О выборах Президента Азербайджанской Республики


«Azərbaycan» qəzetində dərc edilmişdir (14 iyun 1998-ci il, № 35) «Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 iyun 1998-ci il, № 6, maddə 376)

Дата релиза: 10.07.1998

Azərbaycan Respublikası Prezidentinin seçkiləri haqqında

Azərbaycan Respublikası Prezidentinin seçkiləri haqqında

Azərbaycan Respublikasının Qanunu

I fəsil. Ümumi müddəalar

Maddə 1. Azərbaycan Respublikası Prezidentinin seçkilərinin əsas prinsipləri

Azərbaycan Respublikası Prezidentinin (bundan sonra — «Prezident») seçkilərinin ümumi prinsipləri Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra — «Konstitusiya») 100-cü—103-cü maddələri ilə müəyyən edilir.

Maddə 2. Prezident seçkiləri haqqında qanunvericilik

Prezident seçkiləri haqqında qanunvericiliyin əsasını Konstitusiya, bu Qanun və digər qanunlar təşkil edir.

Maddə 3. Prezident seçkilərinin təyin edilməsi

Seçki günü Prezidentin Konstitusiya ilə müəyyən olunmuş səlahiyyət müddəti başa çatdıqdan sonra gələn birinci bazar günü hesab olunur. Prezidentin səlahiyyətlərinin icrası müddəti Prezidentin öz səlahiyyətlərinin icrasına başladığı gündən hesablanır. Seçkilərin keçirilməsi günü seçki gününə azı 100 gün qalmış Mərkəzi Seçki Komissiyası tərəfindən təyin edilir.

Prezidentin səlahiyyətlərinin icra müddəti Konstitusiyada nəzərdə tutulmuş hallarda Konstitusiyada nəzərdə tutulmuş müddətin başa çatmasına kimi bitərsə, növbədənkənar Prezident seçkiləri keçirilir. Azərbaycan Respublikası Konstitusiyasının 104-cü və 107-ci maddələrinə əsasən Konstitusiya Məhkəməsinin və ya Azərbaycan Respublikası Milli Məclisinin müvafiq qərarı qəbul edildiyi gündən başlayaraq bir həftədən gec olmayan müddətdə seçkilər Mərkəzi Seçki Komissiyası tərəfindən bazar gününə təyin edilir və 3 ay ərzində keçirilir.

Seçkilər günü haqqında qərar kütləvi informasiya vasitələrində Mərkəzi Seçki Komissiyası tərəfindən rəsmi dərc olunmalıdır.

Maddə 4. Prezident seçkilərinin keçirilməsinə dair ümumi tələblər

Prezident seçkiləri Azərbaycan Respublikasının ərazisini əhatə edən vahid seçki dairəsi üzrə keçirilir.

Prezidentin seçkilərinin hazırlanması və keçirilməsini, habelə vətəndaşların seçki hüquqlarının təmin edilməsinə nəzarəti seçki komissiyaları həyata keçirir.

Prezident seçkilərinin hazırlanması və keçirilməsində seçki komissiyaları bu Qanunla müəyyən edilmiş səlahiyyətləri daxilində dövlət hakimiyyəti və yerli özünüidarə (bələdiyyə) orqanlarından asılı deyildirlər və yalnız bu Qanuna tabedirlər.

Seçki komissiyalarının fəaliyyəti kollegiallıq əsasında qurulur və onların qərarları seçki komissiyası üzvlərinin səsverməsi yolu ilə qəbul edilir.

Maddə 5. Prezidentliyə namizədin irəli sürülməsi hüququ

Seçkilərin, seçici birliklərinin, seçici bloklarının Prezidentliyə namizədlər irəli sürmək hüququ vardır.

Maddə 6. Seçkiqabağı təşviqat hüququ

Dövlət bu Qanuna uyğun olaraq vətəndaşlara, siyasi partiyalara və ictimai birliklərə seçkiqabağı təşviqatın azad aparılmasını təmin edir.

Vətəndaşlar, siyasi partiyalar və ictimai birliklər qanunun yol verdiyi istənilən formada və üsullarla seçiciləri Prezidentliyə namizədin lehinə və ya əleyhinə səsvermədə iştirak etməyə həvəsləndirə bilərlər.

Prezidentliyə namizədlərin kütləvi informasiya vasitələrində seçkiqabağı təşviqat aparmaq hüquqları vardır. Dövlət Prezidentliyə namizədlərə dövlət kütləvi informasiya vasitələrindən istifadədə bərabər iştirak huququnu təmin edir və Azərbaycan Respublikası qanunlarına uyğun olaraq qeyri-dövlət kütləvi informasiya vasitələrindən bərabər istifadə üçün şərait yaradır.

Maddə 7. Prezident seçkilərinin maliyyələşdirilməsi

Prezident seçkilərinin hazırlanması və keçirilməsi ilə əlaqədar tədbirlərin maliyyələşdirilməsi dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir.

Prezidentliyə namizədlər seçkiqabağı təşviqatlarını maliyyələşdirmək üçün xüsusi seçki fondları təşkil edirlər.

Dövlət Prezidentliyə namizədlərin seçki fondlarına bərabər əsaslarla vəsait ayırır.

Maddə 8. Prezident seçkilərinin hazırlanması və keçirilməsində aşkarlıq

Dövlət hakimiyyəti orqanlarının, seçki komissiyalarının Prezident seçkilərinin keçirilməsinin hazırlanması ilə bağlı bütün qərarları dərc olunmalıdır və ya digər üsullarla qanunla başqa qayda nəzərdə tutulmayıbsa, gecikdirilmədən vətəndaşların nəzərinə çatdırılmalıdır.

Seçki hərəkətlərinin və seçki tədbirlərinin müddətləri Mərkəzi Seçki Komissiyası tərəfindən cədvəl şəklində bu Qanuna uyğun olaraq tərtib edilir və seçkilərə azı 100 gün qalmış kütləvi informasiya vasitələrində dərc edilir.

Maddə 9. Vətəndaşların seçki hüquqlarının pozulmasına görə məsuliyyət

Vətəndaşların seçki hüquqlarının azad həyata keçirilməsinə, seçki komissiyalarının işinə və ya seçki komissiyalarının üzvlərinin işlərinə aldatmaq, fiziki qüvvə tətbiq etmək, yaxud fiziki qüvvə tətbiq etmək hədəsi ilə təsir edən, seçki sənədlərini saxtalaşdırmaqla, o cümlədən seçkilərdə bir dəfədən artıq səs verən seçicilərin səslərini qəsdən düzgün saymamaqla və ya digər qanunsuz üsullarla mane olan, yaxud Prezidentliyə namizədlər haqqında qəsdən yalan məlumatlar yayan, namizədin şərəf və ləyaqətini ləkələyən digər hərəkətlər edən, namizədlərin vəkil etdiyi şəxslərin, müşahidəçilərin, eləcə də beynəlxalq müşahidəçilərin qanuni fəaliyyətinə mane olan, yaxud seçkiqabağı təşviqatın keçirilməsi şərtlərini pozan vətəndaşlar, o cümlədən vəzifəli şəxslər İnzibati hüquqpozmalar haqqında Azərbaycan Respublikasının Məcəlləsində və ya Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş məsuliyyətə cəlb olunurlar.

II fəsil. Prezident seçkilərinin təşkil edilməsi

Maddə 10. Prezident seçkiləri üzrə seçki komissiyalarının sistemi

Prezident seçkilərinin hazırlanması və keçirilməsini təmin edən orqanlar aşağıdakılardır:

    • Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası (bundan sonra — «Mərkəzi Seçki Komissiyası»);
    • Azərbaycan Respublikası Prezidentinin seçkiləri üzrə ərazi (rayon, şəhər, şəhərdə rayon) seçki komissiyaları (bundan sonra — «ərazi seçki komissiyası»);
    • Azərbaycan Respublikası Prezidentinin seçkiləri üzrə məntəqə seçki komissiyaları (bundan sonra — «məntəqə seçki komissiya»).

Maddə 11. Mərkəzi Seçki Komissiyasının təşkili

Mərkəzi Seçki Komissiyası müvafiq qanuna uyğun olaraq təşkil edilir.

Mərkəzi Seçki Komissiyasının üzvlərinin səlahiyyət müddətləri 9 ildir.

Mərkəzi Seçki Komissiyasının üzvlərinin 1/3 hissəsi hər üç ildən bir bərabər sayda onları təyin edən hər bir dövlət orqanı tərəfindən yenidən təyin edilir.

Bu Qanunun 26-cı, 27-ci və 28-ci maddələrində nəzərdə tutulan seçici birliyi, seçici bloku və seçicilərin təşəbbüs qrupu Mərkəzi Seçki Komissiyasında qeydə alınan andan Mərkəzi Seçki Komissiyasının tərkibinə digər üzvlərlə eyni səlahiyyətlərə malik olan bir üzv təyin edə bilər.

Bir neçə seçici birliyi, seçici bloku və ya seçicilərin təşəbbüs qrupu Prezidentliyə eyni namizədi irəli sürüblərsə, onlar öz aralarında razılaşma əsasında Mərkəzi Seçki Komissiyasına yalnız bir üzv təyin edirlər. Seçici birliyinin, seçici blokunun və ya seçicilərin təşəbbüs qrupunun Prezidentliyə irəli sürdüyü namizəd bu Qanunun 34-cü maddəsində göstərildiyi qaydada qeydiyyata alınmayıbsa və ya onun qeydiyyatı ləğv edilibsə, Mərkəzi Seçki Komissiyasının tərkibinə onların təyin etdikləri üzvlər öz səlahiyyətlərini müvafiq qərar çıxarıldığı andan itirirlər.

Digər hallarda Mərkəzi Seçki Komissiyasının tərkibinə yuxarıda göstərilən qaydada təyin edilən üzvlərin səlahiyyətləri seçki günündən sonra bir ay keçdikdə bitir.

Maddə 12. Ərazi seçki komissiyalarının təşkili

Ərazi seçki komissiyaları seçki gününə azı 70 gün qalmış 9 üzv tərkibində Mərkəzi Seçki Komissiyası tərəfindən təşkil edilir. Ərazi seçki komissiyalarının üzvləri heç bir siyasi partiyanın üzvü olmamalıdırlar. Ərazi seçki komissiyasının sədri, sədr müavinləri və katibi seçki komissiyasının üzvləri arasından gizli səsvermə yolu ilə adi səs çoxluğu ilə onun birinci iclasında seçilir. Seçki ərazilərinin hüdudları seçki gününə azı 75 gün qalmış bir qayda olaraq inzibati-ərazi vahidlərinin (rayonların, şəhərlərin, şəhərlərdə rayonların) hüdudlarına uyğun olaraq Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilir. Mərkəzi Seçki Komissiyasının qərarı ilə seçicilərin say çoxluğundan asılı olaraq bir inzibati-ərazi vahidi hüdudunda (rayonda, şəhərdə, şəhərdə rayonda) bir neçə seçki ərazisi müəyyən edilə bilər və bir neçə ərazi seçki komissiyası təşkil edilə bilər.

Ərazi seçki komissiyasının tərkibi Mərkəzi Seçki Komissiyası tərəfindən müvafiq ərazidə ictimai birliklərin, siyasi partiyaların yerli təşkilatlarının və yaşayış yeri üzrə seçicilərin yığıncağının irəli sürdükləri bir qayda olaraq ali təhsilli namizədlər arasından onun müəyyən etdiyi qaydada keçirilən püşkatma ilə müəyyən edilir. Püşkatma ictimai birliklərin, siyasi partiyaların yerli təşkilatlarının və yaşayış yeri üzrə seçicilərin yığıncaqlarının irəli sürdükləri namizədlər arasında o vaxt keçirilə bilər ki, həmin namizədlərin sayı 12-dən az olmasın. Digər halda qalan namizədlər püşkatmanın keçirilməsi üçün zəruri olan sayda Mərkəzi Seçki Komissiyası tərəfindən irəli sürülür. Ərazi seçki komissiyasının üzvlüyünə namizədlərin ictimai birliklərin, siyasi partiyaların yerli təşkilatları və seçicilərin yaşayış yeri üzrə yığıncaqları tərəfindən irəli sürülmələri haqqında sənədlərin nümunələri Mərkəzi Seçki Komissiyası tərəfindən seçki gününə azı 80 gün qalmış təsdiq edilir.

Ərazi seçki komissiyalarının üzvləri Mərkəzi Seçki Komissiyasından müvafiq vəsiqə alırlar. Prezidentliyə namizəd irəli sürmüş hər bir seçici birliyi, seçici bloku və seçicilərin təşəbbüs qrupu ərazi seçki komissiyasının tərkibinə digər üzvlərlə eyni səlahiyyətlərə malik olan bir üzv təyin edə bilər. Həmin üzvlərə bu Qanunun 11-ci maddəsinin beşinci hissəsində göstərilən qayda şamil edilir.

Maddə 13. Məntəqə seçki komissiyalarının təşkili

Məntəqə seçki komissiyaları müvafiq ərazi seçki komissiyaları tərəfindən 7 üzvdən ibarət tərkibdə seçki gününə azı 44 gün qalmış təşkil edilir.

Məntəqə seçki komissiyalarının üzvləri heç bir siyasi partiyanın üzvü olmamalıdırlar.

Məntəqə seçki komissiyalarının tərkibinə ərazi seçki komissiyası tərəfindən müvafiq ərazidə ictimai birliklərin, siyasi partiyaların yerli təşkilatlarının və yaşayış yeri üzrə seçkilərin yığıncağının irəli sürcükləri bir qayda olaraq ali təhsilli namizədlər arasından Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi qaydada keçirilən püşkatma yolu ilə müəyyən edilir. Püşkatma ictimai birliklərin, siyasi partiyaların yerli təşkilatlarının və yaşayış yeri üzrə seçicilərin yığıncaqlarının irəli sürdükləri namizədlər arasında o vaxt keçirilə bilər ki, həmin namizədlərin sayı 12-dən az olmasın. Digər halda qalan namizədlər püşkatmanın keçirilməsi üçün zəruri olan sayda müvafiq ərazi seçki komissiyası tərəfindən irəli sürülür. Məntəqə seçki komissiyasının üzvlüyünə namizədlərin, ictimai birliklərin, siyasi partiyaların yerli təşkilatlarının və seçicilərin yaşayış yeri üzrə yığıncaqları tərəfindən irəli sürmələri haqqında sənədlərin nümunələri Mərkəzi Seçki Komissiyası tərəfindən seçki gününə azı 80 gün qalmış təsdiq edilir.

Məntəqə seçki komissiyasının sədri, sədr müavini və katibi həmin komissiyanın üzvlərindən onun birinci iclasında adi səs çoxluğu ilə gizli səsvermə yolu ilə seçilirlər.

Azərbaycan Respublikasının dövlət bayrağı altında üzən gəmilərdə yaradılmış seçki məntəqələrində məntəqə seçki komissiyası gəminin kapitanı tərəfindən bu Qanunla müəyyən olunmuş müddətdə, müstəsna hallarda isə seçki gününə azı 5 gün qalmış müddətdə yaradılır.

Azərbaycan Respublikasının ərazisindən kənarda məntəqə seçki komissiyası müvafiq diplomatik nümayəndəliyin, konsul idarəsinin rəhbərləri tərəfindən yaradılır.

Məntəqə seçki komissiyasının üzvləri Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilmiş qaydada müvafiq vəsiqə alırlar.

Prezidentliyə namizəd irəli sürmüş hər bir seçici birliyi, seçici bloku və seçicilərin təşəbbüs qrupu məntəqə seçki komissiyasının tərkibinə digər üzvlərlə eyni səlahiyyətlərə malik olan bir üzv təyin edə bilər, həmin üzvlərə bu Qanunun 11-ci maddəsinin beşinci hissəsində göstərilən qayda şamil edilir.

Hər bir ictimai birliyin (təşkilatın), seçici birliyinin, seçici blokunun, seçicilərin təşəbbüs qrupunun müvafiq seçki məntəqələrində səs vermə başlanan andan səsvermənin nəticələrin rəsmiləşdirilməsi daxil olmaqla səsvermə otağında bir müşahidəçi təyin etmək hüququ vardır.

