Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2017-ci ildə böyük Azərbaycan şairi Molla Pənah Vaqifin anadan olmasının 300 illiyi tamam olur. Adının YUNESKO-nun “2016–2017-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri proqramı”na daxil edilməsi Azərbaycanın çoxəsrlik zəngin ədəbiyyatı tarixində silinməz izlər qoymuş bu qüdrətli söz ustasının yaradıcılığındakı humanist dəyərlərə verilən yüksək qiymətin təzahürüdür.

 

Molla Pənah Vaqif öz ənənələri ilə seçilən ədəbi məktəb yaratmış ölməz sənətkardır. O, əhəmiyyətini əsrlərdən bəri qoruyub saxlayan bənzərsiz poeziya nümunələri meydana gətirməklə milli ədəbiyyatın yeni istiqamətdə inkişafına təkan vermişdir. Azərbaycan şeiri Vaqifin sayəsində tarixinin növbəti mərhələsinə qədəm qoymuşdur. Onun klassik bədii fikir salnaməmizin parlaq səhifələrindən birini təşkil edən irsi müasir dövrdə də insanların əxlaqi-mənəvi kamilləşməsinə xidmət göstərir. Azərbaycan tarixinə həmçinin siyasi xadim kimi daxil olan Vaqif taleyüklü məsələlərin həllində müdriklik və uzaqgörənlik nümayiş etdirmişdir.

Vaqifin yaradıcılığı daim tədqiq obyektinə çevrilmiş, əsərləri kütləvi tirajla nəşr edilmiş və yubileyi keçirilmişdir. 1982-ci il yanvarın 14-də ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və iştirakı ilə Azərbaycanın qədim mədəniyyət mərkəzi Şuşa şəhərində şairin məzarı üzərində ucaldılmış əzəmətli məqbərənin açılışı olmuşdur. 1992-ci il mayın 8-də Ermənistanın silahlı quldur dəstələri işğala məruz qoyduqları Şuşada bütün beynəlxalq hüquq normalarını pozaraq mədəniyyət nümunələrinə qarşı vandalizm aktları törətmiş və 600-ə yaxın tarixi-memarlıq abidəsini talayıb məhv etmiş, o cümlədən Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün ev-muzeylərini və Molla Pənah Vaqifin məqbərəsini dağıtmışlar.

Vaqif irsinin azərbaycançılıq məfkurəsi işığında daha dərindən araşdırılıb öyrənilməsi bu gün də aktuallığını qoruyan və həllini gözləyən mühüm məsələlərdəndir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 12 yanvar 2017-ci il.

13 January 2017, 09:01

http://www.azertag.net

21—30 of 75

25 October 2016, 09:10

From Tomislav Nikolic, President of the Republic of Serbia   more...

29 September 2016, 11:09

His Excellency Mr Reuven Rivlin, President of the State of Israel   more...

29 September 2016, 11:09

His Highness Mohammed bin Naif bin Abdulaziz Al Saud, Crown Prince, deputy Prime Minister and Minister of Interior of the Kingdom of Saudi Arabia   more...

29 September 2016, 11:09

His Highness Salman Bin Abdulaziz Al Saud, Custodian of the Two Holy Mosques, King of Saudi Arabia   more...

29 September 2016, 11:09

Her Excellency Ms Marie-Louise Coleiro Preca, President of the Republic of Malta   more...

18 December 2015, 09:12

From Ahmet Davutoglu, Prime Minister of the Republic of Turkey   more...

18 December 2015, 09:12

From Recep Tayyip Erdogan, President of the Republic of Turkey   more...

18 December 2015, 09:12

His Highness Sheikh Tamim bin Hamad Al Thani, Emir of the State of Qatar   more...

18 December 2015, 09:12

From Raimonds Vejonis, President of the Republic of Latvia   more...

3 December 2015, 09:12

His Excellency Mr. Mauricio Macri, President-elect of the Republic of Argentina   more...