Об утверждении Соглашения «О Правилах таможенного контроля за провозом через таможенную границу товаров, в составе которых имеются объекты интеллектуальной собственности»


«Azərbaycan» qəzetində dərc edilmişdir (4 aprel 2002-ci il, № 75) «Azərbaycan Respublikasının Qanunvericilik Toplusunda» dərc edilmişdir (30 aprel 2002-ci il № 4, I kitab, maddə 162)

Release date: 12.02.2002

«Tərkibində əqli mülkiyyət obyektləri olan malların gömrük sərhədindən keçirilməsi üzərində gömrük nəzarəti Qaydaları haqqında» Qərarın təsdiq edilməsi barədə

«Tərkibində əqli mülkiyyət obyektləri olan malların gömrük sərhədindən keçirilməsi üzərində gömrük nəzarəti Qaydaları haqqında» Qərarın təsdiq edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. 2001-ci il sentyabrın 28-də Moskva şəhərində qəbul olunmuş «Tərkibində əqli mülkiyyət obyektləri olan malların gömrük sərhədindən keçirilməsi üzərində gömrük nəzarəti Qaydaları haqqında» Qərar təsdiq edilsin.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 12 fevral 2002-ci il

№ 259-IIQ.

«Azərbaycan» qəzetində dərc edilmişdir (4 aprel 2002-ci il, № 75) («LegalActs» LLC).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusunda» dərc edilmişdir (30 aprel 2002-ci il № 4, I kitab, maddə 162) («LegalActs» LLC).


Tərkibində əqli mülkiyyət obyektləri olan malların gömrük sərhədindən keçirilməsi üzərində gömrük nəzarəti Qaydaları haqqında Qərar

Müstəqil Dövlətlər Birliyinin Hökumət Başçıları Şurası Əqli mülkiyyət sahəsində hüquqpozmaların qarşısının alınması üzrə əməkdaşlıq barədə 1998-ci il 6 mart tarixli Sazişin həyata keçirilməsi, tərkibində əqli mülkiyyət obyektləri olan malların gömrük sərhədindən keçirilməsi üzərində gömrük nəzarətinin gücləndirilməsi məqsədi ilə qərara aldı:

1. Tərkibində əqli mülkiyyət obyektləri olan malların gömrük sərhədindən keçirilməsi üzərində gömrük nəzarəti Qaydaları təsdiq edilsin (əlavə olunur).

2. Müstəqil Dövlətlər Birliyinin İqtisadi Şurasına Tərkibində əqli mülkiyyət obyektləri olan malların gömrük sərhədindən keçirilməsi üzərində gömrük nəzarəti Qaydalarına, zərurət yarandıqca dəyişiklik və əlavələr etmək hüququ verilsin.

3. Bu Qərar onu imzalamış dövlətlərin bütün zəruri prosedurları yerinə yetirmələri barədə üçüncü bildirişin saxlanılmaq üçün depozitariyə verildiyi gündən qüvvəyə minir. Zəruri prosedurları sonradan yerinə yetirmiş dövlətlər üçün bu qərar müvafiq sənədlərin saxlanılmaq üçün depozitariyə verildiyi gündən qüvvəyə minir.

Moskva şəhərində 2001-ci il sentyabrın 28-də rus dilində, bir əsl nüsxədə imzalanmışdır. Əsl nüsxə Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsində saxlanılır; İcraiyyə Komitəsi bu Qərarın təsdiq edilmiş surətini onu imzalamış hər bir dövlətə göndərəcəkdir.

Azərbaycan Respublikasının Hökuməti adından

(imza)

Ermənistan Respublikasının Hökuməti adından

(imza)

Belarus Respublikasının Hökuməti adından

(imza)

Gürcüstan Hökuməti adından

(qeyd-şərtlə imzalanmışdır)

Qazaxıstan Respublikasının Hökuməti adından

(imza)

Qırğızıstan Respublikasının Hökuməti adından

(imza)

Moldova Respublikasının Hökuməti adından

(xüsusi rəylə imzalanmışdır)

Rusiya Federasiyasının Hökuməti adından

(imza)

Tacikistan Respublikasının Hökuməti adından

(imza)

Türkmənistan Hökuməti adından

(imzalanmayıb)

Özbəkistan Respublikasının Hökuməti adından

(imza)

