О 120-летнем юбилее Гусейна Джавида


«Azərbaycan» qəzetində dərc edilmişdir (24 oktyabr 2002-ci il, № 245) «Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 oktyabr 2002-ci il, № 10, maddə 621)

Release date: 23.10.2002

Hüseyn Cavidin 120 illik yubileyi haqqında

Hüseyn Cavidin 120 illik yubileyi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2002-ci ilin oktyabr ayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi böyük şair və dramaturq Hüseyn Cavidin (Hüseyn Abdulla oğlu Rasizadənin) anadan olmasının 120 illiyi tamam olur.

Hüseyn Cavid klassik milli ədəbiyyatın ənənələri ilə yeni dövrün bədii və fəlsəfi axtarışları arasında vəhdət yaradaraq XX əsr Azərbaycan ədəbiyyatının inkişafında misilsiz rol oynamış qüdrətli sənətkarlardandır. Dünya romantizm poeziyası ilə qırılmaz tellərlə bağlı olan Hüseyn Cavid yaradıcılığı öz bədii-estetik qaynağını Azərbaycan mədəniyyətinin dərin tarixi qatlarından alır.

Azərbaycan poeziyasında yeni zirvə fəth edən filosof-şair Hüseyn Cavid romantik bədii düşüncənin, fəlsəfi lirikanın orijinal nümunələrini yaratmışdır. Onun həyatın mənası ilə bağlı axtarışlarının ifadəsi olan yaradıcılığı bədii növ, janr və forma cəhətdən də çox rəngarəng və zəngindir. Yüksək bədii sənətkarlığı, dərin emosionallığı ilə seçilən Hüseyn Cavid poeziyası milli ədəbiyyat tarixində yeni bir dövrün başlanğıcını qoymuşdur.

Zamanın ümumbəşəri problemlərinin qaldırıldığı dram əsərləri ilə Hüseyn Cavid romantizmin görkəmli nümayəndələrindən biri kimi Azərbaycan dramaturgiyası tarixində yeni bir mərhələ yaratmışdır. Azərbaycan ədəbiyyatında mənzum faciə və tarixi dramların ilk nümunələrini yaradan sənətkar ədəbiyyatımızı həm mövzu baxımından, həm də parlaq xarakterlərlə zənginləşdirərək milli bədii fikir tariximizdə mühüm yer tutmuşdur. Özünün üslub, yazı tərzi və forma yeniliyi baxımından seçilən bu xarakterlər dramaturgiyası teatr mədəniyyətimizin inkişafına güclü təsir göstərmiş, milli teatr tarixində «Cavid teatrı» kimi səciyyələndirilmişdir.

Poeziyada və dramaturgiyada bənzərsiz sənət nümunələri olan əsərlər yaradan Hüseyn Cavid bir şəxsiyyət, mütəfəkkir və sənətkar kimi ibrətli həyat və yaradıcılıq yolu keçmişdir. Böyük şair Hüseyn Cavidin əsərləri Azərbaycan ədəbiyyatının qızıl fonduna həmişəlik daxil olmuşdur.

Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətləri olan Hüseyn Cavidin 120 illik yubileyinin ölkəmizdə keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Yazıçılar Birliyi ilə birlikdə Hüseyn Cavidin 120 illik yubileyinə həsr olunmuş tədbirlər hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Milli Elmlər Akademiyası Hüseyn Cavidin əsərlərinin külliyyatının hazırlanıb nəşr olunmasını təmin etsin.

3. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Hüseyn Cavidin həyat və yaradıcılığına həsr olunmuş sənədli filmin və onun «İblis» əsəri əsasında bədii filmin çəkilməsini təmin etsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

    • Hüseyn Cavidin ev-muzeyinin ekspoziyasının tamamlanması üçün lazımi vəsait ayırsın;
    • bu sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV,

Bakı şəhəri, 23 oktyabr 2002-ci il

№ 1064

«Azərbaycan» qəzetində dərc edilmişdir (24 oktyabr 2002-ci il, № 245) («LegalActs» LLC).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 oktyabr 2002-ci il, № 10, maddə 621) («LegalActs» LLC).

© LegalActs LLC