Maddə 14. Mərkəzi Seçki Komissiyasının səlahiyyətləri

Mərkəzi Seçki Komissiyası Prezident seçkilərinin hazırlanması və keçirilməsində qanunla müəyyən olunmuş qaydada aşağıdakı səlahiyyətləri həyata keçirir:

    • Prezident seçkiləri üzrə seçki komissiyalarının fəaliyyətinə rəhbərlik edir;
    • Prezident seçkilərinin hazırlanması və keçirilməsinin qanuniliyinə nəzarət edir və qanunun eyni cür tətbiqini təmin edir;
    • Prezident seçkilərinin hazırlanması və keçirilməsini həyata keçirən seçki komissiyaları üçün seçki qanununun tətbiqinə aid məcburi olan təlimatlar və digər normativ aktlar qəbul edir;
    • ərazi və məntəqə seçki komissiyalarının tərkiblərinin müəyyən edilməsi üçün bu Qanuna müvafiq olaraq irəli sürülmüş komissiya üzvlüyünə namizədlər arasında püşk atmanın qaydasını müəyyən edir;
    • seçicilərin təşəbbüs qrupunu, seçici birliyini, seçici blokunu qeydiyyata alır;
    • Prezidentliyə namizədlərə və onların vəkil edilmiş şəxslərini qeydiyyata alır;
    • Prezidentliyə namizədləri və onların vəkil edilmiş şəxslərinə müəyyən olunmuş nümunədə vəsiqə verir;
    • Prezidentliyə bütün namizədlərə seçkiqabağı fəaliyyət üçün bərabər hüquqi şərait təmin edir;
    • icra hakimiyyəti orqanlarından seçkilərin hazırlanması və keçirilməsi ilə əlaqədar bu Qanuna əsasən zəruri olan məlumatları alır;
    • seçki bülleteninin, seçicilərin siyahılarının və digər seçki sənədlərinin nümunələrini müəyyən edir;
    • seçki bülleteninin dövlət dilində mətnini təsdiq edir;
    • seçki məntəqələrinin nömrələnməsinin vahid qaydasını müəyyən edir;
    • seçki komissiyalarının möhürlərinin nümunələrini təsdiq edir və seçki sənədlərinin paylanması və saxlanması qaydalarını müəyyən edir;
    • seçkilərin hazırlanması və keçirilməsinə büdcədən ayrılmış vəsaiti bölüşdürür, vəsaitlərin təyinatı üzrə xərclənməsinə nəzarət edir, seçki komissiyalarının səlahiyyət müddətlərində fəaliyyətlərini təmin edir;
    • seçki komissiyalarının müvafiq otaqlarla, nəqliyyatla, rabitə ilə təmin olunmaların nəzarət edir və seçkilərin digər maddi-texniki təminatı məsələlərini həll edir;
    • aşağı seçki komissiyalarının qərar və hərəkətlərindən verilən şikayətlərə (ərizələrə) baxır və bu şikayətlər (ərizələr) üzrə əsaslandırılmış qərarlar qəbul edir;
    • səsvermə nəticələrinin hazırlanmasının vahid qaydasını müəyyən edir;
    • Prezident seçkilərinin nəticələrini müəyyən edir;
    • seçkilərin hazırlanması və keçirilməsi ilə əlaqədar sənədləri dövlət arxivinə verir;
    • Prezident seçkiləri üzrə təkrar səsvermə keçirilməsini təşkil edir;
    • təkrar Prezident seçkiləri keçirilməsini təşkil edir;
    • bu Qanuna müvafiq olaraq digər səlahiyyətləri həyata keçirir.

Maddə 15. Ərazi seçki komissiyalarının səlahiyyətləri

Ərazi seçki komissiyaları Prezident seçkilərinin hazırlanması və keçirilməsi zamanı qanunla müəyyən olunmuş qaydada aşağıdakı səlahiyyətləri həyata keçirirlər:

    • müvafiq ərazidə Prezident seçkilərinin hazırlanması və keçirilməsi üzrə nəzarəti həyata keçirir və əhaliyə məntəqə seçki komissiyalarının ünvan və telefon nömrələri barədə məlumat verir;
    • müvafiq ərazidə məntəqə seçki komissiyalarının fəaliyyətini əlaqələndirir, onların qərar və fəaliyyətindən daxil olan şikayətlərə (ərizələrə) baxır, bu ərizələr üzrə əsaslandırılmış qərarlar qəbul edir;
    • seçkilərin hazırlanması və keçirilməsi üçün ayrılmış pul vəsaitinə sərəncam verir, həmin vəsaiti məntəqə komissiyaları arasında bölüşdürür;
    • müvafiq ərazidə Prezidentliyə namizədlər üçün bərabər seçkiqabağı fəaliyyət şəraiti təşkil edir;
    • məntəqə seçki komissiyalarına seçki bülletenlərinin və digər sənədlərin çatdırılmasını təşkil edir;
    • məntəqə seçki komissiyalarına seçki məntəqələrində səsvermənin keçirilməsi işində təşkilati-texniki köməklik göstərir;
    • müvafiq ərazidə Prezident seçkiləri üzrə səsvermənin nəticələrini müəyyən edir və bu barədə kütləvi informasiya vasitələrinə məlumat verir, səsvermənin nəticələri haqqında protokolları Mərkəzi Seçki Komissiyasına təqdim edir;
    • seçkilərin hazırlanması və keçirilməsi ilə əlaqədar ənədlərin Mərkəzi Seçki Komissiyasına verilməsini təmin edir;
    • bu Qanuna uyğun olaraq digər səlahiyyətləri həyata keçirir.

Ərazi seçki komissiyalarının səlahiyyət müddətləri Prezident seçkilərinin nəticələri rəsmi dərc olunandan sonra başa çatır.

Maddə 16. Məntəqə seçki komissiyalarının səlahiyyətləri

Məntəqə seçki komissiyaları aşağıdakı səlahiyyətləri həyata keçirir:

    • məntəqə seçki komissiyalarının ünvanı, iş vaxtı, həmçinin səsvermə günü və yeri haqqında əhaliyə məlumat verir;
    • seçki məntəqələri üzrə seçicilərin siyahısını tərtib edir;
    • seçici siyahısı ilə seçiciləri tanış edir, seçici siyahılarında yol verilmiş yanlışlıq və səhvlərə aid şikayətlərə (ərizələrə) baxır, siyahılarda müvafiq düzəlişlər aparır;
    • səsvermə keçirilməsi üçün seçki qutuları və digər ləvazimat olan ayrıca yer hazırlayır;
    • seçki məntəqələrinin ərazisində seçkiqabağı təbliğat vasitələrinin düzgün yerləşdirilməsinə nəzarət edir;
    • seçki günü seçki məntəqəsində səsverməni təşkil edir;
    • Prezident seçkiləri üzrə seçki məntəqəsində səsləri hesablayır;
    • bu Qanunun pozulmasına aid şikayətlərə (ərizələrə) baxır və əsaslandırılmış qərar qəbul edir;
    • bu Qanunun pozulmasına aid şikayətlərə (ərizələrə) baxır və əsaslandırılmış qərar qəbul edir;
    • bu Qanuna uyğun olaraq digər səlahiyyətləri həyata keçirir.

Məntəqə seçki komissiyasının səlahiyyət müddəti Prezident seçkilərinin nəticələri rəsmi dərc olunandan sonra başa çatır.

Maddə 17. Seçki komissiyası üzvünün statusu

Seçki komissiyasının üzvü həlledici səs hüququna malik olub, seçki komissiyasının bütün iclaslarında iştirak etməlidir.

Prezidentliyə namizədlər, Prezidentliyə namizədlərin yaxın qohumları, onların vəkil edilmiş şəxsləri, birbaşa tabeçiliyində olan şəxslər seçkilərin təşəbbüs qruplarının, seçici birliklərinin, seçici bloklarının səlahiyyətli nümayəndələri və müşahidəçilər seçki komissiyasının tərkibində ola bilməzlər.

Seçki komissiyasının üzvü:

    • müvafiq seçki komissiyasının iclasları haqqında qabaqcadan xəbərdar edilir;
    • seçki komissiyasının iclasında iştirak edir, komissiyanın səlahiyyətlərinə aid olan məsələlər barədə təkliflər verir, bu məsələlər üzrə səsvermədə iştirak edir;
    • seçki komissiyası iclaslarının digər iştirakçılarına iclasın gündəliyinə daxil edilmiş məsələlər üzrə suallar verə bilər, bu suallara mahiyyət üzrə cavab ala bilər;
    • müvafiq və aşağı seçki komissiyalarının hər hansı bir sənədi ilə tanış olmaq hüququna malik olub, bu sənədlərin təsdiq edilmiş surətlərini ala bilər.

Aşağıdakı hallarda seçki komissiyasının üzvü onu təyin edən orqanın qərarı ilə üzvlükdən vaxtından əvvəl azad edilə bilər:

    • öz səlahiyyətlərindən yazılı surətdə imtina etdikdə;
    • Azərbaycan Respublikası vətəndaşlığını itirdikdə;
    • siyasi partiyanın üzvü olduqda;
    • haqqında məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü olduqda;
    • fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi və ya xəbərsiz itkin düşmüş və ya ölmüş elan edilməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda.

Seçkilərin hazırlanması və keçirilməsi dövründə əsas işindən azad edilmiş seçki komissiyasının üzvünün əmək haqqı seçkilər üçün ayrılmış dövlət vəsaiti hesabına ödənilir.

Səlahiyyətləri müddətində seçki komissiyasının üzvü işə götürənin təşəbbüsü ilə tutduğu vəzifəsindən çıxarıla və ya özünün razılığı olmadan başqa işə keçirilə bilməz.

Seçki komissiyasının üzvü seçkilərin keçirilməsi dövründə müvafiq ərazi prokurorunun razılığı olmadan cinayət məsuliyyətinə cəlb edilə bilməz və yaxud məhkəmə qaydasında müəyyən edilən inzibati tənbeh tədbirlərinə məruz qala bilməz.

Seçki komissiyalarının üzvlərinin seçkilər dövründə ölkə ərazisində gediş-gəliş üçün və hər cür ictimai nəqliyyatdan pulsuz istifadə hüququ vardır (taksi və sifarişli reyslər istisna olmaqla). Ölkə ərazisində gediş-gəliş xərcləri Mərkəzi Seçki Komissiyası tərəfindən ayrılmış vəsait hesabına ödənilir.

Bu Qanuna uyğun olaraq Mərkəzi Seçki Komissiyasına təyin edilən müşahidəçilərin səlahiyyətləri Prezident seçkilərinin nəticələrinin rəsmi dərcindən 30 gün sonra başa çatır.

Ərazi və məntəqə seçki komissiyalarına bu Qanuna uyğun olaraq təyin edilən müşahidəçilərin səlahiyyət müddəti bu seçki komissiyalarının səlahiyyəti ilə eyni vaxtda başa çatır.

Maddə 18. Seçki komissiyalarının fəaliyyətində aşkarlıq. Prezident seçkilərində müşahidəçilərin iştirakı

Seçki komissiyalarının fəaliyyəti aşkar və açıq həyata keçirilir.

Seçki komissiyalarının iclasında seçicilərin təşəbbüs qruplarının, seçici birliklərinin, seçici bloklarının, ictimai birliklərin (təşkilatların) və xarici ölkələrin, o cümlədən beynəlxalq təşkilatların müşahidəçilərinin və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etmək hüququ vardır.

Seçki komissiyaları namizədlərin qeydiyyatının nəticələri, onların tərcümeyi-halı, hər bir namizədə səs verilməsinin nəticələri, həmçinin Prezident seçkilərinin nəticələri haqqında vətəndaşlara məlumat verirlər.

Seçki komissiyalarının iclaslarını həm daxili müşahidəçilərin (seçicilərin təşəbbüs qruplarının, seçici birliklərinin, seçici bloklarının, ictimai birliklərin (təşkilatların) müşahidəçilərinin), həm də xarici ölkələrin, o cümlədən beynəlxalq təşkilatların müşahidəçilərinin müşahidə etmək hüquqları vardır.

Səsvermə günü məntəqə seçki komissiyalarının öz işinə başladıqları vaxtdan səsvermənin nəticələrinə dair sənədlərin rəsmiləşdirilməsi daxil olmaqla seçki məntəqələrində həm daxili müşahidəçilərin (seçicilərin təşəbbüs qruplarının, seçki birliklərinin, seçici bloklarının, ictimai birliklərin (təşkilatların) müşahidələrinin), həm də xarici ölkələrin, o cümlədən beynəlxalq təşkilatların müşahidəçilərinin (bundan sonra — «beynəlxalq müşahidəçilər»), həmçinin kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etmək hüququ vardır.

Seçicilərin təşəbbüs qruplarının, seçici birliklərinin, seçici bloklarının, ictimai birliklərin (təşkilatların) müşahidəçilərinin və beynəlxalq müşahidəçilərin seçkiləri müşahidə etməkdə bərabər hüquqları vardır və onlar bərabər vəzifələr daşıyırlar.

Seçicilərin təşəbbüs qrupları və ya seçici birlikləri, seçici blokları, ictimai birliklər (təşkilatlar) onların mənafeyini ifadə edən müşahidəçinin səlahiyyətlərini yazılı sənədlə təsdiq etməli və bu sənəddə müşahidəçinin soyadı, adı, atasının adı, yaşayış yeri, onun göndəriləcəyi seçki məntəqəsinin nömrəsi (seçki məntəqələrinin nömrələri) göstərilməlidir.

Bu sənəd şəxsiyyət vəsiqəsi (pasportla) birlikdə təqdim edildikdə etibarlıdır. Müşahidəçinin seçki məntəqəsinə göndərilməsi haqqında qabaqcadan xəbərdarlıq etmək tələb olunmur.

Müşahidəçinin seçki məntəqəsi üzrə aşağıdakı hüquqları da vardır:

    • səhhətinə və ya digər üzürlü səbəblərdən səsvermə yerinə gələ bilməyən seçicilərin səs verməsində iştirak etmək;
    • seçici siyahıları ilə tanış olmaq;
    • məntəqə seçki komissiyasına təklif və iradlarla müraciət etmək;
    • məntəqə seçki komissiyasının və onun üzvlərinin hərəkətindən (hərəkətsizliyindən) ərazi seçki komissiyasına şikayət etmək.

Məntəqə seçki komissiyasının işinə müdaxilə etməyə icazə verilmir.

Müşahidəçilərin irad və təkliflərinə məntəqə seçki komissiyasının sədri tərəfindən, zəruri hallarda isə məntəqə seçki komissiyasının iclaslarında baxılır.

Maddə 19. Seçki komissiyalarının fəaliyyətinin təşkili

Mərkəzi Seçki Komissiyasının iclasında onun üzvlərinin azı üçdə iki hissəsindən az olmayan sayda üzvü iştirak edərsə, iclas səlahiyyətlidir.

Digər seçki komissiyalarının iclasında üzvlərin yarısından çoxu iştirak edərsə, iclas səlahiyyətli hesab olunur. Seçki komissiyasının iclasında qərar qəbul edilərkən əleyhinə və lehinə verilən səslərin sayı bərabər olarsa, seçki komissiyasının sədrinin səsi həlledici sayılır. Seçki komissiyasının sədri son növbədə səs verir.

Seçki komissiyalarının öz səlahiyyətləri daxlində qəbul etdikləri qərarlar aşağı seçki komissiyaları üçün məcburidir.

Prezidentliyə namizədin qeydə alınması, Prezidentliyə namizədin qeydiyyatının ləğv edilməsi, seçkilərin hazırlanması və keçirilməsinin maliyyə təminatı, seçkilərin nəticələrinin müəyyən edilməsi, seçkilərin etibarlı və ya etibarsız olmasının müəyyənləşdirilməsi, təkrar səsvermənin keçirilməsi və ya təkrar seçkilərin keçirilməsi haqqında Mərkəzi Seçki Komissiyasının qərarı komissiyanın üzvlərinin ümumi səs çoxluğu ilə qəbul edilir.

Digər seçki komissiyalarının sədrlərinin, sədr müavinlərinin, katiblərinin seçilməsi, seçkilərin hazırlanması və keçirilməsinin maliyyə təminatı, səsvermənin nəticələrinin müəyyən edilməsi barədə qərarları seçki komissiyalarının üzvlərinin ümumi səs çoxluğu ilə qəbul edilir.

Seçki komissiyasının birinci iclasına yaşca ən qocaman seçki komissiyasının üzvü sədrlik edir və ona bu maddənin ikinci hissəsinin tələbləri şamil edilir.

Seçki komissiyalarının başqa məsələlərə aid qərarları seçki komissiyalarının iclasında iştirak edən üvlərin səs çoxluğu ilə qəbul edilir.

Seçki komissiyasının iclası haqqında seçki komissiyasının üzvləri seçki komissiyasının katibi tərəfindən iclasın keçirilməsinə azı 48 saat qalmış xəbərdar edilirlər.

Seçki komissiyalarının qərarları seçki komissiyasının sədri və katibi tərəfindən imzalanır.

Seçki komissiyasının qərarı ilə razı olmayan komissiya üzvünün yazılı surətdə xüsusi rəyini ifadə etmək hüququ vardır. Seçki komissiyasının sədri bu rəyi yuxarı seçki komissiyasına sekçi gününə azı 3 gün qalmış, seçki günü isə təcili çatdırmalıdır. Seçki komissiyasının qanunvericiliyə zidd və müəyyən olunmuş səlahiyyətlərini aşmaqla qəbul etdiyi qərarlar yuxarı seçki komissiyası və ya müvafiq məhkəmə tərəfindən ləğv oluna bilər.

Seçki komissiyasının iclası komissiyanın sədri və ya onun tapşırığı ilə müavini tərəfindən çağırılır və keçirilir.

Seçki komissiyalarının iclaslarında şikayətlərə (ərizələrə) baxılarkən maraqlı tərəfin nümayəndələri iştirak edə bilərlər.

Seçki komissiyasının katibliyinin işçiləri Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilmiş qaydada işə götürülürlər.

Seçki komissiyasının üzvlərinin və katibliyin işçilərinin əmək haqqı seçki komissiyalarının fəaliyyəti üçün ayrılan vəsait həddində Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi qaydada və məbləğdə ödənilir.

Seçki komissiyaları seçkilərin hazırlanması və keçirilməsi dövründə onlara ayrılmış büdcə vəsaiti həddində müvəqqəti olaraq ştatlar yarada bilərlər.

