О свободе собраний


Дата релиза: 09.10.2007

Sərbəst toplaşmaq azadlığı haqqında

Sərbəst toplaşmaq azadlığı haqqında

Azərbaycan Respublikasının Qanunu

I fəsil. Ümumi müddəalar

Maddə 1. Sərbəst toplaşmaq azadlığı

I. Hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığı Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsi ilə təmin edilir. Həmin azadlığın həyata keçirilməsi və məhdudlaşdırılması bu Qanunla müəyyən edilir.

II. Dövlət sərbəst toplaşmaq azadlığının həyata keçirilməsini təmin edir və bu Qanuna uyğun təşkil edilən toplantıların dinc və silahsız keçməsi üçün müvafiq tədbirlər görür.

Maddə 2. Əsas anlayışlar

I. Bu Qanunda istifadə edilən «toplantı» anlayışı bir neçə şəxsin xüsusi məqsədlə ictimai yerdə müvəqqəti toplaşması deməkdir. Bu cür toplantı aşağıdakı formalarda ola bilər:

1) «yığıncaq» — şəxslərin hər hansı məsələni birlikdə müzakirə etmək və həmin məsələyə dair qərar qəbul etmək məqsədilə toplaşmasıdır;

2) «mitinq» — toplaşmış şəxslərin ümumi fikirlərini ifadə etmək və (və ya) ümumi çağırışlar etmək, tələblər irəli sürmək üçün keçirilən kütləvi tədbirdir;

3) «nümayiş» — bir qrup şəxsin ictimai və dövlət həyatı ilə bağlı məsələlərə dair fikirlərinin ifadəsidir;

4) «küçə yürüşü» — müəyyən marşrutla hərəkət edən bir qrup şəxsin ictimai və dövlət həyatı ilə bağlı məsələlərə dair fikirlərinin ifadəsidir;

5) «piket» — ictimai və dövlət həyatı ilə bağlı məsələlərə dair fikirlərini ifadə edən şəxslərin nümayişdə iştirak edənlərdən daha kiçik bir qrupunun müəyyən yerdə toplaşmasıdır.

Maddə 3. Sərbəst toplaşmaq azadlığının tətbiqi

Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsində təsbit edilmiş sərbəst toplaşmaq azadlığı beynəlxalq hüquq prinsiplərinə uyğun olaraq bu Qanun əsasında tətbiq edilir. Dövlət sərbəst toplaşmaq azadlığının həyata keçirilməsi zamanı şəxslərin bərabərlik hüququna təminat verir.

Maddə 4. Bu Qanunla nizamlanmayan toplantılar

I. Aşağıdakı yerlərdə keçirilən dinc toplantılar bu Qanunla tənzimlənmir:

    • şəxslərin xüsusi mülkiyyətində, icarəsində və ya başqa növ qanuni istifadəsində olan yerlərdə;
    • ictimai tədbirlərin keçirilməsi üçün xüsusi olaraq ayrılmış qapalı yerlərdə.

II. Toplantıların aşağıdakı formaları bu Qanunla tənzimlənmir:

    • toy və dəfn mərasimləri;
    • bayram və matəm tədbirləri;
    • dini mərasimlər.

Toy və dəfn mərasimlərindən, bayram və mətam tədbirlərindən, dini mərasimlərdən yığıncaq, mitinq, nümayiş, küçə yürüşü və piket keçirilməsi üçün istifadə etmək qadağandır.

III. Bu maddənin I və II hissələrində nəzərdə tutulmuş dinc toplantıların hər bir iştirakçısı Azərbaycan Respublikası qanunvericiliyinin ümumi tələblərinə riayət etməlidir.

II fəsil. Toplantılar təşkil edilməsi qaydaları

Maddə 5. Toplantının keçirilməsi barədə xəbərdarlıq

I. Bu Qanunun 2-ci maddəsində sadalanan toplantıların hər hansı birini təşkil edən şəxs və ya şəxslər bu barədə müvafiq icra hakimiyyəti orqanını qabaqcadan yazılı surətdə xəbərdar etməlidirlər. Xəbərdarlıq nəzərdə tutulmuş toplantının keçiriləcəyi gündən azı 5 gün əvvəl təqdim edilməlidir.

