About banks and banking activity in the Azerbaijan Republic


Azərbaycan Respublikasının Qanunvericilik Toplusunda dərc edilmişdir (30 sentyabr 1997-ci il, № 3, maddə 176)

Release date: 21.04.1998

Azərbaycan Respublikasında banklar və bank fəaliyyəti haqqında

Azərbaycan Respublikasında banklar və bank fəaliyyəti haqqında

Azərbaycan Respublikasının Qanunu

I fəsil. Ümumi müddəalar

Maddə 1. Əsas anlayışlar

Bu Qanunda aşağıdakı əsas anlayışlardan istifadə edilir:

    • «kredit təşkilatı» — öz fəaliyyətinin əsas məqsədi kimi mənfəət götürmək üçün Milli Bankın lisenziyası (xüsusi icazəsi) əsasında bu Qanunda nəzərdə tutulmuş bank əməliyyatlarını aparmaq hüququna malik olan hüquqi şəxsdir;
    • «bank» — fiziki və hüquqi şəxslərin pul vəsaitini depozitə cəlb etmək, həmin vəsaiti müddətlilik və faizlə geri qaytarmaq şərti ilə öz adından və öz hesabına yerləşdirmək, fiziki və hüquqi şəxslərin hesablarını açmaq və aparmaq əməliyyatlarının məcmusunu həyata keçirmək üçün müstəsna hüquqa malik kredit təşkilatıdır;
    • «bank olmayan kredit təşkilatı» — ayrı-ayrı bank əməliyyatlarını həyata keçirmək üçün Milli Bankdan lisenziya almış hüquqi şəxsdir;
    • «filial» — hüquqi şəxs olmayıb Milli Bankın icazəsi ilə kredit təşkilatının olduğu yerdən kənarda açılan, kredit təşkilatının lisenziyasında nəzərdə tutulan bank fəaliyyətinin hamısını və ya bir hissəsini onun adından həyata keçirən kredit təşkilatının ayrıca bölməsidir;
    • «nümayəndəlik» — hüquqi şəxs olmayıb Milli Banka xəbər verməklə kredit təşkilatının olduğu yerdən kənarda açılan, bank fəaliyyəti ilə məşğul olmaq hüququ olmayan, kredit təşkilatının mənafeyini təmsil və müdafiə edən, onun adından əqdlər bağlayan, digər hüquqi hərəkətlər edən kredit təşkilatının ayrıca bölməsidir;
    • «törəmə kredit təşkilatı» — nizamnamə kapitalında üstün iştiraka və aralarındakı müqaviləyə əsasən fəaliyyəti başqa kredit təşkilatı tərəfindən müəyyənləşdirilən hüquqi şəxsdir;
    • «xarici bank» — qeydə alındığı ölkənin qanunvericiliyinə əsasən bank fəaliyyəti ilə məşğul olan hüquqi şəxsdir;
    • «xarici bankın filialı» — xarici bankın qeydə alındığı ölkədə ona icazə verilmiş bank əməliyyatlarını Milli Bankın lisenziyası ilə müəyyən edilən həcmdə, xarici bankın adından Azərbaycan Respublikasında həyata keçirmək hüququ olan xarici bankın ayrıca bölməsidir.

Maddə 2. Azərbaycan Respublikasının bank sistemi və bank fəaliyyətinin hüquqi əsasları

1. Azərbaycan Respublikasının bank sistemi Milli Bankdan və respublikanın kredit təşkilatlarından ibarətdir.

2. Bank fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiyası ilə, bu Qanunla, «Azərbaycan Respublikasının Milli Bankı haqqında» Qanunla, digər qanunvericilik aktları və Milli Bankın normativ aktları ilə tənzimlənir.

Maddə 3. Kredit təşkilatının müstəqilliyi

1. Kredit təşkilatının və dövlətin müvafiq öhdəlik götürdüyü hallardan başqa, bütün hallarda kredit təşkilatı dövlətin, dövlət isə kredit təşkilatının öhdəlikləri üçün məsuliyyət daşımır.

2. Kredit təşkilatı bağlanmış müqaviləyə görə büdcə vəsaiti ilə əməliyyatlar, icra hakimiyyəti və bələdiyyə orqanlarla hesablaşmalar apara bilər, dövlət və regional proqramların həyata keçirilməsi üçün ayrılan büdcə vəsaitindən məqsədyönlü istifadə olunmasını təmin edə bilər. Müvafiq müqavilədə tərəflərin qarşılıqlı öhdəlikləri göstərilməli və onların məsuliyyəti, büdcə vəsaitindən istifadə olunmasına nəzarətin şərtləri və formaları nəzərdə tutulmalıdır.

3. Kredit təşkilatı qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, öz təsis sənədlərində nəzərdə tutulmamış fəaliyyəti həyata keçirməyə məcbur edilə bilməz.

4. Cari bank fəaliyyəti ilə bağlı qərarları qəbul edərkən kredit təşkilatı qanunvericilik, icra hakimiyyəti və bələdiyyə orqanlarından asılı deyildir. Heç bir dövlət orqanı kredit təşkilatının fəaliyyətinə qarışa bilməz.

Maddə 4. Kredit təşkilatının fəaliyyəti barədə məlumatın verilməsi

1. Bank əməliyyatlarını həyata keçirərkən kredit təşkilatı onun müştərisi və ya müştərisi olmaq istəyən hüquqi və ya fiziki şəxsin tələbi ilə bank əməliyyatlarının aparılması üçün lisenziyasını, öz maliyyə hesabatı barədə məlumatı (mühasibat balansını, mənfəət-zərər barədə hesabatı) və əvvəlki il üçün auditor rəyini, habelə cari il üçün aylıq mühasibat balanslarını təqdim etməlidir. Həmin şəxslərin tələbi ilə zəruri hallarda hesabat sənədləri barədə arayış təqdim edilməlidir.

2. Məlumat verməməklə, yaxud yanlış və ya yarımçıq məlumat verməklə fiziki və hüquqi şəxsləri çaşdıran kredit təşkilatı qüvvədə olan qanunvericiliyə müvafiq surətdə məsuliyyət daşıyır.

Maddə 5. Bank fəaliyyəti sahəsində qadağanlar

1. Milli Bankın lisenziyası olmadan hüquqi və fiziki şəxslərin bank fəaliyyəti ilə məşğul olması qadağandır.

2. Kredit təşkilatlarının bank xidmətləri bazarının inhisara alınmasına, habelə bank işində rəqabətin məhdudlaşdırılmasına yönəldilmiş sazişlər bağlaması və razılaşdırılmış əməliyyatlar aparması qadağandır. Bank fəaliyyətində inhisarçılıq əleyhinə qaydalara əməl olunmasına Milli Bank və müvafiq dövlət orqanları nəzarət edirlər.

3. Dövlət hakimiyyəti və bələdiyyə orqanları işçilərinin kredit təşkilatlarının idarəetmə orqanlarında iştirak etməsi, o cümlədən əvəzçilik yolu ilə iştirak etməsi (bu Qanunun VIII fəslində nəzərdə tutulmuş hallar istisna olmaqla) qadağandır.

4. Kredit təşkilatları sığorta, ticarət və istehsal fəaliyyəti ilə məşğul ola bilməzlər.

Maddə 6. Kredit təşkilatının adı

1. Kredit təşkilatının Azərbaycan dilində tam rəsmi adı var, habelə ixtisar olunmuş adı və xarici dildə adı ola bilər. Kredit təşkilatının rəsmi adı yazılmış və rəsmi nişanı təsvir edilə bilən möhürü olur. Kredit təşkilatının rəsmi adında «bank» və ya «bank olmayan kredit təşkilatı» sözlərindən istifadə etməklə bu hüquqi şəxsin fəaliyyətinin xarakteri, habelə onun təşkilati-hüquqi forması göstərilməlidir. Kredit təşkilatının adında Azərbaycan Respublikasının rəmzlərindən və «Azərbaycan Respublikası», «dövlət», «milli», «mərkəzi» sözlərindən qanunvericiliyə müvafiq surətdə istifadə olunur. Eyni addan müxtəlif kredit təşkilatlarının istifadə etməsinə yol verilmir.

