Azərbaycan Respublikasının Hökuməti və Keçmiş Sovet İttifaqının Yeni Müstəqil Dövlətlərindən olan Alimlərlə Əməkdaşlığa Yardım üzrə Beynəlxalq Assosiasiya (İNTAS) arasında elmi əməkdaşlıq haqqında Saziş


«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 mart 2005-ci il, № 3, maddə 145)

Дата релиза: 26.10.2004

Azərbaycan Respublikasının Hökuməti və Keçmiş Sovet İttifaqının Yeni Müstəqil Dövlətlərindən olan Alimlərlə Əməkdaşlığa Yardım üzrə Beynəlxalq Assosiasiya (İNTAS) arasında elmi əməkdaşlıq haqqında
Saziş

Bu Saziş bir tərəfdən:

bundan sonra «Hökumət» adlandırılacaq, Azərbaycan Hökumətini bu Sazişi imzalamaq üçün təmsil edən Azərbaycan Respublikasının Avropa Birliyi yanında Nümayəndəsi Səfir cənab Məmmədov Arif Zahid oğlu,

digər tərəfdən: bundan sonra «İNTAS» adlandırılacaq, Belçika qanunlarına müvafiq olaraq yaradılmış qeyri-kommersiya və avenue des ARTS 58, B-1000, Brüssel, Belçika ünvanında qeydiyyata alınmış (qeydiyyat nömrəsi 21247/93) İNTAS-Keçmiş Sovet İttifaqının Yeni Müstəqil Dövlətlərindən (UMD) olan alimlərlə əməkdaşhğa yardım üzrə Beynəlxalq Assosiasiyasını bu Sazişi imzalamaq üçün təmsil edən İNTAS-ın İcraçı Katibi cənab Alain Gerard arasında bağlanılır.

«Hökumət» və «İNTAS» bundan sonra «Tərəflər» adlandırılacaq,

Tərəflər Azərbaycan elm cəmiyyəti ilə Beynəlxalq elm cəmiyyəti arasında elmi əməkdaşlığın, həmçinin Azərbaycan Respublikasında iqtisadi, sosial inkişafın və demokratiyanın möhkəmləndirilməsinin zərəri tərkib hissəsi olan elmi tədqiqat fəaliyyətlərinin daha da artırılmasına yardım göstərilməsi faktını nəzərə alaraq,

İNTAS tərəfindən öz Əsasnaməsinə müvafiq olaraq heç bir kommersiya məqsədi olmadan Azərbaycan Respublikası ilə İNTAS üzvü olan Dövlətlərin elm cəmiyyətləri arasında beynəlxalq əməkdaşlığa yardım edilməsini və bu məqsədlə İNTAS tərəfindən İNTAS üzvü olan Dövlətlərin və Azərbaycan Respublikasının elmi tədqiqat müəssisələrinə və/və ya alimlərinə (i) Azərbaycan Respublikası və İNTAS üzvü olan Dövlətlərin elmi tədqiqat qruplarının birgə yerinə yetirdiyi elmi tədqiqat işlərinin maliyyələşdirilməsi, (ii) alim və mütəxəssislərə elmi tədqiqat təqaüdlərinin təqdim edilməsi, (iii) elmi simpoziumların və seminarların təşkilinin dəstəklənməsi, (iv) eləcə də elmi şəbəkələrin yaradılmasının dəstəklənməsi, (v) bundan sonra «İNTAS Fəaliyyətləri» adlandırılacaq İNTAS məqsədlərinə nail olmaq üçün zəruri olan digər fəaliyyətlərin dəstəklənməsi üçün qrant şəklində təchiz edilən maliyyə yardımı edilməsi faktını nəzərə alaraq,

qarşılıqlı fayda verəcək beynəlxalq əməkdaşlığa yardım üçün əlaqələrin gücləndirilməsi məqsədilə əməkdaşlıq haqqında Sazişin icrasının və İNTAS tərəfindən göstərilən maliyyə yardımlarından daha səmərəli istifadənin beynəlxalq əməkdaşlığın inkişafına daha da kömək edəcəyi və zəmanət verəcəyi faktını nəzərə alaraq,