Maddə 20. Seçki komissiyalarının fəaliyyətinə kömək edilməsi

Dövlət hakimiyyəti orqanları, bələdiyyə orqanları, ictimai birliklər, müəssisələr, idarələr və təşkilatlar, həmçinin onların vəzifəli şəxsləri seçki komissiyalarına onların səlahiyyətlərini həyata keçirməkdə kömək etməli, o cümlədən seçki komissiyalarının müraciətlərinə 5 gün müddətində, təxirəsalınmaz hallarda isə seçki günü cavab verməli və onların müraciətlərinə əsasən onları lazımi məlumatla təmin etməlidirlər.

Maddə 21. Seçki komissiyalarının qərar və hərəkətlərindən şikayət

Mərkəzi Seçki Komissiyasının və onun vəzifəli şəxslərinin qərarlarından (aktlarından) və qanuna zidd hərəkətlərindən (hərəkətsizliyindən) bu Qanunda başqa müddət nəzərdə tutulmayıbsa, 3 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinə şikayət edilə bilər.

Seçki komissiyalarının və onların vəzifəli şəxslərinin qərarlarından (aktlarından) və qanuna zidd hərəkətlərindən (hərəkətsizliyindən) bu Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, 3 gün müddətində yuxarı seçki komissiyasına və ya müvafiq məhkəməyə şikayət edilə bilər. Eyni şikayət üzrə seçki komissiyası və müvafiq məhkəmə bir-birindən mahiyyətcə fərqli qərar qəbul edərlərsə, Azərbaycan Respublikası qanunlarına uyğun olaraq məhkəmənin qərarı daha yüksək hüquqi qüvvəyə malikdir.

Məhkəməyə müraciət etmək üçün əvvəlcədən yuxarı seçki komissiyasına müraciət etmək məcburi deyildir.

Məhkəməyə daxil olmuş şikayətlərə (ərizələrə) bu Qanunla müəyyən olunmuş müddətinlərdə baxılır.

Seçkilərin gedişində yuxarı seçki komissiyasına daxil olmuş şikayətlərə (ərizələrə) daxil olma vaxtından 5 gün müddətində, təxirəsalınmaz halda isə seçki günü baxılır və qərar çıxarılır.

Şikayətdə (ərizədə) olan xüsusatlar əlavə yoxlama tələb edirsə, onda bu şikayətə (ərizəyə) 10 gün müddətində baxılır.

Yuxarı seçki komissiyası şikayətin (ərizənin) mahiyyəti üzrə müstəqil qərar qəbul edə bilər və belə halda, lazım olarsa aşağı seçki komissiyasının qərarını ləğv edə bilər.

Məhkəmə və prokurorluq orqanları şikayətlərə (ərizələrə) vaxtında, o cümlədən bazar günlərindən baxmalıdırlar.

Maddə 22. Seçki məntəqələrinin təşkili

Prezident seçkilərində seçicilərin səs verməsinin keçirilməsi və səslərin hesablanmasını təşkil etmək üçün seçki məntəqələri yaradılır.

Seçki məntəqələri yerli şəraiti nəzərə almaqla seçicilər üçün maksimum rahatlıq yaratmaq məqsədi ilə müvafiq ərazi seçki komissiyası tərəfindən seçki gününə azı 50 gün qalmış təşkil edilir.

Seçki məntəqələri aşağıdakı tələblər nəzərə almaqla yaradılır:

    • hər seçki məntəqəsi 50-dən az olmayan və 1500-dən çox olmayan sayda seçicini əhatə etməlidir;
    • sanatoriyalarda, istirahət evlərində, xəstəxanalarda, digər stasionar müalicə-profilaktika müəssisələrində, seçicilərin digər müvəqqəti məskunlaşma yerlərində, gediş-gəliş çətin olan yaşayış yerlərində, Azərbaycan Respublikasının dövlət bayrağı altında üzən gəmilərdə seçki məntəqələri qanunla müəyyən olunmuş müddətdə, müstəsna hallarda isə seçki gününə 5 gün qalmış təşkil edilməlidir.

Hərbi qulluqçular ümumi seçki məntəqələrində səs verir, əhalinin yaşayış yerindən uzaq olan hərbi hissələrdə müstəsna hal kimi hərbi qulluqçular üçün seçki məntəqələrinin yaradılmasına icazə verilir. Bu halda hərbi hissə komandiri müvafiq seçki komissiyasının qərarı ilə seçki məntəqəsi yaradır.

Yuxarı seçki komissiyası üzvlərinə, seçici birliklərinin, seçici bloklarının, seçicilərin təşəbbüs qruplarının müşahidələrinə və beynəlxalq müşahidəçilərə müvafiq vəsiqələrini təqdim etməklə səsvermə otağına buraxılış təmin olunmalıdır.

Xarici dövlətin ərazisində yaşayan Azərbaycan Respublikası vətəndaşları üçün seçki məntəqələrini Azərbaycan Respublikasının müvafiq diplomatik nümayəndəliyi və ya konsul idarələrinin rəhbərləri yaradırlar.

Seçki məntəqələrinin siyahısı onların yeri, ünvanı, telefon nömrələri, onların ərazi sərhədləri göstərilməklə, seçki gününə azı 40 gün qalmış yerli kütləvi informasiya vasitələrində dərc olunur.

Maddə 23. Seçici siyahısı və onun tərtib edilmə qaydası

Seçici siyahısını müvafiq icra hakimiyyəti orqanının müəyyən olunmuş formada təqdim etdiyi məlumat əsasında məntəqə seçki komissiyası tərtib edir.

Qeydə alınmış seçicilər haqqında məlumatın hər il yanvarın 1-nə və iyulun 1-nə olan vəziyyət üçün vaxtaşırı dəqiqləşdirilməsini müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Müvafiq icra hakimiyyəti orqanı seçicilər haqqında məlumatları seçki gününə azı 40 gün qalmış məntəqə seçki komissiyasına göndərir.

Seçici siyahısı seçicilərin ünvanları əsasında əlifba sırası ilə və ya digər qaydada (əhalinin yaşayış məntəqəsi, küçələr, evlər) tərtib olunur.

Hərbi hissədə hərbi qulluqçu olan seçicilərin siyahısı, hərbi hissənin yerləşdiyi ərazidə yaşayan onların ailə üzvlərinin və digər seçicilərin siyahısı hərbi hissənin komandiri tərəfindən bu Qanunla müəyyən olunmuş müddətdə və qaydada tərtib edilir.

Hərbi hissədən kənarda yaşayan hərbi qulluqçular yaşayış yeri üzrə seçici siyahısına ümumi əsaslarla daxil edilirlər. Seçki günü sanatoriyalarda, profilaktoriyalarda, istirahət evlərində, xəstəxanalarda, stasionar müalicə-profilaktika müəssisələrində, digər müvəqqəti məskunlaşma yerlərində olan seçicilərin seçici siyahıları bu müəssisələrin rəhbərləri tərəfindən tərtib edilir.

Azərbaycan Respublikasının bayrağı altında üzən gəmidə yaradılmış seçki məntəqələrində seçici siyahıları gəminin kapitanı tərəfindən hazırlanır.

Azərbaycan Respublikasının hüdudlarından kənarda yaradılmış seçki məntəqələrində seçici siyahıları Azərbaycan Respublikasının müvafiq diplomatik nümayəndəliyinin, konsul idarəsi rəhbərlərinin verdiyi məlumatlar əsasında hazırlanır.

Seçici siyahıları Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi formada 3 nüsxədən ibarət tərtib edilir və məntəqə seçki komissiyasının sədri və katibi tərəfindən imzalanır. Seçici siyahısının 2 nüsxəsi məntəqə seçki komissiyasında qalır. Üçüncü nüsxə isə seçki gününə azı 16 gün qalmış müvafiq ərazi seçki komissiyasına verilir.

Maddə 24. Vətəndaşların seçici siyahılarına daxil edilməsi qaydası

Seçici siyahılarına Azərbaycan Respublikası Konstitusiyasının 56-cı maddəsinə uyğun olaraq seçki hüququ olan, 18 yaşına çatmış və yaşı 18-dən yuxarı olan Azərbaycan Respublikasının vətəndaşları daxil edilirlər. Vətəndaşların seçici siyahısına daxil edilməsi əsası kimi onların sərbəst hərəkət etmələri, yaşayış yerini azad seçmələri hüququnu müəyyən edən qanuna uyğun olaraq müvafiq seçki məntəqəsinin ərazisində yaşamaları faktı götürülür.

Seçici bir seçki məntəqəsi üzrə seçici siyahısına daxil edilməlidir. Seçicinin yalnız bir seçki məntəqəsi üzrə seçici siyahısına daxil edilməsi üzərində nəzarəti öz səlahiyyətləri daxilində müvafiq seçki komissiyaları həyata keçirir.

Seçki günü sanatoriyalarda, profilaktoriyalarda, istirahət evlərində, xəstəxanalarda, digər stasionar müalicə-profilaktik müəssisələrində və ya başqa müvəqqəti məskunlaşma yerlərində olan seçicilər olduqları yer üzrə seçici siyahısına daxil edilir. Yataqxanalarda yaşayıb əyani təhsil alan tələbə və aspirantlar seçici siyahılarına yataqxanada daxil edilirlər. Azərbaycan Respublikasının hüdudlarından kənarda yaradılan seçki məntəqəsi üzrə seçici siyahılarına xaricdə yaşayan Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasının pasportunu daşıyan uzunmüddətli ezamiyyətdə olan vətəndaşlar daxil edilir.

Xüsusi dəvətlə xidməti ezamiyyətdə, işgüzar və gəzinti məqsədi ilə xarici dövlətin ərazisində olan Azərbaycan Respublikasının pasportunu daşıyan vətəndaşı burada məntəqə seçki komissiyasına müraciət edərsə, seçicilərin siyahısına əlavə olaraq daxil edilir.

Seçici siyahıları seçki gününə azı 30 gün qalmış məntəqə seçki komissiyası tərəfindən təsdiq edilirlər. Seçki məntəqəsinin ərazisində məskunlaşmış seçicilər seçki siyahısı ilə tanışlıqdan sonra hər hansı səbəbə görə seçici siyahısına daxil edilməyibsə, onun bu ərazi üzrə yaşaması və şəxsiyyətini təsdiq edən sənədlər (şəxsiyyət vəsiqəsi və pasport) əsasında məntəqə seçki komissiyası tərəfindən əlavə seçici siyahısına daxil edilir.

Maddə 25. Seçicilərin seçici siyahıları ilə tanış edilməsi

Seçici siyahıları seçki gününə azı 30 gün qalmış ümumi tapşırıq üçün təqdim olunur. Seçici siyahılarının yerləşdirildiyi yer seçicilərin onlarla tanış olmaları üçün əlverişli olmalıdır.

Hər bir vətəndaşın seçici siyahısına daxil edilməməsi, həmçinin siyahıdakı qüsur və səhvlər haqqında məntəqə seçki komissiyasına məlumat vermək hüququ vardır.

Məntəqə seçki komissiyası şikayətdə (ərizədə) olan məlumatı yoxlamalı, qüsur və nöqsanları aradan qaldırmalı və ya 24 saat ərzində şikayətin (ərizənin) rədd edilməsi əsaslarını göstərməklə seçiciyə yazılı cavab verməlidir.

Məntəqə seçki komissiyasının qərarından yuxarı seçki komissiyasına və ya məhkəməyə şikayət verilə bilər. Belə hallarda, məhkəmə şikayətə (ərizəyə) 3 gün müddətində, seçki günü isə təxirəsalınmadan baxmalıdır.

Şikayət (ərizə) müəllifinin seçici siyahısında düzəliş barədə əldə etdiyi qərar məntəqə seçki komissiyası tərəfindən təxirəsalınmadan icra edilir.

Seçicilərin səslərinin hesablanmasından sonra seçici siyahılarına dəyişiklik etmək qadağandır.

III fəsil. Seçici birlikləri, seçici blokları və seçicilərin təşəbbüs qrupları

Maddə 26. Seçici birliyi anlayışı

Siyasi partiyalar Prezident seçkilərində ümumi siyasi ideyaları və məqsədləri olan, ölkənin siyasi həyatında iştirak edən seçicilərin birlikləri (seçici birlikləri) kimi iştirak edirlər. Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq yaranan və seçkilər gününə azı 6 ay qalmış müvafiq icra hakimiyyəti orqanında qeydiyyat haqqında müəyyən edilmiş şəhadətnamə alan, Prezident seçkilərində iştirak niyyətində olan siyasi partiya Mərkəzi Seçki Komissiyasında seçici birliyi kimi qeydiyyatdan keçməlidir.

Seçici birliyinin yaradılması haqqında siyasi partiyanın qərarının Mərkəzi Seçki Komissiyasına təqdim edilən gündən başlayaraq seçici birliyi 3 gün ərzində qeydə alınır.

Seçici birliyinin qeydiyyatı haqqında sənəd partiyanı təmsil edən və qanunvericiliklə müəyyən olunmuş qaydada təsdiq edilmiş etibarnaməsi olan seçici birliyini təmsil edən səlahiyyətli nümayəndəyə verilir.

Maddə 27. Seçici bloku

Seçici blokunu bu Qanunun 26-cı maddəsində nəzərdə tutulmuş qaydada seçici birliyi kimi qeydiyyata alınmış azı iki siyasi partiya yarada bilər.

Siyasi partiya seçici blokunun tərkibinə daxildirsə, seçkilərin keçirildiyi dövrdə müstəqil seçici birliyi kimi çıxış edə bilməz və ya digər seçici blokuna daxil ola bilməz.

Seçici bloku siyasi partiyanın bu seçici blokuna daxil olması haqqında qərar, seçici blokunun yaradılması haqqında siyasi partiyaların səlahiyyətli nümayəndələrinin imzaladığı ümumi qərar Mərkəzi Seçki Komissiyasına təqdim edildiyi gündən başlayaraq 3 gün ərzində qeydə alınır.

Seçici blokunun qeydiyyatı haqqında sənəd müvafiq seçici birliklərini təmsil edən və qanunvericiliklə müəyyən olunmuş qaydada təsdiq edilmiş etibarnaməsi olan səlahiyyətli nümayəndəyə verilir.

Maddə 28. Seçicilərin təşəbbüs qrupu

Azərbaycan Respublikasının seçki hüququ olan hər bir vətəndaşı və yaxud vətəndaşlar qrupu Prezidentliyə namizəd irəli sürmək üçün azı 100 nəfərdən ibarət olan təşəbbüs qrupu yarada bilərlər. Seçicilərin təşəbbüs qrupunun qeydiyyat qaydası bu Qanunun 32-ci maddəsi ilə müəyyən edilir.

Maddə 29. Seçici birliklərinin, seçici bloklarının və seçicilərin təşəbbüs qruplarının səlahiyyətli nümayəndələri və müşahidəçiləri

Bu Qanuna uyğun olaraq seçici birlikləri, seçici blokları və seçicilərin təşəbbüs qrupları Prezident seçkilərində bu Qanunla müəyyən olunmuş qaydada iştirak etmək üçün seçici birliklərini, seçici bloklarını və seçicilərin təşəbbüs qruplarını bu Qanuna uyğun olaraq təmsil edən öz səlahiyyətli nümayəndələrini və müşahidəçilərini təyin edirlər.

Maddə 30. Seçici birliklərinin, seçici bloklarının, seçicilərin təşəbbüs qruplarının Prezident seçkilərində iştirakı

Seçici birlikləri, seçici blokları, seçicilərin təşəbbüs qrupları Prezident seçkilərində bu Qanunla müəyyən olunmuş qaydada bərabər əsaslarla iştirak edirlər.

IV fəsil. Prezidentliyə namizədin irəli sürülməsi və qeydiyyatı

Maddə 31. Prezidentliyə namizədin seçici birliyi, seçici bloku tərəfindən irəli sürülməsi

Hər bir seçici birliyi, seçici bloku Prezidentliyə bir namizəd irəli sürə bilər. Prezidentliyə namizədin irəli sürülməsi haqqında qərar səsvermə yolu ilə qəbul edilir.

Seçici birliyi, seçici bloku öz tərkibindəki siyasi partiyanın üzvü olmayan şəxsi də Prezidentliyə namizəd kimi göstərə bilər.

Seçici birliyinin səlahiyyətli nümayəndələri siyasi partiyanın Prezidentliyə namizədi irəli sürməsi haqqında səsvermə protokolunu qərarla birlikdə Mərkəzi Seçki Komissiyasına təqdim edirlər.

Prezidentliyə namizədi irəli sürmə qərarında onun soyadı, adı, atasının adı, ali təhsilli olmağı, doğum tarixi, iş yeri, tutduğu vəzifə (məsuliyyət növü), Azərbaycan Respublikasının ərazisində 10 ildən artıq daimi yaşamağı və yaşayış yeri göstərilməlidir.

Bu sənədlərlə birlikdə siyasi partiyanın müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməsi haqqında şəhadətnaməsi; soyadı, adı, atasının adı, doğum tarixi, yaşayış yeri göstərilməklə seçici birliyinin səlahiyyətli nümayəndələrinin tərkibi; onların qanunda müəyyən olunmuş qaydada rəsmiləşdirilmiş etibarnamələri həmin səlahiyyətli nümayəndələr tərəfindən təqdim edilməlidir.

