Об утверждении правил выдачи специального разрешения (лицензии) на изготовление различных видов печатей и штампов, знаков государственной регистрации для транспортных средств, бланков свидетельства о регистрации и талона технического осмотра транспортных средств, бланков временного разрешения на управление транспортными средствами, бланков свидетельства о регистрации договора залога транспортных средств и бланков водительского удостоверения


Дата релиза: 10.04.1999

Müxtəlif növ möhürlərin və ştampların, nəqliyyat vasitələrinə dövlət qeydiyyat nişanlarının, nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələri və texniki baxış talonları blanklarının, nəqliyyat vasitələrinin idarə edilməsinə müvəqqəti icazə blanklarının, nəqliyyat vasitələrinin girov müqavilələrinin qeydiyyat şəhadətnamələri blanklarının və sürücülük vəsiqələri blanklarının hazırlanmasına xüsusi razılıq (lisenziya) verilməsi Qaydalarının təsdiq edilməsi haqqında

Azərbaycan Respublikasının Nazirlər Kabineti

Müxtəlif növ möhürlərin və ştampların,
nəqliyyat vasitələrinə dövlət qeydiyyat nişanlarının,
nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələri və
texniki baxış talonları blanklarının,
nəqliyyat vasitələrinin idarə edilməsinə
müvəqqəti icazə blanklarının,
nəqliyyat vasitələrinin girov müqavilələrinin
qeydiyyat şəhadətnamələri blanklarının və
sürücülük vəsiqələri blanklarının hazırlanmasına
xüsusi razılıq (lisenziya) verilməsi
Qaydalarının təsdiq edilməsi haqqında

Qərar № 24

Bakı şəhəri, 9 fevral 1998-ci il

«Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 4 oktyabr tarixli 637 nömrəli Fərmanının icrası məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Müxtəlif növ möhürlərin və ştampların, nəqliyyat vasitələrinə dövlət qeydiyyat nişanlarının, nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələri və texniki baxış talonları blanklarının, nəqliyyat vasitələrinin idarə edilməsinə müvəqqəti icazə blanklarının, nəqliyyat vasitələrinin girov müqavilələrinin qeydiyyat şəhadətnamələri blanklarının və sürücülük vəsiqələri blanklarının hazırlanmasına xüsusi razılıq (lisenziya) verilməsi Qaydaları» təsdiq edilsin.

2. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri

A.RASİ-ZADƏ.

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (28 fevral 1998-ci il, № 2, maddə 121) («LegalActs»).

10 aprel 1999-cu il tarixli, 63 nömrəli qərara əsasən əlavələr və dəyişikliklərlə.

7 noyabr 2002-ci il tarixli, 173 nömrəli qərara əsasən qüvvədən düşmüşdür («LegalActs»).


Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
1998-ci il 9 fevral tarixli
24 nömrəli qərarı ilə
təsdiq edilmişdir.

Müxtəlif növ möhürlər və ştampların,
nəqliyyat vasitələrinə dövlət qeydiyyat nişanlarının,
nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələri və
texniki baxış talonları blanklarının,
nəqliyyat vasitələrinin idarə edilməsinə
müvəqqəti icazə blanklarının,
nəqliyyat vasitələrinin girov müqavilələrinin
qeydiyyat şəhadətnamələri blanklarının və
sürücülük vəsiqələri blanklarının hazırlanmasına
xüsusi razılıq (lisenziya) verilməsi
Qaydaları

I. Ümumi müddəalar

1.1. Bu Qaydalar «Sahibkarlıq fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 27 yanvar tarixli 543 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Bəzi sahibkarlıq fəaliyyəti növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Əsasnamə»yə və «Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısının təsdiq edilməsi haqqında» 1997-ci il 4 oktyabr tarixli 637 nömrəli Fərmanına əsasən hazırlanmışdır və müxtəlif növ möhürlərin və ştampların, nəqliyyat vasitələrinə dövlət qeydiyyat nişanlarının, nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələri və texniki baxış talonları blanklarının, nəqliyyat vasitələrinin idarə edilməsinə müvəqqəti icazə blanklarının, nəqliyyat vasitələrinin girov müqavilələrinin qeydiyyat şəhadətnamələri blanklarının və sürücülük vəsiqələri blanklarının hazırlanması fəaliyyətləri ilə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) verilməsi (bundan sonra lisenziya) qaydalarını müəyyən edir.