II. Yazılı xəbərdarlıqda aşağıdakı məlumatlar olmalıdır:

1) keçirilməsi nəzərdə tutulmuş toplantının adı;

2) toplantının məqsədi;

3) toplantının keçirilmə yeri və vaxtı;

4) iştirakçıların təxmini sayı;

5) küçə yürüşü keçirilirsə, onun təklif edilən marşrutu (yürüşün başlanma yeri, məsafəsi və bitəcəyi yer);

6) toplantı təşkilatçılarının adı, soyadı, atasının adı və ünvanı;

7) yazılı xəbərdarlığın təqdim edildiyi tarix;

8) əlaqə telefonları və ya onlar olmadıqda əlaqə ünvanı.

III. Toplantı təşkilatçılarının hamısı yazılı xəbərdarlığı imzalamalıdırlar.

IV. Təsadüfi toplantılar üçün yazılı xəbərdarlığın təqdim edilməsi tələb olunmur. Təsadüfi toplantılar bu Qanunun 7-ci və 8-ci maddələrində müəyyən edilmiş tələblərə uyğun məhdudlaşdırıla və ya dayandırıla bilər.

Maddə 6. Toplantının təşkilatçısı

I. Yığıncağın, mitinqin, nümayişin, küçə yürüşünün və ya piketin təşkilatçısı dinc toplantını təşkil edən, adı müvafiq icra hakimiyyəti orqanına təqdim edilmiş yazılı xəbərdarlıqda göstərilən şəxsdir.

II. 18 yaşına çatmamış və ya fəaliyyət qabiliyyəti məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məhdudlaşdırılmış şəxslər dinc toplantının təşkilatçısı ola bilməzlər.

III. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər siyasi məqsədi olan dinc toplantının təşkilatçısı ola bilməzlər.

IV. Toplantı keçirmək təklifini irəli sürən siyasi partiya, ictimai birlik, həmkarlar ittifaqı təşkilatı və ya təşəbbüs qrupu həmin tədbirin təşkilatçısını təyin etməlidir.

V. Toplantının təşkilatçıları və ya onların nümayəndələri toplantıda şəxsən iştirak etməlidirlər. Bu mümkün olmadıqda təşkilatçılar və ya onların nümayəndələri toplantıya gələ bilməyəcəkləri barədə müvafiq icra hakimiyyəti orqanına tədbirin başlanmasına azı 3 saat qalmış məlumat verməli, eyni zamanda toplantı iştirakçılarını xəbərdar etməlidirlər. Bu halda toplantı keçirilə bilməz.

III fəsil. Dinc toplantının məhdudlaşdırılması və ya qadağan edilməsi əsasları və qaydası

Maddə 7. Sərbəst toplaşmaq azadlığına qoyulan qanuni məhdudiyyətlər

I. Sərbəst toplaşmaq azadlığına hər hansı məhdudiyyət yalnız Qanunla və demokratik cəmiyyətdə zəruri olan aşağıdakı mənafelərin qorunması məqsədilə qoyula bilər:

1) ictimai və dövlət təhlükəsizliyi mənafelərinin qorunması üçün;

2) ictimai asayişin pozulmasının qarşısını almaq üçün;

3) iğtişaş və ya cinayətlərin baş verməməsi üçün;

4) əhalinin sağlamlığının mühafizəsi üçün;

5) əxlaq normalarının və mənəviyyatın mühafizəsi üçün;

6) başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün.

II. Bu maddənin I hissəsində nəzərdə tutulmuş sərbəst toplaşmaq azadlığı müxtəlif formalarda, o cümlədən toplantı vaxtının və yerinin dəyişdirilməsi formasında məhdudlaşdırıla bilər.

III. Bu maddənin I hissəsində nəzərdə tutulmuş sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılması qarşıya qoyulan məqsədə mütənasib olmalıdır. Həmin məhdudiyyət qarşıya qoyulmuş məqsədə nail olmaq üçün lazımi və kifayət hədləri aşmamalıdır.

IV. Bu maddənin I hissəsində nəzərdə tutulmuş sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılması üçün görülən tədbirlər məhdudiyyətin qoyulmasına səbəb olmuş məqsədə nail olmaq üçün son dərəcə zəruri olmalıdır.

