«Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Moskva şəhərinin Təhsil Komitəsi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş» barədə
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 iyul 1997-ci il, № 1, maddə 55)
Release date: 25.07.1997
«Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Moskva şəhərinin Təhsil Komitəsi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş» barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
1. 1997-ci il iyunun 13-də Bakı şəhərində imzalanmış «Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Moskva şəhərinin Təhsil Komitəsi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş» təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Təhsil Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Sazişin həyata keçirilməsi üçün lazımi tədbirlər görsün.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 25 iyul 1997-ci il
№ 636
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (1997-ci il, № 1, maddə 55) («LegalActs» LLC).
Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Moskva şəhərinin Təhsil Komitəsi arasında təhsil sahəsində əməkdaşlıq haqqında
Saziş
Bundan sonra «Tərəflər» adlandırılacaq Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Moskva şəhərinin Təhsil Komitəsi,
Azərbaycan Respublikası Hökuməti və Moskva Hökuməti arasında ticarət-iqtisadi, elmi-texniki və mədəniyyət sahələrində əməkdaşlıq haqqında 1997-ci il 13 iyun tarixli Sazişin şərtlərini rəhbər tutaraq,
bərabərhüquqlu əməkdaşlıqda hər iki Tərəfin marağını dərk edərək, təhsil sahəsində qarşılıqlı faydalı münasibətləri möhkəmləndirməyə və inkişaf etdirməyə səy göstərərək,
qarşılıqlı münasibətlərində və ümumtəhsil siyasətində bəşəri dəyərlərin üstünlüyünü qəbul edərək,
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev və Moskva şəhərinin meri Yuri Lujkov arasında 1996-cı il 8 avqust tarixli şəxsi razılığa uyğun olaraq,
aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Tərəflər öz səylərini əməkdaşlığın aşağıdakı istiqamətlərinə yönəldəcəklər:
- dərslik və proqramların, tədris prosesinin kompüterləşdirilməsi proqramlarının hazırlanmasında, tədris və elmi-metodiki ədəbiyyatın mübadiləsi zamanı təhsil sahəsində inkişafın, idarəetmənin və planlaşdırmanın ən vacib sahələrində təcrübə mübadiləsi;
- hər iki Tərəf üçün üstünlük təşkil edən sahələr üzrə tələbə, aspirant və stajçıların mübadiləsi əsasında mütəxəssislərin hazırlanması;
- elmi-pedaqoji kadrların hazırlanması və ixtisasının artırılması;
- təhsilin inkişafının aktual problemləri üzrə hər il birgə seminar-müşavirələrin, eləcə də, humanitar, təbiət, texniki və pedaqoji elmlər sahəsində qarşılıqlı maraq doğuran elmi tədqiqatların keçirilməsi.
Maddə 2
Tərəflər Azərbaycan və Moskva nümayəndələrinin müvafiq olaraq Azərbaycan Respublikasının və Moskva şəhərinin ali tədris müəssisələrində təhsil almaq üçün qəbul kvotalarını müəyyən edəcəklər. Təhsil haqqı nümayəndəsini təhsil almağa göndərən Tərəfin hesabına ödənilir. Tələbələrin seçilməsi, qəbulu və maliyyələşdirmə hər il ayrı-ayrı protokollarla müəyyən edilir.
Maddə 3
Tərəflərdən hər biri özünün tədris müəssisələrinə digər Tərəfin nümayəndələrini mövcud qaydalar üzrə müsabiqə əsasında fərdi qəbul olunmasına qarşı etiraz etmir.
Maddə 4
Tərəflər aşağıdakıları üzərlərinə götürürlər:
- bu institut kollektivlərinin qarşılıqlı əməkdaşlığına kömək etmək: Azərbaycan Respublikası Təhsil Nazirliyinin Azərbaycan Baş Pedaqoji Kadrların İxtisasının Artırılması və Yenidən Hazırlanma İnstitutu və Moskva Təhsil Komitəsinin Moskva Təhsil İşçilərinin İxtisasının Artırılması İnstitutu, Moskva şəhər Psixoloji-Pedaqoji İnstitutu, Moskva Təhsil Sistemlərinin İnkişafı İnstitutu;
- Moskva Təhsil Sistemləri İnkişafı İnstitutu ilə əməkdaşlıq üçün zəruri şəraitin yaradılmasını;
- Azərbaycan Baş Pedaqoji Kadrların İxtisasının Artırılması və Yenidən Hazırlanma İnstitutunda və Moskva Təhsil İşçilərinin İxtisasının Artırılması İnstitutunda pedaqoji kadrların yenidən hazırlanması və ixtisasının artırılması, müəllimlərin staj keçməsini;
- tətil dövründə şagirdlərin birgə istirahətini, kütləvi idman tədbirlərini keçirmək, bədii özfəaliyyət kollektivlərinin, uşaq-yaradıcılıq kollektivlərinin şagird yaradıcılığı sərgilərinin mübadiləsini təşkil etmək;
- yaradıcılıq müsabiqələrinin və fənn olimpiadalarının keçirilməsi zamanı əlaqələri genişləndirmək;
- qarşılıqlı maraq doğuran ümumi elmi tədqiqat işlərini yerinə yetirmək.
