Об использовании и защите эмблем Красного Креста и Красного Полумесяца


Release date: 08.05.2001

Qırmızı Xaç və Qırmızı Aypara emblemlərindən istifadə və onların müdafiəsi haqqında

Qırmızı Xaç və Qırmızı Aypara emblemlərindən istifadə və onların müdafiəsi haqqında

Azərbaycan Respublikasının Qanunu

Bu Qanun Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası beynəlxalq müqavilələrə uyğun olaraq Qırmızı Xaç və Qırmızı Aypara emblemlərindən istifadə olunması və onların müdafiəsi qaydalarını müəyyən edir və bu sahədə yaranan hüquq münasibətlərini tənzimləyir.

I fəsil. Ümumi müddəalar

Maddə 1. Əsas anlayışlar

Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakılardır:

    • tibbi birləşmələr—tibbi məqsədlər üçün, yəni yaralıların, xəstələrin və gəmi qəzasına uğrayanların axtarılması, götürülməsi, daşınması, diaqnozlaşdırılması və ilk tibbi yardım göstərilməsi də daxil olmaqla müalicəsi, habelə xəstəliklərin profilaktikası üçün yaradılmış hərbi və mülki tibbi müəssisələrdir. Tibbi birləşmələr stasionar və ya səyyar, daimi və ya müvəqqəti ola bilər;
    • tibbi heyət—münaqişədə iştirak edən tərəfin müstəsna olaraq, tibbi məqsədlər üçün, habelə tibbi birləşmələrin inzibati-təsərrüfat təminatını həyata keçirmək üçün və ya sanitar nəqliyyat vasitələrində işləmək və onların inzibati-texniki təminatını həyata keçirmək üçün təyin etdiyi şəxslərdir;
    • sanitar nəqliyyat vasitələri—yalnız sanitar daşımalar üçün nəzərdə tutulan və münaqişədə iştirak edən tərəfin səlahiyyətli orqanının nəzarəti altında olan, hərbi və ya mülki, daimi və ya müvəqqəti daşıma vasitələridir;
    • dini heyət—müstəsna olaraq özlərinin dini funksiyalarının yerinə yetirilməsi ilə məşğul olan və münaqişədə iştirak edən tərəfin silahlı qüvvələrinə, tibbi birləşmələrinə və ya sanitar nəqliyyat vasitələrinə təhkim olunmuş şəxslərdir;
    • fərqləndirici emblem—tibbi birləşmələrin, sanitar nəqliyyat vasitələrinin, tibbi və dini heyətin, avadanlığın və ya ehtiyatların müdafiəsi üçün istifadə edilən, qırmızı xaçın və ya qırmızı ayparanın ağ fonda təsvirindən ibarətdir;
    • fərqləndirici siqnal—tibbi birləşmələrin və ya sanitar nəqliyyat vasitələrinin tanınması üçün müəyyən olunmuş hər hansı siqnal və ya məlumatdır.

Maddə 2. Qırmızı Xaç və Qırmızı Aypara emblemlərindən istifadə və onların müdafiəsi haqqında Azərbaycan Respublikasının qanunvericiliyi

Qırmızı Xaç və Qırmızı Aypara emblemlərindən istifadə edilməsi və onların müdafiəsi haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan və digər normativ hüquqi aktlardan, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.

Maddə 3. Bu Qanunla müdafiə olunan obyektlər

Bu qanunla müdafiə olunan obyektlər aşağıdakılardır:

    • Qırmızı Xaç və Qırmızı Aypara emblemləri;
    • Qırmızı Xaç və Qırmızı Aypara adı;
    • tibbi birləşmələrin və sanitar nəqliyyat vasitələrinin tanınması üçün istifadə edilən fərqləndirici siqnallar.

Maddə 4. Qırmızı Xaç və Qırmızı Aypara emblemləri

Qırmızı Xaç emblemi—ağ fonun ortasında həmin fonun kənarına çatmamaq şərti ilə mərkəzdə düz bucaq altında kəsişən iki bərabər düzbucaqlının qırmızı rəngli təsvirindən ibarətdir.

Qırmızı Aypara emblemi—ağ fonun ortasında həmin fonun kənarına çatmamaq şərti ilə qırmızı rəngli aypara təsvirindən ibarətdir.

Qırmızı Xaç və Qırmızı Aypara emblemlərindən istifadə qaydaları bu Qanunla, 1949-cu il 12 avqust tarixli Cenevrə konvensiyaları ilə (bundan sonra—Cenevrə konvensiyaları), bu konvensiyalara əlavə olunan 1977-ci il 8 iyun tarixli 1 və 2 saylı protokollarla (bundan sonra—1 və 2 saylı protokollar) müəyyən edilir.

