Об утверждении Положения о видах и правилах вознаграждения государственных служащих
«Azərbaycan» qəzetində dərc edilmişdir (25 avqust 2002-ci il, № 194) «Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 avqust 2002-ci il, № 8, maddə 494)
Release date: 24.08.2002Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
«Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinin icrasını təmin etmək məqsədi ilə qərara alıram:
1. «Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında Əsasnamə» təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşılırsın ki, bu Fərmandan irəli gələn məsələləri həll etsin.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV.
Bakı şəhəri, 24 avqust 2002-ci il.
№ 774.
«Azərbaycan» qəzetində dərc edilmişdir (25 avqust 2002-ci il, № 194) («LegalActs» LLC).
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 avqust 2002-ci il, № 8, maddə 494) («LegalActs» LLC).
Azərbaycan
Respublikası Prezidentinin
2002-ci il 24 avqust tarixli
774 nömrəli Fərmanı ilə
təsdiq edilmişdir
Dövlət qulluqçularının
mükafatlandırılmasının növləri və qaydaları
haqqında
Əsasnamə
1. Bu əsasnamə «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən hazırlanmışdır və dövlət quulluqçularının mükafatlandırılmasının növlərini və qaydalarını müəyyən edir.
2. Mükafatın müəyyən edilməsi üçün götürülən dövr (hesablaşma dövrü) və mükafatlandırmanın şərtləri dövlət qulluqçusunun işlədiyi dövlət orqanının rəhbəri tərəfindən müəyyən edilir.
3. Dövlət qulluqçuları işin nəticələrinə görə mükafatlandırılmanın aşağıdakı növləri üzrə həvəsləndirilir:
- kollektiv mükafatlandırılma;
- fərdi mükafatlandırılma.
4. Dövlət qulluqçularının kollektiv mükafatlandırılması aşağıdakı hallarda həyata keçirilir:
- dövlət orqanının fəaliyyətinin əsas istiqamətləri üzrə işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi;
- mühüm dövlət tapşırıqlarının dövlət orqanı tərəfindən vaxtında yerinə yetirilməsi;
- qanunvericiliklə müəyyən edilmiş milli bayram günləri və digər əlamətdar hadisələrlə əlaqədar.
5. İşin nəticələrinə görə kollektiv mükafatlandırma zamanı mükafatın müəyyən edilməsi üçün götürülən dövrdə (hesablaşma dövrü) hamiləliyə və doğuşa görə məzuniyyətdə olma, ştatların ixtisarı ilə əlaqədar işdən azad olma, hərbi xidmətə çağırılma, ixtisasartırma kursunda olma və digər üzürlü səbəblərdən tam işləməmiş dövlət qulluqçuları üçün onların faktiki işlədiyi dövrə görə mükafat hesablanır.
Xəstəliklə əlaqədar işdə olmayan işçiyə mükafat verilməsi məsələsi hər bir konkret halda onun işlədiyi dövlət orqanının rəhbəri tərəfindən müəyyən edilir.
Hesablaşma dövründə işdən azad edilmiş dövlət qulluqçusuna həmin dövr üçün müəyyən edilən mükafat ödənilmir.
Dövlət qulluqçusunun növbəti məzuniyyətdə olduğu dövr mükafat hesablanarkən götürülən hesablaşma dövründə nəzərə alınır.
6. Dövlət qulluqçularının kollektiv mükafatlandırılması staj müddəti (1 il) başa çatmamış olan qulluqçuya (stajçıya) şamil olunmur.
7. Dövlət qulluqçularının fərdi mükafatlandırılması aşağıdakı hallarda həyata keçirilir:
- vəzifə təlimatında nəzərdə tutulan vəzifələrin vaxtında və peşəkarlıqla yerinə yetirilməsi, səmərələşdirici təkliflər verilməsi, təşəbbüskarlıq göstərilməsi, işdə yeni forma və metodların tətbiqi, gənc mütəxəssislərə lazımi köməklik göstərilməsi;
- rəhbərliyin tapşırıqlarının vaxtında və keyfiyyətlə yerinə yetirilməsi;
- normativ hüquqi aktların layihələrinin hazırlanması və qəbul edilməsində fərqlənməsi.
Dövlət orqanının rəhbəri dövlət qulluqçusunu xüsusi əhəmiyyətli vacib tapşırıqların, mürəkkəb işlərin yerinə yetirilməsi ilə əlaqədar, həmçinin layiqli işinə görə bayramlar və yubileylər zamanı birbaşa olaraq fərdi qaydada (birdəfəlik) mükafatlandıra bilər.
8. Dövlət qulluqçusuna işin nəticələrinə görə verilən mükafatların məbləği onun fəaliyyətinin nəticələrindən asılı olaraq işlədiyi orqanın rəhbəri tərəfindən müəyyən edilir və onun yuxarı həddi məhdudlaşdırılmır.
9. Dövlət qulluqçusuna pul mükafatı əvəzinə qiymətli hədiyyələr də verilə bilər.
10. Dövlət qulluqçularının fərdi mükafatlandırılması onun işlədiyi struktur bölmə rəhbərinin və ya yuxarı dövlət orqanının təqdimatı, habelə attestasiya komissiyasının tövsiyəsi əsasında onun işlədiyi dövlət orqanı rəhbərinin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilir.
11. Dövlət qulluqçularının mükafatlandırılması onların işlədikləri orqanlara bu məqsəd üçün dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına həyata keçirilir.
12. Dövlət qulluqçularının mükafatlandırılması məqsədi ilə hər il növbəti il üçün təsdiq olunan dövlət büdcəsində bu orqanlarda dövlət qulluqçuları üçün müəyyən olunmuş aylıq əmək haqqı fondunun (vəzifə maaşına əlavələr istisna olmaqla) 3 misli həcmində əlavə vəsaitlər nəzərdə tutulur.
© LegalActs LLC