On regulation of governmental control over productive and financial-credit activity, sphere of services and prohibition of unjustified check-ups


Release date: 10.02.2010

İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə

İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə
dövlət nəzarətinin qaydaya salınması və
əsassız yoxlamaların qadağan edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Son zamanlar iqtisadi fəaliyyətlə məşğul olan idarə, müəssisə, təşkilat və vətəndaşlardan əsassız keçirilən yoxlamalar haqqında çoxsaylı şikayət və müraciətlər daxil olur. Dövlət nəzarətini həyata keçirən orqanların bəzi vəzifəli şəxsləri tərəfindən belə yoxlamaların aparılması bir çox hallarda qeyri-qanuni varlanma məqsədləri daşıyır və ümumilikdə respublikanın iqtisadi böhrandan çıxmasında subyektiv maneələr yaradır.

Keçmiş SSRİ dövründən miras qalan dövlət nəzarəti mexanizmi müasir tələblərə cavab vermir və yoxlamalar zamanı vəzifəli şəxslərin öz hüquqlarından sui-istifadə etməsi üçün şərait yaradır, bu isə vətəndaşların haqlı narazılığına səbəb olur.

Respublikada yeni iqtisadi münasibətlərin yaranması və inkişafı mülkiyyət formasından və təşkilati-hüquqi tabeliyindən asılı olmayaraq istehsal, xidmət və maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin həyata keçirilməsi qaydalarının dəyişdirilməsini və yeni qanunvericiliklə tənzimlənməsini tələb edir.

İqtisadi münasibətlərin hazırki səviyyəsinə uyğun müvafiq dövlət nəzarəti mexanizmi tətbiq etmək, həmin nəzarətin daha məqbul vasitələrini seçmək, bazar münasibətlərinin inkişafına mənfi təsir göstərəcək halların qarşısını almaq, vətəndaşların və hüquqi şəxslərin qanuni mənafelərini qorumaq məqsədi ilə qərara alıram:

1. İstehsal, xidmət və maliyyə-kredit fəaliyyəti sahəsində əsassız yoxlamalar qadağan edilsin.

2. Cinayət işinin istintaqı ilə bağlı hallar istisna olmaqla istehsal, xidmət və maliyyə-kredit sahələrində aparılan yoxlamaların aşağıdakı qaydada tənzimlənməsi məqsədəuyğun hesab edilsin:

    • idarə, müəssisə və təşkilatların iqtisadi fəaliyyətində cinayət xarakterli faktların olması haqqında prokurorluq və polis orqanlarına anonim olmayan ərizələr, şikayətlər və məlumatlar daxil olduqda müəssisələrdə, idarələrdə və təşkilatlarda yoxlama aparılması barədə Azərbaycan Respublikası Baş prokurorunun və ya onun müvafiq sahəyə baxan müavininin öz təşəbbüsləri ilə, yaxud aşağı prokurorların təqdimatına əsasən qəbul etdikləri əsaslandırılmış qərarlarının və ya respublika daxili işlər nazirinin və ya onun müvafiq sahəyə baxan müavininin qəbul etdiyi belə qərarların icra üçün Azərbaycan Respublikası Mərkəzi Bankına, Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və ya Azərbaycan Respublikası Vergilər Nazirliyinə göndərilməsi;
    • prokurorluq, polis və milli təhlükəsizlik orqanları tərəfindən müəssisələrin, idarələrin, təşkilatların və vətəndaşların istehsal, xidmət, maliyyə-kredit fəaliyyətinin yoxlanılmasının yalnız Azərbaycan Respublikası Mərkəzi Bankının, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin, Azərbaycan Respublikası Vergilər Nazirliyinin yoxlamaları nəticəsində cinayət xarakterli faktların aşkar edildiyi hallarda həyata keçirilməsi;
    • iqtisadi cinayət xarakterli faktların aşkar edilməsi, Azərbaycan Respublikası Prezidentinin fərmanlarında, sərəncamlarında, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarında nəzərdə tutulmuş konkret məsələlərin həlli idarələrdə, müəssisələrdə və təşkilatlarda mütəxəssislər tərəfindən təxirəsalınmaz yoxlamalar, təftişlər və inventarlaşmalar aparılması zərurəti yaratdıqda Baş prokurorun, onun müvafiq sahəyə baxan müavininin və ya daxili işlər nazirinin və onun müvafiq sahəyə baxan müavininin, milli təhlükəsizlik nazirinin əsaslandırılmış qərarı ilə Azərbaycan Respublikası Mərkəzi Bankının, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin, Azərbaycan Respublikası Vergilər Nazirliyinin və auditor təşkilatının mütəxəssislərinin iştirakı ilə yoxlamanın aparılması.

3. Müəyyən edilsin ki, Azərbaycan Republikası qanunvericiliyi ilə bank, idarə nəzarəti və yerli icra hakimiyyəti orqanlarının səlahiyyətinə aid edilmiş hallardan başqa, onların təşəbbüsü ilə yoxlama, təftiş və inventarlaşmalar aparılmır. Azərbaycan Respublikasının Nazirlər Kabineti idarə nəzarətinin həyata keçirilməsi qaydaları haqqında əsasnaməni hazırlayıb bir ay müddətində təsdiq etsin.

4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Vergilər Nazirliyi, Mərkəzi Bankı onların üzərinə qoyulan vəzifələrin icrası zamanı qanun pozuntularına yol verilməməsi məqsədi ilə:

    • müvafiq yoxlama və nəzarət xidmətlərinin yenidən qurulmasını, yüksək tələblərə cavab verən mütəxəssislərlə komplektləşdirilməsini təmin etsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə üç ay müddətində məlumat versinlər;
    • aparılan yoxlamaların sayı və nəticələri haqqında hər üç aydan bir Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına məlumat versinlər;
    • bu fərmanda müəyyən edilən vəzifələrin icrası zamanı qarşılıqlı fəaliyyət göstərsinlər.

5. Azərbaycan Respublikası Prezidentinin yanında hüquqi islahat komissiyasının işçi qrupuna tapşırılsın ki, üç ay müddətində yoxlamaların ümumilikdə qəbul edilmiş müasir prinsiplər əsasında qurulmasını təmin edən qanun layihələrini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

6. Bu fərmanda adları çəkilən dövlət orqanlarının öz hüquqlarından sui-istifadə hallarının qarşısını almaq, yoxlamalar zamanı vətəndaşların və hüquqi şəxslərin qanuni hüquq və mənafelərini qorumaq məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının rəhbərinə tapşırılsın ki, bir ay müddətində təkliflər hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

7. Bu fərman imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 17 iyun 1996-cı il

№ 463

«Azərbaycan» qəzetində dərc edilmişdir (18 iyun 1996-cı il, № 114) («LegalActs» LLC).

22 iyul 2009-cu il tarixli, 134 nömrəli; 10 fevral 2010-cu il tarixli, 216 nömrəli Fərmanlara əsasən dəyişikliklərlə («LegalActs» LLC).

© LegalActs LLC