2. «Bank» və ya «bank olmayan kredit təşkilatı» sözlərinin işlədildiyi mətndən bu sözlərin bank fəaliyyətinə aid edilmədiyinin tam aydın olduğu hallardan başqa, hüquqi şəxslərin öz adında bu sözlərdən və ya tərkibində bu sözlər olan başqa birləşmələrdən istifadə etməsi qadağandır.

II fəsil. Bank fəaliyyətinin lisenziyalaşdırılması

Maddə 7. Bank lisenziyası alınması üçün müraciət qaydası

1. Kredit təşkilatı qanunvericiliyə müvafiq qaydada dövlət qeydiyyatından keçdikdən sonra bank lisenziyası almaq üçün Milli Banka yazılı vəsatət verir. Vəsatətlə birlikdə aşağıdakı məlumat və sənədlər təqdim edilir:

1) dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti;

2) təsis sənədləri (təsis müqaviləsi, nizamnamənin qəbul olunması, nəzarət və idarəetmə orqanları rəhbərlərinin təyin edilməsi haqqında protokol (bir təsisçi tərəfindən yaradılan banklar istisna olmaqla), qeydiyyat orqanında təsdiq olunmuş nizamnamə, xarici bankın filialı üçün əsasnamə);

3) hüquqi şəxs olan təsisçilərin son il üçün maliyyə vəziyyətini əks etdirən mühasibat balansı, mənfəət və zərər barədə hesabatı və buna dair auditor rəyi;

4) təsisçilərin təklif etdiyi rəhbərlərin və baş mühasibin peşə yararlığı və məhkum olunub-olunmadıqları barədə məlumat, həmin şəxslər tərəfindən doldurulmuş anket.

2. Xarici bankların filialları, tamamilə xarici investisiyalı və birgə kredit təşkilatları bank lisenziyası almaq üçün yuxarıda göstərilən sənədlərdən əlavə, təsdiqlənmiş aşağıdakı sənədləri təqdim edirlər:

1) xarici hüquqi şəxslər tərəfindən: Azərbaycan Respublikasının ərazisində kredit təşkilatı yaratması və ya filial açması haqqında xarici hüquqi şəxsin müvafiq orqanının qərarı; nizamnamə və ya hüquqi şəxsin statusunu təsdiq edən başqa sənəd, onun son üç ilə aid dərc olunmuş balansları; Azərbaycan Respublikasının ərazisində kredit təşkilatı yaratması və ya filial açması üçün xarici təsisçinin yerləşdiyi ölkənin müvafiq dövlət orqanının yazılı razılığı (həmin dövlətin qanunvericiliyində bu cür razılığın alınması nəzərdə tutulursa);

2) xarici fiziki şəxslər tərəfindən: «Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq fiziki şəxslərdən tələb edilən sənədlər.

Maddə 8. Bank lisenziyasının verilməsi

1. Bank lisenziyası verilməsi haqqında vəsatətə Milli Bank bu Qanunda nəzərdə tutulmuş bütün sənədləri aldığı gündən ən geci 30 gün keçənədək baxır.

2. Milli Bank alınmış sənədlərin ilkin ekspertizasını keçirdikdən sonra 3 gün müddətində vəsatətçiyə bu barədə məlumat verir, Milli Bankda kredit təşkilatı üçün müxbir hesabı açır və Milli Bank tərəfindən müəyyən olunmuş minimum nizamnamə kapitalının bir ay müddətində 100 faiz ödənilməsini tələb edir.

Kredit təşkilatının minimum nizamnamə kapitalının 100 faiz ödənildiyini təsdiq edən sənədlər təqdim olunduqda, Milli Bank 3 gün müddətində kredit təşkilatına bank əməliyyatlarının aparılması üçün lisenziya verilməsi haqqında qərar qəbul edir.

3. Bank lisenziyası verməkdən imtina edildiyi, yaxud bunun üçün müəyyən şərtlər qoyulduğu və ya bank lisenziyası üzrə fəaliyyətin məhdudlaşdırıldığı hallarda vəsatətçiyə bunları doğuran səbəblər rəsmi bildirilir.

Maddə 9. Bank lisenziyası verməkdən imtina edilməsinin əsasları

1. Kredit təşkilatına bank lisenziyası verməkdən aşağıdakı hallarda imtina edilə bilər:

1) İdarə Heyətinin sədri, onun müavinləri və baş mühasib onların qarşısında qoyulan ixtisas tələblərinə uyğun olmadıqda. Göstərilən şəxslərin onların qarşısında qoyulan ixtisas tələblərinə uyğun olmaması dedikdə aşağıdakılar başa düşülür:

  • bu şəxslərin ali iqtisadi və ya hüquqi təhsilinin və bank əməliyyatlarının aparılması ilə əlaqədar kredit təşkilatının bölməsinə rəhbərlik təcrübəsinin, yaxud bu şərtlərdən asılı olmayaraq, belə bölməyə rəhbərlik sahəsində azı iki illik təcrübəsinin olmaması;
  • mülkiyyətə qarşı cinayətlər, təsərrüfat və vəzifə cinayətləri törədilməsinə görə məhkumluğun olması;
  • son iki ildə pul və əmtəə sərvətlərinə xidmətlə əlaqədar təqsirli hərəkətlərinə görə (etimadın itirilməsi hallarında) göstərilən şəxslərlə əmək müqaviləsinin (kontraktın) müdiriyyətin təşəbbüsü ilə pozulması faktlarının olması;

2) təsisçilərin maliyyə vəziyyəti qeyri-qənaətbəxş olduqda;

3) kredit təşkilatının lisenziya almaq üçün təqdim etdiyi sənədlər bu Qanunun və Milli Bankın normativ aktlarının tələblərinə uyğun olmadıqda.

2. Bank lisenziyası verməkdən imtina edilməsi barədə əsaslandırılmış qərar vəsatətçiyə yazılı şəkildə verilir.

3. Vəsatətçi bank lisenziyası verilməsindən imtina edilməsi barədə qərardan məhkəməyə şikayət edə bilər.

Maddə 10. Kredit təşkilatının törəmə müəssisələri, filialları və nümayəndəlikləri

1. Kredit təşkilatının respublika ərazisində və xaricdə filialları Milli Bankın icazəsi ilə, nümayəndəlikləri isə Milli Banka xəbər verməklə açılır.

2. Filiallar və nümayəndəliklər kredit təşkilatının təsdiq etdiyi Əsasnaməyə uyğun fəaliyyət göstərirlər.

3. Filialların və nümayəndəliklərin rəhbərləri kredit təşkilatının rəhbəri tərəfindən təyin edilir və müvafiq qaydada verilmiş etibarnamə əsasında fəaliyyət göstərirlər.

Maddə 11. Xarici kapitalın iştirak etdiyi kredit təşkilatlarının və xarici bank filiallarının fəaliyyətinin lisenziyalaşdırılması və tənzimlənməsi

1. Milli Bank respublikanın bank sistemində xarici kapitalın iştirak limitini müəyyən edir. Bu limitə çatdıqda, yaxud müvafiq xarici dövlətdə Azərbaycan Respublikasının kredit təşkilatı üçün məhdudiyyət qoyulduqda Milli Bank xarici kapitalın iştirak etdiyi kredit təşkilatlarına və xarici bank filiallarına bank lisenziyalarının verilməsini dayandırır.

2. Xarici kapitalın iştirakı ilə yaradılan kredit təşkilatında və xarici bankın filialında müdir və ya müavinlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olmalıdır.

