О молодежной политике


Release date: 09.04.2002

Gənclər siyasəti haqqında

Gənclər siyasəti haqqında

Azərbaycan Respublikasının Qanunu

Bu Qanun Azərbaycan Respublikasında gənclər siyasətinin məqsədlərini, prinsiplərini, istiqamətlərini, təşkilati-hüquqi əsaslarını müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir.

I fəsil. Ümumi müddəalar

Maddə 1. Əsas anlayışlar

1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.0.1. gənclər siyasəti — gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında onların fəal iştirakını təmin etmək məqsədi ilə dövlət tərəfindən ictimai-siyasi, sosial-iqtisadi, təşkilati-hüquqi şəraitin və təminatların yaradılmasına yönəlmiş tədbirlər sistemi;

1.0.2. gənclər — yaşı 16-dan 35-dək olan şəxslər;

1.0.3. gənc ailə — gənclərin nikaha daxil olmasından yaranan ailə, habelə himayəsində azı bir uşağı olan və yaşı 35-dən çox olmayan tək valideyn;

1.0.4. istedadlı gənclər — təhsil, elm, texnika, mədəniyyət, idman və digər sahələrdə xüsusi qabiliyyəti olan gənclər;

1.0.5. gənclər təşkilatları — gənclərin problemlərinin həlli, hüquqlarının müdafiəsi, mənəvi tələbatlarının ödənilməsi məqsədi ilə qanunvericilikdə müəyyən olunmuş qaydada yaradılan ictimai birliklər və fondlar.

Maddə 2. Gənclər siyasəti haqqında Azərbaycan Respublikasının qanunvericiliyi

Gənclər siyasəti haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, digər normativ-hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.

Maddə 3. Gənclər siyasətinin məqsəd və prinsipləri

3.1. Azərbaycan Respublikasında gənclər siyasətinin əsas məqsədi gənclərin fiziki, əqli və mənəvi inkişafına şərait yaratmaq, onların imkan və bacarıqlarının reallaşdırılmasına kömək etməkdir.

3.2. Gənclər siyasətinin əsas prinsipləri aşağıdakılardır:

3.2.1. gənclərin vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik, dünyəvilik prinsipləri əsasında, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, adət-ənənələrinə, dövlət dilinə və rəmzlərinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması;

3.2.2. cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında gənclərin fəal iştirakının təmin edilməsi, onların yaradıcılıq potensialının ümummilli problemlərin həllinə səfərbər olunması;

3.2.3. gənclər siyasətinin həyata keçirilməsi zamanı qadın və kişilərin hüquq bərabərliyinə riayət edilməsi;

3.2.4. qanunvericilikdə müəyyən edilmiş hallar istisna olmaqla, yaşa görə gənclərin hüquq və azadlıqlarının hər hansı şəkildə məhdudlaşdırılmasının yolverilməzliyi.

Maddə 4. Gənclər siyasətinin həyata keçirilməsi sahəsində dövlətin vəzifələri

4.0. Gənclər siyasətinin həyata keçirilməsi sahəsində dövlətin vəzifələri aşağıdakılardır:

4.0.1. gənclər siyasəti sahəsində qanunvericilik aktlarının, dövlət proqramlarının hazırlanması və həyata keçirilməsi;

4.0.2. hüquqi və fiziki şəxslərin gənclərlə iş sahəsində fəaliyyətlərinin əlaqələndirilməsi;

4.0.3. gənclərin təhsili, tərbiyəsi, fiziki, əqli və mənəvi inkişafı, sağlamlığının qorunması sahəsində tədbirlərin həyata keçirilməsi;

4.0.4. gənclərin peşə hazırlığı, məşğulluğunun təmin olunması, sahibkarlıq fəaliyyəti, bazar iqtisadiyyatının əsaslarına dair biliklərə yiyələnməsi sahəsində tədbirlərin həyata keçirilməsi;

4.0.5. gənclər siyasəti sahəsində informasiya təminatının həyata keçirilməsi;

4.0.6. gənclərin hərbi xidmətə hazırlanması;

4.0.7. gənclər siyasəti sahəsində tədbirlərin maliyyələşdirilməsi;

4.0.8. gənclərin vəziyyətinin təhlili və problemlərinin həlli ilə əlaqədar elmi araşdırmaların aparılmasının təşkili;

4.0.9. Azərbaycan gənclərinin beynəlxalq tədbirlərdə iştirakına, dünya gəncləri ilə, o cümlədən xarici ölkələrdə yaşayan gənc həmvətənlərlə qarşılıqlı əlaqələrinin inkişafına imkan və şəraitin yaradılması.

