Об утверждении «Соглашения между правительством Азербайджанской Республики и Кабинетом министров Украины о сотрудничестве в области молодежной политики и спорта»
«Azərbaycan» qəzetində dərc edilmişdir (10 yanvar 2002-ci il, № 07). «Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 yanvar 2002-ci il, № 1, maddə 58)
Release date: 07.01.2002«Azərbaycan Respublikası Hökuməti ilə Ukrayna Nazirlər Kabineti arasında gənclər siyasəti və idman sahəsində əməkdaşlıq haqqında Saziş»in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
1. 2001-ci il oktyabrın 16-da Bakı şəhərində imzalanmış «Azərbaycan Respublikası Hökuməti ilə Ukrayna Nazirlər Kabineti arasında gənclər siyasəti və idman sahəsində əməkdaşlıq haqqında Saziş» təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Sazişin həyata keçirilməsi ilə əlaqədar lazımi tədbirlər görsün.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci bəndində göstərilən Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi haqqında Ukraynanın Nazirlər Kabinetini xəbərdar etsin.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV.
Bakı şəhəri, 7 yanvar 2002-ci il.
№ 861.
«Azərbaycan» qəzetində dərc edilmişdir (10 yanvar 2002-ci il, № 07) («LegalActs» LLC).
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 yanvar 2002-ci il, № 1, maddə 58) («LegalActs» LLC).
Azərbaycan Respublikası Hökuməti ilə Ukrayna Nazirlər Kabineti arasında gənclər siyasəti və idman sahəsində əməkdaşlıq haqqında
SAZİŞ
Bundan sonra Tərəflər adlanan Azərbaycan Respublikası Hökuməti ilə Ukrayna Nazirlər Kabineti,
Azərbaycan Respublikası və Ukrayna xalqları arasında əlaqələrin möhkəmləndirilməsində və ənənəvi dostluq münasibətlərinin inkişaf etdirilməsində qarşılıqlı arzularını rəhbər tutaraq,
gənclər siyasəti və idman sahələrində sıx qarşılıqlı əlaqələrin və əməkdaşlığın Azərbaycan Respublikasının və Ukraynanın gənc nəsilləri arasında qarşılıqlı anlaşmanın dərinləşəcəyinə kömək edəcəyinə əmin olaraq,
aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Tərəflər gənclər əlaqələrinin dövlət orqanları, öz ölkələrində tanınan ictimai gənclər və uşaq təşkilatları vasitəsi ilə möhkəmləndirilməsi və inkişafına hərtərəfli yardım edəcəklər.
Maddə 2
Tərəflər idman təşkilatları arasında əməkdaşlığa və onların hər iki ölkənin ərazisində keçirilən idman tədbirlərində iştirakına kömək edəcəklər.
Maddə 3
Tərəflər gənclər siyasəti və idman sahələrində əlaqələrin və əməkdaşlığın inkişafına, aşağıdakı vasitələrlə kömək göstərəcək və təşviq edəcəklər:
- gənclər və idman sahələrində fəaliyyət göstərən idarələr və təşkilatlar, həmçinin fiziki şəxslər arasında birbaşa əməkdaşlığa, əlaqələrə və mübadilələrə əlverişli şərait yaradılması;
- Azərbaycan Respublikası və Ukrayna ərazisində birgə gənclər və idman tədbirləri keçirmək üçün kömək edilməsi.
Maddə 4
Tərəflər gənclər və idman problemləri ilə məşğul olan tədqiqat müəssisələri və mərkəzləri arasında birbaşa əlaqələrin, birgə maraq doğuran məsələlər üzrə qarşılıqlı mübadilə də daxil olmaqla, inkişaf etdirilməsinə kömək edəcəklər.
Maddə 5
Tərəflər gənclər və uşaqların yay istirahətinin təşkilinə, tətil dövründə məktəbli və tələbə qruplarının mübadiləsinə əlverişli şərait yaradacaqlar.
Maddə 6
Tərəflər idman avadanlığı, ləvazimatı və geyimin istehsalı, idman qurğularının layihələşdirilməsi, tikintisi, yenidən qurulması və istismarı sahəsində əməkdaşlığı təşviq edəcək, yarışların və təlim məşq toplanışlarının keçirilməsinə, idmançı və məşqçi mübadilələrinə müvafiq şərait yaradacaqlar.
Maddə 7
Tərəflər bu Sazişin əhatə etdiyi sahələrdə keçirilən festival, konfrans, simpozium, seminar, müsabiqə, sərgi, görüş, forum və turnirlərdə, həmçinin gənclər və idman sahələrinə aid digər tədbirlərdə iştiraka, idman mütəxəssisləri, məşqçi-müəllimlər və müvafiq sahələrdə digər mütəxəssislər arasında təcrübə mübadiləsi aparılmasını təşviq edəcəklər.
Maddə 8
Tərəflər digər Tərəfin ərazisində olan mütəşəkkil gənclər və idmançı qruplarına, həmçinin rəsmi nümayəndələrə hərtərəfli yardım edəcəklər.
Maddə 9
Tərəflər bu Sazişlə nəzərdə tutulan gənclər və idman mübadilələrinin maliyyələşdirilməsini təmin etməyə səy göstərəcəklər. Tərəflərin səlahiyyətli nümayəndələri Sazişin müddəalarının həyata keçirilməsinin təhlili və hər növbəti il üçün ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi tədbirlər planının hazırlanması məqsədilə növbə ilə Bakı və Kiyev şəhərlərində görüşlər təşkil edəcəklər.
Maddə 10
Saziş onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili qaydaların yerinə yetirilməsi haqqında Tərəflərin axırıncı bildirişinin alınması tarixindən qüvvəyə minir. Saziş beş il müddətinə bağlanır və Tərəflərdən biri bu müddətin başa çatmasına altı aydan az olmayaraq digər Tərəfə, diplomatik kanallarla Sazişin qüvvəsini dayandırmaq niyyəti barədə yazılı bildiriş verməzsə, o avtomatik olaraq hər növbəti beş il müddətinə uzadılacaqdır.
Saziş, Bakı şəhərində 2001-ci il oktyabr ayının 16-da iki əsl nüsxədə, hər biri Azərbaycan, Ukrayna və rus dillərində imzalanmışdır. Bütün mətnlər eyni qüvvəyə malikdir.
Bu Sazişin təfsirində fikir ayrılığı olduqda rus dilindəki mətnə istinad ediləcəkdir.
Azərbaycan
Respublikası |
Ukrayna |
© LegalActs LLC