1994-cü il üçün Azərbaycan Respublikasında əmək və sosial-iqtisadi məsələlər üzrə


Release date: 01.05.1994

1994-cü il üçün Azərbaycan Respublikasında əmək və sosial-iqtisadi məsələlər üzrə

Azərbaycan Respublikası Nazirlər Kabineti

1994-cü il üçün Azərbaycan Respublikasında əmək və sosial-iqtisadi məsələlər üzrə

Baş Saziş

Bakı şəhəri, may 1994-cü il

Azərbaycan Respublikası Nazirlər Kabineti və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və işverən birliklər iqtisadiyyatının islah edilməsi, onun böhrandan çıxarılması, əhalinin sosial müdafiəsi üçün zəruri şərtlərin yaradılması: vətəndaşların sosial-əmək hüquq və mənafelərinin təmin edilməsi sahəsində razılaşdırılmış siyasətin işlənib hazırlanması və həyata keçirilməsi zamanı konstruktiv əməkdaşlığın əhəmiyyətini dərk edərək, öz səylərini hər şeydən əvvəl aşağıdakı istiqamətlərə yönəldərək həmin sazişi bağlamışlar.

I. İqtisadiyyatın sağlamlaşdırılması, istehsal həcminin artırılması, istehlak bazarının doldurulması üçün şəraitin yaradılması

1. Müxtəlif mülkiyyət formalı müəssisələrdə stabil istehsal prosesinin yaradılmasına hərtərəfli kömək etmək, onlar arasında təsərrüfat əlaqələrinin formalaşdırılması və inkişafına, səmərəli qarşılıqlı fəaliyyətin yaradılmasına yardım göstərmək.

Digər dövlətlərlə iqtisadi müqavilə və sazişlərin bağlanması və həyata keçirilməsi, maliyyə sahəsində qarşılıqlı münasibətlərin stabilləşdirilməsi və qarşılıqlı hesablaşmaların tezləşdirilməsi, daxili bazarın müdafiəsi üzrə tədbirlərin həyata keçirilməsi.

2. Sənayenin yenidən qurulması proqramını işləyib hazırlamaq, həmin proqramda sənaye sahələrinin modernləşdirilməsinin həyata keçirilməsinə yönəldilmiş elmtutumlu istehsalın üstün inkişafını, müasir texnika istehsalının və istehlak bölməsinin sosial əhəmiyyətli məhsullarının mənimsənilməsinə, beynəlxalq bazarda sənaye mallarının rəqabət qabiliyyətinin yüksəldilməsini nəzərdə tutmaq.

3. 1994-cü ilə respublikanın müəssisə və təşkilatları üçün dövlətin ehtiyacı ilə bağlı istehsal-texniki təyinatlı ən mühüm məhsul növlərinin, ərzaq və kənd təsərrüfatı xammalının göndərilməsi həcmini müəyyən etmək, bu məqsədlər üçün maddi-texniki ehtiyatların göndərilməsinin stimullaşdırılması üzrə tədbirləri I yarımillikdə işləyib hazırlamaq.

4. Mülkiyyət və təsərrüfatçılıq formasından asılı olmayaraq əmtəə istehsalçılarının real rəqabətini təmin etmək məqsədilə «Antiinhisar fəaliyyət» uzunmüddətli Proqramının işlənməsinin zəruriliyi haqqında müvafiq orqanlara təklif vermək.

5. Yeni texnika və texnologiyalar işləyib hazırlayan, konversiyanı, istehsalın texniki təchizatını həyata keçirən müəssisə və sahibkarların iqtisadi stimullaşdırılması üzrə təkliflər hazırlamaq və həyata keçirmək. Ölkəmizin əmtəə istehsalçılarının mənafeləri nəzərə alınmaqla xarici kapitalın təsərrüfat istehsalı ilə bağlı məsələlərin həllinə cəlb edilməsi üçün əlverişli iqtisadi şərait yaratmaq.

6. Tərəflər sosial partnyorluğun əsası kimi sahə tarif sazişlərinin və kollektiv müqavilələrin hazırlanması və bağlanmasının sürətləndirilməsini zəruri hesab edirlər. Tövsiyə olunsun ki, istehsal və iqtisadi fəaliyyətin, o cümlədən kollektivlərin sosial inkişafı göstəriciləri həmin saziş və müqavilələrə daxil edilsin.