Maddə 8. Toplantının qadağan edilməsi və ya dayandırılması

I. Ayrı-seçkiliyə, ədavətə və ya zorakılığa çığırışlarla müşayiət olunan, milli, irqi və ya dini ədavəti təbliğ edən tonlantılar qadağan edilir.

II. Müharibəni təbliğ edən toplantılar qadağan edilir.

III. Siyasi məqsədlə dinc toplantı keçirmək aşağıdakı hallarda qadağan edilir:

1) Azərbaycan Respublikası prezidentinin seçkiləri (ölkə ərazisində), Azərbaycan Respublikası Milli Məclisi deputatlarının seçkiləri (ölkə ərazisində), Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatlarının seçkiləri (Naxçıvan Muxtar Respublikasının ərazisində), bələdiyyə seçkiləri (müvafiq şəhər və rayonun ərazisində) gününə 24 saat qalmışdan seçki günü səsvermə məntəqələri bağlananadək;

2) referendumun keçirildiyi günə 24 saat qalmışdan səsvermə məntəqələri bağlananadək;

3) müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müəyyən edilmiş mühüm dövlət əhəmiyyətli beynəlxalq tədbirlərə hazırlıq dövründə və onların keçirildiyi günlərdə həmin tədbirin keçirildiyi şəhər və rayonların ərazilərində.

IV. Toplantı demokratik cəmiyyətdə zəruri olan hallarda və bu Qanunun 7-ci maddəsinin I hissəsində müəyyən edilmiş məhdudiyyətlər nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının sərəncamı ilə qadağan edilə bilər.

V. Zəruri hallarda toplantı bu Qanunun 7-ci maddəsinin I hissəsində müəyyən edilmiş məhdudiyyətlər nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının sərəncamı ilə dayandırıla bilər.

VI. Bu maddənin IV və V hissələrinə uyğun olaraq toplantının qadağan edilməsi və ya dayandırılması son zərurət tədbiri sayılır və yalnız bu Qanunun 7-ci maddəsində müəyyən edilmiş məhdudiyyətlər kifayət etmədikdə tətbiq edilir.

VII. Fövqəladə vəziyyətin qüvvədə olduğu müddət ərzində onun tətbiq edildiyi ərazidə yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşləri və piketlərin keçirilməsinə qanunvericiliklə müəyyən edilmiş qaydada məhdudiyyət qoyula bilər və ya onların keçirilməsi qadağan edilə bilər.

Maddə 9. Dinc toplantının keçiriləcəyi yerin və vaxtın məhdudlaşdırılması və ya qadağan edilməsi

I. Dinc toplantının keçiriləcəyi yerə məhdudiyyətlər bu Qanunun 7-ci maddəsində müəyyən edilmiş meyarlara uyğun olaraq qoyulur.

II. Əgər toplantı təşkilatçılarının yazılı xəbərdarlığında göstərilmiş yerdə və vaxtda başqa bir tədbirin keçirilməsi təyin edilibsə, müvafiq icra hakimiyyəti orqanı təşkilatçılara başqa vaxtın və yerin müəyyən edilməsi üçün imkan verməlidir. Dəyişdirilmiş vaxt və yer haqqında yazılı xəbərdarlıq tədbirlərin yeni tarixinə azı 3 gün qalmış müvafiq icra hakimiyyəti orqanına təqdim edilməlidir.

III. Aşağıdakı yerlərdə yığıncaqların, mitinqlərin, nümayişlərin keçirilməsi qadağandır:

1) Azərbaycan Respublikasının qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının yerləşdiyi binaların ətrafında 300 metr radius çərçivəsində;

2) dəmiryolu, neft və qaz boru kəmərlərinin, yüksək gərginlikli elektrik xətlərin keçdiyi ərazilərdə;

3) xüsusi dövlət tədbirlərinin keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanıtərəfindən ayrılmış yerlərdə;

4) hərbi məqsədlər üçün istifadə olunan ərazilərdə və bu ərazilərin sərhədlərinə 300 metrdən yaxın olan yerlərdə;

5) azadlıqdan məhrum etmə yerlərinin, psixiatriya müalicə müəssisələrinin ərazilərində və bu ərazilərin sərhədlərinə 300 metrdən yaxın olan yerlərdə.

