Об утверждении положения об Азербайджанской республиканской государственной телерадиовещательной компании
Release date: 31.03.2023
Azərbaycan Respublikası Dövlət Teleradio Verilişləri Şirkəti haqqında Əsasnamənin təsdiq edilməsi barəsində
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
1. Azərbaycan Respublikası Dövlət Teleradio Verilişləri Şirkəti haqqında əlavə olunan Əsasnamə təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn dəyişiklikləri və əlavələri qüvvədə olan qanunvericiliyə müəyyən edilmiş qaydada daxil etsin.
Azərbaycan Respublikasının Prezidenti
A.MÜTƏLLİBOV
Bakı şəhəri, 25 aprel 1991-ci il
№ 207
«Azərbaycan Respublikası Ali Sovetinin məlumatı»nda dərc edilmişdir (31 may 1991-ci il, № 9-10, maddə 163) («LegalActs» LLC).
15 oktyabr 1996-cı il tarixli, 504 nömrəli; 26 dekabr 2001-ci il tarixli, 615 nömrəli; 28 dekabr 2002-ci il tarixli, 831 nömrəli; 7 fevral 2005-ci il tarixli, 193 nömrəli; 31 mart 2023-cü il tarixli __ nömrəli fərmanlara əsasən əlavə və dəyişikliklərlə («LegalActs» LLC).
Azərbaycan Respublikası Prezidentinin
1991-ci il 25 aprel tarixli,
207 nömrəli Fərmanı ilə
təsdiq edilmişdir
Azərbaycan Respublikası Dövlət Televiziya və Radio Verilişləri Şirkəti haqqında
Əsasnamə
I. Ümumi müddəalar
1. Azərbaycan Respublikası Dövlət Televiziya və Radio Verilişləri Şirkəti (Teleradioşirkət) (bundan sonra «Teleradioşirkət» adlanır) Azərbaycan Respublikası Prezidentinin 1991-ci 12 il mart tarixli Fərmanı ilə yaradılmışdır, Prezidentə tabedir və Azərbaycan Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin hüquqi varisidir. Teleradioşirkət aşağıdakı yaradıcılıq-istehsal strukturlarını birləşdirir: respublika televiziyası, respublika radio verilişləri, xarici ölkələr üçün radio verilişləri, Naxçıvan Muxtar Respublikası və DQMV televiziyası və radio verilişləri, şəhər və radio verilişləri redaksiyaları.
2. Teleradioşirkət müstəqil balansı olan hüquqi şəxsdir, Azərbaycan Respublikasının bütün ərazisində lazımi təsərrüfat-maliyyə əməliyyatları aparır, banklarda hesabları vardır, qanunvericiliklə müəyyən edilmiş qaydada xarici iqtisadi fəaliyyət göstərir.
Teleradioşirkət dövlət büdcəsindən ayırmalar və qanunvericiliklə qadağan edilməyən digər mənbələrdən daxil olan vəsait hesabına fəaliyyət göstərir. Qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna olmaqla digər mənbələr hesabına əldə olunan gəlirlər bütövlükdə dövlət büdcəsinə daxil edilir, xərclər hər il dövlət büdcəsində həmin tədbirlərə nəzərdə tutulmuş vəsait daxilində həyata keçirilir.
3. Teleradioşirkət öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Ali Sovetinin digər qərarlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarını və sərəncamlarını, bu Əsasnaməni rəhbər tutur.
4. Teleradioşirkətin Azərbaycan Respublikası Dövlət gerbinin təsviri və şirkətin Azərbaycan və rus dillərində adı olan möhürü, habelə firma nişanı, emblemi və başqa atributları vardır.
5. Teleradioşirkətin yeri və hüquqi ünvanı: 370011, Bakı şəhəri, Mehdi Hüseyn küçəsi, 1.
II. Teleradioşirkətin vəzifələri
Teleradioşirkətin başlıca vəzifələri bunlardır:
1.Televiziya və radio proqramları hazırlamaq və onları Azərbaycan Respublikasının ərazisində və xaricdə yaymaq, teleradioproqramların müvafiq ideya-bədii səviyyəsini təmin etmək, Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının sürətlənməsinə, cəmiyyətin demokratikləşməsi prosesinə, xalqlar arasında dostluğun möhkəmləndirilməsinə onların təsirini gücləndirmək.
