О страховании


«Azərbaycan» qəzetində dərc olunmuşdur (21 avqust 1999-cu il № 190). «Azərbaycan Respublikası Qanunvericilik Toplusunda» dərc edilmişdir (31 avqust 1999-cu il, № 8, maddə 479).

Дата релиза: 25.06.1999

Sığorta haqqında

Sığorta haqqında

Azərbaycan Respublikasının Qanunu

I fəsil. Ümumi müddəalar

Bu Qanun sığorta işinin inkişaf etdirilməsinə və etibarlı şəkildə həyata keçirilməsinə, sığortalıların hüquq və mənafelərinin qorunmasına yönəldilir, sığortaçıların maliyyə sabitliyinin təmin edilməsini, sığorta sahəsində fiziki və hüquqi şəxslərin peşəkar fəaliyyəti (ekspert, aktuar, agentlik, broker və produktor fəaliyyətini) göstərmələrini, sığorta müqavilələrindən irəli gələn münasibətlərini tənzimləyir, sığorta sahəsində dövlətin səlahiyyətlərini müəyyən edir.

Bu Qanun sosial sığorta sahəsində yaranan münasibətlərə şamil edilmir.

Maddə 1. Əsas anlayışlar

Bu Qanunda aşağıdakı əsas anlayışlardan istifadə edilir:

    • sığorta — sığortalının əmlakının və əmlak mənafelərinin müdafiəsi sahəsində münasibətlərdir;
    • həyat sığortası — sığortalının ölümü, sağlamlığının, iş qabiliyyətinin qocalığa, yaxud əlilliyə görə tamamilə və ya qismən itirilməsi halları üçün aparılan sığortadır. Həyat sığortası üzrə müqavilə müddəti bitdikdə və ya sığorta hadisəsi baş verdikdə sığorta məbləği sığorta müqaviləsində müəyyən edilmiş qaydada və şərtlərlə sığortalıya qaytarılır.
    • qeyri-həyat sığortası — sığorta hadisəsi baş verdiyi zaman sığortalıya vurulan zərər ödənilməklə onun məsuliyyəti, əmlakı və mənafeləri ilə bağlı risklərin sığortasıdır.
    • sığortalı — sığortaçı ilə müqavilə bağlayan (sığorta etdirən) və ya xeyrinə sığorta müqaviləsi bağlanan (sığorta olunan), yaxud qanuna görə sığortalanmış sayılan fiziki şəxs (fəaliyyət qabiliyyəti məhdud olan və ya fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırılan, eləcə də fəaliyyət qabiliyyəti olmayan şəxslərdən başqa) və ya hüquqi şəxs;
    • sığortaçı — yalnız sığorta və təkrar sığorta fəaliyyətini göstərmək məqsədilə yaradılmış, qanunvericiliklə müəyyənləşdirilmiş qaydada xüsusi razılıq almış hüquqi şəxs olan sığorta təşkilatıdır;
    • sığorta riski — ehtimal olunan elə hadisədir ki, onun baş verməsinə qarşı sığorta aparılır. Sığorta riski sayılan hadisənin təsadüf əlamətləri olmalıdır.
    • sığorta hadisəsi — qanuna və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin, sığortalıya və ya üçüncü şəxslərə ödənilməsi üçün əsas olan hal.
    • sığorta məbləği — sığorta müqaviləsinə və ya qanuna uyğun olaraq sığorta obyektinin sığortalandığı və sığortaçının öhdəliklərinin son həddi olan pul məbləği;
    • sığorta ödənişi — sığorta hadisəsi baş verdikdə sığortalının əmlakına və ya əmlak mənafelərinə dəyən zərərin yerini doldurmaq üçün pul və ya natura şəklində ödənilən vəsait;
    • sığorta haqqı — sığorta müqaviləsinə və ya bu Qanuna uyğun olaraq sığortalının sığortaçıya verməli olduğu pul məbləği;
    • sığorta tarifi — sığorta haqqının hesablanması üçün aktuari hesablamalarına əsasən müəyyən edilən dərəcə;
    • sığorta müqaviləsi — sığortalı ilə sığortaçı arasında sazişdir. Bu müqaviləyə görə sığortaçı sığorta hadisəsi zamanı sığortalıya sığorta ödənişi verməyi, sığortalı isə müəyyənləşdirilmiş müddətlərdə sığorta haqqını ödəməyi öhdəsinə götürür;
    • ümumi sığorta daxılı — yüksək sığorta risklərinin sığortalanmasında öz ödəmə qabiliyyətinin təmin olunması və sığortalıların əmlak mənafelərinin müdafiəsinə zəmanət verilməsi üçün sığortaçıların öz aralarında bağladıqları saziş əsasında qarşılıqlı sığorta fəaliyyətinin təşkili formasıdır.

Maddə 2. Sığorta sistemi və sığorta haqqında qanunvericilik

1. Sığorta sistemi müvafiq icra hakimiyyəti orqanından [Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Sığorta Nəzarəti], sığortaçılardan, sığorta brokerləri, agentləri və ekspertlərindən ibarətdir.

2. Sığorta sahəsində münasibətlər bu Qanunla, Azərbaycan Respublikasının digər normativ hüquqi aktları və müvafiq beynəlxalq müqavilələri, habelə müvafiq icra hakimiyyəti orqanının [Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Sığorta Nəzarəti] normativ hüquqi aktları ilə tənzimlənir.

Maddə 3. Sığortaçının müstəqilliyi

Dövlət hakimiyyəti və bələdiyyə orqanları, qanunvericilikdə nəzərdə tutulmuş tənzimləmə və nəzarət funksiyalarının həyata keçirilməsi halları istisna olmaqla, sığortaçının fəaliyyətinə qarışa, onun əmlakına və fondlarına sərəncam verə bilməzlər.

Maddə 4. Sığortaçının öz fəaliyyəti barədə məlumat verməsi

1. Sığorta müqavilələri bağlayarkən sığortaçı sığortalının tələbi ilə müvafiq sığorta növü üzrə xüsusi razılıq və öz maliyyə vəziyyəti barədə məlumatı (mühasibat balansını, mənfəət-zərər barədə hesabatı) və əvvəlki il üçün auditor rəyini, sığortaçının təkrar sığortaya risklərin verilməsi haqqınla məlumatı təqdim etməlidir.

2. Yanlış və ya yarımçıq məlumat verməklə sığortalını çaşdıran sığortaçı qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyır.

Maddə 5. Sığorta fəaliyyəti sahəsində qadağanlar

1. Sığorta sahəsində aşağıdakılar qadağandır:

1.1. Xüsusi razılıq olmadan sığorta fəaliyyəti;

1.2. Sığortaçının sığorta xidmətləri bazarını inhisara alması, habelə sığorta fəaliyyətində rəqabətin məhdudlaşdırılmasına yönəldilmiş sazişlər və müqavilələr bağlaması.

1.3. Sığortaçının bank, istehsal və ticarət fəaliyyəti ilə məşğul olması.

Maddə 6. Sığortaçının adı

1. Sığortaçının Azərbaycan dilində tam rəsmi adı olur. Onun tam adında «sığorta» sözü və təşkilati-hüquqi forması göstərilməlidir. Sığortaçının adı həmçinin xarici dildə tam və ya qısaldılmış formada yazıla bilər.

2. Sığortaçının adında Azərbaycan Respublikasının rəmzlərindən və «Azərbaycan Respublikası», «dövlət», «milli», «mərkəzi» sözlərindən qanunvericiliyə müvafiq surətdə istifadə olunur. Eyni addan müxtəlif sığortaçıların istifadə etməsinə yol verilmir.

II fəsil. Sığorta işinin təşkili

Maddə 7. Sığortaçıların təsisçiləri

Siyasi partiyalar, ictimai-siyasi təşkilatlar, ictimai fondlar (o cümlədən, xeyriyyə cəmiyyətləri) istisna edilməklə, bir və ya bir neçə hüquqi və ya fiziki şəxs, bilavasitə sığorta fəaliyyətini həyata keçirmək üçün qanunvericilikdə nəzərdə tutulan bütün təşkilati hüquqi formalarda sığortaçını təsis edə bilərlər.

Maddə 8. Nizamnamə kapitalı barəsində tələblər

1. Sığortaçının və təkrar sığortaçının nizamnamə kapitalının minimum məbləğini qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

2. Sığortaçı dövlət qeydiyyatına alınmazdan əvvəl öz nizamnaməsində elan olunmuş nizamnamə kapitalının ən azı 30 faizini ödəməli, sonra isə nizamnamə kapitalını bir il ərzində tam ödəməlidir.

