О присоединении к Уставу Всемирного Почтового Союза
«Azərbaycan» qəzetində dərc edilmişdir (4 aprel 2002-ci il, № 75) «Azərbaycan Respublikasının Qanunvericilik Toplusunda» dərc edilmişdir (30 aprel 2002-ci il № 4, I kitab, maddə 167)
Release date: 19.02.2002Ümumdünya Poçt İttifaqının Nizamnaməsinə qoşulmaq haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. Azərbaycan Respublikası 1964-cü il iyunun 10-da Vyana şəhərində qəbul olunmuş Ümumdünya Poçt İttifaqının Nizamnaməsinə qoşulsun.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 19 fevral 2002-ci il
№ 264-IIQ
«Azərbaycan» qəzetində dərc edilmişdir (4 aprel 2002-ci il, № 75) («LegalActs» LLC).
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusunda» dərc edilmişdir (30 aprel 2002-ci il № 4, I kitab, maddə 167) («LegalActs» LLC).
Ümumdünya Poçt İttifaqının Nizamnaməsi
(1969-cu ilin Tokio, 1974-cü ilin Lozanna, 1984-cü ilin Hamburq, 1989-cu ilin Vaşinqton və 1994-cü ilin Seul konqreslərində qəbul olunmuş Əlavə protokollar üzrə dəyişdirilmiş)
Preambula
Xalqlar arasında poçt rabitəsi funksiyalarının effektivliyinin artırılması və beynəlxalq əməkdaşlığın mədəni və iqtisadi planda qoyulmuş yüksək məramlarına yardım edilməsi məqsədilə
Razılığa gəlmiş ölkələrin hökumətlərinin səlahiyyətli nümayəndələri bu Nizamnaməni ratifikasiya etmək şərtilə qəbul etmişlər.
Bölmə I. Əsas müddəalar
Fəsil 1. Ümumi müddəalar
Maddə 1. İttifaqın fəaliyyət dairəsi və məqsədləri
1. Bu Nizamnaməni qəbul edən ölkələr «Ümumdünya Poçt İttifaqı» adı altında qarşılıqlı yazışmaların mübadiləsi üçün vahid poçt ərazisi təşkil edirlər. İttifaqın bütün ərazisində tranzit ötürmələr azadlığına zəmanət verilir.
2. İttifaqın məqsədi poçt münasibətlərinin təşkili və mükəmməlləşdirilməsinin təminatı və bu sahədə beynəlxalq əməkdaşlığın inkişafı üçün əlverişli şəraitin yaradılmasıdır.
3. Öz imkanları daxilində ittifaq öz üzvlərinin poçt rabitəsi sahəsində texniki kömək barədə xahişlərinin yerinə yetirilməsində iştirak edir.
Maddə 2. İttifaqın üzvləri
İttifaqa üzv olan ölkələr bunlardır:
a) bu Nizamnamənin qüvvəyə mindiyi vaxt üzv olan ölkələr;
b) 11-ci maddəyə müvafiq olaraq üzv olmuş ölkələr.
Maddə 3. İttifaqa mənsubluq
İttifaqa mənsubdurlar:
a) üzv ölkələrin əraziləri;
b) ittifaqa daxil olmuş üzv ölkələrin öz ərazilərində yaratdıqları poçt müəssisələri;
v) ittifaq üzvləri olmayan, poçt baxımından əraziləri üzv ölkələrin ixtiyarında olan və ittifaqa daxil edilmiş ərazilər.
Maddə 4. Müstəsna əlaqələr
İttifaqa daxil edilməmiş ərazilərə xidmət edən poçt müdiriyyətləri digər müdiriyyətlərə yardımçı olmağa borcludurlar. Konvensiyanın müddəaları və onun Reqlamenti bu müstəsna əlaqələrə tətbiq oluna bilərlər.
Maddə 5. İttifaqın yerləşdiyi yer
İttifaqın və onun daimi orqanlarının yerləşdiyi yer kimi Bern şəhəri müəyyən edilmişdir.
Maddə 6. İttifaqın rəsmi dili
İttifaqın rəsmi dili fransız dilidir.
Maddə 7. Pul vahidi (1)
İttifaqın aktları üçün işlədilən pul vahidləri Beynəlxalq Valyuta Fondunun haqq-hesab vahididir.
Maddə 8. Regional İttifaqlar. Xüsusi sazişlər
1. Öz ölkələrindəki qanunlar bunu qadağan etmirsə üzv ölkələr və ya onların poçt müdiriyyətləri regional ittifaqlar yarada və beynəlxalq poçt xidmətləri təşkil edə bilərlər, lakin bu halda belə bir şərtə riayət olunmalıdır ki, həmin işdə maraqlı olan üzv ölkələr əhali üçün Aktlarda nəzərdə tutulan və həmin işdə az münasib olan müddəalar oraya daxil etməməlidirlər.
