Об утверждении правил выдачи специального разрешения (лицензии) на товарно-биржевую деятельность
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc olunmuşdur (31 mart 1998-ci il, № 3, maddə 200)
Дата релиза: 25.08.1999
Azərbaycan Respublikasının Nazirlər Kabineti
Əmtəə birjası fəaliyyətinə
xüsusi razılıq (lisenziya) verilməsi
Qaydalarının təsdiqi haqqında
Qərar № 44
Bakı şəhəri, 3 mart 1998-ci il
«Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 4 oktyabr tarixli 637 nömrəli Fərmanına əsasən və əmtəə birjası fəaliyyəti sahəsində tənzimləmə mexanizminin təkmilləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. «Əmtəə birjası fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi Qaydaları» təsdiq edilsin (əlavə olunur).
2. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri
A.RASİ-ZADƏ.
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc olunmuşdur (31 mart 1998-ci il, № 3, maddə 200) («LegalActs»).
25 avqust 1999-cu il tarixli, 135 nömrəli Qərara əsasən əlavələr və dəyişikliklərlə.
7 noyabr 2002-ci il tarixli, 173 nömrəli qərara əsasən qüvvədən düşmüşdür («LegalActs»).
Azərbaycan
Respublikası
Nazirlər Kabinetinin
1998-ci il 3 mart tarixli
44 nömrəli qərarı ilə
təsdiq edilmişdir.
Əmtəə
birjası fəaliyyətinə
xüsusi razılıq (lisenziya) verilməsi
Qaydaları
I. Ümumi müddəalar
1.1. Bu Qaydalar «Sahibkarlıq fəaliyyəti haqqında» və «Əmtəə birjası haqqında» Azərbaycan Respublikasının Qanunlarına, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 27 yanvar tarixli 543 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Bəzi sahibkarlıq fəaliyyəti növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Əsasnamə»yə və «Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısının təsdiq edilməsi haqqında» 1997-ci il 4 oktyabr tarixli 637 nömrəli Fərmanına əsasən hazırlanmışdır və əmtəə birjası fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) verilməsi (bundan sonra lisenziya) qaydalarını müəyyən edir.
1.2. Bu Qaydalara əsasən Azərbaycan Respublikasının Ticarət Nazirliyi (bundan sonra Ticarət Nazirliyi) tərəfindən verilən lisenziya mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi şəxslərə (bundan sonra «ərizəçilər») əmtəə birjası fəaliyyəti növünü həyata keçirməyə icazə verən rəsmi sənəddir.
1.3. Ərizəçilər yalnız bu Qaydalara əsasən lisenziya aldıqdan sonra həmin lisenziyada göstərilən sahibkarlıq fəaliyyəti növü ilə müəyyən edilmiş qaydada və müddətdə məşğul ola bilərlər.
1.4. Xarici hüquqi şəxslər öz ölkələrində bu Qaydalarda göstərilən fəaliyyət növü ilə məşğul olmaq üçün aldıqları lisenziyaların Azərbaycan Respublikasında tanınmasını müəyyən edən dövlətlərarası saziş olmadığı halda onlar həmin fəaliyyət növü ilə məşğul olmaq üçün bu Qaydalara uyğun olaraq lisenziya almalıdırlar.
1.5. Lisenziyanın sahibi verilən lisenziyadan (lisenziyanın surətindən) yalnız özü istifadə edə bilər, onu başqa şəxslərə verə bilməz və bu lisenziyanın qüvvəsi lisenziya sahibinin təsisçisi olduğu hüquqi şəxslərə, lisenziyanın sahibi ilə birgə fəaliyyət, o cümlədən onunla əməkdaşlıq barədə bağlanmış müqavilə əsasında fəaliyyət göstərən başqa şəxslərə şamil edilmir.
Fərdi əmək müqaviləsi (kontraktı) və ya tapşırıq müqaviləsi əsasında lisenziya sahibinin adından hərəkətlər edən şəxsə müvəqqəti olaraq lisenziyanın verilməsi lisenziyanın başqa şəxsə verilməsi sayılmır.
II. Lisenziyanın verilməsi qaydası
2.1. Lisenziya almaq üçün ərizəçi Ticarət Nazirliyinə aşağıdakıları təqdim etməlidir:
2.1.1. lisenziya almaq üçün ərizə.
