О создании Национального совета печати, телерадио и интернета
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 iyul 2001-ci il, № 7, maddə 480)
Release date: 20.07.2001Milli Mətbuat, Teleradio və İnternet Şurasının yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əməl olunmasına ictimai nəzarətin təmin edilməsi, elektron və internet kütləvi informasiya vasitələrinin istehsalı və yayımının tənzimlənməsi, dövlət orqanları ilə kütləvi informasiya vasitələri arasında əlaqənin və e`timadın möhkəmləndirilməsi, söz, fikir və mə`lumat azadlığı üçün daha geniş imkanlar yaradılması məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Milli Mətbuat, Teleradio və İnternet Şurası yaradılsın.
2. Milli Mətbuat, Teleradio və İnternet Şurasının Əsasnaməsi təsdiq edilsin (əlavə olunur).
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti qanunvericilik aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
bu fərmandan irəli gələn digər məsələləri həll etsin.Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 20 iyul 2001-ci il
№ 543.
«Azərbaycan» qəzetində dərc edilmişdir (21 iyul 2001-ci il, № 163) ( «LegalActs» LLC).
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 iyul 2001-ci il, № 7, maddə 480) («LegalActs» LLC).
20 iyul 2001-ci il tarixli, 543 nömrəli fərmana əsasən qüvvədən düşmüşdür ( «LegalActs» LLC).
Azərbaycan Respublikası
Prezidentinin 2001-ci il
20 iyul tarixli fərmanı ilə
təsdiq edilmişdir
Azərbaycan Respublikasının Milli Mətbuat, Teleradio və İnternet Şurası haqqında
Əsasnamə
I. Ümumi müddəalar
1. Azərbaycan Respublikasının Milli Mətbuat, Teleradio və İnternet Şurası (bundan sonra Şura) Kütləvi İnformasiya Vasitələri (KİV) haqqında Azərbaycan Respublikası Qanunvericiliyinin tələblərinə əməl olunmasına ictimai nəzarət, elektron və internet KİV-in istehsalı və yayımının qanunvericiliyə uyğun tənzimlənməsi, dövlət orqanları ilə KİV arasında əlaqənin və e`timadın möhkəmləndirilməsi, söz, fikir və mə`lumat azadlığı üçün daha geniş imkanlar tə`min edilməsi məqsədilə yaradılan müstəqil qurumdur.
2. Şura öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, «Kütləvi informasiya vasitələri haqqında» Azərbaycan Respublikasının Qanununu, digər qanunvericilik aktlarını və bu Əsasnaməni rəhbər tutur.
3. Şura müstəqil balansa, üzərində Azərbaycan Respublikasının Dövlət Gerbinin təsviri və adı həkk olunmuş möhürə, müvafiq ştamplara, blanklara, bank hesablarına malikdir.
4. Şura dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşir.
5. Şura Bakı şəhərində yerləşir.