1.2. Bu Qaydalara əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilən lisenziya mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi şəxslərə, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə (bundan sonra «ərizəçilər») aşağıdakı fəaliyyət növlərini həyata keçirməyə icazə verən rəsmi sənəddir:

1.2.1. nəqliyyat vasitələri üçün dövlət qeydiyyat nişanlarının hazırlanmasına;

1.2.2. nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələrinin hazırlanmasına;

1.2.3. nəqliyyat vasitələrinin texniki baxış talonları blanklarının hazırlanmasına;

1.2.4. nəqliyyat vasitələrinin idarə edilməsinə müvəqqəti icazə blanklarının hazırlanmasına;

1.2.5. nəqliyyat vasitələrinin girov müqavilələrinin qeydiyyat şəhadətnamələrinin blanklarının hazırlanmasına;

1.2.6. sürücülük vəsiqələrinin blanklarının hazırlanmasına;

1.2.7. müxtəlif növ möhürlərin və ştampların hazırlanmasına.

Bu bənddə göstərilən hər bir fəaliyyət növü üçün ayrıca lisenziya verilir.

Ərizəçilərin fəaliyyəti çox profilli (yönümlü) olduqda onlar bir neçə lisenziyaya malik ola bilərlər.

1.3. Ərizəçilər yalnız bu Qaydalara əsasən lisenziya aldıqdan sonra həmin lisenziyada göstərilən sahibkarlıq fəaliyyəti növü ilə müəyyən edilmiş qaydada və müddətdə məşğul ola bilərlər.

1.4. Xarici hüquqi və fiziki şəxslər, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri öz ölkələrində bu Qaydalarda göstərilən fəaliyyət növü ilə məşğul olmaq üçün aldıqları lisenziyaların Azərbaycan Respublikasında tanınmasını müəyyən edən dövlətlərarası saziş olmadığı halda, onlar həmin fəaliyyət növü ilə məşğul olmaq üçün bu Qaydalara və mövcud qanunvericiliyə uyğun olaraq lisenziya almalıdırlar.

1.5. Lisenziyanın sahibi verilən lisenziyadan (lisenziyanın surətindən) yalnız özü istifadə edə bilər, onu başqa şəxslərə verə bilməz və bu lisenziyanın qüvvəsi lisenziya sahibinin təsisçisi olduğu hüquqi şəxslərə, lisenziyanın sahibi ilə birgə fəaliyyət, o cümlədən onunla əməkdaşlıq barədə bağlanmış müqavilə əsasında fəaliyyət göstərən başqa şəxslərə şamil edilmir.

Fərdi əmək müqaviləsi (kontraktı) və ya tapşırıq müqaviləsi əsasında lisenziya sahibinin adından hərəkətlər edən şəxsə müvəqqəti olaraq lisenziyanın verilməsi lisenziyanın başqa şəxsə verilməsi sayılmır.

II. Lisenziyanın verilməsi qaydası

2.1. Lisenziya almaq üçün ərizəçi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə aşağıdakıları təqdim etməlidir:

2.1.1. lisenziya almaq üçün ərizə.

Ərizədə aşağıdakılar öz əksini tapmalıdır:

    • hüquqi şəxslər üçün —hüquqi şəxsin adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı, hesablaşma hesabının nömrəsi və bankın adı, fəaliyyət növü*;
    • fiziki şəxslər üçün — adı, atasının adı, soyadı, şəxsiyyəti təsdiq edən vəsiqə haqqında məlumatlar (seriya, nömrə, nə vaxt və kim tərəfindən verilmişdir, ünvanı), fəaliyyət növü*;
    • hüquqi şəxslərdə işləyəcək digər şəxslərin siyahısı və anket göstəriciləri;

