Об утверждении Перечня видов профессий и должностей, предусматривающих ограничение деятельности для наркологических больных, и сроков ограничения


«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 sentyabr 2002-ci il, № 9, maddə 575)

Release date: 13.02.2008

Narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinin və vəzifələrin Siyahısının və məhdudiyyət müddətinin təsdiq edilməsi haqqında

Azərbaycan Respublikasının Nazirlər Kabineti

Narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinin və vəzifələrin Siyahısının və məhdudiyyət müddətinin təsdiq edilməsi haqqında

Qərar № 145

Bakı şəhəri, 12 sentyabr 2002-ci il

«Narkoloji xidmət və nəzarət haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 17 sentyabr tarixli 581 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. «Narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinin və vəzifələrin Siyahısı və məhdudiyyətin müddəti» təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli 47 nömrəli «Narkomanlar üçün məhdudiyyətlər qoyulmuş peşə növlərinin və vəzifələrin siyahısının təsdiq edilməsi haqqında» qərarı qüvvədən düşmüş hesab edilsin.

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri

A.RASİ-ZADƏ

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 sentyabr 2002-ci il, № 9, maddə 575) («LegalActs» LLC).

23 noyabr 2004-cü il tarixli, 181 nömrəli; 13 fevral 2008-ci il tarixli, 43 nömrəli qərarlara əsasən əlavələr və dəyişikliklərlə («LegalActs» LLC).


Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2002-ci il 12 sentyabr tarixli
145 nömrəli qərarı ilə
təsdiq edilmişdir

Narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinin və vəzifələrin Siyahısı və məhdudiyyətin müddəti

I. Peşə növlərinin və vəzifələrin Siyahısı

1. Dərman preparatlarının, narkotik vasitələrin, psixotrop maddələrin prekursorların tədqiqatı, istehsalı, qablaşdırılması, tətbiqi, saxlanılması və satışı prosesində iştirak edən idarə, müəssisə və təşkilatlarda bütün növ peşə və vəzifələr.

2. Təcili tibbi yardım stansiyalarının həkimləri, tibb müəssisələrində anestezioloq-reanimatoloq, onkoloq və digər bilavasitə narkotik vasitələrin və psixotrop maddələrin istifadə edilməsi və məsləhət görülməsi ilə əlaqəli olan tibbi vəzifələr.

3. Tədris-tərbiyə müəssisələrində bütün növ peşə və vəzifələr.

4. Uşaq və yeniyetmələrin sağlamlıq müəssisələrində (mövsümi), məktəbdənkənar müəssisələrdə bütün növ peşə və vəzifələr.

5. Məktəbəqədər uşaq müəssisələrində bütün növ peşə və vəzifələr.

6. İstehsalatda texniki təhlükəsizliyin təmin edilməsində bütün növ peşə və vəzifələr.

7. Xüsusi rabitə şəbəkəsində bütün növ peşə və vəzifələr.

8. Hərbiləşdirilmiş mühafizə xidmətlərində bütün növ peşə və vəzifələr.

9. Silah və sursatın daşınmasına, tətbiq edilməsinə və saxlanmasına xüsusi icazəsi olan bütün növ peşə və vəzifələr.

10. Müdafiə, təhlükəsizlik, məhkəmə və hüquq-mühafizə orqanlarında bütün növ peşə və vəzifələr.

11. Bütün müəssisələrdə və bank sistemində xəzinə müdirləri, xəzinədarlar və nəğd pul əməliyyatları ilə məşğul olan mühasib və nəzarətçilər.

12. İnkassatorlar.

13. Qazxilasetmə xidmətinin, açıq qaz və neft fəvvarələrinin qarşısının alınması və aradan qaldırılması üzrə dağxilasetmə komandalarının, yanğından mühafizə xidmətinin bütün növ peşə və vəzifələri.

14. Neft-qaz sənayesi müəssisələrində bilavasitə istehsalat prosesi ilə bağlı bütün növ peşə və vəzifələr üzrə işçilər.

15. 127 V və daha yüksək gərginlikli qurğulara xidmət göstərən, operativ dəyişmələr edən növbətçi heyət, həmin elektrik qurğularında sazlama, quraşdırma və yüksək gərginlik altında sınaqlar və iş aparan heyət.

16. İqtisadiyyatın bütün sahələri üzrə dispetçerlər.

17. Partlayıcı maddələr tətbiq olunan, partlayış və yanğın təhlükəsi olan istehsalat sahələrində məşğul olan bütün növ peşə və vəzifələr.

18. Nəqliyyatın bütün növlərini idarə edən işçilər, o cümlədən müəssisədaxili hərəkətlə bilavasitə əlaqədar olan işçilər (avtoyükləyicilərin, elektrokarların sürücüləri, nizamlayıcılar).

II. Məhdudiyyətin müddəti

Narkoman və toksikomanlar üçün məhdudiyyət müddəti davamlı remissiya olması şərti ilə 5 il, xroniki alkoqolizm xəstəliyinə düçar olanlar üçün 3 il olmalıdır.

Göstərilən müddət başa çatdıqdan sonra bu xəstələr, 9 və 10-cu bəndlər istisna olmaqla, digər peşə və vəzifələrdə işləyə bilərlər.


© LegalActs LLC