Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin NİZAMNAMƏSİ

Azərbaycan Respublikası Prezidentinin

2017-ci il 31 iyul tarixli

Fərmanı ilə təsdiq edilmişdir

 

1. Ümumi müddəalar

1.1. Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi (bundan sonra – Agentlik) avtomobil yollarının torpaq sahəsində, şəhər, qəsəbə, kənd və digər (“İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının ərazisi istisna olmaqla) yaşayış məntəqələrində (bundan sonra – açıq məkanda) reklam daşıyıcılarının yerləşdirilməsi, reklam daşıyıcılarında yerləşdirilən reklamların istehsalı (hazırlanması) və yayımlanması sahəsində (bundan sonra - müvafiq sahə) vahid tənzimləməni və nəzarəti həyata keçirən publik hüquqi şəxsdir.

1.2. Agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, bu Nizamnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərmanlarını, həmçinin sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları rəhbər tutur.

1.3. Agentlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.4. Agentlik ümumdövlət əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. Agentlik bu Nizamnamədə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər.

1.5. Agentliyin müstəqil balansı, əmlakı, xəzinə və bank hesabları, öz adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır.

1.6. Qanuna uyğun olaraq Agentliyin əqd bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır, o, məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edə bilər.

1.7. Agentlik Bakı şəhərində yerləşir.

2. Agentliyin fəaliyyətinin məqsədi, vəzifə və hüquqları

2.1. Agentliyin fəaliyyətinin əsas məqsədi açıq məkanda reklam daşıyıcılarının yerləşdirilməsi, reklam daşıyıcılarında yerləşdirilən reklamların istehsalı (hazırlanması) və yayımlanması sahəsində vahid tənzimləmənin və nəzarətin həyata keçirilməsini təmin etməkdir.

2.2. Agentlik aşağıdakı vəzifələri yerinə yetirir:

2.2.1. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada açıq məkanda ölçülərindən asılı olmayaraq reklam daşıyıcılarının tikintisinə, quraşdırılmasına, onlara konstruktiv dəyişikliklərin edilməsinə icazə verir;

2.2.2. açıq məkanda reklam yerləşdirilməsinə icazə verir;

2.2.3. açıq məkanda reklam yerləşdirilməsinə icazə verərkən açıq məkanda reklama dair texniki şərtlər pasportunu hazırlayaraq reklam yayıcısına təqdim edir və reklam yayıcısı ilə icazə müqaviləsi bağlayır;

Qeyd: Agentlik 2017-ci il avqustun 1-dək açıq məkanda reklam yerləşdirmək üçün icazə almış və icazəsi qüvvədə olan reklam yayıcılarına “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 755-VQD nömrəli Qanununun 3 cü maddəsinə uyğun olaraq icazə müqaviləsinin bağlanılması zərurəti barədə bildiriş göndərir.

2.2.4. açıq məkanda reklam fəaliyyətinə nəzarət edir, o cümlədən açıq məkanda yerləşdirilmiş reklam daşıyıcılarının və yayımlanan reklamın qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlayır, onların həmin tələblərə uyğunlaşdırılması üçün göstərişlər verir, bu, nəticə vermədikdə, bu cür reklam daşıyıcılarının sökülməsi barədə qərar qəbul edir, reklamın yerləşdirilməsinə verilmiş icazəyə münasibətdə isə “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tədbirlər görür;

2.2.5. müasir informasiya-kommunikasiya texnologiyalarını və innovasiyaları tətbiq etməklə, açıq məkanda reklamların yayımı və tərtibatı sahəsində mərkəzləşdirilmiş idarəetmə sistemi yaradır;

2.2.6. müvafiq sahədə elektron xidmətləri “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanına uyğun olaraq təşkil edir;

2.2.7. açıq məkanda yerləşdirilmiş reklam daşıyıcılarının və yayımlanan reklamın uçotunu aparır, onların elektron bazasını yaradır;

2.2.8. Azərbaycan Respublikasının müstəqilliyinin və dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində görülən tədbirlərin, həyata keçirilən islahatların mahiyyətinin sosial reklamlar vasitəsilə vətəndaşlara çatdırılmasını təmin edir və bu məqsədlə, həmçinin açıq məkanda reklam daşıyıcılarının yerləşdirilməsi ilə bağlı tədbirlər görür;

