Конституция Нахчыванской Автономной Республики


Дата релиза: 29.12.1998

Naxçıvan Muxtar Respublikasının Konstitusiyası

Naxçıvan Muxtar Respublikasının Konstitusiyası

Naxçıvanın muxtariyyatının əsasları hazırda qüvvədə olan 16 mart 1921-ci il Moskva və 13 oktyabr 1921-ci il Qars beynəlxalq müqavilələri ilə qoyulmuşdur. Həmin beynəlxalq müqavilələrdə Naxçıvanın Azərbaycanın tərkib hissəsi olması bir daha bəyan edilərək Naxçıvanın ərazi hüdudları dəqiqləşdirilmişdir.

Naxçıvan 1921-ci il martın 16-dan başlayaraq əvvəlcə Naxçıvan Sovet Sosialist Respublikası, 1923-cü il iyunun 16-dan sonra Naxçıvan diyarı, 1924-cü il fevralın 9-dan Naxçıvan Muxtar Sovet Sosialist Respublikası, 1990-cı il noyabrın 17-dən isə Naxçıvan Muxtar Respublikası adlandırılmışdır.

1926-cı ildə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının ilk, 1937-ci ildə ikinci, 1978-ci ildə üçüncü Konstitusiyası qəbul edilmişdir.

Naxçıvan Muxtar Respublikasının bu Konstitusiyasının əsasını Azərbaycan Respublikasının 1995-ci il 12 noyabrda ümumxalq səsverməsində — referendumda qəbul edilən Konstitusiyası təşkil edir.

Naxçıvan Muxtar Respublikasının Azərbaycan Respublikası Konstitusiyası ilə üzvi surətdə bağlı olan bu Konstitusiyası qəbul edilərkən təntənəli surətdə aşağıdakı niyyətlər bəyan edilir:

    • Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq;
    • haqq-ədalətə, qanuna əsaslanaraq Naxçıvan Muxtar Respublikasının əhalisinin layiqli həyat səviyyəsini təmin etmək, güzəranını yaxşılaşdırmaq;
    • Naxçıvan Muxtar Respublikasında Konstitusiya çərçivəsində demokratik, hüquqi, dünyəvi dövlət quruluşuna təminat vermək, qanunun aliliyini qorumaq.

Yuxarıda göstərilən ülvi niyyətlərlə bu Konstitusiya qəbul edilir.

I fəsil. Ümumi müddəalar

Maddə 1. Naxçıvan Muxtar Respublikasının statusu

I. Naxçıvan muxtar dövləti Azərbaycan Respublikası tərkibində demokratik, hüquqi, dünyəvi muxtar respublikadır.

II. Naxçıvan Muxtar Respublikasının statusunu Azərbaycan Respublikasının Konstitusiyası, 16 mart 1921-ci il Moskva və 13 oktyabr 1921-ci il Qars beynəlxalq müqavilələri müəyyən edir.

Maddə 2. Muxtariyyatın əsasları

I. Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının Konstitusiyası ilə onun səlahiyyətlərinə aid edilən məsələlərin həllində müstəqildir.

II. Naxçıvan Muxtar Respublikasının mənafeləri ilə bağlı olan bütün digər məsələlər Naxçıvan Muxtar Respublikası tərəfindən həll edilir, o şərtlə ki, bu məsələlərin həlli Azərbaycan Respublikasının dövlət orqanlarının səlahiyyətlərinə aid edilməyib.

III. Naxçıvan Muxtar Respublikasının səlahiyyətlərinə aid edilən məsələlərin həllində, o, Azərbaycan Respublikasının ümumi mənafeləri ilə bağlıdır.

Maddə 3. Hakimiyyətlərin bölünməsi

I. Naxçıvan Muxtar Respublikasında dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir:

    • qanunvericilik hakimiyyətini Naxçıvan Muxtar Respublikasının Ali Məclisi həyata keçirir;
    • icra hakimiyyətini Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti həyata keçirir;
    • məhkəmə hakimiyyətini Naxçıvan Muxtar Respublikasının məhkəmələri həyata keçirir.

II. Bu Konstitusiyanın müddəalarına əsasən qanunvericilik, icra və məhkəmə hakimiyyətləri qarşılıqlı fəaliyyət göstərirlər.

III. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və bu Konstitusiya ilə onun səlahiyyətlərinə aid edilən məsələlərin həllində, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və Azərbaycan Respublikası Prezidentinin fərmanları ilə onun səlahiyyətlərinə aid edilən məsələlərin həllində, Naxçıvan Muxtar Respublikası məhkəmələri isə Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə onun səlahiyyətlərinə aid edilən məsələlərin həllində müstəqildirlər.

