Dəniz limanları haqqında
Azərbaycan Respublikasının Qanunu
Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndinə uyğun olaraq, Azərbaycan Respublikasının dəniz limanlarında ticarət gəmiçiliyindən yaranan münasibətləri tənzimləyir, dəniz limanlarının inşası, açılması, bağlanması, onlarda fəaliyyətin həyata keçirilməsi qaydalarını, habelə dəniz limanlarında fəaliyyətin dövlət tənzimlənməsinin əsaslarını müəyyən edir.
1-ci fəsil
Ümumi müddəalar
Maddə 1. Azərbaycan Respublikasının dəniz limanları haqqında qanunvericiliyi
1.1. Azərbaycan Respublikasının dəniz limanları haqqında qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsindən, bu Qanundan və digər normativ hüquqi aktlardan ibarətdir.
1.2. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilədə bu Qanunla nəzərdə tutulduğundan fərqli qaydalar müəyyən edildikdə, beynəlxalq müqavilənin qaydaları tətbiq olunur.
1.3. Dəniz limanı ərazisində xüsusi iqtisadi zonaların yaradılması və onların fəaliyyəti “Xüsusi iqtisadi zonalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
Maddə 2. Liman adətləri
2.1. Liman adətləri limanda xidmətlərin göstərilməsi zamanı təşəkkül tapan, geniş tətbiq olunan və Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmamış davranış qaydalarından ibarətdir.
2.2. Liman adətləri Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn prinsip və normalarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinə, bu Qanuna, Azərbaycan Respublikasının digər qanunlarına və normativ hüquqi aktlarına zidd olmamalıdır. Liman adətləri müvafiq icra hakimiyyəti orqanının və limanın rəsmi internet saytında yerləşdirilməlidir.
Maddə 3. Bu Qanunda istifadə edilən əsas anlayışlar
3.1. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur:
3.1.1. dəniz limanı (bundan sonra - liman) - xüsusi ərazidə və akvatoriyada yerləşən, ticarət gəmiçiliyi məqsədi ilə istifadə olunan gəmilərə və sərnişinlərə xidmət göstərilməsi, yük ilə əməliyyatların aparılması və dəniz limanlarında həyata keçirilən digər xidmətlərin göstərilməsi üçün nəzərdə tutulan qurğular kompleksi;
3.1.2. liman idarəsi – limanın fəaliyyətinin təşkili və idarə olunması məqsədi ilə yaradılan və nizamnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən hüquqi şəxs;
3.1.3. limanın infrastruktur obyektləri – limanın hidrotexniki qurğuları, gəmilərin dönmə akvatoriyası, daxili reydləri, lövbər dayanacaqları, tərsanələri, yedək, bələdçi və təchizat gəmiləri, buzqıran və limanın digər gəmiləri, naviqasiya avadanlığı vasitələri və dəniz yollarının naviqasiya-hidroqrafik təminatının digər obyektləri, gəmilərin hərəkətini idarəetmə sistemləri, avtomatlaşdırılmış informasiya sistemləri, yükləmə avadanlıqları, dəmiryol və avtomobil keçid yolları, rabitə xətləri, istilik, qaz, su və elektrik təchizatı qurğuları, dəniz üzgüçülüyünün təhlükəsizliyinin təmin edilməsi, limanda xidmətlərin göstərilməsi, dövlət nəzarətinin təmin edilməsi üçün nəzərdə tutulmuş digər qurğular, avadanlıqlar, mühəndis kommunikasiyaları, anbarlar, binalar və digər tikililər;
3.1.4. liman hidrotexniki qurğuları – su mühiti ilə qarşılıqlı təsirdə olan, dəniz üzgüçülüyünün təhlükəsizliyinin təmin edilməsi və gəmilərin dayanması üçün nəzərdə tutulmuş mühəndis-texniki qurğular (sahil-müdafiə qurğuları, dalğaqıranlar, dambalar, torpaq və daş bəndlər, pirslər, körpülər, estakadalar, platformalar, giriş kanalları və sualtı qurğular);
3.1.5. körpü – gəmilərin dayanması, gəmilərə və sərnişinlərə xidmət göstərilməsi, o cümlədən sərnişinlərin gəmilərə minməsi və düşməsi, yük əməliyyatlarının həyata keçirilməsi üçün nəzərdə tutulmuş liman hidrotexniki qurğuları;
3.1.6. limanın infrastruktur obyektlərinin sahibləri – həmin obyektlərin mülkiyyətçisi olan və ya onlardan digər qanuni əsaslarla istifadə edən hüquqi və fiziki şəxslər;
3.1.7. dəniz terminalı – texnoloji cəhətdən bir-biri ilə bağlı olan, təyinatı və istifadəsi yük əməliyyatlarının həyata keçirilməsi, onların aşırılması, gəmilərə, digər nəqliyyat vasitələrinə və (və ya) sərnişinlərə xidmət göstərilməsi üçün nəzərdə tutulan limanın infrastruktur obyektlərinin məcmusu;
3.1.8. dəniz terminalının operatoru – dəniz terminalının istismarını, yük əməliyyatlarını, onların aşırılmasını, o cümlədən gəmilərə, digər nəqliyyat vasitələrinə və (və ya) sərnişinlərə xidmətlərin göstərilməsini həyata keçirən hüquqi və fiziki şəxslər;
3.1.9. daxili reyd – liman akvatoriyasının daxilində xüsusi ayrılmış, gəmilərə xidmət göstərilməsi və yük əməliyyatlarının həyata keçirilməsi üçün nəzərdə tutulmuş su sahəsi;
3.1.10. xarici reyd – liman akvatoriyasının xaricində Azərbaycan Respublikasının ərazi sularında xüsusi ayrılmış, gəmilərin lövbərdə dayanması və onlara xidmət göstərilməsi üçün nəzərdə tutulmuş su sahəsi;
3.1.11. yükün aşırılması – beynəlxalq, yerli və tranzit daşımalar zamanı, o cümlədən limanın sərhədləri daxilində yükün yerdəyişməsi və texnoloji yığımı, yaxud texnoloji yığım aparılmadan yükün və (və ya) baqajın bir nəqliyyat növündən başqa nəqliyyat növünə yüklənməsi üzrə xidmətlərin və (və ya) işlərin kompleks növü;
3.1.12. yükün texnoloji yığımı – yükün aşırılması zamanı nəqliyyat vasitələrinin verilməsini gözləyən yük dəstlərinin qruplaşdırılması;
3.1.13. limanda göstərilən xidmətlərin istifadəçiləri (bundan sonra - istifadəçilər) – yükgöndərənlər (göndərənlər), yükalanlar (alanlar), gəmi sahibləri, daşıyıcılar, sərnişinlər, habelə hüquqi və fiziki şəxslər;
3.1.14. limanda göstərilən xidmətlər – liman akvatoriyasının daxilində və xaricində istifadəçilərə göstərilən xidmətlər;
3.1.15. limanın sərhədləri - onun ərazisinin və akvatoriyasının sərhədləridir;
3.1.16. limanın ərazisi – limanın sərhədləri daxilində səth suları ilə örtülməmiş torpaq sahəsi (sahələri), o cümlədən süni surətdə yaradılmış torpaq sahəsi (sahələri);
3.1.17. limanın akvatoriyası – limanın sərhədləri daxilində su sahəsi;
3.1.18. süni surətdə yaradılmış torpaq sahəsi – limanda qruntun yuyulması, yaxud səpilməsi yolu ilə və ya başqa texnologiyalardan istifadə olunmaqla yaradılan torpaq sahəsi;
3.1.19. liman akvatoriyasının girəcəyi – limanın akvatoriyasına bitişik, lakin Azərbaycan Respublikasının ərazi sularında gəmilərin dəniz üzgüçülüyünün təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə xüsusi ehtiyatla hərəkət etməli olduqları dəniz yollarının xarici reydləri və sahələri;
3.1.20. limanda qanunsuz müdaxilə aktı – “Dəniz gəmiçiliyinin təhlükəsizliyinə qarşı yönəlmiş qeyri-qanuni aktlarla mübarizə haqqında” Konvensiyada nəzərdə tutulan gəminin və ya limanın təhlükəsizliyini təhdid edən hər hansı bir hərəkət;
3.1.21. daşıyıcı - daşınma müqaviləsi və ya digər qanuni əsaslarla sərnişin və yük daşımalarını yerinə yetirən hüquqi və ya fiziki şəxs;
3.1.22. təhlükəli yüklər - onlara xas olan xüsusiyyətlərdən asılı olaraq daşınma, yüklənmə, boşaltma və saxlanma prosesində ətraf mühitə zərər vura bilən, partlayışa, yanğına və ya nəqliyyat vasitələrinin, qurğuların, binaların və tikililərin zədələnməsinə, habelə insanların və heyvanların məhvinə, şikəstliyinə, zəhərlənməsinə, yanmasına, şüalanmasına və ya xəstələnməsinə səbəb olan maddələr və əşyalar;
3.1.23. gəmi agenti - gəminin limana gəlməsi, limanda olması və limandan çıxması ilə əlaqədar gəmi sahibinin, fraxt edənin və ya gəmini digər qanuni əsaslarla istismar edən şəxsin maraqlarını limanlarda qoruyan, onları dövlət orqanlarında və liman idarəsində təmsil edən, digər rəsmiyyətləri yerinə yetirən, gəmi sahibinin, fraxt edənin və ya gəmini digər qanuni əsaslarla istismar edən şəxsin adından maliyyə tapşırıqlarını icra edən və digər hərəkətləri həyata keçirən, gəmi agentinə dair BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı tərəfindən müəyyən edilmiş minimal tələblərə cavab verən hər hansı hüquqi və ya fiziki şəxs.