II. Əhalinin yaşayış səviyyəsinin tənzimlənməsi və sosial təminatlar

1. «Minimum istehlak büdcəsi haqqında» və «Vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanunlarının yerinə yetirilməsini təmin etmək. Minimum istehlak büdcəsinin məbləği barədə dövri mətbuatda müntəzəm məlumat vermək.

2. Qiymətlərin artmasını və iqtisadiyyatın vəziyyətini nəzərə almaqla minimum əmək haqqının, habelə təqaüdlərin, müavinətlərin məbləğlərinə yenidən baxılması üçün müəyyən olunmuş qaydada vaxtaşırı təkliflər vermək.

Minimum əmək haqqının minimum istehlak büdcəsindəki payını ən azı 20 faiz məbləğində müəyyən etmək.

3. Vahid tarif cədvəlindən istifadə etmək təcrübəsini nəzərə almaqla, 1994-cü ilin I yarımillikdə onun təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq.

Xalq təsərrüfatı sahələri üzrə işçilərin orta aylıq əmək haqqlarının məbləği barədə məlumatların müntəzəm dərc edilməsini təmin etmək.

Respublika zəhmətkeşlərinin əmək haqqlarının vaxtında ödənilməsini Azərbaycan Respublikası Əmək məcəlləsinin 108-ci maddəsinə əsasən təmin etmək. Respublika Əmanət banklarının idarələri tərəfindən vətəndaşlara əmanətlərin məhdud məbləğdə verilməsi təcrübəsini qadağan etmək.

5. Dövlət müəssisələri və təşkilatları tərəfindən respublikaya gətirilən və burada istehsal olunan ərzaq və xalq istehlakı mallarının bölüşdürülməsi üzərində ciddi nəzarət qoymaq.

6. «Qiymətlərin və tariflərin liberallaşdırılması haqqında» Azərbaycan Respublikası Prezidentinin Fərmanına dair 2 nömrəli əlavədə göstərilmiş bir sıra məhsulların və xidmətlərin qiymətlərinin (tariflərinin) dövlət tənzimlənməsini 1994-cü ildə davam etdirmək.

7. 1994-cü ilin II rübündə talonlar üzrə bölüşdürülən ərzaq məhsullarının siyahısını təsdiq etmək, onların müəyyən edilmiş müddətlərdə əhaliyə tam həcmdə ayrılmasını təmin etmək.

8. Tələbələrin, təhsil alan gənclərin şəhərlərarası və şəhər nəqliyyatından istifadəsi üçün güzəştli tarifləri II rübdə müəyyən etmək.

9. Tənha və ahıl vətəndaşların, əmək qabiliyyəti olmayan əlillərin sosial müdafiəsi proqramını işləyib hazırlamaq, ilk növbədə onların güzəştli qiymətlərlə ərzaq və digər zəruri mallarla təmin edilməsini, habelə onlar üçün pulsuz yeməkxanalar şəbəkəsinin təşkilini nəzərdə tutmaq, ticarət şəbəkələrinin bununla bağlı zərərini ödəmək üçün dotasiyaların mənbəyini 1-ci yarımillikdə müəyyən etmək.

10. Əhalinin mənzil tələbatının ödənilməsi üzrə milli proqramı III rübdə işləyib hazırlamaq. Ehtiyacı olan vətəndaşların pulsuz mənzillə təmin edilməsinin qüvvədə olan qaydasını 1994-cü ildə saxlamaq.

11. İmkanı olan vətəndaşların fərdi və kooperativ mənzil tikintisində iştirakı, habelə müəssisə, idarə və təşkilatların təsərrüfat üsulu ilə mənzil tikintisi üzrə hüquqi baza yaratmaq.

12. Dövlətsizləşdirmə və özəlləşdirmə zamanı əmək kollektivlərinin mənafelərini daha tam nəzərə almaq məqsədilə tərəflər həmkarlar ittifaqı komitələrinin nümayəndələrini özəlləşdirmə komissiyasının tərkibinə daxil edilməsini zəruri hesab edirlər.

Sosial təyinatlı obyektləri icarəyə verdikdə və özəlləşdirdikdə onların profilinin dəyişdirilməsi və ya saxlanılmasının əlavə şərtlərini və müddətlərini nəzərdə tutmaq.

