Об утверждении Положения и описания медали Азербайджанской Республики «За отличие в военной службе»
Release date: 30.09.2013
Azərbaycan Respublikasının «Hərbi xidmətdə fərqlənməyə görə» medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. Azərbaycan Respublikasının «Hərbi xidmətdə fərqlənməyə görə» medalının Əsasnaməsi və təsviri təsdiq edilsin (əlavə olunur).
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 17 may 2002-ci il
№ 327-IIQD.
«Azərbaycan» qəzetində dərc edilmişdir (2 iyun 2002-ci il, № 124) («LegalActs» LLC).
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 may 2002-ci il, № 5, maddə 253) («LegalActs» LLC).
30 sentyabr 2013-cü il tarixli, 732-IVQD nömrəli Qanuna əsasən dəyişikliklərlə («LegalActs» LLC).
«Azərbaycan Respublikasının
«Hərbi xidmətdə fərqlənməyə görə» medalının
Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi
haqqında» Azərbaycan Respublikasının
2002-ci il 17 may tarixli,
327-IIQ nömrəli Qanunu ilə
təsdiq edilmişdir
«Hərbi xidmətdə fərqlənməyə görə» medalı haqqında
Əsasnamə
1. «Hərbi xidmətdə fərqlənməyə görə» medalı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları aşağıdakılara görə təltif edilirlər:
- döyüş hazırlığındakı əla göstəricilərə görə;
- təlimlərdə, döyüş xidməti və döyüş növbəsində xüsusi fərqlənməyə görə;
- şücaət, fədakarlıq və hərbi xidmət keçdiyi dövrdə göstərdiyi digər xidmətlərə görə.
2. «Hərbi xidmətdə fərqlənməyə görə» medalının üç dərəcəsi vardır:
«Hərbi xidmətdə fərqlənməyə görə» 1-ci dərəcəli medal;
«Hərbi xidmətdə fərqlənməyə görə» 2-ci dərəcəli medal;
«Hərbi xidmətdə fərqlənməyə görə» 3-cü dərəcəli medal
1-ci dərəcəli medal ən ali dərəcəlidir.
3. «Hərbi xidmətdə fərqlənməyə görə» medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda «Hərbi xidmətlərə görə» medalından sonra taxılır.
«Azərbaycan Respublikasının
«Hərbi xidmətdə fərqlənməyə görə» medalının
Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi
haqqında» Azərbaycan Respublikasının
2002-ci il 17 may tarixli,
327-IIQ nömrəli Qanunu ilə
təsdiq edilmişdir
«Hərbi xidmətdə fərqlənməyə görə» 1-ci, 2-ci və 3-cü dərəcəli medalın təsviri
«Hərbi xidmətdə fərqlənməyə görə» medalı üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz yerləşdirilmiş ensiz lövhə ilə birgə bürüncdən tökülmüş, dairəvi formalı və diametri 36 mm olan lövhədən ibarətdir.
Medalın ön tərəfində üst səthi hamar və guşələri qabarıq olan səkkizguşəli ulduzun fonunda açılmış qartal qanadları, çarpazlaşdırılmış tüfənglər və lövbər təsvir edilmişdir. Ulduzun üst səthində, guşələrinin konturları ilə çevrənin konturları arasında relyefli şüalar vardır.
İki tərəfdən konturlanmış çevrə boyunca yuxarıda «Hərbi xidmətdə fərqlənməyə görə» sözləri həkk olunmuş, aşağıda isə palıd yarpaqlarından çələnglər yerləşdirilmişdir.
Medalın 3-cü dərəcəsi gümüşü rəngli, 2-ci dərəcəsi çevrə və onun üzərindəki sözlər istisna olmaqla — qızılı rəngli, 1-ci dərəcəsi — qızılı rəngli, qartal qanadları gümüşü, lövbər isə qara rəngdədir.
Arxa tərəfi hamar səthlidir, ortasında medalın seriyası və nömrəsi həkk olunmuşdur.
Medal paltarın yaxasına bərkidilmək üçün elementi olan, 37 mm x 50 mm ölçüdə düzbucaqlı zeytun rəngli xara lentə halqa və ilgək vasitəsilə birləşdirilir. Bütün dərəcəli medallar üçün xara lentin kənarlarında 1 mm enində qızılı rəngli şaquli zolaqlar təsvir olunmuşdur. Lentin ortasında medalın 1-ci dərəcəsi üçün eni 5 mm olan qızılı rəngli bir şaquli zolaq, 2-ci və 3-cü dərəcəsi üçün eni 2 mm olan müvafiq olaraq iki və üç zolaq vardır.Xara lentin yuxarı hissəsinə 40 mm x 5 mm ölçülü, medalın 1-ci dərəcəsi üçün qızılı, 2-ci və 3-cü dərəcəsi üçün gümüşü rəngli təbəqə bərkidilir.
Medala paltara bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçülü qəlib əlavə olunur.
«Hərbi xidmətdə fərqlənməyə görə» medalı
1-ci dərəcə |
2-ci dərəcə |
3-cü dərəcə |
© LegalActs LLC