Maddə 4. Dövlət hakimiyyətinin mənimsənilməsinə yol verilməməsi

I. Naxçıvan Muxtar Respublikasında vətəndaşların heç bir hissəsi, sosial qrup, təşkilat və ya heç bir şəxs hakimiyyətin həyata keçirilməsi səlahiyyətini mənimsəyə bilməz.

II. Hakimiyyətin mənimsənilməsi xalqa qarşı ən ağır cinayətdir.

Maddə 5. Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi

I. Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədridir.

II. Bu Konstitusiya ilə müəyyən olunan hallarda və qaydada Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi həm qanunvericilik, həm icra hakimiyyəti sahələrində aşağıdakı səlahiyyətləri həyata keçirir:

1) Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkiləri təyin edir;

2) Naxçıvan Muxtar Respublikası dövlət hakimiyyət orqanlarının qarşılıqlı fəaliyyətini təmin edir;

3) Naxçıvan Muxtar Respublikasının qanunlarını imzalayır və dərc edir;

4) Naxçıvan Muxtar Respublikasının dövlət və ictimai siyasi həyatının mühüm məsələləri barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinə məlumat verir;

5) Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin istefası haqqında qərar qəbul edir;

6) Naxçıvan Muxtar Respublikasının dövlət büdcəsində icra hakimiyyəti üçün nəzərdə tutulmuş xərclər çərçivəsində mərkəzi icra hakimiyyəti orqanlarını yaradır;

7) Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyaları arasındakı dövrdə Naxçıvan Muxtar Respublikası Baş nazirinin təklifi ilə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin tərkibinin fəaliyyətini təmin edir;

8) Naxçıvan Muxtar Respublikasını xarici dövlətlərlə və beynəlxalq təşkilatlarla, habelə başqa fiziki və hüquqi şəxslərlə münasibətdə təmsil edir;

9) Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi, Naxçıvan Muxtar Respublikasının İqtisad Məhkəməsi, Naxçıvan Muxtar Respublikası ümumi və ixtisaslaşdırılmış məhkəmələrin hakimlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə dair təkliflər verir;

10) Naxçıvan Muxtar Respublikası prokurorunun, rayon, şəhər və ixtisaslaşdırılmış prokurorlarının vəzifəyə təyin və vəzifədən azad olunmasına dair təkliflər verir;

11) Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikasının hərbi doktrinasını həyata keçirir, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikası ərazisində yerləşmiş birləşmələrinin komandan heyətləri haqqında təklif verir;

12) vətəndaşlıq məsələlərinə dair təklif verir;

13) əfvedilmə məsələlərinə dair təklif verir;

14) Təhlükəsizlik Şurasını təsis edir və ona rəhbərlik edir;

15) ümumi və qismən səfərbərliyin həyata keçirilməsini təmin edir;

16) vətəndaşların müddətli hərbi xidmətə çağırılmasının və müddətli hərbi xidmətdən tərxis olunmuş hərbi qulluqçuların sosial müdafiəsinin təmin olunması tədbirlərinin həyata keçirilməsinə yardım edir;

17) Azərbaycan Respublikasının Prezidenti tərəfindən elan edilmiş fövqəladə və hərbi vəziyyət rejiminin həyata keçirilməsinə yardım edir, Naxçıvan Muxtar Respublikasında fövqəladə və hərbi vəziyyət elan olunması məsələsinə dair təklif verir;

18) fəxri adları təsis edir və fəxri adlarla təltif edir;

19) Azərbaycan Respublikasının Prezidenti tərəfindən Naxçıvan Muxtar Respublikası ali vəzifəli şəxsinin səlahiyyətlərinə aid edilmiş digər məsələləri icra qaydasında həll edir.

III. Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi Naxçıvan Muxtar Respublikasının mənafeləri ilə bağlı iqtisadi və mədəni məsələlərdə, Naxçıvan Muxtar Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş həddə və Azərbaycan Respublikasının qanunları ilə müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının beynəlxalq münasibətlərində Naxçıvan Muxtar Respublikasını təmsil edir.

IV. Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi Naxçıvan Muxtar Respublikasının dövlətçiliyinin varisliyini təmin edir.

V. Bu Konstitusiya ilə onun səlahiyyətinə aid edilən məsələlər üzrə Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi fərmanlar, başqa məsələlər barəsində isə sərəncamlar qəbul edir.

Maddə 6. Ərazi

Naxçıvan Muxtar Respublikasının ərazisi Azərbaycan Respublikasının dövlət sərhədləri hüdudunda vahiddir, toxunulmazdır və bölünməzdir.

Maddə 7. Əsas insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi

Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş əsas insan və vətəndaş hüquq və azadlıqlarının qorunması, gözlənilməsi və Azərbaycan Respublikası vətəndaşlarının vəzifələrinin icrasını təmin etmək Naxçıvan Muxtar Respublikasının dövlət orqanlarının əsas vəzifəsidir.

