Об утверждении подписанного 20 апреля 2002 года в городе Баку «Протокола о сотрудничестве между Министерством иностранных дел Азербайджанской Республики и Министерством иностранных дел Республики Словении»
«Azərbaycan» qəzetində dərc edilmişdir (18 iyun 2002-ci il, № 136) «Azərbaycan Respublikası Qanunvericilik Toplusunda» dərc edilmişdir (30 iyun 2002-ci il, № 6, maddə 353).
Release date: 12.06.20022002-ci il aprelin 20-də Bakı şəhərində imzalanmış «Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Sloveniya Respublikasının Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Protokol»un təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
1. 2002-ci il aprelin 20-də Bakı şəhərində imzalanmış «Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Sloveniya Respublikasının Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Protokol» təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki:
- Bu Sərəncamın 1-ci bəndində göstərilən Protokolun həyata keçirilməsini təmin etsin;
- Bu Sərəncamın 1-ci bəndində göstərilən Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Sloveniya Respublikası tərəfini xəbərdar etsin.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 12 iyun 2002-ci il
№ 946
«Azərbaycan» qəzetində dərc edilmişdir (18 iyun 2002-ci il, № 136) («LegalActs» LLC).
«Azərbaycan Respublikası Qanunvericilik Toplusunda» dərc edilmişdir (30 iyun 2002-ci il, № 6, maddə 353) («LegalActs» LLC).
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Sloveniya Respublikasının Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında
Protokol
Bundan sonra Tərəflər adlandırılacaq Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Sloveniya Respublikası Xarici İşlər Nazirliyi,
qarşılıqlı maraq kəsb edən ikitərəfli münasibətlər, regional və beynəlxalq məsələlərə dair müxtəlif səviyyələrdə fikir mübadiləsi və məsləhətləşmələrin hər iki tərəf üçün əhəmiyyətini nəzərə alaraq,
aşağıdakılara dair razılığa gəldilər:
Maddə 1
Tərəflər qarşılıqlı maraq kəsb edən beynəlxalq, regional və ikitərəfli məsələlərə dair Xarici İşlər Nazirləri və digər səviyyələrdə müntəzəm danışıqlar və məsləhətləşmələr keçirəcəklər.
Xüsusi əhəmiyyət kəsb edən məsələlərin baxılması üçün tərəflərin qarşılıqlı razılığı əsasında ad hoc işçi və ekspert qrupları yaradıla bilər.
Maddə 2
Tərəflər keçiriləcək danışıqlar və məsləhətləşmələrin yerini, şərtlərini və gündəliyini qabaqcadan və əldə olunmuş qarşılıqlı razılıq əsasında müəyyən edəcəklər. Azərbaycan Respublikası Xarici İşlər Naziri və Sloveniya Respublikası Xarici İşlər Naziri və ya onların səlahiyyətlərində olan digər rəsmi şəxslər səviyyəsində görüşlər tərəflərin qarşılıqlı razılığı əsasında keçiriləcək.
Maddə 3
Tərəflər beynəlxalq təşkilatlar və forumlar çərçivəsində öz mövqelərini əlaqələndirmək üçün məsləhətləşmələr aparacaq və əməkdaşlıq edəcəklər.
Tərəflər üçüncü ölkələrdə olan diplomatik və konsulluq missiyaları vasitəsilə bir-biri ilə əməkdaşlıq edəcəklər.
Maddə 4
Tərəflər diplomatik xidmətlərin qarşılıqlı fəaliyyəti, birbaşa təmasların həyata keçirilməsi, əməkdaşların mübadiləsi vasitəsilə təcrübə mübadiləsi, seminarlar və birgə tədqiqatların təşkil edilməsi və bir-biri arasında müxtəlif birbaşa əlaqələrin araşdırılması üçün əlverişli şərait yaradacaqlar.
Maddə 5
Tərəflərin qarşılıqlı razılığı əsasında bu Protokola əlavələr və dəyişikliklər edilə bilər.
Maddə 6
Bu Protokol beş il müddətinə bağlanılır və bu Protokolun qüvvəyə minməsi üçün bütün dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə hər bir tərəfin digər tərəfə yazılı bildirişinin göndərildiyi tarixdən qüvvəyə minir. Əgər tərəflərdən biri beşillik müddətin bitməsinə 6 ay qalmış Protokolu ləğv etmək niyyəti haqda qarşı tərəfə yazılı şəkildə məlumat verməzsə, Protokolun qüvvədə qalma müddəti növbəti 5 il müddətinə uzadılır.
Bakı şəhərində 20 aprel 2002-ci il tarixində iki nüsxədə hər biri Azərbaycan, sloven və ingilis dillərində olmaqla imzalanmışdır, bütün mətnlər eyni qüvvəyə malikdir. Təfsirində fikir ayrılığı yarandığı təqdirdə ingilis dilində olan mətn əsas götürüləcəkdir.
Azərbaycan Respublikasının |
Sloveniya Respublikasının |
© LegalActs LLC