Maddə 4. Limanın sərhədləri
4.1. Limanın sərhədləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.
4.2. Limanın sərhədləri haqqında məlumatlar “Dəniz limanı üzrə məcburi qaydalar”da və müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən “Dənizçilər üçün bildirişlər”də qeyd olunmalıdır.
2-ci fəsil
Limanın inşası, genişləndirilməsi, açılması və bağlanması
Maddə 5. Limanın inşası və genişləndirilməsi
5.1. Limanın inşası və genişləndirilməsi haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən şəhərsalma və tikinti haqqında qanunvericiliyə uyğun olaraq hazırlanmış ərazi planlaşdırma sənədləri əsasında qəbul olunur. Limana “Coğrafi obyektlərin adları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ad verilir.
5.2. Limanın inşası və (və ya) genişləndirilməsi haqqında qərar süni torpaq sahələrinin yaradılmasını nəzərdə tuta bilər.
Maddə 6. Xidmətlərin göstərilməsi üçün limanın açılması və müvəqqəti bağlanması
6.1. Limanın inşası, qurulması və maddi-texniki təchizatı başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən limanın fəaliyyətə başlamasına hazırlıq səviyyəsi yoxlanılır və müsbət nəticə olduğu təqdirdə müvafiq icra hakimiyyəti orqanı tərəfindən açılması ilə bağlı qərar qəbul edilir və liman haqqında məlumatlar Azərbaycan Respublikasının Dəniz Limanları Reyestrinə daxil edilir.
6.2. Fövqəladə hadisə, qanunsuz müdaxilə aktı, gəmi qəzaları və digər qəzalar baş verdikdə, habelə insan həyatı və ya sağlamlığı üçün təhlükə, əmlak və yükün korlanması və (və ya) məhvi təhlükəsi yarandığı hallarda limanda və ya dəniz terminalında xidmətlərin göstərilməsi mümkün olmadıqda liman idarəsi xidmətlərin göstərilməsi üçün limanın müvəqqəti bağlanması barədə müvafiq icra hakimiyyəti orqanına dərhal müraciət edir. Müvafiq icra hakimiyyəti orqanı xidmətlərin göstərilməsi üçün limanın müvəqqəti bağlanmasını zəruri hesab etdikdə qərar qəbul edir, müvəqqəti bağlanmanın müddətini müəyyənləşdirir və bu barədə liman idarəsinə və dənizçilik sahəsində fəaliyyət göstərən təşkilatlara həmin gün yazılı məlumat göndərir.
6.3. Xidmətlərin göstərilməsi üçün limanın açılması və ya müvəqqəti bağlanması haqqında məlumatlar “Dənizçilər üçün bildirişlər”də dərc olunur.
Maddə 7. Limanın bağlanması
7.1. Limanın bağlanması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir.
7.2. Limanın bağlanması haqqında qərar qəbul edildiyi gündən etibarən liman 1 (bir) ildən tez bağlanıla bilməz.
7.3. Müvafiq icra hakimiyyəti orqanı limanın bağlanması barədə liman idarəsinə və dənizçilik sahəsində fəaliyyət göstərən təşkilatlara 5 iş günü müddətində yazılı məlumat göndərir.
7.4. Liman bağlandıqda müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının Dəniz Limanları Reyestrində 10 iş günü müddətində bu barədə müvafiq qeydlər aparmalıdır.
3-cü fəsil
Limanda fəaliyyətin dövlət tənzimlənməsi
Maddə 8. Limanda fəaliyyətin dövlət tənzimlənməsinin əsasları
8.1. Limanda fəaliyyətin dövlət tənzimlənməsi aşağıdakıların təmin edilməsi məqsədi ilə həyata keçirilir:
8.1.1. dəniz üzgüçülüyünün, insanların həyat və sağlamlığının təhlükəsizliyi;
8.1.2. dövlətin müdafiəsi və təhlükəsizliyi;
8.1.3. limanda asayişin qorunması, qanunsuz müdaxilə aktlarının aşkara çıxarılması və onların qarşısının alınması;
8.1.4. limanın infrastruktur obyektlərinin təhlükəsiz istismarı;
8.1.5. limanın kompleks inkişafı;
8.1.6. limanın dövlət mülkiyyətində olan infrastruktur obyektlərindən səmərəli istifadə olunması;
8.1.7. limanda fəaliyyətin həyata keçirilməsi üçün bərabər şəraitin yaradılması və ayrı-seçkiliyə yol verilməməsi;
8.1.8. limanda xidmətlərdən ayrı-seçkiliyə yol verilmədən istifadə imkanı;
8.1.9. ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması;
8.1.10. Azərbaycan Respublikasının Su Məcəlləsi ilə müəyyən edilmiş su obyektlərinin istifadəsinə və mühafizəsinə dair tələblərə riayət olunması;
8.1.11. limanın rəqabət qabiliyyətliliyi;
8.1.12. dəniz ovu məhsullarının və su bioloji ehtiyatlarının emalı məhsullarının gətirilməsinə və aparılmasına dövlət nəzarəti.