Maddə 8. Naxçıvan Muxtar Respublikasında vətəndaşların səsvermə hüququ

Naxçıvan Muxtar Respublikasının ərazisində daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşları seçmək və seçilmək hüququna malikdirlər.

Məhkəmələr tərəfindən fəaliyyət qabiliyyətsizliyi təsdiq olunmuş şəxslərin seçkilərdə iştirak etmək hüququ yoxdur.

Hərbi qulluqçuların, hakimlərin, dövlət məmurlarının, din xadimlərinin, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrum edilmiş şəxslərin, bu Konstitusiyada və qanunda nəzərdə tutulan digər şəxslərin seçkilərdə iştirak etmək hüququ qanunla məhdudlaşdırıla bilər.

Maddə 9. Paytaxt

Naxçıvan Muxtar Respublikasının paytaxtı Naxçıvan şəhəridir.

Maddə 10. Naxçıvan muxtar dövlətinin rəmzləri

Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri Azərbaycan Respublikasının dövlət bayrağı, gerbi və Azərbaycan Respublikasının dövlət himnidir.

II fəsil. Qanunvericilik hakimiyyəti

Maddə 11. Qanunvericilik hakimiyyətinin həyata keçirilməsi

Naxçıvan Muxtar Respublikasında qanunvericilik hakimiyyətini Naxçıvan Muxtar Respublikasının Ali Məclisi həyata keçirir.

Maddə 12. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin say tərkibi

Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 45 deputatdan ibarətdir.

Maddə 13. Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatlarının seçkilərinin əsasları

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli sesvermə yolu ilə seçilirlər.

Maddə 14. Naxçıvan Muxtar Respublikası Ali Məclisi çağırışının səlahiyyət müddəti

I. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

II. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin hər çağırışının seçkiləri hər beş ildən bir noyabr ayının birinci bazar günü keçirilir.

III. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarının səlahiyyət müddəti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin çağırışının səlahiyyət müddəti ilə məhdudlaşır.

IV. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlığından çıxanların yerinə yeni seçkilər keçirilərsə, yeni seçilən deputatın səlahiyyət müddəti deputatlıqdan çıxanın qalan səlahiyyət müddəti ilə məhdudlaşır.

Maddə 15. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlığına namizədlərə aid tələblər

I. Naxçıvan Muxtar Respublikasının ərazisində daimi yaşayan, yaşı 25-dən aşağı olmayan hər bir Azərbaycan Respublikası vətəndaşı qanunla müəyyən edilmiş qaydada Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı seçilə bilər.

II. İkili vətəndaşlığı olan, başqa dövlətlər qarşısında öhdəliyi olan, icra və ya məhkəmə hakimiyyəti sistemlərində qulluq edən, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslər, din xadimləri, fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilən, ağır cinayətlərə görə məhkum olunmuş şəxslər, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrumetmə yerlərində cəza çəkən şəxslər Naxçıvan Muxtar Respublikası Ali Məclisinə deputat seçilə bilməzlər.

Maddə 16. Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatlarının seçkilərinin nəticələrinin yoxlanılması və təsdiqi

Seçkilərin nəticələrinin düzgünlüyü qanunla müəyyən edilmiş qaydada Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi tərəfindən yoxlanılır və təsdiq edilir.

Maddə 17. Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatlarının səlahiyyətinin bitməsi

I. Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatlarının səlahiyyətləri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeni çağırışının ilk iclas günü bitir.

II. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səlahiyyət müddətinin bitməsinə 120 gündən az müddət qalarsa, Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatlığından çıxanların yerinə seçkilər keçirilmir.

III. Naxçıvan Muxtar Respublikası Ali Məclisi 31 deputatın səlahiyyətləri təsdiq olunduqda səlahiyyətlidir.

Maddə 18. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyaları

I. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi hər il iki növbəti sessiyaya yığılır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 31 deputatının səlahiyyətləri təsdiq edildikdən sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ilk iclası həmin gündən başlayaraq bir həftədən gec olmayaraq çağırılır.

II. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyaları Azərbaycan Respublikası prezidenti, Azərbaycan Respublikası Milli Məclisi tərəfindən, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 16 deputatının tələbi əsasında və ya öz təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri tərəfindən çağırılır.

III. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyasının gündəliyini müvafiq olaraq onun çağırılmasını tələb edənlər müəyyənləşdirir. Bu gündəlikdəki məsələlərə baxıldıqdan sonra növbədənkənar sessiyanın işi bitir.