Seçici bloklarının səlahiyyətli nümayəndələri bu maddədə göstərilən sənədlərlə birlikdə seçici birliklərinin seçici blokuna daxil olması haqqında protokol və qərarlarını, seçici bloku yaradılması haqqında bu seçici birliklərinin səlahiyyətli nümayəndələrinin imzaladığı birgə qərarı Mərkəzi Seçki Komissiyasına təqdim edirlər.

Maddə 32. Prezidentliyə namizədin bilavasitə seçicilər tərəfindən irəli sürülməsi

Seçicilərin təşəbbüs qrupu qeydiyyatdan keçmək üçün Mərkəzi Seçki Komissiyasına yazılı formada vəsatətlə müraciət edir. Vəsatətə Prezidentliyə namizədin irəli sürülməsi haqqında seçicilərin və qanunla müəyyən olunmuş qaydada rəsmiləşdirilmiş etibarnamələri olan səlahiyyətli nümayəndələrinin təyin olunması barəsində təşəbbüs qruplarının yığıncağının protokolu əlavə olunmalıdır. Protokol təşəbbüs qrupunun üzvləri tərəfindən şəxsiyyət vəsiqəsinin (pasportun) nömrəsi və seriyası, daimi yaşayış yeri göstərilməklə imzalanmalıdır. Göstərilən sənədlər seçicilərin təşəbbüs qrupunun səlahiyyətli nümayəndələri tərəfindən təqdim edilir.

Təşəbbüs qrupunun vəsatətində aşağıdakılar göstərilir:

    • Prezidentliyə namizədin soyadı, adı, atasının adı, ali təhsilli olması, doğum tarixi, iş yeri, tutduğu vəzifə (məsuliyyət növü), Azərbaycan Respublikasının ərazisində 10 ildən artıq daimi yaşamağı və yaşadığı yer;
    • seçicilərin təşəbbüs qrupu üzvlərinin soyadı, adı, atasının adı, doğulduğu tarix, yaşayış yeri, pasportunun və ya şəxsiyyət vəsiqəsinin seriyası və nömrəsi.

Seçicilərin təşəbbüs qrupunun qeydiyyatı bu maddədə göstərilən sənədlərin təqdim edildiyi gündən başlayaraq 5 gün müddətində həyata keçirilir. Qeydiyyat haqqında sənəd seçicilərin təşəbbüs qrupunun səlahiyyətli nümayəndələrinə verilir.

Maddə 33. Prezidentliyə namizədi müdafiə etmə üçün imzaların toplanması

Seçici birliklərinin, seçici bloklarının və yaxud seçicilərin təşəbbüs qruplarının Prezidentliyə irəli sürdükləri namizəd üçün təyin etdikləri səlahiyyətli nümayəndələr vasitəsi ilə 50 mindən az olmayan sayda seçici imzası toplamalıdırlar. Bu halda toplanan imzaların sayının 0,4 faizindən az olmayan hissəsi seçkilər keçirilən rayonların (şəhərlərin, şəhərdə rayonların) yarısından çoxunun hər birinin ərazisindən toplanmalıdır.

Mərkəzi Seçki Komissiyası təqdim olunmuş səlahiyyətli nümayəndələrin təyin edilməsi haqqında və bu Qanunun 31-ci—32-ci maddələrində nəzərdə tutulan digər sənədlərin bu Qanunun tələblərinə uyğun olduğunu müəyyən edərək seçici birliyinin, seçici blokunun və yaxud seçicilərin təşəbbüs qrupunun səlahiyyətli nümayəndələrini qeydə almaq haqqında qərar qəbul etməli və onlara qeydiyyat şəhadətnaməsi verməlidir. Bu qərar seçici birliyinin, seçici blokunun və yaxud seçicilərin təşəbbüs qrupunun qeydə alınması qərarı ilə eyni müddətdə qəbul edilir.

Seçici birliyinin, seçici blokunun və ya seçicilərin təşəbbüs qrupunun səlahiyyətli nümayəndələrini qeydə almaqdan imtina edildikdə Mərkəzi Seçki Komissiyası əsaslandırılmış qərar çıxarmalıdır. Qeydə almaqdan imtina qərarından Azərbaycan Respublikasının Ali Məhkəməsinə şikayət verilə bilər və bu şikayətə 3 gündən çox olmayan müddətdə baxılmalıdır.

Seçici birliklərinin, seçici bloklarının və ya seçicilərin təşəbbüs qruplarının səlahiyyətli nümayəndələri qeydiyyat haqqında şəhadətnamə aldıqdan sonra Prezidentliyə namizədin müdafiəsi üçün imzalar toplaya bilər.

Qeydiyyat şəhadətnaməsi alınanadək imzaların toplanılmasına icazə verilmir.

İmza vərəqələri bu Qanuna 1-ci və 2-ci əlavələrdə göstərilən formalarda hazırlanır. İmza vərəqələri seçici birliyinin, seçici blokunun və ya seçicilərin təşəbbüs qrupunun nümayəndələrinə onların tələb etdikləri sayda verilir. İmza vərəqələrində Prezidentliyə namizədin soyadı, adı, atasının adı, doğulduğu tarix, daimi yaşayış yeri göstərilir. Prezidentliyə namizəd seçici birliyi, seçici bloku tərəfindən irəli sürülərsə, imza vərəqəsində namizədin müvafiq seçici birliyinə, seçici blokuna mənsubluğu da göstərilir.

Müxtəlif seçici birlikləri, seçici blokları və yaxud seçicilərin təşəbbüs qruplarının namizədinin müdafiəsi üçün seçicilərin bir neçə Prezidentliyə namizədin müdafiəsi ilə əlaqədar imza etmək hüquqları vardır. Bu halda seçicinin soyadı, adı, atasının adı, doğulduğu tarix (18 yaşı tamam olmuş şəxs əlavə olaraq doğulduğu ayı və günü), yaşadığı yer, şəxsiyyət vəsiqəsinin (pasportun) seriyası və nömrəsi, eləcə də imzaların edildiyi tarix göstərilir. Hər bir imza vərəqəsində seçici imzalarının toplandığı rayonun (şəhərin, şəhərdə rayonun) adı göstərilməlidir. Seçicilərin imzaları yalnız yaşayış yerləri üzrə toplana bilər.

İmza toplayan şəxs tərəfindən seçicinin imza atmağa məcbur edilməsi və bu məqsədlə ələ alınması yol verilməzdir. Hər bir seçici eyni Prezidentliyə namizədin müdafiəsi üçün həmin namizədin qeydə alınması zamanı bu Qanunun tələblərinin pozulması halının aşkar edilməsi məqsədi ilə və bilərəkdən birdən artıq imza atarsa, o, bu Qanunun 9-cu maddəsinə uyğun olaraq məsuliyyətə cəlb edilə bilər.

Seçici birliklərinin, seçici bloklarının və seçicilərin təşəbbüs qruplarının səlahiyyətli nümayəndələri imzalar yığılandan sonra imza toplanmasının keçirildiyi rayon (şəhər, şəhərdə rayon) üzrə və ayrıca olaraq toplanan imzaların sayını və imza edən vətəndaşların ümumi sayını hesablayır.

Seçici birliklərinin, seçici bloklarının və seçicilərin təşəbbüs qruplarının səlahiyyətli nümayəndələri Prezidentliyə namizədin Prezident seçilmək üçün seçkilərdə iştirakına dair razılıq ərizəsini, son 5 ildə onun gəlirləri haqqında deklarasiyanı, rayon (şəhər) ərazisi üzrə imza toplanması haqqında nömrələnmiş yekun protokolu ilə birlikdə tikilmiş və nömrələnmiş imza vərəqələrini seçki gününə azı 60 gün qalmış saat 18-dək Mərkəzi Seçki Komissiyasına təqdim etməlidirlər.

Mərkəzi Seçki Komissiyası göstərilən səlahiyyətli nümayəndələrə sənədlərin qəbul edilməsi haqqında yazılı təsdiqedici sənəd verir.

Prezidentin seçkilərinin növbədənkənar və ya təkrar keçiriləcəyi halda zəruri olan seçici imzalarının sayı bu Qanuna müvafiq olaraq yarıbayarı azaldılır.

Maddə 34. Prezidentliyə namizədin qeydə alınması

Mərkəzi Seçki Komissiyası lazımi sənədləri qəbul etdikdən sonra 5 gün müddində Prezidentliyə namizədin sənədlərinin orijinal nüsxələrini qanunun tələblərinə uyğunluğunu yoxlayır, seçki gününə azı 50 gün qalmış namizədin qeydə alınması haqqında qərar qəbul edir və yaxud namizədi qeydə almaqdan imtina edir.

Hər bir Prezidentliyə namizədin imza vərəqələrinə atılan seçicilərin imzalarının 2,5 faizi Mərkəzi Seçki Komissiyası tərəfindən cəlb edilən müvafiq mütəxəssislər tərəfindən sərbəstlik prinsipi əsasında yoxlanılır. Prezidentliyə namizədin imza vərəqələrinin və ya seçicilərin imzalarının etibarlılığına digər Prezidentliyə namizədin etirazı olduqda, bu halda şühbə doğuran imza vərəqələri və ya imzalar yuxarıda göstərilən qaydada yoxlanılır. Mərkəzi Seçki Komissiyası bu vərəqələrin yerlərdə yoxlanmasını təşkil edir.

Prezidentliyə namizədin qeydə alınmasından Konstitusiya və ya bu Qanun pozulduqda imtina edilə bilər.

Mərkəzi Seçki Komissiyası Prezidentliyə namizədin qeydə alınmasından imtina edilməsi haqqında əsaslandırılmış qərar çıxarmalıdır. Həmin qərar haqqında Prezidentliyə namizəd kimi qeydə alınmaq istəyən şəxsə məlumat verilir. Prezidentliyə namizədlərin qeydə alınması və ya qeydə alınmasından imtina edilməsi haqqında Mərkəzi Seçki Komissiyasının qərarından 48 saat müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə şikayət verilə bilər. Həmin şikayətə 3 gün müddətində baxılmalıdır və Azərbaycan Respublikasının Ali Məhkəməsinin bu məsələlər üzrə qərarı son və həlledicidir.

Qeydə alınmış hər bir Prezidentliyə namizədə verilmə tarixi və müddəti göstərilməklə vəsiqə verilir. Qeydə alınmış Prezidentliyə namizədlər haqqında məlumatlar 2 gün müddətində kütləvi informasiya vasitələrində dərc edilir.

Bu maddənin birinci hissəsində göstərilən müddətdə Prezidentliyə yalnız bir namizəd qeydə alınıbsa, o cümlədən qeydiyyata alınmaq istəyində olan Prezidentliyə namizəd qeydiyyatdan yazılı imtina edibsə və ya qeydiyyata alınmış Prezidentliyə namizəd vəfat edibsə, onunla əlaqədar fəaliyyət qabiliyyəti olmaması və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi və ya xəbərsiz itgin düşməsi və ya ölmüş elan edilməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qərarı qəbul edilibsə, bunun nəticəsində Prezidentliyə namizəd kimi qeydə alınan yalnız bir namizəd qalıbsa, bu halda Mərkəzi Seçki Komissiyasının qərarı ilə seçkilər daha 60 gün müddətinə uzadılır.

Seçki günü qeydiyyatdan keçmiş ikidən az namizəd olarsa, Mərkəzi Seçki Komissiyasının qərarı ilə əlavə seçki tədbirlərinin görülməsi üçün seçkilər 90 gün müddətinə uzadılır.

V fəsil. Prezidentliyə namizədin statusu

Maddə 35. Prezidentliyə namizədlərin hüquq və vəzifələrinin bərabərliyi

Prezidentliyə namizəd kimi qeydiyyatdan keçən bütün şəxslər bərabər hüquqlara malikdir və bərabər vəzifələr daşıyırlar.

Maddə 36. Prezidentliyə namizədin hüquq və vəzifələri

Dövlət və ya bələdiyyə orqanlarında və ya kütləvi informasiya vasitələrində işləyən Prezidentliyə namizədin seçkilərdə iştirakı dövründə seçkilərin gedişinə təsir göstərmək məqsədi ilə xidməti vəzifələrindən istifadə etməyə hüququ yoxdur və onlar bu Qanunun 9-cu maddəsinə əsasən buna görə məsuliyyət daşıyırlar.

Prezidentliyə namizədlərin qeydə alındıqları gündən seçkilərin nəticələrinin rəsmi dərc olunduğu günədək öz şəxsi ərizələrinə əsasən işdən, hərbi xidmət və hərbi çağırışlardan azad olmaq hüquqları vardır. Bu müddət üçün Mərkəzi Seçki Komissiyası qanunla müəyyən olunmuş qaydada seçkilərin hazırlanması və keçirilməsi üçün ayrılan vəsait hesabına namizədlərə seçkilərin təyin olunduğu günədək mövcud olan minimum əmək haqqının 50 misli məbləğində pul kompensasiyası verir.

Prezidentliyə namizəd qeydiyyatdan keçdiyi gündən başlayaraq seçkilərin nəticələrinin elan olunduğu günədək işə götürənin təşəbbüsü ilə işdən azad edilə bilməz, özünün razılığı olmadan başqa işə və ya vəzifəyə, başqa yerə işə götürülə bilməz, ezamiyyətə göndərilə bilməz, hərbi xidmətə və ya hərbi çağırışa çağırıla bilməz.

Prezidentliyə namizədin seçkilərdə iştirak müddəti qeydiyyata alındığı gündən işlədiyi ixtisası üzrə əmək stajına daxil edilir.

Prezidentliyə namizəd qeydə alındığı gündən seçkinin nəticələrinin rəsmi dərci gününədək Azərbaycan Respublikası ərazisində gəliş-gediş üçün ictimai nəqliyyatın bütün növlərindən pulsuz istifadə etmək hüququna malikdir (taksi və sifarişli reyslər istisna olmaqla). Ölkə ərazisində göstərilən nəqliyyatdakı gediş-gəliş xərcləri Mərkəzi Seçki Komissiyası tərəfindən seçkilərin hazırlanması və keçirilməsi üçün ayrılmış vəsait hesabına ödənilir. Prezidentliyə namizədin seçkilərə 48 saatdan çox qalmamış müddətdən gec olmayaraq istədiyi vaxt namizədliyini geri götürmək hüququ vardır.

Prezidentliyə namizədliyin geriyə götürülməsi məcburi hallar olmadan baş verirsə, Mərkəzi Seçki Komissiyası seçkiqabağı təşviqatında da xərcləri daxil olmaqla bu namizədlə əlaqədar seçkilərin keçirilməsinə sərf olunmuş xərcləri onun hesabına aid edir.

Prezidentliyə namizədin vəkil edilmiş şəxsi olmasına vətəndaşın yazılı razılıq ərizəsi əsasında Mərkəzi Seçki Komissiyasında 3 gün ərzində qeydə alınmaqla hər bir Prezidentliyə namizədin 50-yə qədər vəkil edilmiş şəxsi ola bilər.

Vəkil edilmiş şəxs Mərkəzi Seçki Komissiyasından vəsiqə alır və Prezidentliyə namizədin seçilməsinə kömək etmək məqsədi ilə təşviqat aparır və bu Qanuna uyğun olaraq fəaliyyəti həyata keçirir. Bu Qanuna görə işə götürən vəkil edilmiş şəxsə onun xahişi ilə haqqı ödənilməyən məzuniyyət verməyə borcludur. Prezidentliyə namizəd vəkil etdiyi şəxsi istənilən vaxt geri çağıra bilər və bu barədə Mərkəzi Seçki Komissiyasına məlumat verir, o isə bu şəxsə verilmiş vəkiledilmə haqda vəsiqəsini ləğv edir.

Prezidentliyə namizəd Azərbaycan Respublikası Baş prokurorunun razılığı olmadan cinayət məsuliyyətinə cəlb edilə və tutula bilməz, eləcə də məhkəmə qaydasında inzibati tənbehə məruz qala bilməz. Azərbaycan Respublikasının Baş prokuroru buna razılıq verərsə, dərhal Mərkəzi Seçki Komissiyasına xəbər verməlidir.

Prezidentliyə namizədin təhlükəsizliyi Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi qaydada təmin edilir.

VI fəsil. Prezident seçkiləri zamanı seçkiqabağı təşviqat

Maddə 37. Seçkiqabağı təşviqat və onun keçirilməsi müddətləri

Azərbaycan Respublikasının vətəndaşları, Prezidentliyə namizədlər, onların vəkil edilmiş şəxsləri, seçici birlikləri, seçici blokları, seçicilərin təşəbbüs qrupları maneəsiz seçkiqabağı təşviqat apara bilərlər. Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsinə əsasən kütləvi informasiya vasitələri seçkiqabağı təşviqatın həyata keçirilməsində tam azaddırlar.

Seçkiqabağı təşviqatın aparılması, seçkiqabağı materialları yaymaq və ya təbliğ etmək aşağıdakılara qadağan edilir:

    • dövlət hakimiyyət orqanlarına, bələdiyyə orqanlarına, həmçinin həmin orqanlarda öz vəzifə səlahiyyətlərini həyata keçirərkən vəzifəli şəxslərə;
    • hərbi hissələrə, hərbi idarə və təşkilatlara;
    • xeyriyyə təşkilatlarına və dini qurumlara;
    • seçki komissiyalarının üzvlərinə;
    • həmkarlar ittifaqlarına.

