Об утверждении Положения и описания медали Азербайджанской Республики «За заслуги в военном сотрудничестве»


Release date: 30.09.2013

Azərbaycan Respublikasının «Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə» medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında

Azərbaycan Respublikasının «Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə» medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan Respublikasının «Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə» medalının Əsasnaməsi və təsviri təsdiq edilsin (əlavə olunur).

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 17 may 2002-ci il

№ 328-IIQD.

«Azərbaycan» qəzetində dərc edilmişdir (2 iyun 2002-ci il, № 124) («LegalActs» LLC).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 may 2002-ci il, № 5, maddə 254) («LegalActs» LLC).

30 sentyabr 2013-cü il tarixli, 733-IVQD nömrəli Qanuna əsasən dəyişikliklərlə («LegalActs» LLC).


«Azərbaycan Respublikasının
«Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə»
medalının Əsasnaməsinin və
təsvirinin təsdiq edilməsi haqqında»
Azərbaycan Respublikasının
2002-ci il 17 may tarixli,
328-IIQ nömrəli Qanunu ilə
təsdiq edilmişdir

«Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə» medalı haqqında

Əsasnamə

1. «Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə» medalı ilə Azərbaycan Respublikası ilə hərbi əməkdaşlığın möhkəmləndirilməsində göstərdikləri xidmətlərə görə Azərbaycan Respublikasının və xarici ölkələrin hərbi qulluqçuları və digər şəxslər təltif edilirlər.

2. «Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə» medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda «Sərhəddə fərqlənməyə görə» medalından sonra taxılır.


«Azərbaycan Respublikasının
«Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə»
medalının Əsasnaməsinin və
təsvirinin təsdiq edilməsi haqqında»
Azərbaycan Respublikasının
2002-ci il 17 may tarixli,
328-IIQ nömrəli Qanunu ilə
təsdiq edilmişdir

«Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə» medalının təsviri

«Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə» medalı mərkəzində aypara və səkkizguşəli ulduz olan milli ornamentli ensiz lövhə ilə birgə bürüncdən tökülmüş qızılı rəngli, dairəvi formalı, diametri 36 mm olan lövhədən ibarətdir.

Medalın ön tərəfində üzərində səkkizguşəli ulduz yerləşdirilmiş qalxan təsvir edilmişdir.

Qalxandan yuxarıda çevrə boyunca «Azərbaycan Respublikası», ulduzun ortasında «Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə» sözləri yazılmış, qalxandan aşağıda iki çarpazlaşdırılmış qılınc, qalxanın sol tərəfində dəfnə yarpağından, sağ tərəfində isə palıd yarpağından çələnglər yerləşdirilmişdir. Çevrənin daxili və ulduzun xarici konturlarının arasında relyefli şüalar vardır.

Ulduz ağ, qılınclar gümüşü rəngdə, qalan təsvirlər isə qızılı rəngdədir.

Arxa tərəfi hamar səthlidir, orta hissəsində medalın seriyası və nömrəsi həkk olunmuşdur.

Medal paltara bərkidilmək üçün elementi olan, 37 mm x 50 mm ölçülü düzbucaqlı xara lentlə halqa və ilgək vasitəsilə birləşdirilir. Tünd qırmızı rəngli xara lentin kənarlarından mərkəzinə doğru ardıcıl olaraq 1 mm enində qızılı rəngli, 3 mm enində göy və yaşıl rəngli şaquli zolaqlar təsvir edilmişdir. Xara lentin yuxarı hissəsinə 40 mm x 5 mm ölçülü qızılı rəngli təbəqə bərkidilir.

Medala paltara bərkidilmək üçün elementi olan, eyni xara lentdən hazırlanmış 37 mm x 10 mm ölçülü qəlib əlavə olunur.


«Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə» medalı


© LegalActs LLC