Azərbaycanın elmi tədqiqat müəssisələrinin və/və ya fərdi alimlərinin əldə etdikləri nağd qrant, həmçinin elmi tədqiqat məqsədləri üçün tutulan, vaxtaşırı Azerbaycana qrant hesabına idxal edilən elmi-texniki avadanlığın hər cür vergi, gömrük və başqa rüsumlardan azad olunmasının vacibliyi faktını nəzərə alaraq,

Hökumətin Azərbaycan alimlərinin və elmi tədqiqat müəssisələrinin cəlb edildiyi İNTAS fəaliyyətlərinə kömək etmək arzusunda olduğunu və buna görə də hər bir halda İNTAS Fəaliyyətlərinin hər bir ayrıca halda bütün vergilərdən azad olmasını təmin etmək üçün zəruri addımlar atılması vacibliyi faktını nəzərə alaraq,

aşağıda göstərilənlər üzrə razılığa gəldilər:

Maddə 1. Əməkdaşlıq sahəsi

1. Beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsinə kömək məqsədilə Tərəflər Azərbaycan Respublikasının, digər Yeni Müstəqil Dövlətlərin və İNTAS üzvü olan, hazırda Avropa ictimaiyyətini təşkil edən Avstriya, Belçika, Bolqarıstan, Çexiya Respublikası, Danimarka, Estoniya, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, İslandiya, İrlandiya, İtaliya, İsrail, Latviya, Litva, Lüksemburq, Malta, Niderland, Norveç, Polşa, Portuqaliya, Kipr Respublikası, Rumıniya, Slovakiya, Sloveniya, İspaniya, İsveç, İsveçrə, Böyük Britaniya Birləşmiş Krallığı və Türkiyənin elm cəmiyyətləri arasında elmi əməkdaşlığın gücləndirilməsini dəstəkləyəcəklər.

2. İNTAS mütəmadi olaraq birgə elmi tədqiqat və şəbəkə layihə təklifləri çağırışları üzrə təşəbbüs göstərir. Bu təkliflər müstəqil ekspertlər tərəfindən baxıldıqdan və İNTAS tərəfindən seçildikdən sonra qrant şəklində maliyyə dəstəyi alacaq.

3. Hökumət İNTAS Fəaliyyətlərini Beynəlxalq elmi əməkdaşlığa yardım edilməsində mühüm addım sayır və İNTAS fəaliyyətlərini dəstəkləməyi və Azərbaycan elm cəmiyyətini bu fəaliyyətlər haqqında bu Sazişin Maddə 4-də göstərilən qaydalarına müvafiq olaraq məlumatlandırmağı öz üzərinə götürür.

4. İNTAS Hökumətin elm və texnologiya siyasətinin üstünlüklərini nəzərə almağı öz üzərinə götürür.

Maddə 2 . Birgə fəaliyyət

Birgə fəaliyyət aşağıdakı formaları özündə əks etdirə bilər:

Azərbaycan Respublikası və İNTAS üzvü olan ölkələrin alim və təqaüdçülərinin cəlb olunduğu İNTAS layihələrinin dəstəklənməsi;

birgə seminarların, simpoziumların və digər elmi yığıncaqların keçirilməsinin dəstəklənməsi;

qarşılıqlı razılaşma yolu ilə digər birgə fəaliyyətlər.

Tərəflər İNTAS-ın təqdim etdiyi layihə təkliflərinin qiymətləndirilməsində Azərbaycan alim ekspertlərinin iştirakına kömək göstərəcəklər. Bundan əlavə, Tərəflər bu əməkdaşlığa başlamağa maraq göstərən, bu cür birgə fəaliyyəti planlaşdıran və İNTAS-ın təqdim etdiyi layihələrdə tərəfdaş olan Azərbaycan alimlərini həvəsləndirməyə razıdırlar.

