О создании Государственного нефтяного фонда Азербайджанской Республики


«Azərbaycan Respublikası Qanunvericilik Toplusunda» dərc edilmişdir (31 dekabr 1999-cu il, № 12, maddə 720). «Azərbaycan» qəzetində dərc edilmişdir (30 dekabr 1999-cu il, № 299)

Дата релиза: 07.02.2003

Azərbaycan Respublikasının Dövlət Neft Fondunun yaradılması haqqında

Azərbaycan Respublikasının
Dövlət Neft Fondunun yaradılması haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə dünyanın tanınmış neft şirkətləri arasında 1994-cü ildə «Əsrin müqaviləsi» ilə təməli qoyulmuş işgüzar əməkdaşlıq ilkin real nəticələrini vermək ərəfəsindədir. Bu sahədə göstərilən gəlirlərin Azərbaycan Respublikasının sosial-iqtisadi tərəqqisinə istiqamətləndirilməsi dövlət siyasətinin başlıca məqsədidir.

Bunu nəzərə alaraq ölkənin neft yataqlarının xarici şirkətlər ilə birgə işlənməsindən əldə edilən mənfəət neftinin satışından daxil olan valyuta vəsaitlərinin və digər gəlirlərin toplanması və səmərəli idarə edilməsi, həmin vəsaitlərin öncül sahələrin inkişafına və sosial-iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsinə yönəldilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Dövlət Neft Fondu yaradılsın.

2. Azərbaycan Respublikası Dövlət Neft Fondunun aşağıdakı mənbələr hesabına formalaşdırılması müəyyən edilsin:

2.1. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və ya səlahiyyətli dövlət orqanı ilə sərmayəçilər arasında bağlanmış Azərbaycan Respublikasında, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində neftin və qazın kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair sazişlərin, habelə neft-qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi və nəqlinə dair digər sazişlərin həyata keçirilməsindən əldə edilən aşağıdakı gəlirlər:

2.1.1. Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər (karbohidrogenlərin nəql edilməsi üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərcləri çıxılmaq şərti ilə, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçisi, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla);

2.1.2. neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə və ya səlahiyyətli dövlət orqanına sərmayəçilər tərəfindən ödənilən bonuslar (mükafatlar);

2.1.3. karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilər tərəfindən müqavilə sahəsindən istifadə üçün Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə və ya səlahiyyətli dövlət orqanına ödənilən akrhesabı ödənişlər;

2.1.4. neft-qaz layihələrinin həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının payına düşən dividendlər və mənfəətin bölüşdürülməsindən əldə edilən gəlirlər (Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçisi, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla);

2.1.5. neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum ixrac boru kəmərləri vasitəsi ilə ötürülməsindən əldə edilən gəlirlər;

2.1.6. neft-qaz sazişləri çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə və ya səlahiyyətli dövlət orqanına sərmayəçilər tərəfindən verilən aktivlərdən əldə edilən gəlirlər;

2.2. Fondun aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlər, o cümlədən faiz gəlirləri, dividendlər, valyuta aktivlərinin yenidən qiymətləndirilməsindən alınan gəlirlər və sair;

2.3. qrantlar və digər təmənnasız yardımlar;

2.4. qanunvericiliyə uyğun olaraq digər gəlirlər və daxilolmalar.

3. Azərbaycan Respublikasının payına düşən xam neftin və qazın satışı Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti tərəfindən həyata keçirilsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Dövlət Neft Fondunun Əsasnaməsini və onun ali idarəetmə orqanının tərkibi barədə təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

5. Azərbaycan Respublikasının Milli Bankına tapşırılsın ki, Azərbaycan Respublikasının Dövlət Neft Fondu fəaliyyətə başlayanadək onun vəsaitlərinin xüsusi hesabda toplanmasını təmin etsin.

6. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV.

Bakı şəhəri, 29 dekabr 1999-cu il.

№ 240.

«Azərbaycan» qəzetində dərc edilmişdir (30 dekabr 1999-cu il, № 299) («LegalActs» LLC).

«Azərbaycan Respublikası Qanunvericilik Toplusunda» dərc edilmişdir (31 dekabr 1999-cu il, № 12, maddə 720) («LegalActs» LLC).

7 fevral 2003-cü il tarixli, 849 nömrəli Fərmana əsasən dəyişikliklərlə ( «LegalActs» LLC).

© LegalActs LLC