О внесении изменений и дополнений в некоторые законодательные акты Азербайджанской Республики в связи с применением Закона Азербайджанской Республики «О психиатрической помощи»


Release date: 19.04.2002

«Psixiatriya yardımı haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə

«Psixiatriya yardımı haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 1, maddə 17) aşağıdakı məzmunda 338-1-ci maddə əlavə edilsin:

«Maddə 338-1. Şəxsin psixiatriya stasionarına məcburi yerləşdirilməsi müddətinin uzadılması

Şəxsin psixiatriya stasionarına məcburi yerləşdirilməsi müddətinin uzadılması həkim-psixiatriya komissiyasının rəyi əsasında müalicəni həyata keçirən psixiatriya müəssisəsinin müdiriyyətinin vəsatəti ilə müəssisənin yerləşdiyi yer üzrə məhkəmə tərəfindən həyata keçirilir».

II. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 4, maddə 251; 2001-ci il, № 1, maddə 24, № 7, maddə 455; 2002-ci il, № 1, maddə 9; Azərbaycan Respublikasının 2002-ci il 16 aprel tarixli 302-IIQD saylı Qanunu) aşağıdakı məzmunda 138.3-cü və 138.4-cü maddələr əlavə edilsin:

«138.3. Qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan hesab edilən, habelə qeyri-könüllü psixiatriya yardımı göstərilən və ya tibbi xarakterli məcburi tədbirlərə cəlb edilən şəxslər üzərində biotibbi eksperimentlər aparma —

    • şərti maliyyə vahidinin beş yüz mislindən min mislinədək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

138.4. Psixi pozuntunun müalicəsində qarşısıalınmaz nəticə doğuran cərrahiyyə üsullarından istifadə etmə —

    • şərti maliyyə vahidinin beş yüz mislindən min mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.»

III. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 19 aprel 2002-ci il

№ 305-IIQD.

«Azərbaycan» qəzetində dərc edilmişdir (12 may 2002-ci il, № 107) («LegalActs» LLC).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 may 2002-ci il, № 5, maddə 236) («LegalActs» LLC).

© LegalActs LLC