Maddə 3 . Əməkdaşlığın şərtləri

Həyata keçirilən birgə fəaliyyət (i) yüksək elmi standartlara malik olmalı və elmin inkişafı üçün yararlı olmalıdır, (ii) elmi nöqteyi-nəzərdən mühüm olmalı və elmi əməkdaşlığa kömək etməlidir, (iii) qarşılıqlı maraqlar əsasında icra olunmalıdır.

Maddə 4. Əməkdaşlığın icra qaydaları

1. Bu Sazişin məqsədlərinə müvafiq olaraq, Əlaqələndirici Şəxs Azərbaycan Respublikasının Hökuməti tərəfindən təyin olunacaqdır. Hökumət bu şəxsin təyin olunması barədə İNTAS-ı yazılı şəkildə məlumatlandırmalıdır.

Bu Əlaqələndirici Şəxs İNTAS-ın Azərbaycandakı Fəaliyyətlərini dəstəkləyəcəkdir.

2. Azərbaycan elmi ictimaiyyətinin İNTAS Fəaliyyətlərində iştirakını asanlaşdırmaq üçün İNTAS Əlaqələndirici Şəxs vasitəsilə Hökuməti öz fəaliyyətləri haqqında məlumatlandırmağı öz üzərinə götürür. Hökumət də öz tərəfindən Əlaqələndirici Şəxs vasitəsilə Azərbaycanın elmi ictimaiyyətinə İNTAS-ın fəaliyyəti haqqında məlumatın verilməsini öhdəsinə götürür. Tərəflər bir-birini müvafiq məlumat materialları ilə təmin etməli və bu Sazişin həyata keçirilməsi üçün bir-birinə tələb olunan müvafiq təminat və köməyi göstərməlidirlər.

3. Ümumiyyətlə, bu Sazişin hər iki Tərəfinin təşviq etdiyi elmi əməkdaşlığa yararlı ola bilən istənilən məlumat barəsində, məsələn, mümkün gələcək birgə fəaliyyətlər haqqında İNTAS Azərbaycan Hökumətini, Azərbaycan Hökuməti isə İNTAS-ı məlumatlandırmağı öz üzərinə götürür.

4. Hökumət bu Sazişə müvafiq olaraq göstərdiyi dəstəyə Tərəflərin ümumi məqsədlərinə göstərilən kömək kimi baxır və İNTAS-ı Əlaqələndirici Şəxs tərəfindən göstərilən hər hansı dəstək ilə təəhhüdləndirməyəcəkdir.

Maddə 5. Avadanlıq üçün qrant

İNTAS-ın Azərbaycanda fəaliyyətinə lazımi kömək məqsədilə:

1. Hökumət zəmanət verir ki, Azərbaycanda İNTAS qrantı ilə təltif olunmuş hər bir fiziki və hüquqi şəxs Azərbaycanda tətbiq edildiyi kimi:

İNTAS-dan aldıqları qrantdan sosial təminat fonduna ayırmalar, tutulmalar, məcburi rüsumlardan və bu ödənişlərə mütənasib olan digər ödəmələrdən və İNTAS-dan aldıqları qrantdan əlavə gəlir vergisi və sahibkarlıq fəaliyyəti vergisindən və ya bu vergilərə mütənasib olan digər xərclərdən azad olunurlar.

2. Hökumət İNTAS Fəaliyyətlərini həyata keçirmək üçün Azərbaycana idxal olunmalı olan hər hansı elmi-texniki avadanlığın və/və ya tələbat mallarının alınması üçün nəzərdə tutulan İNTAS-ın təqdim etdiyi qrantla təltif olunan hər bir fiziki və hüquqi şəxsi bu malların idxalı üçün nəzərdə tutulan əlavə dəyər vergisindən, gömrük rüsumlarından, aksiz vergisindən və digər rüsumlardan azad ediləcəyini öz üzərinə götürür.