3. Kredit təşkilatının qeyri-rezidentlərin vəsaiti hesabına öz nizamnamə kapitalını artırması, qeyri-rezidentlərin xeyrinə öz səhmlərini (paylarını) özgəninkiləşdirməsi üçün Milli Bankdan icazə alınmalıdır. Bu halda Milli Bank kredit təşkilatını qeyri-rezidentlərin vəsaiti hesabına öz nizamnamə kapitalını artırmasını və qeyri-rezidentlərin xeyrinə səhmlərini (paylarını) özgəninkiləşdirməsini bu şərtlə qadağan edə bilər ki, həmin əqdlər nəticəsində respublikanın bank sistemində xarici kapitalın iştirak limiti pozulmuş olsun. belə icazə olmadan qeyri-rezidentlərlə bağlanmış bu cür əqdlər etibarsız sayılır.

4. Kredit təşkilatının fəaliyyəti dövründə səhmdarlar (payçılar) sırasına qeyri-rezidentlər daxil olduqda Milli Banka bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan əlavə sənədlər təqdim edilməlidir.

5. Milli Bank xarici investisiyalı kredit təşkilatına, xarici bank filiallarına məcburi normativlər, hesabatların təqdim edilməsi, rəhbərliyin tərkibi və aparılan bank əməliyyatları, habelə yeni açılan xarici investisiyalı kredit təşkilatının və xarici bankın filialının kapitalının minimum məbləği və onların kapitalının xaricdə yerləşdirilməsi barədə əlavə tələblər müəyyənləşdirə bilər.

6. Xarici bankın yerləşdiyi ölkədə hüquqi və fiziki şəxslərdən pul depozitləri və ya qaytarılmalı olan digər vəsait almağa icazəsi olduqda, onun filialları üçün bank lisenziyaları verilə bilər. Bu zaman xarici bank öz filialının borclarına tam cavabdeh olduğu barədə öhdəlik götürməlidir.

7. Filial vasitəsilə fəaliyyət göstərmək üçün xarici bank Milli Bankdan lisenziya almalıdır. Milli Bank verdiyi lisenziyada xarici bankın qeydə alındığı ölkədə ona verilmiş lisenziyada nəzərdə tutulmayan bank əməliyyatlarının onun filialı tərəfindən Azərbaycan Respublikasında aparılmasına icazə vermir.

Maddə 12. Bank lisenziyasının verilməsi üçün şərtlər və məhdudiyyətlər

1. Bank lisenziyası qeyri-müəyyən müddətə verilir.

2. Milli Bank lisenziyasının verilməsi haqqında qərarında əsaslandırılmış şərtlər və ya məhdudiyyətlər qoya bilər. Bank lisenziyası verildikdən sonra həmin lisenziyaya şərtlər və məhdudiyyətlər ancaq o halda aid edilə bilər ki, onu almış kredit təşkilatı bu Qanuna və ya Milli Bankın hər hansı normativ aktına əməl etməmiş olsun.

Maddə 13. Bank lisenziyalarının reyestri

1. Milli Bankda ümumi yoxlama və kütləvi məlumat almaq üçün lisenziyaların və icazələrin mərkəzi reyestri saxlanılır. Reyestrə bütün kredit təşkilatlarının, onların filiallarının adları, ünvanları, lisenziya və icazələrin qeydiyyat nömrəsi və tarixi yazılır.

2. Ləğv edilmiş, lisenziyası, icazəsi geri götürülmüş kredit təşkilatlarına, onların filiallarına aid qeydlər və başqa məlumatlar reyestrə daxil edilir.

Maddə 14. Bank lisenziyasının geri götürülməsinin əsasları

1. Kredit təşkilatlarına, onların filiallarına verilmiş bank lisenziyaları və icazələr yalnız Milli Bankın İdarə Heyətinin qərarı ilə aşağıdakı hallarda geri götürülə bilər:

1) kredit təşkilatının təsisçilərinin müraciəti ilə;

2) bank qanunvericiliyinin və Milli Bankın normativ aktlarının tələbləri mütəmadi pozulduqda, əgər kredit təşkilatına «Azərbaycan Respublikasının Milli Bankı haqqında» Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş tələblər bir il ərzində bir neçə dəfə tətbiq olunmuşdursa;

3) lisenziya və icazə verilərkən əsas götürülmüş məlumatın yanlış olduğu aşkara çıxdıqda;

4) lisenziyanın və icazənin qüvvəyə mindiyi gündən bir il ərzində ondan istifadə edilmədikdə, yaxud fəaliyyət altı aydan çox müddətə dayandırıldıqda;

5) kredit təşkilatı ləğv edildikdə;

6) Milli Bankın normativ aktlarında nəzərdə tutulmuş minimum zəruri kapitala və xüsusi ehtiyatlara malik olmadıqda, kreditorlar və əmanətçilər qarşısında öz öhdəliklərini yerinə yetirə bilmədikdə və ya ona etibar edilmiş vəsaitin saxlanmasını təmin etmədikdə;

7) müflis olduqda;

8) təqdim edilmiş hesabatlarda saxtalaşdırma müəyyənləşdirildikdə;

9) lisenziyada və ya icazədə nəzərdə tutulmamış əməliyyatlar aparıldıqda;

10) filialın baş təşkilatından bank əməliyyatları aparılması hüququ alındıqda.

2. Lisenziya və ya icazə geri götürülməzdən əvvəl qanunvericilikdə nəzərdə tutulmuş qaydada qanun pozuntularının aradan qaldırılmasına yönəldilmiş tədbirlər görülməlidir. Bank lisenziyasının və ya icazənin geri götürülməsi haqqında qərarı Milli Bank onun səbəblərini göstərməklə əlaqədar kredit təşkilatına yazılı şəkildə bildirir.

Maddə 15. Bank lisenziyasının geri götürülməsindən sonrakı tədbirlər

1. Milli Bank kredit təşkilatının lisenziyasının və ya icazəsinin geri götürülməsi barədə 5 gün müddətində dövlət qeydiyyatı orqanına xəbər verməklə mətbuatda rəsmi məlumat dərc etdirir.

2. Bank lisenziyasının geri götürülməsi haqqında qərarın qüvvəyə mindiyi gündən bank fəaliyyətinin bütün növləri üzrə əməliyyatların aparılması qadağan edilir. Ləğvetmə kredit təşkilatının, zəruri hallarda isə Milli Bankın nəzarəti altında fəaliyyət göstərən ləğvetmə komissiyası tərəfindən həyata keçirilir. Bu zaman ləğvetmə komissiyası ən qısa müddətdə kredit təşkilatının aktivlərini ləğv etməli, depozitləri haqqında cari sazişlərə xitam verməli və öhdəlikləri üzrə ödənişlər aparmalıdır.

Ləğvetmə komissiyası öz işini «Müəssisələr haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun qurmalıdır.

III fəsil. Banklara sahiblik və onların idarə olunması

Maddə 16. Kredit təşkilatının təsisçiləri, səhmdarları (payçıları)

1. Siyasi partiyalar, ictimai fondlar (o cümlədən xeyriyyə cəmiyyətləri) istisna edilməklə, bir və ya bir neçə hüquqi və (və ya) fiziki şəxs qanunvericilikdə müəssisələr üçün nəzərdə tutulan bütün təşkilati-hüquqi formalarda kredit təşkilatları yarada bilərlər. Səhmdar cəmiyyəti formasında olan kredit təşkilatının təsisçilərinin (səhmdarlarının) sayı 3-dən az olmamalıdır.

2. Kredit təşkilatının nizamnamə kapitalını formalaşdırmaq üçün təsisçilər, səhmdarlar (payçılar) cəlb olunmuş pul vəsaitindən istifadə edə bilməzlər. Pay haqqı kimi yalnız kredit təşkilatının fəaliyyəti üçün zəruri olan əsas vəsaitlər qəbul edilməlidir. Bu tələbin pozulmasına görə kredit təşkilatı məsuliyyət daşıyır. Qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, kredit təşkilatının nizamnamə kapitalını formalaşdırmaq üçün büdcə vəsaitindən və büdcədənkənar fondlarda olan sərbəst pul vəsaitindən, dövlət hakimiyyəti orqanlarının sərəncamında olan digər vəsaitdən istifadə edilə bilməz.