8.2. Limanda fəaliyyətin dövlət tənzimlənməsi aşağıdakı vasitələrlə həyata keçirilir:
8.2.1. dövlət nəzarətinin həyata keçirilməsi;
8.2.2. normativ hüquqi aktların qəbul edilməsi;
8.2.3. texniki tənzimləmə;
8.2.4. limanda göstərilən xidmətlərə görə tariflərin müəyyən olunması;
8.2.5. limanda dövlət mülkiyyətində olan əmlakın icarəyə verilməsi;
8.2.6. limanın xidmətlərin göstərilməsi üçün açılması və bağlanması;
8.2.7. limanda dəniz üzgüçülüyünün və liman hidrotexniki qurğularının təhlükəsizliyinin təmin edilməsi;
8.2.8. dəniz terminallarının operatorlarının və daşıyıcıların limanın infrastruktur obyektlərindən ayrı-seçkiliyə yol verilmədən istifadəsi üçün şəraitin yaradılması;
8.2.9. naviqasiya-hidroqrafiya təminatının həyata keçirilməsi;
8.2.10. limanların infrastruktur obyektlərinin inşası və yenidən qurulması üçün layihə sənədlərinin dövlət ekspertizasının aparılması;
8.2.11. Azərbaycan Respublikasının dəniz nəqliyyatı sahəsində tərəfdar çıxdığı beynəlxalq müqavilələrinə və ticarət gəmiçiliyi haqqında qanunvericiliyinə riayət olunmasına nəzarətin həyata keçirilməsi.
8.3. Limanda gömrük, sərhəd, fitosanitar, baytarlıq, sanitar və radiasiya nəzarəti bu sahələri tənzimləyən müvafiq Qanunlara uyğun olaraq həyata keçirilir.
8.4. Limanda dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
Maddə 9. Azərbaycan Respublikasının Dəniz Limanları Reyestri
9.1. Limanlar Azərbaycan Respublikasının Dəniz Limanları Reyestrində dövlət qeydiyyatına alınırlar.
9.2. Azərbaycan Respublikasının Dəniz Limanları Reyestri müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır. Azərbaycan Respublikasının Dəniz Limanları Reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
9.3. Azərbaycan Respublikasının Dəniz Limanları Reyestrinə aşağıdakı məlumatlar daxil edilir:
9.3.1. limanın adı;
9.3.2. limanın qeydiyyat nömrəsi;
9.3.3. liman idarəsinin adı və ünvanı;
9.3.4. xidmətlərin göstərilməsi üçün limanın açılması haqqında qərarın tarixi və nömrəsi;
9.3.5. dəniz terminallarının operatorlarının, habelə onlar tərəfindən həyata keçirilən xidmətlərin siyahısı;
9.3.6. limanın əsas texniki xarakteristikaları, o cümlədən onun yükün aşırılması, gəmilərə və (və ya) sərnişinlərə xidmət göstərilməsi üzrə imkanları;
9.3.7. naviqasiya dövrü;
9.3.8. limanın coğrafi mövqeyi;
9.3.9. limanın Azərbaycan Respublikasının Dəniz Limanları Reyestrindən xaric edilməsinin əsası və tarixi.
9.4. Bu Qanunun 9.3-cü maddəsində göstərilmiş məlumatlarda dəyişikliklər baş verdikdə, Azərbaycan Respublikasının Dəniz Limanları Reyestrində müvafiq dəyişikliklər edilir.
9.5. Limanın Azərbaycan Respublikasının Dəniz Limanları Reyestrindən xaric edilməsi müvafiq icra hakimiyyəti orqanının xidmətlərin göstərilməsi üçün limanın bağlanması haqqında qərarı əsasında həyata keçirilir.
Maddə 10. Liman kapitanı
Liman kapitanının fəaliyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən əsasnaməyə uyğun olaraq tənzimlənir.
Maddə 11. Limanlarda gəmi agenti
11.1. Limanlarda gəmi agentinin fəaliyyət qaydası, onun hüquq və vəzifələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən “Gəmi agenti haqqında Əsasnamə” ilə müəyyən edilir.
11.2. Limanlarda gəmi agenti tərəfindən xidmətlərin göstərilməsi üçün müvafiq icra hakimiyyəti orqanından sertifikatın alınması tələb olunur. Sertifikatın forması, qüvvədə olma müddəti, verilmə və ləğv edilmə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sertifikatın alınmasına görə “Dövlət rusumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş dövlət rüsumu ödənilir.
11.3. Limanlarda gəmi agenti BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı tərəfindən müəyyən edilmiş minimal tələblərə cavab verməlidir.
11.4. Gəmi agenti və gəmi sahibinin, fraxt edən və ya gəmini digər qanuni əsaslarla istismar edən şəxsin arasında münasibətlər müqavilə ilə tənzimlənir.
Maddə 12. Liman üzrə məcburi qaydalar
12.1. “Dəniz limanı üzrə məcburi qaydalar” müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir, Azərbaycan və ingilis dillərində nəşr olunur.
12.2. Müvafiq icra hakimiyyəti orqanının baza məntəqəsinin akvatoriyası liman ilə bitişik olduğu hallarda limanda məcburi qaydalar müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılır.
12.3. “Dəniz limanı üzrə məcburi qaydalar” aşağıdakıları əhatə edir:
12.3.1. limanın sxematik planını;
12.3.2. gəmilərin limana girişi və çıxışı qaydalarını;
12.3.3. gəmilərin liman akvatoriyasının girəcəyində və akvatoriyasında sürət həddi və üzmə qaydalarını;
12.3.4. gəmilərin hərəkətini idarəetmə sistemlərinin fəaliyyət zonasının sxemini və bu zonalarda gəmilərin üzmə qaydalarını;
12.3.5. gəmilərin limanda dayanma qaydalarını və onların dayanacaq yerlərinin göstərilməsini;
12.3.6. dəniz üzgüçülüyü üçün qadağan edilən rayonları;
12.3.7. limanda ekoloji təhlükəsizliyin təmin edilməsi, karantinə riayət olunması qaydalarını;
12.3.8. limanın ərazisində və akvatoriyasında xüsusi rabitə vasitələrindən istifadə qaydalarını;
12.3.9. limanın sərhədləri haqqında məlumatları;
12.3.10. limana girişlərin sərhədləri haqqında məlumatları;
12.3.11. “Dənizdə insan həyatının mühafizəsinə dair Beynəlxalq Konvensiya”da nəzərdə tutulmuş, fəlakət zamanı və təhlükəsizliyin təmin edilməsi üçün qlobal dəniz fəlakəti və əmniyyətli rabitə sisteminin A1 və A2 dəniz rayonlarının sərhədləri haqqında məlumatları;
12.3.12. gəmilərin qəbulu sahəsində limanın texniki imkanları haqqında məlumatları;
12.3.13. naviqasiya dövrü haqqında məlumatları;
12.3.14. gəmilərin məcburi və məcburi olmayan bələdçi müşayiəti rayonları haqqında məlumatları;
12.3.15. gəmilərin yedək gəmiləri ilə məcburi və məcburi olmayan müşayiəti rayonları haqqında məlumatları;
12.3.16. limanın və onun girişlərinin akvatoriyasının dərinliyi haqqında məlumatları;
12.3.17. təhlükəli yüklərin emalı haqqında məlumatları;
12.3.18. limanda və onun girişlərində gəmilərin üzməsinin təşkili haqqında məlumatları;
12.3.19. limanda qanunsuz müdaxilə aktları təhlükəsi yarandıqda, limanda olan gəmilərin kapitanları tərəfindən informasiyanın ötürülməsi haqqında məlumatları;
12.3.20. limanda olan gəmilərin kapitanlarına naviqasiya və hidrometeoroloji informasiyanın ötürülməsi haqqında məlumatları.
12.4. Limanların akvatoriyasında gəmilər “Dəniz limanı üzrə məcburi qaydalar”a və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş ərazi sularında üzmə qaydalarına riayət etməlidirlər.
