Об утверждении Соглашения «О сотрудничестве в области защиты авторского права и связанных с ним прав» между правительством Азербайджанской Республики и Кабинетом министров Украины
«Azərbaycan» qəzetində dərc edilmişdir (27 iyul 2002-ci il, № 169) «Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 iyul 2002-ci il, № 7, maddə 394)
Release date: 02.07.2002Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında «Müəlliflik hüququ və əlaqəli hüquqların qorunması sahəsində əməkdaşlıq haqqında» Sazişin təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında «Müəlliflik hüququ və əlaqəli hüquqların qorunması sahəsində əməkdaşlıq haqqında» 2002-ci il fevralın 14-də Kiyev şəhərində imzalanmış Saziş təsdiq edilsin.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV.
Bakı şəhəri, 2 iyul 2002-ci il.
№ 355-IIQ.
«Azərbaycan» qəzetində dərc edilmişdir (27 iyul 2002-ci il, № 169) («LegalActs» LLC).
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 iyul 2002-ci il, № 7, maddə 394) («LegalActs» LLC).
Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti
arasında müəlliflik hüququ və əlaqəli hüquqların qorunması sahəsində əməkdaşlıq
haqqında
Saziş
Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti, bundan sonra «Tərəflər»,
ədəbiyyat, elm və incəsənət əsərlərindən istifadə etməklə mədəni sərvətlərin qarşılıqlı mübadiləsi sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinə çalışaraq;
milli mədəni potensialın formalaşmasında, beynəlxalq mədəni mübadilədə, həmçinin bərabərhüquqlu dövlətlərarası ticarət-iqtisadi və elmi-texniki əlaqələrin inkişaf etdirilməsində müəlliflik hüququ və əlaqəli hüquqların əhəmiyyətini nəzərə alaraq;
bu məqsədlə müəlliflərin və əlaqəli hüquq sahiblərinin hüquqlarının qorunması üçün qarşılıqlı əlverişli şəraitin yaradılmasının vacibliyini dərk edərək;
ədəbi-bədii əsərlərin qorunması haqqında Bern Konvensiyasından (24 iyul 1971-ci il Paris aktı, 2 oktyabr 1979-cu il dəyişiklikləri ilə),
6 sentyabr 1952-ci il tarixli Müəllif hüququ haqqında Ümumdünya Konvensiyasından,
24 sentyabr 1993-cü il tarixdə Moskva şəhərində imzalanmış Müəllif hüququ və əlaqəli hüquqlar sahəsində əməkdaşlıq haqqında Sazişdən (Tərəflərin hər ikisinin dövlətlərinin iştirakçısı olduğu MDB dövlətləri çərçivəsində bağlanmış) irəli gələn öhdəliklərinin əhəmiyyətini təsdiq edərək;
müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində qarşılıqlı münasibətləri inkişaf etdirmək istəyini rəhbər tutaraq,
aşağıdakılar haqqında razılığa gəldilər:
Maddə 1
Tərəflərdən hər biri müəlliflərə və hüquq əldə edənlərə və onların hüquqi varislərinə məxsus müəlliflik hüququnu və əlaqəli hüquqları, ilk dərc olunma yerindən asılı olmayaraq tanıyır və həmin hüquqların qorunmasını milli qanunvericilikdə öz fiziki və hüquqi şəxsləri üçün nəzərdə tutulan əsaslarda hüquqi müdafiənin eyni üsullarından və həcmdə istifadə etməklə təmin edir.
Maddə 2
Tərəflər bu Sazişə və üzv olduqları və ya olacaqları digər beynəlxalq müqavilələrə uyğun olaraq ədəbiyyat, elm və incəsənət əsərlərinə hüquqların qorunması və istifadəsi sahəsində əməkdaşlığı qarşılıqlı fayda və bərabərlik əsasında həyata keçirir və inkişaf etdirirlər.
Maddə 3
Tərəflərin hər biri vətəndaşları tərəfindən yaradılmış ədəbiyyat, elm və incəsənət əsərlərindən öz ərazilərində istifadəni təşfiq edir.