Maddə 19. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlığından məhrumetmə və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarının səlahiyyətlərinin itirilməsi

I. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı aşağıdakı hallarda mandatından məhrum edilir:

1) seçkilər zamanı səslərin düzgün hesablanmadığı aşkar olunduqda;

2) Azərbaycan Respublikası vətəndaşlığından çıxdıqda və ya başqa dövlətin vətəndaşlığını qəbul etdikdə;

3) cinayət törətdikdə və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda;

4) özü imtina etdikdə.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlığından məhrumetmə haqqında qərar qanunla müəyyən edilmiş qaydada qəbul edilir.

II. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları öz səlahiyyətlərini daimi icra edə bilmədikdə və qanunda nəzərdə tutulmuş digər hallarda onların səlahiyyətləri itirilir. Bu haqda müvafiq qərarın qəbul edilmə qaydası qanunla müəyyən edilir.

Maddə 20. Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatlarının toxunulmazlığı

I. Səlahiyyət müddəti ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının şəxsiyyəti Naxçıvan Muxtar Respublikasında toxunulmazdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı səlahiyyət müddəti ərzində cinayət başında yaxalanma hallarından başqa, cinayət məsuliyyətinə cəlb edilə bilməz, tutula bilməz, onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz, axtarışa məruz qala bilməz, şəxsi müayinə edilə bilməz. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı cinayət başında yaxalanarsa, tutula bilər. Belə olduqda, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatını tutan orqan bu barədə dərhal Naxçıvan Muxtar Respublikası prokuroruna xəbər verməlidir.

II. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatının toxunulmazlığına yalnız Naxçıvan Muxtar Respublikası prokurorunun təqdimatına əsasən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sadə səs çoxluğu ilə qəbul edilmiş qərarı ilə xitam verilə bilər.

Maddə 21. Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının məsuliyyətə cəlb olunmasına qoyulan qadağanlar

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları Naxçıvan Muxtar Respublikası Ali Məclisindəki fəaliyyətinə, səsverməyə və söylədiyi fikrə görə məsuliyyətə cəlb oluna bilməzlər. Razılığı olmadan onlardan bu hallarla əlaqədar izahat, ifadə tələb edilə bilməz.

Maddə 22. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin işinin təşkili

Naxçıvan Muxtar Respublikasının Ali Məclisi öz iş qaydasını müəyyən edir və Ali Məclisin müvafiq orqanlarını yaradır, o cümlədən öz sədrini və onun müavinlərini seçir, daimi və başqa komissiyaları təşkil edir.

Maddə 23. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin aktları

I. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi öz səlahiyyətlərinə aid məsələlər üzrə qanunlar və qərarlar qəbul edir.

II. Naxçıvan Muxtar Respublikasının Ali Məclisində qanunlar və qərarlar Azərbaycan Respublikasının Konstitusiyası və bu Konstitusiya ilə müəyyən edilmiş qaydada qəbul edilir.

III. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları səsvermə hüququnu şəxsən həyata keçirirlər.

IV. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə onun səlahiyyətlərinə aid edilən məsələlərin həllində müstəqildir.

Maddə 24. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müəyyən etdiyi ümumi qaydalar

I. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi aşağıdakı məsələlərə dair ümumi qaydalar müəyyən edir:

1) Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər;

2) Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatlarının statusu;

3) Azərbaycan Respublikasının iqtisadi və vergi siyasətinə uyğun olaraq vergilər;

4) Naxçıvan Muxtar Respublikası iqtisadiyyatının inkişafı istiqamətləri;

5) sosial təminat;

6) ətraf mühitin qorunması;

7) turizm;

8) səhiyyə, elm və mədəniyyət;

9) Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə onun səlahiyyətinə aid edilən digər məsələlər.

II. Bu maddədə göstərilən məsələlərə dair Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qanunlar qəbul edir.

Maddə 25. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin həll etdiyi məsələlər

I. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi aşağıdakı məsələləri həll edir:

1) Naxçıvan Muxtar Respublikası Ali Məclisinin işinin təşkili;

2) Naxçıvan Muxtar Respublikasının büdcəsinin təsdiqi;

3) Naxçıvan Muxtar Respublikasının iqtisadi və sosial proqramlarının təsdiqi;

4) Naxçıvan Muxtar Respublikası Baş nazirinin vəzifəyə təyin edilməsi və vəzifədən azad edilməsi;

5) Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin tərkibinin təsdiqi;

6) Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinə etimad;

7) bu Konstitusiyada nəzərdə tutulmuş hallarda Naxçıvan Muxtar Respublikası ali vəzifəli şəxsinin fərmanlarının təsdiqi;

8) Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə onun səlahiyyətinə aid edilən digər məsələlər.