2.Azərbaycan Respublikasında ümummilli struktur kimi televiziya və radio verilişlərinin inkişafının strategiyasını və əsas istiqamətlərini müəyyən etmək, rabitə və informasiya sistemində vahid dövlət siyasətini həyata keçirmək, mədəni və mənəvi dəyərləri televiziya və radio verilişləri orqanlarının fəaliyyətinin kommersiyalaşdırılmasının nəticələrindən qorumaq.
3.Vahid texniki və texnoloji siyasət yeritmək, Elmi-texniki potensialı inkişaf etdirmək, televiziya və radio verilişlərinin maddi-texniki bazasının inkişafına dair dövlət proqramlarının layihələrini hazırlamaq və onları həyata keçirmək.
4.Televiziya və radio verilişlərinin inkişafının üstün istiqamətlərində beynəlxalq əlaqələri uzlaşdırmaq.
5.Azərbaycan Respublikasında televiziya və radio verilişləri sahəsində fəaliyyətin hüquqi təminatını təkmilləşdirmək.
III. Teleradioşirkətin funksiyaları
Teleradioşirkət başlıca vəzifələrə uyğun olaraq ona həvalə edilən funksiyaları həyata keçirir.
Televiziya və radio proqramları hazırlamaq və Azərbaycan Respublikasının ərazisində yaymaq sahəsində:
1. Azərbaycan Respublikasının ərazisində dövlət televiziya və radio verilişlərini təşkil edir. Televiziya və radio proqramlarının yüksək ideya-bədii səviyyəsini təmin edir. Respublikanın və digər regionların həyatında baş verən ən mühüm hadisələr haqqında televiziya tamaşaçıları və radio dinləyiciləri üçün çəkilişlər, yazılışlar və operativ informasiya, dövlət xadimlərinin, siyasi və ictimai xadimlərin, təsərrüfat rəhbərlərinin, sənaye və kənd təsərrüfatı işçilərinin, elm, mədəniyyət və incəsənət nümayəndələrinin çıxışlarını təşkil edir. Rəsmi xəbərləri yayır.
Televiziya və radio verilişləri fondu üçün teleradio proqramlar çəkilişini və yazılışını təşkil edir. Respublika televiziya və radio verilişləri fondu materialların tirajlarını müəyyənləşdirir və onları lazımi tirajda hazırlayır.
Ən yaxşı televiziya və radio proqramlarının, televiziya və radio üçün ən yaxşı ədəbi əsərlərin və musiqi əsərlərinin müsabiqələrini keçirir. Müəyyən edilmiş qaydada qəzetlər, jurnallar, ixtisas ədəbiyyatı və digər çap məhsulları buraxır, sərgilər düzəldir.
2. Teleradioproqramların, telefilmlərin, ədəbi əsərlərin və musiqi əsərlərinin, televiziya və radio tamaşalarının hazırlanması ilə bağlı yaradıcılıq-istehsal prosesini təmin edir.
Televiziya və radio proqramlarının, respublika televiziya və radio verilişləri fondu üçün yazılışların perspektiv və illik tematik planlarını, telefilmlər çəkilişinin tematik planlarını, telefilmlər çəkilişinin tematik planlarını təsdiq edir, habelə televiziya və radio proqramlarının qəbulu və verilişi qaydasını müəyyənləşdirir.
Telefilmlərin istehsala verilməsi qaydasını müəyyən edir, ssenarilər yaradılmasına və telefilmlər çəkilməsinə qoyulan xərcləri hesabdan silmək üçün müəyyən edilmiş əsaslar üzrə qaydalar işləyib hazırlayır və təsdiq edir. Teleradioməhsullar istehsalı normativlərini təsdiq edir.
3. Respublikada öz şöbələri və müxbir məntəqələri şəbəkəsini yaradır, müxbirləri və başqa mütəxəssisləri müəyyən edilmiş qaydada SSRİ daxilində və xarici ölkələrə ezamiyyətə göndərir.
