О 80-летнем юбилее Фикрета Амирова


«Azərbaycan» qəzetində dərc edilmişdir (8 noyabr 2002-ci il, № 258) «Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 noyabr 2002-ci il, № 11, maddə 664)

Release date: 07.11.2002

Fikrət Əmirovun 80 illik yubileyi haqqında

Fikrət Əmirovun 80 illik yubileyi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2002-ci ilin noyabr ayında Azərbaycanın görkəmli musiqi xadimi, Sosialist Əməyi Qəhrəmanı, SSRİ xalq artisti, Dövlət mükafatları laureatı, bəstəkar Fikrət Məşədi Cəmil oğlu Əmirovun anadan olmasının 80 illiyi tamam olur.

Fikrət Əmirovun yaradıcılığı XX əsr Azərbaycan musiqisinin inkişafında mühüm rol oynamışdır. Musiqi sənətinin müxtəlif janrlarında yaratdığı əsərləri ilə o, öz adını Azərbaycan musiqi mədəniyyəti tarixinə həmişəlik həkk etmişdir. Fikrət Əmirovun yaradıcılığında Azərbaycan milli musiqi ənənələri ilə dünya musiqi mədəniyyətinin nailiyyətləri üzvü şəkildə birləşmişdir. Fikrət Əmirov simfonik muğam janrının yaradıcılarından biridir. Onun opera, balet, musiqili komediya, simfonik muğam, xoreoqrafik poema, instrumental konsert, mahnı, romans və sair janrlarda yazdığı əsərlər Azərbaycan musiqi mədəniyyətinin qızıl fondunu təşkil edir. Fikrət Əmirovun yüksək sənətkarlıqla bəstələdiyi əsərlər dünyanın məşhur dirijorlarının repertuarına daxil olmuş, bir çox xarici ölkələrin konsert salonlarında səslənərək Azərbaycan musiqi sənətinə böyük şöhrət gətirmişdir.

Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətləri olan Fikrət Əmirovun 80 illik yubileyinin ölkəmizdə keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Bəstəkarlar İttifaqı ilə birlikdə Fikrət Əmirovun 80 illik yubileyinə həsr olunmuş tədbirlər hazırlayıb həyata keçirsin.

2. Bakı şəhər İcra Hakimiyyəti Fikrət Əmirovun yaşadığı binaya (Tərlan Əliyarbəyov küçəsi, 2) xatirə lövhəsinin vurulmasını təmin etsin.

3. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə tapşırılsın ki:

    • Fikrət Əmirovun seçilmiş əsərlərinin beşcildliyinin və bəstəkar haqqında kitabın nəşr olunmasını təmin etsin;
    • Fikrət Əmirovun həyat və yaradıcılığına həsr olunmuş sənədli filmin çəkilişini təmin etsin;
    • Bakı şəhərindəki musiqi məktəblərindən birinə Fikrət Əmirovun adını versin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV.

Bakı şəhəri, 7 noyabr 2002-ci il

№ 1083

«Azərbaycan» qəzetində dərc edilmişdir (8 noyabr 2002-ci il, № 258) («LegalActs» LLC).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 noyabr 2002-ci il, № 11, maddə 664) («LegalActs» LLC).

© LegalActs LLC