Об утверждении Положения и описания медали Азербайджанской Республики «За безупречную службу»
Release date: 30.09.2013
Azərbaycan Respublikasının «Qüsursuz xidmətə görə» medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. Azərbaycan Respublikasının «Qüsursuz xidmətə görə» medalının Əsasnaməsi və təsviri təsdiq edilsin (əlavə olunur).
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 17 may 2002-ci il
№ 330-IIQ
«Azərbaycan» qəzetində dərc edilmişdir (1 iyun 2002-ci il, № 123) («LegalActs» LLC).
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 may 2002-ci il, № 5, maddə 256) («LegalActs» LLC).
2 oktyabr 2008-ci il tarixli, 688-IIIQD nömrəli; 30 sentyabr 2013-cü il tarixli, 735-IVQD nömrəli Qanunlara əsasən dəyişikliklərlə («LegalActs» LLC).
«Azərbaycan Respublikasının
«Qüsursuz xidmətə görə»
medalının Əsasnaməsinin və
təsvirinin təsdiq edilməsi haqqında»
Azərbaycan Respublikasının
2002-ci il 17 may tarixli,
330-IIQ nömrəli Qanunu ilə
təsdiq edilmişdir
«Qüsursuz xidmətə görə» medalı haqqında
Əsasnamə
1. «Qüsursuz xidmətə görə» medalı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrində qüsursuz həqiqi hərbi xidmət keçən, hər il iyun ayının 26-na qədər 10, 15 və 20 təqvim ili tamam olmuş hərbi qulluqçular təltif edilirlər.
2. «Qüsursuz xidmətə görə» medalının üç dərəcəsi vardır:
«Qüsursuz xidmətə görə» 1-ci dərəcəli medal - Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;
«Qüsursuz xidmətə görə» 2-ci dərəcəli medal - Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
«Qüsursuz xidmətə görə» 3-cü dərəcəli medal - Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə.
1-ci dərəcəli medal ən ali dərəcəlidir.
3. «Qüsursuz xidmətə görə» medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medallları olduqda «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918 — 2008)» Azərbaycan Respublikasının yubiley medalından sonra taxılır.
«Azərbaycan Respublikasının
«Qüsursuz xidmətə görə»
medalının Əsasnaməsinin və
təsvirinin təsdiq edilməsi haqqında»
Azərbaycan Respublikasının
2002-ci il 17 may tarixli,
330-IIQ nömrəli Qanunu ilə
təsdiq edilmişdir
«Qüsursuz xidmətə görə» 1-ci, 2-ci və 3-cü dərəcəli medalının təsviri
«Qüsursuz xidmətə görə» medalı mərkəzində aypara və səkkizguşəli ulduz olan milli ornamentli ensiz lövhə ilə birgə bürüncdən tökülmüş, dairəvi formalı və diametri 36 mm ölçülü lövhədən ibarətdir.
Medalın ön tərəfində açılmış qartal qanadları fonunda çarpazlaşdırılmış tüfənglər və lövbər təsvir edilmişdir.
Medalın yuxarısında milli ornamentin üzərində aypara ilə səkkizguşəli ulduz, aşağısında isə palıd yarpaqlarından çələnglər yerləşdirilmişdir.
Medalın 3-cü dərəcəsi gümüşü rəngli, 2-ci dərəcəsi qızılı rəngli, 1-ci dərəcəsi qızılı rəngli, aypara ilə ulduz ağ, tüfənglər gümüşü, lövbər isə qara rəngdədir.
Arxa tərəfi hamar səthlidir, medalın seriyası və nömrəsi qeyd olunmaqla, ortasında 1-ci dərəcəli medalda «20 il qüsursuz xidmətə görə», 2-ci dərəcəli medalda «15 il qüsursuz xidmətə görə», 3-cü dərəcəli medalda «10 il qüsursuz xidmətə görə» sözləri yazılmış və milli ornamentin üzərində aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Çevrə boyunca yuxarıda «Azərbaycan Respublikası», aşağıda isə «Silahlı Qüvvələri» sözləri həkk olunmuşdur.
Medal paltarın yaxasına bərkidilmək üçün elementi olan, 37 mm x 50 mm ölçüdə düzbucaqlı xara lentə halqa və ilgək vasitəsilə birləşdirilir. Xara lentdə zeytun rəngli fonda kənarlarından mərkəzə doğru ardıcıl olaraq Silahlı Qüvvələrin növlərinin rəngləri — 1 mm enində zeytun və ağ rəngli, 3 mm enində göy və ağ rəngli şaquli zolaqlar təsvir edilmişdir. Zeytun rəngin ortasında medalın 1-ci dərəcəsi üçün eni 1 mm olan qızılı rəngli bir şaquli zolaq, 2-ci və 3-cü dərəcəsi üçün eni 1 mm olan müvafiq olaraq iki və üç zolaq vardır. Xara lentin yuxarı hissəsinə 40 mm x 5 mm ölçülü, medalın 1-ci və 2-ci dərəcəsi üçün qızılı, 3-cü dərəcəsi üçün gümüşü rəngli, eni 4 mm olan təbəqə bərkidilir.
Medala paltara bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçülü qəlib əlavə olunur.
«Qüsursuz xidmətə görə» medalı
1-ci dərəcə |
2-ci dərəcə |
3-cü dərəcə |
© LegalActs LLC