II. Şuranın əsas fəaliyyət istiqamətləri
6. Şuranın əsas hüquq və vəzifələri aşağıdakılardır:
6.1. KİV haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə əməl olunmasına nəzarət etmək;
6.2. dövlət orqanları ilə KİV arasında münasibətləri və əlaqələri tənzimləmək;
6.3. KİV-in fəaliyyətini qanunvericiliklə müəyyən olunmuş qaydada lisenziyalaşdırmaq;
6.4. KİV-in fəaliyyət sahələrində baş verən hüquq pozuntularının aradan qaldırılması üçün öz səlahiyyətləri daxilində və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq tədbirlər görmək;
6.5. qanunvericiliklə müəyyən edilmiş digər səlahiyyətləri həyata keçirmək;
7. Şura bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı əsas vəzifələri həyata keçirir:
7.1. KİV haqqında dövlət siyasətinin təkmilləşdirilməsi üçün təkliflər verir və bu cür təkliflərin hazırlanmasında iştirak edir;
7.2. elektron və internet KİV-in qanunvericiliyə riayət etməsinə nəzarət edir;
7.3. öz səlahiyyətləri daxilində beynəlxalq təşkilatlarla, xarici dövlətlərin səlahiyyətli orqanları (qurumları) ilə əməkdaşlıq edir;
7.4. Mətbuat Fondu yaradır və onun işinə rəhbərlik edir;
7.5. mətbuat işçilərinin peşə ixtisasının yüksəldilməsi üçün tədbirlər görür;
7.6. KİV tərəfindən qanunvericiliyin tələblərinə və xüsusi razılığın (lisenziyanın) şərtlərinə riayət olunmasını müəyyən etmək üçün nəzarət həyata keçirir, pozuntular haqqında arayışlar hazırlayır və müvafiq orqanlar qarşısında məsələ qaldırır;
7.7. daxil olmuş ərizə və şikayətləri araşdırır, qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq tədbirlər görür;
7.8. öz səlahiyyətləri daxilində KİV-dən onların fəaliyyəti haqqında sənədlər, məlumatlar və hesabatlar alır;
7.9. KİV-in inhisara alınmasına və KİV istehsalı və yayımı sahəsində haqsız rəqabətə yol verilməməsinə nəzarət edir və bu barədə müvafiq orqanlar qarşısında məsələ qaldırır;
7.10. mətbuat işçilərini Şuranın işində iştiraka cəlb edir, KİV və dövlət orqanları, təşkilat, idarə və müəssisələr arasında, eyni zamanda ayrı-ayrı vətəndaşlarla fikir ayrılığı və mübahisələr yarandıqda onlara münaqişələrin məhkəmə müdaxiləsi olmadan həlli üçün kömək və yardım göstərir;
7.11. dövlətə və cəmiyyətə xidmət sahəsində fərqlənən jurnalistləri fəxri adlara, mükafatlara təqdim edir, KİV-ləri və ayrı-ayrı jurnalistləri və digər mətbuat işçilərini müstəqil şəkildə mükafatlandırır;
7.12. Azərbaycan jurnalistinin peşə etikası kodeksini təsdiq edir;
7.13. öz hüquq və səlahiyyətlərinə uyğun olaraq qanunvericiliklə müəyyən olunmuş digər vəzifələri həyata keçirir.
III. Şuranın fəaliyyətinin təşkili
8. Şura 39 üzvdən ibarətdir. Şuranın tərkibində üç daimi komissiya fəaliyyət göstərir:
8.1. Mətbuat Komissiyası;
8.2. Teleradio Komissiyası;
8.3. İnternet Komissiyası;
9. Şuraya görkəmli ictimai, elm və mədəniyyət xadimləri ilə yanaşı aşağıdakı qurumların nümayəndələri daxildir:
9.1. KİV və jurnalist birlikləri;
9.2. siyasi partiyalar;
9.3. həmkarlar ittifaqları;
9.4. nəşriyyat və poliqrafiya təşkilatları;
9.5. ictimai birliklər;
10. Şuranın tərkibi aşağıdakı qaydada müəyyən olunur: üzvlərin 18 nəfəri Azərbaycan Respublikasının Prezidenti tərəfindən birbaşa tə`yin edilir, 21 nəfərinin namizədliyi isə ictimai təşkilatlar və KİV birlikləri tərəfindən irəli sürülür və Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilir.
11. Şuraya, üzvlərin adi səs çoxluğu ilə seçilən sədr rəhbərlik edir.
12. Şuranın sədri:
12.1. şuranın katibliyinin işini təşkil edir və ona rəhbərlik edir;
12.2. şuranın katibliyinin strukturunu, ştat cədvəlini, struktur bölmələrini, iş planını hazırlayır və şuranın təsdiqinə verir;
12.3. katibliyin işçilərini vəzifəyə tə`yin edir və vəzifədən azad edir;
12.4. katibliyin işçiləri barəsində həvəsləndirmə və intizam tədbirləri görür;
12.5. şuranın maliyyə vəsaiti və əmlakı üzərində qanunvericiliklə müəyyən edilmiş qaydada sərəncam verir;
12.6. şuranın qərarlarını təsdiq edir və onların həyata keçirilməsini təmin edir;
12.7. komissiyaların fəaliyyətini əlaqələndirir və onların işinə ümumi rəhbərliyi həyata keçirir;
12.8. bu Əsasnaməyə və qanunvericiliyə uyğun olaraq digər vəzifələri həyata keçirir.