Ərizədə aşağıdakılar öz əksini tapmalıdır:
- əmtəə birjasının adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı, hesablaşma hesabının nömrəsi və bankın adı, fəaliyyət növü
2.1.2. əmtəə birjasının təsis sənədlərinin surəti;
2.1.3. əmtəə birjasının dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti;
2.1.4. lisenziya almaq üçün dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd;
2.1.5. ərizədə göstərilən obyektlərdən hər biri üçün əmtəə birjasının istifadə hüququnu (mülkiyyət hüququ, icarə, istifadə və s. əsasları) təsdiq edən sənədin surəti;
2.1.6. əmtəə birjasının nizamnamə fondu üçün nəzərdə tutulmuş məbləğin 50 faizininin təsisçilər tərəfindən ödənilməsi haqqında sənəd;
2.1.7. birjanın təsisçilərinin ümumi yığıncağında qəbul olunmuş və möhürlə təsdiq edilmiş birja ticarəti qaydaları.
2.2. Ərizəçidən bu Qaydalarda nəzərdə tutulmayan sənədlərin tələb olunması qadağandır.
2.3. Lisenziya almaq üçün təqdim olunan ərizə və bu Qaydalarda nəzərdə tutulan sənədlər Ticarət Nazirliyi tərəfindən xüsusi kitabda qeydə alınmaqla qəbul edilir, baxılır, çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda qeydə alındığı gündən başlayaraq 15 gündən gec olmamaqla lisenziya verilməsi haqqında qərar qəbul edilir.
Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, bu barədə ərizəçiyə yazılı məlumat verilir, onlar aradan qaldırıldıqdan və sənədlər təkrar təqdim edildikdən sonra onlara 5 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir.
Bu Qaydalarda göstərilən əsaslarla lisenziya verilməsindən imtina olunduğu halda bu barədə ərizəçiyə imtinanın əsasları göstərilməklə yazılı məlumat verilir.
Bu bənddə göstərilən müddətlərin son günü qeyri iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur.
2.4. Lisenziya verilməsindən aşağıdakı hallarda imtina edilir:
2.4.1. bu Qaydalarda nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə;
2.4.2. ərizəçinin təqdim etdiyi sənədlərdə qeyri-dürüst və ya təhrif olunmuş məlumatlar olduqda;
2.4.3. fəaliyyət növünün həyata keçirilməsi üçün ərizəçinin bu Qaydalarda nəzərdə tutulan zəruri şəraiti olmadıqda;
2.4.4. ərizəçinin əvvəllər bu fəaliyyət növü üçün aldığı lisenziyanın lisenziya verən orqanın təşəbbüsü ilə ləğv edilməsindən 2 il vaxt keçməmişdirsə;
2.4.5. ərizəçi, əvvəllər bu fəaliyyət növü üçün aldığı lisenziyanın fəaliyyəti lisenziya verən orqanın təşəbbüsü ilə dayandırıldığı dövrdə müraciət etdikdə;
2.4.6. qanunvericilikdə nəzərdə tutulan digər hallarda.
2.5. Ərizəçi lisenziya verilməsindən imtinaya əsas olmuş halları aradan qaldırdıqdan sonra lisenziya almaq üçün bu Qaydalara uyğun olaraq Ticarət Nazirliyinə müraciət etmək və ya imtina barədə qərarla razılaşmadıqda məhkəməyə müraciət etmək hüququna malikdir.
2.6. Əmtəə birjası ləğv edildikdə ona verilən lisenziya da öz hüquqi qüvvəsini itirir.
Əmtəə birjası yenidən təşkil edildikdə, onun adı dəyişdirildikdə, ərizəçi 15 gün müddətində lisenziyanın yenidən rəsmiləşdirilməsi üçün ərizə təqdim etməlidir.
Lisenziyanın yenidən rəsmiləşdirilməsi onun verilməsi üçün müəyyən edilmiş qaydada həyata keçirilir.
Lisenziyanın yenidən rəsmiləşdirildiyi müddətdə lisenziyanın sahibi öz fəaliyyətini əvvəlki lisenziya (ayrı-ayrı obyektlər üçün verilmiş lisenziyanın surətləri) əsasında, lisenziya itirildikdə isə Ticarət Nazirliyinin verdiyi müvəqqəti icazə (ayrı-ayrı obyektlər üçün verilmiş lisenziyanın surətləri) əsasında həyata keçirir. Ticarət Nazirliyinin rəhbəri tərəfindən imzalanmış və möhürlə təsdiq edilmiş müvəqqəti icazə lisenziyanın yenidən rəsmiləşdirilməsi üçün bütün sənədlər təqdim edildikdə verilir.
III. Lisenziya
3.1. Lisenziyada aşağıdakılar göstərilir:
3.1.1. Azərbaycan Respublikası Ticarət Nazirliyinin adı;
3.1.2. lisenziya verilən əmtəə birjasının adı və hüquqi ünvanı;
3.1.3. həyata keçirilməsinə lisenziya verilən fəaliyyət növü;
3.1.4. lisenziyanın qüvvədə olma müddəti;
3.1.5. müvafiq fəaliyyət növünün həyata keçirilməsi qaydası;
3.1.6. lisenziyanın qeydiyyat nömrəsi və verilmə tarixi.