Ukrayna Hökuməti adından

(imza)


Tərkibində əqli mülkiyyət obyektləri olan malların
gömrük sərhədindən keçirilməsi üzərində gömrük nəzarəti Qaydaları haqqında
Müstəqil Dövlətlər Birliyi Hökumət Başçıları Şurasının
2001-ci il 28 sentyabr tarixli Qərarı ilə
təsdiq edilmişdir

Tərkibində əqli mülkiyyət obyektləri olan malların gömrük sərhədindən keçirilməsi üzərində gömrük nəzarəti Qaydaları

1. Əsas anlayışlar

Bu Qaydaların məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə olunur:

    • Tərəflər — Əqli mülkiyyət sahəsində hüquqpozmaların qarşısının alınması üzrə əməkdaşlıq barədə 1998-ci il 6 mart tarixli Sazişin iştirakçısı olan dövlətlər;
    • kontrafakt mallar — hüquq sahibinin milli qanunvericilikdə nəzərdə tutulan hüquqlarını pozmaqla yaradılmış və/və ya gömrük sərhədindən keçirilən tərkibində əqli mülkiyyət obyektləri olan mallar (müəlliflik hüququ və qarışıq hüquqlar obyektləri, əmtəə nişanları, coğrafi göstəricilər);
    • hüquq sahibi — əqli mülkiyyət obyektlərinə olan hüquqları Tərəflərin milli qanunvericiliyinə uyğun olaraq qorunan fiziki (hüquqi) şəxs yaxud dövlət;
    • buraxılışın dayandırılması — Tərəflərin gömrük sərhədlərindən keçirilən, kontrafakt mallar olduğu ehtimal edilən, malların buraxılması haqqında qərarın qəbul edilməsi müddətinin gömrük orqanları tərəfindən uzadılması;
    • tərkibində əqli mülkiyyət obyektləri olan malların reyestri (bundan sonra — reyestr) — tərkibində əqli mülkiyyət obyektləri olan, Tərəfin milli qanunvericiliyinə müvafiq olaraq qorunan malların siyahısı; gömrük nəzarətinin məqsədləri üçün mərkəzi gömrük orqanının, hüquq sahibinin və ya onun maraqlarını təmsil edən şəxsin ərizələri əsasında tərtib etdiyi bu siyahıda gömrük sərhədindən keçirilən kontrafakt malları aşkara çıxarmaqda gömrük orqanına imkan verən informasiya (əqli mülkiyyət obyektinin adı; əqli mülkiyyət hüququnun əldə edilməsi üçün əsas; hüquq sahibinin və bu əqli mülkiyyət obyektindən istifadə hüququna icazəsi yaxud lisenziyası olan şəxslərin adları və hüquqi ünvanları; həqiqi malların hazırlanma yerləri və onların istehsalçıları haqqında məlumatlar; kontrafakt məhsul olduğu ehtimal edilən malların təsviri, mənşə ölkəsi, nəql üsulu, idxalçıların və/və ya ixracatçıların adları) olur.

2. Tərkibində əqli mülkiyyət obyektləri olan malların keçirilməsi

Tərkibində əqli mülkiyyət obyektləri olan malların gömrük sərhədindən keçirilməsi bu Qaydalara və Tərəflərin milli qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

Tərəflərdən hər birinin mərkəzi gömrük orqanı gömrük nəzarəti məqsədləri üçün tərkibində əqli mülkiyyət obyektləri olan malların reyestrini aparır.

Gömrük orqanları hüquq sahibinin reyestrə daxil edilmiş əqli mülkiyyət obyektlərinə hüquqlarını Tərəflərin milli qanunvericiliklərində və bu Qaydalarda müəyyən edilmiş qaydada qoruyurlar.

3. Əqli mülkiyyət obyektlərinə hüquqların qorunması barədə ərizə

Hüquq sahibi və ya hüquq sahibinin maraqlarını təmsil edən digər şəxs (bundan sonra — ərizəçi), malların gömrük sərhədindən keçirilməsi zamanı onun əqli mülkiyyət obyektinə olan hüquqlarının pozulduğunu yaxud pozula biləcəyini güman etməyə kifayət qədər əsası olduqda, kontrafakt malların buraxılmasını dayandırmaq xahişi ilə mərkəzi gömrük orqanına əqli mülkiyyət hüquqlarının qorunması barədə ərizə vermək hüququna malikdir. Ərizənin verilməsi, zəruri məlumat və sənədlərin təqdim olunması qaydasını mərkəzi gömrük orqanı müəyyən edir.

