan Respublikasının Nazirlər Kabineti

«Piyada zolağında hərəkətin svetoforla nizamlanması və avtomobil yollarında yerüstü və ya yeraltı keçidlərin tikilməsi vacib olan hallar»ın təsdiq edilməsi barədə

Qərar № 10

Bakı şəhəri, 26 yanvar 2016-cı il

«Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə» Azərbaycan Respublikasının 2015-ci il 28 aprel tarixli 1261-IVQD nömrəli Qanununun tətbiqi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 19 may tarixli 522 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

«Piyada zolağında hərəkətin svetoforla nizamlanması və avtomobil yollarında yerüstü və ya yeraltı keçidlərin tikilməsi vacib olan hallar» təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Baş naziri

Artur RASİ-ZADƏ

«Azərbaycan» qəzetində dərc edilmişdir (5 fevral 2016-cı il, № 26) («LegalActs» LLC).

1 aprel 2016-cı il tarixli, 142 nömrəli; 7 mart 2019-cu il tarixli, 84 nömrəli Qərarlara əsasən dəyişikliklərlə («LegalActs» LLC).


Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2016-cı il 26 yanvar tarixli
10nömrəli qərarı ilə
təsdiq edilmişdir

Piyada zolağında hərəkətin svetoforla nizamlanması və avtomobil yollarında yerüstü və ya yeraltı keçidlərin tikilməsi vacib olan hallar

Piyada zolağında hərəkətin svetoforla nizamlanması üçün vacib olan hallar:

1.1. Aşağıdakı hallarda piyada zolağında hərəkət svetoforla nizamlanır:

1.1.1. nizamlanan yolayrıcındakı ümumi intensivlik yolayrıcından bir istiqamətdə çıxan, sağa və sola dönən nəqliyyat axınının sayı bir saat ərzində 120 avtomobildən, həmin istiqamətdəki axından keçən piyadaların hərəkət intensivliyi isə qeyd olunan müddətdə 600 nəfərdən az olmadıqda;

1.1.2. iş günlərində nəqliyyat vasitələrinin hərəkət intensivliyi hər iki istiqamətdə bir saat ərzində 600 avtomobildən (ayırıcı zolaq olan küçələr üçün bir saat ərzində 800 avtomobildən), piyadaların bir istiqamətdə hərəkət intensivliyi isə qeyd olunan müddətdə 150 nəfərdən az olmadıqda (bu halda svetoforun siqnallarında tək və ya çoxproqramlı (hərəkət intensivliyindən asılı olaraq svetofor siqnallarının yanma müddəti dəyişdirilən) rejim tətbiq olunmalıdır);

1.1.3. hərəkətdə olan nəqliyyat vasitələrinin intensivlik həcmi bir saat ərzində 600 avtomobildən (təhlükəsizlik adacığı (yolu keçən piyadaların dayanması üçün yolun hərəkət hissəsinin üzərində konstruktiv qoruyucu element kimi ayrılmış hissə) ayrılmış olduqda, bir saat ərzində 800 avtomobildən) az olmamaq şərtilə bir istiqamətdə piyadaların hərəkət intensivliyi eyni vaxt ərzində 50 nəfərdən (təhlükəsizlik adacığı olduqda eyni vaxtda 100 nəfərdən) az olmadıqda və epizodik xarakter daşıdıqda (gün ərzində çoxlu qəfil (sutkanın müəyyən saatları ərzində hərəkət intensivliyi kəskin çoxaldıqda və ya azaldıqda) dəyişikliklər olduqda). Bu halda çağırıcı qurğu (svetoforun qadağanedici siqnalı piyadalar tərəfindən svetoforun üzərində quraşdırılmış xüsusi düymə ilə idarə olunan) ilə işləyən svetoforlar tətbiq edilir;

1.1.4. piyada keçidi, nəqliyyat vasitələrinin hərəkət sürəti 60 km/saatdan çox olan sürətlə hərəkətinə icazə verilən şəhərin küçə-yol şəbəkəsinin tərkib hissəsi olan magistral avtomobil yolda təşkil edildikdə;

1.1.5. əhalisinin sayı 15 min nəfərdən az olan yaşayış məntəqələrində normalar (yuxarıda qeyd edilən hallar) 30% azaldılmalıdır;

1.1.6. yolayrıcılarının və piyada keçidlərinin qarşısında hərəkət edən nəqliyyat vasitələrinin tam dayanması üçün görünmə məsafəsi (sürücünün yolun hərəkət istiqamətində görmə məsafəsi ərazinin relyefi, yolun həndəsi parametrləri, yaşıllıqlar, tikililər, qurğular və ya digər obyektlərlə məhdudlaşdırıldıqda) təmin olunmadıqda və həmin piyada keçidlərinin müvafiq yol nişanları ilə təşkil edilməsi mümkün olmadıqda;

1.1.7. son 12 ay ərzində piyada keçidi yerləşən ərazidə ən azı üç dəfə yol-nəqliyyat hadisəsi (piyadanın vurulması həmçinin eyni istiqamət üzrə hərəkət edən nəqliyyat vasitələrinin toqquşması) baş verdikdə, piyadaların və nəqliyyatın intensivliyi isə 1.1.1 — 1.1.3-cü yarımbəndlərdə göstərilənlərin ən azı 30%-ini təşkil etdikdə;

1.1.8. əlilliyi olan şəxslərin kütləvi toplaşdığı obyektlərin (tibb müəssisələri, reabilitasiya mərkəzləri, müvafiq cəmiyyətlər, həmçinin bu şəxslər üçün tikilmiş yaşayış binaları) yaxınlıqda olan piyada keçidlərində (kor piyadalara yolun hərəkət hissəsini keçməyin mümkünlüyünü bildirmək üçün) svetoforun işıq siqnallarına səs siqnalı da əlavə edilir.

2. Avtomobil yollarında yerüstü və ya yeraltı keçidlərin tikilməsi vacib olan hallar:

2.1. hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etmək məqsədi ilə hərəkət sürətinin azaldılması nəticəsində yolun buraxılma qabiliyyətinin azalmasına və nəqliyyat vasitələrinin hərəkətinin ləngimələrinə səbəb olan hallarda;

2.2. piyada axınının avtomobil yolu ilə kəsişməsinin eyni səviyyədə təşkili ərazinin relyef xüsusiyyətləri, görünmə məsafəsinin məhdud olması səbəbindən yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi mümkün olmadıqda.

2.3. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 9-1-ci maddəsinin III hissəsində nəzərdə tutulmuş hallarda.

Qeyd. «Piyada zolağında hərəkətin svetoforla nizamlanması və avtomobil yollarında yerüstü və ya yeraltı keçidlərin tikilməsi vacib olan hallar»da dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş «İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə»nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.


© «LegalActs» LLC