Maddə 5. Qırmızı Xaç və Qırmızı Aypara emblemlərindən istifadənin növləri

Qırmızı Xaç və Qırmızı Aypara emblemləri Cenevrə konvensiyalarına, 1 və 2 saylı protokollara, habelə bu Qanuna uyğun olaraq müdafiə nişanı və ya fərqləndirici nişan qismində istifadə edilir.

II fəsil. Qırmızı Xaç və Qırmızı Aypara emblemlərinin istifadə edilməsi qaydaları

Maddə 6. Qırmızı Xaç və Qırmızı Aypara emblemlərindən müdafiə nişanı qismində istifadə olunmasına dair ümumi tələblər

Hərbi münaqişə zamanı yaralılara, xəstələrə və gəmi qəzasına uğrayanlara yardım göstərilməsi ilə əlaqədar olaraq Cenevrə konvensiyalarının, 1 və 2 saylı protokolların müdafiəsi altında olan tibbi və dini heyəti, tibbi birləşmələri, sanitar nəqliyyat vasitələrini və tibbi əmlakı nişanlamaq üçün müdafiə nişanı qismində Qırmızı Xaç və Qırmızı Aypara emblemlərindən istifadə edilir.

Qırmızı Xaç və Qırmızı Aypara emblemlərinin uzaq məsafədən vizual görüntüsünü təmin etmək üçün onların ölçüləri mümkün qədər böyük olmalıdır.

Hərbi münaqişə zamanı öz statusunu təsdiq etmək üçün tibbi və dini heyətin üzvləri Cenevrə konvensiyaları ilə, 1 və 2 saylı protokollarla müəyyən edilmiş nümunəyə uyğun şəxsiyyət vəsiqəsinə və qol sarğısına malik olmalıdırlar.

Şəxsiyyət vəsiqəsi Azərbaycan dilində tərtib edilir. Vəsiqədə onun sahibinin soyadı və adı, doğum tarixi, rütbəsi və hərbi hissəsinin nömrəsi, habelə onun hansı qisimdə Cenevrə konvensiyasının himayəsi altında olduğu göstərilir. Şəxsiyyət vəsiqəsində onun sahibinin foto şəkili və imzası olmalıdır. Şəxsiyyət vəsiqəsi onu verən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən möhürlə təsdiq edilir.

Şəxsiyyət vəsiqəsini itirən şəxsə onun dublikatı verilir.

Tibbi və ya dini heyət üzvlərinə verilən qol sarğısı üzərində fərqləndirici nişan olmalı və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən möhürlə təsdiq edilməlidir.

Maddə 7. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının tibb xidmətləri tərəfindən Qırmızı Aypara emblemindən müdafiə nişanı qismində istifadə edilməsi

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının tibb xidmətləri münaqişə zamanı və dinc dövrdə yalnız özlərinin tibbi heyətini, tibbi birləşmələrini, sanitar nəqliyyat vasitələrini və tibbi əmlakını nişanlamaq üçün müdafiə nişanı qismində Qırmızı Aypara emblemindən istifadə edirlər.

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının tibbi xidmətləri özlərinin tibbi heyət üzvlərinə şəxsiyyət vəsiqəsi və qol sarğısı verir.

Maddə 8. Mülki tibbi birləşmələr tərəfindən Qırmızı Aypara emblemindən müdafiə nişanı qismində istifadə edilməsi

Hərbi münaqişə zamanı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının razılığına əsasən və bilavasitə onun nəzarəti altında mülki tibbi heyət, tibbi birləşmələr, sanitar nəqliyyat vasitələri və tibbi əmlak müdafiə nişanı qismində istifadə edilən Qırmızı Aypara emblemi ilə nişanlanır.

Mülki tibbi heyət üzvlərinə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən şəxsiyyət vəsiqəsi və qol sarğısı verilir.

Maddə 9. Azərbaycan Qırmızı Aypara Cəmiyyəti tərəfindən Qırmızı Aypara emblemindən müdafiə nişanı qismində istifadə edilməsi

Azərbaycan Qırmızı Aypara Cəmiyyəti tərəfindən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının sərəncamına verilən tibbi heyət, tibbi birləşmələr, sanitar nəqliyyat vasitələri və tibbi əmlak müdafiə nişanı qismində istifadə edilən Qırmızı Aypara emblemi ilə nişanlanır.

Bu maddənin birinci hissəsində göstərilən tibbi heyətə, tibbi birləşmələrə, sanitar nəqliyyat vasitələrinə və tibbi əmlaka hərbi münaqişə zamanı qüvvədə olan Azərbaycan Respublikasının normativ hüquqi aktları şamil olunur.

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları onların sərəncamına verilən tibbi heyət üzvlərinə şəxsiyyət vəsiqəsi və qol sarğısı verir.