Seçkiqabağı təşviqat Prezidentliyə namizədlərin qeydə alındıqları gündən başlayaraq, seçki günündən qabaq saat 24.00-dək davam edir.

Seçkilər günü hər cür seçkiqabağı təşviqat qadağan edilir.

Seçki komissiyalarının otaqları istisna olmaqla, əvvəllər digər yerlərdə asılmış və ya yapışdırılmış təbliğat çap materialları öz yerlərində saxlanılır.

Seçkiqabağı təşviqat keçirilə bilər:

    • kütləvi informasiya vasitələri ilə;
    • seçkiqabağı kütləvi tədbirlər (seçkiqabağı yığıncaqlar, seçicilərlə görüşlər, açıq debatlar, diskussiyalar, mitinqlər, nümayişlər, digər tədbirlər) keçirilməsi yolu ilə;
    • çap materiallarının buraxılması və ya yayılması ilə;
    • audiyazı və digər təbliğat materiallarının yayılması ilə;
    • qanunla qadağan edilməmiş digər formalarda.

Vətəndaşlar üçün pulsuz və ya güzəştli şərtlərlə malların satılması və ya xidmətlərin göstərilməsi (informasiya xidmətlərindən başqa) qiymətli kağızlar, eləcə də pul vəsaitinin ödənilməsi yolu ilə seçkiqabağı təşviqatın aparılması qadağan edilir.

Kütləvi informasiya vasitələrinin vəzifəli şəxsləri olan Prezidentliyə namizədlərə, vəkil edilmiş şəxslərə və ya seçki komissiyalarının üzvləri olan jurnalistlərə, işlədikləri kütləvi informasiya vasitələri ilə seçkiləri tələbi etmək qadağan edilir.

Maddə 38. Seçkiqabağı təşviqat aparmaq hüququndan sui-istifadəyə yol verilməməsi

Seçkiqabağı təşviqat aparılarkən məlumat azadlığından sui-istifadə edilməsinə yol verilməməlidir. Seçkiqabağı teleradio proqramlarında, təbliğat materiallarında, yığıncaqlarda, mitinqlərdə, kütləvi informasiya vasitələrində, çıxışlarda dövlətin Konstitusiya quruluşu əsaslarının zor gücü ilə pozulmasına və dəyişdirilməsinə çağırışlar olmamalıdır.

Sosial, irqi, milli, dini və ya dillə bağlı üstünlüyə aid təşviqat; sosial, irqi, milli və yaxud dini ədavətə çağıran məlumat və materialların buraxılışı və yayılması qadağan edilir.

Dərc olunmuş illüstrasiya materialları və seçki komissiyası üçün xüsusi hazırlanmış nişanlar istisna olmaqla, namizədlər, seçici birlikləri, seçici blokları, seçicilərin təşəbbüs qrupları və onların səlahiyyətli nümayəndələri üçün seçicilərə pul vəsaitləri, hədiyyələr, qiymətli əşyalar vermək, seçkiqabağı təşkilati tədbirlərin keçirilməsi üçün (seçki məntəqələrində növbətçilik, imzaların toplanması və digər belə işlər) malların güzəştli satışını həyata keçirmək, pulsuz hər hansı malların verilməsi, pulsuz və ay güzəştli xidmətlər göstərmək (məlumat xidmətlərindən başqa) və digər bu cür hərəkətlər etmək qadağandır.

Seçki komissiyaları seçkiqabağı təşviqatın qanunla müəyyən edilmiş qaydada keçirilməsinə nəzarət edirlər.

Qanuna zidd çıxışlar və yaxud qanuna zidd təbliğat materialları haqqında məlumat alınan kimi, seçki komissiyaları qanuna zidd təşviqatın qarşısını almaq üçün tədbirlər görməli, qanunazidd təşviqat fəaliyyətinin qarşısını almaq məqsədi ilə müvafiq dövlət orqanlarına təqdimatla müraciət etməlidirlər.

Maddə 39. Televiziya və radioda seçkiqabağı təşviqat

Qanunla müəyyən edilmiş qaydada qeydə alınmış Prezidentliyə namizədlər seçici birliklərinin, seçici bloklarının, seçicilərin təşəbbüs qruplarının seçkiqabağı təşviqatı həyata keçirmək üçün dövlət bələdiyyə və özəl televiziya və radio kanallarından müəyyən olunmuş qaydada istifadə etmək hüquqları vardır.

Prezidentliyə namizədə dövlət və bələdiyyə teleradio kanallarında bərabər əsaslarla (eyni müddətli pulsuz efir vaxtı, efirə çıxmağın vahid vaxtı) efir vaxtı verilir və bu müvafiq büdcə vəsaiti hesabına ödənilir.

Prezidentliyə namizədlərə seçici birliklərinə, seçici bloklarına və seçicilərin təşəbbüs qruplarına dövlət və bələdiyyə televiziya və radio kanallarında efir vaxtının verilməsi qaydaları Prezidentliyə namizədlərin, seçici birliklərinin, seçici bloklarının və seçicilərin təşəbbüs qruplarının təkliflərinə baxılmaqla Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilir. Prezidentliyə namizədlərin efirə çıxmaqlarının ardıcıllığı Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən olunmuş qaydada keçirilən püşkatma yolu ilə müəyyən edilir.

Qeyri-dövlət televiziya və radio kanallarında efir vaxtını Prezidentliyə namizədlər həmin kanallarla bağlanmış müqavilələr əsasında ala bilərlər. Həmin müqavilələrin şərtləri (efir vaxtının qiyməti, efirə çıxmağın vaxtı) bütün Prezidentliyə namizədlər üçün eyni qeyri-dövlət televiziya və ya radio kanalında eyni olmalıdır.

Radio və televiziyada seçkiqabağı təşviqat kütləvi açıq müzakirə şəklində dəyərmi masalar, mətbuat konfransları, çıxışlar, siyasi reklamlar və qanunla qadağan olunmayan digər formalarda həyata keçirilir. Prezidentliyə namizəd, seçici birliyi, seçici bloku, seçicilərin təşəbbüs qrupları seçkiqabağı təşviqat forma və xarakterini müstəqil surətdə müəyyən edirlər.

Seçkiqabağı təşviqata həsr edilən teleradio verilişlərini əmtəələrin, iş və xidmətlərin reklamları ilə kəsmək qadağan edilir.

Prezidentliyə namizədlər, seçici birlikləri, seçici blokları, seçicilərin təşəbbüs qruplarının seçkiqabağı təşviqatının keçirilməsi haqqında məlumatlar televiziya və radio proqramlarında (verilişlərində) bu proqramların (verilişlərin) başlanğıcında ayrıca və şərhsiz verilməlidir.

Dövlət və bələdiyyə teleradio qurumlarının vəzifəli şəxsləri, yaradıcı işçilər, kütləvi informasiya vasitələri redaksiyalarının vəzifəli şəxsləri, jurnalistlər Prezidentliyə namizəd və ya namizədlərin vəkil edilmiş şəxsləri olarlarsa, işlədikləri kütləvi informasiya vasitələrində və ya radioproqramlarda (verilişlərdə) seçkilərin işıqlandırılmasında onların iştirakı qadağan edilir.

Seçkiqabağı təbliğatı özündə əks etdirən teleradio proqramları (verilişləri) video və audio yazılışına buraxılır və efirə çıxdıqdan sonra 6 ay müddətində saxlanılır.

Maddə 40. Dövri nəşrlərdə seçkiqabağı təşviqat

Qanunvericilik, icra, məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyə orqanlarının rəsmi məlumatlarının və materiallarının dərc olunduğu dövri nəşrlərdə Prezidentliyə namizədlərin, seçici birliklərinin, seçici bloklarının və seçicilərin təşəbbüs qruplarının seçkiqabağı təbliğat materiallarını dərc etmək qadağandır.

Təsisçilərindən biri dövlət və ya bələdiyyə orqanları, dövlət müəssisə, idarə və təşkilatları olan və ya da tam və ya qismən müvafiq büdcə hesabına maliyyələşdirilən dövri nəşrlərdə konkret Prezidentliyə namizədə, seçici birliyinə, seçici blokuna, seçicilərin təşəbbüs qrupuna dərc üçün icazə verilibsə, digərlərinə də eyni səhifədə və şərtlərlə dərc olunmağa şərait yaradılmalıdır.

Qeyri-dövlət dövri nəşrlərdə Prezidentliyə namizədlərin təbliğat materialları onları qeyri-dövlət dövri nəşrlə Prezidentliyə namizəd arasında bağlanmış müqavilə əsasında dərc edilir. Həmin müqavilələrin şərtləri (dərc edilmənin qiyməti, təbliğat materialının dərci yeri və s.) bütün Prezidentliyə namizədlər üçün eyni qeyri-dövlət dövri nəşrdə eyni olmalıdır.

Seçkiqabağı materialların dövlət mətbuatında nəşr qaydalarını Mərkəzi Seçki Komissiyası müəyyən edir.

Bu maddənin ikinci hissəsi Prezidentliyə namizədlərə məxsus, seçici birliklərinin, seçici bloklarının, seçicilərin təşəbbüs qruplarının tərkibinə daxil olan siyasi partiyaların dövri mətbuat orqanlarına şamil edilmir.

Maddə 41. Seçkiqabağı yığıncaqların keçirilməsi şərtləri. Seçicilərlə görüşlər

Dövlət və bələdiyyə orqanları Prezidentliyə namizədlərə, seçici birliklərinə, seçici bloklarına, seçicilərin təşəbbüs qruplarına seçkiqabağı yığıncaqların, namizədlərlə və onların vəkil edilmiş şəxsləri ilə seçicilərin görüşlərinin təşkilinə kömək etməlidirlər.

Belə görüşlərin və yığıncaqların keçirilməsi üçün yer ayrılması haqqında ərizələrə müvafiq icra hakimiyyəti orqanları və ya bələdiyyə orqanları tərəfindən 5 gün müddətində baxılır və müvafiq ərazi seçki komissiyasının müəyyən etdiyi qaydada təmin edilir.

Dövlət və ya bələdiyyə mülkiyyətində, dövlət müəssisə, idarə və təşkilatlarının mülkiyyətində olub kütləvi seçki tədbirlərinin keçirilməsi üçün yararlı olan yerlər ərazi seçki komissiyasının tələbi ilə onun müəyyən etdiyi vaxtlarda Prezidentliyə namizədlərin və ya onların səlahiyyətli şəxsləri ilə seçicilərlə görüşləri üçün pulsuz verilir.

Belə hallarda ərazi seçki komissiyaları bütün Prezidentliyə namizədlər, seçici birlikləri, seçici blokları və seçicilərin təşəbbüs qrupları üçün bərabər imkanlar yaratmalıdırlar. Xüsusi əhəmiyyətli mədəniyyət obyektləri siyahısına düşmüş bina və qurğular həmin məqsəd üçün verilə bilməz.

Maddə 42. Nəşr olunmuş təbliğat materiallarının yayılması

Prezidentliyə namizədlər, seçici birlikləri, seçici blokları və seçicilərin təşəbbüs qrupları maneəsiz olaraq plakatlar, vərəqələr və digər çap olunmuş təbliğat xarakterli materialları buraxa bilərlər. Həmin materiallarda onların buraxılması üçün məsul təşkilatlar və şəxslər haqqında məlumatlar olmalıdır.

Təbliğat məqsədi ilə anonim çap materiallarının hazırlanması və yayılması qadağandır.

Çap olunmuş təbliğat materialları hər bir otaqda, binada, digər obyektlərdə həmin otaqların, binaların, digər obyektlərin mülkiyyətçilərinin razılığı ilə asıla bilər. Çap olunmuş təbliğat materiallarını abidələrə, tarixi, mədəni və arxitektura əhəmiyyətli yerlərdə, eləcə də seçki üçün ayrılmış otaqda (kabinədə) və ya seçki komissiyasının otağında asmaq qadağan edilir.

Seçki gününə azı 25 gün qalmış müvafiq icra hakimiyyəti orqanı nəşr olunmuş təbliğat materiallarının asılması və yaxud yapışdırılması üçün xüsusi yerlər ayırmalıdır. Belə yerlər seçicilərin gəlib-getməsi üçün əlverişli olmalıdır. Onların sayı hər seçki məntəqəsinin ərazisində birdən az olmamalıdır. Prezidentliyə namizədə, seçici birliklərinə, seçici bloklarına və seçicilərin təşəbbüs qruplarına təbliğat materiallarını asmaq və yaxud yapışdırmaq üçün bərabər sahə ayırmalıdır.

Çap olunmuş anonim və ya saxta təbliğat materiallarının yayılmasından xəbərdar olan seçki komissiyası bu fəaliyyətin qarşısını almaq üçün tədbirlər görməlidir və qanuna zidd təşviqat fəaliyyətinin qarşısını almaq üçün müvafiq orqanlara müraciət etməlidir.

VII fəsil. Prezident seçkilərinin maliyyələşdirilməsi

Maddə 43. Prezident seçkilərinin hazırlanması və keçirilməsinin maliyyə təminatı

Prezident seçkilərinin hazırlanması və keçirilməsi, eləcə də səlahiyyətləri müddətində seçki komissiyalarının fəaliyyətinin təminat xərcləri dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir.

Prezident seçkilərinin keçirilməsi üçün büdcə vəsaiti seçki gününün təyin edilməsindən sonra 10 gün müddətində Mərkəzi Seçki Komissiyasının sərəncamına daxil olur və ərazi komissiyaları arasında bölüşdürülür.

Vaxtından əvvəl Prezident seçkiləri keçirilərsə, seçkiyə çəkilən xərclər büdcə vəsaiti hesabına ödənilməklə Azərbaycan Respublikası Milli Bankının krediti ilə həyata keçirilə bilər və Milli Bank belə kreditin verilməsindən imtina edə bilməz.

Prezident seçkilərinin keçirilməsi, təkrar səsvermə və ya təkrar seçkilər üçün ayrılmış pul vəsaiti çatışmazsa, yuxarıdakı qayda tətbiq edilə bilər.

Alınmış vəsait aşağı seçki komissiyaları arasında bölüşdürülür.

Seçki komissiyalarına pul vəsaitinin hesablanıb verilməsi qaydalarını Mərkəzi Seçki Komissiyası müvafiq icra hakimiyyəti orqanı ilə birlikdə müəyyənləşdirir.

Seçki komissiyalarının sədrləri müvafiq seçki komissiyasına ayrılmış pul vəsaitlərinin sərəncamçılarıdır və maliyyə sənədlərinin bu məsələlər üzrə seçki komissiyalarının qərarlarına uyğunluğuna məsuliyyət daşıyırlar.

Sərf olunmamış büdcə vəsaiti seçki komissiyalarının xüsusi hesabından bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş qaydalara uyğun olaraq büdcə hesabına qaytarılır.

Maddə 44. Prezidentliyə namizədin seçki fondu

Prezidentliyə namizəd seçkiqabağı təşviqatı maliyyələşdirmək üçün qeydiyyatdan keçdikdən sonra xüsusi seçki fondu yaradır. Seçki fondu vəsaiti müvafiq dövlət banklarının şöbələrində xüsusi müvəqqəti hesabda saxlanılır. Müvafiq dövlət bankının şöbələri xüsusi müvəqqəti hesabı Prezidentliyə namizədin müraciətindən sonra təxirəsalınmadan açılır və belə hesabın açılmasından imtina edə bilməzlər. Göstərilən məqsədlər üçün seçki fondu vəsaitinə sərəncam hüququ müstəsna olaraq bu fondu yaradan Prezidentliyə namizədə mənsubdur. Prezidentliyə namizədlərin seçki fondlarına hər bir namizəd üçün bərabər məbləğdə vəsait Mərkəzi Seçki Komissiyası tərəfindən müvafiq hesabın açıldığı gündən başlayaraq 48 saat ərzində köçürülür.

Dövlət bankının şöbələri Prezidentliyə namizədlərə, Mərkəzi Seçki Komissiyasına yazılı məlumat verməklə seçki fondlarının təşkili üçün xüsusi müvəqqəti hesablar açır.

Göstərilən hesablar üzrə gəlirlər hesablanmır və vergilər ödənilmir.

Seçki fondları aşağıdakı pul vəsaitləri hesabına təşkil edilirlər:

    • Mərkəzi Seçki Komissiyasının Prezidentliyə namizəd üçün seçkiqabağı təşviqata ayırdığı vəsait;
    • Prezidentliyə namizədin şəxsi vəsaiti (şəxsi vəsaitin miqdarı seçkilərin təyin edildiyi gün qanunla müəyyənləşdirilmiş minimum əmək haqqının 5000 mislindən çox ola bilməz);
    • seçici birliklərinin, seçici bloklarının, seçicilərin təşəbbüs qruplarının irəli sürdüyü namizədə seçki günü ayırdıqları vəsait (hər bir ayrılan vəsait seçkilərin təyin edildiyi gün qanunla müəyyənləşdirilmiş minimum əmək haqqının 20000 mislindən çox ola bilməz);
    • fiziki şəxslərin könüllü ianəsi (hər bir ianə qanunla seçkilərin təyin edildiyi gün qanunla müəyyənləşdirilmiş minimum əmək haqqının məbləğinin 50 mislindən çox ola bilməz);
    • hüquqi şəxslərin könüllü ianəsi (hər bir ianə qanunla seçki günü müəyyənləşdirilmiş minimum əmək haqqının məbləğinin 5000 mislindən çox ola bilməz).