3. Sığortaçının nizamnamə kapitalını formalaşdırmaq üçün kredit şəklində cəlb olunmuş pul vəsaitindən, habelə qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət və bələdiyyə büdcələrinin, büdcədənkənar fondların pul vəsaitindən və dövlət hakimiyyəti orqanlarının sərəncamında olan digər vəsaitdən istifadə edilə bilməz.

4. Nizamnamə kapitalına pay şəklində qoyulan əmlakın və ya əmlak hüquqlarının dəyərinin nizamnamə kapitalına nisbəti 25 faizdən çox ola bilməz.

Maddə 9. Hüquqi şəxslərin kapitalında sığortaçının iştirakı üçün məhdudiyyət

Qanunvericilikdə daha yuxarı faiz nəzərdə tutulmayıbsa, sığortaçının bilavasitə və ya dolayısı ilə hər hansı hüquqi şəxsin kapitalında iştirakı sığortaçının öz vəsaitinin 20 faizindən artıq və bütün belə iştirakın məcmu məbləği onun öz vəsaitinin 50 faizindən artıq ola bilməz.

Maddə 10. Sığortaçının nizamnaməsi

Sığortaçılar bu Qanuna uyğun olaraq tərtib edilmiş nizamnamə əsasında fəaliyyət göstərirlər.

Nizamnamədə edilən dəyişikliklər barəsində qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatı orqanına və müvafiq icra hakimiyyəti orqanına [Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Sığorta Nəzarəti] 15 gün müddətində məlumat verilir. Elan edilmiş nizamnamə kapitalının dəyişməsi barədə məlumat həmin müddətdə müvafiq icra hakimiyyəti orqanına [Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Sığorta Nəzarəti] verilir.

Maddə 11. Sığortaçının təşkilati strukturu

1. Sığortaçının idarəetmə və daxili nəzarət strukturu qanunvericiliyə uyğun olaraq onun nizamnaməsi ilə müəyyən edilir.

2. Sığortaçının Azərbaycan Respublikasında və xarici ölkələrdə filialları, şöbələri və nümayəndəlikləri müvafiq icra hakimiyyəti orqanına [Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Sığorta Nəzarəti] məlumat verməklə, qanunvericiliklə nəzərdə tutulmuş qaydada açıla bilər.

3. Filiallar, şöbələr və nümayəndəliklər sığortaçının təsdiq etdiyi əsasnaməyə uyğun fəaliyyət göstərirlər.

4. Filialların, şöbələrin və nümayəndəliklərin rəhbərləri sığortaçı tərəfindən təyin edilir.

Maddə 12. Sığortaçının rəhbərlərinə qoyulan tələblər

1. Sığortaçının rəhbərləri aşağıdakı tələblərə cavab verməlidirlər:

1.1. ali iqtisadi, texniki, hüquqi və ya dəqiq elmlər sahəsində təhsilin və sığorta əməliyyatlarının aparılması ilə əlaqədar sığorta sahəsində azı iki il iş təcrübəsinin, yaxud bu şərtlərdən asılı olmayaraq, ali təhsilin və belə sahədə azı dörd il iş təcrübəsinin olması;

1.2. mülkiyyətə qarşı cinayətlər, təsərrüfat və vəzifə cinayətləri törədilməsinə görə məhkumluğun olmaması.

Maddə 13. Xüsusi razılıq

Sığortaçılar və sığorta broker təşkilatları müvafiq sığorta növləri üzrə xüsusi razılıq aldıqdan sonra fəaliyyətə başlaya bilərlər.

Sığorta fəaliyyəti göstərmək üçün xüsusi razılığın verilməsi, onu verməkdən imtina edilməsi, müvəqqəti dayandırılması və ləğv edilməsi qaydası və şərtləri qanunvericiliklə müəyyən edilir.

Maddə 14. Təkrar sığorta

1. Təkrar sığorta sığortaçının sığortalı qarşısında öz öhdəliklərinin bir hissəsinin yerinə yetirilməsi riskini başqa sığortaçıda (təkrar sığortaçıda) sığortalamasıdır.

2. Təkrar sığorta müqaviləsini bağlamış sığortaçı sığorta müqaviləsinə uyğun olaraq sığortalı qarşısında götürdüyü öhdəliklərə görə tam həcmdə məsuliyyət daşıyır.

Maddə 15. Şərikli sığorta

1. Sığorta obyekti bir müqavilə əsasında bir neçə sığortaçı tərəfindən sığortalana bilər. Bu müqavilədə hər sığortaçının razılaşdırılmış paylar əsasında hüquq və vəzifələrini müəyyən edən şərtlər olmalıdır.

2. Yüksək risklərin birgə sığortalanması üçün sığortaçılar öz aralarında bağlanan saziş əsasında sığorta daxılı yarada bilirlər.

3. Sığortalı qarşısında öhdəliyi öz payı miqdarında olmaqla şərikli sığortaçılardan biri sığortalı ilə münasibətdə bütün şərikləri təmsil edə bilər.

Maddə 16. Ümumi sığorta daxılı

1. Sığorta daxılı həm könüllü, həm də qanunvericiliyə uyğun olaraq sığortaçıların arasında bağlanan saziş əsasında yaradılır.

2. Saziş müəyyən bir iri sığorta obyekti və ya sığorta növü üzrə yüksək risklərin sığortalanması məqsədi ilə müəyyən müddətdə bağlana və ya müddətsiz ola bilər.

3. Daxıla qəbul edilən risklərin və komissiyon mükafatının daxılın üzvlərinin arasında bölüşdürülməsi nisbətləri sazişdə müəyyən edilir.

4. Daxıla qəbul edilmiş risklər onun adından üzvü olan sığortaçı tərəfindən yenidən təkrar sığortaya verildikdə, bu işdə bütün üzvlərin iştirakı, öhdəliklərinin və komissiyon mükafatının bölüşdürülməsi qaydası daxılın üzvləri tərəfindən müəyyən edilir.

5. Daxılın üzvü olan sığortaçıların müdirlərindən (nümayəndələrindən) ibarət şura tərəfindən idarə olunur və onun təsdiq etdiyi əsasnaməyə uyğun olaraq fəaliyyət göstərir.

Maddə 17. Sığortaçılar birliyi

1. Ölkədə sığorta işinin inkişafı, sığortaçılar arasında əməkdaşlığın təmin edilməsi, onların hüquq və mənafelərinin qorunması məqsədi ilə sığortaçıların birliyi (Birlik) yaradılır.

2. Birlik hüquqi şəxs statusuna malik olan ictimai təşkilatdır.

3. Birliyin orqanlarına seçkilərin keçirilməsi, idarə edilməsi, qərarların qəbul edilməsi və üzvlük haqlarının verilməsi qaydası, üzvlərinin hüquq və vəzifələri qanunvericiliyə uyğun olaraq üzvlərin ümumi yığıncağında qəbul etdikləri nizamnamə ilə müəyyən edilir.

4. Birlik, sığorta fəaliyyətinin inkişaf etdirilməsi üçün sığorta sahəsində tədqiqat və ixtisas təşkilatları yarada, kurslar aça, seminar, konfrans və digər elmi tədbirləri təşkil edə, hüquqi şəxs olan sığorta büroları yarada bilər. Birlik sığortaçıların beynəlxalq və Azərbaycan Respublikası assosiasiyalarının və təşkilatlarının üzvü ola bilər.

Maddə 18. Sığorta agenti

1. Sığorta agenti (agent) təşkilati hüquqi formasından asılı olmayaraq hər hansı hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs ola bilər.

2. Sığorta müqaviləsini bağlamaq və sığorta haqlarını qəbul etmək səlahiyyəti sığortaçıya məxsusdur. Bu səlahiyyət agentlik müqaviləsində göstərmək şərtilə agentlərə də verilə bilər.

3. Agent müqavilə ilə sığortaçının adından və onun verdiyi səlahiyyət daxilində vasitəçilik fəaliyyəti göstərir, o cümlədən sığortaçını təmsil edərək onun adından sığorta müqaviləsini bağlaya bilər.

4. İkinci dərəcəli agent sığortaçı ilə müqavilə əsasında agentlik fəaliyyəti göstərən fiziki və ya hüquqi şəxsdir.

İkinci dərəcəli agentlərə sığorta müqaviləsi bağlamaq və sığorta haqları qəbul etmək səlahiyyəti verilmir.