II. Bu maddədə göstərilən məsələlərə dair Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərarlar qəbul edir.

Maddə 26. Qanunvericilik təşəbbüsü hüququ

I. Naxçıvan Muxtar Respublikasının Ali Məclisində qanunvericilik təşəbbüsü hüququ (qanun layihələrini və başqa məsələləri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müzakirəsinə təqdim etmək hüququ) Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarına, Naxçıvan Muxtar Respublikasının Baş nazirinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə mənsubdur.

II. Naxçıvan Muxtar Respublikası Baş nazirinin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin qanunvericilik təşəbbüsü qaydasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müzakirəsinə verdiyi qanun və qərar layihələri müzakirəyə təqdim olunmuş şəkildə çıxarılır və səsə qoyulur.

III. Belə qanun və ya qərar layihələrində dəyişikliklər qanunvericilik təşəbbüsü hüququndan istifadə edən orqanın razılığı ilə edilə bilər.

IV. Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatlarının Naxçıvan Muxtar Respublikası Baş nazirinin və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim etdiyi qanun və qərar layihələri iki ay ərzində səsə qoyulur.

V. Qanun və qərar layihəsini Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları, Naxçıvan Muxtar Respublikasının Baş naziri, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi təcili elan edibsə, bu müddət 20 gün təşkil edir.

Maddə 27. Qanunların və qərarların imzalanması

I. Qanunlar və qərarlar qəbul edildiyi gündən 10 gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri tərəfindən imzalanır.

II. Təcili elan olunan qanun və qərar layihəsi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri tərəfindən qəbul edildiyi gündən 24 saat ərzində imzalanır.

Maddə 28. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin aktlarının qüvvəyə minməsi

Qanunun və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarının özündə başqa qayda nəzərdə tutulmayıbsa, qanun və qərar dərc edildiyi gündən qüvvəyə minir.

Maddə 29. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə aid tələblər

I. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən seçilir, ona tabedir və ona hesabat verir. O, Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən geri çağırıla bilər.

II. Yaşı otuzdan aşağı olmayan, Naxçıvan Muxtar Respublikasının ərazisində beş ildən az olmayaraq daimi yaşayan, başqa dövlətlər qarşısında öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin hər bir deputatı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilə bilər.

III. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin seçkisi qaydasını Naxçıvan Muxtar Respublikasının Ali Məclisi müəyyən edir.

Maddə 30. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin öz səlahiyyətlərini daimi icra edə bilməməsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri istefa verdikdə, səhhətinə görə öz səlahiyyətlərini icra etmək qabiliyyətini itirdikdə, müəyyən edilmiş müddətdə yeni sədr seçilənə qədər onun səlahiyyətlərinin icrası Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini, o da olmadıqda müavini tərəfindən yerinə yetirilir.

Maddə 31. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin vəzifədən kənarlaşdırılması

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin vəzifədən kənarlaşdırılması qaydası Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsi ilə müəyyən edilir.

Maddə 32. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin səlahiyyətləri

I. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri:

1) Ali Məclisin növbədənkənar sessiyalarını çağırır;

2) Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclaslarına sədrlik edir;

3) Naxçıvan Muxtar Respublikası Baş nazirinin vəzifəyə təyin edilməsi üçün Azərbaycan Respublikası prezidenti tərəfindən təqdim olunmuş şəxsin namizədliyini Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim edir;

4) Naxçıvan Muxtar Respublikasının Baş nazirinin təklifinə əsasən Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə üzvlüyə namizədləri Naxçıvan Muxtar Respublikası Ali Məclisinə təqdim edir;

5) Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı öz mandatından imtina etdikdə və qanunla müəyyən edilmiş digər hallarda onu deputat mandatından məhrum edir;

6) Naxçıvan Muxtar Respublikası Ali Məclisin sədri səlahiyyətlərinin həyata keçirilməsi ilə əlaqədar qərar qəbul edir;

7) Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədr müavinliyinə namizədlərin seçilməsi və Ali Məclisin sədr müavinlərinin vəzifədən azad edilməsi barədə Ali Məclisə təklif verir;

8) Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müəyyən etdiyi qaydada Naxçıvan Muxtar Respublikası Ali Məclisinin aparatını təşkil edir və onun rəhbərliyini təyin edir;

9) bu Konstitusiya ilə onun səlahiyyətlərinə aid edilən digər məsələləri həll edir.

Maddə 33. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin aktları

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri qərarlar qəbul edir.

III fəsil. İcra hakimiyyəti

Maddə 34. Naxçıvan Muxtar Respublikasında İcra Hakimiyyəti

I. Naxçıvan Muxtar Respublikasında icra hakimiyyətini Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti həyata keçirir.

II. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Naxçıvan Muxtar Respublikasının yuxarı icra orqanıdır.

III. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə tabedir və onun qarşısında müntəzəm hesabat verir.