Aşağıdakılar tərəfindən seçki fonduna vəsait (ianə) verilməsi (köçürülməsi) qadağandır:

    • xarici dövlətlər, təşkilatlar və vətəndaşlar;
    • vətəndaşlığı olmayan şəxslər;
    • Azərbaycan Respublikasının hüquqi şəxsləri, o halda ki, onların təsis fondunun 30 faizdən çox hissəsi xarici hüquqi və ya fiziki şəxslərə məxsusdur;
    • beynəlxalq təşkilatlar və hərəkatlar;
    • dövlət və bələdiyyə orqanları, müəssisələri və təşkilatları;
    • hərbi hissələri, idarələr və təşkilatlar;
    • xeyriyyə təşkilatları, həmkarlar ittifaqları və dini qurumlar.

Müvafiq banklar Prezidentliyə namizədlərin müvafiq hesablarına daxil olan vəsaitlər haqqında onların daxil olma günündən başlayaraq 48 saat müddətində Mərkəzi Seçki Komissiyasına məlumat verirlər.

Anonim verilən (köçürülən) vəsaitlər müvafiq banklar tərəfindən 48 saat müddətində dövlət büdcəsinə köçürülür.

Prezidentliyə namizədlərə seçki fondundakı vəsaitlərdən başqa digər vəsaitlərdən istifadə edilməsi qadağandır.

Prezidentliyə namizədin seçki fondunda yığılan vəsaitin ümumi məbləği seçki günü qanunla müəyyənləşdirilmiş minimum əmək haqqının 100000 mislindən çox ola bilməz. Vəsaitin xərclənmiş həcmi də nəzərə alınaraq göstərilən həddən artıq yığılan vəsait təxirəsalınmadan müvafiq bank tərəfindən Mərkəzi Seçki Komissiyasının hesabına köçürülür.

Müvafiq banklar Mərkəzi Seçki Komissiyasının sorğusu əsasında yazılı surətdə Prezidentliyə namizədlərin seçki fondlarındakı vəsaitlər haqqında dərhal məlumat verməlidirlər.

Seçki günü seçki fondlarının vəsaitlərindən istifadə edilməsi qadağandır.

Maddə 45. Pul vəsaitinin qeydiyyatı qaydası və maliyyə hesabatı

Prezident seçkilərinin hazırlaması və keçirilməsi üçün ayrılmış büdcə vəsaitinin, həmçinin Prezidentliyə namizədlərin seçki fondlarına vəsaitlərin daxil olmasının və xərclənməsinin uçot qaydaları qanunvericiliyə uyğun olaraq Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilir.

Seçkilərin hazırlanması və keçirilməsi üçün ayrılmış vəsaitin seçki komissiyalarına daxil olması və xərclənməsinin maliyyə hesabat forması, habelə Prezidentliyə namizədlərin maliyyə hesabat forması qanunvericiliyə uyğun olaraq Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilir.

Prezidentliyə namizədlər maliyyə hesabatlarını seçkilərin nəticələrinin dərc olunması günündən başlayaraq 10 gün müddətində təqdim edirlər. Bu maliyyə hesabatlarının surətləri Mərkəzi Seçki Komissiyası tərəfindən kütləvi informasiya vasitələrində dərc edilir.

Məntəqə seçki komissiyaları ərazi seçki komissiyalarına seçkilərin nəticələri dərc olunduqdan sonra 10 gündən gec olmayaraq ümumi maliyyə hesabatı təqdim edirlər.

Ərazi seçki komissiyaları seçkilərin nəticələri dərc olunduqdan sonra 30 gündən gec olmayaraq Mərkəzi Seçki Komissiyasına ümumi maliyyə hesabatı təqdim edirlər.

Mərkəzi Seçki Komissiyası seçkilərin nəticələri dərc olunduqdan sonra 60 gündən gec olmayaraq seçkilərə ayrılmış dövlət vəsaitinin xərclənməsi haqqında maliyyə hesabatını təsdiq edir. Bu maliyyə hesabatı Mərkəzi Seçki Komissiyasının rəsmi orqanında dərc olunmalı, kütləvi informasiya vasitələrinə verilməlidir.

Maddə 46. Seçki fondlarının sərf edilməmiş pul vəsaitləri

Prezidentliyə namizəd seçki günündən sonra 30 gün müddətində seçki fondunun sərf olunmamış vəsaiti ona ayrılmış vəsait həcmi nisbətində Mərkəzi Seçki Komissiyasına qaytarmalıdır. Göstərilən müddət başa çatdıqdan sonra xərclənməmiş dövlət vəsaitləri Mərkəzi Seçki Komissiyasının dövlət banklarında olan hesablarına məcburi qaydada köçürülməlidir.

Mərkəzi Seçki Komissiyasının razılığı ilə Prezidentliyə namizədlər hesablarında qalan digər pul vəsaitlərini seçki fondlarına ianə kimi vəsait vermiş hüquqi və fiziki şəxslərin cari hesablarına proporsional bölgü əsasında qaytarırlar.

Maddə 47. Nəzarət-təftiş xidməti

Mərkəzi Seçki Komissiyası Prezident seçkiləri üçün ayrılmış pul vəsaitindən təyinatı üzrə istifadə olunmasına nəzarəti seçki komissiyalarında seçkilərin hazırlanması və keçirilməsi üçün çəkilən xərclərə, vəsaitin daxil olduğu mənbələrin bu Qanuna uyğun olmalarına, seçki fondlarının pul vəsaiti hesabının düzgün aparılmasına, Prezidentliyə namizədlərin pul vəsaitindən istifadə etmələrinə nəzarəti təmin etmək məqsədi ilə müvafiq dövlət orqanlarının mütəxəssislərini cəlb etməklə nəzarət-təftiş xidməti yaradır. Nəzarət-təftiş xidməti Prezidentliyə namizədin seçkiqabağı təşviqatının maliyyələşdirilməsi zamanı bu Qanunun pozulması hallarını aşkar edərsə, o, qanun pozuntularına yol vermək Prezidentliyə namizədin qeydiyyatının ləğv edilməsi barədə Mərkəzi Seçki Komissiyasında məsələ qaldıra bilər.

VIII fəsil. Prezident seçkilərində səsvermə və Prezident seçkilərinin nəticələrinin müəyyən edilməsi

Maddə 48. Səsvermə üçün otaq

Müvafiq icra hakimiyyəti orqanı məntəqə seçki komissiyalarına əvəzsiz olaraq səsvermə otaqları ayırır. Səsvermə salonda aparılmalı, burada səsvermə üçün kiçik otaqlar, gizli səsvermə üçün kabinə şəklində təşkil edilmiş yerlər hazırlamaq mümkün olmalıdır.

Gizli səsvermə üçün hazırlanmış kabinələrdə yazı stolu və zəruri ləvazimat qoyulmalıdır. Səsvermə üçün karandaşlardan istifadə edilməsi qadağandır.

Məntəqə seçki komissiyası səsvermə otağında və ya bu otağın qarşısında Prezidentliyə namizədlər haqqında məlumat materialları, seçki bülletenlərinin nümunələri asılmış, yaxud yapışdırılmış lövhələr təşkil edir.

Prezidentliyə namizədlər haqqında olan məlumat materiallarında onların seçkiqabağı platformalarında təbliğat xarakterli çağırışlar olmamalıdır. Lövhədə yerləşdirilmiş doldurulmuş seçki bülleteni nümunəsində Prezidentliyə namizədlərin adları, soyadları və atasının adları olmamalıdır.

Hərbi hissələrdə, Azərbaycan Respublikasının müvafiq diplomatik nümayəndəliklərində, konsul idarələrində səsvermə üçün otaq elə yerdə təşkil olunmalıdır ki, həmin otağa kütləvi-informasiya vasitələrinin nümayəndələrinin və müşahidəçilərin daxil olması mümkün və asan olsun.

Maddə 49. Seçki bülleteni

Prezident seçkilərində hər bir seçici bir bülleten alır. Seçkiyə ən azı 14 gün qalmış seçki bülleteninin mətnini Mərkəzi Seçki Komissiyası dövlət dilində təsdiq edir.

Seçki bülleteninin mətni bülletenin yalnız bir üzündə yerləşir. Seçki bülletenində Prezidentliyə namizədlərin əlifba qaydasında soyadı, adı, atasının adı və bu Qanunun 31-ci maddəsinin dördüncü hissəsində və ya 32-ci maddəsinin üçüncü hissəsində nəzərdə tutulan məlumatlar göstərilməlidir.

Prezidentliyə namizədi seçici birlikləri, seçici blokları irəli sürürsə, seçki bülletenində seçici birliklərinin, seçici bloklarının adı göstərilir, eləcə də namizədin siyasi partiyaya və ya seçici blokunun tərkibinə daxil olan siyasi partiyaya mənsubluğu göstərilir. Prezidentliyə namizəd birbaşa seçicilər tərəfindən irəli sürülürsə, siyasi mənsubiyyəti onun könüllü razılığı ilə göstərilir. Namizəd haqqında məlumatın verildiyi yerdə sağda boş kvadrat olur. Namizədlər sadalandıqdan sonra «Bütün namizədlərin əleyhinə» sözləri yerləşir.

Hər bir seçki bülletenində onun doldurulması qaydaları haqqında izahat olmalıdır.

Seçki bülleteninin sol küncündə seçicilərə verilən seçki bülletenlərinin uçotunun aparılması məqsədi ilə kəsilmə xətti müəyyən edilir.

Seçki bülletenləri Mərkəzi Seçki Komissiyasının qərarı ilə seçki gününə azı 5 gün qalmış çap olunur. Seçki bülletenləri Mərkəzi Seçki Komissiyasına seçici birliklərinin, seçici bloklarının, seçicilərin təşəbbüs qruplarının müşahidəçilərinin və beynəlxalq müşahidəçilərin iştirakı ilə təhvil verilir və bu halda müvafiq protokol tərtib edilir. Həmin protokol Mərkəzi Seçki Komissiyasının sədri tərəfindən imzalanır və müşahidəçilərin siyahısı bu protokola əlavə edilir.

Məntəqə seçki komissiyaları seçki gününə azı 24 saat qalmış seçki bülletenlərini ərazi seçki komissiyalarından alırlar. Seçki bülletenlərinin sayı seçki məntəqəsi üzrə seçicilər siyahısına daxil edilmiş seçicilərin sayından 0,5 faiz artıq olmamalıdır. Seçki bülletenlərinin Mərkəzi Seçki Komissiyasından ərazi seçki komissiyaları tərəfindən, ərazi seçki komissiyasından məntəqə seçki komissiyaları tərəfindən alınması seçici bloklarının, seçici birliklərinin, seçicilərin təşəbbüs qruplarının müşahidəçilərinin və beynəlxalq müşahidəçilərin iştirakı ilə həyata keçirilir. Hər bir halda müvafiq protokol tərtib edilir, bu protokol müvafiq seçki komissiyasının sədri tərəfindən imzalanır və həmin protokola seçki bülletenlərinin alınmasını müşahidə edən müşahidəçilərin siyahısı əlavə edilir.

Seçki bülleteninin sağ yuxarı küncündə məntəqə seçki komissiyasının möhürü ilə təsdiqlənmiş iki üzvünün imzası olmalıdır.

Məntəqə seçki komissiyasının təsdiqləmədiyi seçki bülletenləri müəyyən olmayan formada bülleten sayılır və səslərin hesablanmasında nəzərə alınmır.

Seçki bülletenlər hazırlandıqdan sonra Prezidentliyə bəzi namizədlər sıradan çıxarsa, Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi qaydada seçki bülletenlərindən həmin namizədlərin adları çıxarılır.

Maddə 50. Səsvermə qaydası

Seçki günü səsermə saat 7-dən 20-ə kimi keçirilir.

Məntəqə seçki komissiyaları səsvermə gününə azı 20 gün qalmış səs vermənin yeri və vaxtı haqqında kütləvi informasiya vasitələri ilə və ya digər üsullarla seçiciləri xəbərdar etməlidirlər.

Azərbaycan Respublikasının dövlət bayrağı altında üzən gəmilərdə, hərbi hissələrdə, gediş-gəliş çətin olan uzaq yerlərdə yaradılmış seçki məntəqələrinin məntəqə seçki komissiyaları seçici siyahılarına daxil edilmiş bütün seçicilər səsvermədə iştirak ediblərsə, səsvermənin vaxtından qabaq qurtarması haqqında məlumat verə bilər.

Seçici siyahısına daxil edilmiş vətəndaş seçki günü seçki məntəqəsində səsvermə günü gələ bilməyəcəyini yəqin edərsə, o, seçki gününə azı 30 gün qalmış məntəqə seçki komissiyasından Prezident seçkilərində iştirak etmək hüququnu göstərən qeydiyyatdan çıxma vəsiqəsini almaq hüququna malikdir.

Vətəndaş qeydiyyatdan çıxma vəsiqəsini alması haqqında seçici siyahısında tarixi göstərməklə imza edir.

Qeydiyyatdan çıxma vəsiqəsinin verilməsi xüsusi cədvəldə qeyd olunur. Qeydiyyatdan çıxma vəsiqəsini təqdim edən vətəndaş hər hansı bir seçki məntəqəsində seçici siyahısına daxil edilməlidir.

Qeydiyyatdan çıxma vəsiqəsinin və qeydiyyatdan çıxma vəsiqəsinin verilməsi cədvəlinin formaları Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq edilir.

Seçici seçki günü seçki məntəqəsinə səhhətinə görə və ya digər səbəblərdən gələ bilməyəcəyini yəqin edərsə, o, seçki gününə azı 24 saat qalmış səsvermə otağından kənarda səs vermək istəyini məntəqə seçki komissiyasına bildirməlidir.

Ərazi seçki komissiyaları seçki günü ekspedisiyalarda, Azərbaycan Respublikasının dövlət bayrağı altında üzməkdə olan gəmilərdə, digər uzaq və çətin keçilən yerlərdə seçki gününə ən çoxu 15 gün qalmış müddətdə səsverməni keçirməyə icazə verilə bilər.

Seçkilər günü saat 7-də məntəqə seçki komissiyasının sədri seçki məntəqəsini açıq elan edir, seçki komissiyasının üzvlərinə, orada olan seçicilərə, seçici birliklərinin, seçici bloklarının, seçicilərin təşəbbüs qruplarının müşahidəçilərinə və beynəlxalq müşahidəçilərə (bundan sonra — «müşahidəçilər») boş seçki qutularını göstərib möhürləyir, daha sonra məntəqə seçki komissiyası üzvlərini səsverməyə başlamağa dəvət edir.

Seçici Seçki bülletenini aldıqdan sonra seçicilər siyahısına şəxsiyyət vəsiqəsinin (pasportun) seriyasını və nömrəsini yazır.

Təqdim olunmuş şəxsiyyət vəsiqəsinin (pasportun) seriyası və nömrəsi seçici siyahısına seçicinin razılığı ilə məntəqə seçki komissiyasının üzvü tərəfindən qeyd edilə bilər.

Seçici yazıların düzgünlüyünü yoxlayır və imza edir. Seçicinin seçki bülletenini sərbəst almaq imkanı olmadıqda o, məntəqə seçki komissiyasının üzvləri və müşahidəçilər istisna olmaqla, başqa şəxslərin köməyindən istifadə edə bilər. Seçiciyə kömək edən şəxs, öz soyadını göstərməklə «seçicinin seçki bülleteninin alması haqqında imza» qrafasında imza etməlidir.

Seçki bülleteni seçiciyə verilərkən onun kəsilmə xətti ilə işarə olunmuş sol küncü məntəqə seçki komissiyasının üzvündə saxlanılır.

Hər bir seçici şəxsən səs verir. Başqa şəxslərin əvəzinə səs verməyə icazə verilmir.

Seçki bülleteni seçicidən başqa heç kəsin daxil olmasına icazə verilməyən gizli səsvermə üçün xüsusi avadanlıqla təchiz edilmiş kabinədə doldurulur.

Seçki bülletenini müstəqil yazıb doldurmaq imkanı olmayan seçici, məntəqə seçki komissiyasının üzvlərindən və müşahidəçilərdən başqa, istədiyi şəxsi kabinəyə kömək üçün çağıra bilər. Bu şəxsin soyadı seçici siyahısında seçki bülleteni alınması barədə seçicinin imzası ilə birgə göstərilir. Seçici seçki bülletenində səs verəcəyi namizədin soyadından sağdakı kvadratda, yaxud «Bütün namizədlərin əleyhinə» sətrindən sağdakı kvadratda işarə qoyur.

Yazılıb doldurulmuş seçki bülletenini seçici seçki qutusuna salır.

Seçki qutuları məntəqə seçki komissiyası üzvlərinin və müşahidəçilərin maneəsiz müşahidə edə bildikləri yerdə qoyulmalıdır.

Məntəqə seçki komissiyası bütün seçicilərə, o cümlədən səhhətinə və ya digər üzürlü səbəblərdən səsvermə otağına gələ bilməyən seçicilərə səsvermədə iştirak etmək imkanı yaratmalıdır. Bu məqsədlər üçün seçki məntəqəsində məntəqə seçki komissiyasının qərarı ilə müəyyən edilmiş miqdarda daşınan seçki qutuları olmalıdır.