5. Sığortaçının idarəetmə orqanının rəhbəri və üzvləri, müdiriyyət üzvləri və digər məsul işçiləri işlədikləri sığortaçının agenti ola bilməzlər. Bu tələb sığorta agentinin funksiyasını həyata keçirən banklara aid edilmir.

6. Sığorta agentləri aşağıdakı tələblərə cavab verməlidirlər:

6.1. minimum orta məktəb təhsili;

6.2. mülkiyyətə qarşı cinayətlər, təsərrüfat və vəzifə cinayətləri törədilməsinə görə məhkumluğun olmaması;

6.3. fiziki şəxs olan agentlərin Azərbaycan Respublikasında daimi yaşaması, hüquqi şəxs olan agentlərin idarəetmə orqanlarının Azərbaycan Respublikasında yerləşdirilməsi.

7. Sığorta agentlərinin fəaliyyəti qaydasının müəyyən edilməsini və onların uçota alınmasını müvafiq icra hakimiyyəti orqanı [Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Sığorta Nəzarəti] həyata keçirir.

Maddə 19. Agentin topladığı sığorta haqları

1. Agentlər bir həftə ərzində qəbul etdikləri sığorta haqlarından öz komissiyon mükafatları məbləğini çıxdıqdan sonra qalan hissəni ən geci növbəti həftənin son iş gününə qədər sığortaçıya verməlidirlər. Hər gecikdirilmiş gün üçün sığortaçıya komissiyon mükafatının 2 faizi miqdarında dəbbə pulu ödənilir.

2. Bu maddənin 1-ci bəndinin tələbini pozmuş agentə sığortaçı tərəfindən rəsmi xəbərdarlıq edilir. Xəbərdarlıq edildiyi gündən bir il ərzində belə pozuntuya yol verilərsə, sığortaçının onunla bağladığı müqaviləni birtərəfli qaydada ləğv etmək hüququ vardır. Bu bənddə nəzərdə tutulmuş əsaslarla müqaviləsi ləğv edilmiş agentlər agentlik fəaliyyəti ilə məşğul ola bilməzlər.

3. Agentlər sığorta ödənişlərini verə bilməzlər.

4. Sığortaçıya verilmiş sığorta haqları məbləğindən əlavə dəyər vergisi tutulmur.

Maddə 20. Sığorta brokeri

1. Sığorta brokeri (broker) sığorta müqaviləsində sığortalını təmsil edən, sığortaçının seçilməsi zamanı bitərəf və müstəqil mövqe tutaraq sığorta müqaviləsinin imzalanması üçün hazırlıq işlərini həyata keçirən və lazım olarsa, bu müqavilənin həyata keçirilməsinə köməklik göstərən hüquqi şəxs (broker təşkilatı) və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir.

Təkrar sığorta brokeri təkrar sığorta üzrə sığortaçı ilə təkrar sığortaçı arasında vasitəçilik fəaliyyəti həyata keçirən brokerdir.

2. Broker təşkilatları Azərbaycan Respublikasında fəaliyyət göstərmək üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada xüsusi razılıq almalı, müvafiq icra hakimiyyəti orqanı [Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Sığorta Nəzarəti] tərəfindən müəyyən edilmiş miqdarda və qaydada öz məsuliyyətini sığortalamalıdırlar.

3. Azərbaycan Respublikasında brokerlər sığorta risklərini (24-cü maddənin 2-ci bəndində nəzərdə tutulan sığortalar istisna olmaqla) yalnız Azərbaycan Respublikasında olan sığortaçıların vasitəsi ilə xarici ölkələrdə sığorta və təkrar sığorta etdirə bilərlər.

4. Mülkiyyətə qarşı, təsərrüfat və vəzifə cinayətləri törədilməsinə görə məhkum olunmuş şəxslər broker fəaliyyəti ilə məşğul ola bilməzlər.

5. Brokerlərin fəaliyyətinin qaydası müvafiq icra hakimiyyəti orqanı [Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Sığorta Nəzarəti] tərəfindən müəyyən edilir.

Maddə 21. Aktuari və sığorta eksperti

1. Aktuari sığorta qaydalarına, habelə investisiya, maliyyə, demoqrafik və digər sahələrə aid nəzəriyyə və statistik məlumatlara əsasən normativ mənfəət və ehtiyatların yaranmasının zəruriliyini nəzərə almaqla sığorta haqları və tarifləri hesablayan və şərtlərini hazırlayan şəxsdir.

2. Sığorta eksperti sığorta hadisəsi nəticəsində vurulan zərərin miqdarını, səbəblərini, xüsusiyyətlərini müəyyənləşdirmək üçün ekspertiza, yoxlama və ya araşdırmanı həyata keçirən mütəxəssisdir.

3. Aktuari və sığorta ekspertinin fəaliyyət göstərməsi qaydasını və onlara verilən ixtisas tələblərini müvafiq icra hakimiyyəti orqanı [Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Sığorta Nəzarəti] müəyyən edir.

Maddə 22. Produktor

Produktor həm sığortalı, həm də sığortaçıya münasibətdə bitərəf olan, sığortalıya müqavilənin şərtlərini aydınlaşdırmaqla sığortaçıya təqdim edilən təklifnaməsini hazırlamaqda kömək edən və sığorta hadisəsinin baş verməsinə təsir göstərə biləcək amillərdən ona məlum olanlarını sığortaçıya bildirməsi şərti ilə vasitəçilik fəaliyyəti göstərən hüquqi və ya fiziki şəxsdir.

Maddə 23. Xarici hüquqi və fiziki şəxslərin Azərbaycan Respublikasında sığorta fəaliyyəti

1. Xarici hüquqi və fiziki şəxslərin Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri ilə qanunvericiliyə uyğun olaraq ancaq birgə sığorta təşkilatlarını yaratmaq hüququ vardır. Bu təşkilatların nizamnamə kapitalında xarici hüquqi və fiziki şəxslərin məcmu iştirak payı 49 faizdən artıq ola bilməz.

Azərbaycan Respublikasında xarici sığortaçıların bilavasitə sığortaçı qismində fəaliyyəti qadağandır.

2. Azərbaycan Respublikasında xarici sığorta brokerləri Azərbaycan Respublikasında fəaliyyət göstərmək üçün birgə broker təşkilatları yaradırlar.

Azərbaycan Respublikasının sığortaçıları öz üzərlərinə götürdükləri riskləri bilavasitə xarici sığortaçılarda, o cümlədən xarici broker vasitəsi ilə təkrar sığortalaya bilərlər.

3. Xarici kapitalın iştirakı ilə yaradılan birgə sığortaçıda və sığorta brokeri təşkilatlarında müdir və ya onun müavinlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olmalıdır.

Maddə 24. Azərbaycan Respublikasında və xarici ölkələrdə edilə bilən sığortalar

1. Azərbaycan Respublikasında fəaliyyət göstərən hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının ərazisində olan sığorta obyektlərini (bu maddənin 2-ci bəndində sadalananlar istisna olmaqla) yalnız Azərbaycan Respublikasında fəaliyyət göstərən sığortaçılarda sığortalamalıdırlar.

2. Xarici ölkələrdə aşağıdakı sığortalara yol verilir:

2.1. idxal-ixrac edilən malların nəqliyyat sığortaları;

2.2. təyyarə, vertolyot və gəmilərin xarici kreditlə satın alındıqları təqdirdə həmin kredit ödənilənədək, xarici ölkədən lizinq yolu ilə gətirildiyi halda isə lizinq müqaviləsinin müddəti bitənədək ediləcək sığortaları;

2.3. gəmilərin sahiblərinin məsuliyyətinin sığortaları;

2.4. həyat sığortaları;

2.5. vətəndaşların Azərbaycan Respublikasından xaricə etdikləri səfər üçün bağladıqları fərdi qəza, xəstəlik və mühərrikli nəqliyyat vasitəsi sığortaları.

III fəsil. Sığorta müqaviləsi

Maddə 25. Sığorta müqaviləsinin bağlanması

1. Sığorta müqaviləsinin bağlanması üçün sığortalı müqavilə bağlamaq niyyəti barəsində sığortaçıya yazılı təklif verir, yaxud bu niyyətini şifahi bildirir.

2. Sığorta müqaviləsinin bağlanması faktı sığorta qaydaları əlavə edilməklə, sığortalıya verilən sığorta şəhadətnaməsi ilə təsdiq edilir.

3. Sığortaçı, agent və brokerin sığorta müqaviləsi bağlamaq üçün fiziki və ya hüquqi şəxslərə onların hüquq və vəzifəsi haqqında, habelə broşurada, izahat kitabçalarında, reklam və elanlarda yalan, çaşdırıcı və ya aldadıcı məlumatı verməsi qadağandır.