Maddə 4
Tərəflərin əməkdaşlığı:
- müəlliflik hüququ və əlaqəli hüquqların obyektlərinə olan hüquqların qorunması və istifadəsi ilə bağlı məsələlərin tənzimlənməsinə;
- müəlliflik hüququ və əlaqəli hüquqların qorunması sahəsində qanunların və digər normativ-hüquqi aktların uyğunlaşdırılmasına;
- müəlliflik hüququ və əlaqəli hüquqların qorunması sahəsində informasiya, həmçinin təcrübə və mütəxəssis mübadiləsinə yönəldiləcək.
Maddə 5
Tərəflərin hər biri müəlliflik hüququ və əlaqəli hüquqlarının tanınmasına və qorunmasına münasibətdə digər Tərəfin fiziki və hüquqi şəxslərinə hər hansı üçüncü Tərəfə ikitərəfli müqavilə ilə verdiyindən az olmayan əlverişli rejim təqdim edir.
Maddə 6
Bu Sazişin tətbiqindən irəli gələn bütün ödəniş və hesablaşmalar Tərəflərin hər birinin dövlətinin milli qanunvericiliyinə uyğun olaraq sərbəst dönərli valyuta ilə həyata keçiriləcək, lakin müvafiq hüquq sahibinin arzusu ilə ödəniş və hesablaşmalar ödənişi aparan Tərəfin dövlətinin milli valyutası ilə aparıla bilər.
Maddə 7
Tərəflər, bu Sazişin əməli tətbiqi üçün əhəmiyyət kəsb edən öz dövlətlərinin qanunları və digər hüquqi-normativ aktları barədə bir-birinə məlumat verəcəklər.
Maddə 8
Müəlliflik hüquqlarının yaranması, məzmunu və xitamı, ərazisində onların istifadə və ya pozulması faktının baş verdiyi Tərəfin dövlətinin qanunvericiliyinə müvafiq olaraq müəyyən edilir.
Maddə 9
Bu Sazişin həyata keçirilməsi gedişində Tərəflərin bir-birinə göndərdiyi bütün sənədlər rus dilinə tərcümə olunmaqla dövlət dilində təqdim olunur.
Maddə 10
Bu Sazişin həyata keçirilməsi üçün məsuldurlar:
- Azərbaycan Respublikasında—Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi;
- Ukraynada—Ukrayna Elm və Təhsil Nazirliyinin Dövlət Əqli Mülkiyyət Departamenti.
Müvafiq orqanlar arasında əməkdaşlığın qayda və şərtləri onlar arasında bağlanmış xüsusi sazişlərlə müəyyən ediləcək.
Maddə 11
Tərəflər bu Sazişin təfsiri və tətbiqi ilə əlaqədar bütün fikir ayrılıqlarını məsləhətləşmələr və danışıqlar yolu ilə həll edəcəklər.
Maddə 12
Bu Saziş Tərəflərin müəlliflik hüququ və əlaqəli hüquqların qorunması sahəsində digər tərəflərlə ikitərəfli və çoxtərəfli əməkdaşlıqda iştirakına mane olmur.
Maddə 13
Tərəflərin qarşılıqlı razılığı ilə bu Sazişə əlavə və dəyişikliklər edilə bilər və bunlar ayrıca protokollarla rəsmiləşdiriləcək və bu Sazişin ayrılmaz hissəsi hesab olunacaqdır.
Maddə 14
Bu Saziş beş il müddətinə bağlanır və Tərəflərin onun qüvvəyə minməsi üçün zəruri olan müvafiq dövlətdaxili proseduralarının yerinə yetirilməsi barədə axırıncı yazılı bildirişinin alındığı tarixdən qüvvəyə minir.
Tərəflərdən biri müvafiq müddətin başa çatmasına altı aydan az olmayan vaxt qalana qədər Sazişin qüvvəsinin ləğv edilməsi niyyəti barədə digər Tərəfə yazılı birdiriş göndərmədiyi halda, onun qüvvəsi avtomatik olaraq növbəti beş il müddətinə uzadılır.
Kiyev şəhərində 14 fevral 2002-ci il tarixdə iki əsl nüsxədə Azərbaycan, Ukrayna və rus dillərində imzalanmışdır, bütün mətnlər autentikdir.
Bu Sazişin müddəalarının təfsirində fikir ayrılığının yaranacağı halda Tərəflər rus dilindəki mətnə müraciət edəcəklər.
Azərbaycan Respublikası |
Ukrayna |
© LegalActs LLC