3. Kredit təşkilatı təsisçilərinin, səhmdarlarının (payçılarının) pay haqlarının minimum və maksimum həddinə məhdudiyyət qoyulmur.

Maddə 17. Kapital barəsində tələblər və kapitalda maksimum iştirak

1. Bank lisenziyası almış kredit təşkilatlarının zəruri minimum kapitalının və xüsusi ehtiyatlar kimi saxlanmalı vəsaitinin minimum miqdarı Milli Bankın normativ aktları ilə müəyyən edilir.

2. Kapitalın 20 faizindən çoxunun bir və ya bir neçə əqd nəticəsində bir hüquqi və fiziki şəxs, yaxud saziş əsasında bir-birilə əlaqədar olan hüquqi və (və ya) fiziki şəxslər qrupu, yaxud törəmə və ya asılı münasibətdə olan hüquqi şəxslər qrupu tərəfindən alınması üçün Milli Bankın qabaqcadan razılığı tələb olunur. Milli Bank vəsatət aldığı gündən 30 gün keçənədək öz qərarını vəsatətçiyə bildirməlidir. Rədd cavabı yalnız səhmlərin (payların) alıcısının maliyyə vəziyyətinin qeyri-qənaətbəxş olması ilə, inhisarçılıq əleyhinə qaydaların pozulması ilə və qanunvericilikdə nəzərdə tutulmuş digər səbəblərlə əsaslandırıla bilər.

Maddə 18. Hüquqi şəxslərin kapitalında iştirak üçün məhdudiyyətlər

1. Milli Bankın normativ aktlarında daha yuxarı faiz nəzərdə tutulmayıbsa, kredit təşkilatının bilavasitə və ya dolayısı ilə hər hansı hüquqi şəxsin kapitalında iştirakı kredit təşkilatının öz vəsaitinin 10 faizindən artıq və bütün belə iştirakların məcmu məbləği kredit təşkilatının öz vəsaitinin 40 faizindən artıq ola bilməz.

2. Kredit təşkilatının verdiyi kreditin ödənilməsi əvəzinə qanunvericiliyə zidd olmayan hallarda hüquqi şəxsin kapitalının hamısına və ya bir hissəsinə iki il ərzində sahib olmasına Milli Bankın icazəsi tələb edilmir. Bu sahiblik hüququnun iki ildən artıq davam etdirilməsi üçün Milli Bankın icazəsi tələb olunur. Bu barədə müraciətlərə Milli Bank 30 gün müddətində baxır.

Maddə 19. Kredit təşkilatının yenidən təşkili

Kredit təşkilatının yenidən təşkilinə yalnız Milli Bankın icazəsi ilə yol verilə bilər. Bu zaman yeni yaranan kredit təşkilatı müvafiq qaydada bank lisenziyası almalıdır. Lisenziyası geri götürülmüş kredit təşkilatı Milli Bankın icazəsi ilə hər hansı digər kredit təşkilatı ilə birləşə və ya onun filialına çevrilə bilər.

Maddə 20. Kredit təşkilatının nizamnaməsi

1. Bütün kredit təşkilatları dövlət qeydiyyatı orqanı tərəfindən təsdiq edilmiş nizamnamə əsasında fəaliyyət göstərirlər.

Nizamnamədə edilən bütün dəyişikliklər dövlət qeydiyyatı orqanında qeydə alınmalı və bu barədə Milli Banka 5 gün müddətində məlumat verilməlidir.

Kredit təşkilatının, onun filiallarının və nümayəndəliklərinin hüquqi ünvanlarının dəyişməsi barədə Milli Banka 3 gün müddətində məlumat verilməlidir.

2. Milli Bankda kredit təşkilatının nizamnaməsi, digər hüquqi sənədləri, icra orqanlarının rəhbərləri haqqında məlumat, habelə onların imza nümunələri saxlanılır.

Maddə 21. Kredit təşkilatını idarəetmənin strukturu

1. Kredit təşkilatının ali idarəetmə orqanı payçıların (səhmdarların) ümumi yığıncağıdır. Hər bir kredit təşkilatı onun siyasətinin hazırlanması və fəaliyyətinə nəzarət edilməsi üçün məsul orqan olan Müşahidə şurası, Maliyyə-təftiş komissiyası və məsul icra orqanı olan İdarə Heyəti tərəfindən idarə edilir.

2. Kredit təşkilatı bir təsisçi tərəfindən yaradıldığı hallarda, onun idarə olunması ilə əlaqədar məsələlər təsisçinin Azərbaycan Respublikası qanunlarına müvafiq surətdə müəyyənləşdirdiyi və bankın nizamnaməsinə daxil etdiyi qaydalara əsasən həll olunur.

Maddə 22. Payçıların (səhmdarların) ümumi yığıncağı

1. Payçıların (səhmdarların) ümumi yığıncağının (bundan sonra «ümumi yığıncaq» adlandırılacaq) səlahiyyətlərinə aşağıdakılar aiddir:

1) kredit təşkilatının fəaliyyətinin əsas istiqamətlərini müəyyənləşdirmək;

2) kredit təşkilatının nizamnaməsini qəbul etmək və dəyişdirmək;

3) Müşahidə şurasının, Maliyyə-təftiş komissiyasının və İdarə Heyətinin tərkibini seçmək və geri çağırmaq;

4) illik hesabatları (filiallar da daxil olmaqla), maliyyə-təftiş komissiyasının hesabatlarını təsdiq etmək;

5) mənfəətin bölüşdürülməsi və zərərin ödənilməsi qaydalarını müəyyənləşdirmək;

6) filiallar və nümayəndəliklər yaratmaq, onların əsasnamələrini təsdiq etmək və fəaliyyətinə xitam vermək;

7) kredit təşkilatını yenidən təşkil etmək və fəaliyyətinə xitam vermək.

2. Yığıncaq səslərin 75 faizindən çoxuna malik payçılar (səhmdarlar) iştirak etdikdə səlahiyyətli sayılır. Aşağıdakı məsələlər barədə qərarlar yığıncaqda iştirak edən payçıların (səhmdarların) 75 faiz səs çoxluğu ilə qəbul edilir:

    • nizamnamənin qəbul olunması və dəyişdirilməsi;
    • kredit təşkilatının yenidən təşkil olunması və fəaliyyətinə xitam verilməsi;
    • Müşahidə şurasının, Maliyyə-təftiş komissiyasının və İdarə Heyətinin tərkibinin seçilməsi və geri çağırılması.

Qalan məsələlər barədə qərarlar yığıncaqda iştirak edən payçıların (səhmdarların) adi səs çoxluğu ilə qəbul edilir.

3. Yığıncaqda payçılar (səhmdarlar) kredit təşkilatının nizamnamə kapitalındakı paylarına proporsional olan səs hüququna malikdirlər. Payçı (səhmdar) öz səs hüququnu vəkalətli nümayəndəsinə verə bilər.

4. Yığıncaqlar növbəti və növbədənkənar keçirilir. Növbəti yığıncaqlar hər il kredit təşkilatının hesabat dövrü üçün balansı tərtib edildikdən ən geci bir ay keçənədək çağırılır. Növbədənkənar yığıncaqlar səslərin 20 faizinə malik olan payçıların (səhmdarların), Müşahidə şurasının, Maliyyə-təftiş komissiyasının və İdarə Heyətinin tələbi ilə çağırıla bilər. Yığıncağın çağırılması haqqında bildiriş və gündəlik yığıncağın keçirilməsinə ən geci 30 gün qalmış payçılara (səhmdarlara) göndərilməlidir. Müstəsna hallarda təxirəsalınmaz cari məsələlərin həlli üçün növbədənkənar yığıncaq 30 günlük müddət gözlənilmədən də çağırıla bilər. Yığıncağın gündəlikdə olmayan məsələlər barədə qərar qəbul etmək hüququ yoxdur.

