Об обеспечении исполнения Закона Азербайджанской Республики «О гидрометеорологической деятельности»


«Azərbaycan» qəzetində dərc edilmişdir (19 fevral 1999-cu il, № 39) «Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (28 fevral 1999-ci il, № 2, maddə 86)

Дата релиза: 23.10.2003

«Hidrometeorologiya fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə

«Hidrometeorologiya fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

«Hidrometeorologiya fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun icrasını təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasında hidrometeorologiya fəaliyyətinə dövlət nəzarəti haqqında Əsasnamə təsdiq edilsin (əlavə olunur).

2. Müəyyən edilsin ki, «Hidrometeorologiya fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş məhdud informasiya kateqoriyasına aid müşahidə və məlumatlar aşağıdakı orqanlar tərəfindən aparılır və hazırlanır:

  • Ozonometrik müşahidələr üzrə — Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi;
  • Meteoroloji radiolokasiya müşahidələri üzrə — Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi;
  • Radiasiya fonu üzərində müşahidələr üzrə — Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi;
  • Təbii mühitin fon vəziyyətinin monitorinqinin müşahidələri üzrə — Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi;
  • Su ehtiyatları, kənd təsərrüfatı bitkiləri, ətraf mühitin çirklənməsi üzərində aerokosmik vasitələrdən aparılan müşahidələr üzrə — Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Aerokosmik Agentliyi;
  • Atmosfer proseslərinə fəal təsir üzərində müşahidələr üzrə — Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi;
  • Hidrometeorologiya və təbii mühitin monitorinqi üzərində ilkin müşahidə məlumatları üzrə — Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi;
  • Meteoroloji radiolokasiya və atmosferə fəal təsir üzərində texniki vasitələr barədə məlumatlar üzrə — Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi;
  • Aerologiya üzərində məlumatlar üzrə — Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi;
  • Təbii mühitin radioaktivliyi üzərində məlumatlar üzrə — Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi;
  • Səth suları, Xəzər dənizinin, torpaq örtüyünün, atmosfer havasının və yağıntılarının çirklənməsi üzərində məlumatlar üzrə — Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi, Səhiyyə Nazirliyi, Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi.

3. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 4 oktyabr tarixli 637 nömrəli fərmanı ilə təsdiq edilmiş «Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin və onları verən icra hakimiyyəti orqanlarının siyahısına» aşağıdakı redaksiyada 62-ci bənd əlavə edilsin:

62.

Hidrometeorologiya fəaliyyəti:

a) meteoroloji, aqrometeoroloji, aviameteoroloji, aeroloji müşahidələr və proqnozlar;

b) hidroloji, dəniz hidrometeoroloji müşahidələr və proqnozlar;

c) atmosferin, səth sularının çirklənməsinin monitorinqi üzrə fon müşahidələri

Ekologiya və Təbii Sərvətlər Nazirliyi

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

    • bu Fərmanın 3-cü bəndində göstərilən fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarını bir ay müddətində hazırlayıb təsdiq etsin;
    • bu fərmanın icrasını təmin edən digər məsələləri həll etsin.

5. Bu fərman imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 13 fevral 1999-cu il

№ 103

«Azərbaycan» qəzetində dərc edilmişdir (19 fevral 1999-cu il, № 39) («LegalActs» LLC).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (28 fevral 1999-ci il, № 2, maddə 86) («LegalActs» LLC).

24 avqust 2002-ci il tarixli, 767 nömrəli; 21 dekabr 2001-ci il tarixli, 609 nömrəli; 23 oktyabr 2003-cü il tarixli, 941 nömrəli fərmanlara əsasən dəyişikliklər və əlavələrlə ( «LegalActs» LLC).


Azərbaycan Respublikası Prezidentinin
1999-cu il 13 fevral tarixli
103 nömrəli fərmanı ilə
təsdiq edilmişdir.

Azərbaycan Respublikasında hidrometeorologiya fəaliyyətinə dövlət nəzarəti haqqında
Əsasnamə

1. Bu Əsasnamə Azərbaycan Respublikasında hidrometeorologiya fəaliyyətinə dövlət nəzarətini (bundan sonra dövlət nəzarəti adlandırılır) tənzimləyir.

2. Dövlət nəzarətini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir.

3. Dövlət nəzarəti Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamları, hidrometeorologiya sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və bu Əsasnamə əsasında həyata keçirilir.