Maddə 26. Sığorta müqaviləsinin məzmunu

1. Sığorta müqaviləsində aşağıdakılar göstərilməlidir:

1.1. sığortaçının adı və ünvanı;

1.2. sığortalının adı və ünvanı;

1.3. sığorta obyekti və onun olduğu yer;

1.4. sığorta riskləri;

1.5. sığorta məbləği və ödənişinin verilməsinin qaydası;

1.6. sığorta haqqının məbləği, onun verilməsinin qaydası və müddəti;

1.7. müqavilənin qüvvədə olduğu müddət;

1.8. müqavilə üzrə sığorta münasibətlərinin digər iştirakçıları varsa, onlar barədə məlumat (sığorta olunan, fayda götürən, lazım gəldikdə sığorta agent və brokerləri);

1.9. müqavilənin dəyişdirilməsi və ona xitam verilməsi qaydası.

2. Tərəflərin razılığı ilə müqavilədə başqa şərtlər də göstərilə bilər.

Maddə 27. Sığorta müqaviləsinin qüvvədə olduğu müddət

1. Müqavilə ilə və ya qanunla başqa hal nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsi sığortalının ilk sığorta haqqını ödədiyi gün saat 24-00-də qüvvəyə minir.

2. Müqavilədə və ya icbari sığorta haqqında qanunda başqa hal nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsi sığorta hadisəsinin baş verdiyinə görə sığorta məbləğinin tam verildiyi andan qüvvədən düşür.

Maddə 28. Sığorta müqaviləsinə xitam verilməsi

1. Sığorta müqaviləsinə aşağıdakı hallarda xitam verilir:

1.1. əmlak sığortası obyekti sığortaçının razılığı olmadan özgəninkiləşdirildikdə. Bu halda sığortaçı ilə sığortalı və ya əmlak sığortası obyekti xeyrinə özgəninkiləşdirilən şəxs arasında yeni sığorta müqaviləsi bağlanıla bilər;

1.2. müqavilənin qüvvədə olduğu müddət bitdikdə;

1.3. sığortaçı sığortalı qarşısında öz öhdəliklərini tamamilə yerinə yetirdikdə;

1.4. sığortalı sığorta haqqını müqavilədə müəyyən edilən qaydada ödəmədikdə;

1.5. bu Qanunun 36-cı maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, hüquqi şəxs ləğv edildikdə və ya fiziki şəxs vəfat etdikdə;

1.6. məhkəmə sığorta müqaviləsinin etibarsız olduğu barədə qərar verdikdə;

1.7. sığorta obyektinin mövcudluğu bitdikdə (yox olduqda);

1.8. qanunvericiliklə nəzərdə tutulmuş qaydada sığortaçı ləğv edildikdə;

1.9. qanunvericiliklə nəzərdə tutulmuş digər hallarda.

2. Sığorta müqaviləsində nəzərdə tutulmuş hallarda, habelə tərəflərin razılaşmasına əsasən müqaviləyə sığortalının və ya sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verilə bilər. Bu barədə tərəflər bir-birini azı 30 gün əvvəl yazılı şəkildə xəbərdar etməlidirlər.

3. Sığorta müqaviləsinə sığortalının tələbi ilə vaxtından əvvəl xitam verildikdə, sığortaçı çəkilmiş xərclər çıxılmaqla müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını ona qaytarır; əgər bu tələb sığortaçının sığorta qaydalarını pozması ilə bağlıdırsa o, sığorta haqlarını sığortalıya bütünlüklə qaytarır.

Sığorta müqaviləsinə sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verildikdə o, sığortalının sığorta haqlarını bütünlüklə qaytarır; əgər bu tələb sığortalının sığorta qaydalarını yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı çəkilmiş xərclər çıxılmaqla müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını qaytarır.

Bu bəndin birinci və ikinci abzaslarında nəzərdə tutulmuş hallarda sığorta haqlarının qaytarılması qaydası sığorta qaydalarında göstərilir.

4. Sığortalının ölümü ilə əlaqədar sığorta müqaviləsinə xitam verildikdə, sığortaçı müqavilə müddətinin qalmış hissəsi üçün əvvəlcədən ödənilmiş sığorta haqlarını vəfat etmiş sığortalının qanuni vərəsəsinə qaytarır.

Maddə 29. Sığorta müqaviləsinin etibarsız sayılması

1. Mülki Məcəllə ilə nəzərdə tutulmuş əqdlərin etibarsızlığının ümumi əsasları ilə yanaşı, sığorta müqaviləsi bağlandığı andan aşağıdakı hallarda etibarsız sayılır:

1.1. fəaliyyət qabiliyyətinə malik olmayan və fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırılan şəxslərlə bağlandıqda;

1.2. sığorta obyekti məhkəmənin qüvvəyə minmiş hökmünə əsasən müsadirə edilməli əmlak olduqda;

1.3. sığorta hadisəsindən sonra bağlandıqda;

1.4. sığortaçının adından müqavilə bağlamağa ixtiyarı olmayan şəxslərlə bağlandıqda;

1.5. sığorta müqaviləsi bağlandığı anda sığorta obyekti mövcud olmadıqda;

1.6. sığorta obyekti sığortalının qeyri-qanuni mənafeləri ilə bağlı olduqda;

1.7. sığorta müqaviləsi və ya bir neçə sığorta müqaviləsi ilə əmlak onun həqiqi dəyərindən artıq sığortalandıqda (sığorta məbləğinin artıq hissəsində);

1.8. xüsusi razılığı olmayan sığortaçı ilə sığorta müqaviləsi bağlandıqda (bu halda ödənilmiş sığorta haqları tam həcmdə sığortalıya qaytarılır).

Maddə 30. Sığorta haqları və tarifləri

1. İcbari sığorta növləri üzrə sığorta haqları və tarifləri qanunlara uyğun olaraq müəyyən edilir, digər sığorta növləri üzrə isə onları sığortaçı müəyyən edir.

2. Zəruri hallarda haqsız rəqabətin qarşısını almaq məqsədilə müvafiq icra hakimiyyəti orqanı [Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Sığorta Nəzarəti] minimum sığorta tariflərini müəyyən edə bilər.

3. Sığortalının ödədiyi sığorta haqları məhsulun (işlərin, xidmətlərin) maya dəyərinə aid edilir.

Maddə 31. Sığorta ödənişinin verilməsi

1. Sığortaçı sığorta ödənişini müqaviləyə və ya qanuna müvafiq surətdə sığortalının ərizəsinə və sığorta hadisəsi haqqında akta əsasən verir.

Sığorta aktını sığortaçı və ya onun vəkil etdiyi şəxs (ekspert) tərtib edir. Sığortaçı sığorta hadisəsinin səbəblərini və təfsilatını aydınlaşdırmaq hüququna malikdir.

2. Müəssisələr, idarələr, təşkilatlar və hüquq-mühafizə orqanları, sığorta hadisəsi ilə əlaqədar sığortaçının sorğusuna əsasən tələb olunan məlumatı verməlidirlər.

3. Sığorta ödənişlərdən vergi və rüsumlar tutulmur.

Maddə 32. Sığorta ödənişini verməkdən imtina

1. Sığortaçının sığorta ödənişi verməkdən imtina etməsi üçün əsaslar aşağıdakılardır:

1.1. sığortalının sığorta hadisəsi yaranmasına yönəldilən qərəzli hərəkətləri və ya sığorta hadisəsi ilə birbaşa səbəb əlaqəsində olan qəsdən cinayətlər törətməsi;

1.2. müqavilə və ya qanunla hərbi risklərin sığortalanması nəzərdə tutulmamışdırsa, normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada sayılan hərbi əməliyyatları və ya əlaqədar olan hərbi xarakterli tədbirlər;

1.3. sığortalının sığortalanmış əmlakın xilas edilməsi (qorunub saxlanması) üçün lazımi və mümkün tədbirləri qəsdən görməməsi;

1.4. sığortaçının sığorta hadisəsinin baş verməsi səbəblərini araşdırmasına sığortalı tərəfindən maneçilik törədilməsi;

1.5. sığorta obyekti və hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi;

1.6. sığortalının əmlak sığortası üzrə zərərin əvəzini zərər dəyməsində təqsiri olan şəxsdən alması.