2.1.2. müəssisənin təsis sənədlərinin surəti;

2.1.3. müəssisənin dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti;

2.1.4. sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin vergi orqanları tərəfindən uçota alınması haqqında şəhadətnamənin surəti;

2.1.5. lisenziya almaq üçün dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd;

2.1.6. ərizədə göstərilən obyektlərdən hər biri üçün ərizəçinin istifadə hüququnu (mülkiyyət hüququ, icarə, istifadə və s. əsasları) təsdiq edən sənədin surəti;

2.1.7. lisenziya verilməsi üçün tələb olunan zəruri şərt müəssisə üçün ayrılmış otağın yararlı olmasını təsdiq edən polis, yanğından mühafizə, sanitar xidmətlərinin və maraqlı təşkilatların nümayəndələrindən ibarət idarələrarası komissiya tərəfindən tərtib edilmiş aktın olmasıdır.**

2.2. Ərizəçidən bu Qaydalarda nəzərdə tutulmayan sənədlərin tələb olunması qadağandır.

2.3. Lisenziya almaq üçün təqdim olunan ərizə və bu Qaydalarda nəzərdə tutulan sənədlər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən xüsusi kitabda qeydə alınmaqla qəbul edilir, baxılır, çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda qeydə alındığı gündən başlayaraq 15 gündən gec olmamaqla lisenziya verilməsi haqqında qərar qəbul edilir.

Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, bu barədə ərizəçiyə yazılı məlumat verilir, onlar aradan qaldırıldıqdan və sənədlər təkrar təqdim edildikdən sonra onlara 5 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir.

Bu Qaydalarda göstərilən əsaslarla lisenziya verilməsindən imtina olunduğu halda bu barədə ərizəçiyə imtinanın əsasları göstərilməklə yazılı məlumat verilir.

Bu bənddə göstərilən müddətlərin son günü qeyri iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur.

2.4. Lisenziya verilməsindən aşağıdakı hallarda imtina edilir:

2.4.1. bu Qaydalarda nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə;

2.4.2. ərizəçinin təqdim etdiyi sənədlərdə qeyri-dürüst və ya təhrif olunmuş məlumatlar olduqda;

2.4.3. fəaliyyət növünün həyata keçirilməsi üçün ərizəçinin bu Qaydalarda nəzərdə tutulan zəruri şəraiti olmadıqda;

2.4.4. ərizəçi və ya cəlb ediləcək mütəxəssislər bu Qaydalarda nəzərdə tutulan fəaliyyətlə məşğul olmaq üçün müvafiq ixtisasa malik olmadıqda;

2.4.5. fiziki şəxslərdə fəaliyyət qabiliyyətsizlikləri və ya məhdud fəaliyyət qabiliyyətlikləri məhkəmə tərəfindən təsdiq edildikdə;

2.4.6. fiziki şəxs psixiatriya və ya narkoloji dispanserlərdə uçotda dayandıqda;

2.4.7. ərizəçinin əvvəllər bu fəaliyyət növü üçün aldığı lisenziyanın lisenziya verən orqanın təşəbbüsü ilə ləğv edilməsindən 2 il vaxt keçməmişdirsə;

2.4.8. ərizəçi, əvvəllər bu fəaliyyət növü üçün aldığı lisenziyanın fəaliyyəti lisenziya verən orqanın təşəbbüsü ilə dayandırıldığı dövrdə müraciət etdikdə;

2.4.9. qanunvericilikdə nəzərdə tutulan digər hallarda.

2.5. Ərizəçi lisenziya verilməsindən imtinaya əsas olmuş halları aradan qaldırdıqdan sonra lisenziya almaq üçün bu Qaydalara uyğun olaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə müraciət etmək və ya imtina barədə qərarla razılaşmadıqda məhkəməyə müraciət etmək hüququna malikdir.

2.6. Müəssisə, təşkilat, idarə ləğv edildikdə, yaxud sahibkar kimi fəaliyyət göstərmək üçün fiziki şəxsə verilən şəhadətnamə qüvvədən düşdükdə, hüquqi və fiziki şəxslərə verilən lisenziya da öz hüquqi qüvvəsini itirir.