2. Regional ittifaqlar öz müşahidəçilərini ittifaqın konqreslərinə, konfranslarına, inzibati Şuranın, eləcə də Poçt İstismarı Şurasının müşavirələrinə göndərə bilərlər. (2)
3. İttifaq öz müşahidəçilərini Regional ittifaqların konqreslərinə, konfranslarına və müşavirələrinə göndərə bilər.
Maddə 9. Birləşmiş Millətlər Təşkilatı ilə münasibətlər
İttifaqla Birləşmiş Millətlər Təşkilatının münasibətləri mətni bu Nizamnaməyə əlavə olunmuş Sazişlərlə nizamlanır.
Maddə 10. Beynəlxalq təşkilatlarla münasibətlər
Beynəlxalq poçt xidmətləri sahəsində daha sıx əməkdaşlığı təmin etmək üçün ittifaq elə beynəlxalq təşkilatlarla əməkdaşlıq edə bilər ki, onların ittifaqla ümumi maraqları olsun və öz fəaliyyətləri ilə onunla bağlı olsunlar.
Fəsil II. İttifaqa qoşulma və ya ona qəbul. İttifaqdan çıxma
Maddə 11. İttifaqa qoşulma və ya ona qəbul. Prosedur (3)
1. Birləşmiş Millətlər Təşkilatının istənilən üzvü ittifaqa qoşula bilər.
2. Birləşmiş Millətlər təşkilatına üzv olmayan istənilən suveren ölkə üzv ölkə olmaq barədə ittifaqdan xahiş edə bilər. İttifaqa qoşulma və ya ona qəbul barədə xahiş İttifaqın Nizamnaməsinə və məcburi Aktlarına qoşulmaq barədə rəsmi ərizədə ifadə olunmalıdır. Onu marağı olan ölkənin hökuməti Beynəlxalq Büronun Baş Direktoruna göndərir və o da öz növbəsində vəziyyətdən asılı olaraq qoşulma barədə xəbər verir və ya qəbul olunma barədə xahiş üzrə üzv dövlətlərlə məsləhətləşmə keçirir.
3. Birləşmiş Millətlər Təşkilatının üzvü olmayan ölkə yalnız o halda qəbul olunmuş hesab edilir ki, bu xahişə ən azı ittifaqın üzv ölkələrinin üçdə ikisi tərəfdar çıxsın. Dörd ay ərzində bu məsələyə münasibət bildirməmiş üzv ölkələrin münasibəti bitərəflik kimi nəzərə alınır.
4. İttifaqa qoşulma və ya qəbul haqqında məlumat üzv ölkələrin hökumətlərinə Beynəlxalq Büronun Baş Direktoru tərəfindən xəbər verilir. Üzv olma bu məlumatın verildiyi tarixdən qüvvəyə minir.
Maddə 12. İttifaqdan çıxma. Prosedur (4)
1. Hər bir üzv ölkə İttifaqdan Nizamnaməni denonsasiya etmək yolu ilə çıxmaq hüququna malikdir. Bu barədə marağı olan ölkənin Hökuməti vasitəsilə Beynəlxalq Büronun Baş Direktoruna xəbər verir, o isə üzv ölkələrin Hökumətlərini məlumatlandırır.
2. Bu maddənin 1-ci paraqrafında nəzərdə tutulan denonsasiya barədə ərizənin Beynəlxalq Büronun Baş Direktoru tərəfindən alınmasından bir il sonra qüvvəyə minir.
Fəsil III. İttifaqın strukturu
Maddə 13. İttifaqın orqanları (5)
1. İttifaqın orqanları Konqres, İnzibati Şura, Poçt İstismarı Şurası və Beynəlxalq Bürodur.
2. İttifaqın daimi orqanları İnzibati Şura, Poçt İstismarı Şurası və Beynəlxalq Bürodur.
Maddə 14. Konqres
1. Konqres ittifaqın ali orqanıdır.
2. Konqres üzv dövlətlərin nümayəndələrindən ibarətdir.
Maddə 15. Fövqəladə konqreslər
Fövqəladə konqres çağrılması üzv dövlətlərin ən azı üçdə iki hissəsinin xahişi və ya razılığı ilə çağırıla bilər.