IV. Siyasi məzmunlu toplantılar ziyarətgahlarda, ibadətgahlarda və qəbristanlarda keçirilə bilməz.

V. Piket düzəldənlər 50 nəfərdən çox olmamalı və piket edilən obyektin girişinə 10 metrdən yaxın məsafədə yerləşməməli, piket edilən obyektə giriş və çıxış üçün maneələr yaratmamalı və 10 vattdan yüksək olan səs gücləndirici qurğulardan istifadə etməməlidirlər.

VI. Yığıncaqların, mitinqlərin və nümayişlərin keçirilməsi üçün hər bir şəhər və rayonda müvafiq icra hakimiyyəti orqanı xüsusi yerlər ayırmalıdır. Yığıncaqların, mitinqlərin və nümayişlərin keçirilməsi üçün ayrılmış yerlərin siyahısı yerli mətbuatda dərc edilir və başqa üsullarla əhaliyə çatdırılır. Təşkilatçılar yığıncaq, mitinq və ya nümayiş üçün ayrılmış yerlərin birini seçə bilərlər.

VII. Küçə yürüşünün təşkilatçıları onun marşrutunu müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmalıdırlar.

VIII. Toplantı yay vaxtının tətbiqi dövründə saat 8-00-dan 19-00-dək, ilin digər dövründə isə saat 9-00-dan 17-00-dək keçirilə bilər. Keçirilən hər bir toplantının vaxtı müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmalıdır.

Maddə 10. Toplantı haqqında müvafiq icra hakimiyyəti orqanının qərarlarının toplantı təşkilatçılarına çatdırılması

Toplantı haqqında bu Qanunun 7—9-cu maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının bütün qərarları tədbirin təşkilatçılarına onun keçirilməsinə azı 2 iş günü qalmış yazılı şəkildə çatdırılmalıdır. Həmin qərarlar aydın və əsaslandırılmış olmalıdır.

Maddə 11. Şikayət hüququ

Bu Qanunun 7—9-cu maddələrində nəzərdə tutulmuş bütün qərarlardan inzibati qaydada və (və ya) müvafiq məhkəməyə şikayət verilə bilər. Şikayətə məhkəmə tərəfindən 3 gün müddətində baxılmalıdır. Məhkəmənin bu cür şikayətlərə dair qərarlarından yuxarı məhkəmələrə şikayət verilə bilər.

IV fəsil. Toplantıların keçirilməsi qaydası

Maddə 12. Dinc toplantı təşkilatçılarının hüquq və vəzifələri

I. Bu Qanunun 7-ci maddəsində göstərilən hallardan başqa, dinc toplantının keçirilməsinə dair hazırlıq işlərinə məhdudiyyətlər qoyula bilməz.

II. Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq toplantı zamanı təşkilatçıların şifahi və yazılı fikir və söz azadlığı vardır. Bu azadlığın həyata keçirilməsi Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq hüquq normalarına uyğun məhdudlaşdırıla bilər.

III. Toplantının təşkilatçıları tədbirin dinc və qanuni qaydada, yazılı xəbərdarlıqda göstərilmiş və toplantıya qoyulmuş şərtlərə uyğun olaraq keçirilməsini təmin etmək üçün bütün mövcud imkanlardan istifadə etməlidirlər.

IV. Toplantı təşkilatçılarının onları fərqləndirən açıq-aşkar görünən nişanı olmalıdır.

V. Toplantı təşkilatçılarının odlu və ya soyuq silah, habelə insanların həyat və sağlamlığı üçün təhlükə yarada bilən və ya əmlaka zərər vura bilən daş-kəsək, şüşə və taxta parçaları, dəyənəklər, bədən xəsarəti yetirmək üçün xüsusi düzəldilmiş əşyalar, partlayıcı maddələr və ya pirotexnika məmulatı, güclü təsir edən, zəhərli, tez alışan və ya aşındırıcı maddələr, radioaktiv materiallar gəzdirməsi qadağandır.

VI. Bu Qanunun 8-ci maddəsinin IV hissəsində nəzərdə tutulmuş hallarda qadağan olunmuş toplantının təşkilatçısı toplantının qadağan edilməsi barədə onun iştirakçılarını xəbərdar etmək üçün bütün mövcud imkanlardan istifadə etməlidir.