Maddə 13. Limanda təhlükəsizliyin təmin edilməsi
13.1. Limanlarda qanunsuz müdaxilə aktı zamanı təhlükəsizliyin təmin edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
13.2. Müvafiq icra hakimiyyəti orqanının dəniz üzgüçülüyünün təhlükəsizliyi və limanda qanunsuz müdaxilə aktlarından müdafiə sahəsində tələbləri liman idarəsi, habelə dəniz terminallarının operatorları, limanın infrastruktur obyektlərinin sahibləri, gəmi kapitanları, limanda fəaliyyət göstərən və (və ya) olan digər şəxslər üçün məcburidir.
13.3. Limanın və limanın infrastruktur obyektlərinin mühafizəsi Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydaya uyğun həyata keçirilir.
13.4. Liman “Gəmi və liman vasitələrinin mühafizəsi haqqında Beynəlxalq Məcəllə”də nəzərdə tutulmuş sənədlərə malik olmalıdır.
13.5. Dəniz terminallarının operatorları, limanın infrastruktur obyektlərinin sahibləri, gəmi kapitanları, limanda fəaliyyət göstərən və limanda olan digər şəxslər aşağıdakıları təmin etməlidir:
13.5.1. müvafiq tədbirlərin görülməsi üçün liman idarəsini dəniz üzgüçülüyünün təhlükəsizliyi və (və ya) limanda fəaliyyətin həyata keçirilməsi üçün təhlükə törədə bilən vəziyyətin yaranması, habelə limanda qanunsuz müdaxilə aktları haqqında vaxtında məlumatlandırmaq;
13.5.2. limanda asayişə riayət etmək;
13.5.3. limanın akvatoriyasının və ərazisinin istehsal və istehlak tullantıları, çirkli və (və ya) neftli sular, neft və insan sağlamlığı və (və ya) ətraf mühit üçün təhlükəli və (və ya) zərərli olan digər maddələr ilə çirkləndirilməsinin qarşısının alınması üçün tədbirlər görmək;
13.5.4. limanda hadisələrin başvermə səbəblərinin obyektiv, tam və hərtərəfli araşdırılmasına köməklik göstərmək.
13.6. Limanın təhlükəsizliyinin təmin edilməsi zamanı liman idarəsinin vəzifələri aşağıdakılardır:
13.6.1. qanunsuz müdaxilə aktının, limanda həyata keçirilən fəaliyyətin təhlükəsizliyini təhdid edən halların, limanın ərazisinin və (və ya) akvatoriyasının çirkləndirilməsinin baş verdiyi hallarda, habelə dəniz üzgüçülüyünün təhlükəsizliyinə təhdid edən digər hallar haqqında məlumat aldıqda, onlar barəsində müvafiq tədbirlərin görülməsi üçün müvafiq icra hakimiyyəti orqanına dərhal məlumat vermək;
13.6.2. müvafiq icra hakimiyyəti orqanlarına dəniz üzgüçülüyünün təhlükəsizliyinin və limanda qanunsuz müdaxilə aktlarından müdafiənin təmin edilməsinə, habelə limanda hadisələrin baş verməsinin səbəblərinin obyektiv, tam və hərtərəfli araşdırılmasının aparılmasına köməklik göstərmək;
13.6.3. dəniz üzgüçülüyünün təhlükəsizliyi, dənizdə insan həyat və sağlamlığının, dəniz ətraf mühitinin mühafizəsi sahəsində müvafiq icra hakimiyyəti orqanının göstərişlərini icra etmək.
Maddə 14. Dəniz terminalının operatoru və limanın infrastruktur obyektlərinin sahiblərinə dair tələblər
14.1. Bu Qanunun 13.5-ci maddəsində nəzərdə tutulmuş tələblərin yerinə yetirilməsi ilə yanaşı, dəniz terminalının operatoru və limanın infrastruktur obyektlərinin sahibləri aşağıdakılara riayət etməlidirlər:
14.1.1. limanın infrastruktur obyektlərinin istismarını sənaye, ekoloji, yanğın və əməyin texniki təhlükəsizliyi sahəsində tələblərə uyğun olaraq həyata keçirmək;
14.1.2. liman infrastruktur obyektlərinin limanda qanunsuz müdaxilə aktlarından müdafiəsinin təmin edilməsi ilə bağlı tədbirləri həyata keçirmək;
14.1.3. limanda xidmətlərdən bərabər istifadə imkanını, belə xidmətlər haqqında məlumatların açıqlığını təmin etmək;
14.1.4. inhisarçı fəaliyyətə və yaxud haqsız rəqabətə yol verməmək.
14.2. Limanda müvafiq xidmətlərin fasiləsiz göstərilməsini təşkil və təmin etmək məqsədi ilə dəniz terminalının operatoru və limanın infrastrukturunun qarşılıqlı texnoloji əlaqəyə malik obyektlərinin sahibləri öz aralarında müqavilələr bağlamalıdırlar. Müqavilədə limanın infrastruktur obyektlərinə texniki xidmət və onun qaydasının müəyyənləşdirilməsi, tərəflərin məsuliyyəti ilə əlaqədar şərtlər göstərilməlidir.
4-cü fəsil
Limanda xidmətlərin göstərilməsi əsasları və xidmətlərin tarifləri
Maddə 15. Limanda xidmətlərin göstərilməsi qaydaları
15.1. Limanda gəmilərə və sərnişinlərə, yük əməliyyatlarının həyata keçirilməsi və yükün aşırılması ilə bağlı xidmətlər göstərilir.
15.2. Limanda xidmətlərin göstərilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.
15.3. Liman xidmətlərinə, liman qurğularının istismarı, yükaşırma və dəniz üzgüçülüyünün təhlükəsizliyi fəaliyyəti ilə bağlı xidmətlərə görə tariflər müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
15.4. Limanda göstərilən və təbii inhisar subyektlərinin fəaliyyət sahəsinə aid olmayan xidmətlərə görə qiymətlər müqavilə əsasında müəyyən edilir.
Maddə 16. Limanın fəaliyyətinin maliyyələşdirilməsi
Limanın fəaliyyəti bu Qanuna uyğun olaraq liman tərəfindən göstərilən xidmətlərdən və əmlakın icarəsindən əldə edilən vəsaitlər və Azərbaycan Respublikasının qanunları ilə qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.
5-ci fəsil
Limanda yükün aşırılması üzrə xidmətlərin
göstərilməsinin xüsusiyyətləri
Maddə 17. Yükün aşırılması müqaviləsi
17.1. Yükün aşırılması üzrə xidmətlər dəniz terminallarının operatorları tərəfindən yükün aşırılması müqaviləsi əsasında göstərilir.
17.2. Yükün aşırılması müqaviləsi üzrə bir tərəf (liman operatoru) haqq müqabilində yükün aşırılmasını həyata keçirməyi və yükün aşırılması müqaviləsi ilə müəyyən olunmuş digər xidmətləri və işləri yerinə yetirməyi öhdəsinə götürür, digər tərəf (sifarişçi) isə müvafiq həcmdə aşırılmaq üçün yükü vaxtında təqdim etməyi və (və ya) yükü vaxtında qəbul edib çıxarmağı öhdəsinə götürür. Yükün aşırılması müqaviləsi üzrə sifarişçi qismində yükgöndərən (göndərən), yükalan (alan), daşıyıcı, ekspeditor və ya digər fiziki, yaxud hüquqi şəxs çıxış edə bilər.
17.3. Yükün aşırılması müqaviləsi ilə tərəflərin hüquq və vəzifələri, yükün həcmi, aşırılma müddəti və dəniz terminalının operatoru tərəfindən xidmətlərin göstərilməsinin və işlərin yerinə yetirilməsinin digər şərtləri, sifarişçi tərəfindən yükün aşırılma üçün təqdim edilməsinin şərtləri, habelə tərəflərin yükün aşırılma prosesinin təşkili və həyata keçirilməsi üçün hesab etdikləri digər şərtlər müəyyən olunur.