13. Komissiya sədrləri komissiya üzvlərinin adi səs çoxluğu ilə seçilirlər və eyni zamanda şura sədrinin müavinləri olurlar.
14. Şuranın sədrinə və onun müavinlərinə ştat cədvəlinə müvafiq əmək haqqı ödənilir. Şuranın qalan üzvləri ictimai əsaslarla çalışırlar.
15. Şuranın sədri və onun müavinləri seçkili və digər tə`yinatlı vəzifələr tuta, elmi, pedaqoji və yaradıcılıq fəaliyyətindən başqa, heç bir ödənişli, o cümlədən sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməzlər.
16. Şuranın qarşısında duran vəzifələrin yerinə yetirilməsini tə`min etmək üçün bu Əsasnamə ilə müəyyən edilmiş qaydada daimi fəaliyyət göstərən katiblik formalaşdırılır.
IV. Mətbuat komissiyası
17. Mətbuat Komissiyası 21 nəfərdən ibarət tərkibdə yaradılır.
18. Mətbuat Komissiyasının üzvlərinə aşağıdakı məhdudiyyətlər qoyulur:
18.1. komissiya üzvləri mətbu orqanlarda tə`sisçi ola bilməzlər.
19. Mətbuat Komissiyası Şuranın adından aşağıdakı səlahiyyətləri həyata keçirir:
19.1. mətbu orqanlardan, fiziki və hüquqi şəxslərdən daxil olan ərizə və şikayətlərə baxır, qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq tədbirlər görür;
19.2. mətbuatla dövlət orqanları və ictimaiyyət arasında yaranan fikir ayrılıqlarının məhkəmə müdaxiləsi olmadan həllinə çalışır və fikir ayrılığının aradan qaldırılmasında vasitəçi qismində çıxış edir;
19.3. mətbuatda jurnalist etikasına əməl olunmasına nəzarət edir və zərurət yarandıqda xüsusi rə`ylə çıxış edir;
19.4. etik normaların pozulmasında təqsirkar olan nəşrlərin fəaliyyətləri ilə bağlı xüsusi rə`yləri dərc etdirir;
19.5. vətəndaşların şəxsi həyatını qanuna zidd yersiz jurnalist müdaxiləsindən müdafiə edir;
19.6. mətbuatın maraqlarını dövlət qarşısında təmsil edir;
19.7. rübdə bir dəfə Şuranın xüsusi nəşrini buraxır, illik mə`ruzələr dərc edir.
20. Haqqında şikayət daxil olan KİV-də vəziyyəti araşdırmaq üçün Mətbuat Komissiyası təhqiqat komissiyası yaradır. Komissiya rəsmi qərarını mətbuatda e`lan edir. Şikayət olunan mətbu orqan komissiyanın qərarını dərc etməyə borcludur.
20.1. KİV haqqında qanunvericiliyin şərtləri pozulduğu hallarda mətbu orqana rəsmən yazılı xəbərdarlıq edir, yaxud qanunvericiliklə müəyyən olunmuş digər cəza tədbirlərinin tətbiqinə dair məhkəmə qarşısında iddia ilə çıxış edir.
V. Teleradio Komissiyası
21. Teleradio Komissiyası 9 üzvdən ibarət tərkibdə yaradılır.
22. Komissiya üzvlərinə aşağıdakı məhdudiyyətlər qoyulur:
22.1. Teleradio Komissiyasının üzvləri teleradio yayımçısının tə`sisçiləri (həmtə`sisçiləri) ola bilməzlər;
22.2. komissiya üzvləri rabitə avadanlığının hazırlanması (istehsalı) və ya satışı ilə məşğul olan müəssisə və ya teleradio yayımını həyata keçirən hər hansı təşkilatda vəzifə tuta bilməzlər.