Maddə 23. Müşahidə şurası

1. Müşahidə şurası kredit təşkilatının fəaliyyəti üzərində ümumi nəzarəti həyata keçirən və icra səlahiyyətlərinə malik olmayan orqandır. Kredit təşkilatının nizamnaməsində nəzərdə tutulduqda və payçıların (səhmdarların) ümumi yığıncağının qərarı ilə ümumi yığıncağın bəzi səlahiyyətləri (22-ci maddənin birinci bəndində 2—4 və 6—7-ci yarımbəndləri istisna olmaqla) Müşahidə şurasına verilə bilər. Kredit təşkilatının aşağıdakı məsələlərinin həllində Müşahidə şurasının razılığı və ya qərarı hökmən olmalıdır (həmin səlahiyyətləri ümumi yığıncaq öz üzərinə götürdüyü hallar istisna olmaqla):

1) kredit təşkilatı tərəfindən faiz siyasətinin müəyyənləşdirilməsi;

2) müəyyən hədlərdən artıq məbləğlərdə təminatsız (blank) kredit verilməsi;

3) kredit təşkilatı tərəfindən təminat şəklində daşınmaz əmlakın qəbul edilməsinin, geri qaytarılmasının və ya istifadə edilməsinin əsas prinsiplərinin müəyyənləşdirilməsi;

4) kredit təşkilatının digər hüquqi şəxslərin kapitalında iştirakının təsdiq edilməsi;

5) kredit təşkilatının, onun filial və nümayəndəliklərinin vəzifəli şəxslərinin əmlak məsuliyyətinə cəlb edilməsi haqqında qərarların çıxarılması;

6) kredit təşkilatının, onun filial və nümayəndəliklərinin vəzifəli şəxslərinin və əməkdaşlarının əmək haqqının ödənilməsi və mükafatlandırılması sisteminin müəyyənləşdirilməsi;

7) Milli Bankın normativ aktlarında nəzərdə tutulan digər hallarda.

2. Müşahidə şurasının tərkibinə 3 nəfərdən az olmamaq şərtilə tək sayda üzvlər daxildir. Şura üzvləri ümumi yığıncaq tərəfindən 4 ildən çox olmayan müddətə payçılar (səhmdarlar) sırasından seçilmiş üzvlərdən ibarətdir. Şuraya ümumi yığıncaqda seçilmiş sədr başçılıq edir. Şuranın üzvləri sonrakı 4 il müddətinə yenidən seçilə bilərlər. Ümumi yığıncaq şuranın üzvləri üçün mükafat müəyyən edə bilər; mükafat yalnız kredit təşkilatının xalis mənfəətindən verilməlidir.

3. Müşahidə şurasının üzvü ümumi yığıncaq tərəfindən aşağıdakı hallarda şura üzvlüyündən azad olunmalıdır:

1) həmin şəxs Azərbaycan Respublikasında qeydə alınmış başqa 3 müəssisədə və hər hansı digər kredit təşkilatında şura üzvü olduqda;

2) həmin şəxs bu kredit təşkilatının muzdla tutulmuş işçisi olduqda;

3) həmin şəxs Müşahidə şurasının üzvlüyü hüququndan qanunla məhrum edildikdə.

4. Müşahidə şurasının və onun üzvlərinin öz vəzifələrini başqalarına həvalə etmək hüququ yoxdur.

5. Müşahidə şurasının qərarları adi səs çoxluğu ilə qəbul edilir. Şura üzvlərinin sayı 3-dən artıq olduqda onların 60 faizinin iştirakı ilə iclas səlahiyyətli sayılır. Səsvermə zamanı bitərəf qalmağa icazə verilmir.

Maddə 24. Maliyyə-təftiş komissiyası

1. Maliyyə-təftiş komissiyası ümumi yığıncaq tərəfindən 4 ildən çox olmayan müddətə seçilir. Onun tərkibinə 3 nəfərdən az olmamaq şərtilə tək sayda üzvlər daxildir. Müşahidə şurası və İdarə Heyəti üzvlərinin eyni zamanda Maliyyə-təftiş komissiyasında çalışmaq hüququ yoxdur. Komissiyanın sədri ümumi yığıncaqda seçilir. Maliyyə-təftiş komissiyası:

1) bank qanunvericiliyinin, Milli Bankın normativ aktlarının və kredit təşkilatının nizamnaməsinin icrasına nəzarət edir;

2) mühasibat nəzarətini həyata keçirir.

2. Maliyyə-təftiş komissiyası özünün təsdiq etdiyi iş planı üzrə, eləcə də ümumi yığıncağın, Müşahidə şurasının, İdarə Heyətinin, səslərin 10 faizindən çoxuna malik payçıların (səhmdarların) tələbi ilə və nizamnamədə nəzərdə tutulan digər hallarda yoxlamalar keçirir. Ümumi yığıncaq Maliyyə-təftiş komissiyasının rəyi olmadan illik balansı təsdiq edə bilməz.

3. Komissiyanın qərarları adi səs çoxluğu ilə qəbul edilir və səsvermə zamanı bitərəf qalmağa icazə verilmir.

4. Ümumi yığıncaq komissiyanın üzvləri üçün mükafatlar müəyyən edə bilər; mükafat yalnız kredit təşkilatının xalis mənfəətindən verilməlidir.

Maddə 25. İdarə Heyəti

1. İdarə Heyəti kredit təşkilatını idarə edir və onun fəaliyyəti üçün məsuliyyət daşıyır.

2. İdarə Heyəti azı 3 üzvdən ibarətdir. İdarə Heyətinin üzvləri ümumi yığıncaqda 4 ildən çox olmayan müddətə seçilirlər. Onlar təkrar müddətə seçilə bilərlər. İdarə Heyətinin tərkibində həm kredit təşkilatının payçıları (səhmdarları), həm də kənar şəxslər seçilə bilərlər. İdarə Heyətinə ümumi yığıncağın seçdiyi sədr başçılıq edir.

3. İdarə Heyətinin üzvü aşağıdakı hallarda vəzifədən azad olunmalıdır:

1) həmin şəxs Müşahidə şurasının üzvü olduqda və ya Azərbaycan Respublikasında qeydə alınmış hər hansı digər müəssisənin rəhbər orqanlarında xidmətə keçdikdə;

2) həmin şəxs İdarə Heyətinin üzvlüyü hüququndan qanunla məhrum edildikdə;

3) həmin şəxs dövlət hakimiyyəti və bələdiyyə orqanlarının işçisi olduqda;

4) həmin şəxs kredit təşkilatının İdarə Heyətinin əri (arvadı), birinci və ya ikinci dərəcəli qohumu olduqda.

4. İdarə Heyətinin qərarları adi səs çoxluğu ilə qəbul edilir. Üzvlərin sayı 3-dən artıq olduqda İdarə Heyətinin iclası üzvlərin 60 faizi iştirak etdikdə səlahiyyətli sayılır. Səsvermə zamanı bitərəf qalmağa icazə verilmir.

IV fəsil. Bank fəaliyyəti

Maddə 26. Kredit təşkilatının maliyyə sabitliyi üçün tələblər

Kredit təşkilatı Milli Bankın müəyyənləşdirdiyi həcmlərdə məcburi ehtiyatlar saxlamalı, aktivləri təsnifləşdirməli və mümkün zərəri ödəmək üçün özünün ehtiyat fondlarına malik olmalı, nizamnamə kapitalının minimum məbləğinə, risklərin maksimum məbləğinə və likvidlik göstəricilərinə aid tələblərə əməl olunmasını təmin etməlidir.