2. Sığorta məbləği əmlakın sığorta dəyərindən az olduqda, müqavilədə başqa qayda nəzərdə tutulmamışdırsa, sığorta ödənişi sığorta məbləğinin əmlakın sığorta dəyərinə mütənasib surətdə azaldılır.

3. Sığorta müqaviləsinin şərtlərində sığorta ödənişinin verilməsindən imtina üçün qanunvericiliyə zidd olmayan başqa əsaslar da göstərilə bilər.

4. Sığorta ödənişinin verilməsindən imtina edilməsi barəsində qərar sığortalıya yazılı şəkildə verilir və burada imtinanın səbəbləri əsaslandırılır.

5. Sığortalı sığortaçının sığorta ödənişini verməkdən imtina etməsi barədə məhkəməyə şikayət edə bilər.

Maddə 33. Tələb olunmamış sığorta məbləği

Sığortalının müəyyən yaşınadək sağ qalması və ya ölümü şərti ilə həyat sığortası üzrə sığorta məbləği sığortalı və ya onun qanuni vərəsəsi tərəfindən ödəniş vaxtı çatandan etibarən 10 (on) il ərzində tələb edilməzsə, onuncu il başa çatdıqda sığortalıların siyahısı müvafiq icra hakimiyyəti orqanına [Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Sığorta Nəzarəti] verilməklə dövlət büdcəsinə köçürülür.

Maddə 34. Sığortalının vəzifələri

Sığortalının vəzifələri aşağıdakılardır:

1.1. sığorta haqqını vaxtında ödəmək;

1.2. sığortalanmış obyektə dair qüvvədə olan digər sığorta müqavilələri barədə sığortaçıya məlumat vermək;

1.3. sığorta hadisəsi baş verdikdə, bu barədə sığorta müqaviləsində müəyyən edilmiş müddətdə sığortaçını xəbərdar etmək;

1.4. ziyanın qarşısının alınması və azaldılması üçün tədbirlər görmək;

1.5. sığorta müqaviləsi bağlanarkən riskin qiymətləndirilməsi üçün əhəmiyyəti olan hallar və riskin sonradan dəyişilməsi barədə sığortaçıya məlumat vermək.

2. Sığorta müqaviləsində sığortalının başqa vəzifələri də nəzərdə tutula bilər.

Maddə 35. Sığortaçının vəzifələri

1. Sığortaçı:

1.1. sığortalını sığorta qaydaları ilə tanış etməli;

1.2. sığortalı sığorta hadisəsinin baş verməsi riskini və sığortalanmış əmlaka dəyə biləcək zərərin miqdarını azaldan tədbirlər gördükdə, yaxud əmlakın həqiqi dəyəri artdıqda sığortalının ərizəsi üzrə bu halları nəzərə almaqla sığorta müqaviləsini yenidən bağlamalı;

1.3. sığorta ödənişini müqavilədə və ya qanunda müəyyən edilmiş müddətdə verməli, əks halda, sığortalıya hər gecikdirilmiş gün üçün sığorta ödənişinin 0,2 faizi miqdarında dəbbə pulu (cərimə) ödəməli;

1.4. sığorta hadisəsi nəticəsində sığortalanmış əmlaka dəyə bilən zərərin qarşısının alınması və ya azaldılması üçün sığortalının xərclərini ödəməli, bir şərtlə ki, bu, sığorta qaydalarında nəzərdə tutulsun, həm də dəyən zərərin miqdarından artıq olan xərclərin əvəzi ödənilməməli;

1.5. sığortalı və onun əmlak vəziyyəti barədə məlumatı, o cümlədən kommersiya sirri olan məlumatı yaymamalıdır.

2. Sığorta müqaviləsində sığortaçının başqa vəzifələri də nəzərdə tutula bilər.

3. Sığortaçılar vergi ödədikdən sonra öz sərəncamında qalan mənfəətdən hər rüb 1 faiz həcmində vəsaiti müvafiq icra hakimiyyəti orqanının [Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Sığorta Nəzarəti] xüsusi hesabına köçürməlidirlər.

4. Təkrar sığorta müqaviləsi bağlamış sığortaçı sığortalı qarşısında öz öhdəlikləri üzrə tam məsuliyyət daşıyır. Təkrar sığortaçı sığortaçı qarşısında götürdüyü öhdəliklər üzrə məsuliyyət daşıyır.

Təkrar sığorta müqaviləsi sığortaçı ilə sığortalı arasında bağlanan müqavilə ilə eyni vaxtda qüvvədən düşür.

5. Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən sığortaçıların yalnız xüsusi razılıq aldığı sığorta növü üzrə riskləri təkrar sığortaya qəbul etmək hüququ vardır.

6. İcbari sığorta növləri üzrə təkrar sığortaya verilən risklərin Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən sığortaçılarda saxlama payının həcmi və onun saxlama qaydası qanunla müəyyən edilir.

Maddə 36. Sığorta müqaviləsində sığortalının əvəz edilməsi

1. Əmlak sığortası müqaviləsini bağlamış sığortalı vəfat etdikdə onun hüquq və vəzifələri vərəsəlik qaydasında bu əmlakı qəbul edən şəxsə keçir.

Sığorta obyekti olan əmlak satıldıqda, dəyişdirildikdə, bağışlandıqda, icarəyə verildikdə sığortalının hüquq və vəzifələri sığortaçının razılığı ilə, müqavilədə və ya qanunda başqa şərtlər müəyyən edilməmişdirsə, həmin əmlakı qəbul edən şəxsə onun razılığı ilə keçir.

2. Üçüncü şəxsin xeyrinə həyat sığortası müqaviləsi bağlamış sığortalı vəfat etdikdə, onun hüquq və vəzifələri həmin şəxsin razılığı ilə ona keçir. Bu şəxs sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirə bilmədikdə, onun hüquq və vəzifələri Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə onun hüquqlarının və mənafelərinin qorunması vəzifələrini yerinə yetirən şəxslərə keçə bilər.

3. Əgər müqavilənin qüvvədə olduğu dövrdə sığortalı məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmışdırsa, yaxud onun fəaliyyət qabiliyyəti məhdudlaşmışdırsa, belə sığortalının hüquq və vəzifələrini onun qəyyumu və ya himayəçisi həyata keçirir. Bu zaman mülki məsuliyyət sığortası sığortalının fəaliyyət qabiliyyətinin olmadığı hesab edildiyi və ya məhdudlaşdırıldığı andan bitir.

4. Sığortalı olan hüquqi şəxs sığorta müqaviləsinin qüvvədə olduğu dövrdə yenidən təşkil edildikdə, onun bu müqavilə üzrə hüquq və vəzifələri sığortaçının razılığı ilə qanunvericiliyə uyğun olaraq müvafiq hüquqi varisinə keçir.

5. Sığorta etdirən, sığorta müqaviləsi bağlayarkən, sığorta ödənişi almaq üçün istənilən fiziki və ya hüquqi şəxs təyin etmək, habelə sığorta hadisəsi baş verənədək həmin şəxslərin və sığortaçının razılığı ilə onları dəyişdirmək hüququna malikdir.

Maddə 37. Reqres tələbi hüququ

1. Sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.

Sığortalı sığorta ödənişini aldıqda göstərilən hüququn həyata keçirilməsi üçün onda olan bütün lazımi sənədləri sığortaçıya verməlidir.

2. Sığortalı təqsirkar şəxsə iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə, sığortaçı təqsirkar şəxsdən reqres tələbi qaydasında ala biləcəyi məbləğ həcmində sığorta ödənişi verməkdən azad edilir.

3. Sığortalı təqsirkar şəxsə sığorta ödənişinin məbləğindən artıq zərərin əvəzini ödəmək tələbi hüququnu sığortaçıya güzəşt edə bilər.

IV fəsil. Sığorta fəaliyyətinin əsasları və sabitliyi

Maddə 38. Sığorta obyektləri, sahələri və formaları

1. Sığorta obyektləri sığortalının:

    • həyatı, sağlamlığı, iş qabiliyyəti;
    • əmlakı;
    • digər şəxslərə vurduğu zərərə görə məsuliyyəti ilə bağlı qanunvericiliyə zidd olmayan əmlak mənafeləridir.

2. Sığorta iki əsas sahədən — həyat və qeyri-həyat sığortası sahələrindən ibarətdir.

3. Sığortaçılar bu Qanuna uyğun olaraq həm həyat, həm də qeyri-həyat sığortası sahələrində və ya bu sahələrdən yalnız biri üzrə də fəaliyyət göstərə bilərlər.

