Bakı şəhərində mühəndis-kommunikasiya təminatı obyektlərinin normal fəaliyyətinin təmin olunması ilə bağlı bəzi tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Son dövrlərdə Bakı şəhərində iqtisadi inkişaf, əhalinin sayının artması, çoxlu sayda müxtəlif təyinatlı binaların və obyektlərin tikintisi, xüsusilə də böyük sayda fərdi yaşayış evlərinin inşası şəhər təsərrüfatına, onun infrastrukturuna, o cümlədən mühəndis-kommunikasiya təminatı obyektlərinə düşən yükü dəfələrlə artırmışdır.

 

Bakı şəhərində bir sıra mühəndis-kommunikasiya, o cümlədən yağış kanalizasiya sistemlərinin hazırkı inkişaf vəziyyəti və şəhər təsərrüfatının tələblərinə cavab verən səviyyəyə çatdırılması üçün təkmilləşdirilməsi, bəzi məhdudlaşdırma tədbirləri də daxil olmaqla əlavə və uzunmüddətli işlərin görülməsini tələb edir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Bakı şəhərində bir sıra mühəndis-kommunikasiya təminatı obyektlərinin normal fəaliyyətinin təmin olunması məqsədi ilə qərara alıram:

 

1. Yerli icra hakimiyyəti orqanları tərəfindən Bakı şəhərinin ərazisində Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-IIQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin 7-ci bəndinə uyğun olaraq bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin ayrılması ilə bağlı bələdiyyənin qərarı qəbul edilənədək torpaq sahəsinin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma, ərazi planlaşdırılması sənədlərinə uyğunluğu baxımından rəy verilməsi 2017-ci il yanvarın 1-dən etibarən müvəqqəti dayandırılsın.

 

2. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, yerli icra hakimiyyəti orqanlarına tapşırılsın və Bakı şəhərinin inzibati ərazi vahidi hüdudlarında təşkil olunmuş bələdiyyələrə tövsiyə olunsun ki, Bakı şəhəri üzrə ərazi planlaşdırılması sənədlərinin sifarişi ilə bağlı verilən layihə tapşırıqlarında şəhərin ərazisinin baş və müfəssəl planlarında şəhərsalma məqsədləri baxımından tikintilərin növü və miqyası ilə bağlı torpaqlardan istifadəsi təsbit edilmiş ərazilərin zonalaşdırılması zamanı həyətyanı torpaq sahələri olan yaşayış evləri tikiləcək zonaların planlaşdırılmasına yol verilməsin.

3. “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti 2017-ci il martın 1-dək Bakı şəhərinin ərazisinin peyk təsviri vasitəsilə ortofotolarının hazırlanmasını təmin edib bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

4. Bakı Şəhər İcra Hakimiyyəti Bakı şəhərinin inzibati ərazi vahidi hüdudlarında təşkil olunmuş bələdiyyələr tərəfindən “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin 7-ci bəndinin tələbləri pozulmaqla tikinti üçün mülkiyyətə bu Fərman qüvvəyə mindikdən sonra ayrılmış torpaq sahələrində tikinti obyektinin inşasının aparıldığını aşkar etdikdə, tikinti işlərinin dayandırılması üçün dövlət şəhərsalma nəzarəti qaydasında müəyyən edilmiş tədbirlər görsün və bununla bağlı rübdə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat təqdim etsin.

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 30 dekabr 2016-cı il.

5 January 2017, 10:01

http://www.azertag.net

21—30 of 75

25 October 2016, 09:10

From Tomislav Nikolic, President of the Republic of Serbia   more...

29 September 2016, 11:09

His Excellency Mr Reuven Rivlin, President of the State of Israel   more...

29 September 2016, 11:09

His Highness Mohammed bin Naif bin Abdulaziz Al Saud, Crown Prince, deputy Prime Minister and Minister of Interior of the Kingdom of Saudi Arabia   more...

29 September 2016, 11:09

His Highness Salman Bin Abdulaziz Al Saud, Custodian of the Two Holy Mosques, King of Saudi Arabia   more...

29 September 2016, 11:09

Her Excellency Ms Marie-Louise Coleiro Preca, President of the Republic of Malta   more...

18 December 2015, 09:12

From Ahmet Davutoglu, Prime Minister of the Republic of Turkey   more...

18 December 2015, 09:12

From Recep Tayyip Erdogan, President of the Republic of Turkey   more...

18 December 2015, 09:12

His Highness Sheikh Tamim bin Hamad Al Thani, Emir of the State of Qatar   more...

18 December 2015, 09:12

From Raimonds Vejonis, President of the Republic of Latvia   more...

3 December 2015, 09:12

His Excellency Mr. Mauricio Macri, President-elect of the Republic of Argentina   more...