Maddə 16. İnzibati konfranslar
(ləğv edilmişdir) (6)
Maddə 17. İnzibati Şura (7)
1. İki konqres arasındakı müddətdə İnzibati Şura (İŞ) öz tərəfindən İttifaqın işinin fasiləsizliyini İttifaq aktlarının müddəaları əsasında təmin edir.
2. İnzibati Şuranın üzvləri öz funksiyalarını İttifaq adından və onun mənafeyi naminə həyata keçirirlər.
Maddə 18. Poçt İstismarı Şurası (8)
Poçt İstismarı Şurasına (PİŞ) poçt xidmətini maraqlandıran istismar, kommersiya, texniki və iqtisadi xarakterli məsələlər həvalə edilir.
Maddə 19. Xüsusi komissiyalar
(ləğv edilmişdir) (9)
Maddə 20. Beynəlxalq Büro (10)
Baş Direktor tərəfindən idarə olunan və İnzibati Şura tərəfindən nəzarət edilən Ümumdünya Poçt İttifaqının Beynəlxalq Bürosu adlanan və İttifaqın yerləşdiyi yerdə fəaliyyət göstərən mərkəzi təşkilat poçt müdiriyyətləri üçün icraedici, yardımedici, əlaqələndirici, məlumat və məsləhət orqanıdır.
Fəsil IV. İttifaqın maliyyə vəsaitləri
Maddə 21. İttifaqın məsrəfləri. Üzv ölkələrin üzvlük haqqı (11)
1. Hər konqres aşağıdakı maksimum məbləği müəyyənləşdirir:
a) İttifaqın illik məsrəflərini;
b) növbəti Konqresin keçirilməsi ilə bağlı məsrəfləri.
2. Bu maddənin 1-ci paraqrafında nəzərdə tutulmuş məsrəflərin maksimal məbləği şərait tələb edərsə artırıla bilər, lakin bu halda buna aid Ümumi Reqlamentin müddəaları gözlənilməlidir.
3. İttifaqın məsrəfləri, lazımi halda 2-ci paraqrafda göstərilən məsrəflər də daxil olmaqla, ittifaq üzvləri olan ölkələr tərəfindən ödənilir. Bu məqsədlə hər bir üzv ölkə özünü aid etmək üçün üzvlük haqqı sinfini seçir. Üzvlük haqqı sinifləri Ümumi reqlamentdə müəyyənləşdirilmişdir.
4. 11-ci maddə əsasında ittifaqa qoşulma və ya qəbul edilmə zamanı ittifaqın məsrəflərini müəyyənləşdirərkən maraqlı ölkə aid olmaq istədiyi üzvlük haqqı sinfini sərbəst surətdə seçir.
Bölmə 2. İttifaqın aktları
Fəsil 1. Ümumi müddəalar
Maddə 22. İttifaqın Aktları
1. Nizamnamə İttifaqın əsas aktıdır. Onun məzmunu İttifaqın başlıca müddəalarını əhatə edir.
2. Ümumi reqlament Nizamnamənin tətbiqi və İttifaqın fəaliyyətini təmin edən müddəalardan ibarətdir. O, bütün üzv dövlətlər üçün məcburidir.
3. Ümumdünya Poçt Konvensiyası və onun İcraçı Reqlamentlə beynəlxalq poçt xidmətinə tətbiq olunan ümumi qaydalar və yazılı poçt xidmətləri barədə müddəalar daxildir. Bu Aktlar bütün üzv dövlətlər üçün məcburidir.
4. İttifaq Sazişləri və onların İcarəedici reqlamentləri iştirak edən bütün üzv ölkələr arasında yazılı poçt xidmətindən başqa digər xidmətləri tənzimləyir. Onlar yalnız həmin ölkələr üçün məcburidir.
5. Konvensiya və Sazişlərin yerinə yetirilməsi üçün tətbiq olunan qaydaların daxil olduğu icraedici reqlamentlər Poçt İstismarı Şurası tərəfindən Konqresin qərarlarını nəzərə almaqla təsdiq edilir. (12)
6. Bu maddənin 3, 4, 5-ci paraqraflarında göstərilən ittifaqın Aktlarına əlavə edilən mümkün Yekun protokollarında bu Aktlara qeyd-şərtlər vardır.
Maddə 23. Üzv ölkələrin öz beynəlxalq əlaqələrini təmin etdiyi ərazilərdə İttifaq Aktlarının tətbiqi (13)
1. Hər bir ölkə istənilən vaxt bəyan edə bilər ki, İttifaqın Aktların onun tərəfindən qəbul edilməsi onun beynəlxalq əlaqələrini təmin etdiyi bütün ərazilərinə və ya onların bəzilərinə şamil edilir.
