Об утверждении правил выдачи специального разрешения на внутригородские пассажирские перевозки в Азербайджанской Республике


«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (28 fevral 1998-ci il, № 2, maddə 131)

Дата релиза: 27.04.1998

Azərbaycan Respublikasında şəhərdaxili sərnişin daşınmasına xüsusi razılıq (lisenziya) verilməsi Qaydalarının təsdiq edilməsi haqqında

Azərbaycan Respublikasının Nazirlər Kabineti

Azərbaycan Respublikasında
şəhərdaxili sərnişin daşınmasına
xüsusi razılıq (lisenziya) verilməsi Qaydalarının
təsdiq edilməsi haqqında

Qərar № 34

Bakı şəhəri, 17 fevral 1998-ci il

«Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 4 oktyabr tarixli 637 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. «Azərbaycan Respublikasında şəhərdaxili sərnişin daşınmasına xüsusi razılıq (lisenziya) verilməsi Qaydaları» təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri

A.RASİ-ZADƏ.

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (28 fevral 1998-ci il, № 2, maddə 131) («LegalActs»).

27 aprel 1998-ci il tarixli, 92 nömrəli qərara əsasən dəyişikliklərlə.

7 noyabr 2002-ci il tarixli, 173 nömrəli qərara əsasən qüvvədən düşmüşdür («LegalActs»).


Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
1998-ci il 17 fevral tarixli
34 nömrəli qərarı ilə
təsdiq edilmişdir.

Azərbaycan Respublikasında
şəhərdaxili sərnişin daşınmasına
xüsusi razılıq (lisenziya) verilməsi
Qaydaları

I. Ümumi müddəalar

1.1. Bu Qaydalar «Sahibkarlıq fəaliyyəti haqqında», Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 27 yanvar tarixli 543 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Bəzi sahibkarlıq fəaliyyəti növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Əsasnamə»yə və «Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısının təsdiq edilməsi haqqında» 1997-ci il 4 oktyabr tarixli 637 nömrəli Fərmanına əsasən hazırlanmışdır və şəhərdaxili sərnişin daşınması fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) verilməsi (bundan sonra lisenziya) qaydalarını müəyyən edir.

1.2. Bu Qaydalara əsasən şəhər və rayon (şəhər rayonları istisna olmaqla) icra hakimiyyəti orqanları (bundan sonra yerli icra hakimiyyəti orqanları) tərəfindən verilən lisenziya mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi şəxslərə, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə (bundan sonra «ərizəçilər») şəhərdaxili sərnişin daşınması fəaliyyətini həyata keçirməyə icazə verən rəsmi sənəddir:

1.2.1. Şəhərdaxili sərnişin daşınması fəaliyyətinə lisenziya yüngül minik avtomobilləri ilə (taksilərlə) xüsusi kiçik, kiçik, orta, böyük, xüsusilə böyük avtobuslarla sərnişin daşınmasına verilir.

Hər bir fəaliyyət növü üçün ayrıca lisenziya verilir, ərizəçilərin fəaliyyəti çoxprofilli (yönümlü) olduqda onlar bir neçə lisenziyaya malik ola bilərlər.

1.3. Ərizəçilər yalnız bu Qaydalara əsasən lisenziya aldıqdan sonra həmin lisenziyada göstərilən sahibkarlıq fəaliyyəti növü ilə müəyyən edilmiş qaydada və müddətdə məşğul ola bilərlər.

1.4. Xarici hüquqi və fiziki şəxslər, xarici hüquqi şəxslərin filialları və nümayəndəlikləri öz ölkələrində bu Qaydalarda göstərilən fəaliyyət növü ilə məşğul olmaq üçün aldıqları lisenziyaların Azərbaycan Respublikasında tanınmasını müəyyən edən dövlətlərarası saziş olmadığı halda onlar həmin fəaliyyət növü ilə məşğul olmaq üçün bu Qaydalara uyğun olaraq lisenziya almalıdırlar.