Maddə 10. Xüsusi vəkalət olmadan Qırmızı Xaç və Qırmızı Aypara emblemlərindən istifadə edən təşkilatlar

Beynəlxalq Qırmızı Xaç Komitəsi, Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətləri Beynəlxalq Federasiyası hərbi münaqişə zamanı və ya dinc dövrdə Cenevrə konvensiyalarına, 1 və 2 saylı protokollara uyğun olaraq öz fəaliyyətlərində Qırmızı Xaç və Qırmızı Aypara emblemlərindən və adlarından xüsusi vəkalət olmadan istifadə edirlər.

Maddə 11. Qırmızı Xaç və Qırmızı Aypara emblemlərindən fərqləndirici nişan qismində istifadə edilməsi

Hərbi münaqişə zamanı və ya dinc dövrdə şəxslərin, sanitar nəqliyyat vasitələrinin, tibbi əmlakın və digər obyektlərin Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara hərəkatına mənsubiyyətini göstərmək üçün fərqləndirici nişan qismində Qırmızı Xaç və Qırmızı Aypara emblemlərindən istifadə edilir.

Fərqləndirici nişan qismində istifadə edilən Qırmızı Xaç və Qırmızı Aypara emblemləri öz ölçülərinə görə müdafiə nişanı qismində istifadə edilən emblemlərdən kiçik olmalıdır.

Maddə 12. Fərqləndirici siqnallar

Fərqləndirici siqnallardan yalnız tibbi birləşmələr və sanitar nəqliyyat vasitələri istifadə edirlər. Fərqləndirici siqnallara: işıq siqnalı, radiosiqnal, elektron tanınma vasitəsi aiddir.

İşıq siqnalı sanitar uçuş aparatları tərəfindən onların tanınması məqsədilə istifadə edilən sayrışan mavi işıq şəklində olan siqnaldır. Hər hansı başqa uçuş aparatının bu siqnaldan istifadəsi yolverilməzdir.

Radiosiqnal Beynəlxalq Telekommunikasiya Birliyinin Radio Qaydalarında müəyyən edilmiş radiotelefon və ya radioteleqraf məlumatlarından ibarətdir.

Elektron tanınma Beynəlxalq Mülki Aviasiya haqqında 1994-cü il 7 dekabr tarixli Çikaqo Konvensiyasının 10-cu əlavəsində nəzərdə tutulan və vaxtaşırı dəyişikliklər edilən İkinci Dərəcəli Radar Müşahidə (SSR) sistemindən sanitar uçuş aparatlarının tanınmasından və onun kursunun müşahidə olunmasından ibarətdir.

Fərqləndirici siqnallardan istifadə qaydaları 1 və 2 saylı protokollara edilən Əlavələrlə müəyyən olunur.

Maddə 13. Dini heyətin statusu

Bu Qanunun tibbi heyətin müdafiəsi ilə bağlı müddəaları istisnasız olaraq dini heyət üzvlərinə də şamil olunur.

III fəsil. Yekun müddəalar

Maddə 14. Qırmızı Xaç və Qırmızı Aypara emblemlərindən, onların adından və fərqləndirici siqnallarından qanunsuz istifadə etmə

Fiziki və hüquqi şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində bu Qanuna, Cenevrə konvensiyalarına, 1 və 2 saylı protokollara zidd olaraq:

a) Qırmızı Xaç və Qırmızı Aypara emblemlərindən müdafiə nişanı və ya fərqləndirici nişan qismində istifadə edilməsi;

b) fərqləndirici siqnallardan istifadə edilməsi;

c) hüquqi şəxslərin adlarında, əmtəə nişanlarında Qırmızı Xaç və Qırmızı Aypara emblemlərindən və onların adlarından istifadə edilməsi;

ç) Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara hərəkatının prinsipləri ilə bir araya sığmayan məqsədlər üçün Qırmızı Xaç və Qırmızı Aypara emblemlərindən və onların adlarından istifadə edilməsi;

d) müdafiə nişanı qismində istifadə edilən Qırmızı Xaç və Qırmızı Aypara emblemləri kimi qəbul edilə biləcək hər hansı oxşar nişanlardan istifadə edilməsi qadağandır.

Maddə 15. Qırmızı Xaç və Qırmızı Aypara emblemlərindən istifadə edilməsi üzərində nəzarət

Azərbaycan Respublikasının ərazisində Qırmızı Xaç və Qırmızı Aypara emblemlərindən istifadə edilməsi üzərində nəzarəti Azərbaycan Qırmızı Aypara Cəmiyyəti və öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər.

Maddə 16. Bu Qanunun pozulmasına görə məsuliyyət

Bu Qanunun pozulmasında təqsirli olan fiziki və hüquqi şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV.

Bakı şəhəri, 8 may 2001-ci il.

№ 128-IIQ.

«Azərbaycan» qəzetində dərc edilmişdir (20 iyun 2001-ci il, № 137) («LegalActs» LLC).

Azərbaycan Respublikasının Qanunvericilik Toplusunda dərc edilmişdir (30 iyun 2001-ci il, № 6, maddə 382) («LegalActs» LLC).

© LegalActs LLC