“Qafqazda dini tolerantlıq ənənələri və Azərbaycanın multikulturalizm modeli” beynəlxalq konfransının iştirakçılarına

Hörmətli konfrans iştirakçıları!

 

Sizi - Qafqaz Xalqları Ali Dini Şurasının beynəlxalq konfransının iştirakçılarını ürəkdən salamlayır, ən səmimi arzu və diləklərimi yetirirəm.

Bölgəmizdə tarixən müxtəlif xalqlar arasında möhkəm tolerant ənənələr, qarşılıqlı hörmət və etimada əsaslanan mehriban qonşuluq, dostluq və əməkdaşlıq mövcud olmuşdur. Belə münasibətlərin təşəkkülündə və inkişafında ümumbəşəri dəyərlərin daşıyıcısı kimi islam dini müstəsna rol oynamışdır.

Hazırda qloballaşan dünyada mürəkkəb ictimai-siyasi proseslər yaşanır, etnik-dini zəmində münaqişələr, irqi ayrı-seçkilik, dini ekstremizm və islamofobiya kimi arzuolunmaz təzahürlər müşahidə edilir. Beynəlxalq təhlükəsizliyi və insanların əmin-amanlığını təhdid edən bu cür hallara qarşı səmavi dinlərin sülh, mərhəmət, şəfqət və həmrəylik çağırışlarına, sivilizasiyalararası dialoqa və əməkdaşlığa ciddi ehtiyac vardır. Bu baxımdan dünyada örnək model kimi qəbul edilən Azərbaycan multikulturalizmi və tolerantlıq ənənələri ilə bağlı mövzuların konfransda müzakirəsi böyük elmi, ictimai və siyasi məna daşıyır.

Biz Azərbaycanda tarixi-mənəvi irsin, etnik-mədəni müxtəlifliyin, multikulturalizmin qorunub saxlanmasına və daha da inkişaf etdirilməsinə dövlət siyasəti səviyyəsində xüsusi önəm verir, dövlət-din münasibətlərinin tənzimlənməsində milli-tarixi ənənəyə və beynəlxalq hüquqi normalara əsaslanırıq. Sizlər də təmsil etdiyiniz respublikalarda eyni fəaliyyəti fədakarlıqla həyata keçirirsiniz. Ümumi və doğma evimiz olan Qafqazda davamlı sülhün, əmin-amanlığın bərqərar olmasında, bəşəri dəyərlərin, islam dininin əsl mahiyyətinin təbliği və təşviqində, yad dini cərəyanların və zərərli təsirlərin vaxtında qarşısının alınmasında Sizin kimi din xadimlərinin rolu böyükdür.

Qafqaz Xalqları Ali Dini Şurası üzvlərinin ülvi məqsədlər naminə mənəvi tellərlə bir qurumda birləşməsinin günümüz üçün xüsusi əhəmiyyəti vardır. Bu işdə əməyi olan hər bir şəxsin, qurumun rəhbəri Qafqaz Müsəlmanları İdarəsi sədrinin fəaliyyətini təqdirəlayiq hesab etmək olar. Əmin olduğumu bildirirəm ki, zəruri və aktual bir mövzuya həsr olunmuş beynəlxalq toplantınız anlaşma və həmrəylik ruhunda keçəcək, xalqlarımız, ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə öz töhfəsini verəcəkdir.

Bu nəcib işinizdə Sizə uğurlar, cansağlığı və səadət arzulayıram.

Hörmətlə,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 1 dekabr 2016-cı il.

2 December 2016, 09:12

http://www.azertag.net

21—30 of 75

25 October 2016, 09:10

From Tomislav Nikolic, President of the Republic of Serbia   more...

29 September 2016, 11:09

His Excellency Mr Reuven Rivlin, President of the State of Israel   more...

29 September 2016, 11:09

His Highness Mohammed bin Naif bin Abdulaziz Al Saud, Crown Prince, deputy Prime Minister and Minister of Interior of the Kingdom of Saudi Arabia   more...

29 September 2016, 11:09

His Highness Salman Bin Abdulaziz Al Saud, Custodian of the Two Holy Mosques, King of Saudi Arabia   more...

29 September 2016, 11:09

Her Excellency Ms Marie-Louise Coleiro Preca, President of the Republic of Malta   more...

18 December 2015, 09:12

From Ahmet Davutoglu, Prime Minister of the Republic of Turkey   more...

18 December 2015, 09:12

From Recep Tayyip Erdogan, President of the Republic of Turkey   more...

18 December 2015, 09:12

His Highness Sheikh Tamim bin Hamad Al Thani, Emir of the State of Qatar   more...

18 December 2015, 09:12

From Raimonds Vejonis, President of the Republic of Latvia   more...

3 December 2015, 09:12

His Excellency Mr. Mauricio Macri, President-elect of the Republic of Argentina   more...