4. Televiziya və radio üçün əsərlərin bütün növlərinin yaradılmasına görə müəlliflərin, quruluşçuların və ifaçıların haqqının məbləğini və ödənilmə qaydasını müəyyən edir; ədəbi-bədii əsərlərin, tammetrajlı filmlər üçün orijinal ədəbi ssenarilərin və musiqinin yaradılmasına görə ödənilən haqqın dərəcələrini müəyyən edir.
5. Bədii-istehsal heyətinin, artistlər heyətinin və bədii heyətin tarifikasiya qaydasını müəyyən edir.
Hansı işçilər üçün vahid tarif-kvalifikasiya tələbləri nəzərdə tutulmuşdursa, o işçilərdən başqa, televiziya və radio işçilərinin ixtisas xarakteristikalarını və tarif kateqoriyalarını müəyyənləşdirərkən verilən tələbləri təsdiq edir.
6. Böyük bədii və tarixi dəyəri olan teleradioproqramların uzun zaman saxlanması qaydasını, müddətlərini və şərtlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsi ilə razılıq əsasında müəyyən edir.
7. Kadr problemləri üzrə əməli və elmi işin əsas istiqamətlərini müəyyənləşdirir, televiziya və radioda kadr proseslərinin vəziyyətini təhlil edir.
8. Teleradioşirkət əmək münasibətlərinin bağlaşma formasından istifadə edərək kadr siyasətini professional səriştəlilik səviyyəsinə verilən vahid tələblər əsasında həyata keçirir.
9. Şirkətin rəhbərliyi, lazım gəldikdə, ayrı-ayrı işçilər tapmaq, bədii-istehsal heyətini, bədii heyəti və artistlər heyətini yenidən seçmək və tarifikasiya etmək üçün müsabiqələr keçirir.
Televiziya və radio işçilərinin hazırlanmasını, təkrar hazırlığını və ixtisasını müntəzəm surətdə artırılmasını təşkil edir və həyata keçirir.
Respublika rabitə və informasiya sistemində vahid dövlət siyasətinin həyata keçirilməsi sahəsində;
10. Respublika dövlət teleradioproqramlarının məzmununu, həcmini və yayılma qaydasını müəyyən edir.
11. Azərbaycan Respublikasının ərazisində televiziya və radio təşkilatları ilə qarşılıqlı fəaliyyət göstərir və onların fəaliyyətini əlaqələndirir.
12. Yerli televiziya və radio verilişləri orqanlarının, kabel şəbəkələrinin təsis edilməsi haqqında ərizələrə baxır, onları qeydə alır. Televiziya və radio verilişləri orqanlarının, kabel şəbəkələrinin qeydə alınmasının və fəaliyyətinin dayandırılmasının müəyyən olunmuş qaydasına əməl edilməsinə nəzarəti təmin edir.
Respublika ərazisində televiziya və radio verilişlərini həyata keçirən televiziya və radio verilişləri orqanlarının reyestrini tutur. Respublikada televiziya və radio verilişləri orqanlarını, SSR İttifaqının və Azərbaycan Respublikasının televiziya və radioya dair qanunvericiliyinin icrası haqqında məlumat bankını yaradır.
13. Televiziya və radio verilişləri orqanlarının fəaliyyəti sahəsində təhlil və proqnozlaşdırma işləri aparır.
14. Respublika televiziya və radio verilişləri orqanlarının hüquqi statusunun əsaslarını, onların hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiə mexanizmini müəyyən edir.
15. Respublika televiziya və radio verilişlərinin əhatə etdiyi ərazidə olan televiziya tamaşaçılarının, radio dinləyicilərinin və təşkilatların hüquqlarını və qanuni mənafelərini təmin etmək sahəsində bütün orqanlar, vəzifəli şəxslər və vətəndaşlar tərəfindən icrası məcburi olan xüsusi qaydalar müəyyən edir.
16. Kooperativləşdirilmiş strukturlar (konsorsiumlar, kommersiya bankları, tədqiqat mərkəzləri və i.a.) yaradır.
17. Teleradioproqramlar, elmi-metodiki, hüquqi, elmi-texniki informasiya, kommersiya informasiyası və digər informasiya mübadiləsi, respublika fondlarının formalaşdırılması məsələlərini müqavilə əsasında həll etmək üçün mərkəzi ittifaq televiziya və radio verilişləri orqanları, həmçinin digər müttəfiq respublikaların televiziya və radio verilişləri orqanları ilə ikitərəfli və çoxtərəfli sazişlər hazırlayır və bağlayır.