13. 1994-cü il üçün dövlət büdcəsi işlənib hazırlanarkən 1994-cü ildə Xalq Təhsili üçün əldə edilmiş milli gəlirin 7-9 faizi məbləğində, incəsənət və mədəniyyət üçün dövlət büdcəsinin məsrəf hissəsinin 2,5 faizi məbləğində vəsait ayrılması məsələsini nəzərdən keçirmək.

III. Əhalinin məşğulluğuna kömək, əmək bazarının inkişafı

1. Əmək bazarında yaranan şəraiti və işçi qüvvəsinin mümkün sərbəstləşdirilməsini nəzərə almaqla 1994-cü ilin II rübündə 1994-cü il üçün əhalinin məşğulluğu üzrə Respublika Proqramını işləyib hazırlamaq və qəbul etmək.

2. Əhalinin məşğulluğu üzrə Respublika Proqramının maliyyələşdirilməsi, «Əhalinin məşğulluğu haqqında» Qanunla nəzərdə tutulmuş təminat və ödənişlərə ciddi riayət edilməsi üçün məşğulluğa yardım fonduna dövlət büdcəsindən lazımi vəsait ayırmaq.

3. Mövcud iş yerlərinin mümkün qədər saxlanılması üçün tədbirlər görmək. Tarif sazişlərində və kollektiv müqavilələrdə istehsalın inkişafına yönəldilmiş gəlir hissəsinin artırılmasını nəzərdə tutmağı tövsiyə etmək, işsizliyə qarşı məqsədli müdafiə fondları yaratmaq.

4. Dövlət müəssisələrində işçilərin işlə təmin edilməsi nəzərdən keçirilmədən və həmkarlar ittifaqlarının xəbəri olmadan onların kütləvi şəkildə işdən çıxarılmasına yol verməmək.

IV. Əhalinin sağlamlaşdırılması məsələləri

1. 1994-cü il üçün dövlət büdcəsi işlənib hazırlanarkən həmkarlar ittifaqlarının vəsaiti hesabına saxlanan sağlamlıq düşərgələrinin, mədəni-maarif, bədən tərbiyəsi-idman təşkilatlarının əlavə maliyyələşdirilməsi məsələsini nəzərdən keçirmək.

2. Xaricdən dava-dərman və tibbi texnikanın alınması üçün əlavə valyuta təxsisatlarının ayrılması imkanını axtarıb tapmaq.

3. Həmkarlar ittifaqlarının sanatoriya-kurort və turist-ekskursiya idarələrinin maddi-texniki bazasının daha da inkişafı və möhkəmləndirilməsi üçün zəruri tədbirlər həyata keçirmək.

4. Respublikada istehsal olunan texnikanın təhlükəsizlik tələblərinə uyğunluğu üzrə dövlət sertifikasiya sisteminin yaradılması üçün tədbirlər görmək.

5. Müəssisələrin ekoloji pasportlarının tərtib edilməsi üçün işlərin həyata keçirilməsi ilə bağlı tədbirlər görmək.

6. 1994-cü il üçün dövlət büdcəsi işlənib hazırlanarkən 1994-cü ildə səhiyyə sisteminə yönəldilən milli gəlirin 7—9 faiz artırılması üçün əlavə imkanlar axtarıb tapmaq.

7. Əhaliyə pulsuz tibbi xidmət göstərilməsinin mövcud həcmini saxlamaq.

V. Əmək münasibətlərinin və sosial partnyorluğun hüquqi təminatı

1. Bu Sazişin tərəflərindən hər biri təkliflər irəli sürmək və məsləhətləşmələrdə iştirak etmək üçün vətəndaşların əmək və ya sosial-iqtisadi hüquqlarına aid olan qanunvericilik və ya normativ aktlarının layihələrinin işlənib hazırlanmasına başlamaq barədə digərinə məlumat verir. Bu qanunvericilik aktlarının layihələri və ya onların tezis halında şərhi Milli Məclisə göndərilənədək Respublika mətbuatında dərc edilir.

Bu baxımdan kollektiv müqavilələr və sazişlər haqqında qanun vacibliyini nəzərə alaraq, onun Milli Məclisdə birinci növbədə qəbul edilməsinə nail olmaq.