3.2. Lisenziya Ticarət Nazirliyinin rəhbəri (o olmadıqda, rəhbərin müavini) tərəfindən imzalanır və Nazirliyin möhürü ilə təsdiq olunur.
IV. Lisenziyanın müddəti
4.1. Lisenziya 5 (beş) il müddətinə verilir.
4.2. Lisenziyanın qüvvədə olma müddətinin uzadılması onun verilməsi üçün müəyyən olunmuş qaydada həyata keçirilir.
4.3. Müddəti bitmiş lisenziya və onun surətləri etibarsız sayılır.
V. Lisenziyanın surəti
5.1. Lisenziyalaşdırılan fəaliyyət növü ərazi baxımından ayrı-ayrı obyektlərdə həyata keçirildiyi halda, ərizəçiyə lisenziya ilə birlikdə ərizədə göstərilən hər bir obyekt üçün onun ünvanı göstərilməklə lisenziyanın surəti təqdim olunur.
5.2. Ərizəçi lisenziya aldıqdan sonra öz fəaliyyətini ərazi baxımından ayrı-ayrı obyektlərdə həyata keçirmək və ya belə obyektlərin sayını artırmaq istədikdə təzə obyektlərə lisenziyanın surətlərini almaq üçün Ticarət Nazirliyinə aşağıdakı sənədləri təqdim etməlidir:
5.2.1. verilmiş lisenziyanın qeydiyyat nömrəsi, tarixi, fəaliyyət növü, təzə obyektlərin sayı və ünvanı göstərilməklə ərizə;
5.2.2. obyektlər barədə bu Qaydaların 2.1.5 yarımbəndində tələb olunan sənədlər.
5.3. Ticarət Nazirliyi lisenziyanın surətlərinin verilməsi məsələsinə dair müraciətə bu Qaydaların 2.3 və 2.4 bəndlərinə əsasən baxır və müvafiq qərar qəbul edir.
5.4. Lisenziyanın surəti — lisenziyanın sahibinə hər bir obyekt üçün lisenziya blankında, verilmiş lisenziyada əks edilən göstəricilər yazılmaqla, blankın yuxarı sağ küncünə «Surəti» sözü və ünvan qrafasına obyektin ünvanı da əlavə edilməklə doldurulmuş, orqanın rəhbəri və ya rəhbər olmadıqda müavini tərəfindən imzalanan və orqanın möhürü ilə təsdiq edilən və həmin obyektə bu fəaliyyət növü ilə məşğul olmağa icazə verən rəsmi sənəddir.
5.5. Lisenziyaların surəti Ticarət Nazirliyi tərəfindən qeydə alınır.
5.6. Lisenziyanın surəti itirildikdə lisenziya sahibi lisenziyanın yeni surətini rəsmiləşdirmək üçün Ticarət Nazirliyinə müraciət edir.
5.7. Lisenziyanın surətinin verilməsi və yenidən rəsmiləşdirilməsi üçün haqq alınmır.
VI. Lisenziyanın qüvvədə olma qaydaları və nəzarət
6.1. Bu Qaydalara əsasən lisenziya sahibləri fəaliyyət növünü həyata keçirərkən əmtəə birjasını tənzimləyən beynəlxalq aktlara, Azərbaycan Respublikasının qanunvericilik aktlarına, normativlərə və qaydalarına riayət etməlidirlər:
6.2. Lisenziyanın qüvvədə olma qaydalarına nəzarəti Ticarət Nazirliyi həyata keçirir.
6.3. Nəzarət qaydasında Ticarət Nazirliyinin səlahiyyətlərinə aşağıdakılar daxildir:
6.3.1. lisenziyada göstərilən fəaliyyət növünün həyata keçirilməsini tənzimləyən normativ-hüquqi aktlara və lisenziya qaydalarına riayət edilməsini yoxlamaq;
6.3.2. yoxlama zamanı ortaya çıxan suallara aid lisenziya sahibindən məlumatlar, arayışlar istəmək və almaq;
6.3.3. yoxlamanın nəticələrinə dair pozuntuları və onların aradan qaldırılması müddətini göstərməklə akt tərtib etmək;
6.3.4. müəyyən edilmiş pozuntuların aradan qaldırılması barədə lisenziya sahibinə xəbərdarlıq vermək;
6.3.5. lisenziyanın fəaliyyətinin dayandırılması və ya ləğv edilməsi barədə məsələyə baxmaq.
6.4. Lisenziya sahibi aparılan yoxlama zamanı Ticarət Nazirliyinin nümayəndələrinə yoxlanılacaq obyektlərə daxil olmağa, yoxlamanın aparılması üçün zəruri olan normal şərait yaratmağa və tələb olunan sənədləri onlara təqdim etməyə borcludur.