Maddə 35. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin statusu

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Konstitusiyası, qanunları, Azərbaycan Respublikası Prezidentinin fərmanları, Naxçıvan Muxtar Respublikasının Konstitusiyası, qanunları ilə onun səlahiyyətlərinə aid edilən məsələlərin həllində müstəqildir.

Maddə 36. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin tərkibi

I. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin tərkibinə Naxçıvan Muxtar Respublikasının Baş naziri, onun müavinləri, Naxçıvan Muxtar Respublikasının nazirləri və başqa mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri daxildirlər.

II. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin tərkibini Naxçıvan Muxtar Respublikası Baş nazirinin təklifi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi təsdiq edir.

Maddə 37. Naxçıvan Muxtar Respublikasının Baş naziri

Naxçıvan Muxtar Respublikasının Baş nazirini Azərbaycan Respublikasının prezidentinin təqdimatına əsasən Naxçıvan Muxtar Respublikasının Ali Məclisi təyin edir.

Maddə 38. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin iclasları

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin iclaslarına bir qayda olaraq Naxçıvan Muxtar Respublikasının Baş naziri sədrlik edir.

Maddə 39. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin səlahiyyətləri

I. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti:

    • muxtar respublika budcəsinin layihəsini hazırlayıb Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim edir;
    • muxtar respublikanın büdcəsini icra edir;
    • muxtar respublikanın iqtisadi proqramlarının həyata keçirilməsini təmin edir;
    • muxtar respublikanın sosial proqramlarının həyata keçirilməsini təmin edir;
    • nazirliklər və digər mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlik edir, onların aktlarını ləğv edir;
    • Azərbaycan Respublikası prezidentinin onun səlahiyyətlərinə aid etdiyi digər məsələləri həll edir.

II. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti iqtisadi və mədəni sahələrdə Naxçıvan Muxtar Respublikasını Azərbaycan Respublikasının Nazirlər Kabinetində təmsil edir.

Maddə 40. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin aktları

I. Ümumi qaydalar müəyyən etdikdə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti qərarlar, başqa məsələlər üzrə sərəncamlar qəbul edir.

II. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin aktları başqa qayda müəyyən edilməmişsə, dərc edildiyi gündən qüvvəyə minir.

Maddə 41. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin üzvlüyünə namizədlərə aid tələblər

I. Naxçıvan Muxtar Respublikasının Baş naziri vəzifəsinə yaşı 30-dan aşağı olmayan, ali təhsilli, seçkilərdə iştirak etmək hüququna malik, başqa dövlət qarşısında öhdəliyi olmayan Azərbaycan Respublikasının vətəndaşı təyin edilir.

II. Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini, nazir, digər mərkəzi icra hakimiyyəti orqanının rəhbəri vəzifəsinə yaşı 25-dən aşağı olmayan, seçkilərdə iştirak etmək hüququna malik, ali təhsilli, başqa dövlət qarşısında öhdəliyi olmayan Azərbaycan Respublikasının vətəndaşı təyin edilir.

Maddə 42. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin üzvlərinə aid tələblər

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin üzvləri heç bir başqa seçkili və ya təyinatlı vəzifə tuta bilməzlər, elmi-pedaqoji və yaradıcılıq fəaliyyətindən başqa heç bir sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə məşğul ola bilməzlər, vəzifə maaşından, habelə elmi, pedaqoji və yaradıcılıq fəaliyyətinə görə aldığı vəsaitdən başqa məvacib ala bilməzlər.

IV fəsil. Məhkəmə hakimiyyəti

Maddə 43. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi

I. Naxçıvan Muxtar Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər.

II. Məhkəmə hakimiyyətini Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi, Naxçıvan Muxtar Respublikasının İqtisad Məhkəməsi, Naxçıvan Muxtar Respublikasının ümumi və ixtisaslaşdırılmış məhkəmələri həyata keçirirlər.

III. Məhkəmə hakimiyyəti Azərbaycan Respublikasının Konstitusiyası, mülki və cinayət məhkəmə icraatı vasitəsilə və qanunla nəzərdə tutulan digər vasitələr ilə həyata keçirilir.

IV. Ədalət mühakiməsinin həyata keçirilməsində Naxçıvan Muxtar Respublikasının Prokurorluğu və müdafiə tərəfi iştirak edir.

V. Məhkəmə quruluşu və məhkəmə icraatı qaydası qanunla müəyyən olunur.

VI. Məhkəmələrin səlahiyyətlərinin dəyişdirilməsi məqsədi ilə müəyyən olunmamış hüquqi üsulların tətbiq edilməsi və fövqəladə məhkəmələrin yaradılması qadağandır.