2.2.9. dövlət və bələdiyyə mülkiyyətində olan daşınmaz əmlak üzərində reklam daşıyıcısının yerləşdirilməsi ilə bağlı Agentliyə edilmiş müraciət əsasında həmin əmlakın mülkiyyətçisi ilə (və ya onun barəsində sərəncam vermək hüququ olan şəxslə) müraciət edən şəxs arasında müvafiq müqavilənin bağlanmasını təşkil edir;

2.2.10. reklamvericilərin, reklam istehsalçılarının, reklam yaradıcılarının, reklam agentlərinin və reklam yayıcılarının hərəkətlərində açıq məkanda reklam üzrə inzibati xəta və cinayət əlamətləri olduqda aidiyyəti üzrə məlumat verir;

2.2.11. dövlət orqan və qurumlarının keçirdiyi irimiqyaslı tədbirlərin təşkilində və tərtibatında iştirak edir;

2.2.12. dövlət orqan və qurumlarının, yerli özünüidarəetmə orqanlarının, hüquqi və fiziki şəxslərin müvafiq sahə üzrə fəaliyyətini əlaqələndirir;

2.2.13. açıq məkanda reklam yerləşdirilməsi və şəhər mühitinin informasiya-bədii tərtibatı ilə əlaqədar dövlət orqan və qurumları ilə, yerli özünüidarəetmə orqanları ilə, habelə hüquqi və fiziki şəxslərlə əməkdaşlıq edir;

2.2.14. qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla, müvafiq sahədə elmi-texniki nailiyyətlərin tətbiqini təmin edir;

2.2.15. ayrılan büdcə vəsaitlərindən, kreditlərdən, qrantlardan və digər maliyyə vəsaitlərindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin edir;

2.2.16. müvafiq sahədə Azərbaycan Respublikasının dövlət dili və dövlət rəmzləri ilə bağlı Azərbaycan Respublikası qanunlarının tələblərinə riayət olunmasını təmin edir;

2.2.17. dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görür;

2.2.18. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet səhifəsinin yaradılmasını, malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin səhifədə yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin edir;

2.2.19. müvafiq sahədə kadr hazırlığını təmin edir, həmçinin mütəxəssislərin hazırlanması və əlavə təhsili üçün tədbirlər görür;

2.2.20. strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görür;

2.2.21. fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə baxır;

2.2.22. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirir.

2.3. Agentliyin aşağıdakı hüquqları vardır:

2.3.1. müvafiq sahəyə aid hüquqi aktların layihələrini hazırlamaq və aidiyyəti üzrə təqdim etmək, həmçinin onların hazırlanmasında iştirak etmək;

2.3.2. açıq məkanda reklam yerləşdirməyə icazə verilməsinə görə tutulan dövlət rüsumunun Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hissəsini əldə etmək;

2.3.3. müqavilə əsasında ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək;

2.3.4. beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədilə beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) və reklam yayıcıları ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;

2.3.5. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı araşdırmaların və texniki ekspertizaların aparılması, məsləhət xidmətləri göstərilməsi üçün elmi tədqiqat və təhsil müəssisələri ilə əməkdaşlıq etmək, işçi qruplar, komissiyalar və elmi-texniki şura yaratmaq;

2.3.6. dövlət orqan və qurumlarına, yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

2.3.7. müvafiq sahə üzrə analitik materiallar hazırlamaq, tədqiqatlar aparmaq, təkliflər vermək;

2.3.8. fəaliyyət istiqamətlərinə uyğun olaraq konfranslar, müşavirələr, seminarlar keçirmək və digər tədbirlər təşkil etmək;

2.3.9. vəzifələrinin yerinə yetirilməsi məqsədilə təsərrüfat cəmiyyətləri yaratmaq və ya onlarda iştirak etmək;

2.3.10. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

3. Agentliyin idarə olunması

3.1. Agentliyi Müşahidə Şurası və direktor idarə edirlər.

3.2. Agentliyin Müşahidə Şurası (bundan sonra – Şura) Agentliyə ümumi rəhbərliyi və nəzarəti həyata keçirir.

3.3. Şura, onun sədri də daxil olmaqla, üç üzvdən ibarətdir. Şura üzvlərini Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir. Şura üzvlərinin səlahiyyət müddəti 5 ildir.

3.4. Şura ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərir.

3.5. Şura qərar qəbul etməkdə müstəqildir.

