О йодировании соли с целью массовой профилактики йододефицитных заболеваний
Release date: 12.07.2019
Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında
Azərbaycan Respublikasının Qanunu
Bu Qanun Azərbaycan Respublikasında yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması tədbirlərinin hüquqi, təşkilati və iqtisadi əsaslarını müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir.
I
fəsil. Ümumi müddəalarMaddə 1. Əsas anlayışlar
1.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.0.1. yod çatışmazlığı xəstəlikləri – orqanizmdə yod çatışmazlığı nəticəsində qalxanabənzər vəzin funksiyalarının pozulması ilə əlaqədar yaranan patoloji vəziyyət (beyin funksiyalarının pozulması, uşaqsalma, uşağın ölü doğulması, ağıl kəmliyi, kretinizm və s.);
1.0.2. yod çatışmazlığı xəstəliklərinin profilaktikası – yod çatışmazlığı xəstəliklərinin qarşısının alınmasına yönəldilmiş tədbirlər;
1.0.3. duzun yodlaşdırılması – yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə qida və yem üçün istifadə olunan duzun yodla zənginləşdirilməsi prosesi.
Maddə 2. Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında Azərbaycan Respublikasının qanunvericiliyi
Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, «Yeyinti məhsulları haqqında» Azərbaycan Respublikasının Qanunundan, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.
Maddə 3. Qanunun tətbiq dairəsi
Bu Qanun Azərbaycan Respublikasında yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması sahəsində fəaliyyət göstərən bütün fiziki və təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi şəxslərə şamil edilir.
Maddə 4. Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması sahəsində dövlətin vəzifələri
4.0. Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması sahəsində dövlətin vəzifələri aşağıdakılardır:
4.0.1. yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası ilə bağlı məqsədli dövlət proqramlarının hazırlanması və həyata keçirilməsi;
4.0.2. əhali arasında yod çatışmazlığı xəstəliklərinin ayılma dərəcəsinin öyrənilməsi, qiymətləndirilməsi və proqnozlaşdırılması;
4.0.3. əhalinin yodlaşdırılmış duza tələbatının təmin edilməsi məqsədi ilə iqtisadi, hüquqi və təşkilati tədbirlərin həyata keçirilməsi.
II fəsil. Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması üzrə tədbirlər və yodlaşdırılmış duza tələblər
Maddə 5. Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması üzrə tədbirlər
5.0. Azərbaycan Respublikasında yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması sahəsində aşağıdakı tədbirlər həyata keçirilir:
5.0.1. əhalinin profilaktik müayinəsinin təşkili və yod çatışmazlığı olan xəstələrin aşkar edilməsi;
5.0.2. monitorinq məqsədi ilə ildə bir dəfə yod çatışmazlığı xəstəliklərinin dinamikasının və aparılan profilaktika tədbirlərinin səmərəliliyinin qiymətləndirilməsi və nəticələri barədə əlaqədar orqanlara məlumat verilməsi;
5.0.3. yod çatışmazlığı xəstəliklərinin qarşısının alınmasına yönəldilmiş elmi tədqiqatların aparılmasının təşkili;
5.0.4. yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası tədbirləri haqqında əhalinin məlumatlandırılması və bu xəstəliklərin qarşısının alınması məsələlərinə dair sanitariya maarifinin mətbuat, radio, televiziya vasitəsilə təşkili, plakatların, bülletenlərin və s. nəşri;
5.0.5. «Yeyinti məhsulları haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə müvafiq olaraq yodlaşdırılmış duzun istehsalı, daşınması, saxlanması, qablaşdırılması, etiketləşdirmə və satış şərtlərini müəyyən edən qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların məcburiliyi.
Maddə 6. Yod çatışmazlığı xəstəliklərinin profilaktikasına nəzarət
6.1. Yod çatışmazlığı xəstəliklərinin profilaktikasına dövlət nəzarəti qanunvericilikdə müəyyən olunmuş qaydada öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.
6.2. Yodlaşdırılmış duzun minimum keyfiyyət və təhlükəsizlik göstəricilərinin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğunluğunu müəyyən etmək məqsədi ilə duzdan götürülmüş nümunələrin ekspertizası müvafiq icra hakimiyyəti orqanı tərfindən aparılır.