Azərbaycan Respublikasında vahid texniki və texnoloji siyasət yeritmək sahəsində;
18. Respublika televiziya və radio verilişləri proqramlarını formalaşdıran və yayan vahid respublika şəbəkəsinin fəaliyyətini təmin etmək üçün texniki vasitələrin səmərəli yerləşdirilməsini və inkişafını təşkil edir. Azərbaycan Respublikasının Rabitə Nazirliyi ilə birlikdə televiziya və radio verilişlərinin ötürücü texniki vasitələrinin yerlərini müəyyən edir, respublikada televiziya və radio verilişləri proqramlarını paylaşdıran kommunikasiya şəbəkələrini formalaşdırır.
19. Dövlət televiziya və radio verilişlərinə üstünlük verməyi nəzərdə tutmaqla Azərbaycan Respublikasının müvafiq rabitə orqanları ilə birlikdə tezliklər ayırır.
20. Televiziya, radio verilişləri və kinotexnologiya sahəsində dövlət standartlarının və texniki şərtlərin, metodiki göstərişlərin və digər normativ-texniki sənədlərin hazırlanmasını, razılaşdırılmasını və tətbiqini həyata keçirir.
Televiziya və radio verilişlərinin formalaşdırılması və yayılması üzərində nəzarəti təşkil edir.
21. Televiziya və radio verilişlərinin texniki vasitələrinin icarəsinə dair birtipli layihələri Azərbaycan Respublikasının müvafiq rabitə orqanları ilə birlikdə təsdiq edir.
22. Televiziya və radio verilişləri üçün avadanlıq buraxan müəssisələrlə, elmi tədqiqat təşkilatları ilə bilavasitə əlaqələr yardır; avadanlığa tələbatı təhlil edir, televiziya və radio avadanlığının gücünü artırmaq haqqında təkliflər hazırlayır.
23. Texniki binaları və qurğuları teleradioproqramların translyasiyasının texniki şərtlərinə uyğunlaşdırmaq məqsədilə onların layihələrini razılaşdırır.
24. Tabeliyində olan müəssisələrin və təşkilatların, habelə televiziya və radio verilişləri orqanlarının televiziya, radio verilişləri və kino texnologiyası avadanlığına, ehtiyat hissələrə və onlardan istifadə etmək üçün materiallara ümumi tələbatını müəyyən edir.
25. Avadanlıq, materiallar və ehtiyat hissələr satın və servis xidmətinin təşkili ilə bağlı məsələlərdə xarici firmalarla əməkdaşlıq edir.
26. Ayrılan büdcə təxsisatını və əsaslı vəsaiti səmərəli xərcləyərək televiziya və radio verilişlərinin maddi-texniki bazasının daha da inkişafını təmin edir.
Televiziya və radio verilişləri ilə bağlı fəaliyyətin hüquqi təminatını təkmilləşdirmək sahəsində:
27. Azərbaycan Respublikasında televiziya və radio verilişlərinin təşkilinin və idarə edilməsinin hüquqi əsaslarını işləyib hazırlayır.
Yerli televiziya və radio verilişləri orqanlarının fəaliyyətini normativ cəhətdən tənzimləyir.
İnformasiya-hüquq işi aparır,televiziya və radio verilişləri sahəsində, tabeliyində olan müəssisələrin və təşkilatların fəaliyyətində qanunçuluğa əməl olunmasını və onun möhkəmləndirilməsini təmin edir, onların mövcud qanunvericiliyin tələblərini yerinə yetirmələrini təşkil edir.
28. Yuxarı orqanların tapşırığı ilə televiziya və radio verilişləri sahəsində fəaliyyəti tənzim edən Azərbaycan Respublikası qanunlarının, Azərbaycan Respublikası Prezidenti fərmanlarının, Azərbaycan Respublikası Nazirlər Kabineti qərarlarının və sərəncamlarının və digər normativ aktların layihələrini hazırlayır, Azərbaycan Respublikasında televiziya və radio verilişləri sahəsində qanunvericiliyin tətbiq edilməsi praktikasını ümumiləşdirir, onu təkmilləşdirmək haqqında təkliflər işləyib hazırlayır və baxılmaq üçün Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Ali Sovetinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edir. Azərbaycan Respublikasında televiziya və radio verilişləri ilə bağlı fəaliyyətə aid olan normativ aktlar haqqında rəy verir.
