О проведении выборов Президента Азербайджанской Республики


«Həyat» qəzetində dərc edilmişdir (28 iyun 1991-ci il, № 122).

Дата релиза: 26.06.1991

Azərbaycan Respublikası Prezidenti seçkilərinin keçirilməsi haqqında

Azərbaycan Respublikası Ali Soveti

Azərbaycan Respublikası Prezidenti
seçkilərinin keçirilməsi haqqında

Qərar № 144-XII

Bakı şəhəri, 26 iyun 1991-ci il

Azərbaycan Respublikasının Ali Soveti qərara alır:

1. Azərbaycan Respublikası Konstitusiyasının (Əsas Qanununun) 121-2 maddəsi rəhbər tutularaq, respublikanın bütün ərazisində ümumi, bərabər və birbaşa seçki hüququ əsasında gizli səsvermə yolu ilə beş il müddətinə Azərbaycan Respublikası Prezidenti seçkiləri keçirilsin.

Azərbaycan Respublikası Prezidenti seçkiləri 1991-ci il sentyabrın 8-nə, bazar gününə tə’yin edilsin.

2. Müəyyən edilsin ki, «Azərbaycan Respublikası Prezidenti seçkiləri haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Azərbaycan Respublikası Prezidenti seçkiləri üzrə Mərkəzi seçki komissiyasının səlahiyyətlərini Azərbaycan Respublikası xalq deputatları seçkiləri üzrə Mərkəzi seçki komissiyası həyata keçirir.

3. Azərbaycan Respublikası xalq deputatları seçkiləri üzrə Mərkəzi seçki komissiyasına tapşırılsın ki, Azərbaycan Respublikasında rayonların, rayon bölgüsü olmayan respublika tabeli şəhərlərin və vilayət (DQMV) tabeli şəhərlərin, şəhərlərdə rayonların sərhədləri daxilində Azərbaycan Respublikası Prezidenti seçkilərinin təşkili və keçirilməsi üçün seçki dairələri yaratsın.

4. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Prezidenti seçkiləri üzrə dairə seçki komissiyalarının səlahiyyətlərini Azərbaycan Respublikası yerli xalq deputatları Sovetləri deputatları seçkiləri üzrə ötən seçki kampaniyası dövründə 5 il müddətinə yaradılmış rayon və şəhər (respublika və vilayət tabeli şəhərlər; Bakı və Gəncə şəhərlərindən savayı) seçki komissiyaları həyata keçirirlər.

5. Naxçıvan Muxtar Respublikası Ali Sovetinin Rəyasət hey’əti, rayon və şəhər xalq deputatları Sovetləri və onların rəyasət hey’ətləri Azərbaycan Respublikası Prezidenti seçkiləri üzrə seçki məntəqələrinin təşkilini və məntəqə seçki komissiyalarının formalaşmasını 1991-ci il avqustun 1-dən gec olmayaraq tə’min etsinlər.

6. Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası Ali Soveti Rəyasət Hey’ətinin təqdimatı ilə Azərbaycan Respublikası Prezidenti seçkilərinin maddi və maliyyə tə’minatı, seçkilərə nəqliyyat və rabitə müəssisələri və təşkilatları tərəfindən xidmət göstərilməsi məsələlərini həll etsin.

Azərbaycan Respublikası Ali Sovetinin sədri

E. QAFAROVA.

«Həyat» qəzetində dərc edilmişdir (28 iyun 1991-ci il, № 122) («LegalActs» LLC).

«Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı»nda dərc edilmişdir (1991-ci il, № 14, maddə 230) («LegalActs» LLC).

© LegalActs LLC