6.3. Yodlaşdırılmış duzun minimum keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi sahəsində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə əməl olunmasına ictimai nəzarət qanunvericilikdə müəyyən olunmuş qaydada həyata keçirilir.
Maddə 7. Yodlaşdırılmış duza tələblər
7.1. Qida və yem məqsədi ilə istifadə olunan duz yodlaşdırılmalı, onun minimum keyfiyyəti, təhlükəsizliyi, tərkibindəki yodun miqdarına nəzarət metodları müvafiq qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğun olmalıdır. Duzun tərkibində yodun miqdarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir.
7.2. Duzun istehsalı, daşınması, saxlanması, qablaşdırılması, etiketləşdirmə və satış şərtləri qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlara uyğun olaraq həyata keçirilir.
7.3. Azərbaycan Respublikasına idxal
edilən və ya respublikada istehsal olunan
yodlaşdırılmış duzun qablaşdırılması,
etiketləşdirilməsi, saxlanması, daşınması və
satışı müvafiq standartlara və tələblərə əməl
edilməklə həyata keçirilir.
7.4. Yararlıq müddəti qurtarmış yodlaşdırılmış duzun istifadəsi, təkrar emalı və yenidən yodlaşdırılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.
Maddə 8. Yodlaşdırılmış duzun istehsalı və idxalına dair tələblər
8.1. Azərbaycan Respublikasında yodlaşdırılmış duzun istehsalçılarının fəaliyyəti qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğunluğunun təmin edilməsi məqsədi ilə yoxlanılır, məhsulları ekspertizadan keçirilir və həmin subyektlər qida təhlükəsizliyi qeydiyyatına alınır.
8.2. Azərbaycan Respublikasına idxal olunan yodlaşdırılmış duz müvafiq qaydada tanınmış və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilmiş qida təhlükəsizliyi (sağlamlıq) sertifikatına malik olmalıdır. İdxal olunan yodlaşdırılmış duzun istehsalçısı qida təhlükəsizliyi qeydiyyatından keçdiyi halda, həmin istehsalçının məhsullarına qida təhlükəsizliyi (sağlamlıq) sertifikatı tələb olunmur.
8.3. Yodlaşdırılmamış duzun qida və yem məqsədi ilə istehsalı, satışı və Azərbaycan Respublikasına idxalı qadağandır.
8.4. Keyfiyyət göstəricilərinin müvafiq standartla müəyyən olunmuş tələblərə uyğunluğunu müəyyən etmək məqsədi ilə istehsalçının öz istəyi əsasında yodlaşdırılmış duz akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən könüllü sertifikatlaşdırılır. Uyğunluğu qiymətləndirən qurumların akkreditasiyası «Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada həyata keçirilir.
Maddə 9. Yodlaşdırılmış duzun istehsalının stimullaşdırılması
Əhalinin yodlaşdırılmış duza olan tələbatının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikasında yodlaşdırılmış duzun istehsalı sahəsində məqsədli investisiya, qiymət, kredit və subsidiya siyasəti həyata keçirilir.
III fəsil. Yekun müddəaları
Maddə 10. Qanunun pozulmasına görə məsüliyyət
Bu Qanunu pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.
Maddə 11. Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında qanunvericiliyin pozulması nəticəsində vurulan zərərin ödənilməsi
Yodlaşdırılmış duzun istehsalı və satışını həyata keçirən hüquqi və fiziki şəxslər yeyinti məhsullarının minimum keyfiyyət və təhlükəsizliyi sahəsində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərini pozduqda insanların sağlamlığına vurduqları zərəri qanunvericilikdə müəyyən olunmuş qaydada ödəməyə borcludurlar.
Maddə 12. Qanunun qüvvəyə minməsi
12.1. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
12.2. Bu Qanunun 8.3-cü maddəsi 2003-cü il yanvarın 1-dən qüvvəyə minir.r.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 27 dekabr 2001-ci il
№ 242-IIQ
«Azərbaycan» qəzetində dərc edilmişdir (01 fevral 2002-ci il, № 26) ( «LegalActs» LLC).
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 yanvar 2002-ci il, № 1, maddə 10) ( «LegalActs» LLC).
12 iyul 2019-cu il tarixli, 1662-VQD nömrəli Qanuna əsasən dəyişikliklərlə (LegalActs LLC).
© LegalActs LLC