29. Teleradioşirkətin xarici iqtisadi fəaliyyətini hüquqi vasitələrlə təmin edir, onun xarici iqtisadi əlaqələrinin təsərrüfat və təşkilati-hüquqi mexanizmini təkmilləşdirir.
SSR İttifaqında və Beynəlxalq hüquq təşkilatlarında (Beynəlxalq arbitrajda, Beynəlxalq məhkəmədə və i.a.) respublika televiziya və radio verilişləri orqanının mənafeyini müəyyən olunmuş qaydada müdafiə edir.
Televiziya və radio verilişlərinin üstün istiqamətlərində beynəlxalq əlaqələri uzlaşdırmaq sahəsində:
30. Televiziya və radio verilişləri sahəsində dövlət xarici siyasət məsələlərinə dair beynəlxalq əlaqələri Azərbaycan Respublikası adından həyata keçirir, Azərbaycan Respublikasının beynəlxalq öhdəlikləri yerinə yetirməsini təmin edir, televiziya və radio verilişləri sahəsində xarici iqtisadi əlaqələrin genişlənməsini, onların ixrac bazasının inkişafını təmin edir.
31. Televiziya və radio verilişləri sahəsində beynəlxalq və xarici iqtisadi fəaliyyətlə bağlı tədbirlərin həyata keçirilməsini təmin edir; xarici teleradioşirkətlər və təşkilatlar ilə əməkdaşlıq haqqında sazişlər, protokollar və digər sənədlər hazırlayır; xarici iqtisadi fəaliyyət sahəsində sazişlər (müqavilələr, bağlaşmalar və i.a.) bağlayır, televiziya və radio verilişlərinin texniki vasitələrini inkişaf etdirmək sahəsində ölkəmizdə və xaricdə qazanılmış nailiyyətləri, televiziya və radio verilişlərinin təşkilində xarici ölkələrin qabaqcıl təcrübəsini öyrənir və tətbiq edir.
IV. Teleradioşirkətin hüquqları
Teleradioşirkətin aşağıdakı hüquqları vardır:
1. Teleradioproqramlar hazırlanması üçün dövlət orqanlarından, ictimai birliklərdən və vəzifəli şəxslərdən lazımi informasiyanı maneəsiz almaq. Televiziya və radio verilişləri işçilərinin öz xidməti borclarını yerinə yetirməsi üçün vacib hallarda dövlət orqanlarından və ictimai təşkilatlardan kömək (yardım) almaq. Verilişlərin çəkilişini və yazılışını təşkil etmək, ölkədə baş verən ən mühüm hadisələr haqqında televiziya tamaşaçılarına və radio dinləyicilərinə operativ məlumat vermək üçün televiziya və radio verilişləri işçilərini təbii fəlakət və qəza rayonlarına, mitinqlərə, yığıncaqlara, nümayişlərə, xalq gəzintilərinə və digər kütləvi tədbirlərə göndərmək.
2. Teleradioşirkətin səlahiyyətinə daxil olan məsələlər barəsində Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası qanunlarının, Azərbaycan Respublikası Ali Sovetinin digər qərarlarının, Azərbaycan Respublikası Prezidentinin fərmanlarının və sərəncamlarının, Nazirlər Kabineti qərarlarının müəyyən olunmuş qaydada yerinə yetirilməsini təmin etmək. Bütün televiziya və radio verilişləri orqanları üçün məcburi olan təlimatları, qaydaları, metodiki göstərişləri təsdiq etmək. Teleradioşirkətin səlahiyyətinə aid məsələlər barəsində tövsiyələr və izahatlar vermək.
3. Respublika ərazisində televiziya və radio proqramlarının hazırlanması və yayılması məsələlərinə dair Teleradioşirkət tərəfindən verilən normativ aktların icrası barəsində idarə tabeliyindən asılı olmayaraq televiziya və radio verilişləri orqanlarından informasiya almaq.
