О внесении изменений в Закон Азербайджанской Республики «О государственной границе Азербайджанской Республики»
Release date: 20.06.1995
«Azərbaycan Respublikasının dövlət sərhədi haqqında»
Azərbaycan Respublikası Qanununda
dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. «Azərbaycan Respublikasının dövlət sərhədi haqqında» Azərbaycan Respublikası Qanununda (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, № 1, maddə 1) dəyişikliklər edilsin:
1. 9, 10, 12, 18, 21, 22, 24, 25, 26, 27, 30, 31, 32, 36, 37, 38 və 39-cu maddələrdə «sərhəd qarovulu» sözləri «sərhəd qoşunları» sözləri ilə əvəz edilsin.
2. 1, 2, 7, 27 və 28-ci maddələr aşağıdakı redaksiyada verilsin:
«Maddə 1. Azərbaycan Respublikasının dövlət sərhədi
Azərbaycan Respublikasının dövlət sərhədi Azərbaycan Respublikasının dövlət ərazisinin (quru və su ərazisinin, yerin təkinin, dəniz və hava fəzasının) hüdudlarını müəyyən edən xətt və bu xətt üzrə keçən şaquli səthdir. Azərbaycan Respublikasının dövlət sərhədi Azərbaycan Respublikasının dövlət suverenliyinin ərazi hüdududur.
Maddə 2. Azərbaycan Respublikasının dövlət sərhədinin müəyyən edilməsi prinsipləri
Azərbaycan Respublikasının dövlət sərhədi Azərbaycan Respublikası Ali Sovetinin qərarları ilə müəyyən edilir.
Azərbaycan Respublikasının həmsərhəd dövlətlərlə rəsmiləşdirilməyən sərhədləri dövlətlərarası müqavilə ilə təsbit edilir.
Azərbaycan Respublikasının dövlət sərhədi müəyyən edilərkən və onun keçdiyi xətt dəyişdirilərkən, habelə həmsərhəd dövlətlərlə sərhəd məsələləri nizama salınarkən aşağıdakı prinsiplər rəhbər tutulur:
- Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin edilməsi;
- Azərbaycan Respublikasının dövlət suverenliyinin, ərazi bütövlüyünün və dövlət sərhədinin toxunulmazlığının təmin edilməsi;
- Həmsərhəd dövlətlərlə qarşılıqlı surətdə faydalılıq əsasında hərtərəfli əməkdaşlıq;
- sərhəd mübahisələrinin sülh yolu ilə həll edilməsi».
«Maddə 7. Azərbaycan Respublikasının dövlət sərhədi haqqında qanunvericilik
Azərbaycan Respublikasının dövlət sərhədi haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, başqa qanunvericilik aktlarından, Azərbaycan Respublikasının dövlətlərarası müqavilələrindən ibarətdir.»
«Maddə 27. Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsinin təmin olunması
Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsi Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin edilməsi sisteminin ayrılmaz tərkib hissəsidir. Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi dövlət sərhədinin qanunsuz surətdə dəyişdirilməsinin qarşısının alınmasına; dövlət sərhədi rejiminə, sərhədboyu rejimə və dövlət sərhədindən buraxılış məntəqələrindəki rejimə əməl olunmasına; dövlət sərhədində dövlətin, cəmiyyətin və şəxsiyyətin digər həyati, mənafelərinin xarici və daxili təhlükələrdən qorunmasına yönələn siyasi, hüquqi, iqtisadi, hərbi, əməliyyat, təşkilati, texniki, ekoloji, sanitariya və başqa tədbirlərin həyata keçirilməsi ilə təmin edilir.
Azərbaycan Respublikası dövlət sərhədinin quruda, dənizdə, çaylarda, göllərdə və digər sututarlarda mühafizə olunması sərhəd qoşunlarına, havada mühafizə olunması isə hava hücumundan müdafiə və hərbi hava qüvvələrinə həvalə olunur. Sərhəd qoşunları, hava hücumundan müdafiə və hərbi hava qüvvələri Azərbaycan Respublikası dövlət sərhədinin qorunması vəzifələrini yerinə yetirərkən bu Qanunu, Azərbaycan Respublikasının başqa qanunvericilik aktlarını, Azərbaycan Respublikasının dövlətlərarası müqavilələrini rəhbər tuturlar.
Maddə 28. Sərhəd qoşunlarının vəzifələri və hüquqları
Azərbaycan Respublikasının dövlət sərhədinin qorunması sahəsində sərhəd qoşunlarının vəzifələri və hüquqları «Sərhəd qoşunları haqqında» Azərbaycan Respublikası Qanunu ilə, bu Qanunla və Azərbaycan Respublikasının başqa qanunvericilik aktları ilə müəyyən edilir.»
3. 29-cu maddə çıxarılsın.
II. Bu Qanun dərc olunduğu gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV.
Bakı şəhəri, 20 iyun 1995-ci il.
№ 1066.
«Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı»nda dərc edilmişdir (1995-ci il, № 17-18, maddə 282) («LegalActs» LLC).
© LegalActs LLC