Hüquqi şəxs yenidən təşkil edildikdə, onun adı dəyişdirildikdə, fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənəd haqqında məlumatları dəyişdikdə, lisenziya itirildikdə ərizəçi 15 gün müddətində lisenziyanın yenidən rəsmiləşdirilməsi üçün ərizə təqdim etməlidir.

Lisenziyanın yenidən rəsmiləşdirilməsi onun verilməsi üçün müəyyən edilmiş qaydada həyata keçirilir.

Lisenziyanın yenidən rəsmiləşdirildiyi müddətdə lisenziyanın sahibi öz fəaliyyətini əvvəlki lisenziya (ayrı-ayrı obyektlər üçün verilmiş lisenziyanın surətləri) əsasında, lisenziya itirildikdə isə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin verdiyi müvəqqəti icazə (ayrı-ayrı obyektlər üçün verilmiş lisenziyanın surətləri) əsasında həyata keçirir. Azərbaycan Respublikasının daxili işlər naziri (və ya onun müavini) tərəfindən imzalanmış və möhürlə təsdiq edilmiş müvəqqəti icazə lisenziyanın yenidən rəsmiləşdirilməsi üçün bütün sənədlər təqdim edildikdə verilir.

III. Lisenziya

3.1. Lisenziyada aşağıdakılar göstərilir:

3.1.1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin adı;

3.1.2. hüquqi şəxslər üçün — lisenziya verilən müəssisə, təşkilat və idarənin adı və hüquqi ünvanı;

3.1.3. fiziki şəxslər üçün — adı, atasının adı, soyadı, şəxsiyyəti təsdiq edən vəsiqə haqqında məlumatlar (seriya, nömrə, kim tərəfindən və nə vaxt verilmişdir, yaşayış yeri);

3.1.4. həyata keçirilməsinə lisenziya verilən fəaliyyət növü;

3.1.5. lisenziyanın qüvvədə olma müddəti;

3.1.6. müvafiq fəaliyyət növünün həyata keçirilməsi qaydası;

3.1.7. lisenziyanın qeydiyyat nömrəsi və verilmə tarixi.

3.2. Lisenziya Azərbaycan Respublikasının daxili işlər naziri (o olmadıqda, nazirin müavini) tərəfindən imzalanır və DİN-in möhürü ilə təsdiq olunur.

IV. Lisenziyanın müddəti

4.1. Lisenziya iki il müddətinə verilir.

4.2. Lisenziyanın qüvvədə olma müddətinin uzadılması onun verilməsi üçün müəyyən olunmuş qaydada həyata keçirilir.

4.3. Müddəti bitmiş lisenziya və onun surətləri etibarsız sayılır.

V. Lisenziyanın surəti

5.1. Lisenziyalaşdırılan fəaliyyət növü ərazi baxımından ayrı-ayrı obyektlərdə həyata keçirildiyi halda, ərizəçiyə lisenziya ilə birlikdə ərizədə göstərilən hər bir obyekt üçün onun ünvanı göstərilməklə lisenziyanın surəti təqdim olunur.

5.2. Ərizəçi lisenziya aldıqdan sonra öz fəaliyyətini ərazi baxımından ayrı-ayrı obyektlərdə həyata keçirmək və ya belə obyektlərin sayını artırmaq istədikdə təzə obyektlərə lisenziyanın surətlərini almaq üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə aşağıdakı sənədləri təqdim etməlidir:

5.2.1. verilmiş lisenziyanın qeydiyyat nömrəsi, tarixi, fəaliyyətin növü, təzə obyektlərin sayı və ünvanı göstərilməklə ərizə;

5.2.2. obyektlər barədə bu Qaydaların 2.1.6—2.1.7 yarımbəndlərində tələb olunan sənədlər.

5.3. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi lisenziyanın surətlərinin verilməsi məsələsinə dair müraciətə bu Qaydaların 2.3 və 2.4 bəndlərinə əsasən baxır və müvafiq qərar qəbul edir.