1.5. Lisenziyanın sahibi verilən lisenziyadan (lisenziyanın surətindən, lisenziya kartından) yalnız özü istifadə edə bilər, onu başqa şəxslərə verə bilməz və bu lisenziyanın qüvvəsi lisenziya sahibinin təsisçisi olduğu hüquqi şəxslərə, lisenziyanın sahibi ilə birgə fəaliyyət, o cümlədən onunla əməkdaşlıq barədə bağlanmış müqavilə əsasında fəaliyyət göstərən başqa şəxslərə şamil edilmir.

Fərdi əmək müqaviləsi (kontraktı) və ya tapşırıq müqaviləsi əsasında lisenziya sahibinin adından hərəkətlər edən şəxsə müvəqqəti olaraq lisenziya kartının verilməsi lisenziyanın başqa şəxsə verilməsi sayılmır.

II. Lisenziyanın verilməsi qaydası

2.1. Lisenziya almaq üçün ərizəçi yerli icra hakimiyyəti orqanına aşağıdakıları təqdim etməlidir:

2.1.1. Lisenziya almaq üçün ərizə.

Ərizədə aşağıdakılar öz əksini tapmalıdır:

    • hüquqi şəxslər üçün — hüquqi şəxsin adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı, hesablaşma hesabının nömrəsi və bankın adı, fəaliyyət növü*;
    • fiziki şəxslər üçün — adı, atasının adı, soyadı, şəxsiyyətini təsdiq edən sənəd haqqında məlumatları (seriya, nömrə, nə vaxt və kim tərəfindən verilmişdir, ünvanı), fəaliyyət növü*;

2.1.2. müəssisənin təsis sənədlərinin surəti;

2.1.3. müəssisənin dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti;

2.1.4. sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin vergi orqanları tərəfindən uçota alınması haqqında şəhadətnamənin surəti;

2.1.5. lisenziya almaq üçün dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd;

2.1.6. ərizədə göstərilən obyektlərdən hər biri üçün ərizəçinin istifadə hüququnu (mülkiyyət hüququ, icarə, istifadə və s. əsasları) təsdiq edən sənədin surəti;

2.1.7. lisenziya verilməsi üçün tələb olunan zəruri şərait və şərtlər**:

  • ərizəçinin-hüquqi şəxsin mütəxəssislərinin tərkibi və ixtisası, o cümlədən yol hərəkəti təhlükəsizliyi üzrə mütəxəssisi haqqında məlumat verilməlidir;
  • sürücünün fasiləsiz iş stajı haqqında məlumat (üç ildən az olmayaraq), onun təhlükəli yük daşıyan avtonəqliyyat vasitələrinə icazə-buraxılış sənədinin, bu barədə xüsusi təlimat keçməsi haqqında şəhadətnamənin surətini təqdim etməlidir. Ərizəçinin (fiziki şəxs olduqda) və bu fəaliyyətin həyata keçirilməsinə cəlb ediləcək sürücülərin vəsiqələrinin surəti;

2.1.8. avtonəqliyyat vasitələrinin növləri və növlər üzrə sayı, onların qeydiyyat sənədləri, sığorta şəhadətnamələri, sürücülərin müvafiq kateqoriyalı sürücülük vəsiqələri və stajları haqqında məlumatlar.

2.2. Ərizəçidən bu Qaydalarda nəzərdə tutulmayan sənədlərin tələb olunması qadağandır.

2.3. Lisenziya almaq üçün təqdim olunan ərizə və bu Qaydalarda nəzərdə tutulan sənədlər yerli icra hakimiyyəti orqanı tərəfindən xüsusi kitabda qeydə alınmaqla qəbul edilir, baxılır, çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda qeydə alındığı gündən başlayaraq 15 gündən gec olmamaqla lisenziya verilməsi haqqında qərar qəbul edilir.

Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, bu barədə ərizəçiyə yazılı məlumat verilir, onlar aradan qaldırıldıqdan və sənədlər təkrar təqdim edildikdən sonra onlara 5 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir.

Bu Qaydalarda göstərilən əsaslarla lisenziya verilməsindən imtina olunduğu halda bu barədə ərizəçiyə imtinanın əsasları göstərilməklə yazılı məlumat verilir.