4. Dövlət nəzarətinin istiqamətləri aşağıdakılardır:

    • mülkiyyət formasından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada hidrometeorologiya fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin müvafiq qaydalara və normativ-texniki sənədlərə riayət etməsinə nəzarət;
    • hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə elmi-texniki bazanın yaradılması, inkişafı, müşahidə və tədqiqatların aparılması, məlumatların toplanması, təhlili, saxlanılması və istifadəsi sahəsində milli hidrometeorologiya sisteminin yaradılması və onun fasiləsiz işləməsi;
    • hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə məlumatların qeydiyyatı, müşahidə şəbəkələrinin uçotu, fəaliyyətinin əlaqələndirilməsi, inkişaf etdirilməsi və mühafizəsi;
    • hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə Azərbaycan Respublikasının dövlət məlumatlar fondunun istifadəsi və mühafizəsi;
    • antropogen fəaliyyətin hidrometeoroloji proseslərə, iqlimə, təbii mühitə təsiri, onun nəticələrinin aradan qaldırılması üçün müəyyən tədbirlərin həyata keçirilməsi;
    • meteoroloji, aqrometeoroloji, aviameteoroloji, aeroloji, hidroloji, dəniz hidroloji müşahidələrin aparılması və proqnozların verilməsi;
    • atmosferin, səth sularının çirklənməsinin monitorinqi üzrə fon müşahidələrinin aparılması;
    • əhaliyə və xalq təsərrüfatına zərər verən, qəzalara gətirib çıxara biləcək təhlükəli və xüsusi təhlükəli hidrometeoroloji hadisələr (seller, güclü küləklər, qasırğa, sahillərin su basması, qar uçqunları, güclü şaxtalar və s.), təbii mühitin ekstremal yüksək səviyyədə çirklənməsi barədə xəbərdarlıqların hazırlanması və gözlənilən nəticələr haqqında məlumatların yayılması;
    • kənd təsərrüfatı bitkilərinin və otlaqların aqrometeoroloji xüsusiyyətlərinin öyrənilməsi, onların doludan mühafizəsinin təmin olunması və digər növ atmosfer proseslərinə fəal təsir işlərinin təşkili və aparılması;
    • təbii fəlakət, sənaye qəzaları baş vermiş, bərpa və xilasetmə işləri aparılan fövqəladə vəziyyət yaranmış rayonların hidrometeoroloji məlumatlarla təminatı;
    • yerüstü sular bölməsi üzrə dövlət su kadastrından irəli gələn vəzifələrin həyata keçirilməsi;
    • mülki və hərbi aviasiyanın, habelə xalq təsərrüfatının digər sahələrinin hidrometeoroloji təminatı;
    • hidrometeoroloji xüsusiyyətlərin və təbii mühitin çirklənməsi dərəcəsinin hesablanması metodları üzrə norma və qaydalara uyğun məhsuldar qüvvələrin və mühüm xalq təsərrüfatı obyektlərinin yerləşdirmə sxemlərinin, tikinti və yenidənqurma layihələrinin əsaslandırılmasının ekspertizası;
    • meteoroloji, hidroloji, okeanoloji, aqrometeoroloji ölçü cihazlarının, ləvazimatın və qurğuların metroloji sınağının keçirilməsi.

5. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dövlət nəzarəti sahəsində səlahiyyətləri:

    • hidrometeorologiya fəaliyyəti növləri ilə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) almış hüquqi və fiziki şəxslərin fəaliyyətini yoxlamaq, müvafiq qaydalara, normativ-hüquqi aktlara riayət edilməsinə nəzarət etmək;
    • dövlət məlumatlar fondu üçün sənədlərin seçilməsinə, qeydiyyatına, saxlanılmasına və artırılmasına dair aparılan hidrometeoroloji müşahidələrə, hazırlanan məlumatlara və proqnozlara metodiki rəhbərlik etmək;
    • hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə məlumatlar əsasında hazırlanmış materialların Azərbaycan Respublikasının dövlət məlumatlar fonduna verilməsinə, bu materiallardan istifadə olunmasına, başqa şəxslərə verilməsinə, surətinin çıxarılmasına və mühafizə olunmasına nəzarət etmək;
    • hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə müşahidə şəbəkələrinin köçürülməsinə, yerlərinin dəyişdirilməsinə, yenilərinin quraşdırılmasına, fəaliyyətlərinin dayandırılmasına nəzarət etmək, müşahidə şəbəkələrinin ətrafında ayrılmış mühafizə zonalarında təsərrüfat fəaliyyətini müəyyən edilmiş qaydada qadağan etmək;
    • hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə ölçmə vasitələrinin yoxlanılması və məlumatların sertifikatlaşdırılması qaydalarına riayət olunmasına nəzarət etmək.

6. Dövlət nəzarətini həyata keçirərkən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aşağıdakı hüquqları vardır:

    • mülkiyyət formasından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada hidrometeorologiya fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin:
      • cari və perspektiv iş planlarını tələb etmək və almaq;
      • xüsusi razılıqda (lisenziyada) göstərilən göstərilən fəaliyyət növünün həyata keçirilməsini tənzimləyən normativ-hüquqi aktlara və qaydalara riayət edilməsini yoxlamaq;
      • hidrometeorologiya və təbii mühitin monitorinqi sahəsində işlərin görülməsinə, həmçinin məlumatların qeydiyyatına, hazırlanmasına, istifadəsinə, saxlanmasına aid sənədləri tələb etmək və almaq;
      • hər bir obyektdə cihaz və avadanlıqların meteoroloji təminatı barədə arayış tələb etmək, ölçmə vasitələrini yoxlamaq və onların sertifikatlarını tələb etmək;
      • hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə dövlət məlumatlar fonduna təqdim olunan məlumatların mənbəyi barədə arayış tələb etmək və almaq;
      • müşahidə şəbəkəsinin yaradılması, köçürülməsi, fəaliyyətlərinin dayandırılması barədə əvvəlcədən arayış tələb etmək və almaq;
      • müşahidə şəbəkələrinin ətrafında ayrılmış mühafizə zonalarında mövcud qaydaların pozulması halları aşkar edildikdə protokol tərtib etmək, təqsirkarları qanunvericiliklə müəyyən edilmiş qaydada inzibati məsuliyyətə cəlb etmək;
      • xüsusi razılığın (lisenziyanın) şərtləri pozulduğu hallar aşkar edildikdə, müvafiq protokol tərtib etmək və bu pozuntuların aradan qaldırılması qanunvericiliklə nəzərdə tutulan tədbirlər görmək;
      • xüsusi razılığın (lisenziyanın) dayandırılması və ya ləğv edilməsi barədə məsələyə baxmaq.

7. Mülkiyyət formasından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada hidrometeorologiya fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər dövlət nəzarətini həyata keçirən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxslərinə yoxlama aparmaq üçün lazımi şərait yaratmalıdırlar.


© LegalActs LLC