5.4. Lisenziyanın surəti — lisenziyanın sahibinə hər bir obyekt üçün lisenziya blankında, əvvəllər verilmiş lisenziyada əks edilən göstəricilər yazılmaqla, blankın yuxarı sağ küncünə «Surəti» sözü və ünvan qrafasına obyektin ünvanı da əlavə edilməklə doldurulmuş orqanın rəhbəri və ya rəhbər olmadıqda müavini tərəfindən imzalanan və orqanın möhürü ilə təsdiq edilən və həmin obyektə bu fəaliyyət növü ilə məşğul olmağa icazə verən rəsmi sənəddir.

5.5. Lisenziyaların surəti Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən qeydə alınır.

5.6. Lisenziyanın surəti itirildikdə lisenziya sahibi lisenziyanın yeni surətini rəsmiləşdirmək üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə müraciət edir.

5.7. Lisenziyanın surətinin verilməsi və yenidən rəsmiləşdirilməsi üçün haqq alınmır.

VI. Lisenziyanın qüvvədə olma qaydaları və nəzarət

6.1. Müxtəlif növ möhürlərin və ştampların, nəqliyyat vasitələrinə dövlət qeydiyyat nişanlarının, nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələri və texniki baxış talonları blanklarının, nəqliyyat vasitələrinin idarə edilməsinə müvəqqəti icazə blanklarının, nəqliyyat vasitələrinin girov müqavilələrinin qeydiyyat şəhadətnamələri blanklarının və sürücülük vəsiqələri blanklarının hazırlanması ilə məşğul olarkən lisenziya sahibləri aşağıdakı qaydalara riayət etməlidirlər:

6.1.1. müxtəlif növ möhürlərin və ştampların, nəqliyyat vasitələrinə dövlət qeydiyyat nişanlarının, nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələri və texniki baxış talonları blanklarının, nəqliyyat vasitələrinin idarə edilməsinə müvəqqəti icazə blanklarının, nəqliyyat vasitələrinin girov müqavilələrinin qeydiyyat şəhadətnamələri blanklarının və sürücülük vəsiqələri blanklarının hazırlanması üçün nəzərdə tutulmuş binaların (otaqların), avadanlıqların, istifadə olunan materialların və hazırlanmış məmulatların etibarlı mühafizəsi təmin edilir;

6.1.2. təşkilatlardan, idarələrdən müxtəlif növ möhürlərin və ştampların, nəqliyyat vasitələrinə dövlət qeydiyyat nişanlarının, nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələri və texniki baxış nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələri və texniki baxış talonları blanklarının, nəqliyyat vasitələrinin idarə edilməsinə müvəqqəti icazə blanklarının, nəqliyyat vasitələrinin girov müqavilələrinin qeydiyyat şəhadətnamələri blanklarının və sürücülük vəsiqələri blanklarının hazırlanması barədə sifarişlər hazırlanacaq nişanların, möhür və ştampların, vəsiqələrin, blankların nümunələri göstərilməklə şəxsiyyəti təsdiq edən sənəd və etibarnamə təqdim olunduqda qəbul edilir;

6.1.3. sifariş üçün təqdim olunmuş sənədlər hüquqi şəxslərin əməkdaşı tərəfindən yoxlanılır və müvafiq qaydada qeydiyyata götürülür;

6.1.4. müxtəlif növ möhürlərin və ştampların, nəqliyyat vasitələrinə dövlət qeydiyyat nişanlarının, nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələri və texniki baxış talonları blankları, nəqliyyat vasitələrinin idarə edilməsinə müvəqqəti icazə blankları, nəqliyyat vasitələrinin girov müqavilələrinin qeydiyyat şəhadətnamələri blankları və sürücülük vəsiqələri blankları standartlara və texniki şərtlərə uyğun olmalıdır, onların dəqiq uçotu aparılır, sifarişçiyə onun pasportu (vəsiqəsi), hüquqi şəxslərin etibarnaməsi əsasında verilir və bu barədə jurnalda qeydlər aparılır;