2. 1-ci paraqrafda nəzərdə tutulan bəyanat Beynəlxalq Büronun Baş Direktoruna Göndərilməlidir.
3. Hər bir üzv ölkə istənilən vaxt Beynəlxalq Büronun Baş Direktoruna 1-ci paraqrafda nəzərdə tutulmuş bəyanatı verməklə İttifaq aktlarının tətbiqinin dayandırılması barədə məlumat göndərə bilər. Bu məlumat Beynəlxalq Büronun Baş Direktoru tərəfindən qəbul olunduqdan bir il sonra qüvvəyə minir.
4. 1-ci və 3-cü paraqraflarda nəzərdə tutulan bəyanat və məlumatlar Beynəlxalq Büronun Baş direktoru tərəfindən üzv ölkələrin nəzərinə çatdırılır.
5. 1-4-cü paraqrafları İttifaq üzvü olan və beynəlxalq əlaqələri üzv ölkə tərəfindən təmin edilən ərazilərə şamil olunmur.
Maddə 24. Milli qanunvericiliklər
İttifaqın Aktlarda dəqiq müəyyən edilməmiş hər hansı bir müddəa heç bir üzv ölkənin qanunvericiliyini poza bilməz.
Fəsil II. İttifaq Aktlarının təsdiqi və denonsasiyası
Maddə 25. İttifaq Aktlarının imzalanması, həqiqiliyinin təsdiqi, ratifikasiyası və digər bəyənilmə formaları (14)
1. Konqresdə qəbul olunmuş İttifaq Aktları üzv ölkələrin səlahiyyətli nümayəndələri tərəfindən imzalanır.
2. İcraedici reqlamentlərin həqiqiliyi Poçt İstismarı Şurasının Sədri və Baş Katibi tərəfindən təsdiq olunur.
3. Nizamnamə mümkün qədər qısa bir zamanda onu imzalamış ölkələr tərəfindən ratifikasiya olunur.
4. Nizamnamədən başqa İttifaqın Aktlarının bəyənilməsi onu imzalamış hər bir ölkənin daxili konstitusiya müddəalarına uyğun olaraq həyata keçirilir.
5. Əgər hər hansı bir ölkə Nizamnaməni ratifikasiya etmirsə və ya özünün imzaladığı Aktları bəyənmirsə, onda Nizamnamə və digər Aktlar buna baxmayaraq, onu ratifikasiya etmiş və ya bəyənmiş digər ölkələr üçün məcburi olaraq qalır.
Maddə 26. İttifaq Aktlarının ratifikasiyası və bəyənilmənin digər formaları barədə məlumat verilməsi (15)
Nizamnamənin, ona aid Əlavə Protokolların ratifikasiyası barədə, eləcə də zərurət yaranarsa, digər İttifaq Aktlarının bəyənilməsi haqda sənədlər ən tez bir zamanda Beynəlxalq Büronun Baş Katibinə çatdırılır ki, o da öz növbəsində bu barədə üzv dövlətlərin hökumətlərinə məlumat verir.
Maddə 27. Sazişlərə qoşulma
1. Üzv ölkələr 22-ci maddənin 4-cü paraqrafında nəzərdə tutulmuş bir və ya bir neçə sazişə istənilən vaxt qoşula bilərlər.
2. Üzv ölkələrin Sazişə qoşulması barədə məlumat 11-ci maddənin 3-cü paraqrafında müvafiq şəkildə verilir.
Maddə 28. Sazişlərin denonsasiya edilməsi
Hər bir üzv ölkə bir və ya bir neçə Sazişdə öz iştirakına 12-ci maddədə nəzərdə tutulmuş şərtlərə müvafiq olaraq xitam vermək hüququna malikdir.
Fəsil III. İttifaq Aktlarının dəyişdirilməsi
Maddə 29. Təkliflərin təqdim olunması
1. Üzv ölkənin poçt müdiriyyəti konqresə və ya iki konqres arası müddətdə İnzibati Şuraya öz ölkəsinin iştirak etdiyi İttifaqın Aktları barədə təkliflər təqdim etmək hüququna malikdir.
2. Bununla belə, Nizamnamə və Ümumi Reqlament barədə təkliflər yalnız Konqresdə baxılmaq üçün verilə bilər.
Maddə 30. Nizamnamənin dəyişdirilməsi
1. Konqresə təqdim olunmuş və bu Nizamnaməyə aidiyyəti olan təkliflərin qəbul olunması üçün onlar üzv ölkələrin ən azı üçdə ikisi tərəfindən bəyənilməlidirlər.