VII. Bu Qanunun 8-ci maddəsinin V hissəsində nəzərdə tutulmuş hallarda sərəncamla dayandırılmış toplantının təşkilatçısı bu sərəncamın yerinə yetirilməsi üçün bütün mövcud imkanlardan istifadə etməlidir.

VIII. Toplantının təhlükəsizliyini təmin etmək dövlətin vəzifəsidir. Lakin toplantının təşkilatçıları dövlət tərəfindən təmin olunan təhlükəsizlik tədbirləri hüdudlarından çıxan toplantının təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə əvəzi ödənilmək şərti ilə əlavə polis qüvvələrinin cəlb olunması barədə müraciət edə bilərlər.

Maddə 13. Dinc toplantı iştirakçılarının hüquq və vəzifələri

I. Dinc toplantıda işitrak edən hər bir şəxs bu Qanunun 7-ci və 8-ci maddələrinə uyğun qoyulmuş məhdudiyyətlərə və şərtlərə əməl etməlidir.

II. Şəxslər toplantıda könüllü iştirak edirlər. Heç kəs toplantıda iştirak etməyə məcbur edilə bilməz. Kimi isə toplantıda iştirak etməyə məcbur edən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyət daşıyırlar.

III. Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq toplantı zamanı iştirakçıların şifahi və yazılı fikir və söz azadlığı vardır. Bu azadlığın həyata keçirilməsi Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq hüquq normalarına uyğun məhdudlaşdırıla bilər.

IV. Toplantı zamanı iştirakçılar ictimai qaydanın qorunmasına köməklik göstərməli və təşkilatçıların, habelə müvafiq icra hakimiyyəti orqanı nümayəndələrinin qanuni tələblərinə əməl etmək üçün bütün mövcud imkanlardan istifadə etməlidirlər.

V. Qanuni toplantının iştirakçısı həmin toplantıda iştirak etməsinə görə sonradan hüquqi məsuliyyətə cəlb edilə bilməz. Yalnız hüquq pozuntusuna yol vermiş qanuni toplantının iştirakçıları hüquqi məsuliyyətə cəlb edilə bilərlər.

VI. Toplantı iştirakçılarının odlu və ya soyuq silah, habelə insanların həyat və sağlamlığı üçün təhlükə yarada bilən və ya əmlaka zərər vura bilən daş-kəsək, şüşə və taxta parçaları, dəyənəklər, bədən xəsarəti yetirmək üçün xüsusi düzəldilmiş əşyalar, partlayıcı maddələr və ya pirotexnika məmulatı, güclü təsir edən, zəhərli, tez alışan və ya aşındırıcı maddələr, radioaktiv materiallar gəzdirməsi qadağandır.

VII. Toplantının iştirakçıları bu Qanunun 8-ci maddəsinin V hissəsində və 14-cü maddəsinin II hissəsində nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanının, toplantı təşkilatçılarının və ya təşkilatçıların nümayəndələrinin toplantının dayandırılması haqqında qərarından sonra dağılışmalıdırlar.

Maddə 14. Toplantının keçirilməsi ilə əlaqədar polis orqanlarının səlahiyyətləri

I. Toplantının keçirilməsi ilə əlaqədar polis orqanlarının aşağıdakı hüquqları vardır:

1) toplantının təhlükəsizliyini təmin etmək məqsədi ilə yığıncağın, mitinqin, nümayişin, küçə yürüşünün və ya piketin keçirilməsinə bir gün qalmış toplantı yerini yoxlamaq;

2) bu Qanunun 5-ci maddəsinin IV hissəsində nəzərdə tutulmuş toplantılar istisna olmaqla keçirilməsi barədə qabaqcadan yazılı xəbərdarlıq verilməyən toplantını zəruri hallarda dayandırmaq;

3) yazılı xəbərdarlıqda göstərilən şərtlərə uyğun keçirilməyən toplantını zəruri hallarda dayandırmaq;

4) toplantıya odlu və ya soyuq silah, habelə insanların həyat və sağlamlığı üçün təhlükə yarada bilən və ya əmlaka zərər vura bilən daş-kəsək, şüşə və taxta parçaları, dəyənəklər, bədən xəsarəti yetirmək üçün xüsusi düzəldilmiş əşyalar, partlayıcı maddələr və ya pirotexnika məmulatları, güclü təsir edən zəhərli, tez alışan və ya aşındırıcı maddələr, radioaktiv materiallarla gəlmiş şəxsləri saxlamaq və tədbirin keçirildiyi yerdən uzaqlaşdırmaq;

5) bu maddənin 4-cü bəndində nəzərdə tutulmuş əşya və ya maddələri gəzdirməsi barədə əsaslı şübhə doğuran adamlara şəxsi baxış keçirmək.