6.5. Yoxlamanın nəticəsi barədə iki nüsxədən ibarət akt tərtib edilir. Akt Ticarət Nazirliyinin nümayəndələri və lisenziya sahibi (əmtəə birjasının rəhbəri) tərəfindən imzalanır. Aktı imzalamaqdan imtina edildikdə bu barədə aktda qeyd edilir. Akta lisenziya sahibinin (əmtəə birjasının rəhbərinin) izahatı əlavə edilir. Aktın bir nüsxəsi lisenziya sahibində qalır.
6.6. Ticarət Nazirliyi zəruri olduqda müvafiq təşkilatların nümayəndələrini bu Qaydalara uyğun nəzarət qaydasında aparılan yoxlamalara cəlb edə bilər.
VII. Lisenziyanın fəaliyyətinin dayandırılması və ya ləğv edilməsi
7.1. Ticarət Nazirliyi lisenziyanın fəaliyyətini aşağıdakı hallarda dayandırır:
7.1.1. lisenziya sahibi tərəfindən müvafiq ərizə təqdim edildikdə;
7.1.2. lisenziya sahibi tərəfindən normativ aktlara əməl edilmədikdə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq dövlət orqanları tərəfindən ərizəçinin fəaliyyəti dayandırıldıqda;
7.1.3. lisenziya sahibinin müflisləşməsi faktı Azərbaycan Respublikasının qanunvericiliyi ilə təsdiq edildikdə;
7.1.4. fəaliyyət növünün həyata keçirilməsi üçün bu Qaydalarda tələb olunan zəruri şərait və şərtlər pozulduğu aşkar edildikdə;
7.1.5 Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan digər hallarda.
7.2. Ticarət Nazirliyi lisenziyanın fəaliyyətinin dayandırılması haqqında qərar qəbul etdiyi andan 5 gün müddətində yazılı şəkildə lisenziyanın sahibinə və dövlət vergi xidməti orqanlarına məlumat verir.
Lisenziyanın fəaliyyətinin dayandırılmasına səbəb olan hallar dəyişildikdə lisenziyanın fəaliyyəti lisenziyanın sahibinin müraciətinə əsasən bərpa edilə bilər. Ticarət Nazirliyi tərəfindən bu barədə qərar qəbul edildikdə lisenziya bərpa edilmiş hesab olunur, həmin qərar qəbul edilmiş andan 5 gün müddətində lisenziyanın sahibinə və dövlət vergi xidməti orqanlarına məlumat verilir.
7.3. Ticarət Nazirliyi lisenziyanı aşağıdakı hallarda ləğv edir:
7.3.1. lisenziya sahibi tərəfindən müvafiq ərizə təqdim edildikdə;
7.3.2. lisenziya verilməsi üçün təqdim edilən sənədlərdə düzgün olmayan məlumatlar aşkar edildikdə;
7.3.3. lisenziyanın qüvvədə olma qaydaları lisenziya sahibi tərəfindən pozulduqda;
7.3.4. məhkəmənin müvafiq qərarı olduqda;
7.3.5. əmtəə birjası ləğv edildikdə;
7.3.6 Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan digər hallarda.
7.4. Ticarət Nazirliyi lisenziyanın ləğv edilməsi haqqında qərar qəbul etdiyi andan 5 gün müddətində yazılı şəkildə lisenziyanın sahibinə və dövlət vergi xidməti orqanlarına məlumat verir.
7.5. Lisenziyanın fəaliyyətinin dayandırılması, ləğv edilməsi və ya bərpası haqqında qəbul edilmiş qərar lisenziyanın bu Qaydalara əsasən ayrı-ayrı obyektlər üçün verilmiş surətlərinə də şamil olunur.
7.6. Ticarət Nazirliyi verdiyi, qeydə aldığı, dayandırdığı, bərpa etdiyi və ləğv etdiyi lisenziyaların reyestrini aparır.
VIII. Məsuliyyət
8.1. Ticarət Nazirliyi rəhbərləri və vəzifəli şəxsləri lisenziyalaşdırma haqqında Azərbaycan Respublikasının qanunvericiliyinin pozulması, yaxud onun lazımi şəkildə icra olunmamasına görə mövcud qanunvericiliyə uyğun məsuliyyət daşıyırlar.
8.2. Ticarət Nazirliyinin qərarlarından və hərəkətlərindən müəyyən olunmuş qaydada məhkəmə orqanlarına şikayət oluna bilər.
8.3. Bu Qaydalarda göstərilən fəaliyyət növü ilə lisenziyasız məşğul olanlar mövcud qanunvericiliyə uyğun məsuliyyət daşıyırlar.
© LegalActs