Mərkəzi gömrük orqanı əqli mülkiyyət obyektinin reyestrə daxil edilməsi barədə, ərizəçinin müəyyən olunmuş tələblərə riayət etmədiyi yaxud natamam və ya qeyri-səhih məlumatlar təqdim etdiyi hallarda isə reyestrə daxil etməkdən imtina barədə qərar qəbul edir, qəbul edilmiş qərar barədə ərizəçiyə milli qanunvericilikdə müəyyən edilən müddətdə bildiriş göndərir.

Reyestrin aparılması, onun gömrük orqanlarına və ərizəçilərə çatdırılması qaydasını mərkəzi gömrük orqanı müəyyənləşdirir.

4. Əqli mülkiyyət obyektinin reyestrə daxil edilməsinə görə rüsum

Əqli mülkiyyət obyektinin reyestrə daxil edilməsinə görə, Tərəflərin milli qanunvericiliyində müəyyən edilmiş ölçüdə və qaydada rüsum tutulur.

5. Hüquqların qorunması müddəti

Hüquqların qorunması müddətini mərkəzi gömrük orqanı əqli mülkiyyət obyektinin reyestrə daxil edilməsi barədə qərar qəbul edərkən ərizəçi tərəfindən göstərilən müddətləri nəzərə almaqla, milli qanunvericiliyə uyğun olaraq, lakin həmin qərarın qəbul edildiyi vaxtdan iki ildən artıq olmamaqla, müəyyənləşdirir. Ərizəçinin göstərdiyi müddət ərizəçinin müraciəti olduqda uzadıla bilər.

Hüquqların qorunmasının ümumi müddəti əqli mülkiyyət obyektinə hüquqların qüvvədə olma müddətindən artıq ola bilməz.

6. Buraxılışın dayandırılması ilə bağlı məsrəflərin təmin olunması

Əqli mülkiyyət hüquqlarının qorunması barədə ərizə girovla yaxud müvafiq məbləğin depozitə daxil edilməsi ilə və ya malların buraxılışının haqsız olaraq dayandırılması nəticəsində gömrük orqanlarına məsrəfləri və ziyan və ya zədələr olduqda idxalçıya, yükalana, ixracatçıya və ya malların sahibinə kompensasiya ödəməyə təminat verən ərizəçinin təminat öhdəliyi ilə müşayiət olunmalıdır.

Buraxılış dayandırıldığı hallarda gömrük orqanının xərclərinin və məsrəflərinin təminatı və ödənilməsinin həcminin təyin edilməsi qaydası Tərəflərin milli qanunvericiliklərində müəyyən edilir.

7. Tərkibində əqli mülkiyyət obyektləri olan malların buraxılışının dayandırılması

Tərkibində əqli mülkiyyət obyektləri olan, reyestrə daxil edilmiş mallar gömrük orqanına təqdim edildikdə gömrük orqanı malların kontrafakt ola biləcəyi əlamətlərini aşkar edirsə, belə malların buraxılışı dayandırılır.

Bu halda gömrük orqanı şübhə doğuran malların kontrafakt olub-olmamasını təyin etmək məqsədi ilə təmənnasız zəmində istənilən informasiyanın verilməsini və ya texniki ekspertiza və avadanlıq da daxil olmaqla, yardımın göstərilməsini öz təşəbbüsü ilə ərizəçidən tələb edə bilər.

Buraxılışın dayandırılması, 20 iş günündən yaxud 31 təqvim günündən artıq olmayan müddətdə, əgər Tərəflərin milli qanunvericiliyində bu məqsədlər üçün başqa hal nəzərdə tutulmayıbsa (göstərilən dövrlərdən ən uzun olanı seçilir) həyata keçirilə bilər.

Gömrük orqanı buraxılışın dayandırılması barədə deklaranta və ərizəyə dərhal bildiriş göndərir.

8. Məlumatın verilməsi, sınaq və nümunələrin götürülməsi

Gömrük orqanı Tərəflərin milli qanunvericiliyində nəzərdə tutulmuş qaydada ərizəçiyə və deklaranta buraxılışının dayandırılması barədə qərar qəbul edilmiş malların kontrafaktlığının təyin edilməsi üçün zəruri olan məlumatı çatdırır.