II. Bu Qanunun 8-ci maddəsinin I—III hissələrində nəzərdə tutulmuş qadağanların və 7-ci maddəsində, habelə 8-ci maddəsinin IV və V hissələrində nəzərdə tutulmuş sərəncamların icrası ilə əlaqədar polis orqanlarının aşağıdakı hüquqları vardır:

1) toplantının dayandırılması və dağılışması barədə təşkilatçılara və iştirakçılara məlumat vermək;

2) toplantının təşkilatçılarına və iştirakçılarına toplantının dayandırılması və iştirakçıların dağılışması üçün bütün mövcud imkanlardan istifadə etmək barədə əmr vermək;

3) toplantının dayandırılması və iştirakçıların dağılışması barədə əmrin yerinə yetirilmədiyi halda onlara qarşı güc tətbiq ediləcəyi barədə təşkilatçıları və iştirakçıları xəbərdar etmək;

4) toplantının dayandırılması və iştirakçıların dağılışması üçün müvafiq güc tətbiq etmək;

5) toplantını dayandırmaq və dağılışmaq barədə əmri yerinə yetirməyən şəxsləri saxlamaq.

III. Bu maddədə nəzərdə tutulmuş hallarda polis orqanları qayda-qanunu bərpa etmək məqsədi ilə son dərəcə zəruri olan müvafiq vasitələrdən istifadə etməlidirlər.

IV. Toplantı zamanı ictimai asayişi qorumaq, ictimai qaydanı bərpa etmək və insanların təhlükəsizliyini təmin etmək üçün daxili qoşunlardan istifadə edilə bilər.

V. Toplantının bu maddədə nəzərdə tutulan hallarda güc tətbiq edilməklə dağıdılması zamanı polis işçiləri və daxili qoşunlar əl-qolu bağlama vasitələrindən, qalxanlardan, dəyənəklərdən, su atan vasitələrdən, xüsusi təyinatlı qazlardan, rezin güllələrdən və bu məqsədlər üçün nəzərdə tutulmuş digər xüsusi vasitələrdən istifadə edə bilərlər.

VI. Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş polis orqanlarının səlahiyyəti bu Qanunla məhdudlaşdırılmır.

Maddə 15. Toplantının təşkilatçıları ilə polis orqanları arasında əməkdaşlıq

Polis orqanları və toplantının təşkilatçıları əməkdaşlıq etməlidirlər. Polis orqanları təşkilatçılara sərbəst toplaşmaq hüququnu həyata keçirməkdə bacardıqca kömək etməli, eyni zamanda toplantının təşkilatçıları polis orqanlarına ictimai asayişin qorunmasında kömək göstərməli və onların qanuni tələblərinə əməl etməlidirlər.

V fəsil. Yekun müddəaları

Maddə 16. Bu Qanunun pozulmasına görə məsuliyyət

Bu Qanunun 8-ci maddəsinin I—III hissələrinin, 12-ci maddəsinin III, V, VI və VII hissələrinin, 13-cü maddəsinin VI hissəsinin pozulmasında təqsiri olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyəti daşıyırlar.

Maddə 17. Bu Qanunun qüvvəyə minməsi

Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV.

Bakı şəhəri, 13 noyabr 1998-ci il.

№ 537-IQ.

«Azərbaycan» qəzetində dərc edilmişdir (14 noyabr 1998-ci il, № 265) («LegalActs» LLC).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 noyabr 1998-ci il, № 11, maddə 649) («LegalActs» LLC).

4 mart 2005-ci il tarixli, 856-IIQD nömrəli; 9 oktyabr 2007-ci il tarixli, 430-IIIQD nömrəli qanunlara əsasən dəyişikliklər və əlavələrlə («LegalActs» LLC).

© LegalActs LLC