4. Sığorta növləri həm könüllü, həm də icbari formada həyata keçirilə bilər.

Həyat və qeyri-həyat sığortalının şərtləri və aparılması qaydası qanunvericiliyə uyğun olaraq sığortaçı ilə sığortalı arasında bağlanan müqavilədə müəyyən edilir.

İcbari sığortanın şərtləri və aparılması qaydası Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilir.

Qanunla digər hallar nəzərdə tutulmamışdırsa, icbari sığorta növləri üzrə işlərin aparılması xərclərinə ayırmalar 10 faiz miqdarında müəyyən edilir.

5. Həyat və qeyri-həyat sığortası sahələrində sığorta növləri, o cümlədən qanunla başqa hal nəzərdə tutulmayıbsa, icbari formada, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq müvafiq xüsusi razılığı almış bütün sığortaçılar tərəfindən həyata keçirilir.

Maddə 39. Maliyyə sabitliyinin əsası

Bu qanuna uyğun olaraq sığortaçının maliyyə sabitliyinin əsasını onun ödənilmiş nizamnamə kapitalı, xüsusi təminatı, ödəmə qabiliyyətini təmin edən normativlər, sığorta ehtiyatları, habelə təkrar sığorta sistemi təşkil edir.

Maddə 40. Xüsusi təminat

1. Qeyri-həyat, habelə həyat sığortasına aid edilən xəstəlik və fərdi qəza sığortası sahəsində təkrar sığortaya faktiki verilmiş sığorta haqları çıxılmaqla daxil olmuş sığorta haqları onların 10 faizindən çox olmamaq şərti ilə müvafiq icra hakimiyyəti orqanının [Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Sığorta Nəzarəti] müəyyən etdiyi minimum faiz miqdarında xüsusi təminat kimi saxlanılır.

2. Yeni təsis edilmiş sığortaçılar üçün göstərilən xüsusi təminat müvafiq icra hakimiyyəti orqanının [Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Sığorta Nəzarəti] müəyyən etdiyi minimum miqdara çatanadək sığortaçının ödənilmiş nizamnamə kapitalının 10 faizi miqdarında müəyyən edilir.

3. Sığortaçının xüsusi təminatı bütün hallarda ödənilmiş nizamnamə kapitalının 10 faizindən az ola bilməz.

4. Həyat sığortası sahəsində müqavilə öhdəliklərinin yerinə yetirilməsi məqsədilə xüsusi təminatın yaradılması qaydası və şərtlərini müvafiq icra hakimiyyəti orqanı [Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Sığorta Nəzarəti] müəyyən edir.

Maddə 41. Xüsusi təminat barədə tələblər

1. Sığortaçılar xüsusi təminat kimi saxlanılan pul vəsaitinə (Azərbaycan manatı, xarici valyuta) və daşınar əmlaka müvafiq icra hakimiyyəti orqanının [Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Sığorta Nəzarəti] icazəsi olmadan sərəncam verə bilməzlər.

2. Xüsusi təminat kimi sərbəst istifadəsi qadağan edilmiş dəyərlərin eyni qiymətə malik olan başqa belə dəyərlə əvəz edilməsi üçün icazə tələb olunmur. Bu zaman əvəz etmə əməliyyatının həyata keçirildiyi tarixdəki qiymətlər əsas götürülür.

3. Müvafiq icra hakimiyyəti orqanı [Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Sığorta Nəzarəti] xüsusi təminat kimi saxlanılan aktivlərin sığortaçı hesabına yenidən qiymətləndirilməsini, onların çatışmayan hissəsinin tamamlanmağını və bu aktivlərin daxilində zəruri olmayan əmlakın digər əmlakla dəyişdirilməsini tələb edə bilər.

4. Sığortaçının xüsusi təminatı çatışmadıqda istifadəsi qadağan edilmiş dəyərlərdən əldə edilən faiz, dividend və digər belə gəlirlər xüsusi təminatın tamamlanmasına yönəldilir.

5. Xüsusi təminatın bu Qanunun 40-cı maddəsinə uyğun olaraq tələb ediləndən artıq olan hissəsindən sərbəst istifadəyə qadağan edilmir.

6. Sığortaçılar sığorta fəaliyyətinə başladığı gündən 15 gün ərzində ilk dəfə xüsusi təminatın yaradılması şərtlərinə və qaydasına dair təkliflər hazırlayır və müvafiq icra hakimiyyəti orqanına göndərir. Bu Qanuna uyğun olmayan və ya sığortalıların hüquq və mənafelərinə xələl gətirə bilən şərt və qaydalar müvafiq icra hakimiyyəti orqanının [Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Sığorta Nəzarəti] tələbi ilə dəyişdirilməlidir.

7. Sığortaçılar xüsusi təminata bu Qanuna uyğun olaraq verilən tələblərin yerinə yetirilməsi barədə məlumatı yerinə yetirildiyi gündən etibarən ən geci 5 (beş) iş günü ərzində müvafiq icra hakimiyyəti orqanına [Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Sığorta Nəzarəti] bildirməlidirlər.

Maddə 42. Xüsusi təminatdan istifadə

1. Xüsusi təminat sığortaçının ləğv edilməsi və ya ödəmə qabiliyyəti olmaması halında, ilk növbədə müvafiq sığorta sahəsində sığortalılara borcların ödənilməsi (sığorta ödənişlərinin verilməsi və çəkilmiş xərclər çıxılmaqla müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarının qaytarılması) üçün istifadə olunur. Artıq qalan vəsait digər sığorta sahələrinə aid xüsusi təminatlara əlavə edilir.

2. Sığortaçı tərəfindən fəaliyyəti dayandırılan sığorta sahələrinə aid xüsusi təminatlardan həmin sahələrdə bütün borclar ödənildikdən sonra sərbəst istifadə edilməsinə icazə verilir.

Maddə 43. Xüsusi təminat kimi saxlanılan dəyərlilər

1. Aşağıdakı dəyərlilər xüsusi təminat kimi saxlanıla bilər:

1.1. Azərbaycan manatında və Azərbaycan Respublikasında valyuta birjasında alqı-satqı predmeti olan xarici valyutada ifadə edilən pul vəsaiti;

1.2. Dövlət qiymətli kağızları;

1.3. Dövlətin payı minimum 51 faizi olan səhmdar cəmiyyətlərinin səhmləri;

1.4. Müvafiq icra hakimiyyəti orqanının [Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Sığorta Nəzarəti] razılığı ilə digər qiymətli kağızlar;

1.5. Sığortaçının mülkiyyətində olan və Azərbaycan Respublikasında yerləşən daşınmaz əmlak.

2. Daşınmaz əmlakın dəyəri xüsusi təminatın ümumi məbləğinin yarısından çox ola bilməz.

Maddə 44. Sığorta ehtiyatları

1. Öz fəaliyyətinin sabitliyini təmin etmək üçün sığortaçılar bu Qanuna uyğun olaraq vergitutmadan qabaq sığorta haqlarından sığorta ehtiyatları yaradırlar.

2. Sığortaçılar yanğın və mühəndislik sığortası növləri üzrə baş verə biləcək zəlzələ nəticəsində zərərin ödənilməsi öhdəliyi müqabilində aldıqları sığorta haqlarından təkrar sığortaya faktiki verilmiş sığorta haqları, işin aparılması və sığorta hadisəsinin qarşısının alınması xərcləri çıxılmaqla qalan sığorta haqları məbləğindən ayırmalar hesabına on beş il müddətli sığorta ehtiyatını yaradırlar. Bu ehtiyatın yaradılması, o cümlədən ayırmaların hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı [Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Sığorta Nəzarəti] tərəfindən müəyyən edilir.

3. Sığortaçılar uzunmüddətli (bir ildən artıq) həyat sığortası və zəlzələ sığortası növlərindən başqa bütün digər sığorta növlərində yüksək dərəcəli risklər üzrə müqavilə öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üçün yüksək dərəcəli zərərlərin ödənilməsi ehtiyatını yaradırlar.

Bu ehtiyat keçən hesabat dövrlərində faktiki verilmiş və (və ya) hesablanmış sığorta ödənişlərinə əsasən müvafiq icra hakimiyyəti orqanının [Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Sığorta Nəzarəti] müəyyən etdiyi qaydada hesablanır.

4. Cari risklər üzrə sığorta ehtiyatı qüvvədə olan müqavilələrə görə daxil olmuş sığorta haqlarından təkrar sığortaya faktiki verilmiş sığorta haqları, işin aparılması və sığorta hadisəsinin qarşısının alınması xərcləri çıxıldıqdan sonra qalan vəsaitin hesabat dövrünə keçən günlərin və ya ayların əsasında hesablanmış hissəsindən ibarət olur.