Bu bənddə göstərilən müddətlərin son günü qeyri iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur.

2.4. Lisenziya verilməsindən aşağıdakı hallarda imtina edilir:

2.4.1. bu Qaydalarda nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə;

2.4.2. ərizəçinin təqdim etdiyi sənədlərdə qeyri-dürüst və ya təhrif olunmuş məlumatlar olduqda;

2.4.3. fəaliyyət növünün həyata keçirilməsi üçün ərizəçinin bu Qaydalarda nəzərdə tutulan zəruri şəraiti olmadıqda;

2.4.4. ərizəçi və ya cəlb ediləcək mütəxəssislər bu Qaydalarda nəzərdə tutulan fəaliyyətlə məşğul olmaq üçün müvafiq ixtisasa malik olmadıqda;

2.4.5. ərizəçinin əvvəllər bu fəaliyyət növü üçün aldığı lisenziyanın lisenziya verən orqanın təşəbbüsü ilə ləğv edilməsindən 2 il vaxt keçməmişdirsə;

2.4.6. ərizəçi, əvvəllər bu fəaliyyət növü üçün aldığı lisenziyanın fəaliyyəti lisenziya verən orqanın təşəbbüsü ilə dayandırıldığı dövrdə müraciət etdikdə;

2.4.7. nəqliyyat vasitələrinin texniki xarakteristikaları sərnişin daşınması üçün tələblərə uyğun olmadıqda;

2.4.8. qanunvericilikdə nəzərdə tutulan digər hallarda.

2.5. Ərizəçi lisenziya verilməsindən imtinaya əsas olmuş halları aradan qaldırdıqdan sonra lisenziya almaq üçün bu Qaydalara uyğun olaraq yerli icra hakimiyyəti orqanına müraciət etmək və ya imtina barədə qərarla razılaşmadıqda məhkəməyə müraciət etmək hüququna malikdir.

2.6. Müəssisə, təşkilat, idarə ləğv edildikdə, yaxud sahibkar kimi fəaliyyət göstərmək üçün fiziki şəxsə verilən şəhadətnamə qüvvədən düşdükdə, hüquqi və fiziki şəxslərə verilən lisenziya da öz hüquqi qüvvəsini itirir.

Hüquqi şəxs yenidən təşkil edildikdə, onun adı dəyişdirildikdə, fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənəd haqqında məlumatları dəyişdikdə, lisenziya itirildikdə ərizəçi 15 gün müddətində lisenziyanın yenidən rəsmiləşdirilməsi üçün ərizə təqdim etməlidir.

Lisenziyanın yenidən rəsmiləşdirilməsi onun verilməsi üçün müəyyən edilmiş qaydada həyata keçirilir.

Lisenziyanın yenidən rəsmiləşdirildiyi müddətdə ərizəçi öz fəaliyyətini əvvəlki lisenziya (ayrı-ayrı obyektlər üçün verilmiş lisenziyanın surətləri) əsasında, lisenziya itirildikdə isə yerli icra hakimiyyəti orqanının verdiyi müvəqqəti icazə (ayrı-ayrı obyektlər üçün verilmiş lisenziyanın surətləri) əsasında həyata keçirir. Yerli icra hakimiyyəti orqanının rəhbəri tərəfindən imzalanmış və möhürlə təsdiq edilmiş müvəqqəti icazə lisenziyanın yenidən rəsmiləşdirilməsi üçün bütün sənədlər təqdim edildikdə verilir.

III. Lisenziya

3.1. Lisenziyada aşağıdakılar göstərilir:

3.1.1. lisenziya verən orqanın adı;

3.1.2. hüquqi şəxslər üçün — lisenziya verilən müəssisə, təşkilat və idarənin adı və hüquqi ünvanı;

3.1.3. fiziki şəxslər üçün — adı, atasının adı, soyadı, şəxsiyyəti təsdiq edən vəsiqə haqqında məlumatlar (seriya, nömrə, kim tərəfindən və nə vaxt verilmişdir, yaşayış yeri);

3.1.4. həyata keçirilməsinə lisenziya verilən fəaliyyət növü;

3.1.5. lisenziyanın qüvvədə olma müddəti;

3.1.6. müvafiq fəaliyyət növünün həyata keçirilməsi qaydası (avtonəqliyyat vasitələrinin tərkibi,sayı və s.);

3.1.7. lisenziyanın qeydiyyat nömrəsi və verilmə tarixi.