17.4. Yükün aşırılması müqaviləsində aşırılmalı olan yük üçün sənədlərin rəsmiləşdirilməsi, habelə digər əlavə xidmətlərin və işlərin həyata keçirilməsi nəzərdə tutula bilər.
Maddə 18. Yükün qəbul edilməsinin və təhvil verilməsinin xüsusiyyətləri
18.1. Dəniz terminallarının operatorları və daşıyıcılar tərəfindən yükün qəbul edilməsi və təhvil verilməsi müvafiq nəqliyyat vasitələri üçün yükün yüklənilməsi və boşaldılması məqsədi ilə liman ərazisində müəyyən edilmiş yerlərdə həyata keçirilir.
18.2. Daşıyıcı tərəfindən yükün yükgöndərəndən qəbul edilməsi və yükün limanda yükalana təhvil verilməsi gəminin anbarında, bortunda və ya göyərtəsində həyata keçirilir.
18.3. Limanın daxili reydində yükün yükgöndərəndən qəbul edilməsi və yükün yükalana təhvil verilməsi bütün hallarda gəminin anbarında, yaxud göyərtəsində həyata keçirilir.
18.4. Yükün aşırılması müqaviləsi ilə dəniz terminalının operatorunun yükü qəbul etmək və (və ya) yükün daşınmasının davam etdirilməsi üçün yükü daşıyıcıya təhvil vermək vəzifəsi müəyyən edildiyi hallarda, daşıyıcı yükə baxış keçirir, habelə yükün çəkisi və yük yerlərinin sayını yoxlayır və yük daşıma müqaviləsi əsasında yükü dəniz terminalının operatoruna təhvil verir və (və ya) dəniz terminalının operatorundan qəbul edir.
Maddə 19. Yükün limandan çıxarılmasının təmin edilməsi
19.1. Yükün limandan müqavilədə nəzərdə tutulmuş vaxtda çıxarılması sifarişçi və ya yükün dəniz terminalının operatorundan alınmasına dair sifarişçinin səlahiyyət verdiyi şəxs tərəfindən həyata keçirilir.
19.2. Yükün limandan çıxarılmalı olduğu müddət yükün aşırılma müqaviləsi ilə müəyyən olunur.
19.3. Yük limandan müqavilədə nəzərdə tutulmuş müddətdə çıxarılmadıqda, dəniz terminalı operatorunun hərəkətləri bu maddə və limanda xidmətlərin göstərilməsi qaydası ilə müəyyən edilir.
19.4. Dəniz terminalının operatoru limandan müəyyən olunmuş müddətdə çıxarılmamış yükün salamatlılığını təmin etməlidir.
19.5. Müqavilədə başqa qayda nəzərdə tutulmadıqda, dəniz terminalının operatoru sifarişçini yükün limandan çıxarılması üçün yükün aşırılması müqaviləsində müəyyən olunmuş müddətin bitməsi haqqında əvvəlcədən yazılı şəkildə məlumatlandırmalıdır.
19.6. Yükün aşırılması müqaviləsi ilə başqa qayda nəzərdə tutulmadıqda dəniz terminalının operatoru müqavilə ilə müəyyən olunmuş müddətdə limandan çıxarılmamış yükü bu Qanunun 20-ci maddəsinə əsasən saxlamaq hüququndan istifadə edə bilər.
19.7. Üzərində gömrük nəzarəti başa çatmış yükün liman ərazisində saxlanılma yerləri, şərtləri və onlar üzərində sərəncam verilməsi gömrük qanunvericiliyi ilə müəyyən edilir.
Maddə 20. Yükün saxlanılması hüququ
20.1. Yükün aşırılması müqaviləsində başqa qayda nəzərdə tutulmadıqda, dəniz terminalının operatoru müqavilədə nəzərdə tutulmuş ödənişlərin ödənilmədiyi hallarda yükü (mülki qanunvericiliyə uyğun olaraq dövriyyədən çıxarılmış, yaxud dövriyyəsi məhdudlaşdırılmış yüklər, habelə ölkənin müdafiəsi, dövlət təhlükəsizliyi və asayişin təmin edilməsi üzrə ehtiyaclar üçün nəzərdə tutulmuş yüklər istisna olmaqla) saxlamaq hüququna malikdir. Bu halda yükün saxlanılmasını həyata keçirən dəniz terminalı operatorunun maliyyə tələbləri bu maddə ilə müəyyən olunmuş qaydada realizə edilən yükün dəyəri hesabına təmin olunur. Dəniz terminalının operatoru, onun yükün saxlanılması ilə bağlı xərcləri nəzərə alınmaqla, sifarişçinin yükün aşırılması müqaviləsi üzrə borcunu tam həcmdə ödəməsinədək yükü saxlamaq hüququna malikdir.
20.2. Müqavilədə nəzərdə tutulmuş müddətdə dəniz terminalının operatoruna təhvil verilmiş yük limandan tələb olunmadıqda və (və ya) çıxarılmadıqda və ya yükün aşırılması müqaviləsində nəzərdə tutulmuş ödənişlər üzrə dəniz terminalının operatoru qarşısında borc sifarişçi tərəfindən ödənilmədikdə, yük dəniz terminalının operatoru tərəfindən məhkəmə qərarı əsasında tam və ya qismən realizə oluna bilər. Bu maddənin müddəaları bu Qanunun 20.5-ci maddəsi ilə müəyyən edilmiş hallarda şamil olunmur.
20.3. Yükün nəqli və yaxud qablaşdırılması üçün sifarişçinin mülkiyyətində olan konteynerlər, qablar, yaxud digər vasitələr istifadə edildikdə, o dəniz terminalının operatoru tərəfindən məhkəmə qərarı əsasında tam və yaxud qismən realizə oluna bilər. Bu maddənin müddəaları bu Qanunun 20.5-ci maddəsi ilə müəyyən edilmiş hallara şamil olunmur.
20.4. Yükün aşırılması müqaviləsində məlumatlandırmanın başqa qaydası nəzərdə tutulmadıqda, yükün limandan çıxarılması üçün müddətin bitməsi ilə bağlı ərzağın və (və ya) tez korlanan yükün, habelə onun nəqli, yaxud qablaşdırılmasında istifadə olunan sifarişçinin mülkiyyətində olan vasitələrin müstəqil realizə olunacağı barədə dəniz terminalının operatoru sifarişçini dərhal yazılı şəkildə məlumatlandırmalıdır.
20.5. Sifarişçinin məlumatlandırılmasından sonra 4 (dörd) gün müddətində ərzaq və (və ya) tez korlanan yük barədə qərar qəbul edilmədikdə, dəniz terminalının operatoru belə yükü, habelə onun nəqli, yaxud qablaşdırılmasında istifadə olunan sifarişçinin mülkiyyətində olan vasitələri (mülki qanunvericiliyə uyğun olaraq dövriyyədən çıxarılmış, yaxud dövriyyəsi məhdudlaşdırılmış yüklər, habelə ölkənin müdafiəsi, dövlət təhlükəsizliyi və asayişin təmin edilməsi üzrə ehtiyaclar üçün nəzərdə tutulmuş yüklər istisna olmaqla) yükün dəyərinin ödənilməsi haqqında sənədlərlə təsdiq edilən və adətən oxşar mallara görə tutulan qiymət və ya ekspert qiymətləndirməsi əsasında, yaxud belə sənədlər olmadıqda müqavilə ilə təsdiqlənən qiymət əsasında realizə etmək hüququna malikdir. Yükün dəyərinin ekspert qiymətləndirilməsi qiymətləndirmə fəaliyyəti subyektləri tərəfindən “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa, yaxud Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq ekspertizanın aparılması yolu ilə həyata keçirilir.