Cari risklər üzrə sığorta ehtiyatının sığorta müqavilələri əsasında hesablanması texniki cəhətdən mümkün olmadıqda, bu ehtiyat daxil olmuş sığorta haqlarından hər hesabat dövrünün sonunda qalan vəsaitin nəqliyyat sığortası növündə minimum 25 faizi, digər sığorta növlərində minimum 33,5 faizi miqdarında ayırmalar hesabına yaradılır.

5. Həyat sığortası sahəsində fəaliyyət göstərən sığortaçılar müvafiq icra hakimiyyəti orqanının [Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Sığorta Nəzarəti] müəyyən etdiyi qaydada ümumi aktuari hesablamalarına əsasən riyazi ehtiyat yaradırlar.

6. Sığorta ehtiyatları müqavilə üzrə öhdəliklərin göstərildiyi valyutada hesablama tarixinə birja məzənnəsi üzrə hesablanır. Əgər sığortaçının aldığı sığorta haqlarının valyutası onun öhdəliklərinin ifadə olunduğu valyutadan fərqlidirsə sığortaçı müvafiq sığorta ehtiyatlarını yaratmaq üçün öhdəliklərin ifadə olunduğu valyutanı satın ala bilər.

7. Sığortaçı vergini ödəməkdən əvvəl müvafiq icra hakimiyyəti orqanının [Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Sığorta Nəzarəti] müəyyən etdiyi həcmdə və qaydada sığorta hadisəsinin qarşısının alınması tədbirləri fondunu və işin aparılması fondunu yarada bilər.

8. Sığortaçı vergini ödədikdən sonra başqa ehtiyatlar və fondlar yarada bilər.

Maddə 45. Sığorta ehtiyatlarının yerləşdirilməsi

1. Bu Qanunda göstərilmiş sığorta ehtiyatları sığortaçının müqavilələr üzrə öhdəliklərinin yerinə yetirilməsi üçün nəzərdə tutulur.

2. Sığorta ehtiyatlarının vəsaiti sığortaçının seçimi ilə aşağıdakı qaydada yerləşdirilə bilər (investisiya edilə bilər):

2.1. dövlət qiymətli kağızlarının satın alınması — 70 faizədək;

2.2. bank və digər kredit təşkilatlarındakı depozit hesablarında — 80 faizədək;

2.3. daşınmaz əmlakın və torpaqların habelə onlardan istifadə hüquqlarının satın alınması — 50 faizədək;

2.4. qeyri-dövlət qiymətli kağızların, xarici valyutanın və onunla ifadə edilmiş qiymətli kağızların satın alınması — 30 faizədək;

2.5. cari sığorta ödənişlərinin verilməsi üçün bankdakı hesablaşma hesabında — 5 faizdən az olmayaraq;

2.6. digər investisiya sahələrinə — 10 faizədək.

3. Bir bankda və ya kredit təşkilatında bütün sığorta ehtiyatları vəsaitinin 40 faizindən çoxu saxlanıla bilməz.

4. Sığorta ehtiyatlarının vəsaiti yerləşdirilən daşınmaz əmlakın və torpaqların dəyəri onların bazar qiymətinin 80 faizi miqdarında qəbul edilir.

Maddə 46. Sığortaçının ödəmə qabiliyyətinin təmin edilməsi normativləri

1. Öz ödəmə qabiliyyətini təmin etmək üçün sığortaçı aşağıdakı normativlərə riayət etməlidir:

1.1. sığortaçının öz vəsaitinin sığorta haqları məbləğinə (təkrar sığortaya verilmiş sığorta haqları çıxılmaqla) 16 faizdən az olmayan nisbət;

1.2. bir müqavilə üzrə öhdəliklərin maksimum həcmi sığortaçının öz vəsaitinə on faizdən çox olmayan nisbət.

2. Sığortaçının öz vəsaitinə onun aktivləri ilə müqavilə öhdəliklərinin məbləği arasında fərq aid edilir. Bu zaman aktivlər hesablanarkən faktiki verilmiş sığorta ödənişləri məbləği nəzərə alınmır.

3. Sığortaçı bu maddədə göstərilən normativlərə öz aktivlərinin tamamlanması, öhdəliklərinin müvafiq hissəsinin təkrar sığortaya verilməsi və ya sığorta əməliyyatlarının azaldılması yolu ilə riayət etməlidir.

Maddə 47. İflasa uğrama zamanı həyat sığortası portfelinin başqasına verilməsi

Sığortaçının müflisləşdiyi halda bir və ya bir neçə başqa sığortaçı onun həyat sığortası portfelini bütün hüquq və öhdəlikləri ilə birlikdə qəbul edəcəyini bildirərsə, həmin sığorta portfeli sığortaçının müflis elan edilməsi və ləğv edilməsi prosedurunun başa çatmasına qədər müvafiq icra hakimiyyəti orqanının [Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Sığorta Nəzarəti] icazəsi ilə digər sığortaçılara verilə bilər.

İflasa uğrayan sığortaçının həyat sığortası portfeli ilə birlikdə xüsusi təminat və müvafiq sığorta ehtiyatları verilir və ya onlar sığorta portfelini qəbul edən sığortaçı tərəfindən yaradılır.

Maddə 48. Sığortaçının yenidən təşkili zamanı sığorta portfelinin başqasına verilməsi

1. Sığortaçının hər hansı formada yenidən təşkili (birləşməsi, qovuşması, bölünməsi, ayrılması, çevrilməsi) və bununla əlaqədar sığorta portfelini qismən və ya tamamilə başqa bir sığortaçıya verməsi müvafiq icra hakimiyyəti orqanının [Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Sığorta Nəzarəti] icazəsi ilə həyata keçirilir.

2. Sığorta portfelinin başqasına verilməsi haqqında müqavilədə sığortalıların hüquq və mənafelərinə xələl gətirən şərtlər olmamalıdır.

3. Sığorta portfelinin başqasına verilməsi haqqında müqavilədə verilən sığorta müqavilələri, portfellə birlikdə verilən sığorta ehtiyatları, investisiyadan əldə ediləcək gəlirlərə və xüsusi təminatlara dair şərtlər, habelə portfelin verilmə tarixi dəqiq göstərilməlidir.

4. Sığortaçının yenidən təşkili, ləğvi və bununla əlaqədar sığorta portfelinin başqasına verilməsi respublika mətbuatında bir həftə ara ilə ən azı iki dəfə elan edilir. Elan tarixindən etibarən üç ay ərzində etiraz bildirməyən sığortalılar portfelin başqasına verilməsini qəbul etmiş hesab olunurlar.

5. Bu Qanuna uyğun olaraq sığorta portfelini başqasına verən sığortaçının öhdəliklərinə xüsusi təminatla sığorta ehtiyatları tam həcmdə verildikdən sonra xitam verilir.

6. Sığortaçının hər hansı formada yenidən təşkili, portfelini başqasına verməsi, xüsusi razılığın ləğvi barədə məlumat müvafiq icra hakimiyyəti orqanı [Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Sığorta Nəzarəti] tərəfindən respublika mətbuatında elan edilir.

V fəsil. Sığorta fəaliyyətinə dövlət nəzarəti

Maddə 49. Sığorta nəzarəti sahəsində müvafiq icra hakimiyyəti orqanının [Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Sığorta Nəzarəti] vəzifələri

1. Azərbaycan Respublikasında sığortalıların, sığortaçıların və sığorta bazarının digər iştirakçılarının, habelə dövlətin hüquq və mənafelərinin qorunması sığorta qanunvericiliyinin tələblərinə əməl edilməsi məqsədilə sığorta fəaliyyətinə nəzarət müvafiq icra hakimiyyəti orqanı [Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Sığorta Nəzarəti] tərəfindən həyata keçirilir.

Müvafiq icra hakimiyyəti orqanı [Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Sığorta Nəzarəti] Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının [Azərbaycan Respublikasının Nazirlər Kabineti] təsdiq etdiyi əsasnaməyə uyğun olaraq fəaliyyət göstərir.