3.2. Lisenziya yerli icra hakimiyyəti orqanının rəhbəri (o olmadıqda, rəhbəri əvəz edən) tərəfindən imzalanır və yerli icra hakimiyyəti orqanının möhürü ilə təsdiq olunur.

IV. Lisenziyanın müddəti

4.1. Lisenziya iki il müddətinə verilir.

Lisenziya alan şəxsin ərizəsinə əsasən lisenziya 2 il müddətinədək verilə bilər.

4.2. Lisenziyanın qüvvədə olma müddətinin uzadılması onun verilməsi üçün müəyyən olunmuş qaydada həyata keçirilir.

4.3. Müddəti bitmiş lisenziya və onun surətləri etibarsız sayılır.

V. Lisenziyanın surəti və lisenziya kartları

5.1. Lisenziyalaşdırılan fəaliyyət növü ərazi baxımından ayrı-ayrı obyektlərdə həyata keçirildiyi halda, ərizəçiyə lisenziya ilə birlikdə ərizədə göstərilən hər bir obyekt üçün onun ünvanı göstərilməklə lisenziyanın surəti təqdim olunur.

5.2. Ərizəçi lisenziya aldıqdan sonra öz fəaliyyətini ərazi baxımından ayrı-ayrı obyektlərdə həyata keçirmək və ya belə obyektlərin sayını artırmaq istədikdə təzə obyektlərə lisenziyanın surətlərini almaq üçün yerli icra hakimiyyəti orqanına aşağıdakıları təqdim etməlidir:

5.2.1. verilmiş lisenziyanın qeydiyyat nömrəsi, tarixi, fəaliyyət növü, təzə obyektlərin sayı və ünvanı göstərilməklə ərizə;

5.2.2. obyektlər barədə bu Qaydaların 2.1.6—2.1.8 yarımbəndlərində tələb olunan sənədlər.

5.3. Yerli icra hakimiyyəti orqanı lisenziyanın surətlərinin verilməsi məsələsinə dair müraciətə bu Qaydaların 2.3 və 2.4 bəndlərinə əsasən baxır və müvafiq qərar qəbul edir.

5.4. Lisenziyanın surəti — lisenziyanın sahibinə hər bir obyekt üçün lisenziya blankında, verilmiş lisenziyada əks edilən göstəricilər yazılmaqla, blankın yuxarı sağ küncünə «Surəti» sözü və ünvan qrafasına obyektin ünvanı da əlavə edilməklə doldurulmuş, yerli icra hakimiyyəti orqanının rəhbəri tərəfindən imzalanan və orqanın möhürü ilə təsdiq edilən və həmin obyektə bu fəaliyyət növü ilə məşğul olmağa icazə verən rəsmi sənəddir.

5.5. Lisenziyaların surəti yerli icra hakimiyyəti orqanı tərəfindən qeydə alınır.

5.6. Lisenziyanın surəti itirildikdə lisenziya sahibi lisenziyanın yeni surətini rəsmiləşdirmək üçün yerli icra hakimiyyəti orqanına müraciət edir.

5.7. Lisenziyanın surətinin verilməsi və yenidən rəsmiləşdirilməsi üçün haqq alınmır.

5.8. Ərizəçiyə hər bir avtonəqliyyat vasitəsinə verilən lisenziyaya uyğun, forması yerli icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş lisenziya kartları verilir.