23. Teleradio Komissiyası Şuranın adından aşağıdakı səlahiyyətləri həyata keçirir:
23.1. teleradio fəaliyyəti sahəsində dövlət siyasətinin həyata keçirilməsi üçün təkliflər hazırlayır, teleradio yayımçısına yayım lisenziyasının verilməsi məqsədi ilə müsabiqə e`lan edir, müsabiqənin şərtlərini hazırlayır və qalibi müəyyənləşdirir;
23.2. teleradio yayımçısına yayım lisenziyasının verilməsi barədə Şuraya rə`y hazırlayır;
23.3. teleradio yayımçısının yayım kanalları (tezlikləri) resurslarından qanuna müvafiq istifadə etməsinə nəzarət edir;
23.4. teleradio proqramlarının (verilişlərinin) ötürülməsi üçün istifadə olunan texniki vasitələrin qanunvericiliklə müəyyən olunmuş qaydada və şərtlərə uyğun istismarına nəzarət edir;
23.5. teleradio yayımçısı tərəfindən KİV qanunvericiliyinin tələblərinə və yayım lisenziyasının şərtlərinə əməl olunmasına nəzarət edir;
23.6. teleradio yayımçılarından onların fəaliyyətinə dair mə`lumatlar, müvafiq sənədlər və izahatlar alır;
23.7. KİV haqqında qanunvericiliyin şərtləri pozulduğu hallarda teleradio yayımçılarına rəsmən yazılı xəbərdarlıq edir və yaxud cərimə tətbiqinə dair məhkəmə qarşısında iddia ilə çıxış edir;
23.8. qanunvericilik tələbləri müntəzəm pozulduğu hallarda yayım lisenziyasının müvəqqəti dayandırılması, yaxud ləğv edilməsi ilə bağlı məhkəmədə iddia ilə çıxış edir.
VI. İnternet Komissiyası
24. İnternet Komissiyası 9 üzvdən ibarət tərkibdə yaradılır.
25. İnternet Komissiyasının üzvlərinə aşağıdakı məhdudiyyətlər qoyulur:
25.1. İnternet Komissiyasının üzvləri internet xidmətləri göstərən təşkilatların tə`sisçisi ola bilməz və ya məs`ul vəzifə tuta bilməzlər;
25.2. İnternet Komissiyasının üzvləri internet vasitəsilə yayımlanan mətbu orqanların və teleradio yayımçılarının tə`sisçiləri ola bilməz və ya məs`ul vəzifə tuta bilməzlər;
25.3. İnternet Komissiyasının üzvləri internet şəbəkəsinə qoşulmaq üçün rabitə avadanlığının istehsalı və satışı ilə məşğul olan müəssisələrin tə`sisçiləri ola bilməz və həmin müəssisələrdə məsul vəzifə tuta bilməzlər.
26. İnternet Komissiyası Şuranın adından aşağıdakı səlahiyyətləri həyata keçirir:
26.1. internet fəaliyyəti sahəsində dövlət siyasətinin həyata keçirilməsi üçün təkliflər hazırlayır və internet fəaliyyəti haqqında qanunvericiliyin həyata keçirilməsini tə`min edir;
26.2. internet yolu ilə yayılan KİV tərəfindən qanunvericiliyin tələblərinə əməl olunmasına nəzarət edir;
26.3. qanunvericiliyin tələbləri pozulduğu hallarda internet xidməti göstərən və internet vasitəsilə KİV istehsalı və yayımı ilə məşğul olan şəxslərə xəbərdarlıq edir, yaxud cərimə tətbiq etmək üçün məhkəmə qarşısında iddia qaldırır;
26.4. qanunvericilik tələbləri müntəzəm pozulduğu hallarda onların fəaliyyətinin müvəqqəti dayandırılması, yaxud fəaliyyətinə xitam verilməsi barədə məhkəmədə iddia ilə çıxış edir;
27. İnternet fəaliyyəti xüsusi qanunvericiliklə tənzimlənir.
© LegalActs LLC