2. Müvafiq icra hakimiyyəti orqanının [Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Sığorta Nəzarəti] əsas vəzifələri aşağıdakılardır:

2.1. sığorta fəaliyyətinin göstərilməsi üçün xüsusi razılıq vermək;

2.2. qanunvericiliyə uyğun olaraq sığortaçıların, o cümlədən təkrar sığortaçıların, onların filiallarının, brokerlərin və sığorta bazarının digər peşəkar iştirakçılarının uçotunu aparmaq;

2.3. sığortaçıların sığorta haqları və tariflərinin əsaslandırılmasına, maliyyə sabitliyinin və ödəmə qabiliyyətinin təmin olunmasına nəzarət etmək;

2.4. bu Qanunla müəyyən edilmiş qaydada sığortaçıların sığorta ehtiyatlarının və fondların yaradılmasına və yerləşdirilməsinə nəzarət etmək;

2.5. sığortaçıların reyestrini aparmaq;

2.6. sığorta fəaliyyəti ilə əlaqədar bu Qanunla müəyyən edilmiş səlahiyyət dairəsində normativ aktları və metodiki sənədləri hazırlayıb təsdiq etmək;

2.7. sığorta təcrübəsini ümumiləşdirmək, sığorta fəaliyyətinin inkişafına və təkmilləşdirilməsinə dair təkliflər hazırlamaq.

Maddə 50. Sığorta nəzarəti sahəsində müvafiq icra hakimiyyəti orqanının [Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Sığorta Nəzarəti] hüquqları

Sığorta nəzarəti sahəsində müvafiq icra hakimiyyəti orqanının [Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Sığorta Nəzarəti] hüquqları aşağıdakılardır:

1.1. sığortaçılardan, brokerlərdən və sığorta bazarının digər peşəkar iştirakçılarından onların fəaliyyəti haqqında məlumat və maliyyə vəziyyəti barədə hesabatlar almaq;

1.2. bu məlumatın və hesabatların düzgünlüyünü yoxlamaq, onların fəaliyyəti və maliyyə əməliyyatları barədə banklara, digər kredit idarələrinə və müəssisələrinə müraciət etmək;

1.3. sığortaçıların, brokerlərin və sığorta bazarının digər peşəkar iştirakçılarının fəaliyyətində bu Qanunun tələblərinin pozulması aşkar edildikdə pozuntuların aradan qaldırılması üçün təqdimatlar vermək, təqdimatlar yerinə yetirilmədikdə sığortaçılara və brokerlərə verilmiş xüsusi razılığın qüvvəsini müvəqqəti dayandırmaq, onu məhdudlaşdırmaq və geri almaq, qanunvericiliklə müəyyən edilmiş cərimə və sanksiyaları tətbiq etmək;

1.4. sığortaçılar və brokerlər tərəfindən sığorta qanunvericiliyi dəfələrlə pozulduqda onların ləğv edilməsi barədə qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq məhkəmədə iddia qaldırmaq;

1.5. sığortaçıların ödəmə qabiliyyətinin olmaması ilə əlaqədar onların iflas elan edilməsi barədə məsələlərə baxılmaq üçün məhkəməyə müraciət etmək.

Maddə 51. Maliyyə sabitliyinə nəzarət

1. Sığortaçının maliyyə sabitliyinin xüsusi təminatı normativləri gözlənilmədikdə, yaxud onun müqavilə öhdəliklərini yerinə yetirə bilməməsi və ya maliyyə vəziyyətinin sığortalıların hüquq və mənafelərinə təhlükəli olan dərəcədə pisləşməsi sübut edildikdə müvafiq icra hakimiyyəti orqanı [Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Sığorta Nəzarəti], müəyyən vaxt verərək həmin sığortaçıdan aşağıdakı tədbirlərin həyata keçirilməsini tələb edə bilər:

1.1. öz vəsaitinin (kapitalın) artırılmasını və (və ya) mənfəətin dividend şəklində bölüşdürülməsinin dayandırılmasını;

1.2. risklərin (öhdəliklərin) təkrar sığortaya verilməsini və saxlama paylarının miqdarının dəyişdirilməsini;

1.3. yaranmış vəziyyəti ilə əlaqədar ümumi yığıncağın çağırılmasını və müvafiq qərar qəbul edilməsini (təsisçi təkdirsə, onun tərəfindən qərar qəbul edilməsini);

1.4. maliyyə vəziyyətinin yaxşılaşması istiqamətində digər tədbirlər.

2. Sığortaçının rəhbərliyi və ya təsisçiləri bu maddənin 1-ci bəndində göstərilən tədbirlərin yerinə yetirilməsi haqqında məlumatı müvafiq icra hakimiyyəti orqanına [Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Sığorta Nəzarəti] aylıq hesabat qaydasında verməlidir.

3. Bu maddənin 1-ci bəndində göstərilən tədbirlərin yerinə yetirilməsi və ya onların görülməsinə baxmayaraq maliyyə vəziyyətinin yaxşılaşdırılması mümkün olmadıqda müvafiq icra hakimiyyəti orqanının [Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Sığorta Nəzarəti]:

3.1. sığortaçının yeni sığorta və (və ya) təkrar sığorta müqavilələri bağlamasını qadağan etmək;

3.2. sığortaçının sığorta fəaliyyəti növlərindən birinə və ya hamısına aid olan sığorta portfelinin xüsusi təminat və sığorta ehtiyatları ilə birlikdə başqa sığortaçılara verilməsi haqqında qərar qəbul etmək;

3.3. müvafiq sığorta fəaliyyətinə xüsusi razılığı ləğv etmək səlahiyyəti vardır.

Maddə 52. İnhisar fəaliyyətinə və haqsız rəqabətə qarşı tədbirlər

1. Sığorta sahəsində inhisar fəaliyyətinin və haqsız rəqabətin qarşısının alınması, məhdudlaşdırılması və aradan qaldırılması qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanları [Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Sığorta Nəzarəti və Azərbaycan Respublikasının Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi] tərəfindən həyata keçirilir.

2. Sığortaçının nizamnamə kapitalının 20 faizindən çoxunun bir və ya bir neçə əqd nəticəsində bir hüquqi və ya fiziki şəxs, yaxud saziş əsasında bir-biri ilə əlaqədar olan hüquqi və ya fiziki şəxslər qrupu, yaxud törəmə və ya asılı münasibətdə olan hüquqi şəxslər tərəfindən alınması üçün (sığortaçının təsisçiləri tərəfindən nizamnamə kapitalının ödənildiyi hallar istisna olmaqla) antiinhisar qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və şərtlərlə müvafiq icra hakimiyyəti orqanlarının [Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Sığorta Nəzarəti və Azərbaycan Respublikasının Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi] razılığı tələb olunur.

VI fəsil. Yekun müddəaları

Maddə 53. Uçot və hesabat

1. Sığortaçılar və brokerlər qanunvericiliklə müəyyən edilmiş qaydada maliyyə-təsərrüfat fəaliyyəti üzrə statistika və mühasibat uçotu aparır və hesabatlar verirlər.

2. Sığortaçının uçot sənədləri və maliyyə hesabatları onun filiallarının əməliyyatlarını və maliyyə vəziyyətini birlikdə əks etdirməlidir. Rüblük və ya illik hesabat zamanı sığortaçının filiallarının hesabatlarını nəzərə almaqla ümumiləşdirilmiş mühasibat balansı və maliyyə nəticələri barədə hesabat təqdim edir.

3. Bu Qanundan irəli gələn sığortaçının maliyyə sabitliyi və ödəmə qabiliyyəti barədə hesabatların və digər məlumatın tərtib edilməsi və müvafiq icra hakimiyyəti orqanına [Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Sığorta Nəzarəti] təqdim edilməsi qaydası normativ hüquqi aktlarla müəyyən edilir.

Maddə 54. Audit və nəzarət

1. Sığortaçının maliyyə-təsərrüfat vəziyyətini onun seçdiyi sərbəst auditor yoxlayır.

Auditor tərəfindən təsdiqlənmiş illik maliyyə-təsərrüfat fəaliyyəti barədə hesabat müvafiq icra hakimiyyəti orqanına [Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Sığorta Nəzarəti] təqdim edilir və mətbuatda dərc olunur.

2. Sığortaçının fəaliyyətinə müvafiq icra hakimiyyəti orqanı [Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Sığorta Nəzarəti] bu qanuna uyğun olaraq nəzarət edir.

Maddə 55. Sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyət

Sığortaçılar, brokerlər və sığorta bazarının digər peşəkar iştirakçıları bu Qanunu və sığorta sahəsində digər normativ hüquqi aktları pozmalarına görə qanunvericiliklə müəyyən edilmiş məsuliyyət daşıyırlar.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV.

Bakı şəhəri, 25 iyun 1999-cu il.

№ 696-IQ.

«Azərbaycan» qəzetində dərc olunmuşdur (21 avqust 1999-cu il № 190) («LegalActs» LLC).

© LegalActs LLC