Yerli icra hakimiyyəti orqanı tərəfindən verilən lisenziya kartında aşağıdakılar göstərilir:

5.8.1. lisenziyanın qeydiyyat nömrəsi, tarixi və etibarlılıq müddəti;

5.8.2. avtomobilin markası, növü və dövlət qeydiyyat nişanı;

5.8.3. lisenziyanın sahibinin adı;

5.8.4. fəaliyyət növü (avtobusla sərnişin daşınmasında konkret marşrut göstərməklə);

5.8.5. avtonəqliyyat vasitələrinə verilən lisenziya kartları fəaliyyətin lisenziya əsasında həyata keçirildiyini təsdiqləyən rəsmi sənəddir;

5.8.6. lisenziya sahibinin avtonəqliyyat vasitələrinin sayı artarsa, həmin avtonəqliyyat vasitələrinin sayına müvafiq əlavə lisenziya kartları bu Qaydalara uyğun verilir.

VI. Lisenziyanın qüvvədə olma qaydaları və nəzarət

6.1. Bu Qaydalara əsasən lisenziya sahibləri fəaliyyət növünü həyata keçirərkən aşağıdakı qaydalara riayət etməlidirlər:

6.1.1. daşıma tarifləri yerli icra hakimiyyəti orqanlarının bu Qaydaların 1.2 bəndində göstərilən fəaliyyət növləri üzrə müəyyən etdiyi tariflərdən yüksək olmamalıdır;

6.1.2. lisenziya sahibləri lisenziyada göstərilən fəaliyyət növünün həyata keçirilməsi zamanı müvafiq səlahiyyətli təşkilatla marşrutun nömrəsi, sxemi və qısa xarakteristikasını razılaşdırmalıdır;

6.1.3. avtonəqliyyat vasitələri şəhərdaxili sərnişin daşınması üçün yararlı olmalı, ekoloji tələblərə cavab verməli və hər il texniki baxışdan keçirilməlidir.

6.2. Lisenziyanın qüvvədə olma qaydalarına nəzarəti yerli icra hakimiyyəti orqanı həyata keçirir.

6.3. Nəzarət qaydasında yerli icra hakimiyyəti orqanının səlahiyyətlərinə aşağıdakılar daxildir:

6.3.1. lisenziyada göstərilən fəaliyyət növünün həyata keçirilməsini tənzimləyən normativ-hüquqi aktlara və lisenziya qaydalarına riayət edilməsini yoxlamaq;

6.3.2. yoxlama zamanı ortaya çıxan suallara aid lisenziya sahibindən məlumatlar, arayışlar istəmək və almaq;

6.3.3. yoxlamanın nəticələrinə dair pozuntuları və onların aradan qaldırılması müddətini göstərməklə akt tərtib etmək;

6.3.4. müəyyən edilmiş pozuntuların aradan qaldırılması barədə lisenziya sahibinə xəbərdarlıq vermək;

6.3.5. lisenziyanın fəaliyyətinin dayandırılması və ya ləğv edilməsi barədə məsələyə baxmaq.

6.4. Lisenziya sahibi aparılan yoxlama zamanı yerli icra hakimiyyəti orqanının nümayəndələrinə yoxlanılacaq obyektlərə daxil olmağa, yoxlamanın aparılması üçün zəruri olan normal şərait yaratmağa və tələb olunan sənədləri onlara təqdim etməyə borcludur.

6.5. Yoxlamanın nəticəsi barədə iki nüsxədən ibarət akt tərtib edilir. Akt yerli icra hakimiyyəti orqanının səlahiyyətli nümayəndələri və lisenziya sahibi tərəfindən imzalanır. Aktı imzalamaqdan imtina edildikdə bu barədə aktda qeyd edilir. Akta lisenziya sahibinin (müəssisənin rəhbərinin) izahatı əlavə edilir. Aktın bir nüsxəsi lisenziya sahibində qalır.

6.6. Yerli icra hakimiyyəti orqanı zəruri olduqda müvafiq təşkilatların nümayəndələrini bu Qaydalara uyğun nəzarət qaydasında aparılan yoxlamalara cəlb edə bilər.