Hökumət Azərbaycana idxal edilən avadanlığın hər bir vaxt keçid məntəqələrindən dərhal buraxılacağına və yuxarıda göstərilən bütün vergilər, rüsumlar və ya digər xərclərin həll olunması üzrə aidiyyəti olmayan digər mübahisələrdən dərhal azad olunacağına zəmanət verir. Hökumət eyni qaydada yuxarıda qeyd olunan vergilərdən, rüsumlardan və ya digər xərclərdən azad olunma hallarında yaranan mübahisələrin istənilən xarakterli saxlanılma xərclərinin son ünvan sahibi tərəfindən ödənilməsinə və idxal zamanı keçid məntəqələrində heç bir saxlanılmalar olmamasına zəmanət verməklə məsuliyyəti öz üzərinə götürür.

3. Hökumət tələb olunduğu təqdirdə, yuxarıda qeyd olunan avadanlığı və/və ya tələbat mallarını idxal edən hər bir fiziki və hüquqi şəxsin Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq uyğun avadanlığa aid müvəqqəti gətirmə sistemindən yararlanmasına zəmanət verir. Bütün avadanlıq idxal və yenidən ixrac zamanı Azərbaycanda qəbul edilən əlavə dəyər vergisindən, gömrük rüsumlarından, aksiz vergisindən və ya başqa xərclərdən azad edilməlidir.

4. Hökumət zəmanət verir ki, İNTAS-ın qrantları ilə maliyyələşdirilən bütün sazişlərdən heç bir rəsmiləşdirmə və qeydiyyat rüsumları və ya onlara mütənasib olan digər rüsumlar tutulmayacaq.

Maddə 6. Lazımi tədbirlər

İNTAS qrantını əldə edən Azərbaycan alimləri və elmi müəssisələr bu işə aid müvafiq təsdiqləyici sənədlər alırlar.

Maddə 7. Sazişin müddəti

Bu Saziş 2006-cı il dekabr ayının 31-dək qüvvədədir və bu müddətdən sonra əgər hər iki Tərəfdən Sazişin bitməsi haqqında qabaqcadan yazılı məlumat verilməzsə və ya İNTAS fəaliyyətini dayandırmazsa, Sazişin müddəti avtomatik olaraq bir il müddətinə uzadılır. Buna baxmayaraq, hər iki Tərəf hər zaman Sazişin ləğv olunması haqqında üç ay qabaqcadan yazılı şəkildə xəbərdarlıq edə bilər. Bu Sazişin ləğv olunması əvvəlcədən birgə təsdiq olunmuş və ya bu Sazişin şərtləri altında davam edən fəaliyyətlərə təsir etməyəcəkdir.

Maddə 8. Son şərtlər

1. Bu Sazişin hər hansı hissəsinə edilən düzəlişlər yazılı şəkildə razılaşdırılmalıdır.

2. Bu Sazişin təfsiri və tətbiqi zamanı çətinliklər yarandıqda, Tərəflərdən olan Əlaqələndirici Şəxs bu çətinlikləri danışıqlar yolu ilə həll etməlidir.

3. Bu Sazişə xüsusi mövzular üzrə razılaşmalar və rəhbər prinsiplər əlavə oluna bilər.

4. Bu Saziş orijinal olaraq həm ingilis, həm də Azərbaycan dillərində tərtib olunacaq və ingilis dilində olan orijinal mətn üstünlüyə malik olacaqdır.

5. Sazişi Tərəflər onların mövcud prosedur qaydalarına müvafiq olaraq təsdiq edəcəklər. Bu Saziş onun Tərəfləri birinci cümlədə qeyd olunan prosedurların tamamlanmasını bir-birinə bildirdikləri gündən qüvvəyə minir.

Azərbaycan Respublikası
Hökuməti adından

İNTAS adından

Azərbaycan Respublikasının
Avropa Birliyi yanında Nümayəndəsi

İcraçı Katib
cənab Alain Gerard

Səfir MƏMMƏDOV Arif Zahid oğlu

Tarix:26.10.2004

Tarix:26.10.2004

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli, 838-IIQ nömrəli Qanunu ilə təsdiq edilmişdir («LegalActs» LLC).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 mart 2005-ci il, № 3, maddə 145) («LegalActs» LLC).

© LegalActs LLC