О 80-летнем юбилее Шовкет Алекперовой
«Azərbaycan» qəzetində dərc edilmişdir (20 oktyabr 2002-ci il, № 242) «Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 oktyabr 2002-ci il, № 10, maddə 620)
Release date: 18.10.2002Şövkət Ələkbərovanın 80 illik yubileyi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
2002-ci ilin oktyabr ayında Azərbaycan milli ifaçılıq sənətinin görkəmli nümayəndəsi, tanınmış müğənni və pedaqoq, xalq artisti Şövkət Feyzulla qızı Ələkbərovanın anadan olmasının 80 illiyi tamam olur.
Şövkət Ələkbərova milli musiqi tariximizdə şərəfli yer tutmuş sənətkarlardan olmuşdur. Nadir məlahətli səsi, dərin musiqi duyumu, yüksək səhnə mədəniyyəti ona xalq arasında muğamların, xalq musiqisinin təkrarsız ifaçısı kimi böyük şöhrət gətirmişdir. Şövkət xanım görkəmli Azərbaycan bəstəkarları Fikrət Əmirovun, Cahangir Cahangirovun, Səid Rüstəmovun, Tofiq Quliyevin, Süleyman Ələsgərovun və başqalarının mahnılarının ilk ifaçısı olmuş, onların yüksək sənət əsərləri səviyyəsinə qalxmasına öz töhfəsini vermişdir. Onun ifasında səslənən hər bir muğam və mahnı Azərbaycan musiqi mədəniyyətinin qızıl fonduna daxil olaraq, xalqın milli mədəni sərvətinə çevrilmişdir.
Milli ifaçılıq ənənələri əsasında öz məktəbini yaratmış Şövkət Ələkbərova mahnı janrının ustadı, peşəkar vokalçı olmaqla yanaşı, həm də mahir pedaqoq idi. O, gənc ifaçılar nəslinin yetişdirilməsi işinə bütün səy və bacarığını sərf etmişdir. Azərbaycanın bir çox tanınmış müğənniləri məhz Şövkət məktəbinin yetirmələridir, onun zəngin təcrübəsindən bəhrələnmişlər.
Şövkət xanım Azərbaycan musiqisinin yorulmaz təbliğatçısı idi. O, xarici ölkələrə çoxsaylı qastrollarında Azərbaycan musiqi mədəniyyətini yüksək səviyyədə təmsil etmişdir. Milli ifaçılıq sənətinin inkişafında böyük xidmətləri olmuş Şövkət Ələkbərovanın 80 illik yubileyinin ölkəmizdə keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Təhsil Nazirliyi Şövkət Ələkbərovanın 80 illik yubileyinə həsr olunmuş tədbirlər hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Şövkət Ələkbərovanın ifasında musiqi əsərlərindən ibarət kompakt-diskin buraxılmasını və müğənni haqqında kitabın nəşr olunmasını təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV.
Bakı şəhəri, 18 oktyabr 2002-ci il.
№ 1063
«Azərbaycan» qəzetində dərc edilmişdir (20 oktyabr 2002-ci il, № 242) («LegalActs» LLC).
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 oktyabr 2002-ci il, № 10, maddə 620) («LegalActs» LLC).
© LegalActs LLC