Maddə 44. Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi

I. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi ümumi məhkəmələrin icraatına aid edilən mülki, cinayət və digər işlər üzrə ali məhkəmə orqanıdır. O, qanunla müəyyən edilmiş prosessual qaydalarda ümumi məhkəmələrin işinə nəzarəti həyata keçirir.

II. Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi Naxçıvan Muxtar Respublikasında Konstitusiya nəzarətini təmin edir. O, Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsinin, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin sədrinin və Naxçıvan Muxtar Respublikası Prokurorluğunun sorğusu əsasında aşağıdakı məsələləri həll edir:

1) Naxçıvan Muxtar Respublikasının qanunlarının, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarlarının, Naxçıvan Muxtar Respublikası ali vəzifəli şəxsinin fərman və sərəncamlarının, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin qərarlarının, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarının, Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına uyğunluğu;

2) Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarlarının, Naxçıvan Muxtar Respublikası ali vəzifəli şəxsinin fərman və sərəncamlarının, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin qərarlarının, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin sərəncamlarının, Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının Naxçıvan Muxtar Respublikasının qanunlarına uyğunluğu;

3) Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarlarının, Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının Naxçıvan Muxtar Respublikası ali vəzifəli şəxsinin fərman və sərəncamlarına uyğunluğu.

III. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimlərini Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinin təklifi ilə Azərbaycan Respublikası prezidenti təyin edir.

Maddə 45. Naxçıvan Muxtar Respublikasının İqtisad Məhkəməsi

I. Naxçıvan Muxtar Respublikası İqtisad Məhkəməsi iqtisadi mübahisələrə baxılması üzrə məhkəmə orqanıdır.

II. Naxçıvan Muxtar Respublikasının İqtisad Məhkəməsi hakimlərini Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinin təklifi ilə Azərbaycan Respublikasının prezidenti təyin edir.

Maddə 46. Naxçıvan Muxtar Respublikası Prokurorluğu

I. Naxçıvan Muxtar Respublikası Prokurorluğu qanunla nəzərdə tutulmuş qaydada qanunların eyni cür və dürüst icra və tətbiq olunmasına nəzarət edir, qanunla nəzərdə tutulmuş hallarda cinayət işləri başlayır və istintaq aparır, məhkəmədə dövlət ittihamını müdafiə edir, məhkəmədə iddia qaldırır, məhkəmə qərarlarından protest verir.

II. Naxçıvan Muxtar Respublikası Prokurorluğu ərazi prokurorlarının Naxçıvan Muxtar Respublikası prokuroruna və Azərbaycan Respublikasının Baş prokuroruna tabeliyinə əsaslanan vahid mərkəzləşdirilmiş orqandır.

III. Naxçıvan Muxtar Respublikası prokurorunu Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin təklifi əsasında Azərbaycan Respublikası Baş prokurorunun təqdimatı ilə Azərbaycan Respublikasının prezidenti vəzifəyə təyin edir.

IV. Ərazi və ixtisaslaşdırılmış prokurorları Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin Azərbaycan Respublikası prezidentinə verilmiş təklifi və Azərbaycan Respublikası prezidentinin razılığı ilə Azərbaycan Respublikasının Baş prokuroru vəzifəyə təyin və azad edir.

V fəsil. Qanunvericilik sistemi

Maddə 47. Naxçıvan Muxtar Respublikası Konstitusiyasının hüquqi qüvvəsi

I. Naxçıvan Muxtar Respublikasının Konstitusiyası Naxçıvan Muxtar Respublikasının digər normativ-hüquqi aktları arasında ən yüksək hüquqi qüvvəyə malikdir.

II. Naxçıvan Muxtar Respublikasının Konstitusiyası birbaşa hüquqi qüvvəyə malikdir.

III. Naxçıvan Muxtar Respublikasının Konstitusiyası Naxçıvan Muxtar Respublikası qanunvericilik sisteminin əsasıdır.

Maddə 48. Naxçıvan Muxtar Respublikasının qanunvericilik sistemi

I. Naxçıvan Muxtar Respublikasının qanunvericilik sistemi Azərbaycan Respublikasının qanunvericilik sisteminin tərkib hissəsidir.

II. Naxçıvan Muxtar Respublikasının qanunvericilik sistemi Azərbaycan Respublikası qanunvericilik sisteminə uyğundur.

III. Naxçıvan Muxtar Respublikasının qanunvericilik sistemi Naxçıvan Muxtar Respublikasının aşağıdakı normativ-hüquqi aktlarından ibarətdir:

1) Naxçıvan Muxtar Respublikasının Konstitusiyası;

2) Naxçıvan Muxtar Respublikasının qanunları;

3) Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsinin fərmanları;

4) Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarları;

5) Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları.