6.1.5. müxtəlif növ möhürlərin və ştampların, nəqliyyat vasitələrinə dövlət qeydiyyat nişanlarının, nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələri və texniki baxış talonları blankları, nəqliyyat vasitələrinin idarə edilməsinə müvəqqəti icazə blankları, nəqliyyat vasitələrinin girov müqavilələrinin qeydiyyat şəhadətnamələri blankları və sürücülük vəsiqələri blankları hazırlandıqdan 1 ay sonra sifarişçi tərəfindən götürülmədikdə onlar tərtib edilmiş akt əsasında məhv edilir;

6.1.6. sifarişlərin hazırlanması və qəbulu barədə sənədlər 2 il müddətində emalatxanada saxlanıldıqdan sonra müvafiq qaydada akt tərtib edilərək ləğv edilir;

6.1.7. gizli və ya uçota alınmamış xüsusi məmulatın hazırlanması, ayrı-ayrı vətəndaşlardan müxtəlif növ möhürlərin və ştampların, nəqliyyat vasitələrinə dövlət qeydiyyat nişanlarının, nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələri və texniki baxış talonları blanklarının, nəqliyyat vasitələrinin idarə edilməsinə müvəqqəti icazə blanklarının, nəqliyyat vasitələrinin girov müqavilələrinin qeydiyyat şəhadətnamələri blanklarının və sürücülük vəsiqələri blanklarının hazırlanmasına sifariş qəbul edilməsi qəti qadağandır;

6.1.8. bu Qaydaların 1.2.1-1.2.7 bəndlərində göstərilən xüsusi məmulatların hazırlanması üçün sifariş ancaq Azərbaycan Respublikası DİN Dövlət Yol Polis idarəsindən qəbul edilir;

6.1.9. lisenziya sahibi hazırlanmış xüsusi məmulatın keyfiyyətinə və texniki tələblərə cavab verməsinə şəxsi məsuliyyət daşıyır.

6.2. Lisenziyanın qüvvədə olma qaydalarına nəzarəti Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirir.

6.3. Nəzarət qaydasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aşağıdakılar daxildir:

6.3.1. lisenziyada göstərilən fəaliyyət növünün həyata keçirilməsini tənzimləyən normativ-hüquqi aktlara və lisenziya qaydalarına riayət edilməsini yoxlamaq;

6.3.2. yoxlama zamanı ortaya çıxan suallara aid lisenziya sahibindən məlumatlar, arayışlar istəmək və almaq;

6.3.3. yoxlamanın nəticələrinə dair pozuntuları və onların aradan qaldırılması müddətini göstərməklə akt tərtib etmək;

6.3.4. müəyyən edilmiş pozuntuların aradan qaldırılması barədə lisenziya sahibinə xəbərdarlıq vermək;

6.3.5. lisenziyanın fəaliyyətinin dayandırılması və ya ləğv edilməsi barədə məsələyə baxmaq.

6.4. Lisenziya sahibi aparılan yoxlama zamanı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndələrinə yoxlanılacaq obyektlərə daxil olmağa, yoxlamanın aparılması üçün zəruri olan normal şərait yaratmağa və tələb olunan sənədləri onlara təqdim etməyə borcludur.

6.5. Yoxlamanın nəticəsi barədə iki nüsxədən ibarət akt tərtib edilir. Akt Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndələri və lisenziya sahibi (müəssisənin rəhbəri) tərəfindən imzalanır. Aktı imzalamaqdan imtina edildikdə bu barədə aktda qeyd edilir. Akta lisenziya sahibinin (müəssisənin rəhbərinin) izahatı əlavə edilir. Aktın bir nüsxəsi lisenziya sahibində qalır.

6.6. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi zəruri olduqda müvafiq təşkilatların nümayəndələrini bu Qaydalara uyğun nəzarət qaydasında aparılan yoxlamalara cəlb edə bilər.