Maddə 27. Bank əməliyyatları və əqdləri

1. Kredit təşkilatı bank lisenziyalarında müəyyən edilən hüdudlarda aşağıdakı bank əməliyyatlarını həyata keçirə bilər:

    • vəsaiti faizlə və ya faizsiz qəbul etmək (tələb edilənədək, müddətli depozitlər növündə və ya başqa növdə);
    • borcalanla razılığa əsasən kreditlər vermək; fiziki və hüquqi şəxslərin hesablarını açmaq və aparmaq;
    • fiziki və hüquqi şəxslərin, o cümlədən müxbir kredit təşkilatlarının tapşırığı ilə onların hesabları üzrə hesablaşmalar aparmaq;
    • pul vəsaitini, vekselləri, ödəniş və hesablaşma sənədlərini inkassasiya etmək, fiziki və hüquqi şəxslərə kassa xidməti göstərmək;
    • nağd və nağdsız formalarda xarici valyutanı alıb-satmaq; qiymətli metalları əmanətlərə cəlb etmək və yerləşdirmək;
    • bank təminatları vermək.

2. Kredit təşkilatı bu maddənin birinci hissəsində sadalanan bank əməliyyatlarından başqa aşağıdakı əqdləri həyata keçirə bilər:

    • üçüncü şəxslərin əvəzinə pul formasında öhdəliklərin icrasını nəzərdə tutan tapşırıqların verilməsi;
    • üçüncü şəxslərdən pul formasında öhdəliklərin icrasını tələb etmək hüququnun alınması;
    • fiziki və hüquqi şəxslərlə razılaşmaya əsasən pul vəsaitinin və başqa əmlakın vəkalətnamə ilə idarə olunması;
    • Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə qiymətli metallarla və qiymətli daş-qaşlarla əməliyyatlar aparılması;
    • sənədlərin və sərvətlərin saxlanması üçün xüsusi otaqların və ya oradakı seyflərin fiziki və hüquqi şəxslərə icarəyə verilməsi;
    • lizinq əməliyyatları;
    • məsləhət və informasiya xidmətləri göstərilməsi.

Kredit təşkilatı qanunvericiliyə müvafiq surətdə başqa əqdləri də həyata keçirə bilər.

Maddə 28. Qiymətli kağızlar bazarında kredit təşkilatının fəaliyyəti

1. Bank əməliyyatlarının aparılması üçün Milli Bankın lisenziyasına müvafiq surətdə kredit təşkilatı aşağıdakı qiymətli kağızları buraxmaq, almaq, satmaq, uçotunu aparmaq, saxlamaq və onlarla başqa əməliyyatları həyata keçirmək hüququna malikdir:

    • ödəniş sənədi funksiyalarını yerinə yetirən qiymətli kağızlar;
    • pul vəsaitinin əmanətlərə və hesablara cəlb olunmasını təsdiq edən qiymətli kağızlar;
    • qanunvericiliyə uyğun olaraq əməliyyatların aparılması zamanı digər qiymətli kağızlar;
    • kredit təşkilatı dövlət qiymətli kağızlarını almaq, satmaq, saxlamaq və onlarla başqa əməliyyatları keçirmək hüququna malikdir.

2. Kredit təşkilatı fiziki və hüquqi şəxslərlə müqavilə əsasında yuxarıda göstərilən qiymətli kağızları vəkalətnamə ilə idarə etmək hüququna malikdir. Kredit təşkilatı qanunvericiliyə uyğun olaraq qiymətli kağızlar bazarında peşəkar fəaliyyət göstərə bilər.

Maddə 29. Kredit təşkilatına aidiyyəti olan şəxslərlə əməliyyatların aparılması

1. Kredit təşkilatı ona aidiyyəti olan şəxsə krediti Milli Bankın müəyyən etdiyi qaydaya uyğun verir. Aidiyyətli şəxslər aşağıdakılardır:

    • kredit təşkilatının hər hansı inzibatçısı;
    • kredit təşkilatının kapitalında payı 10 faizdən çox olan şəxslər;
    • hər hansı hüquqi şəxs, əgər kapitalında kredit təşkilatının mühüm iştirak payı olarsa;
    • inzibatçının birinci dərəcəli qohumu olan və ya onunla işgüzar mənafelərlə bağlı olan hər hansı şəxs;
    • kredit təşkilatının əməkdaşları.

2. Belə şəxslərə kredit təşkilatının verdiyi bütün kreditlər üzrə borcun məcmu məbləği kredit təşkilatının öz vəsaitinin 20 faizindən artıq olmamalıdır.

V fəsil. Kredit təşkilatları arasında münasibətlər. Kredit təşkilatlarının müştərilərlə münasibətləri

Maddə 30. Kredit təşkilatları arasında əməliyyatlar

1. Kredit təşkilatları müqavilə əsasında depozitlər, kreditlər formasında bir-birinin vəsaitini cəlb edə bilər və yerləşdirə bilər, lisenziyalarında nəzərdə tutulan başqa qarşılıqlı əməliyyatları apara bilərlər.

2. Kredit təşkilatları hər ay respublika ərazisində və xaricdə yeni açılmış müxbir hesabları barədə Milli Banka məlumat verirlər.

3. Kredit əməliyyatları aparmaq və götürdükləri öhdəlikləri yerinə yetirmək üçün vəsait çatışmadıqda kredit təşkilatları kredit almaq üçün Milli Banka müraciət edə bilərlər.

Maddə 31. Kredit təşkilatının müştərilərlə münasibətləri

1. Kredit təşkilatı ilə müştərilər arasında münasibətlər müqavilə xarakteri daşıyır. Kredit təşkilatının ixtiyarı yoxdur ki, müştərilərin pul vəsaitindən istifadənin istiqamətlərini müəyyən etsin və nəzarətdə saxlasın, müştərilərin öz pul vəsaitindən özləri istədiyi kimi istifadə etmək hüququnu qanunvericilik aktlarında və ya müqavilələrdə nəzərdə tutulmayan başqa şəkildə məhdudlaşdırsın.

2. Müştərilər kredit-hesablaşma və kassa xidməti üçün kredit təşkilatlarını müstəqil seçirlər, bank əməliyyatlarının bütün növləri üzrə bir və ya bir neçə kredit təşkilatının xidmətlərindən istifadə edə bilərlər. Hesabların açılması və bağlanması qaydası Milli Bankın normativ aktı ilə müəyyənləşdirilir.

3. Kredit təşkilatı öz əməliyyatları üzrə faiz dərəcələrini və komisyon haqqının miqdarını özü müəyyən edir.

4. Kredit təşkilatı qanunvericilikdə, yaxud müştərilər ilə müqavilədə nəzərdə tutulmuş hallar istisna olmaqla, kreditlər, depozitlər (əmanətlər) üzrə faiz dərəcələrini, komisyon haqqını və müştərilərlə bağlanmış müqavilələrin qüvvədə olması müddətlərini birtərəfli qaydada dəyişdirə bilməz.

5. Kredit təşkilatı əmlakı, o cümlədən əmlak hüquqlarını, qiymətli kağızları girov götürərək və bank praktikasında qəbul olunmuş başqa formalarda zəmanət və öhdəlik üçün təminat alaraq kreditlər verə bilər. Borcalan müqavilə üzrə öhdəlikləri pozduqda kredit təşkilatı verilmiş kreditləri və kreditlər üzrə hesablanmış faizləri vaxtından əvvəl almaq (müqavilədə nəzərdə tutulubsa) hüququna malikdir.

Borcalan girovla təmin edilmiş öhdəliyini icra etmədikdə kredit təşkilatının tələblərinin girov qoyulmuş əmlakın dəyəri hesabına ödənilməsi üçün məhkəmənin qərarı tələb olunmur.

6. Kredit təşkilatı təminat almadan kredit verilməsi haqqında qərar qəbul edə bilər (blank krediti).

Maddə 32. Hesablaşmaların aparılması

Kredit təşkilatları Milli Bankın normativ aktlarında müəyyən edilmiş, habelə dünya bank praktikasında qəbul olunmuş forma və qaydalarda hesablaşmalar aparırlar.