Milli qanunvericiliklə müəyyən edilmiş qaydada ərizəçi və deklarant buraxılışının dayandırılması barədə qərar qəbul edilmiş mallardan sınaq üçün nümunələr götürə və onların tədqiqini (ekspertizasını) həyata keçirə bilərlər.

9. Malların buraxılışının dayandırılması barədə qərarın ləğv edilməsi

Əgər ərizəçi malların buraxılışının dayandırılmasına dair qərarın ləğv edilməsi barədə gömrük orqanına müraciət göndərərsə, yaxud malların kontrafaktlığı faktının müəyyənləşdirilməsi üçün bu Qaydaların 7-ci bəndində müəyyən edilmiş müddətlərdə zəruri tədbirlər görməzsə, buraxılışın dayandırılması barədə qərar ləğv edilməli, mallar isə gömrük rəsmiləşdirilməsindən keçməli və buraxılmalıdır.

Malların buraxılışı hüquq sahibinin əqli mülkiyyət obyektlərinə olan hüquqlarının qorunması barədə onun səlahiyyətli orqanlara müraciəti üçün maneə ola bilməz.

Qanunvericiliklə səlahiyyət verilmiş orqanlar malların kontrafakt hesab edilməsi barədə qərar qəbul etdikləri halda belə mallar buraxıla bilməz. Bu zaman kontrafakt mallar ya məhv edilməli, ya da Tərəflərin milli qanunvericiliyində müəyyən edilmiş qaydada onlara başqa cür əncam çəkilməlidir.

Qanunvericiliklə səlahiyyət verilmiş orqanlar malların kontrafaktlığı məsələsi və onların buraxılışı ilə bağlı qərarların qəbul edilməsini bu Qaydaların 7-ci bəndinin 3-cü abzasında nəzərdə tutulmuş müddətlərdə həyata keçirməlidirlər.

10. Tərkibində əqli mülkiyyət obyektləri olan mallara nəzarət üzrə gömrük orqanlarının əlavə səlahiyyətləri

Tərkibində əqli mülkiyyət obyektləri olan reyestrə daxil edilməmiş malların kontrafakt ola biləcəyini güman etməyə kifayət qədər əsas olduqda, gömrük orqanları milli qanunvericiliklə müəyyən edilmiş qaydada, belə malların buraxılışını dayandıra, onları müsadirə edə və ya həmin mallarla bağlı digər tədbirlər görə bilərlər.

Tərəflərin mərkəzi gömrük orqanları arasında razılaşmaya əsasən, bir Tərəfin gömrük orqanları öz səlahiyyətləri çərçivəsində hüquq sahibinin digər Tərəfin mərkəzi gömrük orqanının reyestrinə daxil edilmiş əqli mülkiyyət obyektlərinə hüquqlarının qorunmasını həyata keçirə bilər.

Tərəflərdən hər birinin gömrük orqanları tərkibində əqli mülkiyyət obyektləri olan malların gömrük sərhədlərindən keçirilməsi zamanı belə mallara hüquqların bu Qaydalarda nəzərdə tutulduğundan daha geniş qorunmasını təmin edə bilərlər.

11. Tərkibində əqli mülkiyyət obyektləri olan ayrı-ayrı mallara gömrük nəzarətinin xüsusiyyətləri

Milli qanunvericiliyə uyğun olaraq bu Qaydalar tərkibində əqli mülkiyyət obyektləri olan mallara: gömrük sərhədindən fiziki şəxslərin keçirdiyi yaxud «tranzit» gömrük rejiminə müvafiq surətdə keçirilən mallara, beynəlxalq poçt göndərişlərində göndərilən, eləcə də hüquq sahibinin qanuni əsaslarla dövlətin gömrük ərazisinə gətirdiyi, onun razılığı ilə dövriyyəyə buraxılmış və istehsal və ya kommersiya fəaliyyəti üçün nəzərdə tutulmamış mallara tətbiq edilməyə bilər, bir şərtlə ki, yerinə yetirilməsinə nəzarətin gömrük orqanlarına tapşırıldığı digər tələblərə riayət edilmiş olsun.


© LegalActs LLC