20.6. Dəniz terminalının operatoru tərəfindən realizə olunan yükün və ona görə hesablaşmaların uçotu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan qaydada həyata keçirilir.
20.7. Dəniz terminalının operatoruna ödənilməli olan ödənişlər və yükün saxlanılması, realizəsi ilə bağlı xərclər çıxılmaqla, yükün realizəsindən alınan vəsait sifarişçinin hesabına köçürülməlidir. Yükün realizəsindən alınan vəsait dəniz terminalı operatorunun maliyyə tələblərinin və yükün saxlanılması, realizəsi ilə bağlı xərclərin ödənilməsi üçün kifayət etmədikdə, dəniz terminalının operatoru ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir.
20.8. Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müsadirə olunmuş yükün, habelə yükə sərəncam vermək hüququna malik şəxsin dövlətin nəfinə imtina etdiyi yükün realizə olunduqda, göstərilmiş xidmətlərin və yerinə yetirilmiş işlərin dəyəri sifarişçi tərəfindən dəniz terminalının operatoruna ödənilmədikdə, müqavilədə nəzərdə tutulmuş ödənişlər yükün realizəsindən əldə edilmiş vəsait hesabına ödənilir.
Maddə 21. Dəniz terminalı operatorunun məsuliyyətinin əsasları
21.1. Dəniz terminalının operatoru yükün anbara qəbul edildiyi andan etibarən onun təhvil verilməsi və (və ya) yükün sifarişçisinin və ya onun səlahiyyət verdiyi şəxsin sərəncamına verilməsi anınadək yükün itirilməsinə, çatışmazlığına və (və ya) korlanmasına görə məsuliyyət daşıyır.
21.2. Yük dəniz terminalının operatoru tərəfindən sifarişçiyə, yaxud onun səlahiyyət verdiyi şəxsə yükün aşırılması müqaviləsi ilə müəyyən olunmuş gündən etibarən 30 (otuz) gün müddətində təhvil verilmədikdə, yük itirilmiş hesab olunur.
21.3. Dəniz terminalının operatoru onun təqsiri üzündən baş vermiş yükün itirilməsinə, çatışmazlığına və (və ya) korlanmasına görə aşağıdakı məbləğdə məsuliyyət daşıyır:
21.3.1. yükün itirilməsinə, yaxud çatışmazlığına görə – itirilmiş və ya çatışmayan yükün dəyəri məbləğində;
21.3.2. yükün korlanmasına görə – yükün dəyərinin azaldığı məbləğdə və ya onun bərpası mümkün olmadıqda, korlanmış yükün dəyəri məbləğində;
21.3.3. dəyəri elan edilməklə dəniz terminalının operatoruna təhvil verilmiş yükün itirilməsinə, çatışmazlığına, yaxud korlanmasına görə – yükün elan edilmiş dəyəri məbləğində.
21.4. Müqavilə ilə yükün texnoloji yığımı üzrə xidmət göstərilməsinə görə ödəniş müqavilənin ümumi dəyərinə daxil olmadıqda, dəniz terminalının operatoru itirilmiş, çatışmayan, yaxud korlanmış yükün dəyərini ödəməklə yanaşı, sifarişçiyə belə yükün texnoloji yığımına görə əvvəl aldığı haqqı qaytarır.
21.5. İtirilmiş, çatışmayan, yaxud korlanmış yükün dəyəri onun dəyərinin ödənilməsi haqqında sənədlərlə təsdiqlənən, yaxud yükü müşayiət edən sənədlərdə göstərilmiş qiymət əsasında müəyyən olunur. Yükü müşayiət edən sənədlərdə qiymət göstərilmədikdə, yükün dəyəri oxşar malların qiyməti və ya ekspert qiymətləndirilməsi əsasında müəyyən olunur.
21.6. Yükün itirilməsi, çatışmazlığı, yaxud korlanması haqqında ərizə dəniz terminalının operatoruna yükün sifarişçiyə, yaxud onun səlahiyyət verdiyi şəxsə verildiyi və ya verilməsindən imtina olunduğu gün təqdim edilir. Yükün təhvil verilməsi zamanı sifarişçi, yaxud onun səlahiyyət verdiyi şəxs dəniz terminalının operatoruna yükün itirilməsi, çatışmazlığı, yaxud korlanması haqqında yazılı formada ərizə təqdim etməzsə və yükün itirilməsini, çatışmazlığını və ya korlanmasını göstərməzsə, əksi sübut olunmadığı təqdirdə, yükün müşayiət edən sənədlərdə göstərilən təsvirə uyğun olduğu hesab edilir.
21.7. Dəniz terminalının operatoru icrası Azərbaycan Respublikasının gömrük orqanlarına həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi üçün onlara müvafiq şərait yaratmalı, gömrük nəzarətinin həyata keçirilməsi üçün nəqliyyat vasitələri, rabitə və digər texniki nəzarət vasitələri ilə təchiz etməli və öz fəaliyyətini gömrük orqanları ilə əlaqələndirməlidir.
Maddə 22. Tələblər, iddialar və iddia müddəti
22.1. Şəxsi, ailə, ev və sifarişçinin sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə bağlı olmayan ehtiyaclar üçün xidmətlər və (və ya) işlər üzrə tələblər istisna olmaqla, dəniz terminalının operatoruna qarşı yükün aşırılması müqaviləsindən irəli gələn tələblər üzrə məhkəmədə iddia irəli sürülənədək dəniz terminalının operatoruna qarşı pretenziya verilməlidir.
22.2. Yükün aşırılması müqaviləsindən irəli gələn pretenziyalar dəniz terminalının operatoruna qarşı tələblərin irəli sürülməsi üçün əsas olan hadisələrin baş verdiyi gündən etibarən 6 (altı) ay müddətində irəli sürülə bilər. Dəniz terminalının operatoru həmin tələblərin irəli sürülmə müddətinin ötürülməsinin səbəblərini üzrlü hesab etdiyi təqdirdə, bu maddə ilə müəyyən olunmuş müddətin bitməsindən sonra pretenziyanı baxılmaq üçün qəbul edə bilər.
22.3. Yükün aşırılması müqaviləsindən irəli gələn pretenziyalar yazılı formada təqdim edilir və pretenziyaya irəli sürülmüş tələbləri təsdiq edən sənədlər, o cümlədən yükün çəkisini, yük yerlərinin sayını və yükün dəyərini təsdiq edən sənədlər əlavə olunmalıdır.
22.4. Dəniz terminalının operatoru yükün aşırılması müqaviləsindən irəli gələn pretenziyaya onun alındığı gündən etibarən 30 (otuz) gün müddətində baxmalı və bu tələbin təmin edilməsi (o cümlədən qismən təmin edilməsi), yaxud imtina edilməsi haqqında ərizəçini yazılı şəkildə məlumatlandırmalıdır. Pretenziyanın qismən təmin edilməsi, yaxud imtina edilməsi halında dəniz terminalının operatoru qanunlara və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarına əsasən qəbul edilmiş qərarı əsaslandırmalıdır. Pretenziyanın qismən təmin edilməsi, yaxud imtina edilməsi haqqında yazılı formada məlumatla birlikdə ərizəçiyə tələb irəli sürülərkən təqdim edilmiş sənədlər qaytarılır.
22.5. Dəniz terminalının operatoruna yükün aşırılması müqaviləsindən irəli gələn pritenziyanın təqdim edildiyi gündən etibarən iddia müddətinin axımı pretenziyaya dair cavabın alınmasına, yaxud cavab üçün müəyyən olunmuş müddətin bitməsinədək dayandırılır.