Seçicinin səsvermə otağından kənarda səs vermək istəyi məntəqə seçki komissiyasının 2-dən az olmayan sayda üzvləri müşahidəçilərin iştirakı ilə onun yanına gəldikdə yazılı surətdə seçici tərəfindən onun məntəqə seçki komissiyasına göndərdiyi ərizədə bir daha təsdiq olunmalıdır. Seçici səsvermə otağından kənarda səs vermək istəyini yazılı surətdə bildirməyibsə, o, məntəqə seçki komissiyasının üzvlərinin yanında ərizə yazmalıdır. Seçki bülleteni almasını seçici ərizəsində qeyd edir və imzası ilə təsdiqləyir. Ərizədə seçici haqqında seçicilər siyahısındakı məlumatlar göstərilməlidir.

Daşınan seçki qutuları ilə gedən məntəqə seçki komissiyası üzvləri ərizələrin sayına uyğun olaraq seçki bülletenləri alırlar. Seçicilərin ərizələri ilə əlaqədar istifadə olunan və geri qaytarılmış seçki bülletenlərinin sayı ayrıca tərtib olunmuş aktda göstərilir. Eyni vaxtda seçici siyahısında seçicinin seçki məntəqəsindən kənarda səsverməsi ayrıca qeyd olunur. Səsvermə otağından kənarda keçirilən səsvermədə müşahidəçilərin iştirak etmək hüququ vardır. Məntəqə seçki komissiyasının üzvləri daşınan səsvermə qutusunu səsvermə otağına qaytardıqdan sonra, bu qutu səslərin hesablanmasınadək açılmır. Səsvermə otağından kənarda səsvermə elə təşkil edilməlidir ki, vətəndaşın seçki hüquqları, gizli səsvermənin və yaxud seçicinin iradəsinin ifadə edilməsi qaydaları pozulmasın.

Məntəqə seçki komissiyasının sədri səsvermə yerində qayda-qanuna nəzarət edir. Onun sərəncamları səsvermə otağında olan şəxslər üçün məcburidir. Məntəqə seçki komissiyasının sədri seçki məntəqəsində olmadıqda, onu müavin, o da olmadıqda katib və ya bu vəzifələr həvalə edilmiş komissiya üzvü əvəz edir. Seçicinin öz iradəsini ifadə etməsinə təsir göstərməyə cəhd edən və ay gizli səsverməni pozan məntəqə seçki komissiyası üzvü işindən kənarlaşdırılır, müşahidəçi isə təxirəsalınmadan otaqdan çıxarılır. Bu barədə qərarı məntəqə seçki komissiyası qəbul edir.

Seçki məntəqəsində səs vermədə iştirak edən seçicilərdən, seçki komissiyasının üzvlərindən, müşahidəçilərdən başqa digər şəxslərin olmaları qadağandır. Seçki günü polis orqanlarının işçiləri seçki məntəqəsinə yalnız formada və məntəqə seçki komissiyasının qərarı ilə ictimai asayişin bərpa edilməsi məqsədi ilə daxil ola bilər. İctimai asayiş bərpa edildikdən sonra formada olan polis orqanlarının işçisi dərhal seçki məntəqəsini tərk etməlidir.

Seçici seçki bülletenini doldurarkən səhv etdiyini bildirdikdə, ona seçki bülleteni vermiş məntəqə seçki komissiyası üzvündən sıradan çıxmış seçki bülleteninin əvəzinə yeni seçki bülleteni verməsini xahiş edə bilər. Bu halda seçki komissiyasının üzvü seçiciyə yeni bülleten verir, seçicilərin siyahısında isə seçicinin soyadından sağda müvafiq qeydiyyat aparır. Sonradan sıradan çıxmış seçki bülleteni ləğv edilir və bu barədə ayrıca akt tərtib edilir.

Maddə 51. Seçki məntəqəsində səslərin hesablanması

Səsvermə müddəti başa çatdıqda məntəqə seçki komissiyasının sədri «yalnız seçki bülleteni alan və səsvermə otağında (kabinədə) olan seçicilər səs verə bilərlər» elanını verir.

Seçki qutuları açılmamışdan əvvəl, istifadə edilməmiş seçki bülletenləri səsvermə otağındakı müşahidəçilərin müşahidəsi ilə məntəqə seçki komissiyasının üzvləri tərəfindən sayılır və ləğv edilir.

Həmin seçki bülletenlərinin sayı elan edilir və səsvermənin yekun protokolunda qeyd olunur. Bundan sonra məntəqə seçki komissiyasının sədri seçki qutularının möhür və promblarının salamatlığını yoxlayır, məntəqə seçki komissiyası üzvlərini və müşahidəçiləri bununla əyani surətdə tanış edərək seçki qutularını açır.

Seçki qutuları növbə ilə açılır: əvvəlcə daşınan seçki qutuları, sonra isə tərpənməz seçki qutuları.

İlk növbədə daşınan seçki qutularındakı seçki bülletenləri sayılır. Onların sayı səsvermə otağından kənarda səsvermə üçün seçicilər tərəfindən verilmiş ərizələrin sayından çox olmamalıdır. Daşınan seçki qutusu üzrə səslər hesablanarkən, seçki bülletenlərinin ümumi sayı, verilmiş ərizələrin sayından çox olarsa, daşınan seçki qutusundakı bütün seçki bülletenləri məntəqə seçki komissiyasının qərarı ilə etibarsız hesab edilir. Bu haqda akt səsvermə otağından kənarda səsvermənin keçirilməsini təmin edən məntəqə seçki komissiyası üvlərinin soyadı göstərilməklə seçkilərin yekun protokoluna əlavə edilir.

Seçki məntəqəsi üzrə seçicilərin səsləri hesablanan zaman, ən əvvəl qeyri-müəyyən formada olan, o cümlədən rəsmi hazırlanmayan, məntəqə seçki komissiyası tərəfindən təsdiqlənməmiş, eləcə də etibarsız sayılan seçki bülletenləri ayrılır.

Seçicinin öz idarəsinin bülletendə ifadə etməsini müəyyənləşdirmək mümkün olarsa, bülleten etibarlı sayılır. Seçicinin öz idarəsini bülletendə ifadə etməsini müəyyənləşdirmək çətin olarsa, o cümlədən bülleten doldurularkən hər hansı işarənin bir kvadratdan çox yerdə qoyulduğu, eləcə də heç bir işarə qoyulmamış seçki bülleteni etibarsız sayılır.

Seçki bülleteninin etibarlığında şübhələr yarandıqda məntəqə seçki komissiyası məsələni səsvermə yolu ilə həll edir.

Seçki bülletenlərinin etibarsız sayılması haqqında qərar qəbul edilirsə, onun arxa tərəfində etibarsız hesab olunmanın səbəbləri göstərilməlidir. Belə qeydlər məntəqə seçki komissiyasının azı üç üzvünün imzası ilə təsdiqlənməlidir.

etibarsız seçki bülletenləri ayrıca yığılıb bağlanır.

Məntəqə seçki komissiyasının sədri tərəfindən məntəqə seçki komissiyasının üzvlərinin iştirakı ilə seçicilərin səslərinin hesablanması birbaşa səsverməyə yekun vurulanadək fasiləsiz aparılır. Məntəqə seçki komissiyasının bütün üzvləri və müşahidəçilər səvermənin nəticələri ilə tanış edilir.

Məntəqədə seçki komissiyası səsvermənin nəticələri haqqında protokol tərtib edir. Protokolda səsvermənin yekunlarına dair aşağıdakı məlumatlar daxil edilir:

    • seçicilər siyahısındakı seçicilərin ümumi sayı (ayrıca sətirdə—əlavə siyahılarda olan seçicilər);
    • məntəqə seçki komissiyasına verilmiş seçki bülletenlərinin sayı;
    • seçki günü seçki məntəqəsində seçicilərə verilmiş bülletenlərin sayı;
    • səsvermə otağından kənarda səs vermiş seçicilərə verilmiş seçki bülletenlərinin sayı;
    • ləğv edilmiş seçki bülletenlərinin sayı;
    • tərpənməz seçki qutularında olan seçki bülletenlərinin sayı (müəyyənləşdirilmiş formada olmayan bülletenlər istisna olmaqla) (bu Qanunun 50-ci maddəsinin on yeddinci hissəsinə uyğun olaraq bütün namizədlərin əleyhinə verilmiş bülletenlər etibarlı sayılır);
    • etibarlı hesab edilən bülletenlərin sayı;
    • daşınan seçki qutularında olan seçki bülletenlərinin sayı (müəyyənləşdirilmiş formada olmayan bülletenlər istisna olmaqla);
    • etibarsız hesab edilmiş seçki bülletenlərinin sayı (eləcə də ayrıca sətirlərdə — müəyyənləşdirilmiş formada olmayan və heç bir qeyd edilməmiş seçki bülletenlərinin sayı);
    • seçki bülleteninə daxil edilmiş Prezidentliyə namizədlərin soyadı, adı, atasının adı, bunlar eyni olduqda namizədlər haqqında digər məlumat;
    • hər bir Prezidentliyə namizədin lehinə verilmiş səslərin sayı;
    • bütün Prezidentliyə namizədlərin əleyhinə verilmiş səslərin sayı;
    • Protokolda səsvermənin nəticələri həm sözlə, həm də rəqəmlə ifadə edilir.

Seçki məntəqəsi üzrə seçicilər siyahısında olan seçicilərin sayına, bu seçki məntəqəsində qeydiyyatdan çıxma vəsiqəsi ilə səs verən seçicilərin sayı əlavə olunur (bu seçki məntəqəsindən qeydiyyatdan çıxma vəsiqəsi alan seçiclərin sayı əlavə olunmur).

Məntəqə seçki komissiyası tərəfindən səsvermənin nəticələri haqqında yekun protokolu məntəqə seçki komissiyası üzvlərinin iştirakı və müşahidəçilərin müşahidəsi ilə kopiya çıxardan kağız vasitəsilə 3 nüsxədə tərtib olunur və məntəqə seçki komissiyasının bütün üzvləri tərəfindən imzalanır. Protokolda səsvermənin nəticələri həm sözlə, həm də rəqəmlə ifadə edilir.

Protokolla bütövlükdə və ya onun ayrı-ayrı hissələri ilə razılaşmayan məntəqə seçki komissiyasının üzvü protokola xüsusi rəyini əlavə edə bilər, bu barədə protokolda müvafiq qeyd edilir.

Səsvermənin nəticələri haqqında protokolun karandaşla yazılmasına və ona hər hansı bir düzəliş edilməsinə icazə verilmir. Məntəqə seçki komissiyasından daxil olmuş protokol yuxarı seçki komissiyasında hər hansı bir şübhə yaradarsa, həmin komissiya seçicilərin səslərinin həmin seçki məntəqəsində yenidən hesablanması ilə əlaqədar müvafiq məhkəməyə müraciət edə bilər; belə müraciətlə əlaqədar qərarı məhkəmə 12 saat ərzində çıxarmalıdır.

Səslərin təkrar hesablanması, məntəqə seçki komissiyası tərəfindən yuxarı seçki komissiyası üzvlərinin iştirakı ilə aparılır.

Protokolun 1-ci nüsxəsinə səsvermə günü məntəqə seçki komissiyasına bu Qanunun pozulması ilə əlaqədar daxil olmuş şikayətlər (ərizələr) və bunlar üzrə məntəqə seçki komissiyasının qəbul etdiyi qərarlar əlavə edilir. Şikayətlərin (ərizələrin) və məntəqə seçki komissiyasının qərarlarının təsdiq edilmiş surətləri protokolun 2-ci nüsxəsinə tikilir.

Protokolun 2-ci nüsxəsi, bağlanıb möhürlənmiş seçki bülletenləri, həmin bülletenlərin kəsilmiş sol küncləri, habelə səslərin hesablanmasını müşahidə edən müşahidəçilərin, kütləvi informasiya vasitələrinin nümayəndələrinin siyahıları ilə birlikdə komissiyanın fəaliyyətinin sonuna kimi məntəqə seçki komissiyasının katibində saxlanılır.

Məntəqə seçki komissiyası protokolunun 1-ci nüsxəsini imzaladıqdan sonra seçki günündən 24 saat keçməmiş müddətdə müvafiq ərazi seçki komissiyasına göndərir.

Səsvermənin nəticələri haqqında protokolun 3-cü nüsxəsi müşahidəçilərin, kütləvi informasiya vasitələrinin nümayəndələrinin ümumi tanışlığı məqsədi ilə Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi qaydada seçki məntəqəsində asılır.

Seçki sənədləri, seçki bülletenləri də daxil olmaqla, seçkilərin nəticələri rəsmi elan olunduqdan sonra 10 gündən gec olmayaraq müvafiq ərazi seçki komissiyasına göndərilir.

Azərbaycan Respublikası ərazisindən kənarda yaradılmış məntəqə seçki komissiyaları, səsvermənin nəticələri haqqında protokolun birinci nüsxəsini ona əlavə edilmiş sənədlərlə birlikdə səsvermə günündən başlayaraq 3 gün ərzində Mərkəzi Seçki Komissiyasına göndərirlər.

Maddə 52. Ərazi seçki komissiyası tərəfindən səsvermənin nəticələrinin müəyyən edilməsi

Ərazi seçki komissiyası səsvermənin yekunları haqqında məntəqə seçki komissiyasının protokolları əsasında, bütün məlumatları ümumiləşdirir və müvafiq ərazidə seçki günündən ən geci 2 gün keçənədək bu ərazidə səsvermənin nəticələrini müəyyən edir.

Məntəqə seçki komissiyasının protokollarında ifadə olunan məlumatların ümumiləşdirilməsini ərazi seçki komissiyasının üzvləri birbaşa həyata keçirirlər. Səsvermənin nəticələri barədə, ərazi seçki komissiyası protokol tərtib edir, bu protokola ərazi üzrə seçki məntəqələrinin sayı haqqında məlumat, məntəqə seçki komissiyalarından daxil olmuş protokollarının sayı və bu Qanunun 51-ci maddəsində göstərilən məntəqə seçki komissiyalarının protokollarının ümumiləşdirilmiş məlumatları daxil edilir.

Ərazi seçki komissiyasının protokolu kopiya kağızı vasitəsilə 3 nüsxədə tərtib edilir və komissiyanın bütün üzvləri tərəfindən imzalanır. Protokola ərazi üzrə məntəqə seçki komissiyalarının bütün məlumatlarını ümumiləşdirən cədvəl əlavə edilir. Protokolda səsvermənin nəticələri həm sözlə, həm də rəqəmlə ifadə edilir.

Ərazi seçki komissiyasının bütövlükdə protokolla və ya onun ayrı-ayrı hissələri ilə razı olmayan üzvü, protokola öz xüsusi rəyini əlavə edə bilər. Bu halda protokolda müvafiq qeyd aparılır.

Protokolun 1-ci nüsxəsinə səsvermə günü bu Qanunun pozulması ilə əlaqədar ərazi seçki komissiyasına daxil olmuş şikayətlər (ərizələr) və bu haqda seçki komissiyasının qərarları əlavə edilir. Şikayətlərin (ərizələrin) təsdiq edilmiş surətləri və ərazi seçki komissiyasının qərarlarının surətləri protokolun 2-ci nüsxəsinə əlavə edilir. Ərazi seçki komissiyasının protokolunun 1-ci nüsxəsi imzalandıqdan sonra yekun cədvəli ilə birlikdə dərhal Mərkəzi Seçki Komissiyasına göndərilir.

Səsvermənin yekunları haqqında protokolun 3-cü nüsxəsi müşahidəçilərin və kütləvi informasiya vasitələrinin nümayəndələrinin ümumi tanışlığı məqsədi ilə Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi qaydada ərazi seçki komissiyasında asılır. Protokolun 2-ci nüsxəsi ümumi cədvəllə məntəqə seçki komissiyasının protokolları ilə, səsvermə protokolunun tərtib edilməsini, səsvermənin yekunlarının müəyyən edilməsini müşahidə edən müşahidəçilərin, kütləvi informasiya vasitələrinin nümayəndələrinin siyahıları ilə birlikdə ərazi seçki komissiyasının fəaliyyəti qurtaranadək komissiyanın katibində saxlanılır.

Maddə 53. Prezident seçkilərinin nəticələrinin müəyyən edilməsi

Mərkəzi Seçki Komissiyası seçkilər günündən başlayaraq 5 gündən gec olmayan müddətdə Prezident seçkilərinə yekun vurur və nəticələri Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim edir.

Mərkəzi Seçki Komissiyası seçkilərdə səsvermənin nəticələrini ərazi seçki komissiyalarının protokolları əsasında müəyyənləşdirir. Ərazi seçki komissiyasının protokolları əsasında ümumiləşdirməni birbaşa Mərkəzi Seçki Komissiyasının həlledici səs hüququna malik olan üzvləri həyata keçirirlər.

Mərkəzi Seçki Komissiyası səsvermənin yekunları haqqında ərazi seçki komissiyalarının və Azərbaycan Respublikası ərazisində kənarda yaradılan məntəqə seçki komissiyalarının protokollarının sayı barəsindəki məlumatların, eləcə də ərazi seçki komissiyalarının və Azərbaycan Respublikası ərazisindən kənarda yaradılan məntəqə seçki komissiyalarının protokollarının ümumiləşdirilməsi əsasında protokol tərtib edir. Protokolda səsvermənin nəticələri həm sözlə, həm də rəqəmlə ifadə edilir.