II fəsil. Gənclər siyasətinin əsas istiqamətləri

Maddə 5. Gənclərin mənəvi-əxlaqi tərbiyəsi və mədəni həyatda iştirakı

5.1. Müvafiq icra hakimiyyəti orqanları gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi məqsədi ilə hərbi-tətbiqi idman növlərinin və hərbi-idman oyunlarının keçirilməsi, gənclərin, mədəni-kütləvi tədbirlərə, o cümlədən teatr tamaşalarına cəlb edilməsi sahəsində tədbirlər həyata keçirirlər.

5.2. Dövlət gənclərin dünyagörüşünün formalaşmasına, mənəvi-əxlaqi tərbiyəsinə yönəlmiş televiziya və radio verilişlərinin, teatr tamaşalarının və filmlərin hazırlanmasına, ədəbiyyatın və mətbuat orqanlarının nəşrinə kömək göstərir.

5.3. Müvafiq icra hakimiyyəti orqanları gənclərin mənəvi-əxlaqi tərbiyəsi, onlar arasında cinayətkarlığın, narkomaniyanın və digər mənfi meyllərin azaldılması və aradan qaldırılması üçün tədbirlər həyata keçirirlər.

5.4. Gənclərin teatr, konsert və sərgi salonlarından, yaradıcılıq emalatxanalarından, studiyalardan, laboratoriyalardan istifadəsi üçün müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları tərəfindən güzəştlər müəyyən edilə bilər.

Maddə 6. İstedadlı gənclərə dövlət qayğısı

6.1. Sosial və maddi vəziyyətindən asılı olmayaraq istedadlı gənclərin təhsilini davam etdirməsinə dövlət təminat verir.

6.2. Sosial müdafiəyə ehtiyacı olan istedadlı gənclərə təhsilini başa vurduqdan sonra qaytarmaq şərti ilə qanunvericiliklə müəyyən edilmiş qaydada kreditlər verilə bilər.

6.3. Dövlət istedadlı gənclərin Azərbaycan Respublikasında və onun hüdudlarından kənarda müasir peşə və ixtisaslar üzrə təhsil almalarına, təcrübə keçmələrinə şərait yaradır.

6.4. İstedadlı gənclərin həvəsləndirilməsi məqsədi ilə dövlət və yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslər xüsusi təqaüd, mükafat və müavinətlər təsis edə bilərlər.

Maddə 7. Gənclərin sağlamlığının qorunması və fiziki inkişafı

7.1. Müvafiq icra hakimiyyəti orqanları tərəfindən gənclərə tibbi yardımın göstərilməsi, asudə vaxtın təşkili sahəsində tədbirlər həyata keçirilir.

7.2. Təhsil sistemində tibbi xidmət təşkil olunur. Müvafiq icra hakimiyyəti orqanları təhsil müəssisələrinin vəsaiti hesabına əyani təhsil alan tələbələrin hər il kompleks tibbi müayinədən keçirilməsini təmin edirlər.

7.3. Gənclərin dövlət mülkiyyətində olan bədən tərbiyəsi və idman obyektlərindən istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

7.4. Gənclərin bələdiyyə mülkiyyətində olan bədən tərbiyəsi və idman obyektlərindən istifadə qaydaları yerli özünüidarəetmə orqanları tərəfindən müəyyən edilir.

Maddə 8. Gənclərin məşğulluğunun təmin edilməsi

8.1. Dövlət yeni iş yerləri yaratmaq, əmək birjaları, peşə hazırlığı, yenidən hazırlanma və ixtisasartırma kurslarının təşkili yolu ilə gənclərin işlə təmin olunmasına kömək göstərir.