Maddə 33. Kredit təşkilatlarının ittifaqları və assosiasiyaları

Kredit təşkilatları öz üzvlərinin mənafeyini qorumaq və təmsil etmək, onların fəaliyyətini əlaqələndirmək, regionlararası və beynəlxalq əlaqələrin inkişafını, elm, informasiya və peşə mənafelərini təmin etmək, bank fəaliyyətinin həyata keçirilməsinə və kredit təşkilatlarının digər birgə məsələlərinin həllinə dair tövsiyələr hazırlamaq üçün mənfəət götürmək məqsədi güdməyən ittifaqlar və assosiasiyalar yarada bilərlər.

Maddə 34. Kredit təşkilatlarının qrupları və holdinqlər

Kredit təşkilatlarının qrupları iki və ya daha çox kredit təşkilatı arasında müvafiq müqavilə bağlamaq yolu ilə birgə məsələlərin həlli üçün (bank əməliyyatlarının birlikdə həyata keçirilməsi) yaradılır. Holdinq bir və ya daha çox kredit təşkilatının kapitalında mühüm iştirak payına malik olan və ya onlarla müqaviləyə əsasən fəaliyyətləri ilə bağlı məsələlərin həllinə təsir göstərmək imkanı olan kredit təşkilatıdır. Kredit təşkilatlarının qruplarının və holdinqlərin yaradılması barədə Milli Banka 10 gün müddətində məlumat verilir.

Maddə 35. Bank sirri

1. Kredit təşkilatı öz müştərilərinin və müxbirlərinin əməliyyatlarının, hesablarının və əmanətlərinin sirrini saxlamağa təminat verir.

2. Kredit təşkilatının bütün payçıları (səhmdarları) və əməkdaşları müştərilərin və müxbirlərin hesablarının, əməliyyatlarının və əmanətlərinin sirrini qorumalıdırlar. Bu qayda onların işdən və payçılıqdan çıxdıqları halda da qüvvədə qalır.

3. Hüquqi və fiziki şəxslərin hesabları, əməliyyatları, depozitləri və əmanətləri barəsində arayışlar onların özlərindən və vəkalətli nümayəndələrindən başqa, müştərilərin pul vəsaitinə və digər sərvətlərinə həbs qoyulması, tələb yönəldilməsi və ya bunların müsadirə edilməsi ilə əlaqədar yalnız məhkəmənin qanuni qüvvəyə minmiş hökmü və ya qərarı olduqda məhkəmə orqanlarına verilə bilər.

4. Hesabların və əmanətlərin sahibləri vəfat etdikdə onların hesabları və əmanətləri barəsində arayışlar hesab və ya əmanət sahibinin kredit təşkilatına verdiyi sərəncamda göstərdiyi şəxslərə, vəfat etmiş əmanətçilərin əmanətləri haqqında dövlət notariat kontorlarının icraatında olan vərəsəlik işləri ilə əlaqədar həmin kontorlara, habelə notariat funksiyalarını həyata keçirən xarici konsulluq idarələrinə verilir.

5. Kredit təşkilatının bank fəaliyyətinə aid məlumatlar Milli Bankın vəkalətli nümayəndələrinə və onun təyin etdiyi auditora verilir.

Maddə 36. Kredit təşkilatında olan pul vəsaitinə və başqa sərvətlərə həbs qoyulması və tələb yönəldilməsi

1. Hüquqi və fiziki şəxslərin kredit təşkilatında olan pul vəsaitinə və başqa sərvətlərinə ancaq məhkəmə orqanlarının qərarı əsasında, qüvvədə olan qanunvericilikdə müəyyənləşdirilmiş qaydada həbs qoyula bilər. Kredit təşkilatı həbs qoyulması barədə müvafiq qərarı aldığı andan hesablar və əmanətlər üzrə məxaric əməliyyatlarını dayandırır (həbs qoyulan vəsait həcmində).

Məcburi dövlət sosial sığortası haqqı ödənilmədikdə və ya ödənilməsi gecikdirildikdə sığorta edənlərin hesablaşma və köçürmə əməliyyatlarının (büdcəyə və digər icbari ödənişlər istisna olmaqla) aparılmasının məhdudlaşdırılması üçün qanunla nəzərdə tutulmuş tədbirlər görülür.

2. Hüquqi və fiziki şəxslərin kredit təşkilatında olan pul vəsaitinə və başqa sərvətlərinə yalnız qanunvericiliyə müvafiq surətdə verilmiş icra sənədlərinə əsasən tələb yönəldilə bilər.

Məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən tətbiq edilən maliyyə sanksiyaları qanunvericiliklə müəyyən olunmuş qaydada sığortaedənin hesabından tutulur.

3. Kredit təşkilatı müştərilərin pul vəsaitinə və digər sərvətlərinə həbs qoyulması, yaxud tələb yönəldilməsi nəticəsində müştərilərə dəymiş zərərə görə məsuliyyət daşımır.

4. Pul vəsaiti və digər sərvətlər məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında müsadirə edilə bilər.

Maddə 37. Mübahisələrə baxılması qaydası

Kredit təşkilatlarının öz aralarında və digər müştərilərlə yaranan bütün mübahisələrinə aidiyyəti üzrə məhkəmə qaydasında baxılır.

VI fəsil. Əmanət işi

Maddə 38. Əmanət qoyuluşları

1. Azərbaycan Respublikasında fiziki şəxslərin əmanətlərini bu əməliyyatın aparılması üçün Milli Bankdan lisenziya almış kredit təşkilatları qəbul edə bilərlər. Belə əməliyyatların aparılması üçün lisenziya azı iki il fəaliyyətdə olan kredit təşkilatlarına verilir.

2. Vəsaitin əmanətlərə cəlb olunması yazılı şəkildə, iki nüsxə tərtib olunmuş müqavilə ilə rəsmiləşdirilir. Nüsxələrdən biri əmanətçiyə verilir. Əmanətlər adlı və təqdim edənə ola bilər.

3. Kredit təşkilatı əmanətlərin salamatlığını və əmanətçilər qarşısında öhdəliklərinin vaxtında icra olunmasını təmin etməlidir.

Maddə 39. Kredit təşkilatının əmanətçiləri

1. Kredit təşkilatının əmanətçiləri Azərbaycan Respublikasının vətəndaşları, xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər ola bilərlər. Əmanətçilər öz əmanətlərinin saxlanması üçün kredit təşkilatını seçməkdə sərbəstdirlər, bir və ya bir neçə kredit təşkilatında əmanət saxlaya bilərlər.

2. Əmanətçilər öz əmanətləri barəsində sərəncam verə bilər, əmanətlər üzrə faizlər şəklində gəlir əldə edə bilər, nağdsız hesablaşmalar apara bilərlər. Əmanətlər üzrə gəlirlər pul şəklində ödənilir.

3. Əmanətçi kredit təşkilatına verdiyi sərəncamda əmanətini hər hansı bir şəxsə və ya dövlətə vəsiyyət edə bilər.

4. Barəsində sərəncam verilməmiş əmanəti kredit təşkilatı əmanətçinin vəfat etdiyi halda Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada varislərə verir. Əmanətlər üzrə qanuni varis tapılmadıqda 20 il ərzində ildə bir dəfədən az olmayaraq həmin əmanətlər hesabına rəsmi qəzetlərdə elanlar verilərək qanuni varis axtarılır. Qanuni varisi tapılmayan əmanətlərdən istifadə qüvvədə olan qanunvericiliyə müvafiq surətdə müəyyənləşdirilir.

VII fəsil. Bank qanunvericiliyinin pozulmasına görə məsuliyyət

Maddə 40. Bank qanunvericiliyinin pozulmasına görə məsuliyyət

1. Kredit təşkilatı bank qanunvericiliyini, Milli Bankın normativ aktlarını pozduqda onlara qarşı «Azərbaycan Respublikasının Milli Bankı haqqında» Qanunda nəzərdə tutulmuş sanksiyalar tətbiq edilə bilər. Sanksiyalardan narazı qalan tərəfin məhkəməyə şikayət etmək hüququ vardır.

2. Tətbiq edilmiş sanksiyalar pozuntunun xarakterindən asılı olaraq Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə başqa mülki və ya cinayət məsuliyyəti istisna etmir.