22.6. Yükün aşırılması müqaviləsindən irəli gələn iddialar belə iddiaların irəli sürülməsi üçün əsas təşkil edən hadisələrin baş verdiyi gündən etibarən 1 (bir) il müddətində irəli sürülə bilər.
Maddə 23. Təhlükəli yüklərin aşırılmasına dair tələblər
23.1. Dəniz terminalı operatorunun anbarlarına daxil olan təhlükəli yüklərin aşırılması zamanı onların fiziki-kimyəvi xüsusiyyətləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş təhlükəli yüklərin daşınmasının, yüklənib boşaldılmasının və saxlanılmasının texniki təhlükəsizliyi tələblərinə riayət olunmalıdır.
23.2. Təhlükəli yüklər dəniz terminalının operatoruna müəyyən olunmuş qaydalar pozulmaqla təhvil verildikdə (yanlış adlandırıldıqda və nişanlandıqda, müvafiq qaydada qablaşdırılmadıqda, yaxud tələb edilən sənədlər olmadıqda) təhlükəli yükləri qəbul edərkən dəniz terminalının operatoru ona baxış keçirilməsi vasitəsilə yükün təhlükəli xarakterini dəqiqləşdirə bilmədikdə, yaxud təhlükəli yüklər və ya zəruri təhlükəsizlik tədbirləri haqqında başqa şəkildə məlumatlandırılmadıqda, dəniz terminalının operatoru limanda olan başqa yüklərə, limanda həyata keçirilən fəaliyyətə, liman infrastruktur obyektlərinə, insanların həyat və sağlamlığına təhlükə yarandığı hallarda yükgöndərənə, yaxud yükalana və ya belə yüklər barəsində qanuni əsaslarla çıxış edən başqa şəxsə vurulan zərərin əvəzi ödənilmədən belə yüklərin məhvini və (və ya) zərərsizləşdirilməsini həyata keçirir. Təhlükəli yüklərin məhvi, yaxud zərərsizləşdirilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada həyata keçirilir.
23.3. Dəniz terminalı operatorunun bu Qanunun 3.1.22-ci maddəsində göstərilmiş təhlükəli yüklərin məhvi, yaxud zərərsizləşdirilməsi üzrə tədbirlərin görülməsi ilə əlaqədar çəkdiyi xərclər bu təhlükəli yüklər haqqında məlumat verməyə borclu olan şəxs tərəfindən ödənilir.
Maddə 24. Dəniz terminalının operatoru və daşıyıcılar arasında münasibətlərin tənzimlənməsi
24.1. Limanlarda beynəlxalq, yerli və tranzit daşımalar zamanı yükün aşırılması dəniz terminallarının operatorları ilə dəniz, dəmiryol, avtomobil və digər nəqliyyat növlərinin daşıyıcılarının qarşılıqlı fəaliyyəti vasitəsilə həyata keçirilir.
24.2. Limanda dəniz terminalının operatoru ilə daşıyıcı arasında münasibətlər, onların qarşılıqlı fəaliyyəti, hüquqları və vəzifələri müqavilə ilə müəyyən edilir.
24.3. Bu Qanunun 24.2-ci maddəsində göstərilən müqavilə 5 (beş) il müddətinə bağlanılır və tərəflərin texniki təchizatında, işlərin görülməsi texnologiyasında dəyişikliklər baş verdikdə, onların qarşılıqlı razılığı ilə dəyişdirilə bilər.
24.4. Dəniz terminalı operatorunun dəmiryol nəqliyyatı daşıyıcısı ilə bağladığı müqavilədə aşağıdakılar müəyyən olunur:
24.4.1. dəmiryol stansiyasının və dəniz terminalı operatorunun vahid texnoloji iş prosesi əsasında istehsalat şəraiti və daşımaların həcmi nəzərə alınmaqla, yükün vaqonlara eyni vaxtda yüklənilməsi və vaqonlardan boşaldılması yerləri və normaları;
24.4.2. aşağıdakılar üçün vaxt normativləri:
24.4.2.1. vaqon qruplarının açılması, vaqonların verilməsi və götürülməsi;
24.4.2.2. vaqonların və digər nəqliyyat vasitələrinin yükgöndərənlər və yükalanlar baxımından çeşidlənməsi;
24.4.2.3. yükün qəbulu və təhvili üzrə əməliyyatların həyata keçirilməsi;
24.4.2.4. sənədlərin rəsmiləşdirilməsi və verilməsi;
24.4.2.5. vaqonların tərəziyə verilməsi və tərəzidən götürülməsi;
24.4.2.6. vaqonların yükün vurulması üçün hazırlanması;
24.4.2.7. yükün vaqonlara yüklənilməsi və vaqonlardan boşaldılması;
24.4.2.8. vaqonların yükün vurulması, yerləşdirilməsi, bərkidilməsi və daşınması üçün istifadə olunan vasitələrdən, əvvəl daşınmış yük qalıqlarından təmizlənməsi;
24.4.2.9. yükün yüklənilməsi üçün vaqonlara və digər nəqliyyat vasitələrinə texniki baxımdan yararlılığını müəyyən etmək məqsədi ilə baxış keçirilməsi;
24.4.3. tərəflər arasında hesablaşma qaydası;
24.4.4. yükün vaqonlara yüklənilməsinin, vaqonlardan boşaldılmasının həyata keçirilməsinə və digər işlərin və əməliyyatların yerinə yetirilməsinə təsir göstərən xüsusi şərtlər (meteoroloji şərait, işin növbəliliyi və s.);
24.4.5. tərəflərin müəyyən etdiyi digər şərtlər.
24.5. Dəniz terminalının operatorunun lokomotivi olmadıqda, vaqonların yükvurma, yükboşaltma yerlərinə verilməsi və götürülməsi, limanın sərhədləri daxilində yerləşən ümumi istifadədən kənar dəmiryollarında manevr işi müqavilə şərtlərinə uyğun olaraq dəmiryol nəqliyyatı daşıyıcısının lokomotivi ilə həyata keçirilir.
24.6. Dəniz, dəmiryol və digər nəqliyyat növlərinin daşıyıcıları limanın dəniz terminallarının operatoru olmayan infrastruktur obyektlərinin sahibləri ilə müqavilələr bağlaya bilərlər.
6-cı fəsil
Limanda torpaq və əmlak münasibətləri
Maddə 25. Limanda fəaliyyətin təmin edilməsi üçün torpaq sahələri
25.1. Limanın tikintisi məqsədi ilə torpaq sahələrinin ayrılması Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Liman infrastruktur obyektlərinin ətrafında Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq, xüsusi hüquqi rejimli mühafizə zonaları yaradılır.
25.2. Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlar limanlara istifadə və icarə hüququ əsasında verilir.
25.3. Limanın sərhədləri daxilində torpaq sahələri bu Qanunun 25.4-cü maddəsində müəyyən edilmiş hallar istisna olmaqla, fiziki və hüquqi şəxslərin mülkiyyətinə verilmir.
25.4. Limanın sərhədləri daxilində fiziki və yaxud hüquqi şəxslərin vəsaiti hesabına yaradılmış və ya əldə edilmiş liman hidrotexniki qurğularının tutduqları torpaq sahələri, habelə limanda fəaliyyətin həyata keçirilməsi üçün istifadə edilən və fiziki yaxud hüquqi şəxslərin mülkiyyətində olan binaların, tikililərin, qurğuların tutduqları torpaq sahələri onlara mülkiyyətə verilə bilər. Bu maddənin müddəaları əcnəbilərə, vətəndaşlığı olmayan şəxslərə, xarici hüquqi şəxslərə şamil olunmur.