2. Sosial əmək münasibətlərini tənzimləyən və sosial partnyorluq üçün hüquqi baza yaradan, işçilərin sosial müdafiəsi, eləcə də işverənlərin və işverən birliklərin statusunu müəyyən edən normativ aktların yaradılması üçün qanun layihələrinin, Beynəlxalq Əmək Təşkilatının konvensiyasının təsdiq edilməsi barədə təkliflər hazırlamaq və Milli Məclisin müzakirəsinə vermək.

3. Sahə və regionlar səviyyəsində sosial partnyorluğun həyata keçirilməsinə kömək etmək, həmkarlar ittifaqlarının fəaliyyəti üçün şərait yaratmaq.

4. Müəssisə, idarə və təşkilatlarda kollektiv müqavilələrin, sahələrdə isə tarif sazişlərinin bağlanmasını tövsiyə etmək. Kollektiv müqavilələrə və tarif sazişlərinə öz nizamnamə vəzifələrini yerinə yetirmək üçün həmkarlar ittifaqlarına şərait və təminatlar yaradan maddələr, o cümlədən aşağıdakı maddələr daxil edilsin:

    • binaların, nəqliyyatın, rabitə vasitələrinin pulsuz verilməsi, ayırmaların mövcud qaydasının saxlanması;
    • həmkarlar ittifaqı üzvlük haqlarının müəssisənin mühasibatı vasitəsilə köçürmə yolu ilə ödənilməsi;
    • həmkarlar ittifaqı nümayəndələrinin müəssisələrin idarə heyətinin, şurasının tərkibinə daxil edilməsi.

5. Kollektiv müqavilələr və sazişlər bağlayan tərəflərə tövsiyə olunsun ki, işçilərin işə götürülməsi və işdən çıxarılması, məşğulluğun təmin edilməsi, iş və istirahət rejimi, habelə əməyin ödənilməsi üçün, eləcə də istehsal-təsərrüfat fəaliyyətinin nəticələrinə əsaslanaraq digər sosial-iqtisadi məsələlərin həlli üçün qanunvericiliklə müqayisədə həmin müqavilə və sazişlərdə əlavə təminatlar nəzərdə tutsunlar.

VI. Sazişin həyata keçirilməsi mexanizmi

1. Bu Saziş imzalandığı gündən qüvvəyə minir və yeni Saziş imzalanana qədər fəaliyyət göstərir.

2. Sazişin imzalanmasından sonrakı bir ay müddətində tərəflərin hər biri qarşılıqlı öhdəlikləri yerinə yetirmək üçün konkret tədbirlər işləyib hazırlayır.

3. Sazişin genişləndirilməsində onun ayrı-ayrı müddəalarını konkretləşdirən və Sazişin ayrılmaz hissəsi hesab edilən əlavələr və protokollar işlənib hazırlana bilər.

4. Sazişin yerinə yetirilməsinə nəzarət etmək və onun həyata keçirilməsi zamanı qarşıya çıxan ixtilafları həll etmək üçün üçtərəfli komissiya yaradılır.

5. Bu Sazişə digər həmkarlar ittifaqı və işverən birliklər qoşula bilərlər (bunu yazılı şəkildə təsdiq etdikdə).

Baş Sazişi imzalayan tərəflər onun həyata keçirilməsində öz məsuliyyətlərini səlahiyyətləri daxilində dərk edir və Sazişə daxil edilmiş öhdəliklərin yerinə yetirilməsi, qarşıya çıxan problemlərin razılıq əsasında həll edilməsi zamanı əməkdaşlıq etməyi öhdələrinə götürür, kollektivlərdə iqtisadi cəhətdən stabil və sakit şəraitin yaradılması üçün tədbirlər görür.

Sazişin yerinə yetirilməsi şərti ilə onun fəaliyyət müddəti ərzində həmkarlar ittifaqları bu sazişin məsələləri üzrə tətillər keçirməkdən, işverən birliklər isə işçilərin kütləvi şəkildə işdən çıxarılmasından və müəssisələrin dayandırılmasından imtina edirlər.

Azərbaycan Respublikası Baş Naziri

S.HÜSEYNOV

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri

S.MEHBALIYEV

Azərbaycan Respublikası İcarədarlar və Sahibkarlar İttifaqının Prezidenti

F.ƏSƏDOV

Azərbaycan Respublikası Sənayeçilər və Sahibkarlar İttifaqının Prezidenti

V.ƏHMƏDOV

© LegalActs