Mərkəzi Seçki Komissiyasının protokolu 2 nüsxədə seçki komissiyasının iclasında iştirak edən bütün üzvləri tərəfindən imzalanır. Protokola ərazi seçki komissiyalarının məlumatlarını əks etdirən ümumi cədvəl əlavə edilir. Mərkəzi Seçki Komissiyasının bütövlükdə protokolla və ya onun ayrı-ayrı hissələri ilə razılaşmayan üzvü protokola özünün xüsusi rəyini əlavə edə bilər. Bu barədə protokolda müvafiq qeyd aparılır. Protokolun 1-ci nüsxəsində bu Qanunun pozulması barədə səsvermə günü Mərkəzi Seçki Komissiyasına daxil olmuş şikayətlər (ərizələr), onlar üzrə komissiyasının qəbul etdiyi qərarları əlavə edilir. Mərkəzi Seçki Komissiyası qərarlarının və təsdiq olunmuş şikayətlərin (ərizələrin) surətləri protokolun 2-ci nüsxəsinə əlavə edilir.

Protokolun 1-ci və 2-ci nüsxəsi və ümumi cədvəl, Mərkəzi Seçki Komissiyasına daxil olmuş ərazi seçki komissiyalarının protokolları əsasında səsvermənin yekunlarının müəyyən edilməsini və protokolun tərtib edilməsini müşahidə etmiş müşahidəçilərin, kütləvi informasiya vasitələri nümayəndələrinin siyahıları da Mərkəzi Seçki Komissiyasının katibində saxlanılır.

Mərkəzi Seçki Komissiyasına daxil olmuş ərazi seçki komissiyalarının protokollarında uyğunsuzluq, səhvlər və digər pozuntu halları aşkar edilərsə, Mərkəzi Seçki Komissiyasının müvafiq ərazidə seçicilərin səslərinin təkrar hesablanması haqqında qərar çıxarmaq hüququ vardır.

Bu halda seçici səslərinin təkrar hesablanması Mərkəzi Seçki Komissiyasının üzvlərinin iştirakı ilə aparılır.

Mərkəzi Seçki Komissiyasının bütün sənədləri, ərazi və məntəqə seçki komissiyalarının sənədləri, səsvermənin və seçkilərin nəticələri haqqında protokollar yeni Prezident seçkilərinin vaxtı təyin edilənədək Mərkəzi Seçki Komissiyasında saxlanılır və sonra dövlət arxivinə verilir.

Seçki komissiyalarının protokolunda olan məlumatların ümumiləşdirilməsini Mərkəzi Seçki Komissiyasının həlledici səs hüququna malik olan üzvləri həyata keçirirlər.

Konstitusiyasının 101-ci maddəsinin ikinci hissəsinə əsasən Prezidentliyə namizədə səsvermədə iştirak etmiş seçicilərin 2/3-dən çoxu səs verdikdə, o Azərbaycan Respublikasının Prezidenti seçilmiş sayılır.

Səsvermədə iştirak etmiş seçicilərin sayı seçki qutularından çıxarılan və müəyyənləşdirilmiş formada olan seçki bülletenlərinin sayı əsasında müəyyənləşdirilir.

Seçicilərin siyahılarına daxil edilmiş seçicilərin 25 faizindən azının seçkilərdə iştirakı müəyyənləşdirilərsə, Mərkəzi Seçki Komissiyası seçkiləri baş tutmamış sayır.

Seçkilərdə iştirak edən seçicilərin sayı seçicilərin seçki bülletenləri almaları barədə seçici siyahılarındakı imzalarla müəyyən edilir.

Mərkəzi Seçki Komissiyası seçkilərdə qanunun pozulması səbəbindən seçicilərin öz iradəsinin ifadəsi nəticələrini müəyyən edə bilməzsə, o zaman seçkiləri etibarsız hesab edir.

Prezident seçkilərinin nəticələri haqqında Mərkəzi Seçki Komissiyası protokol tərtib edir və orada aşağıdakı məlumatlar ifadə olunur:

    • ərazi seçki komissiyalarının və Azərbaycan Respublikası ərazisindən kənarda təşkil edilmiş məntəqə seçki komissiyalarının ayrı-ayrılıqda sayı;
    • ərazi seçki komissiyalarının və Azərbaycan Respublikası ərazisindən kənarda təşkil edilmiş məntəqə seçki komissiyalarının protokollarının ayrı-ayrılıqda sayı;
    • seçici siyahılarına daxil edilmiş seçicilərin sayı (ayrıca sətirdə — əlavə siyahılara daxil edilmiş seçicilərin sayı);
    • məntəqə seçki komissiyalarına verilmiş seçki bülletenlərinin sayı;
    • seçkilər günü seçki məntəqələrində seçicilərə verilmiş seçki bülletenlərinin sayı;
    • səsvermə otağından kənarda səs vermək üçün seçicilərə verilmiş seçki bülletenlərinin sayı;
    • ləğv edilmiş seçki bülletenlərinin sayı;
    • tərpənməz seçki qutularında olan seçki bülletenlərinin sayı (müəyyənləşdirilmiş formada olmayan bülletenlər istisna olmaqla);
    • daşınan seçki qutularındakı seçki bülletenlərinin sayı (müəyyənləşdirilmiş formada olmayan bülletenlər istisna olmaqla);
    • etibarlı hesab edilmiş seçki bülletenlərinin ümumi sayı;
    • etibarsız hesab edilmiş seçki bülletenlərinin ümumi sayı (o cümlədən, ayrıca sətirlərdə müəyyənləşdirilmiş formada olmayan və heç bir qeyd aparılmayan seçki bülletenlərinin sayı);
    • seçki bülletenlərinə daxil edilmiş Prezidentliyə namizədlərin soyadı, adı, atasının adı onlar eyni olarsa, digər məlumatlar;
    • hər bir Prezidentliyə namizədin lehinə verilmiş səslərin sayı;
    • bütün Prezidentliyə namizədlərin əleyhinə verilmiş səslərin sayı.

Prezident seçkilərinin nəticələri haqqında protokola hökmən bütün ərazi seçki komissiyalarının protokollarının və Azərbaycan Respublikası ərazisindən kənarda yaradılan məntəqə seçki komissiyaları protokollarının məlumatlarını ümumiləşdirən cədvəl əlavə edilir.

Prezident seçkilərinin nəticələri haqqında protokol imzalandıqdan sonra 2 gündən gec olmayaraq kütləvi informasiya vasitələrində elan edilir.

Maddə 54. Təkrar səsvermə

Seçki bülleteninə Prezidentliyə namizəd kimi ikidən çox şəxs daxil edilibsə və onlardan heç biri seçilməyibsə, Mərkəzi Seçki Komissiyası seçkilərdə daha çox səs toplamış iki namizəd üzrə təkrar səsvermə təyin edir.

Konstitusiyanın 101-ci maddəsinin üçüncü hissəsinə uyğun olaraq təkrar səsvermə ümumi seçkilərdə səsvermə günündən sonra ikinci bazar günü bu Qanuna əsasən keçirilir.

Təkrar səsvermə keçirilməsi haqqında məlumat Mərkəzi Seçki Komissiyası müvafiq qərar qəbul etdikdən sonra ən geci 2 gün müddətində kütləvi informasiya vasitələrində dərc olunur.

Təkrar səsvermə keçirilənədək Prezidentliyə bir namizəd qalmışdırsa, Mərkəzi Seçki Komissiyasının qərarı ilə daha çox səs toplamış növbəti namizəd ikinci namizəd sayılır.

Təkrar səsvermədə seçicilərin siyahılarına daxil edilmiş seçicilərin 25 faizindən azının seçkilərdə iştirakı müəyyənləşdirilərsə, Mərkəzi Seçki Komissiyası səsverməni baş tutmamış sayır.

Konstitusiyanın 101-ci maddəsinin dördüncü hissəsinə uyğun olaraq təkrar səsvermədə seçkilərdə iştirak edən seçicilərin yarısından çoxunun səsini toplayan namizəd Azərbaycan Respublikasının Prezidenti seçilmiş sayılır.

Maddə 55. Təkrar seçkilər

Prezident seçkiləri baş tutmamış sayılarsa və ya etibarsız hesab edilərsə, yaxud ümumi seçkilərdə və ya təkrar səsvermədə Prezidentliyə heç bir namizəd Azərbaycan Respublikasının Prezidenti seçilməzsə, Mərkəzi Seçki Komissiyasının qərarı ilə təkrar Prezident seçkiləri təyin edilir. Təkrar seçkilərin keçirilməsində Prezidentliyə namizədlərin irəli sürülməsi və qeydiyyatı, digər seçki hərəkətləri, bu Qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. Təkrar seçkilədə seçicilərin siyahısına daxil edilmiş seçicilərin 25 faizindən azının seçkilərdə iştirakı müəyyənləşdirilərsə, Mərkəzi Seçki Komissiyası təkrar seçkiləri baş tutmamış sayır.

Təkrar seçkilərin keçirilməsi haqqında məlumat kütləvi informasiya vasitələrində dərc olunur.

Təkrar seçkilər ilkin seçkilərdən sonra 3 aydan gec olmayaraq keçirilir.

Maddə 56. Prezident seçkilərinin yekunlarının və səsvermənin nəticələrinin dərc olunması

Hər bir məntəqə seçki komissiyası üzrə səsvermənin nəticələri, müvafiq seçki komissiyalarının protokolunda olan məlumatlar, hər bir seçiciyə və yaxud müşahidəçiyə, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələrinə tanışlıq üçün verilə bilər.

Hər bir seçki komissiyası üzrə Prezident seçkilərində səsvermənin nəticələri haqqında protokolun və Prezident seçkilərinə aidiyyatı olan digər sənədin təsdiqlənmiş surəti Prezidentliyə namizədlərə və ya müşahidəçilərə onların tələbi ilə verilə bilər.

Ərazi seçki komissiyası səsvermənin nəticələri haqqında protokolunda olan məlumatları seçkilərin keçirilməsindən 5 gündən gec olmayaraq, məntəqə seçki komissiyalarının protokollarında seçkinin yekunu haqqında məlumatlar isə seçki günündən 10 gündən gec olmayaraq dərc olunur.

Mərkəzi Seçki Komissiyası Prezident seçkilərinin nəticələrini kütləvi informasiya vasitələrində dərc edir, həmçinin səsvermə yekunları haqqında ərazi seçki komissiyalarının protokollarının məlumatları seçki günündən bir aydan gec olmayaraq dərc edilir.

Prezident seçkiləri günündən bir aydan gec olmayaraq Mərkəzi Seçki Komissiyası özünün rəsmi mətbu orqanında səsvermənin nəticələri haqqında məlumatı, eləcə də bütün ərazi və məntəqə seçki komissiyaları üzrə tam məlumatları dərc edir.

Maddə 57. Avtomatlaşdırılmış məlumat sistemindən istifadə

Prezident seçkilərinin gedişində avtomatlaşdırılmış informasiya sistemindən istifadə edilərsə, hər bir seçki komissiyası seçki komissiyasının üzvlərindən ibarət avtomatlaşdırılmış informasiya sistemi üzərində nəzarət üçün qrup yaradır.

Seçki komissiyalarının bütün üzvləri avtomatlaşdırılmış informasiya sisteminə daxil edilən və ondan çıxarılan hər bir məlumatla tanış ola bilər.

Avtomatlaşdırılmış informasiya sistemindən aşağı seçki komissiyalarından yuxarı seçki komissiyalarına məlumatların verilməsi yolu ilə səsvermənin başlanmasından Mərkəzi Seçki Komissiyasının protokolları imzalanana kimi səsvermənin gedişini və nəticələrini müşahidə etmək üçün istifadə edilir. Bu proses müddətində yuxarı seçki komissiyasının informasiya mərkəzindən məlumatların qəbulu haqda siqnalların təsdiqindən başqa, aşağı seçki komissiyalarına hər hansı məlumat verilməsi qadağan edilir. Səsvermənin gedişi və nəticələri haqqında avtomatlaşdırılmış informasiya sistemi vasitəsi ilə alınmış məlumatlar hüquqi əhəmiyyəti olmayan ilkin məlumatlar sayılır.

Seçki komissiyasının katibində saxlanılan seçki komissiyasının protokoluna, avtomatlaşdırılmış informasiya sisteminə daxil edilmiş kompüter mətni əlavə edilməlidir. Kompüter mətninin həqiqiliyi məlumatın daxil edilməsinə məsuliyyət daşıyan şəxslərin və avtomatlaşdırılmış informasiya sisteminin istifadəsi üzərində nəzarət qrupu üzvlərinin imzaları ilə təsdiq edilir.

IX fəsil. Prezidentin öz vəzifəsinə başlaması

Maddə 58. Prezidentin öz vəzifəsinə başlaması

Konstitusiyanın 103-cü maddəsinə uyğun olaraq Prezident seçilən şəxs Konstitusiya Məhkəməsi tərəfindən Prezident seçkilərinin nəticələri rəsmi elan olunduğu gündən başlayaraq 3 gün ərzində and içir.

And içdiyi gündən başlayaraq Azərbaycan Respublikasının Prezidenti qanunla müəyyən edilmiş minimum əmək haqqının 5.000 mislində aylıq əmək haqqı alır.

Fəaliyyətdə olan Azərbaycan Respublikasının Prezidenti öz vəzifələrini yeni seçilmiş Azərbaycan Respublikası Prezidentinin öz vəzifəsinə başlamasına kimi həyata keçirir.

X fəsil. Yekun müddəaları

Maddə 59. Bu Qanunun hüquqi qüvvəyə minməsi

Bu Qanun dərc olduğu gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 9 iyun 1998-ci il

№ 503-IQ

«Azərbaycan» qəzetində dərc edilmişdir (14 iyun 1998-ci il, № 35)(«LegalActs»).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 iyun 1998-ci il, № 6, maddə 376) («LegalActs»).

10 iyul 1998-ci il tarixli, 520-IQD nömrəli qanuna əsasən əlavələr və dəyişikliklərlə («LegalActs»).


1 saylı əlavə

İmza vərəqəsi

_________________________________________________________________________

(Azərbaycan Respublikasının rayonu, şəhəri, şəhərdə rayonu, qəsəbəsi, kəndi)

Qeyd şəhadətnaməsinin №-si ___________________

Biz, aşağıda imza edənlər ___________________ doğulmuş, _________________ vəzifəsində işləyən, ___________________________________________________ yaşayan Azərbaycan Respublikasının vətəndaşı _____________________________________ seçici birliyi (seçici bloku) tərəfindən Azərbaycan Respublikasının prezidentliyinə namizəd irəli sürülməsini müdafiə edirik.

Sıra №-si

İmza edən vətəndaşın soyadı, adı, atasının adı

Doğulduğu tarix (18 yaşlı şəxsin əlavə olaraq doğulduğu ay və gün)

Yaşayış yerinin ünvanı (rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd, küçə, ev; mənzil nömrəsi)

Pasportun, onu əvəz edən sənədin seriyası və nömrəsi

İmza tarixi

İmza

1.

2.

3.

38.

39.

40.

İmza vərəqəsini təsdiq edirəm: _________________________________________________

(imza toplamış şəxsin soyadı, adı, atasının adı, yaşayış yeri,

__________________________________________________________________________

pasportunun və ya onu əvəz edən sənədin seriyası və nömrəsi)

(İmza və tarix)

Seçici birliyinin (seçici blokunun) səlahiyyətli nümayəndəsi: _________________________ ___________________________________________________________________________

(soyadı, adı, atasının adı, yaşayış yeri, pasportunun və ya onu əvəz edən sənədin seriyası və nömrəsi)

(İmza və tarix)


2 saylı əlavə

İmza vərəqəsi

___________________________________________________________________________

(Azərbaycan Respublikasının rayonu, şəhəri, şəhərdə rayonu, qəsəbəsi, kəndi)

Qeyd şəhadətnaməsinin №-si ___________________

Biz, aşağıda imza edənlər ___________________ doğulmuş, ___________________ vəzifəsində işləyən, ___________________________________________________ yaşayan Azərbaycan Respublikasının vətəndaşı ______________________________________ seçicilərin təşəbbüs qrupu tərəfindən Azərbaycan Respublikasının prezidentliyinə namizəd irəli sürülməsini müdafiə edirik.

Sıra №-si

İmza edən vətəndaşın soyadı, adı, atasının adı

Doğulduğu tarix (18 yaşlı şəxsin əlavə olaraq doğulduğu ay və gün)

Yaşayış yerinin ünvanı (rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd, küçə, ev; mənzil nömrəsi)

Pasportun, onu əvəz edən sənədin seriyası və nömrəsi

İmza tarixi

İmza

1.

2.

3.

38.

39.

40.

İmza vərəqəsini təsdiq edirəm: ________________________________________________

(imza toplamış şəxsin soyadı, adı, atasının adı, yaşayış yeri,

_______________________________________________________________________

pasportunun və ya onu əvəz edən sənədin seriyası və nömrəsi)

(İmza və tarix)

Seçicilərin təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsi: __________________________ _________________________________________________________________________

(soyadı, adı, atasının adı, yaşayış yeri, pasportunun və ya onu əvəz edən sənədin seriyası və nömrəsi)

(İmza və tarix)


© LegalActs