2. Konqres tərəfindən qəbul olunmuş dəyişikliklər əlavə protokol təşkil edir və konqres etiraz etmədikdə onlar yeni qəbul edilmiş Aktlarla birgə elə həmin konqresdəcə qüvvəyə minir. Onlar mümkün qədər qısa müddətdə üzv ölkələr tərəfindən ratifikasiya edilir və ratifikasiya barədə sənədlərə 26-cı maddədə göstərildiyi qaydada baxılır.
Maddə 31. Ümumi reqlamentin, Konvensiyanın və sazişin dəyişdirilməsi (16)
1. Ümumi Reqlamentdə, Konvensiyada və Sazişlərdə onlara aid olan təkliflər qəbul olunmasının şərtləri göstərilir.
2. 1-ci paraqrafda göstərilən Aktlar eyni vaxtda qüvvəyə minir və eyni müddət ərzində qüvvədə qalır. Onların konqres tərəfindən müəyyən etdiyi gündən qüvvəyə minməsi ilə əvvəlki konqresin müvafiq Aktları ləğv olunur.
Fəsil IV. Mübahisələrin həlli
Maddə 32. Arbitraj
İttifaqın Aktlarının şərh olunması və ya bu Aktların tətbiqi zamanı poçt müdiriyyətləri üçün ortaya çıxan məsuliyyət barədə iki və ya bir neçə üzv ölkənin poçt müdiriyyətləri arasında fikir müxtəlifliyi yaranarsa, mübahisəli məsələ arbitraj yolu ilə həll olunur.
Bölmə III. Yekun müddəalar
Maddə 33. Nizamnamənin qüvvəyə minməsi və Nizamnamənin qüvvədə olduğu müddət
Bu Nizamnamə 1 yanvar 1996-cı il tarixdən qüvvəyə minir və qeyri-müəyyən müddət ərzində qüvvədə qalır.
Bunu təsdiq etmək üçün razılığa gələn ölkələrin hökumətlərinin səlahiyyətli nümayəndələri bir nüsxədə olan bu Nizamnaməni imzalamışlar. Bu nüsxə İttifaqın yerləşdiyi ölkə hökumətinin arxivlərində saxlanılacaq. Konqresin keçirildiyi ölkənin hökuməti tərəfindən hər bir tərəfdaşa bu nüsxənin bir surəti veriləcəkdir.
Vyanada 1964-cü il iyulun 10-da icra olundu.
(1) 1989-cu ildə Vaşinqtonda keçirilmiş Konqresdə dəyişdirilmişdir.
(2) 1969-cu ildə Tokioda və 1994-cü ildə Seulda keçirilmiş Konqreslərdə dəyişdirilmişdir.
(3) 1969-cu ildə Tokioda və 1989-cu ildə Vaşinqtonda keçirilmiş konqreslərdə dəyişdirilmişdir.
(4) 1989-cu ildə Vaşinqtonda keçirilmiş konqresdə dəyişdirilmişdir.
(5) 1969-cu ildə Tokioda, 1984-cü ildə Hamburqda və 1994-cü ildə Seulda keçirilmiş konqreslərdə dəyişdirilmişdir.
(6) 1984-cü ildə Hamburqda keçirilmiş konqresdə dəyişdirilmişdir.
(7) 1994-cü ildə Seulda keçirilmiş konqresdə dəyişdirilmişdir.
(8) 1969-cu ildə Tokioda və 1994-cü ildə Seulda keçirilmiş konqreslərdə dəyişdirilmişdir.
(9) 1984-cü il Hamburqda keçirilmiş konqresdə dəyişdirilmişdir.
(10) 1984-cü ildə Hamburqda və 1994-cü ildə Seulda keçirilmiş konqreslərdə dəyişdirilmişdir.
(11) 1969-cu ildə Tokioda, 1974-cü ildə Lozannada və 1989-cu ildə Vaşinqtonda keçirilmiş konqreslərdə dəyişdirilmişdir.
(12) 1989-cu ildə Vaşinqtonda və 1994-cü ildə Seulda keçirilmiş konqreslərdə dəyişdirilmişdir.
(13) 1989-cu ildə Vaşinqtonda keçirilmiş Konqresdə dəyişdirilmişdir.
(14) 1989-cu ildə Vaşinqtonda və 1994-cü ildə Seulda keçirilmiş Konqreslərdə dəyişdirilmişdir.
(15) 1969-cu ildə Tokioda və 1989-cu ildə Vaşinqtonda keçirilmiş Konqreslərdə dəyişdirilmişdir.
(16) 1984-cü ildə Hamburqda keçirilmiş konqresdə dəyişdirilmişdir.
© LegalActs LLC