3.6. Şura aşağıdakı vəzifələri yerinə yetirir:

3.6.1. Agentliyin inkişaf istiqamətlərini müəyyən edir;

3.6.2. Şura üzvlərinin və direktorun müraciətlərinə baxır və qərar qəbul edir;

3.6.3. Agentliyin fəaliyyətinə dair illik hesabatı dinləyir;

3.6.4. Agentliyin strukturunu, əməkhaqqı fondunu və işçilərin say həddini təsdiq edir;

3.6.5. Agentliyin fəaliyyətinə dair daxili qaydaları, habelə idarə, filial və nümayəndəliklərinin əsasnamələrini təsdiq edir.

3.7. Şuranın iclasları ildə azı bir dəfə olmaqla çağırılır. Şuranın iclaslarının keçirilməsi təşəbbüsü ilə Şuranın üzvü və ya direktor çıxış edir. Şuranın iclasları Şura üzvlərinin hamısı iştirak etdikdə səlahiyyətlidir. Şuranın iclasında, hər üzv bir səsə malik olmaqla, qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir.

3.8. Şuranın sədri:

3.8.1. Şuranın işini təşkil edir və onun fəaliyyətinə rəhbərlik edir;

3.8.2. Şuranın iclaslarının gündəliyini müəyyənləşdirir, iclaslar çağırır və iclaslarda sədrlik edir;

3.8.3. öz təşəbbüsü ilə, habelə Şuranın hər hansı digər üzvünün və ya direktorun xahişi əsasında digər şəxsləri Şuranın iclasında iştirak etməyə dəvət edir;

3.8.4. Şuranın fəaliyyətinin təşkili ilə bağlı digər tədbirlər görür.

3.9. Şuranın üzvləri:

3.9.1. Şuranın səlahiyyətlərinə aid olan məsələlərin həllində iştirak edirlər;

3.9.2. Şuranın iclasının gündəliyi ilə və baxılması nəzərdə tutulmuş materiallarla əvvəlcədən tanış olurlar;

3.9.3. Şurada qəbul ediləcək qərarlara dair fikir bildirirlər;

3.9.4. Şuranın səlahiyyətlərinə aid məsələlərə Şuranın iclaslarında baxılması barədə təkliflər verirlər;

3.9.5. Şuranın qərarları ilə, iclas protokolları ilə və digər sənədlərlə tanış olurlar.

3.10. Şura üzvləri Şuranın iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşmalı, Şura üzvünün adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməlidirlər.

3.11. Agentliyin cari fəaliyyətinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən direktor rəhbərlik edir. Direktor Agentliyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün cavabdehdir.

3.12. Direktorun vəzifəyə təyin və vəzifədən azad etdiyi iki müavini vardır. Direktorun müavinləri direktor tərəfindən onlara həvalə edilmiş vəzifələri yerinə yetirirlər. Direktor müvəqqəti olmadıqda onu müvafiq əmrlə onun müavinlərindən biri əvəz edir.

3.13. Direktor aşağıdakı vəzifələri yerinə yetirir:

3.13.1. Agentliyin fəaliyyətini təşkil edir, onun cari fəaliyyətinə rəhbərlik edir və onu təmsil edir;

3.13.2. təsisçinin səlahiyyətlərini həyata keçirmək üçün müvafiq olaraq Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər verir və sənədlər təqdim edir;

3.13.3. Agentliyin fəaliyyətinə dair illik hesabatı hazırlayaraq Azərbaycan Respublikasının Prezidentinə təqdim edir;

3.13.4. bu Nizamnamə ilə müəyyən edilmiş vəzifələri həyata keçirmək üçün Şuraya təkliflər verir və sənədlər təqdim edir;

3.13.5. Azərbaycan Respublikası Prezidentinin razılığı ilə Agentliyin təsərrüfat cəmiyyətlərinin yaradılması və ya onlarda iştirak barədə, həmçinin idarə, filial və nümayəndəliklərinin yaradılması barədə qərar qəbul edir;

3.13.6. Azərbaycan Respublikası Prezidentinin razılığı ilə Agentliyin xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edir;

3.13.7. aidiyyəti şəxslə dəyəri Agentliyin aktivlərinin 5 faizədək hissəsini təşkil edən əqdin bağlanılması haqqında qərar qəbul edir;

3.13.8. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Agentliyin Aparatının və qurumlarının strukturunu, ştat cədvəlini və xərclər smetasını təsdiq edir;

3.13.9. Agentliyin işçilərinin vəzifə maaşlarının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini əməkhaqqı fondu çərçivəsində təşkil edir;

3.13.10. icrası məcburi olan sərəncam və əmrlər verir;

3.13.11. Agentliyin, o cümlədən idarə, filial və nümayəndəliklərinin işçilərinin, həmçinin təsərrüfat cəmiyyətlərinin rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirlərinin görülməsi barədə qərarlar qəbul edir;

3.13.12. Agentliyin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;

3.13.13. Agentliyin fəaliyyət istiqamətləri üzrə məşvərətçi komitələr və işçi qruplar yaradır;

3.13.14. Şuranın səlahiyyətlərinə aid edilməyən bütün digər məsələlər barədə qərar verir.