Maddə 49. Naxçıvan Muxtar Respublikasının normativ-hüquqi aktları

I. Normativ-hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə, bərabər münasibətə) əsaslanmalıdır.

II. Naxçıvan Muxtar Respublikasının qanunları Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına zidd olmamalıdır, yalnız dərc edilmiş qanunların tətbiqi və icrası Naxçıvan Muxtar Respublikasında bütün vətəndaşlar, icra hakimiyyəti və məhkəmə hakimiyyəti, hüquqi şəxslər və bələdiyyələr üçün məcburidir.

III. Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsinin fərmanları Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına və qanunlarına, Azərbaycan Respublikası prezidentinin fərman və sərəncamlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarına zidd olmamalıdır, Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsinin fərmanları yalnız dərc edildikdə Naxçıvan Muxtar Respublikasında onların tətbiqi və icrası vətəndaşlar, mərkəzi və yerli icra hakimiyyəti orqanları, hüquqi şəxslər üçün məcburidir.

IV. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarları Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına və qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarına, Naxçıvan Muxtar Respublikası ali vəzifəli şəxsinin fərman və sərəncamlarına zidd olmamalıdır. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarları yalnız dərc edildikdə Naxçıvan Muxtar Respublikasında onların tətbiqi və icrası vətəndaşlar, mərkəzi və yerli icra hakimiyyəti orqanları, hüquqi şəxslər üçün məcburidir.

V. Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına və qanunlarına, Azərbaycan Respublikası prezidentinin fərman və sərəncamlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarına, Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsinin fərman və sərəncamlarına, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarlarına və sərəncamlarına, Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının aktlarına zidd olmamalıdır.

VI fəsil. Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişikliklər və əlavələr

Maddə 50. Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişikliklərin və əlavələrin qəbul edilmə qaydası

I. Naxçıvan Muxtar Respublikası Konstitusiyasına dəyişikliklər və əlavələr Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 35 səs çoxluğu ilə qəbul edildikdən sonra təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilir.

II. Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişikliklər və əlavələr haqqında təklif Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 2 dəfə səsə qoyulur. İkinci səsvermə birinci səsvermədən 3 ay sonra keçirilir.

III. Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişikliklər və əlavələr haqqında Konstitusiya qanunları həm birinci, həm də ikinci səsvermədən sonra təklif, qanunlar üçün nəzərdə tutulmuş qaydada, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə imzalamaq üçün təqdim olunur.

IV. Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişikliklər və əlavələr Naxçıvan Muxtar Respublikası Konstitusiyasının ayrılmaz hissəsidir və Naxçıvan Muxtar Respublikası Konstitusiyasının əsas mətninə zidd olmamalıdır.

Keçid müddəaları

I. Naxçıvan Muxtar Respublikasının Konstitusiyası Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən qəbul edildikdən və Azərbaycan Respublikası Milli Məclisi tərəfindən təsdiq edildikdən sonra rəsmən dərc olunduğu gündən qüvvəyə minir. Bu Konstitusiyanın qüvvəyə mindiyi gündən 1978-ci il mayın 30-da qəbul edilmiş Naxçıvan Muxtar Respublikasının Konstitusiyası (Əsas Qanunu) qüvvədən düşür.

II. Naxçıvan Muxtar Respublikasının xalq deputatlarının səlahiyyətləri yeni seçilmiş Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ilk iclas günü başa çatır.

Yeni seçilmiş Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ilk iclası Naxçıvan Muxtar Respublikası Ali Məclisinin azı 31 deputatının seçildiyinin elan edildiyi gündən sonra bir ay ərzində keçirilir.

III. 1995-ci il sentyabrın 12-də qəbul edilmiş «Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər haqqında» Naxçıvan Muxtar Respublikası Qanununun 79-cu maddəsi bu Qanun əsasında seçilmiş Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1-ci çağırışının səlahiyyətləri bitənədək qüvvədədir.

IV. Bu Konstitusiyanın qəbul edildiyi günədək Naxçıvan Muxtar Respublikasının ərazisində qüvvədə olan Naxçıvan Muxtar Respublikasının qanunları və başqa normativ-hüquqi aktları bu Konstitusiyaya zidd olmayan hissədə öz qüvvəsini saxlayır.


Naxçıvan Muxtar Respublikasının
Konstitusiyasının təsdiq edilməsi haqqında

Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Naxçıvan Muxtar Respublikasının Konstitusiyası təsdiq edilsin.

II. Bu Konstitusiya qanunu imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV.

Bakı şəhəri, 29 dekabr 1998-ci il.

№ 603-IKQ.

«Azərbaycan» qəzetində dərc olunmuşdur (8 yanvar 1999-ci il, № 5) («LegalActs»).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 yanvar 1999-ci il, № 1, maddə 12) («LegalActs»).


© LegalActs