Об утверждении Правил выдачи надбавок к должностному окладу за дипломатический ранг


Release date: 06.02.2002

Diplomatik rütbəyə görə vəzifə maaşına əlavələrin verilməsi Qaydalarının təsdiq edilməsi haqqında

Azərbaycan Respublikasının Nazirlər Kabineti

Diplomatik rütbəyə görə vəzifə maaşına əlavələrin verilməsi Qaydalarının təsdiq edilməsi haqqında

Qərar № 23

Bakı şəhəri, 6 fevral 2002-ci il

«Diplomatik xidmət haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 572 nömrəli Fərmanının icrasını tə`min etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. «Diplomatik rütbəyə görə vəzifə maaşına əlavələrin verilməsi Qaydaları» təsdiq edilsin (əlavə olunur).

2. «Diplomatik dərəcələr və xarici dilləri bilməsinə görə tariflərin müəyyən edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 4 iyul tarixli 379 nömrəli qərarının 1-ci bəndi qüvvədən düşmüş hesab edilsin.

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri

A. RASİ-ZADƏ

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (28 fevral 2002-ci il, № 2, maddə 102) («LegalActs» LLC).


Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2002-ci il 6 fevral tarixli
23 nömrəli qərarı ilə
təsdiq edilmişdir

Diplomatik rütbəyə görə vəzifə maaşına əlavələrin verilməsi
Qaydaları

1. Bu Qaydalar diplomatik xidmət əməkdaşlarına tutduqları vəzifə və ixtisasları nəzərə alınmaqla verilən diplomatik rütbəyə görə vəzifə maaşına əlavələrin verilməsi qaydalarını müəyyən edir.

2. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində çalışan diplomatik xidmət əməkdaşlarına diplomatik rütbəyə görə vəzifə maaşına əlavələr aşağıdakı məbləğdə verilir:

Fövqəl`adə və Səlahiyyətli Səfir Vəzifə maaşının 60 faizi
Birinci dərəcəli Fövqəl`adə və Səlahiyyətli Elçi Vəzifə maaşının 57 faizi
İkinci dərəcəli Fövqəl`adə və Səlahiyyətli Elçi Vəzifə maaşının 55 faizi
Birinci dərəcəli müşavir Vəzifə maaşının 50 faizi
İkinci dərəcəli müşavir Vəzifə maaşının 45 faizi
Birinci dərəcəli birinci katib Vəzifə maaşının 40 faizi
İkinci dərəcəli birinci katib Vəzifə maaşının 35 faizi
Birinci dərəcəli ikinci katib Vəzifə maaşının 30 faizi
İkinci dərəcəli ikinci katib Vəzifə maaşının 25 faizi
Üçüncü katib Vəzifə maaşının 22 faizi
Attaşe Vəzifə maaşının 20 faizi

3. Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərində çalışan diplomatik xidmət əməkdaşlarına diplomatik rütbəyə görə vəzifə maaşına əlavələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə əmək haqqı müəyyən edilərkən onun tərkibində nəzərə alınır.

4. Diplomatik rütbəyə görə vəzifə maaşına əlavələrin verilməsi Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən həyata keçirilir və müvafiq qaydada rəsmiləşdirilir.

5. Diplomatik rütbəyə görə vəzifə maaşına əlavələrin verilməsi dövlət büdcəsində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin saxlanılması xərclərində nəzərdə tutulmuş vəsaitlər hesabınahəyata keçirilir. Bu məqsədlə hər il növbəti ilin dövlət büdcəsi layihəsinin tərtibi zamanı Xarici İşlər Nazirliyi üzrə aylıq əmək haqqı fondunun (vəzifə maaşına əlavələr nəzərə alınmadan) 2 misli həcmində vəsait həmin nazirliyinin saxlanılması xərclərinin tərkibinə daxil edilir.

6. Diplomatik rütbəyə görə vəzifə maaşına əlavələr bu əməkdaşlara diplomatik rütbə verildiyi aydan sonrakı ayın 1-dən başlayaraq hər ay vəzifə maaşı ilə birlikdə ödənilir.

7. Diplomatik xidmət əməkdaşlarının rütbəsi artırıldıqda əvvəlki rütbəyə görə vəzifə maaşına əlavənin verilməsi növbəti ayın 1-dən dayandırılır.

Diplomatik xidmət əməkdaşlarının əvvəlki rütbəsi bərpa olunduqda, rütbəyə görə vəzifə maaşına əlavənin verilməsi növbəti ayın 1-dən başlayaraq həyata keçirilir.

Diplomatik xidmət əməkdaşlarının rütbəsi aşağı salındıqda və ya onlar rütbədən məhrum edildikdə, əvvəlki rütbəyə görə vəzifə maaşına əlavənin verilməsi dərhal dayandırılır.


© LegalActs LLC