3.14. Agentlik öz fəaliyyətində və idarəetmədə mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edir.

4. Agentliyin nizamnamə fondu, əmlakı və maliyyə fəaliyyətinin əsasları

4.1. Agentliyin nizamnamə fondu 10 000 (on min) manatdır.

4.2. Agentliyin əmlakı təsisçi tərəfindən ödənilən nizamnamə fondundan, təsisçinin ona verdiyi digər əmlakdan, ilkin mərhələdə saxlanma xərclərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitdən, habelə fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitlərdən formalaşır.

4.3. Agentlik əmlakından yalnız bu Nizamnamədə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir. Agentlik balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətlərini müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirir.

4.4. Agentlik açıq məkanda reklam yerləşdirməyə icazə verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu tutur. Həmin dövlət rüsumunun Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən hissəsi Agentliyin fəaliyyətinin, o cümlədən işçilərinin əməkhaqqı fondunun maliyyələşdirilməsi məqsədi ilə Agentliyin hesabına köçürülür.

4.5. Agentliyin məhsullarının (mallarının, işlərinin, xidmətlərinin) qiymətləri dövlət tərəfindən tənzimlənmir.

4.6. Agentlik qanunla nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri müəyyən edilmiş qaydada ödədikdən sonra Agentliyin, onun təsərrüfat cəmiyyətlərinin, idarə, filial və nümayəndəliklərinin fəaliyyətindən əldə edilmiş mənfəəti üzərində müstəqil sərəncam vermək hüququna malikdir.

5. Agentliyin fəaliyyətinə nəzarətin forması və əhatə dairəsi

5.1. Agentliyin fəaliyyətinə nəzarət Azərbaycan Respublikasının Prezidenti, həmçinin illik maliyyə hesabatlarının təsdiqi çərçivəsində Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən həyata keçirilir.

5.2. Agentliyin fəaliyyətinə dair illik hesabat Azərbaycan Respublikasının Prezidentinə təqdim edilir.

6. Agentlikdə uçot və hesabat

6.1. Agentlik “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə publik hüquqi şəxslər üçün müəyyən edilmiş qaydada mühasibat uçotunu aparır, maliyyə hesabatlarını tərtib, təqdim və dərc edir.

6.2. Agentlik “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, statistik uçot aparır və statistik hesabatlar tərtib edir.

6.3. Agentlik idarə, filial, nümayəndəlik və təsərrüfat cəmiyyətlərinin maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasını təmin edir.

6.4. Agentlik öz fəaliyyətinin müstəqil surətdə yoxlanılması üçün kənar auditor cəlb edir.

7. Agentliyin ləğvi və yenidən təşkili

 

Agentliyin ləğvi və yenidən təşkili Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.

 

1 August 2017, 09:08

http://www.azertag.net

51—60 of 75

6 May 2015, 09:05

Her Excellency Ms Angela Merkel, Federal Chancellor of the Federal Republic of Germany   more...

6 May 2015, 09:05

H.E. Mr. Mamnoon Hussain, President of the Islamic Republic of Pakistan   more...

6 May 2015, 09:05

His Excellency Mr. Hassan Rouhani, President of the Islamic Republic of Iran   more...

6 May 2015, 09:05

His Holiness Pope Francis   more...

6 May 2015, 09:05

His Excellency Mr. Tony Tan, President of the Republic of Singapore   more...

6 May 2015, 09:05

H.E. Mr. Prokopis Pavlopoulos, President of the Hellenic Republic   more...

6 May 2015, 09:05

His Excellency Mr. Beji Caid Essebsi, President of the Tunisian Republic   more...

6 May 2015, 09:05

His Excellency Mr Michael Higgins, President of Ireland   more...

10 December 2014, 09:12

H.E. Mr. Mamnoon Hussain, President of the Islamic Republic of Pakistan   more...

10 December 2014, 09:12

Decree of the President of the Republic of Azerbaijan on the application of Law of the Republic of Azerbaijan No 1051-IVQD dated 30 September 2014 “On the introduction of changes to the Law of the Republic of Azerbaijan on the management of municipal lands”   more...