VIII fəsil. Konservasiya və ləğvetmə

Maddə 41. Konservasiya

Kredit təşkilatı bu Qanuna müvafiq surətdə müəyyənləşdirilmiş və ya irəli sürülmüş tələblərə təkrarən və ya müntəzəm əməl etmədikdə, Milli Bankın İdarə Heyəti onun maliyyə vəziyyətinin sağlamlaşdırılmasına ümid edilən hallarda konservasiya haqqında qərar çıxara bilər. Konservasiyanın müddəti 18 aydan çox olmamalıdır.

Maddə 42. Konservasiya haqqında qərar

1. Kredit təşkilatının konservasiyası haqqında qərarda aşağıdakılar göstərilməlidir:

1) konservasiyanın səbəbləri;

2) konservasiya aparmaq üçün təyin olunmuş şəxs haqqında məlumat; bu şəxs Milli Bankın əməkdaşı və ya kənar şəxs ola bilər;

3) konservasiyanın müddəti;

4) kredit təşkilatında müştərilərə məxsus depozitləri (əmanətləri) və ya başqa vəsaitləri dondurmağın mümkünlüyü.

2. Zəruri hallarda kredit təşkilatının konservasiyasının müddəti konservasiya aparmağa təyin edilmiş şəxsin vəsatəti əsasında 18 aydan çox olmamaq şərti ilə Milli Bankın qərarı ilə uzadıla bilər.

Maddə 43. Konservasiya haqqında qərarın qüvvəyə minməsi

1. Konservasiya haqqında qərar həmin qərarda göstərilmiş gün qüvvəyə minir; qərar rəsmi qəzetdə dərc edilir.

2. Konservasiya haqqında qərarın qüvvəyə mindiyi gündən etibarən konservasiya aparan şəxsin qabaqcadan razılığı olmadan kredit təşkilatının adından görülmüş tədbirlər etibarsız və hüquqi qüvvəsi olmayan sayılır.

3. Konservasiya aparan şəxsin təyin olunması faktı konservasiya müddəti qurtaranadək kredit təşkilatının inzibatçılarının həmin banka aid hüquqlarını, payçılarının (səhmdarlarının) isə bankın idarə olunmasına aid hüquqlarını dayandırır.

Maddə 44. Konservasiya aparan şəxsin səlahiyyətləri

Konservasiya aparan şəxsə kredit təşkilatına rəhbərlik və əməliyyatların aparılması sahəsində özünün zəruri və ya səmərəli saydığı hər cür tədbirləri görmək səlahiyyətləri verilir. Həmin səlahiyyətlərə kredit təşkilatında vəziyyətin normallaşdırılması məqsədilə hər cür tədbirlər görmək, o cümlədən filialları, nümayəndəlikləri və bu cür digər idarələri bağlamaq, onun fikrincə lüzumsuz işçi qüvvəsi yaradan və ya xidməti uyğunsuzluq üzündən öz vəzifələrini icra edə bilməyən kredit təşkilatı işçilərini qanunvericiliyə müvafiq surətdə işdən azad etmək hüququ aiddir.

Maddə 45. Depozitlərin (əmanətlərin) dondurulması

Zəruri hallarda kredit təşkilatının maliyyə vəziyyətinin normallaşdırılması üçün konservasiya aparan şəxs əhalinin həmin kredit təşkilatına qoyduğu depozitlərin (əmanətlərin) ən çoxu üç ayadək müddətə tamamilə və ya qismən dondurulması haqqında qərar qəbul edə bilər, bu şərtlə ki, konservasiya üçün məsul şəxsin iqtisadi əsaslandırmalarına görə, görülmüş tədbirlər həmin depozitlərin (əmanətlərin) təqribi dəyərini qorusun.

Maddə 46. Ödəniş qabiliyyətsizliyinin elan edilməsi

Konservasiya müddətinin sonunadək Milli Bank kredit təşkilatını ödəniş qabiliyyəti olmayan hesab etsə, onun lisenziyası geri alınır və qüvvədə olan qanunvericiliyə müvafiq surətdə kredit təşkilatı müflis elan edilir.

Maddə 47. Konservasiya aparan şəxsin fəaliyyətinə nəzarət və onun nəticələrinə görə məsuliyyət

Konservasiya aparan şəxsin fəaliyyətinə Milli Bank nəzarət edir və onun nəticələrinə görə Milli Bank məsuliyyət daşıyır.

Maddə 48. Konservasiyaya xitam verilməsi

Konservasiyaya aşağıdakı hallarda xitam verilir:

1) konservasiya haqqında qərarda müəyyənləşdirilmiş müddət qurtardıqda;

2) Milli Bank kredit təşkilatının normal fəaliyyət göstərə bildiyini hesab etsə, onun qərarı ilə daha tez müddətdə;

3) kredit təşkilatı bu Qanunun müddəalarına müvafiq surətdə ləğv olunduqda.

IX fəsil. Kredit təşkilatında uçot və hesabat, onun fəaliyyətinə nəzarət

Maddə 49. Uçot və hesabat

1. Kredit təşkilatında mühasibat uçotu qaydalarını, hesabatın xarakterini, həcmini və təqdim edilməsi müddətini Milli Bank müəyyənləşdirir.

2. Kredit təşkilatının hesabları, uçot sənədləri və maliyyə hesabatları onun filiallarının əməliyyatlarını və maliyyə vəziyyətini birlikdə əks etdirməlidir. İllik hesabat zamanı kredit təşkilatı törəmə kredit təşkilatlarının hesabatlarını nəzərə almaqla ümumiləşdirilmiş mühasibat balansı və mənfəət-zərər barədə hesabat təqdim edir.

3. Xarici bankların filialları bu maddənin tələblərinə uyğun olaraq, Milli Banka hesabat təqdim etməlidirlər.

Maddə 50. Kredit təşkilatının auditi

Kredit təşkilatının illik maliyyə-təsərrüfat fəaliyyəti ancaq onun seçdiyi, yaxud lazımi hallarda Milli Bankın təyin etdiyi auditor tərəfindən yoxlanmalı və yoxlamanın nəticələri Milli Banka bildirilməklə, Milli Bankın müəyyənləşdirdiyi forma və müddətlərdə illik balans, mənfəət və zərər barədə hesabat mətbuatda dərc etdirilməlidir.

Maddə 51. Hesabatlar və inspeksiyalar

1. Kredit təşkilatı inzibati idarəetmə və öz əməliyyatları, likvidlik və kredit qabiliyyəti, rentabelliyi haqqında hesabatlar hazırlayır. Hesabatlar Milli Bankın normativ aktlarında müəyyənləşdirilmiş formada və təfsilatda hazırlanaraq vaxtaşırı Milli Banka təqdim olunur. Hesabatlar payçıların (səhmdarların) ümumi yığıncağına təqdim edilir.

2. Azərbaycan Respublikasının Dövlət Vergi Müfəttişliyi tərəfindən aparılan yoxlamalar istisna olmaqla bütün kredit təşkilatları, onların filialları yalnız Milli Bank tərəfindən və bu Qanunun 50-ci maddəsində nəzərdə tutulmuş qaydada yoxlanılır. Yoxlama və nəzarət funksiyalarını həyata keçirən digər dövlət hakimiyyəti orqanları kredit təşkilatlarını yoxlamaq təşəbbüsü ilə Milli Bank qarşısında əsaslandırılmış vəsatət qaldırdığı hallarda Milli Bank özü və ya auditor təşkilatını cəlb etməklə yoxlamanı həyata keçirə bilər.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 14 iyun 1996-cı il

№ 123-IQ

Azərbaycan Respublikasının Qanunvericilik Toplusunda dərc edilmişdir (30 sentyabr 1997-ci il, № 3, maddə 176) («LegalActs»).

21 aprel 1998-ci il tarixli, 486-IQD nömrəli Qanuna əsasən əlavələr və dəyişikliklərlə («LegalActs»).


© LegalActs