VII. Lisenziyanın fəaliyyətinin dayandırılması və ya ləğv edilməsi

7.1. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi lisenziyanın fəaliyyətini aşağıdakı hallarda dayandırır:

7.1.1. lisenziya sahibi tərəfindən müvafiq ərizə təqdim edildikdə;

7.1.2. lisenziya sahibi tərəfindən normativ aktlara əməl edilmədikdə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq dövlət orqanları tərəfindən ərizəçinin fəaliyyəti dayandırıldıqda;

7.1.3. lisenziya sahibinin müflisləşməsi faktı Azərbaycan Respublikasının qanunvericiliyi ilə təsdiq edildikdə;

7.1.4. fəaliyyət növünün həyata keçirilməsi üçün bu Qaydalarla tələb olunan zəruri şərait və şərtlər pozulduğu aşkar edildikdə;

7.1.5. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan digər hallarda.

7.2. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi lisenziyanın fəaliyyətinin dayandırılması haqqında qərar qəbul etdiyi andan 5 gün müddətində yazılı şəkildə lisenziyanın sahibinə və dövlət vergi xidməti orqanlarına məlumat verir.

Lisenziyanın fəaliyyətinin dayandırılmasına səbəb olan hallar dəyişildikdə lisenziyanın fəaliyyəti lisenziyanın sahibinin müraciətinə əsasən bərpa edilə bilər. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən bu barədə qərar qəbul edildikdə lisenziya bərpa edilmiş hesab olunur, həmin qərar qəbul edilmiş andan 5 gün müddətində lisenziyanın sahibinə və dövlət vergi xidməti orqanlarına məlumat verilir.

7.3. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi lisenziyanı aşağıdakı hallarda ləğv edir:

7.3.1. lisenziya sahibi tərəfindən müvafiq ərizə təqdim edildikdə;

7.3.2. lisenziya verilməsi üçün təqdim edilən sənədlərdə düzgün olmayan məlumatlar aşkar edildikdə;

7.3.3. lisenziyanın qüvvədə olma qaydaları lisenziyanın sahibi tərəfindən pozulduqda;

7.3.4. məhkəmənin müvafiq qərarı olduqda;

7.3.5. hüquqi şəxs ləğv edildikdə və sahibkar kimi fəaliyyət göstərən fiziki şəxsə verilən şəhadətnamə qüvvəsini itirdikdə;

7.3.6. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan digər hallarda.

7.4. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi lisenziyanın ləğv edilməsi haqqında qərar qəbul etdiyi andan 5 gün müddətində yazılı şəkildə lisenziyanın sahibinə və dövlət vergi xidməti orqanlarına məlumat verir.

7.5. Lisenziyanın fəaliyyətinin dayandırılması, ləğv edilməsi və ya bərpası haqqında qəbul edilmiş qərar lisenziyanın bu Qaydalara əsasən ayrı-ayrı obyektlər üçün verilmiş surətlərinə də şamil olunur.

7.6. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi verdiyi, qeydə aldığı, dayandırdığı, bərpa etdiyi və ləğv etdiyi lisenziyaların reyestrini aparır.

VIII. Məsuliyyət

8.1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəhbərləri və vəzifəli şəxsləri lisenziyalaşdırma haqqında Azərbaycan Respublikasının qanunvericiliyinin pozulması, yaxud onun lazımi şəkildə icra olunmamasına görə mövcud qanunvericiliyə uyğun məsuliyyət daşıyırlar.

8.2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin qərarlarından və hərəkətlərindən müəyyən olunmuş qaydada məhkəmə orqanlarına şikayət oluna bilər.

8.3. Bu Qaydalarda göstərilən fəaliyyət növləri ilə lisenziyasız məşğul olanlar mövcud qanunvericiliyə uyğun məsuliyyət daşıyırlar.


* Ərizədə göstərilən fəaliyyət növü ərazi baxımından ayrı-ayrı obyektlərdə həyata keçiriləcəkdirsə, ərizədə həmin obyektlərin sayı və ünvanı da göstərilir.

** Bu şərtlərə ərizəçinin ərizədə göstərilən fəaliyyət növü ilə məşğul olacaq hər bir obyekti uyğun olmalıdır.


© LegalActs