О применении Закона Азербайджанской Республики «О правилах использования Государственного флага Азербайджанской Республики»


Дата релиза: 19.07.2004

«Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

«Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

«Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:

1.1. qüvvədə olan qanunvericilik aktlarının «Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında» Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. həmin Qanunun 7.2-ci maddəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının vəfat etmiş (həlak olmuş) vətəndaşlarına hərbi ehtiram göstərilməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanunun 12.3-cü maddəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Dövlət bayrağının qaldırılması (asılması), endirilməsi, saxlanılması və istehsalı qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.5. həmin Qanunun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.6. «Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında» Azərbaycan Respublikası Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

2.1. «Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında» Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

2.2. həmin Qanunun 7.2-ci və 12.3-cü maddələrində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.

Azərbaycan Respublikasının Prezidenti

İlham ƏLİYEV

Bakı şəhəri, 19 iyul 2004-cü il

№ 92

«Azərbaycan» qəzetində dərc edilmişdir (25 iyul 2004-cü il, № 171) ( «LegalActs» LLC).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 iyul 2004-cü il, № 7, maddə 531) («LegalActs» LLC).


© LegalActs LLC