4. Ümumdövlət mənafeyini, televiziya tamaşaçılarının və radio dinləyicilərinin mənafeyini əsas götürərək, qanunvericiliyə, dövlət qaydalarına zidd olan və gələcəkdə mənfi nəticələr verə bilən teleradio məhsullarını aradan qaldırmaq üçün tədbirlər görmək.
Tikintisində teleradioproqramların translyasiyasının texniki şərtlərindən kənara çıxılan qurğuların inşasını dayandırmaq haqqında müvafiq orqanlara təqdimatlar göndərmək.
5. Respublikanın bütün ərazisində teleradioproqramları yayan və translyasiya edən texniki vasitələri operativ şəkildə idarə etmək.
6. SSR İttifaqının və Azərbaycan Respublikasının qanunvericiliyi əsasında yerli televiziya və radio verilişləri orqanlarının və kabel şəbəkəsinin işinə nəzarət etmək, televiziya tamaşaçılarının və radio dinləyicilərinin mənafelərini qorumaq.
Yerli televiziya və radio verilişləri orqanlarını yaratmaq, onların proqramlarını, nizamnamələrini (əsasnamələrini) təsdiq etmək, təsis olunan orqanların proqramlarını, nizamnamələrini (əsasnamələrini) təsdiq etmək. Yerli televiziya və radio verilişləri orqanları öz Nizamnamələrində müəyyən edilmiş məqsədlərin və vəzifələrin hüdudlarından kənara çıxan və ya televiziya və radio verilişləri haqqında SSR İttifaqının və Azərbaycan Respublikasının qanunvericiliyini pozan hərəkətlər etdikdə onlara yazılı xəbərdarlıq etmək.
7. Mövcud qanunvericiliyin müəyyən etdiyi hallarda qeydiyyat vəsiqəsini qüvvədən düşmüş hesab etmək və ya geri almaq, habelə yerli televiziya və radio verilişləri orqanlarının fəaliyyətinə xitam vermək.
8. Təsis olunan televiziya və radio verilişləri orqanlarının televiziya və radio verilişləri sahəsində vahid dövlət siyasətini həyata keçirməyə, televiziya və radio verilişlərinin ümummilli struktur kimi daha da inkişafını təmin etməyə mane olan aktlarının icrasını dayandırmaq və ya onları ləğv etmək.
9. Teleradioşirkətin strukturunda dəyişikliklər etmək. Teleradioşirkət üçün ayrılmış vəsait və digər mənbələr hesabına müvəqqəti yaradıcılıq kollektivləri, televiziya və radio verilişləri orqanlarının inkişafına kömək edən digər təşkilat strukturları yaratmaq.
Əmək haqqı formalarını və sistemlərini müstəqil müəyyənləşdirmək, mütəxəssislərin say normalarını və nisbətini nəzərə almadan, istehsal-inzibati aparatın say tərkibini və əmək haqqı fonduna limit qoymadan ştat cədvəllərini təsdiq etmək, rəhbərlərin, yaradıcı işçilərin, mütəxəssislərin və qulluqçuların qəbulu üçün bağlaşma sistemindən istifadə etmək.
Göstərdiyi xidmətlərə görə tarifləri sovet valyutası və xarici valyuta ilə müstəqil surətdə müəyyən etmək.
Öz adından müqavilələr bağlamaq hüququ verməklə istehsal-inzibati aparatı təsərrüfat hesabı üsuluna keçirmək.
10. Teleradioməhsulun ixracı və idxalı üçün vergi vermədən xarici iqtisadi fəaliyyət göstərmək, əldə olunmuş valyutadan istifadə etmək;
Teleradioşirkət öz üzərinə qoyulan vəzifələri və funksiyaları həyata keçirərkən, Azərbaycan Respublikasının nazirliklərinə verilən digər hüquqlara da malikdir.
V. Teleradioşirkətin idarə edilməsi
1. Azərbaycan Respublikası Dövlət Televiziya və Radio Verilişləri Şirkətinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin olunan sədr başçılıq edir.
Azərbaycan Respublikası Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin sədr müavinləri vardır və onları şirkət sədrinin təklifi ilə Respublika Prezidenti öz sərəncamı ilə təyin edir.
Sədr müavinləri arasında vəzifə bölgüsünü Teleradioşirkətin sədri aparır.