8.2. Ordudan tərxis olunmuş, həmçinin özəlləşdirilən müəssisə və təşkilatlardan azad olunmuş gənclərin yeni peşələrə yiyələnməsi, ixtisaslarının artırılması və məşğulluğu ilə bağlı müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları tərəfindən proqramlar hazırlanır və həyata keçirilir.

8.3. Dövlət orqanları müvafiq proqram və layihələri həyata keçirməklə gənc fermer və digər sahibkarlara yardım edir.

8.4. Sərhədyanı və dağlıq ərazilərdə yaşayan, daimi yaşamaq üçün həmin ərazilərə köçən, təsərrüfatla məşğul olmaq istəyən gənclər qanunvericilikdə müəyyən olunmuş qaydada torpaq sahələri və güzəştli kreditlərlə ilk növbədə təmin olunurlar.

Maddə 9. Gənc ailələrə dövlət yardımı

Yaşayış evi tikmək və ya mənzil almaq, ev təsərrüfatı yaratmaq üçün gənc ailələrə həcmi və verilmə qaydası qanunvericiliklə müəyyən edilən güzəştli kreditlər və ssudalar verilə bilər.

Maddə 10. Gənclər təşkilatlarına dövlət yardımı

10.1. Dövlət gənclər təşkilatlarının formalaşmasına və inkişafına şərait yaradır.

10.2. Gənclər təşkilatları tərəfindən gənclər siyasətinin əsas istiqamətlərinə uyğun hazırlanmış proqramlar (layihələr) müsabiqə əsasında seçilərək dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilə bilər. Proqramların (layihələrin) maliyyələşdirilməsi üçün tələb olunan vəsait müvafiq icra hakimiyyəti orqanının xərclər smetasına daxil edilir.

III fəsil. Gənclər siyasətinin həyata keçirilməsinin təşkilati, maddi və maliyyə təminatı

Maddə 11. Gənclər siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində gənclərin iştirakı

Gənclər bilavasitə və ya yaratdıqları təşkilatlar vasitəsi ilə dövlət orqanları qarşısında təkliflər irəli sürə, müvafiq qanunvericilik aktlarının hazırlanmasında, gənclər siyasətinin əsas istiqamətlərinə uyğun proqramların həyata keçirilməsində iştirak edə bilərlər.

Maddə 12. Gənclər siyasətinin həyata keçirilməsində yerli özünüidarəetmə orqanlarının iştirakı

12.1. Yerli özünüidarəetmə orqanları öz səlahiyyətləri daxilində gənclərin sosial-hüquqi müdafiəsinə yönəlmiş proqramlar hazırlayıb həyata keçirə bilərlər. Bu proqramlar əsasında qəbul olunan qərarlar gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərinə uyğun olmalıdır.

12.2. Gənclər siyasətinin həyata keçirilməsində müvafiq icra hakimiyyəti orqanları tərəfindən yerli özünüidarəetmə orqanlarına təşkilati və metodiki kömək göstərilir.

Maddə 13. Gənclər siyasətinin həyata keçirilməsinin maddi və maliyyə təminatı

13.1. Gənclərin təhsili, tərbiyəsi, asudə vaxtının təşkili, fiziki və mənəvi inkişafı ilə bağlı fəaliyyət göstərən obyektlərin qorunmasına dövlət təminat verir. Bu obyektlər qanunvericilikdə müəyyən olunmuş qaydada özəlləşdirildikdən sonra 5 il müddətində onların funksional təyinatının dəyişdirilməsinə və ya başqa məqsədlər üçün istifadə edilməsinə yol verilmir.

13.2. Gənclər siyasəti tədbirləri dövlət büdcəsinin vəsaiti, habelə qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.

Maddə 14. Yekun müddəaları

14.1. Bu Qanun dərc olunduğu gündən qüvvəyə minir.

14.2. Bu Qanunun qüvvəyə mindiyi gündən «Dövlət gənclər siyasəti haqqında» Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1991-ci il, № 24, maddə 446) qüvvədən düşmüş hesab edilir.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 9 aprel 2002-ci il

№ 297-IIQ.

«Azərbaycan» qəzetində dərc edilmişdir (12 may 2002-ci il, № 107) («LegalActs» LLC).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 may 2002-ci il, № 5, maddə 231) («LegalActs» LLC).

© LegalActs LLC