Maddə 5
Moskva tərəfi:
- Moskva şəhərinin mərkəzi rayonlarının birində Azərbaycan məktəbinin yaradılmasına, Moskva şəhər Psixoloji-Pedaqoji İnstitutunda pedaqoji, psixoloji istiqamətlər üzrə ayrıca qrup şəklində ali təhsil almaq məqsədilə Azərbaycan abituriyentləri üçün 25 yerin ayrılmasına hərtərəfli kömək göstərəcək;
- Azərbaycanda rus dili tədrisi üzrə təhsil alan şagirdlərin kontingentinin artması ilə əlaqədar 1997-ci ildə Rusiya Federasiyasında istehsal olunan və «Mərkəzkitab» SC-dən rus məktəblərinə göndərilən dərsliklərin (200 min dollar məbləğində) gələn ildən alınmasına kömək edəcək;
- Bakı şəhərinin rus dilli məktəbləri üçün yeni dərsliklərin buraxılması üzrə reklam-analitik materialları hazırlayacaq və dərsliklərə sifarişin qəbuluna yardım edəcək;
- Azərbaycan Respublikası Təhsil Nazirliyinin sifarişləri əsasında metodik ədəbiyyat, rus klassik ədəbiyyatı nümunələri göndərəcək;
- təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olmaq üçün Azərbaycanın təhsil işçiləri qruplarını müntəzəm olaraq qəbul edəcək;
- innovasiya texnologiyalarının mənimsənilməsi və yayılması üzrə birgə tədbirlərin keçirilməsində iştirak edəcək.
Maddə 6
Azərbaycan Respublikasının Təhsil Nazirliyi:
- Moskva şəhərindəki Azərbaycan məktəbini hər cür lazımi tədris materialları, pedaqoji kadrlarla təmin edəcək və təhsil prosesini tənzimləyəcək;
- Moskva şəhərinin təhsil sistemi üzrə ayrı-ayrı kateqoriyadan olan işçilərinin staj keçməsini Azərbaycan Respublikasının tabeliyindəki müəssisələrdə təşkil edəcək.
Maddə 7
Tərəflər rus və Azərbaycan mədəniyyətinin görkəmli xadimlərinin Bakıda və Moskvada olmaları və fəaliyyət göstərmələri ilə bağlı olan xatirə yerlərinin xəritəsini tərtib edəcək (Bakı şəhərində Rastropoviçlərin ev muzeyi, S.Yeseninin xatirə muzeyi və s.)
Maddə 8
Əlaqələri möhkəmləndirmək, iş təcrübəsini mübadilə etmək, gələcək əməkdaşlığı müzakirə etmək, həmçinin bu Sazişin icrası və əməkdaşlığın müxtəlif sahələri üzrə ekvivalent mübadilə normalarının dəqiqləşdirildiyi illik protokolları hazırlamaq məqsədilə Tərəflər hər il nümayəndə mübadiləsi edəcəklər.
Maddə 9
Bu Saziş imzalandığı tarixdən qüvvəyə minir və 4 il müddətində qüvvəsini saxlayır. Əgər Tərəflərdən biri bu müddətin qurtarmasına 6 ay qalmış digər Tərəfi Sazişə xitam verilməsi niyyəti barədə xəbərdar etməsə, Saziş avtomatik olaraq sonrakı dörd il müddətinə uzadılır.
1997-ci il 13 iyun tarixində Bakı şəhərində hər biri Azərbaycan və rus dillərində olmaqla iki nüsxədə imzalanmışdır, həmçinin hər iki mətn eyni qüvvəyə malikdir.
Azərbaycan Respublikasının |
Moskva şəhərinin |
© LegalActs LLC