2. Sədr Teleşirkətin fəaliyyətinə rəhbərlik edir, Teleradioşirkətin üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsi və onun öz funksiyalarını həyata keçirməsi üçün şəxsən məsuliyyət daşıyır, sədr müavinlərinin, struktur bölmələrin və struktur vahidlərin rəhbərlərinin, şirkətin tərkibinə daxil olan müəssisələrin və təşkilatların rəhbərlərinin məsuliyyət dərəcəsini müəyyən edir.
3. Teleradioşirkətdə onun sədrindən (kollegiya sədrindən), sədr müavinlərindən və teleradioşirkətin digər işçilərindən, görkəmli mədəniyyət və incəsənət xadimlərindən ibarət proqram inzibati şurası (kollegiya) yaradılır.
Teleradioşirkətin proqram inzibati şurasının üzvləri Teleradioşirkətin təqdimatı və Respublika Prezidentinin sərəncamı ilə təsdiq edilir.
Proqram inzibati şurası özünün müntəzəm keçirilən iclaslarında Teleradioşirkətin fəaliyyətinin inkişafı və təkmilləşdirilməsi ilə bağlı perspektiv və ən prinsipial məsələlərə, habelə kadr məsələlərinə baxır.
Şuranın qərarları Teleradioşirkət sədrlərinin əmrləri ilə həyata keçirilir.
4. SSR İttifaqının və Azərbaycan Respublikasının qanunvericiliyi əsasında və onu icra edərək Azərbaycan Respublikası Dövlət Televiziya və Radio Verilişləri Şirkəti öz səlahiyyətləri daxilində, idarə tabeliyindən asılı olmayaraq bütün televiziya və radio verilişləri orqanları tərəfindən icrası məcburi olan əmrlər, təlimatlar və göstərişlər verir.
VI. Teleradioşirkətin əmlakı və fondları
1. Teleradioşirkətin əmlakı əsas fondlardan, dövriyyə vəsaitindən və digər sərvətlərdən ibarətdir, bunların dəyəri şirkətin müstəqil balansında əks olunur.
Teleradioşirkətin əmlakı mövcud qanunvericiliyə və bu Əsasnaməyə uyğun olaraq dövlətin mülkiyyətidir və şirkət tərəfindən operativ şəkildə idarə olunur.
2. Teleradioşirkətin əlavə maliyyə mənbələri bunlardır: məhsulu müqavilə qiymətləri ilə satılan kommersiya fəaliyyətindən əldə edilən vəsait; bazar münasibətlərini nəzərə almaqla nazirliklər, baş idarələr, müəssisələr, təşkilatlar və ayrı-ayrı vətəndaşlar ilə müqavilələr bağlamaq əsasında pullu xidmətlər göstərməkdən və işlər görməkdən əldə edilən vəsait; sponsorların vəsaiti, bank kreditləri, xarici iqtisadi fəaliyyətdən götürülən gəlirlər; müəssisələrin, təşkilatların, idarələrin, vətəndaşların əvəzsiz və ya xeyriyyəçilik ianələri və SSRİ və Azərbaycan Respublikası qanunvericiliyi ilə qadağan olunmayan başqa mənbələr.
3. Teleradioşirkət qüvvədə olan qanunvericiliyə görə ödəmənin yönəldilə biləcəyi əmlakla öz öhdəlikləri üçün cavabdehdir.
4. Teleradioşirkət fondlar yaradır: əmək haqqı fondu, yaradıcılıq-istehsal və sosial inkişaf fondu, valyuta fondu və başqa fondlar.
VII. Uçot, hesabat və nəzarət
1. Teleradioşirkət mühasibat uçotu, operativ uçot və statistika uçotu aparır, istehsal-təsərrüfat fəaliyyətinin bütün növləri üzrə müəyyən olunmuş qaydada hesabat tərtib və təqdim edir, hesabatların və balansların səhihliyini təmin edir.
2. Teleradioşirkət mövcud qanunvericiliyə uyğun olaraq öz tabeliyindəki birliklərin maliyyə-təsərrüfat fəaliyyətini kompleks şəkildə təftiş edir.
VIII. Yenidən təşkil və ləğvetmə
Teleradioşirkətin yenidən təşkili və ləğv olunması Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.
© LegalActs LLC