VII. Lisenziyanın fəaliyyətinin dayandırılması və ya ləğv edilməsi

7.1. Yerli icra hakimiyyəti orqanı lisenziyanın fəaliyyətini aşağıdakı hallarda dayandırır:

7.1.1. lisenziya sahibi tərəfindən müvafiq ərizə təqdim edildikdə;

7.1.2. lisenziya sahibi tərəfindən normativ aktlara əməl edilmədikdə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq dövlət orqanları tərəfindən ərizəçinin fəaliyyəti dayandırıldıqda;

7.1.3. lisenziya sahibinin müflisləşməsi faktı Azərbaycan Respublikasının qanunvericiliyi ilə təsdiq edildikdə;

7.1.4. fəaliyyət növünün həyata keçirilməsi üçün bu Qaydalarla tələb olunan zəruri şəraiti və şərtlərin pozulduğu aşkar edildikdə;

7.1.5. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan digər hallarda.

7.2. Yerli icra hakimiyyəti orqanı lisenziyanın fəaliyyətinin dayandırılması haqqında qərar qəbul etdiyi andan 5 gün müddətində yazılı şəkildə lisenziyanın sahibinə və dövlət vergi xidməti orqanlarına məlumat verir.

Lisenziyanın fəaliyyətinin dayandırılmasına səbəb olan hallar dəyişildikdə lisenziyanın fəaliyyəti lisenziyanın sahibinin müraciətinə əsasən bərpa edilə bilər. Yerli icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərar qəbul edildikdə lisenziya bərpa edilmiş hesab olunur, həmin qərar qəbul edilən andan 5 gün müddətində lisenziyanın sahibinə və dövlət vergi xidməti orqanlarına məlumat verilir.

7.3. Yerli icra hakimiyyəti orqanı lisenziyanı aşağıdakı hallarda ləğv edir:

7.3.1. ərizəçi tərəfindən müvafiq ərizə təqdim edildikdə;

7.3.2. lisenziya verilməsi üçün təqdim edilən sənədlərdə düzgün olmayan məlumatlar aşkar edildikdə;

7.3.3. lisenziyanın qüvvədə olma qaydaları lisenziya sahibi tərəfindən pozulduqda;

7.3.4. məhkəmənin müvafiq qərarı olduqda;

7.3.5. hüquqi şəxs ləğv edildikdə və sahibkar kimi fəaliyyət göstərən fiziki şəxsə verilən şəhadətnamə qüvvəsini itirdikdə;

7.3.6. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan digər hallarda.

7.4. Yerli icra hakimiyyəti orqanı lisenziyanın ləğv edilməsi haqqında qərar qəbul etdiyi andan 5 gün müddətində yazılı şəkildə lisenziyanın sahibinə və dövlət vergi xidməti orqanlarına məlumat verir.

7.5. Lisenziyanın fəaliyyətinin dayandırılması, ləğv edilməsi və ya bərpası haqqında qəbul edilmiş qərar lisenziyanın bu Qaydalara əsasən ayrı-ayrı obyektlər üçün verilmiş surətlərinə də şamil olunur.

7.6. Yerli icra hakimiyyəti orqanı verdiyi, qeydə aldığı, dayandırdığı, bərpa etdiyi və ləğv etdiyi lisenziyaların reyestrini aparır.

VIII. Məsuliyyət

8.1. Yerli icra hakimiyyəti orqanının rəhbərləri və vəzifəli şəxsləri lisenziyalaşdırma haqqında Azərbaycan Respublikasının qanunvericiliyinin pozulması, yaxud onun lazımi şəkildə icra olunmamasına görə mövcud qanunvericiliyə uyğun məsuliyyət daşıyırlar.

8.2. Yerli icra hakimiyyəti orqanının qərarlarından və onun vəzifəli şəxslərinin hərəkətlərindən müəyyən olunmuş qaydada məhkəmə orqanlarına şikayət oluna bilər.

8.3. Bu Qaydalarda göstərilən fəaliyyət növləri ilə lisenziyasız məşğul olanlar mövcud qanunvericiliyə uyğun məsuliyyət daşıyırlar.


* Ərizədə göstərilən fəaliyyət növü ərazi baxımından ayrı-ayrı obyektlərdə həyata keçiriləcəkdirsə, ərizədə həmin obyektlərin sayı və ünvanı da göstərilir.

** Bu şərtlərə ərizəçinin ərizədə göstərilən fəaliyyət növü ilə məşğul olacaq hər bir obyekti uyğun olmalıdır.


© LegalActs