25.5. Bu Qanunun 25.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla, limanın ərazisinin artırılması üçün fiziki, yaxud hüquqi şəxslərin mülkiyyətində olan qonşu torpaq sahələri limanın ərazisinə daxil edilə bilər. Bu halda həmin fiziki, yaxud hüquqi şəxslərin mülkiyyətində olan qonşu torpaq sahələri “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş qaydada dövlət ehtiyacları üçün mülkiyyətçidən alına bilər.
Maddə 26. Liman infrastrukturunun obyektlərinin dövriyyəsinin məhdudlaşdırılması
26.1. Liman infrastrukturunun aşağıdakı obyektləri müstəsna olaraq dövlət mülkiyyətidir:
26.1.1. giriş kanalları üçün nəzərdə tutulan sualtı qurğular;
26.1.2. gəmilərin hərəkətini idarəetmə sistemləri;
26.1.3. liman infrastrukturunun fəlakət zamanı qlobal dəniz sisteminin fəaliyyəti və təhlükəsizliyin təmin edilməsi üçün zəruri olan obyektləri;
26.1.4. naviqasiya avadanlığı vasitələri və dəniz yollarının naviqasiya-hidroqrafik təminatının digər obyektləri;
26.1.5. informasiya sistemləri, dəniz üzgüçülüyünə və dəniz üzgüçülüyünün idarə edilməsinə vahid nəzarət sisteminin obyektləri və vasitələri;
26.1.6. sahil-müdafiə qurğuları, dalğaqıranlar, dambalar, torpaq və daş bəndlər, pirslər, körpülər;
26.1.7. limanda dövlət orqanlarının fəaliyyətinin təmin edilməsi üçün istifadə olunan liman infrastrukturu obyektləri;
26.1.8. dəmiryol və avtomobil keçid yolları, rabitə xətləri, istilik, qaz, su və elektrik təchizatı qurğuları, iki və daha artıq dəniz terminalının istismarı üçün istifadə edilən digər qurğular, mühəndis kommunikasiyaları;
26.1.9. buzqıranlar və limanın digər gəmiləri (xüsusi xilasetmə gəmiləri).
26.2. Bu Qanun qüvvəyə minənədək hüquqi və ya fiziki şəxslərin vəsaiti hesabına yaradılmış, yaxud əldə olunmuş bu Qanunun 26.1.1-26.1.9-cu maddələrində göstərilmiş liman infrastruktur obyektləri onların mülkiyyətindədir.
26.3. Azərbaycan Respublikasının su, torpaq, mülki və ticarət gəmiçiliyi qanunvericiliyində başqa qayda nəzərdə tutulmadıqda, bu Qanunun 26.1.1-26.1.9-cu maddələrində göstərilmiş liman infrastrukturunun obyektləri hüquqi və fiziki şəxslərin istifadəsinə və icarəsinə verilə bilər.
Maddə 27. Liman infrastrukturunun dövlət mülkiyyətində olan obyektinin idarə edilməsi
Liman infrastrukturunun dövlət mülkiyyətində olan obyektinin idarə edilməsi və onun barəsində sərəncam verilməsi qanunla müəyyən olunmuş qaydada həyata keçirilir.
Maddə 28. Liman infrastrukturunun dövlət mülkiyyətində olan obyektinin icarəyə və istifadəyə verilməsinin şərtləri
28.1. Liman infrastrukturunun dövlət mülkiyyətində olan obyekti yalnız müsabiqə əsasında icarəyə verilə bilər. Müsabiqənin keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
28.2. Liman infrastrukturunun dövlət mülkiyyətində olan obyektindən istifadəyə görə icarə haqqının məbləği müstəqil qiymətləndiricinin “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa və qiymətləndirmə standartlarına uyğun olaraq, limanın sərhədləri daxilində yerləşən dövlət daşınmaz əmlakının icarə müqaviləsi üzrə istifadəsinin bazar dəyərinin qiymətləndirilməsi haqqında hesabatı əsasında müəyyən edilir.
28.3. İcarəçi tərəfindən daha qısa müddət müəyyən edilməzsə, limanın dövlət mülkiyyətində olan əmlakının icarə müddəti 49 (qırx doqquz) il təşkil edir. Liman infrastrukturunun dövlət mülkiyyətində olan və daşınmaz əmlaka aid obyektinin icarəçisinin üzərinə belə icarəyə götürülmüş obyektin əsaslı təmirini öz hesabına həyata keçirmək vəzifəsinin qoyulması halında onun icarə müddəti 15 (on beş) ildən az ola bilməz.
28.4. Liman infrastrukturunun dövlət mülkiyyətində olan obyektlərinin icarə və ya konsessiya müqaviləsinin əsas şərtləri aşağıdakılardır:
28.4.1. icarə obyektindən, konsessiya müqaviləsi obyektindən təyinatı üzrə istifadə;
28.4.2. icarə obyektindən, konsessiya müqaviləsi obyektindən istifadə olunmaqla göstərilən xidmətlərdən bərabər istifadə imkanı;
28.4.3. dövlət orqanları tərəfindən səlahiyyətlərinin maneəsiz həyata keçirmə imkanı.
28.5. İcarə obyektindən təyinatı üzrə istifadə edilmədikdə və ya icarə müqaviləsinin əsas şərtləri yerinə yetirilmədikdə, yaxud belə icarə obyektindən icarəçinin təqsiri üzündən istifadə olunmadıqda icarə müqaviləsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada xitam verilir.
28.6. İcarəçi icarəyə verənin razılığı ilə liman infrastrukturunun dövlət mülkiyyətində olan obyektini subicarəyə verə bilər.
7-ci fəsil
Yekun müddəalar
Maddə 29. Keçid müddəaları
29.1. Bu Qanunun qüvvəyə mindiyi tarixədək Azərbaycan Respublikasında liman statusuna malik limanlar onlara Azərbaycan Respublikasının Dəniz Limanlarının Reyestrində qeydiyyat nömrəsinin verilməsi tarixindən asılı olmayaraq, xidmətlərin göstərilməsi üçün açıq hesab edilir. Qeyd olunan limanlar haqqında məlumatlar bu Qanunla müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının Dəniz Limanlarının Reyestrinə daxil edilir.
29.2. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən sərhədləri müəyyən edilənədək, “limanın sərhədləri” dedikdə, limanın təşəkkül tapmış, “Dəniz limanı üzrə məcburi qaydalar”da göstərilən və ya “Dənizçilər üçün bildirişlər”də dərc olunan sərhədlər başa düşülür.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 aprel 2014-cü il.
19 May 2014, 09:0525 October 2016, 09:10
From Tomislav Nikolic, President of the Republic of Serbia more...
29 September 2016, 11:09
His Excellency Mr Reuven Rivlin, President of the State of Israel more...
29 September 2016, 11:09
His Highness Mohammed bin Naif bin Abdulaziz Al Saud, Crown Prince, deputy Prime Minister and Minister of Interior of the Kingdom of Saudi Arabia more...
29 September 2016, 11:09
His Highness Salman Bin Abdulaziz Al Saud, Custodian of the Two Holy Mosques, King of Saudi Arabia more...
29 September 2016, 11:09
Her Excellency Ms Marie-Louise Coleiro Preca, President of the Republic of Malta more...
18 December 2015, 09:12
From Ahmet Davutoglu, Prime Minister of the Republic of Turkey more...
18 December 2015, 09:12
From Recep Tayyip Erdogan, President of the Republic of Turkey more...
18 December 2015, 09:12
His Highness Sheikh Tamim bin Hamad Al Thani, Emir of the State of Qatar more...
18 December 2015, 09:12
From Raimonds Vejonis, President of the Republic of Latvia more...
3 December 2015, 09:12
His Excellency Mr. Mauricio Macri, President-elect of the Republic of Argentina more...